Qaydalari bakı 2009 Ümumi müddəalar




Yüklə 53.34 Kb.
tarix01.03.2016
ölçüsü53.34 Kb.




Təsdiq edilmişdir”

Əmanətlərin Sığortalanması Fondunun

Himayəçilik Şurasının 02 oktyabr 2009-cu il tarixli

(16 saylı protokol) qərarı ilə
Himayəçilik Şurasının sədr əvəzi

A.F.Mövsümov

_______________________

_____” ________________2009-cu il




Borc vəsaitlərinin cəlb olunması

və əlavə haqların ödənilməsi



QAYDALARI

Bakı – 2009


1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra–“ƏSQ”) 4.1.7, 8.1.7, 8.1.8, 8.1.16, 10.1.11, 14 və 17-ci bəndləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra–“Mülki Məcəllə”) 1070-1076-5-ci bəndlərinə uyğun olaraq hazırlanmış, Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi və əlavə haqların hesablanması və ödənilməsi qaydalarını müəyyən edir.

1.2. ƏSQ-yə əsasən kompensasiyaların ödənilməsi ilə bağlı Fondun likvid aktivlərinin cəmi 1 (bir) milyon manatdan aşağı düşdükdə və ya bu səviyyədən aşağı enməsi ehtimalı yarandıqda, Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edə bilər.

1.3. Kompensasiyaların ödənilməsi üçün Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər.



2. Əsas anlayışlar

2.1. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə edilir:



      1. Borcalma – Fond tərəfindən qaytarılma şərtləri borcverənlə razılaşdırılmaqla müəyyən müddətə maliyyə vəsaitinin cəlb edilməsidir;

      2. Borcun yuxarı həddi – Kompensasiyaların ödənilməsi ilə bağlı Fond tərəfindən cəlb olunan borc vəsaitlərinin yolverilən maksimal məbləğidir;

      3. Fondun borcunun reyestri – Fondun borcunun uçotu və idarə olunması məqsədilə bu Qaydalarla müəyyən olunmuş şəkildə aparılan qeydiyyat məlumatlarının məcmusudur;

      4. Likvid aktivlər – Fondun milli və xarici valyutada olan nağd pul vəsaitləri və Fondun öhdəliklərinin icra edilməsi zərurəti yarandıqda daha az zərər etməklə və ya etməməklə nağd pula tez çevrilə bilən ehtiyatlarıdır.

      5. Zəmanət – əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun öhdəliyi üzrə borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair üçüncü şəxs(lər)in götürdüyü öhdəlikdir;

3. Borc vəsaitlərinin cəlb edilməsi mənbələri və formaları

3.1. Öhdəliklərini yerinə yetirmək üçün vəsaitləri çatışmadıqda Fond aşağıdakı mənbələrdən borc vəsaitləri cəlb edir:

3.1.2. Daxili və xarici maliyyə bazarları;

3.1.3. Azərbaycan Respublikası Mərkəzi Bankı;

3.1.4. Azərbaycan hökuməti;

3.1.5. Beynəlxalq maliyyə təşkilatları.

3.2. Fond tərəfindən yalnız likvid aktivlər formasında borc vəsaitlərinin cəlb olunmasına yol verilir.

3.3. Borcalmalar Fond tərəfindən aşağıdakı formalarda həyata keçirilir:

3.3.1. Daxili və xarici maliyyə təşkilatları, o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası hökuməti ilə bağlanmış müqavilələr üzrə vəsaitlərin cəlb olunması;

3.3.2. İstiqrazların buraxılması yolu ilə vəsaitlərin cəlb olunması.



4. Borc vəsaitlərinin cəlb edilməsi əsasları və proseduru

4.1. Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi əsasları aşağıdakılardır:

4.1.1. Kompensasiyaların ödənilməsi ilə bağlı Fondun likvid (nağd pula tez çevrilən) aktivlərinin cəmi 1 (bir) milyon manatdan aşağı düşdükdə və ya bu səviyyədən aşağı enməsi ehtimalı yarandıqda,

4.2. Bu Qaydaların 4.1-ci bəndində göstərilmiş əsaslar mövcud olduqda Fondun icraçı direktoru dərhal bu barədə Himayəçilik Şurasına məlumat verir və Himayəçilik Şurasının növbədənkənar iclasını çağırır.

4.3. Fondun Himayəçilik Şurası kompensasiyaların ödənilməsi ilə bağlı Fondun likvid aktivlərinin 1 (bir) milyon manatdan aşağı düşməsi faktını və ya aşağı düşməsi ehtimalını təsdiq etdikdə, borc vəsaitlərinin cəlb olunması barədə qərar qəbul edir. Qərarda aşağıdakılar göstərilir:

4.3.1. İştirakçı bankda sığorta hadisəsi baş verməsi və ya baş verməsi ehtimalı haqqında Azərbaycan Respublikası Mərkəzi Bankının yazılı bildirişinin Fonda daxil olması tarixi;

4.3.2. Sığorta hadisəsi baş vermiş bankın (bankların) tam adı, lisenziya nömrəsi, iştirakçı bankların reyestrinə daxil olma tarixi və nömrəsi;

4.3.3. Sığorta hadisəsi baş vermiş bankın (bankların) əmanətçilərinə qorunan əmanətlər üzrə ödəniləcək kompensasiya məbləği;

4.3.4. Fondun likvid aktivlərinin cəmi və kompensasiyaların ödənilməsi üçün çatışmayan məbləğ;

4.3.5. Borc vəsaitlərinin cəlb edilməsi mənbəyi, forması;

4.3.6. Tələb olunan borc vəsaitinin məbləği;

4.3.7. Borc vəsaitlərinin qaytarılma müddəti;

4.3.8. Yerli və xarici maliyyə təşkilatlarından cəlb olunacaq borc vəsaitlərinin illik faiz dərəcəsinin yuxarı həddi;

4.3.9. Yerli və xarici maliyyə təşkilatlarından təkliflərin qəbul edilməsinin son müddəti;

4.3.10. Fondun Himayəçilik Şurasının zəruri hesab etdiyi digər məsələlər.

5. Daxili və xarici maliyyə bazarlarından borcalmalar

5.1. Fond kompensasiyaların ödənilməsi üçün çatışmayan məbləğ həddində istiqrazlar buraxmaqla və ya bağlanmış müqavilələrə uyğun olaraq daxili və xarici maliyyə təşkilatlarından borc vəsaitləri cəlb edə bilər.

5.2. Fond maliyyə bazarlarından borc vəsaitlərini aşağıdakı formada cəlb edir:

5.2.1. Yerli və ya xarici maliyyə qurumlarından cəlb olunan kredit və ya kredit xətləri;

5.2.2. Fondun buraxdığı istiqrazların yerləşdirilməsi;

5.2.3. Dövlət zəmanəti ilə bağlanmış müqavilələr əsasında alınan kreditlər.

5.3. Yerli maliyyə təşkilatlarından borcalmalar pul formasında həyata keçirildikdə, borc vəsaitlərinin cəlb edilməsi haqqında Himayəçilik Şurasının qərarının qəbul edildiyi gündən ən geci sonrakı iş günü Fond internet səhifəsində və kütləvi informasiya vasitələrində borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı müsabiqə elan edir və Fond tərəfindən müəyyən edilən yerli maliyyə təşkilatlarına yazılı bildiriş göndərilir. Elanda əsasən aşağıdakılar göstərilməlidir:

5.3.1.Tələb olunan borc vəsaitinin məbləği;

5.3.2. Borc vəsaitlərinin qaytarılması müddəti;

5.3.3. Borc vəsaitlərinin illik faiz dərəcəsinin yuxarı həddi;

5.3.4 Təkliflərin qəbul edilməsinin son müddəti;

5.3.5. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı (təsis sənədləri, maliyyə vəziyyətini əks etdirən sənəd və s.);

5.3.6. Fondun Himayəçilik Şurasının zəruri hesab etdiyi digər məlumatlar.

5.4. Xarici maliyyə təşkilatlarından borc vəsaitlərinin cəlb edilməsi üçün Fondun icraçı direktoru tərəfindən Fondun müəyyən etdiyi xarici maliyyə təşkilatlarına bu Qaydaların 5.3.1-5.3.6-cı bəndlərində göstərilən məlumatları əks etdirən məktub göndərilir.

5.5. Maliyyə təşkilatlarından daxil olan təkliflər Fondun icraçı direktorunun əmri ilə yaradılmış və onun təsdiq etdiyi reqlament əsasında fəaliyyət göstərən müsabiqə komissiyası tərəfindən qiymətləndirilir və təklifin məqbul hesab edilməsi və ya edilməməsi barədə qərar qəbul olunur. Təklifin məqbul hesab edilməməsi barədə müsabiqə komissiyasının qərarı Fondun icraçı direktoru tərəfindən təsdiq edildikdən sonra qərar 1 (bir) iş günü ərzində təklifi vermiş maliyyə təşkilatına göndərilir.

5.6. Fondun icraçı direktoru məqbul hesab edilmiş təkliflər arasından müsabiqənin qalibini seçir və müsabiqənin qalibi seçilmiş maliyyə təşkilatına 1 (bir) iş günü ərzində müsabiqənin nəticəsi barədə məlumat verilir.

5.7. Müsabiqənin qalibi seçilmiş maliyyə təşkilatından borc vəsaitinin cəlb edilməsi şərtləri Fondla həmin təşkilat arasında bağlanmış kredit müqaviləsi ilə rəsmiləşdirilir.

5.8. Fond aşağıdakı göstəricilər üzrə daha əlverişli şərtlər təklif edən maliyyə təşkilatlarından borc vəsaiti cəlb edir:

5.8.1. Borc vəsaitlərinin illik faiz dərəcəsi;

5.8.2. Faiz məbləğinin ödənilməsinin şərtləri və müddətləri;

5.8.3. Borc məbləğinin qaytarılması şərtləri və müddətləri;

5.8.4. Təklif olunan kredit vəsaitinin məbləği;

5.8.5. Borc vəsaitlərinin təminatına tələb;

5.8.6. Borc vəsaitinin Fonda köçürülməsi proseduru və müddəti.



6. Azərbaycan Respublikasının Mərkəzi Bankından

və Azərbaycan hökumətindən borcalmalar

6.1. Fondun Himayəçilik Şurası Azərbaycan Respublikasının Mərkəzi Bankından borc vəsaitlərinin cəlb edilməsini zəruri hesab etdikdə, Fondun icraçı direktoru borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı qərarın çıxarıldığı gündən ən geci sonrakı iş günü Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət məktubu göndərir. Məktubda aşağıdakılar göstərilməlidir:

6.1.1. Sığorta hadisəsi baş vermiş bankın (bankların) tam adı, lisenziya nömrəsi, iştirakçı bankların reyestrinə daxil olma tarixi və nömrəsi;

6.1.2. Sığorta hadisəsi baş vermiş iştirakçı bankın (bankların) əmanətçilərinin qorunan əmanətləri üzrə kompensasiya məbləği;

6.1.3. Kompensasiyaların ödənilməsi ilə bağlı Fondun likvid aktivlərinin çatışmayan məbləği;

6.1.4. Borc vəsaiti kimi cəlb olunması nəzərdə tutulan məbləğ və vəsaitlərin qaytarılması müddəti;

6.2. Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan müraciət məktubuna aşağıdakı sənədlər əlavə olunur:

6. 2. 1. Borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı Himayəçilik Şurasının qərarı;

6.2.2. Sığorta hadisəsi baş verən günə Fondun mühasibat balansı;

6.2.3. Fondun gəlir və xərcləri haqqında hesabat;

6.2.4. Fondun pul vəsaitlərinin hərəkəti haqqında hesabat.

6.3. Azərbaycan Respublikası Mərkəzi Bankından borc vəsaitlərinin ayrılması qaydası və şərtləri Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Fond arasında bağlanmış Saziş əsasında həyata keçirilir.

6.4. Azərbaycan hökumətindən borc vəsaitlərinin cəlb olunması üçün Fondun icraçı direktoru bu Qaydaların 6.1. və 6.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət məktubu göndərir.

6.5. Azərbaycan hökumətindən borc vəsaitlərinin ayrılması proseduru və şərtləri, hesablanacaq faiz dərəcəsi Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur.

6.6. Azərbaycan Respublikasının Mərkəzi Bankından və Azərbaycan hökumətindən borc vəsaitlərinin cəlb olunması onlarla bağlanmış kredit müqavilələri və ya Fond tərəfindən istiqrazların buraxılması və yerləşdirilməsi yolu ilə rəsmiləşdirilir.

7. İstiqrazların buraxılması

və yerləşdirilməsi qaydası

7.1. Bu Qaydaların 4.1-ci bəndində göstərilmiş əsaslar mövcud olduqda Fond borc vəsaitlərinin cəlb edilməsi məqsədi ilə kompensasiyaların ödənilməsi ilə bağlı likvid aktivlərinin çatışmayan məbləğindən və ya üçüncü şəxslərin Fonda bu məqsədlə verdikləri təminatın ölçüsündən çox olmayan məbləğdə istiqrazlar buraxa bilər. İstiqrazlar adlı və ya təqdim edənə ola bilər.

7.2. Fondun istiqrazlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir:

7.2.1. İstiqrazların buraxılışı haqqında Fondun Himayəçilik Şurası tərəfindən qərarın qəbul edilməsi;

7.2.2. İstiqrazların emissiya prospektinin qeydiyyatı;

7.2.3. İstiqrazların dövlət qeydiyyatı;

7.2.4. İstiqrazların yerləşdirilməsi;

7.2.5.İstiqrazların buraxılışının nəticələri haqqında hesabatın qeydiyyatdan keçirilməsi.

7.3. Fondun istiqrazlarının emissiya prospektində Fond haqqında məlumat öz əksini tapır.

7.4. Fond tərəfindən istiqrazların buraxılışı və yerləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.



8. Borcun reyestri

8.1. Borc öhdəlikləri Fond tərəfindən aparılan borc reyestrində elektron və kağız daşıyıcılardan istifadə edilməklə Fondun kargüzarlıq məsələləri ilə bağlı məsul işçisi tərəfindən qeydiyyata alınır.

8.2. Borc öhdəlikləri haqqında məlumat müvafiq öhdəliyin rəsmiləşdiyi gündən 3 (üç) iş günü ərzində reyestrə daxil edilməlidir. Reyestrə borc vəsaitlərinin cəlb edildiyi mənbə, öhdəliyin yaranma tarixi, qüvvədə olma müddəti, məbləği, valyutası, faiz dərəcəsi, öhdəlik üzrə ödənişlər, öhdəliklərin təminatı formaları, öhdəliyə xitam verilməsi tarixi və əsasları barədə məlumatlar daxil edilir.

8.3. Fondun cəlb etdiyi vəsaitlərin təyinatı üzrə istifadə olunması, borc öhdəliyinin vaxtında icrası prosesinə nəzarəti Fondun Himayəçilik Şurası həyata keçirir.

8.4. Fondun icraçı direktoru Himayəçilik Şurasına borc vəsaitlərinin təyinatı üzrə istifadə olunması və borc öhdəliyinin icrası ilə bağlı rüblük və illik hesabatlar təqdim edir.

9. Əlavə haqların hesablanması

və ödənilməsi qaydası

9.1. Fond tərəfindən kompensasiyaların ödənilməsi ilə bağlı cəlb olunmuş borc vəsaitləri Fondun müvafiq bank hesabına köçürüldüyü gündən 5 (beş) iş günündən gec olmayaraq Fondun Himayəçilik Şurası iştirakçı banklardan əlavə haqların cəlb olunması haqqında qərar qəbul edir. Himayəçilik Şurasının qərarında aşağıdakılar göstərilməlidir:

9.1.1. Kompensasiyaların ödənilməsi ilə bağlı cəlb olunmuş borc vəsaitlərinin məbləği, valyutası və illik faiz dərəcəsi;

9.1.2. Əlavə haqların hesablanması üçün faiz dərəcəsi;

9.1.3. Əlavə haqların ödənilməsi müddəti;

9.1.4. Himayəçilik Şurasının zəruri hesab etdiyi digər məlumatlar.

9.2. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,2 faizi həcmindən çox olmamaq şərtilə ödənilir.

9.3. İştirakçı banklar tərəfindən ödənilən əlavə haqların həcmi qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin Fondun Himayəçilik Şurası tərəfindən təyin olunan faiz nisbəti ilə müəyyən olunur.

9.4. Fondun Himayəçilik Şurası əlavə haqların ödənilməsi üçün faiz dərəcəsini müəyyən edərkən Fondun büdcə gəlirlərini, iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının miqdarını, borc vəsaitlərinin miqdarını, faiz məbləğini, qaytarılma müddətini nəzərə almalıdır.

9.5. Fondun Himayəçilik Şurası əlavə haqların ödənilməsinə dair qərar çıxardıqdan sonra Fond dərhal internet səhifəsində əlavə haqların hesablanması üçün faiz dərəcəsi və əlavə haqların ödənilməsi müddəti haqqında məlumat yerləşdirir və bütün iştirakçı banklara bu barədə yazılı bildiriş göndərir.

9.6. İştirakçı banklar Fonda təqvim haqları ilə bağlı hesabatlarla yanaşı hesablanmış əlavə haqlarla bağlı yazılı məlumat göndərirlər. Fond iştirakçı bank tərəfindən göndərilmiş əlavə haqlar haqqında yazılı məlumata və əmanətlər haqqında hesabata əsasən əlavə haqların düzgün hesablanmadığını müəyyən etdikdə, iştirakçı bankı bu barədə məlumatlandırır və dəqiqləşdirilmiş məlumat göndərməsini tələb edir.

9.7. Əlavə haqlar iştirakçı banklar tərəfindən təqvim haqlarının ödənilməsi üçün ƏSQ-də nəzərdə tutulmuş müddətdə və Fondun borcunun valyutasında ödənilir.


9.8. Əlavə haqları vaxtında ödəməyən iştirakçı banklar ƏSQ-yə uyğun olaraq Fonda dəbbə pulu ödəməlidirlər.
9.9. İştirakçı bankın əmanətləri cəlb etmək hüququ Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dayandırıldıqda bank əmanətçilər qarşısında öhdəliklərini tam icra edənədək Fonda əlavə haqq ödəyir.

9.10. Fond tərəfindən borc vəsaitləri borcverənə tam qaytarıldıqdan sonra 3 (üç) iş günü ərzində Fondun icraçı direktoru bu barədə Himayəçilik Şurasına məlumat verir və Fondun Himayəçilik Şurası əlavə haqların ödənişinin dayandırılması barədə qərar qəbul edir.

Bu halda qərar çıxarıldığı rübdən əvvəlki rüb üzrə hesablanmış, lakin ödənilməmiş əlavə haqlar və onlara hesablanmış dəbbə pulları əlavə haqların ödənişinin dayandırılmasına baxmayaraq, iştirakçı banklar tərəfindən tam şəkildə ödənilməlidir.

10. Yekun müddəalar

10.1. Bu Qaydalar Fondun Himayəçilik Şurası tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir.



10.2. Bu Qaydalarla tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə