Qlobal şəbəkələr




Yüklə 71.43 Kb.
tarix27.02.2016
ölçüsü71.43 Kb.

Qlobal şəbəkələr


Qlobal şəbəkələr (WAN – Wide Area Networks) müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, məsafəyə görə paylanmış kompyuterləri birləşdirirlər. Qlobal şəbəkələr onlardan çox əvvəl yaranmış telefon şəbəkələrindən çox şeyi qəbul edib.

Qlobal kompyuter şəbəkələrinin ənənəvi abunəçiləri müxtəlif şəhər və ölkələrdə yerləşən müəssisələrin lokal və qlobal şəbəkələridir. Qlobal şəbəkələrin xidmətlərindən ayrı-ayrı fərdi kompyuterlər də istifadə edirlər. Adətən qlobal kompyuter şəbəkələri iri telekommunikasiya şirkətləri tərəfindən abunəçilərə pullu xidmətin göstərilməsi üçün yaradılır. Belə şəbəkələri ictimai şəbəkələr adlandırırlar. Şəbəkənin normal işini dəstəkləyən şirkət şəbəkənin operatoru adlanır. Xidməti təklif edən kompaniyaya provayder deyilir. Azərbaycanda əsas provayderlər “AzEuroTel”, “AzTelecom”, “Bakİnternet ”, “İntrans”, ”Azerin” və s.-dir.

İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Əlaqə xəttinin əsas göstəricisi informasiyanın maksimal ötürülməsi sürətidir. Əsasən ucuz qiymətə başa gəldiyi üçün telefon xətlərindən istifadə edilir.

Ayrı-ayrı kompyuterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya modem (modulyator – demodulyator) deyilir. Modem informasiyaları kompyuterin ikilik kodundan telefon siqnallarına və əksinə çevirir. Bununla yanaşı digər funksiyaları da yerinə yetirir.

Modemlər tipinə görə analoq (telefon xətləri), ISDN (rəqəmli telefon xətləri), ADSL (adi telefon xətlərindən istifadə edərək ayrılmış əlaqə), peyk və s. ola bilər.

Modemin əsas xarakteristikası onun verilənləri ötürmə sürətidir. İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə meqabitlə (Mbit/san) və ya saniyədə impulsla (bod (boud)) ölçülür. Qeyd edək ki, informasiyanın ötürülmə sürəti modemlə yanaşı telefon xəttinin keyfiyyətindən də asılıdır.

Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 milyon kitaba bərabərdir.

İnformasiyaları əlaqə kanalı ilə ötürmək üçün onu əlaqə xəttində ötürülən siqnallar formasına çevirmək lazım gəlir. Bunu yerinə yetirmək üçün kompyuterə xüsusi qurğu – şəbəkə adapteri qoşulur. Adapter ana platanın üzərində yerləşdirilir və kabellər vasitəsilə digər kompyuterin adapteri ilə əlaqələndirilir.

Son illər İnternet şəbəkəsində peyk radioəlaqədən də istifadə olunur.

İnternet qlobal şəbəkəsi


İnternet – dünyanın bütün şəbəkələrini birləşdirən qlobal şəbəkədir, şəbəkələr şəbəkəsidir.

Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Belə standartlar şəbəkə protokolları adlanır. Beləliklə, sistemin qovşaqlarının qarşılıqlı əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə edilir. Protokol müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri ilə mübadilə edən xəbərlərin ardıcıllığını və formatını təyin edən qaydalardır. Sadə dildə desək, protokol – şəbəkədə kompyuterlərin bir-biri ilə ünsiyyət dilidir. Şəbəkələrin qovşaqlarınla və bütün səviyyələrində onların qarşılıqlı əlaqəsini iyerarxik təşkil edən protokol yığını protokollar steki adlanır.

Müxtəlif protokollardan istifadə edən şəbəkələrin (məs., lokal və qlobal) əlaqələndirilməsi üçün şəbəkə şlüzlərindən (ing. Gateway) istifadə edilir.

Şəbəkə körpüləri (ing. bridge) isə lokal şəbəkələrin seqmentlərini birləşdirir.

İnternetdə əsas protokol TCP/IP protokoludur. Bu protokol əslində aşağıdakı 2 protokoldan ibarətdir:



IP (Internet Protokol) şəbəkə protokolu – informasiyanın İnternet vasitəsilə hərəkət etdirilməsi üçün istifadə olunur. Bu protokol ötürülən informasiyanı ayrı paketlərə bölür, onları nömrələyir. Bu zaman kiçik informasiya panelində həmin panelin ünvanlandığı kompyuterin IP-ünvanları göstərilir ki, bunun köməyi ilə informasiya müəyyən olunmuş ünvana çatdırılır. IP-ünvan bir-birindən nöqtələr ilə ayrılan 4 nömrədən ibarətdir. Məs: 123.75.112.8 . Bu ünvanlarda istifadə edilə biləcək ən kiçik rəqəm 0, ən böyüyü isə 255-dir. IP-ünvanlar üçün yaddaşda 32 bit sahə ayrılır.

TCP (Transmission Control Protocol) – verilənlərin ötürülmə protokolu isə paketlərin lazımi nöqtəyə düzgün çatdırılmasına xidmət edir. Bu protokollar steki aşağı səviyyədə fiziki və kanal səviyyələrinin, yuxarı səviyyədə isə tətbiqi səviyyənin protokollarını (FTP, Telnet, poçt protokolu SMTP, WWW hipermətn xidməti və s.) təşkil edir.

Aşağıdakı şəbəkə protokollarından da istifadə edilir:



ARP (Address Resolution Protocol, ünvanların müəyyən edilməsi protokolu): 32-mərtəbəli IP-ünvanları, loakl şəbəkələrin ünvanlasrına, məsələn, Ethernet ünvanlarına çevirir.

FTP (File Transfer Protocol, faylların ötürülmə protokolu): faylların bir kompyuterdən digər kompyuterə ötürülməsinə xidmət edir.

SMTP (Simple Mail Transfer Protocol, elektron poçtla mübadilənin sadə protokolu): Bu protokoldan məktubun istifadəçidən serverlərə göndərilməsi üçün və məktubun bir serverdən digərinə göndərilərək alıcıya çatdırılması üçün istifadə olunur. Məktubların qəbulu üçün isə poçt müştərisi POP3 (Post Office Protocol Version 3) və ya IMAP (Internet Message Access Protocol) protokollarından istifadə etməlidir. Poçt müştərisi (poçt proqramı) – elektron poçtla işləmək üçün istifadəçinin kompyuterində quraşdırılmış proqram təminatıdır. Məsələn, Microsoft Outlook, Outlook Express, Mozilla Thunderbird, The Bat!, Kmail və s.

ICMP (Internet Control Message Protocol): IP-marşrutizatorlara və şəbəkənin əsas kompyuterlərinə səhvlər haqqında məlumatların, idarəedici informasiyanın göndərilməsinə xidmət edir.

İnternetin qısa tarixi


İnternet qlobal şəbəkədə birləşmiş milyonlarla kompyuterləri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.

1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları İnternetin əsasını qoydu. Bu zaman bir qrup alim kompyuterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Şəbəkə bir tərəfdən hərbi-sənaye sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı və bu şəraitdə normal fəaliyyətini davam etdirmək gücünə malik olan şəbəkələrin qurulması idi. Bu layihə ARPANET adlandırıldı.

ARPANET layihəsi çərçivəsində iş paketlərin kommutasiyası ilə şəbəkələrin yaradılmasına əsaslanır. Bu şəbəkə növündə informasiya (məsələn, xəbər) böyük olmayan paketlərə bölünür, həmin paketlər təyin olunmuş yerə çatana qədər səmərəli marşrut seçərək bir-birindən asılı olmayaraq müxtəlif şəbəkələrdə yerini dəyişir. Sonda bütün paketlər son nöqtəyə çataraq yenidən birləşərək ilkin formanı alır. Bütün kompyuterlərin eyni hüquqlu olması informasiyanın konkret bir kompyuterdən asılılığını aradan qaldırır. Bu texnologiya hətta müharibə vaxtı belə kommunikasiyaların işinin kəsilməməsinə təminat verirdi. Əgər kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan paketlər digər işləyən xətlərə ötürülə bilər.

ARPANET sistemi uzaq məsafədə olan kompyuter mərkəzləri ilə əlaqələri yaradırdı. Bu sistem informasiya mübadiləsi üçün istifadə olunurdu. Sistem inkişaf edərək, 1983-cü ildə iki şəbəkəyə – ARPANETMİLNET şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, ARPANET şəbəkəsi isə elmi tədqiqatlar üçün nəzərdə tutulurdu. İki şəbəkə arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə İnternet adı ilə tanınır. 1980-ci ildə yeni şəbəkələr meydana gəldi. Məsələn, BITNET (Because It’s Time Network), CSNET (Computer Science Network) şəbəkəsi hesablama texnikası və proqramlaşdırma üzrə tədqiqatçıları birləşdirirdi. 1985-ci ildə ABŞ Elmi Fondu (NFS) tərəfindən NFSNet yaradıldı. Bu şəbəkə 5 superkompyuteri əlaqələndirirdi. 1990-cı ildə ARPANET öz fəaliyyətini dayandırdı, onun funksiyalarını NSFNET yerinə yetirirdi. Praktik olaraq NSFNet şəbəkəsi bir çox şəbəkəni birləşdirərək indiki İnterneti yaratmışdır. Bununla əlaqədar olaraq İnternet-provayderlərin (ISP – İnternet Service Provider) sayı getdikcə artmağa başladı. İlk kommersiya məqsədli İnternet-provayder “The World” olmuşdur.

Sonralar şəbəkəyə Avstriya, Argentina, Belçika, Braziliya, Yunanıstan, İrlandiya, Hindistan, İspaniya, Çili, İsveçrə və Cənubi Koreya və digər ölkələr qoşuldu.

İnternetdə resursların ünvanlanması. Domen adlar xidməti (DNS)


Əgər şəbəkədə ayrı-ayrı kompyuterlər və istifadəçilər üçün identifikasiya sistemi mövcud olmasaydı, milyonlarla qovşaq kompyuteri və milyonlarla istifadəçi arasında xaos baş verərdi. İnternetdə hər bir qovşaq kompyuteri və istifadəçi şəxsi ünvana malikdir. Bu ünvanların funksiyası analoji olaraq ənənəvi ünvanlara uyğundur. Onların əsas təyinatı insanlara informasiyanın bir nöqtədən digərinə müvəffəqiyyətlə ötürülməsidir. İnternetdə xəbərlərin ötürülməsi paketlərin kommutasiyası vasitəsi ilə həyata keçir. Xəbər paket adlanan hissələrə bölünür. Hər bir paketdə 4 Kbaytdan artıq olmayan informasiya ötürülür. İnternetin ayrı-ayrı hissələri marşrutizatorlarla bir-biri ilə əlaqələndirilir. Marşrutizatorlar paketlərin haraya göndərilməsi haqda qərar qəbul edirlər. Şəbəkələr arası IP (İnternet Protocol) protokolu ünvanlaşdırmaya cavabdehdir və şəbəkədə paketlərin hərəkətini təyin edir. Şəbəkədə IP protokolundan əlavə TCP (Transmission Control Protokol – Verilənlərin ötürülməsinə nəzarət edən protokol) istifadə edilir. IP protokolu verilənlərin yalnız ötürülməsini təyin edir. Bütün prosesi isə TCP protokolu idarə edir. Qəbuledici tərəfdə TCP protokolunun proqram təminatı paketi toplayaraq onu düzgün ardıcıllıqla yerləşdirilir. Əgər xəbər qısadırsa TCP protokolundan əlavə UDP-User Datagram Protokolundan istifadə edilir.

Xəbəri ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. TCP/IP stekində 3 tip ünvandan istifadə edilir: lokal (aparat ünvanı da adlanır), IP (İnternet protocol) ünvan və domen adlar DNS (Domain Name Service). İnternet şəbəkəsinə qoşulmuş hər bir kompyuter unikal ünvana malikdir. İnternetdə verilənlərin ötürülməsi üçün rəqəm və ad tipli ünvanlardan istifadə edilir. Şəbəkə səviyyəsində paketlər İP ünvanlar vasitəsi ilə ötürülür. Bu ünvanlar oktet adlanan dörd hissədən ibarət olurlar. Məsələn, 104.24.74.190 . Belə yazı IP-ünvan adlanır. IP ünvanlar administrator tərəfindən təyin edilir. Ünvanın 1-ci hissəsi şəbəkənin, 2-ci hissəsi isə qovşağın nömrəsini təyin edir. Şəbəkə nömrəsi xüsusi İnternet mərkəzinin (Internet Network Information Center InterNIC) zəmanəti ilə təyin edilir. Başlanğıc ünvan marşrutizatora kompyuterin hansı şəbəkəyə aid olduğunu göstərir.

Rəqəm ünvanı kompyuterlərin mübadiləsi zamanı istifadə olunur. İnsanlar arasında çox zaman ad ünvanlarından istifadə olunur. Ona görə də şəbəkədə kompyuterlərə adlar verilir. İnternetdə kompyuterlərin ünvanı Domain Name Service (DNS) adlanan – domen adlar xidmətindən istifadə olunur. DNS İnternetdə işləmə prosesində istifadəçilərin işini asanlaşdırır. Bu zaman kompyuterə müraciət edərkən qovşağın rəqəm ünvanlarını yadda saxlamaq lazım gəlmir.

Ümumdünya hörümçək torunda DNS standartı üzrə yazılmış ünvanlar nöqtə ilə ayrılmış bir neçə elementdən ibarət olurlar. Bu elementlər domen adlanır.

DNS ünvanı üç hissəyə (necə ki, ev ünvanlarında küçə, şəhər, ölkə və s.) bölünür. DNS ünvanın əsas hissəsi birinci səviyyəli domen adlanıb, coğrafi zona və ya sahə üzrə təsnif olunur.

com - kommersiya təşkilatları

edu - təhsil müəssisələri

mil - hərbi müəssisələr

gov - dövlət təşkilatları

net - şəbəkə agentlikləri və ya provayderlər

int - beynəlxalq təşkilatlar

org - qeyri kommersiya təşkilatları

Digər ölkələrdə 1-ci səviyyəli domen kimi həmin ölkənin kodu istifadə olunur.

Məs:

az –Azərbaycan

tr – Türkiyə

de Almaniya

ru – Rusiya

ch – İsveçrə

uk – Böyük Britaniya

fr – Fransa

ua – Ukrayna

ca – Kanada

Lokal ünvanlar alt şəbəkə çərçivəsində verilənlərin ünvana çatdırılması üçün istifadə edilir. Lokal ünvanlar MAC ünvanlar adlanır. Lokal ünvanlar şəbəkə adapteri istehsalçıları tərəfindən təyin edilir. Bütün mövcud lokal şəbəkə texnologiyalarında MAC ünvanlar 6 baytlıq formata malik olur. Məsələn,

11-AO-17-3D-bc-01.


İnternet xidmətləri


Elektron poçt (e-mail). Hazırda e-mail ən geniş yayılmış rabitə xidmətidir.

İlk elektron poçt 1971-ci ildə BBN firmasının mühəndisi Rey Tomlinson tərəfindən yaradılmışdır. O, ilk elektron məktubu göndərmək üçün SNDMSG proqramını işləyib hazırlamışdır. Tomlinson istifadəçi adını domenin adından ayırmaq üçün "@" simvolundan istifadə etmişdir, ingilis dilində bu, "at" (-da, -də şəkilçiləri) deməkdir. Başqa sözlə, istifadəçinin hansı domendə olduğunu bildirir. SNDMSG proqramının köməyilə ARPANET-də ilk elektron məktub göndərilmişdir.

Elektron poçtla siz dünyanın müxtəlif yerlərindəki insanlarla əlaqə qura bilərsiniz. İnsanlar bu xidmətdən ənənəvi məktub, telefon, yaxud faks əvəzi istifadə edirlər. Elektron poçt uzaq məsafəyə xəbərlərin ötürülməsini təmin edir. Elektron poçt vasitəsilə İnternetdə informasiya göndərilir və əldə edilir. İnternetin bu xidməti vasitəsilə müxtəlif ölkələrdə milyonlarla insan arasında informasiya mübadiləsi baş verir. Elektron poçtdan faylların, proqramların ötürülməsi üçün də istifadə olunur. İnternetin xidmətləri arasında elektron poçt ilə əlaqə yaratmaq ən ucuz başa gəlir. Elektron məktub hazırlamaq üçün istifadəçi offline rejimində işləyir. O, poçt müştəri – proqramının köməyi ilə məktubun mətnini formalaşdırır, alıcının ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra istifadəçi online rejiminə keçir, daha dəqiq desək, poçt-serveri ilə əlaqə yaradır və məktubun göndərilməsi üçün onu poçta yerləşdirmək əmri verir. Hazırlanmış məlumat serverə ötürülür və məktubu alan istifadəçi fərdi kompyuterində öz ünvanına baxmaqla onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya ləğv edilir, ya da saxlanılır. Poçt serveri periodik olaraq abonentlərin qutularına baxır, daxil olmuş məlumatların göndərilməsini təşkil edir. MS-DOS üçün MAİL və WINDOWS üçün isə Outlook Express populyar elektron poçt müştəri proqramlarından istifadə olunur. Poçt ünvanı aşağıdakı quruluşa malikdir:

İstifadəçi @ qovşaq kompyuteri, altdomen, I səviyyəli domen. (elm@tqdk.gov.az)

İstifadəçi – bu, istifadəçinin adıdır. @ - kommersiya işarəsi istifadəçinin adını qovşaq kompyuterin adından ayırır. Ünvanın 2-ci hissəsi (@ işarəsindən sonra) istifadəçinin İnternet ə qoşulduğu kompyuterin ünvanını göstərir. Kompyuter ünvanı bir-birindən nöqtə ilə ayrılan bir neçə hissədən ibarətdir.

Elektron məktubun qəbul edilmiş formatı başlıq və məlumatdan ibarət olur:



From (haradan): məktubu göndərən tərəfin elektron ünvanı

To (hara): məktub göndərilən şəxsin ünvanı

Cc (nüsxə): məktub göndərilən şəxsin digər elektron ünvanı

Subject: məktubun mövzusu

Date (tarix): məktubun göndərilmə tarixi və zamanı (bu sətr avtomatik doldurulur)

Reply To: məktubuna cavab verilən abonentin elektron ünvanı

Son zamanlara qədər uzaq məsafədə əlaqə kimi, əsasən, elektron məktublar təşkil edir. E-mail vasitəsi ilə şəkillər, fotoşəkillər, audio və video yazılardan istifadə edərək informasiya mübadiləsi etmək olar. Yuxarıda qeyd olunan informasiya fraqmentini göndərmək və ya onları elektron məktubuna birləşdirmək olar. Fraqmentləri birləşdirən fayl məktub ilə eyni zamanda göndərilir.



World Wide Web. WWW - World Wide Web - ümumdünya hörümçək toru adlanır. WWW İnternetin əsas xidmətlərindən biridir. Bu, İnternetdə xidmətin informasiya sistemidir. Son zamanlar WWW və onun proqram təminatı İnternet universal informasiya xidmətləri vasitələrini müəyyənləşdirir. Onlar istifadəçinin praktik olaraq FTP, e-mail, WAIS, Gopher və s. resurslarından istifadə etməsini təmin edir.

Web-səhifə - html dilində yazılmış hipermətn resursudur. O, digər səhifələrə tez keçid etmək üçün özündə hipermüraciətləri, mətn və qrafiki informasiyanı saxlaya bilər. Ümumi mövzu və dizayna görə bir-biriləri ilə hiperkeçidlər vasitəsilə əlaqələndirilmiş, bir web-serverdə yerləşən bir neçə web-səhifə web-sayt adlanır. Web-portal – web-saytların toplusudur. Web-server verilənlər bölməsi olub, hər hansı təşkilat və şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını Web-səhifə ilə əlaqəli çoxluq şəklində yerləşdirir. Saytın titul səhifəsindən istifadə edərək göstərici ilə onun müxtəlif səhifələrinə baxmaq olar. Web-sənədlərin formatı .htm, .html ola bilər.

Web-saytlardan başqa WAP-saytlar da mövcuddur ki, bunlar da mobil telefonda və ya hər hansı mobil qurğuda səhifələrin əks olunmasını təmin edir.



Hostinq (ing. hosting) – İnternetdə informasiyanın serverdə fiziki yerləşdirilməsi üçün disk sahəsinin ayrılması xidmətidir. Server hər hansı təşkilata və ya şəxsə aid ola bilər. Adətən hostinq xidməti dedikdə ən azından saytın fayllarının serverdə saxlanılması başa düşülür.

Lazım olan informasiyanı İnternetdən almaq üçün ən sadə üsul axtarılan resursun ünvanını göstərməkdir. İnformasiyanı İnternetdə saxlamaq üçün URL (Uniform Recource Locator) - universal ünvanlarından istifadə edilir. URL - ünvanı iki hissədən ibarətdir: 1-ci (sol) hissə istifadə olunan protokolu göstərir; 2-ci (sağ) hissə şəbəkənin (uyğun serverin adı) hansı yerində resursların verildiyini bildirir:



http://serverin adı/qovluq/fayl.html

Ünvanın sol tərəfində http: //- W W W-də http://WWW müraciəti göstərir. Bu, HTTP (Hyper Text Transfer Protocol) - hipermətnlərin ötürmə protokolu kimi oxunur.

Bu tip əlaqələri istənilən W W W serverə müraciət edərkən göstərmək lazımdır.

Bu gün insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində WWW İnternet xidmətlərindən biridir. İnternetin ilk xidmətlərindən fərqli olaraq Web özündə mətn, təsvir, səs, videoklip, animasiya kimi multimedia elementlərini və hətta birbaşa efirdə xəbərlər və konsertlərin yayımını birləşdirir. Web-səhifələrdə istifadə edilən təsvirlər əsasən .jpg və .gif formatında olur. Web – İnternetin geniş resurslarına, şəkil, musiqi kliplərinə və filmlərə müraciəti təmin edir. Web digər sistemlərdən fərqi olaraq iki xüsusiyyətə malikdir. Bu, multimedia hiper-müraciətinin interaktiv vasitəsidir. Başqa sözlə desək, «multimedianın interaktiv vasitəsi» – Web sistemi sənədlərə, qrafiklərə, fotoşəkillərə, audio və video yazılara və b. müxtəlif resurslara müraciəti təmin edərək, onların kompyuterə, stereo səs gücləndiricilərinə çıxmasını təmin edir.

Web-səhifələr əsasən hipermətnlərin yaradılma dili olan html (Hyper Text Markup Language) dilində yığılır. Bunun üçün html-in kodlarını (teqləri) Notepad (Блокнот) proqramının pəncərəsində yığıb, .htm və ya .html genişlənməsi ilə yadda saxlamaq lazımdır. Bu halda həmin faylı brauzer vasitəsilə açdıqda ekranda yaratdığımız Web-səhifə görünəcək. Word proqramının köməyi ilə də yeni Web-səhifə yaratmaq olar. Bunun üçün File/Save As Web page (Файл/Сохранить как веб-страницу) əmrini yerinə yetirmək lazımdır. Dinamik, daha gözəl dizayna, əlavə effektlərin olduğu saytların təşkili üçün dhtml, java, javascript, vbscript, actionscript və s. kimi proqramlaşdırma dillərindən istifadə edilir.

Web-səhifələrin təşkili üçün hazır redaktorlar da var. Bunlara misal olaraq Flash, Microsoft Frontpage, DreamWeaver və b. proqramları göstərmək olar.



Hipermətn (hypertext) – Daxilində özünün başqa hissəsinə və ya ayrı bir mətnə keçmək üçün nişanlar olan struktur mətndir. İstənilən növ sənəd hipermətn ola bilər. Hipermətnlərdə hər hansı bir söz ilə digər bir informasiya mənbəyi arasında əlaqə (hipermüraciət) yaradıla bilər.

Hipermüraciət (hyperlink) – İnternetin müxtəlif resursları arasında müraciətdir. Hipermüraciətlər elektron sənəddə seçilirlər (digər (əsasən göy) rənglə, qalın şriftlə və s.). İstifadəçi kursoru həmin sözün üzərinə gətirdikdə kursor əl formasına çevrilir. Bu zaman mausun sol düyməsini basdıqda istifadəçi hipermətnə müraciət edir, həmin sözlə əlaqədar informasiya olan digər səhifəyə keçir. Hipermedia – hipermətnin geniş imkanlı formasıdır. Hipermedia sənədi qrafika, foto, audio və video yazılar ilə canlandırır. Əlbəttə ki, hər hansı bir şəxs tarixi abidə, elmi əsər və s. haqqında Web-səhifə yaratdıqda onun istifadə etdiyi qrafika, şəkil, musiqi həmin sənədi daha effektiv edir.

Ana səhifə (Homepage) – Web-də işləmək üçün başlanğıc interfeysdir. Orada fayllara, sənədlərə və digər resurslara müraciət yerləşir.

Çat xidmətləri. Dünyanın ayrı-ayrı yerlərindəki insanlar öz aralarında ən müxtəlif mövzularda söhbətləşir. Bunun üçün onlar çat otaqlarından istifadə edir. Yahoo və Microsoft-un çat xidmətləri, İnternet Relay Chat və www texnologiyası əsasında işləyən çat geniş istifadə olunur. Windows Messenger, Yahoo Messenger, ICQ kimi proqramlar imkan verir ki, göndərilən məlumatlar ani olaraq istifadəçinin ekranına çıxsın.

İnternet başqa xidmətlər də təklif edir. Digər tərəfdən Telnet, Ftp, Gopher, WAIS kimi sistemlər mövcuddur.



TELNET- İnternet şəbəkəsinə qoşulan digər kompyuterlərə daxil olmaq üçün istifadə olunur. TELNET kompyuterlərin klaviaturası arxasında əyləşib uzaq məsafədə şəbəkə sistemlərinə (əgər uzaq məsafədəki kompyuterlərin parolu məlumdursa) və yaxud kitabxana kataloqları və müxtəlif növ verilənlər bazası daxil olmaqla açıq serverlərə müraciət etməyə imkan verir.

File Transfer Protocol (faylların ötürmə protokolu – ftp) – İNTERNET-də faylların bir kompyuterdən digərinə ötürülməsini təmin edir. Bu fayllar sənəd, fotoşəkil, proqram təminatı ola bilər. Fayl-serverin ünvanı ftp:// ilə başlayır. Dialoq pəncərəsi qarşısında DIR yazılanlar kataloqlar, file yazılanlar isə fayllardır. Kataloqlar üzərində mausun sol düyməsini basdıqda alt kataloq, mətn tipli faylın üzərində basdıqda isə onun məzmunu çıxır.

USENET sistemi (telekonfrans) informasiya mübadiləsində ümumi maraqları olan insanları telekonfrans vasitəsilə birləşdirir. Lakin burada elektron poçtunun əvəzinə xəbərlərin ötürülməsi vasitəsi kimi yeniliklərin oxunması xüsusi əlavəsindən də istifadə olunur.

Gopher - sənədlərin axtarışı və ötürülməsi üçün istifadə edilən şəbəkə protokoludur. Burada ünvan gopher:// sözü ilə başlayır. Gopher sistemi şəkilsiz və hipermətnsiz www-yə oxşayır. www-dən əvvəl bu sistem istifadə edilmişdir.

Telnet:// uzaq məsafədəki kompyuterə terminal müraciəti təmin edir. TELNET (TELecommunication NETwork) şəbəkədə mətn interfeysinin həyata keçirilməsi üçün istifadə edilən şəbəkə protokoludur.

İnternet ticarət xidməti vasitəsi ilə online rejimində İnternet vasitəsi ilə müştərilərdən mal və xidmətlər üzrə sifarişləri qəbul edilir. Bu xüsusi saytda mal və xidmətlər üçün ödənişlər elektron ödəmə sistemi vasitəsi ilə həyata keçir. Hər bir mal və ya xidmətin əsas xüsusiyyətləri bir çox hallarda isə malın və ya xidmətin fotoşəkili ilə müşayiət olunur. Bir çox hallarda sifariş telefon, elektron poçtu, ICQ və s.-lə qəbul edilir.

Web-sənədlərə baxış proqramları


Web-sənədlərə baxış proqramları brauzer (ing. browser) adlanır. Brauzer – xüsusi müştəri proqramı olub, Web qovşaqlarda yerləşən informasiyaları və HTML sənədlərini göstərmək üçün nəzərdə tutulub. İlk brauzer 1993-cü ildə yaradılmış Mozaic proqramı yaratdılar. 1994-cü ildə Netscape Communications şirkəti Netscape Navigator brauzerini yaratdı. 1995-ci ildə Microsoft İnternet Explorer meydana çıxdı. Hazırda İnternet Explorer dünyada ən çox istifadə edilən brauzerdir. Tanınmış brauzerlər içində Mozilla, Opera, Maxton, Safari də vardır. Brauzer Web sənədlərin əsas formatı olan HTML (Hyper Text Markup Language) kodunun dinamik işləməsi və Web-səhifənin göstərilməsini təmin edir.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə