Qaydalari. Plan Mexaniki zədələnmələrdə ilk yardım. Sümük sınması zamanı ilk yardım. Donma zamanı ilk yardım




Yüklə 77.61 Kb.
tarix26.02.2016
ölçüsü77.61 Kb.
MÜHAZİRƏ 13
ZƏRƏRÇƏKMİŞ ŞƏXSLƏRƏ İLK TİBBİ YARDIM QAYDALARI.
Plan


  1. Mexaniki zədələnmələrdə ilk yardım.

  2. Sümük sınması zamanı ilk yardım.

  3. Donma zamanı ilk yardım

  4. Zəhərlənmədə ilk yardım

  5. İstilik zərbəsində və yanma hadisələrində ilk yardım

  6. Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım.

İstehsalatda və məişətdə zədə almış, yaralanmış və hüşunu itirmiş adama həkim gələnə qədər ilk tibbi yardım göstərilməsi olduqca zəruridir. Bu tədbirin düzgün və tez aparılması ilə çox zaman zədələnən adamın vəziyyəti xeyli yüngülləşir, bəzən də ağır nəticələrin qarşısı alınır. Ona görə də hər bir şəxs sadə tibbi tədbirlərlə tanış olmalı, lazım gəldikdə onlardan istifadə etməlidir.
Mexaniki zədələnmələrdə ilk yardım

Yaralanmalar öz xarakterinə görə çox müxtəlif formalarda olur. Yaralanmanın təhlükəliliyi qanaxmadan və yara yerinə infeksiya keçməsindən ibarətdir.

Hər bir açıq yaralanmada ilk növbədə qanaxma saxlanmalı, yaraya mikrob daxil olmaması üçün o təmiz parça, yaxud tənziflə örtülməlidir. Sonra ağrının zəifləməsi üçün soyuq kompress etmək, yara ətrafını təmizləyib, yod və ya spirtlə silmək lazımdır. Kiçik yaraya leykoplastr qoyulmalı, böyük yara isə sarınmalıdır.

Bilmək lazımdır ki, arteriyadan gələn qan al qırmızı rəngdə olub güclü axınla vurur, venadan gələn qan isə tünd sumaq rəngində olub zəif axır. Böyük damarlardan çoxlu qan axır ki, bu da çox təhlükəlidir, bəzən ölümlə nəticələnir.

Arterial qanaxmanı yaradan yuxarıda, venoz qanaxmasını isə yara yerindən aşağıda, damarı sıxmaqla saxlamaq lazımdır.

İnfeksiya mikroblarının orqanizmə keçməməsi, iltihab təhlükəsi törəməməsi üçün yara yerini dezinfeksiya etmək və mütləq bağlamaq lazımdır.

Yara böyük olduqda ətrafı dizenfeksiya edilməli, sonra üstü steril tənziflə örtülməlidir.

Əl və ya ayaq yaralanarsa, onu təmizləyib dərmanlayandan sonra sıx bağlamaq lazımdır. Sarğı qana bulanarsa, onu təkrar sarımaq lazımdır. Tənzif lenti vasitəsilə əli, yaxud qolu bağladıqda sarğı aşağıdan yuxarı, yəni barmaqlardan bədənə döğru olmalıdır. Əgər barmaqlar zədələnməyibsə, onları sarğıdan kənarda saxlamaq məsləhətdir. Çox sıx bağlanmış sarğı qan dövranını zəiflədir və güclü ağrıya səbəb olur. Bərk bağlanan sarğıda dırnaqlar sürməyi, yaxud ağ rəng olur. Bu zaman dırnaqlar çəhrayı rəng alana kimi sarğı boşaldılmalıdır.

Əldə, yaxud qolda böyük arteriyadan axan qanı burma (jqut) ilə saxlamaq lazımdır. Rezin borucuq, qayış və dəsmaldan, kəndir və əl altında olan başqa şeylərdən sıxac kimi istifadə etmək olar. Dərini zədələməmək üçün sıxac paltarın üstündən qoyulmalı, yaxud da onun altından parça sarınmalıdır. Zəif qoyulmuş sıxac ancaq venanı sıxır, nəticədə qanaxma daha da güclənir. Bərk sıxılmış sinir damarları əzilib iflicə səbəb ola bilər.

Sıxacı 1,5 – 2 saatdan artıq saxlamaq olmaz. Əgər bu vaxt xəstəni xəstəxanaya çatdırmağa kifayət olmazsa, sıxacı 10-15 dəqiqə açıb yenidən bağlamaq lazımdır.

Qan venadan axarsa, sıxac qoymağa ehtiyac yoxdur. Qan axmanı adi sarğı ilə saxlamaq olur.

Daxili qanaxmanı sifətin kəskin ağarması, zəiflik, nəbzin tez-tez döyünməsi, təngnəfəslik, başgicəllənmə, susuzluq və ürəkgetmə vəziyyətlərinə görə təyin edirlər. Bu halda həkim gələnə qədər zərərçəkənə tam rahatlıq yaradılmalıdır. Qarnına və ya digər zədələnmiş yerə buzlu kisəcik qoyulur ki, onun soyuğu damarları daraldaraq qanın kəsilməsinə kömək edir.

Burundan qan gələrsə, zərərçəkənin başını azacıq arxaya oturdur, yaxasını açır, sonra burnunun üstünə soyuq islatma qoyur və barmaqla burnunun pərəklərini sıxırlar.

Sümük sınması zamanı ilk yardım

İnsanın bədən üzvlərinin sümüklərində sınmalar yıxılma, əzilmə, zərbə və s. səbəblərdən baş verir. Sınmalar müxtəlif formalarda (tam, çatlama, açıq, qapalı) olur. Sınma, adətən bərk ağrı verir. Sümüyü sınmış adama ilk növbədə həkimdən qabaq tibbi yardım göstərmək, onu rahat vəziyyətə gətirmək və bədənin hərəkətsizliyini təmin etməkdən ibarətdir. Bu zaman hər bir artıq hərəkət sınan sümük hissələrinin yerinə dəyişməsinə, əzələ və damarların zədələnməsinə səbəb ola bilər.

Sınan əlin və ayağın hərəkətsizliyini təmin etmək üçün düz taxta lövhə ilə sarımadan istifadə edilə bilər.

Sınma qapalı olduqda hərəkətsizliyi təmin etmək və xəstəni bir yerdən başqa yerə aparmaq üçün sınığı paltar üstündən də sarımaq olar.

Yaralanma açıq formada olduqda, yaraya mikrob daxil olması qarşısını almaq üçün onu təmizləməli, sonra təmiz parça, yaxud dəsmalla lövhəyə sarıyıb hərəkətsizliyi təmin etmək lazımdır.

Açıq sınıq qapalı sınıqdan daha təhlükəlidir. Zədələnmiş adama ağrı azaldan dərman (analgin, amidoprin) verməli və onun tez həkim məntəqəsinə çatdırmaq lazımdır.

Zədələnmə zamanı bəzən sümüklər sağ qalır, lakin oynaq birləşmələri əzilir. Bu halda əzilmiş yerə soyuq maddə, yaxud buz qoyulması kapillyar qanaxmanı saxlayır, ağrını sakitləşdirir, şişməni azaldır.

Əzilən yerin hərəkətsizliyini təmin etmək üçün bərk sarğıdan istifadə edilməlidir.

Ayağın, əlin və başqa hissələrin oynaq yerindən çıxması çox ağrılı olur, çıxıqların yerinə salınması ilə yalnız həkimlə məşğul olmaq lazımdır.
Donma zamanı ilk yardım

Donma orqanizmin toxumalarının soyuğun təsiri ilə yerli zədələnmələrindən ibarətdir. Bədənin temperaturu 200 S-yə endikdə zərərçəkəni həyata qaytarmar mümkün olmur.

Praktikada əl və ayaqların, qulaqların, burunun donması hallarına daha çox təsadüf edilir. Toxumaların zədələnmə xarakterinə görə donma bir neçə dərəcəyə bölünür.

I dərəcəli donma üçün dərinin qızarması və azacıq şişməsi, qızındıqdan sonra göynəmə və ya arabir sancması səciyyəvi haldır. Bu zamani lk yardım bədənin zədələnimiş yerində tezliklə qan dövranını yaratmaqdan ibarətdir. Bu məqsədlə donmuş yeri quru, isti əşya ilə (əlcək, şərf, yalın əllər) ovxalamaq və isti sarğı ilə bağlamaq lazımdır. Əl və ayaqlar donduqda vanna qəbul etmək məsləhətdir. Bunun üçün tas və ya vedrəyə su töküb onun temperaturunu 15…20 dəqiqə ərzində qaynar su əlavə etməklə 35…370S-yə çatdırırlar. İsidildikdən sonra donmuş sahəni spirt, araq və ya odekolonla ovub quru sarğı ilə bağlayırlar.

Donmanın qabarcıqlar yaranan birinci dərəcəsində və dərinin, əzələlərin cansızlaşdığı ikinci, üçüncü dərəcələrində dərini ehtiyatla spirt və ya araqla ovub, quru, isidici sarğı bağlayır, sonra zərərçəkəni müalicə müəssisəsinə çatdırırlar.

Soyuğun və küləyin uzunmüddətli təsiri nəticəsində donmuş zərərçəkənin bədənini qızdırmaq, üstünü basdırıb, qaynar çay və qəhvə içirtmək lazımdır.


Zəhərlənmədə ilk yardım

Zəhərlənmədən təxminən yarım saat sonra baş gicəllənməsi, bədəndə ümumi zəiflik, ürək bulanması, qusma halları başlayır, bədənin temperaturu aşağı düşür və tərləmə baş verir.

Tənəffüs yollarının zəhərlənməsi zamanı zərərçəkən təmiz havaya çıxarılmalıdır.

Yemək məhsulları ilə zəhərlənmə olduqda zərərçəkənin mədəsini tez yumaq lazımdır.

Adətən, ilk tibbi yardımdan 1-1,5 saat sonra xəstənin vəziyyəti yaxşılaşmalıdır. Ancaq bununla arxayınlaşmaq olmaz, bədəndəki zəhərli maddənin tamamilə xaric olunmasını təmin etmək lazımdır.
İstilik zərbəsində və yanma hadisələrində ilk yardım

Günvurma və istivurma insan orqanizminin normal fəaliyyətini pozur, ağrıya, yaxud huşun itirilməsinə səbəb olur. Bu zaman zədələnmiş şəxsi kölgə yerə, yaxud sərin bina daxilinə aparıb rahatlamaq, sinəsini soyuq su ilə islatmaq, başına və ürək nahiyəsinə su ilə isladılmış dəsmal qoymaq və onu tez-tez təzələmək lazımdır. Xəstə huşunu itirməmişsə, ona soyuq su içirtmək; huşunu itirmişsə, süni tənəffüs vermək lazımdır.

Bədənin yanması çox ağrılı olur, odur ki, vaxtında müəyyən yüngülləşdirici tədbirlər görülmədikdə xəstənin vəziyyəti xeyli ağırlaşa bilər.

I dərəcəli yanmada (dərinin qızarması, azacıq şişməsi) yanan səthə yağlı maddə sürtməli, yaxud nişasta, talk və s səpməli.

II dərəcəli yanmada (qızarmış dəridə suluqlar əmələ gəlir) yanma yeri spirtlə islanmalı və sonra təmiz parça ilə bağlanmalıdır.

Daha ağır, yəni, III, IV dərəcəli yanıqları yalnız tibb müəssisələrində müalicə edirlər.

Yanıq asıq alovdvn alındıqda paltarın həmin nahiyədə yanıb dəriyə yapışan hissəsini çəkib qoparmaq olmaz. Bu lazım gəldikdə yalnız iti qayçı ilə kəsilməlidir.

Dəri kimyəvi maddələr ilə yandıqda ilk yardım kimyəvi maddənin növündən asılıdır. Əgər dəri turşu tökülməsi nəticəsində (kükürd turşusu müstəsna olmaqla) yanmışsa, yanan nahiyə 10…15 dəqiqə isti su ilə yuyulmalı və sonra üstünə çay sodası məhlulunda (bir stəkan suya bir çay qaşığı) isladılmış tənzif qoyulmalıdır. Yanma qələvi tökülməsi nəticəsində alınmışsa, yenə də yuxarıda deyilən qayda ilə təmiz yuyulduqdan sonra yanan nahiyəyə zəif sirkə məhlulunda (bir stəkan suya bir xörək qaşığı sirkə qatmaqla) isladılmış tənzif qoyulub sarınmalıdır. Kükürd turşusu ilə yandıqda su vurularsa, güclü istilik ayrıldığına görə yanıq daha da dərinləşə bilər. Odur ki, belə hallarda yanıq ancaq soda məhlulu ilə yuyulub, həmin məhlulda isladılmış tənzif qoymaqla bağlanmalıdır.

Bəzən elektrik qaynağı aparan işçilərin və qaynaq prosesinə diqqət yetirən işçilərin gözlərinə qövsdən alınan şüa güclü təsir edir və hətta yandıra bilər. Belə halda gözə bor turşusu məhlulunda (bir stəkan suya bir çay qaşığı) isladılmış tənzif və ya təmiz parça qoyulması yaxşı nəticə verir.

Gözlərin çirklənməsində ilk yardım. Gözə bərk hissəciklər düşdükdə onları su və ya bor turşusu məhlulu ilə yumaqla kənar edirlər. Gözü yuduqda su və ya məhlulu gözün kənar küncündən buruna tərəf axıdırlar.

Gözə bərk hissəciklər düşdükdə onu ovuşdurmaq olmaz.



Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım

Cərəyan vurmuş adama dərhal, həkim gələnədək ilk yardım göstərmək, ən əvvəl isə onu elektrik cərəyanının təsirindən xilas etmək lazımdır.Cərəyan vurmuş adamın xilas edilməsi üçün əsas şərt – adama cərəyanın təsirini cəld dayandırmaqdan və ona dərhal ilk yardım göstərməkdən ibarətdir. İnsanı elektrik cərəyanının təsirindən azad etmək üçün dövrədəki cərəyanı kəsmək lazımdır.

Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:

a) əgər zədələnmiş adam yüksəklikdədirsə, onda zədələnmiş adamın elektrik cərəyanının təsirindən azad olunması onun yerə düşmə­sinə səbəb ola bilər, belə hallarda zədələnmiş adamın yerə düşməsi zamanı təhlükəsizliyini təmin edən tədbirlər görülməlidir;

b) qurğu elektrik şəbəkəsindən ayrıldıqda, eyni zamanda, elektrik işıqları da sönə bilər. Buna görə başqa mənbədən işıqlandırmanın təmin edilməsi vacibdir. Yadda saxlamaq lazımdır ki, şəbəkədən açılmış qurğu müəyyən müddət ərzində kifayət qədər böyük tutum olmasına görə (məsələn, kabellər olduqda) həyat üçün təhlükəli olan yük saxlaya bilər. Buna görə qurğunu şəbəkədən ayırdıqdan sonra dərhal yerlə birləşdirmək lazımdır.

Xilas edən şəxsi zədələnmiş adamın bədənindən izolə etmək üçün mütləq dielektrik əlcək geymək, yaxud əllərin üstünə quru paltar salmaq, öz paltarının qollarını qabağa uzatmaq, və s. lazımdır, yerdən izolə olunmaqdan ötrü dielektrik qaloş geymək, ayaqaltı salmaq, habelə, həmin şəraitdə nədən istifadə etmək asandırsa onu etmək lazımdır.

Gərginliyi 1000V – a qədər olan qurğularda zədələnmiş adamı cərəyan aparan hissələrdən azad etməkdən ötrü quru, cərəyan keçir­məyən hər hansı əşyadan istifadə etmək tövsiyyə olunur. Məftili taxta dəstəkli balta ilə qurmaq və ya dəstəkləri izolə olunmuş kəsən kəlbətinlə kəsmək olar.

Birfazalı qoşulmalarda zədələnmiş adamın əli qıc olaraq cərəyan aparan hissəni tutduqda onu qaldırmaq , taxta ilə yerdən izolə etmək və bununla cərəyanı kəsib, onu cərəyan aparan hissələrdən azad etmək lazımdır.

Əgər məftil yerdədirsə yadda saxlamaq lazımdır ki, onun ətrafında addım gərginliyi ola bilər. Buna görə zədələnmiş adamı cərəyan aparan hissələrdən ayırdıqdan sonra onun addım gərginliyi zonasından 10-15m məsafəyə aparmaq lazımdır.

Əgər zədələnmiş adam elektrik məftilini və ya şini elə güclə sıxır ki, paltarından çəkdikdə onu ciddi zədələnmə təhlükəsi yarana bilər, onda onun hər bir barmağını ayrılıqda qatlayıb əlini açmaq lazımdır. Bu əməliyyat üçün dielektrik əlcək geymək, yaxud özünü yerdən izolə etmək vacibdir.

Elektrik verişi xətlərində yuxarıda göstərilmiş üsullarla adamı cərəyandan cəld azad etmək kifayət qədər mümkün olmadıqda xəttin bütün məftillərində onları əvvəlcədən etibarlı yerlə biləşdirib qısa qapanma yaratmaq vacibdir. Bu halda ehtiyat tədbirləri görüməlidir ki, üstə atılan məftil xilas edən şəxsə və zədələnmiş adama toxunmasın. Cərəyan vurmuş adama ilk yardım tədbirləri onun cərəyandan azad edildikdən sonrakı halından asılı olaraq göstərilir. Cərəyan vurmuş adamın halını müəyyən etmək üçün:


  1. dərhal onu arxası üstə uzatmalı;

  2. rahat nəfəs alması üçün paltarın yaxasını və kəmərini açmalı;

  3. sinəsinin qalxıb – enməsinə görə adamın nəfəs alıb – alma­dığını yoxlamalı;

  4. nəbzinin vurduğunu yoxlamalı;

  5. göz bəbəyinin vəziyyətini (daraldığını və ya genəldiyini) yoxlamalı. Genəlmiş, hərəkətsiz göz bəbəyi beyində qan dövranının dayandığına dəlalət edir.

Cərəyan vurmuş adamın hərəkət etməsinə, əsla icazə vermək olmaz, çünki cərəyan vurmanın əlamətləri dərhal meydana çıxmasada, bir az sonra cərəyan vurmuş adamın halı ciddi surətdə ağırlaşa bilər.

Cərəyan vurmuş adam huşunu itirmişsə, lakin nəfəs alırsa, onu rahat vəziyyətdə uzatmaq, təmiz hava verilməsini təmin etmək, ona naşatır spirti iylətmək, üzünə su çiləmək, bədənini ovxalamaq və isitmək lazımdır. Cərəyan vurmuş adam pis nəfəs alırsa, tənəffüs çox fasiləli və səthidirsə və ya əksinə, ölən adam kimi titrək halda tez – tez nəfəs alırsa, onda süni tənəffüs vermək tələb olunur.

Süni tənəffüs verməyin daha təsirli və səmərəli üsulu havanı yardım göstərən şəxsin ağ ciyərlərindən (ağzından ) cərəyan vurmuş şəxsin ağzına və ya burnuna üfürmək üsulundan – “ağızdan - ağıza”, “ağızdan- buruna” üsuludur ki, bu halda yardım göstərilən şəxsin ağ ciyərlərinə daha çox hava verilir.

Ağıza və ya buruna hava üfürməyin qaydası belədir: cərəyan vurmuş adamı arxası üstə uzadırlar. Yardım göstərən şəxs süni tənəffüsə başlamazdan əvvəl, havanın nəfəs yollarından ağ ciyərə yaxşı daxil olmasını təmin etməlidir. O, bu məqsədlə bir əlini cərəyan vurmuş adamın boynu arxasına keçirib, digər əli ilə alnından basaraq onun başını bir qədər arxaya əyməlidir. Belə halda, dilin kökü xirtdəyin arxa divarından aralanacaq və nəfəs yolları tam açılacaqdır. Başın belə vəziyyətində, adətən ağız açılır. Əgər ağıza tüpürcək yiğilıbsa, onu cib dəsmalı ilə təmizləyir və bundan sonra ağıza və ya buruna hava üfürməyə başlayırlar. Ağıza hava üfürərkən yardım göstərən şəxs öz ağzını yardım göstərdiyi adamın ağzına kip yapışdırır, cərəyan vurmuş adamın alnından basdığı əlinin barmaqları vasitəsilə ilə onun burnunu sıxır ki, üfürdüyü havanın hamısı cərəyan vurmuş adamın ağ ciyərlərinə keçsin.

Cərəyan vurmuş adamın ağzından hava üfürmək mümkün olmayan hallarda, ağızı kip bağlayıb, havanı burundan üfürmək lazımdır. Balaca uşaqlara yardım göstərən adam öz ağızı ilə uşağın həm ağzını, həm də burnunu əhatə edərək havanı eyni zamanda ağızdan və burundan üfürməlidir.

Havanı hər 5-6 saniyədən bir üfürmək lazımdır.Belə üfürmə dəqiqədə 10-12 dəfəyə bərabər olan tənəffüs tezliyinə müvafiqdir. Hər dəfə hava üfürəndən sonra cərəyan vurmuş adamın ağız və burnunu açırlar ki, onun ağ ciyərlərindəki hava özbaşına xaricə çıxsın, yəni adam nəfəs versin.

Ürəyin xaricdən masaj edilməsi qan dövranının davam etməsinə imkan yaradır. Bunun üçün cərəyan vurmuş adamı bərk yerdə arxası üstə uzadıb yaxasını, kəmərini və paltarın bədəni sıxan digər hissələrini açır və ya paltarı çıxarırlar. Yardım göstərən adam xəstənin yanında elə dayanır ki, onun üzərinə əyilə bilsin. Sonra xəstənin sinəsinin aşağı üçdə bir hissəsini müəyyən edib oraya bir əlinin ovcunu, onun üstündən isə digər əlinin ovcunu qoyur və döş qəfəsinin aşağı kənar hissəsini ritmik sürətdə aşağı basır. Döş qəfəsini kəskin təkanla basmaq lazımdır, bu zaman döş qəfəsi 3 – 5 sm aşağı əyilir, ürəyin üzərinə düşən təzyiq nəticəsində qan ürəkdən qan damarlarına verilir. Döş qəfəsini, təxminən saniyədə bir dəfə sürətdə basmaq lazımdır.

Ürək fəaliyyəti dayanarkən orqanizmin oksigenlə təmin olun­ması üçün əsas şərt- ürəyi masaj etməklə yanaşı, həm də adama süni tənəffüs verməkdir. Döş qəfəsini basarkən nəfəs alma zamanı onun normal vəziyyətə qayıtması çətinləşdiyi üçün, döşü hər 4-6 dəfə basandan sonra fasilə etmək və bu zaman hava üfürməklə süni tənəffüs vermək lazımdır.

Süni tənəffüs və ürəyin masajı düzgün edilərkən cərəyan vurmuş adamın dirilməsini göstərən bu əlamətlər meydana çıxır:

1. sifətin rəngi dəyişib yaxşılaşır, sifət bir qədər qızarır;



  1. adam sərbəst tənəffüs etməyə başlayır və bu get – gedə normallaşır;

  2. göz bəbəkləri daralır.

Belə hallarda əlavə olaraq yerinə yetirilməsi səmərəli olan tədbirlərdən biri də yardım göstərilən adamın qıçlarını döşəmədən 0,5m hündürə qaldırmaq və ürək masaj edilən bütün müddət ərzində bu vəziyyətdə saxlamaqdır. Belə vəziyyət bədənin aşağı hissələrindəki vena damarlarından qanın ürəyə daha yaxşı verilməsinə imkan yaradır.

Süni nəfəs verilməsi və ürəyin xaricdən masaj edilməsi əməliy­yatlarını cərəyan vurmuş adamın sərbəst tənəffüsü və ürəyinin fəaliyyəti bərpa olunanadək davam etdirmək lazımdır.

Yadda saxlamaq lazımdır ki, bu tədbirlrin bir an dayandırılması, fəlakətlə nəticələnə bilər.

Zərərçəkəndə digər həyat əlamətləri yarandıqda nəbzinin uzun müddət vurmaması ürəyin fibrilyasiya olduğunu göstərir. Bu halda onun həyatını xilas etmək üçün defibrilyator aparatından istifadə edilir. Zərərçəkənin döş qəfəsindən defibrilyator vasitəsilə cərəyan şiddəti 15…20A, gərginliyi 4000V, dayanıqlığı 10 mk san. olan elektrik impulsları keçirilir. Bunun fizioloji mənası, pərakəndə yığılan (fibril­yasiya edən) ürəyi bir və ya bir nüçə dəfə tam yığılmağa məcbur etməklə normal vəziyyətə gətirməkdir. Ürəyin fibrilyasiyasını ixtisaslı həkim yerinə yetirməlidir.

Süni nəfəsvermə üçün yüngül nəfəs aparatından da istifadə etmək olar. İlk yardım zamanı aparatın maskasını zərərçəkənin başına geydirərək kiçik körüklə onun ciyərlərinə hər dəfədə 2 litrə qədər hava üfürmək mümkündür.

Elektrik cərəyanından zədələnmiş adamı özünə gətirmək üçün, onu torpağa basdırmaq cəhdləri qəti qadağandır.



Bu üsul nəinki tamamilə faydasızdır, həm də olduqca zərərlidir.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə