Qeyri-HÖkumət təŞKİlatlari (İCTİMAİ BİRLİKLƏr və fondlar) haqqinda




Yüklə 104.61 Kb.
tarix02.03.2016
ölçüsü104.61 Kb.
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI (İCTİMAİ

BİRLİKLƏR VƏ FONDLAR) HAQQINDA

 

AZƏRBAYCAN RESPUBLİKASININ



Q A N U N U

 

I FƏSİL

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Bu Qanunun məqsədi     

 

1.1. Bu Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir.



1.2. Bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir.

1.3. Bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir.

1.4. Bu Qanun siyasi partiyalara, həmkarlar ittifaqlarına, dini birliklərə, yerli özünüidarə orqanlarına , habelə bu təsisatlara məxsus olan funksiyaların həyata keçirilməsi məqsədi ilə yaradılan qurumlara  və başqa qanunlarla tənzimlənən digər qeyri-hökumət təşkilatlarına şamil edilmir.

 

Maddə 2. Qeyri-hökumət təşkilatı

 

2.1. İctimai birlik - tə'sis sənədlərində müəyyən olunmuş məqsədlərlə



ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.

2.2. Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında tə'sis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədləri daşıyan qeyri-hökumət təşkilatdır.

2.3. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər.

2.4. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz, siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri, Milli Məclisə seçkiləri və bələdiyyələrə seçkiləri müşahidə edə və exit-poll həyata keçirə bilərlər. Xarici hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin seçkiləri, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və bələdiyyə seçkiləri zamanı exit-polla əlaqədar tədbirlərdə yalnız Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunlarında və öz nizamnaməsində nəzərdə tutulmuş qaydada hüquqi normativ aktların təkmilləşdirilməsi təklifləri ilə çıxış edə bilər.

 

Maddə 3. Qeyri-hökumət təşkilatının adı və olduğu yer

 

3.1. Qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.



3.2. Qeyri-hökumət təşkilatının olduğu yer onun nizamnaməsində göstərilmiş hüquqi ünvanı ilə müəyyən edilir.

3.3. Qeyri-hökumət təşkilatının hüquqi ünvanı dəyişdikdə müvafiq icra hakimiyyəti orqanına bu barədə 7 gün müddətindən az olmamaq şərti ilə yazılı məlumat verilməlidir.

 

Maddə 3-1. Qeyri-hökumət təşkilatının rəmzləri

 

Qeyri-hökumət təşkilatı bayraq, emblem və sair rəmzlərə malik ola bilər. Təşkilatın rəmzləri Azərbaycan Respublikasının və xarici dövlətlərin dövlət rəmzləri, habelə dövlət orqanlarının, beynəlxalq təşkilatların və digər qurumların rəmzləri ilə eyni olmamalı, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.

 

 

II FƏSİL



 

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ TƏŞKİLATİ-HÜQUQİ

FORMALARI, NÖVLƏRİ VƏ İŞTİRAKÇILARI

 

Maddə 4.    Qeyri-hökumət təşkilatlarının təşkilati-hüquqi



formaları   

 

Qeyri-hökumət təşkilatları istənilən təşkilati-hüquqi formalarda təsis oluna bilərlər.

 

Maddə 5. Qeyri-hökumət təşkilatlarının növləri

Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.

 

Maddə 6. Qeyri-hökumət təşkilatlarının fəaliyyət ərazisi

 

6.1. Qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında ümumazərbaycan, regional və yerli statusla təsis oluna və fəaliyyət göstərə bilərlər. Qeyri-hökumət təşkilatının fəaliyyət ərazisi təşkilat tərəfindən müstəqil müəyyən olunur.

6.2. Ümumazərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. Regional qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının iki və ya artıq inzibati ərazi vahidini əhatə etməlidir. Yerli qeyri-hökumət təşkilatları bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət göstərirlər.

6.3. Beynəlxalq qeyri-hökumət təşkilatları öz fəaliyyət dairəsi ilə Azərbaycan Respublikasının və ən azı başqa bir xarici dövlətinin ərazilərini əhatə edən ictimai birliklərdir.

 

Maddə 7. Qeyri-hökumət təşkilatının filial və nümayəndəlikləri

 

7.1. Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər. Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verməlidir.



7.2. Qeyri-hökumət təşkilatının filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə və onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər.

7.3. Qeyri-hökumət təşkilatının nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.

7.4. Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır və onun adından, təsdiq etdiyi Əsasnaməyə əsasən, fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı məs'uliyyət daşıyır.

7.5. Filial və nümayəndəliyin rəhbərləri qeyri-hökumət təşkilatı tərəfindən tə'yin edilir və qeyri-hökumət təşkilatı tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.

 

Maddə 8. Qeyri-hökumət təşkilatlarının iştirakçıları

 

8.1. İctimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir.



8.2. İctimai birliyin yetkinlik yaşına çatmamış üzvləri Azərbaycan Respublikasının mülki qanunvericiliyə əsasən hüquqlar əldə edir və vəzifələr daşıyır.

8.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilər.



8.4. Qeyri-hökumət təşkilatlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

8.5. Bu Qanunun 8.4-cü maddəsində göstərilən tələb hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir.

 

 



Maddə 9. Qeyri-hökumət təşkilatlarının təsisçiləri    

 

9.1. Qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla), və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər.



9.1-1. Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər.

9.2. Qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri - hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir.

 

 

Maddə 10. İctimai birliklərin üzvləri       



 

10.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.

10.2. İctimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.

10.3. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir.



10.4. İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir.

 

Maddə 11. Qeyri-hökumət təşkilatlarının köməkçiləri        

 

Qeyri-hökumət təşkilatlarının köməkçilərinə nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət təşkilatının fəaliyyətində iştirak etməklə, öz münasibətlərini qeyri-hökumət təşkilatı ilə təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyri-hökumət təşkilatını dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir. Köməkçilərin mövcudluğu və onların hüquqi statusu qeyri-hökumət təşkilatının təsis sənədləri ilə müəyyən edilir.

 

III FƏSİL

 

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ YARADILMASI,

YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

 

Maddə 12. Qeyri-hökumət təşkilatının yaradılması   

 

12.1. Qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər.



12.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.

12.2. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur.



12.3. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilir.

 

Maddə 13. Qeyri-hökumət təşkilatının nizamnaməsi

 

13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatın ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir.



13.2. Fondun nizamnaməsində həm də fondun "fond" sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır.

13.3. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.

 

Maddə 14. Qeyri-hökumət təşkilatının nizamnaməsinə



dəyişikliklərin edilməsi

 

14.1. İctimai birliyin nizamnaməsinə dəyişikliklər onun ali idarəetmə orqanının qərarı ilə edilə bilər. Fondun nizamnaməsinə dəyişikliklərin edilməsi fondun Himayəçilik Şurası tərəfindən və yalnız fondun məqsədləri istiqamətində edilə bilər.



14.2. Fondun nizamnaməsi fondun Himayəçilik Şurası tərəfindən bir şərtlə dəyişdirilə bilər ki, nizamnamədə onun bu qaydada dəyişdirilməsi imkanı nəzərdə tutulmuş olsun. Əgər fondun nizamnaməsinin dəyişilməz şəkildə saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan nəzərə alınması mümkün olmayan nəticələrə gətirərsə, və nizamnamədə dəyişikliklərin mümkünlüyü isə nəzərdə tutulmayıbsa, yaxud nizamnamə səlahiyyətli şəxslər tərəfindən dəyişilməyibsə, bu nizamnaməyə dəyişikliklərin edilməsi hüququ fondun Himayəçilik Şurasının ərizəsinə əsasən məhkəməyə mənsubdur.

14.3. Qeyri-hökumət təşkilatının nizamnaməsindəki dəyişikliklərin dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyri-hökumət təşkilatının nizamnaməsindəki dəyişikliklər onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

 

Maddə 15. İctimai birliyin təsis edilməsi haqqında bildiriş

 

15.1. İctimai birliyin təsis edilməsi haqqında bildiriş onun təsis edilməsi haqqında qərarın qəbul olunduğu andan 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına yazılı müraciət vasitəsi ilə həyata keçirilir. İctimai birliyin rəhbəri tərəfindən imzalanmış müraciətə təsis protokolu da əlavə olunmalıdır.

15.2. Müvafiq icra hakimiyyəti orqanı ictimai birliyin təsis edilməsi haqqında bildirişi alan günü bildirişin daxil olmasını təsdiq edən sənədi ictimai birliyin nümayəndəsinə verir və ya poçt vasitəsilə göndərir.

 

Maddə 16. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı

 

16.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.          16.2. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.

 

Maddə 17. Dövlət qeydiyyatına alınmasından imtina

 

17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər.



17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyatına alınmasından, imtinanın əsasları və tə'sis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı sürətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur.

17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim  edilməsinə mane ola bilməz.

17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.

 

 



Maddə 18. Qeyri-hökumət təşkilatının fəaliyyətinə

xitam verilməsi

 

Qeyri-hökumət təşkilatının fəaliyyətinə qeyri-hökumət təşkilatın yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya qeyri-hökumət təşkilatının ləğv edilməsi yolları ilə xitam verilir.

 

Maddə 19. Qeyri-hökumət təşkilatının yenidən təşkil edilməsi



19.1. Qeyri-hökumət təşkilatı bu Qanunda nəzərdə tutulan qaydada yenidən təşkil edilə bilər. Qeyri-hökumət təşkilatının yenidən təşkili onun təsisçilərinin və ya təşkilatın nizamnamə ilə vəkil edilmiş orqanın qərarı ilə həyata keçirilə bilər.

19.2. Qeyri-hökumət təşkilatının yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formalarında həyata keçirilə bilər.

19.3. Qeyri-hökumət təşkilatının başqa təşkilatın ona qoşulma formasında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

19.4. Qeyri-hökumət təşkilatının ayrılma və bölünmə formalarında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

19.5. Qeyri-hökumət təşkilatının çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

19.6. Qeyri-hökumət təşkilatının yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

 

Maddə 20. Qeyri-hökumət təşkilatının ləğvi

 

Qeyri-hökumət təşkilatı hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər.

 

Maddə 21. Ləğv edilən qeyri-hökumət təşkilatının əmlakı

 

Qeyri-hökumət təşkilatının ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

 

IV FƏSİL

 

QEYRİ-HÖKUMƏT TƏŞKİLATIN FƏALİYYƏTİ

 

 

Maddə 22. Qeyri-hökumət təşkilatının fəaliyyət növləri



 

22.1. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər.

22.2. Qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Belə fəaliyyət kimi qeyri-hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfəət gətirən mal və xidmət istehsalı və satışı, habelə qiymətli kağızların, əmlak və qeyri-əmlak hüquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində, ortaqlıqlarda iştirakı qəbul edilir.

22.3. Qeyri-hökumət təşkilatı sahibkarlıq fəaliyyəti üzrə gəlir və xərclərin uçotunu aparır. Qeyri-hökumət təşkilatının məşğul ola bilən fəaliyyət növləri üçün hər bir məhdudiyyət yalnız qanunla müəyyən olunur.

 

Maddə 23. Qeyri-hökumət təşkilatının əmlakı



23.1. Qeyri-hökumət təşkilatının mülkiyyətində qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

23.2. Qeyri-hökumət təşkilatı öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

23.3. Fondun əmlakını onun təsisçiləri (təsisçisi) tərəfindən verilən əmlak təşkil edir. Fond təsis olunduqdan sonra ona əmlak vermiş şəxs təsisçi hüququ qazanmır. Təsisçilər onların yaratdığı fondun öhdəlikləri üçün, fondlar isə öz təsisçilərinin ohdəlikləri üçün məsuliyyət daşımır.

 

Maddə 24. Qeyri-hökumət təşkilatının əmlakının



formalaşdırılma mənbələri

 

24.0. Qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:



24.0.1. təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

24.0.2. əmlak haqları və könüllü ianələri;

24.0.3. malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

24.0.4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

24.0.5. öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

24.0.6. qrantlar;

24.0.7. qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

 

 



 

V FƏSİL

 

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ



İDARƏ OLUNMASI

 

Maddə 25. İctimai birliyin idarə olunmasının əsasları

 

25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir.

25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.

25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

25.4. Ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir.

25.5. Ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:

25.5.1. ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;

25.5.2. ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;

25.5.3. ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

25.5.4. illik hesabatın təsdiq edilməsi;

25.5.5. başqa təşkilatlarda iştirak;

25.5.6. ictimai birliyin yenidən təşkili və ləğv edilməsi.

25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

25.7. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.

 

Maddə 26. İctimai birliyin icra orqanı

 

26.1. İctimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir.

26.2. İctimai birliyin icra orqanı İctimai birliyin filiallarını yaradır və nümayəndəliklərini açır.

26.3. İctimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir.

 

Maddə 27. Fondun idarə olunması

 

27.1. Fondun idarəsini fondun Prezidenti və ya İdarə heyəti həyata keçirirlər.

27.2. Fondun Himayəçilik Şurası fondun nəzarət orqanıdır və fondun fəaliyyətinə, fondun başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə və onların yerinə yetirilməsinin təmin edilməsinə, fond vəsaitinin istifadə edilməsinə, fondun fəaliyyətinə nəzarəti və nizamnaməyə dəyişikliklər edilməsini, ləğvetmə və ya yenidən təşkiletmə haqqında qərarın qəbulunu həyata keçirir. Fondun Himayəçilik Şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.

27.3. Fondun Himayəçilik Şurasının formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri tərəfindən təsdiq edilmiş fondun nizamnaməsində müəyyən edilir.

 

VI FƏSİL

 

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI VƏ

DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARI

 

Maddə 28. Dövlət hakimiyyəti orqanları və qeyri-hökumət Təşkilatları arasında əlaqə



Qeyri-hökumət təşkilatının hüquqları bütün dövlət orqanları tərəfindən qorunur. Qeyri-hökumət təşkilatları qanunvericilik çərçivəsində öz fəaliyyətini müstəqil olaraq həyata keçirmək hüququna malikdir. Dövlət hakimiyyəti orqanları qeyri-hökumət təşkilatlarına maliyyə və başqa formalarda yardım edə bilərlər. Dövlət orqanlarında ictimai birliklərin strukturları yaradılmır.

 

Maddə 29. Qeyri-hökumət təşkilatının fəaliyyətinə nəzarət

 

29.1. Qeyri-hökumət təşkilatı qanunvericiliyə müvafiq olaraq mühasibat uçotu aparır.



29.2. Qeyri-hökumət təşkilatının gəlirinin məbləği və strukturu, habelə onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz.

29.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur.

29.4. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29.5. Qeyri-hökumət təşkilatı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.

 

Maddə 30. Qeyri-hökumət təşkilatların istifadə etdiyi vergi güzəştləri



Çıxarılıb

 

VII FƏSİL

 

YEKUN MÜDDƏALARI

 

Maddə 31. Qeyri-hökumət təşkilatının məsuliyyəti



31.1. Qeyri-hökumət təşkilatı bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır.

31.2. Bu Qanunun məqsədlərinə zidd olan hərəkətlərə yol verildiyi halda qeyri-hökumət təşkilatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən yazılı surətdə xəbərdarlıq edilə və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər.



31.2-1. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya yanlış məlumatların verilməsinə görə qeyri-hökumət təşkilatına xəbərdarlıq edilir.

31.3. Qeyri-hökumət təşkilatı həmin xəbərdarlıqdan və ya göstərişdən məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

31.4. Qeyri-hökumət təşkilatına bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı məhkəmənin qərarı ilə ləğv edilə bilər.

31.5. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən qeyri-hökumət təşkilatının fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırıla bilər.



31.6. Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

 Maddə 32. Əvvəllər qeydiyyata alınmış qeyri-hökumət



təşkilatlarının yenidən qeydiyyata alınması

 Bu Qanun qüvvəyə minməmişdən əvvəl dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası hüquqi şəxslərinin Dövlət reyestrinə daxil edilməlidirlər.

 Maddə 33. Bu Qanunun qüvvəyə minməsi

 Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

 Bakı şəhəri, 13 iyun 2000-ci il

894-IQ

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə,  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa



əlavələr və dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN   RESPUBLİKASININ



Q  A  N  U  N  U

 

         Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :



 

I.       “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvercilik Toplusu, 1997-ci il, № 1, maddə 19; 2001-ci il,  № 11, maddələr 676, 695, 699; 2002-ci il, № 5, maddə 243, № 12, maddə 692; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57; 2006-ci il, № 1, maddə 3; 2007-ci il, № 5, maddə 398; 2008-ci il, № 8, maddə 701) 20-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

         “Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər.”.

 

         II.      Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4 (I kitab), maddə 250,  № 5, maddə 323; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420;  2004-cü il, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006-ci il, № 2, maddə 68, № 3, maddə 255, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007-ci il, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008-ci il,    № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009-cu il, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:



1. 47.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.”;

2. aşağıdakı məzmunda 50.1-1-ci maddə əlavə edilsin:

“50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli səxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.”;

         3. 53.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

         “Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.”;

         4. 115.1-ci maddədən “könüllü” sözü çıxarılsın;

         5. aşağıdakı məzmunda 115.1-1-ci maddə əlavə edilsin:

         “115.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.”.

 

         III. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 710; 2001-ci il, № 9, maddə 576, № 11, maddə 675; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 4, maddə 278,  № 8, maddə 684, № 10, maddə 908; 2007-ci il, № 11, maddələr 1049, 1053;     2008-ci il, № 8, maddə 699; 2009-cu il, № 7, maddə 517, № 8, maddə 611) Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə əlavə edilmiş 29.4-cü maddə müvafiq olaraq 29.5-ci maddə hesab edilsin.



 

         IV. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 8; 2005-ci il, № 1, maddə 1,     № 8, maddə 700; 2006-ci il, № 2, maddə 70; 2008-ci il, № 2, maddə 49) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. aşağıdakı məzmunda 5.4.4-1-ci maddə əlavə edilsin:

“5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;”;

2. 5.4.6-cı maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.4.7-ci və 5.4.8-ci maddələr əlavə edilsin:

“5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;

5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunmasi barədə sənəd.”;

3. aşağıdakı məzmunda 6.1.2-1-ci maddə əlavə edilsin:

“6.1.2-1. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.”;

4. aşağıdakı məzmunda 11.3.2-1-ci maddə əlavə edilsin:

“11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda;”;

5. 11.3.3-cü maddədə “olduqda” sözündən sonra “, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə” sözləri əlavə edilsin;

6. aşağıdakı məzmunda 12.3-1-ci maddə əlavə edilsin:

“12.3-1. Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verir.”.

 

V. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 605; 2008-ci il, № 12, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:



1. 14.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“14.4. Qeyri-hökumət təşkilatının illik maliyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

2. 14.5-ci maddə çıxarılsın.

 

         İlham Əliyev



         Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 12 fevral 2010-cu il

952-IIIQD

Qeyri-hökumət təşkilatları (ictimai birliklər



və fondlar) haqqında” Azərbaycan

Respublikasının Qanununa

dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 I. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 710; 2001-ci il, № 9, maddə 576, № 11, maddə 675; 2003-cü il, № 1, maddə 16; 2005-ci il, № 4, maddə 278) 2.4-cü maddəsində “(xarici fiziki və hüquqi şəxslər, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan Azərbaycan Respublikasının hüquqi şəxsləri tərəfindən qrant alan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatları istisna olmaqla)” sözləri çıxarılsın.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2005-ci il

№ 1041-IIQD

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun

tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının

bəzi qanunvericilik aktlarının qüvvədən

düşmüş hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktları qüvvədən düşmüş hesab edilsin:

1. "İctimai birliklər haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 21, maddə 918; 1995-ci il, № 7, maddə 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 1999-cu il, № 5, maddə 284).

2. "İctimai birliklər haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (5-ci bəndi istisna olmaqla) (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, 1 21, maddə 919).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 9 dekabr 2003-cü il

559-IIQD



Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:



I. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 10, maddə 710) aşağıdakı dəyişikliklər edilsin:

1. Qanunun 19.3-cü maddəsində "birləşmə və" sözləri çıxarılsın, "formalarında" sözü "formasında" sözü ilə əvəz edilsin.



2. Qanunun 23.1-ci maddəsində "və ya operativ idarəsində" sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

Bakı şəhəri, 05 oktyabr 2001-ci il

182-IIQD


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə