Qaydaları Bakı 2014 Mündəricat Ümumi müddəalar 3 Cıdır meydanları 5




Yüklə 199.16 Kb.
səhifə1/2
tarix10.04.2016
ölçüsü199.16 Kb.
  1   2


Azərbaycan Respublikasının Atçılıq Federasiyası

Azərbaycan Respublikasında

cıdır yarışlarının keçirilməsi

Qaydaları

Bakı 2014

Mündəricat
1. Ümumi müddəalar 3

2. Cıdır meydanları 5

3. Cıdır yarışlarının statusu və onların keçirilməsi reqlamenti 9

4. Appellyasiya 10

5. Mükafat fondunun formalaşdırılması və bölünməsi 10

6. Cıdır yarışlarında rekordların qeydə alınması 11

7. Atların cıdır yarışlarına yazılması 12

8. Mükafatlandırma mərasimi 13

9. Cıdır proqramları 13

10. Cıdır iştirakçılarının geyimləri və təchizatı 13

11. Jokeyin çəkisinə və ümumi vəziyyətinə nəzarət 14

12. Startqabağı qaydalar 15

13. Start qaydaları 15

14. Cıdırda sürmə qaydaları 16

15. Cıdır qaydalarının pozulması hallarının təsnifatı 17

16. Cıdır iştirakçılarının məsuliyyəti 18

17. Cıdırın gedişinə nəzarət, qalib mükafatçıların müəyyən edilməsi 20

18. Cıdır yarışlarının təşkilatçılarının məsuliyyəti 21

19. Dopinq nəzarəti 22

20. Cıdırın nəticələri barədə hesabatlar 26

21. Atların identifikasiya yoxlaması və DNT analizlərinin aparılması 26

22. Hakimlər Kollegiyasının hüquq və vəzifələri 27

23.Son müddəalar 29
ƏLAVƏLƏR

Əlavə 1

1.Ümumi müddəalar
1.1.Bu Qaydalar “Atçılıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Baytarlıq Təbabəti haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Bədən Tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikasının Qanunlarının əsasında, cıdır yarışlarının keçirilməsinə dair beynəlxalq tələblərə uyğun olaraq hazırlanmışdır.

1.2.Bu Qaydalar “12” Yanvar 2014-cü il tarixdən qüvvəyə minir və Azərbaycan Respublikasının ərazisində təşkil olunan bütün cıdır yarışlarına şamil edilir.

1.3. Cıdır yarışlarında iştirak edən şəxslər (at sahibləri, məşqçilər, jokeylər, mehtərlər və s.) və ya qurumlar öz qarşılıqlı münasibətlərini qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq tərəflər arasında bağladıqları müqavilələr əsasında müəyyən edirlər.

1.4.Azərbaycan Respublikasında cıdır yarışlarının keçirilməsinə Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) rəhbərlik edir və bu qaydalara riayət edilməsinə nəzarət edir.

1.5.Cıdır mövsümünün təqviminin tərtib və təsdiq edilməsi, Hakimlər Kollegiyasının müəyyən edilməsi, cıdır yarışlarının təşkili və nəticəsi üzrə təhlilin aparılması və internet portalında yerləşdirilməsi, at sahiblərinin qeydiyyatı, jokey formalarının təsdiqi, hakimlərə, məşqçilərə və jokeylərə bu fəaliyyətlərlə əlaqədar icazə vəsiqələrinin və nailiyyətlərə əsasən dərəcələrin verilməsi, Azərbaycan Derbisinin və Prezident Mükafatının oynanılması müstəsna olaraq ARAF – ın səlahiyyətlərinə daxildir.

1.6. Cıdır yarışlarında iştirak edən şəxslər (at sahibləri, məşqçilər, jokeylər, mehtərlər və s.) öz hərəkətləri ilə bu qaydaların şərtlərinə əsasən ciddi qayda pozuntularına yol verərsə:



  • At sahibləri ARAF-ın qeydiyyatından çıxarıla bilər;

  • Hakim, məşqçi və jokeylərin fəaliyyətləri ilə əlaqədar icazə vəsiqələri

dondurula bilər.

1.7. Cıdır yarışlarının təşkili prosesində ən böyük əhəmiyyət kəsb edən obyekt atdır.

1.8.Atın sağlamlıq və fiziki vəziyyəti ilə bağlı prinsiplər at sahiblərinin, məşqçilərin, jokeylərin, satış agentlərinin və digər şəxslərin maraqlarından üstün hesab edilir.

1.9.Atla rəftar edilməsi, göstərilən baytarlıq xidməti, sanitar normalara cavab verən yemləmə və bəsləmə şəraiti onun sağlamlığına və təhlükəsizliyinə zəmanət verməlidir.

1.10. Cıdır yarışlarının və məşqlərin keçirilməsi zamanı atın canlı varlıq olması ön plana çəkilməklə, ata ziyan vuran hər hansı üsul praktikadan çıxarılmalıdır.

1.11. Cıdır yarışlarına ARAF tərəfindən verilmiş və ya qəbul olunan pasporta malik və ARAF-da müvafiq qaydalara uyğun olaraq qeydiyyata alınmış damazlıq və axta atlar buraxılır. (Əlavə N 1)

1.12. Damazlıq Kitablarının Beynəlxalq Komitəsi (İnternational Stud Book Committee – İSBC) tərəfindən tanınan ölkələrdə doğulan və qeydiyyata alınan atlar cıdır yarışlarına aşağıdakı şərtlərə əsasən buraxılır:


  • Gömrük qaydalarına və İSBC-nin qaydalarına uyğun olaraq “müvəqqəti idxal” adı altında Azərbaycan Respublikasının ərazisinə gətirilən, müvafiq qaydada tərtib olunan gömrük bəyannamələrinə malik olan, pasportlarının əslində ölkənin baytarlıq və digər aidiyyəti qurumları tərəfindən möhürlə təsdiqlənmiş baytarlıq tədbirləri və yarış nəticələri barədə qeydiyyatlar aparılan ayğır və madyanlar;

  • Gömrük qaydalarına və İSBC-nin qaydalarına uyğun olaraq “daxili istifadə məqsədi ilə” Azərbaycan Respublikasının ərazisinə idxal edilən, müvafiq qaydada tərtib olunan gömrük bəyannamələrinə malik olan, pasportlarının əslində ölkənin baytarlıq və digər aidiyyəti qurumları tərəfindən möhürlə təsdiqlənmiş baytarlıq tədbirləri və yarış nəticələri barədə qeydiyyatlar öz əksini tapan ayğır və madyanlar.

1.13. Cıdır yarışları keçirildiyi zaman bu Qaydalara riayət edilməsinə Hakimlər Kollegiyası nəzarət edir.

1.14. Hakimlər Kollegiyasının üzvlərinə cıdır-şans (totalizator) oyunlarının hər hansı növünə pul qoyuluşu etmək (mərc etmək) qadağandır.

1.15. Cıdır yarışlarına müvafiq peşəkarlıq dərəcəsini özündə əks etdirən şəhadətnaməyə (2009-cu ilədək müvafiq dövlət qurumları tərəfindən verilən vəsiqələrə) və ya ARAF tərəfindən təqdim olunan xüsusi icazə vəsiqəsinə malik olan hakimlər, məşqçilər və jokeylər buraxılırlar.

1.16. Cıdır yarışlarında yalnız cari il üçün sağlamlıq haqqında tibbi arayışa və qəza sığortası şəhadətnaməsinə malik jokeylər iştirak edə bilərlər. Bədbəxt hadisələrə görə sığortanın ümumi məbləği 1000 (min) manatdan az olmamalıdır. (Əlavə N 2)

1.17. Cins atların sınaqdan keçirilməsində çalışan bütün işçi heyətin əməyinin mühafizəsi Azərbaycan Respublikasında əmək və əhalinin sosial müdafiəsinə dair mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

1.18. Azərbaycan Respublikasında cıdır yarışları aşağıdakı cinslər üzrə keçirilir:



  • Təmizqanlı ingilis;

  • Təmizqanlı ərəb;

  • Axaltəkə cinsli atlar;

  • Qarabağ cinsli atlar;

  • Dilbaz cinsli atlar.

1.19. Təmizqanlı İngilis, təmizqanlı Ərəb, Axaltəkə cinsli atlar cıdır yarışlarında ayrı-ayrılıqda sınaqdan keçirilir.

1.20. Qarabağ və Dilbaz cinsli atlar cıdır yarışlarında birlikdə sınaqdan keçirilir. Həmin cinslərin öz aralarında, habelə digər cinslərdən olan atlarla 1-ci nəsil mələzlərinin təmizlikdə yetişdirilən atlarla birgə cıdır yarışlarında iştirak etmələrinə yol verilmir.

1.21. At sahibləri və onların nümayəndələri arasında müvafiq qanunvericiliyə uyğun olaraq müqavilə bağlanır. Həmin müqavilədə at sahibi tərəfindən onun nümayəndəsinə atın idarə edilməsi, o cümlədən onun məşq etdirilməsi, cıdır yarışlarına yazılması, düzgün yemlənməsi, bəslənməsi, ona baytarlıq-sanitariya xidmətlərinin göstərilməsi və s. məsələlərlə əlaqədar şərtlər öz əksini tapmalıdır.

1.22. Məşqçilər və jokeylər arasında atın məşq etdirilməsi, cıdır yarışlarında iştirak etməsi və s. şərtləri özündə əks etdirən müqavilə bağlanır.

1.23. Cıdır yarışlarında iştirak edən şəxslər (at sahibləri, məşqçilər, jokeylər, mehtərlər və s.) arasında bağlanan müqavilələr notarial qaydada təsdiq olunmalıdır.

1.24. Cıdır iştirakçıları, ilk növbədə jokeylər cıdır yarışlarından bilavasitə əvvəl ümumi təhlükəsizlik qaydaları ilə, eyni zamanda bu qaydalarda öz əksini tapmış cıdırda sürmə qaydaları ilə tanış olurlar, bu qaydalara riayət edəcəklərini öz imzaları ilə təsdiq edirlər. (Əlavə N 3)

1.25. Jokeylərin cıdır yarışları zamanı bədbəxt hadisələrdən sığortalanmasını təsdiq edən sığorta şəhadətnaməsi ilə təmin olunmaları zəruri hesab edilir.
2.Cıdır meydanları
2.1. Cıdır Meydanlarının fəaliyyəti üçün tələb olunan əsas bina və qurğular:

2.1.1. Cıdır meydanlarının fəaliyyəti üçün tələb olunan əsas bina və qurğuların siyahısı:



  • cıdır yolları;

  • at tövlələri;

  • tribunalar;

  • inzibati və yardımçı binalar;

  • maşın və texnikalar; (traktor, su maşını, start boks və qoşulması üçün traktor və s.)

  • kommunikasiya sistemləri;

  • fotofiniş cihazı;

  • jokeylərin paltar dəyişmə otaqları;

  • atların yəhərlənmə sahəsi;

  • atların yarışdan əvvəl nümayiş sahəsi (padok);

2.1.2. Cıdır meydanlarının texniki vəziyyəti və şəraiti orada keçirilən təlimlərin, məşqlərin, cıdır yarışlarının, atçılıq idmanı yarışlarının tələb olunan qaydalara uyğun keçirilməsini, habelə insanların və atların təhlükəsizliyini təmin etməlidir.

2.2. Cıdır yollarına olan tələblər:

2.2.1 Cıdır yolları cıdır yarışlarında iştirak edən atların təhlükəsizliyini və maksimum səviyyədə iş qabiliyyətinin üzə çıxarılmasını təmin etmək məqsədi ilə cıdır meydanının ərazisində xüsusi düzəldilmiş, əsasən ellips formalı qaçış sahəsidir. Cıdır yolları yarış üçün, məşq üçün və ehtiyat üçün olmaqla, bir-birindən xüsusi plastik arakəsmələrlə ayrılır.

2.2.2. Yarış yolunun uzunluğu 1600 (min altı yüz) metrdən, eni 12-20 metrdən az olmamaqla, döngələrdə içəri meyillilik bucağı 120, yolun düz hissəsində 30 təşkil edən virajlarla əhatə olunur.

2.2.3. Uzunluğu 1600 (min altı yüz) metr olan ellipsvari yarış yolunun düz hissəsi 486 (dörd yüz səksən altı) metr, döngələrdə yolun uzunluğu 314 (üç yüz on dörd) metr, radiusu isə 100 (yüz) metr təşkil edir. Finiş düzü 400 (dörd yüz) metrdən az olmamaqla, hakim tribunasının önündə başa çatır.

2.2.4. Ellipsvari yol şimaldan cənuba doğru uzanır və tamaşaçı tribunası bir qayda olaraq ellipsin qərb tərəfində, mümkün qədər orta hissəsində yerləşir.

2.2.5. Cıdır yolları strukturuna və örtüyünə görə xüsusi düzəldilmiş süni, təbii və yaşıl ot ola bilər.

2.2.6. Süni örtüklü yol müxtəlif material qarışıqları (reseptlər) əsasında hazırlanmış 20-25 sm qalınlığı olan üst qat, bərk materialdan (çınqıl, yaxud yerin quruluşundan asılı olaraq təbii torpaq qatı) olan alt qatdan ibarət olur.

2.2.7. Meydanın yerləşdiyi yerdə təbii ekoloji şəraitdən asılı olaraq yolun rahatlığını və elastikliyini təmin etmək məqsədi ilə təbii qumdan (70-80 %), rezin yonqarından (8-12 %), köhnə peyin və ağac yonqarının qarışığından (5 %), digər yumşaq və elastik materiallardan istifadə edilə bilər.

2.2.8. Yol örtüyü müntəzəm olaraq dırmıxlanmalı və hamarlanmalı, yarış yolunda digər texnikanın, o cümlədən atın və insanların hərəkətinə yol verilməməlidir.

2.2.9. Xüsusi reseptlə hazırlanmış qarışıq örtüyü olmayan, təbii torpaq qatından ibarət cıdır yolları müntəzəm olaraq əkilməli, quraqlıq şəraitdə su çilənməli və dırmıxlanmaqla səthin yumşaq və hamar saxlanılması təmin olunmalıdır.

2.2.10. Ot örtüklü yaşıl yolun salınması üçün erkən yazda yolda narın əkin aparılır, hamarlanır, suvarılır və əsasən 40 % paxlalı (yonca), 60 % taxıllar fəsiləsindən olan çayır, ayrıq, yulaf, qırtıc otlarının toxumları səpilərək yenidən hamarlanır. Toxum adi yem üçün əkilən normadan 5-8 dəfə çox olmalıdır.

2.2.11. Yaşıl yolun atın dırnağı ilə zədələnmiş və digər səbəblərdən seyrəlmiş hissələrinə əllə narın kompost, yaxud köhnə peyinlə qarışdırılmış əlavə toxum səpilir, dırmıxlanır və suvarılır.

2.3. At tövlələrinə olan tələblər:

2.3.1. Cıdır yarışlarında iştirak edən atlar xüsusi layihələr əsasında daş və ya kərpic materialdan inşa edilmiş tövlələrdə saxlanılır.

2.3.2. Hər bir tövlə binası su, kanalizasiya, işıq, havalandırma və digər zəruri kommunikasiya sistemləri ilə təchiz olunmalıdır.

2.3.3. At tövləsində atlar sahəsi 12-16 m2 olan xüsusi arakəsmələrdə (bokslarda) saxlanılır. Arakəsmələrin qapılarının üst hissəsi yerdən 1,5 metr hündürlükdən dəmir barmaqlıqlarla əhatə olunur.

2.3.4. Arakəsmələrdə döşəmə döyülmüş (preslənmiş) gil təbəqəsi ilə, dəhliz isə yumşaq asfaltla, yaxud preslənmiş gil təbəqəsi ilə örtülür. Dəhlizin eni 3 metrdən az olmamalıdır.

2.3.5. Atlara zoobaytar baxışın keçirilməsi, onların nallanması və yəhərlənməsi üçün tövlənin orta hissəsində ayrıca dəhliz-manej olmalıdır.

2.3.6. Tövlədə yem mətbəxi, 2-3 günlük yem ehtiyyatının saxlanması üçün yer, jokey və mehtərlərin istirahət otağı, avadanlıq otağı, duş və sanitar otağı olmalıdır.

2.3.7. Arakəsmələrdə atların qüvvəli yemlə təmin olunması üçün yerdən 1,2 metr hündürlükdə axur düzəldilir.

2.3.8. Tövlənin ümumi giriş qapısı ikitaylı olmaqla, ümumi eni 4,5 metrdən, hündürlüyü isə 3 metrdən az olmamalıdır.

2.3.9. Tövlələrin kənarında atlar üçün xüsusi gəzinti meydançaları-levadalar qurulur.


2.4. Tribunalar:

2.4.1. Cıdır meydanlarında cıdır yarışlarının idarə olunması və seyr edilməsi xüsusi layihələr əsasında qurulmuş tribunalar vasitəsi ilə həyata keçirilir.

2.4.2. Tribunalarda tamaşaçılar, xüsusi qonaqlar (VİP) və Hakimlər Kollegiyasının üzvləri üçün yerlər ayrılır. Bunlar ayrı-ayrı tribunalarda da yerləşdirilə bilər.

2.4.3. Tamaşaçı tribunasının arxa hissəsində və ya altında cıdır-şans (totalizator) kassaları yerləşdirilir.

2.4.4. Tribuna elə qurulmalıdır ki, tamaşaçılar yol boyu atın hərəkətini vizual olaraq tam izləyə bilsinlər.

2.4.5. Tribunanın yanında yarışa çıxarılan atlara baxış keçirilməsi üçün xüsusi meydança – paddok ayrılır.

2.4.6. Tribuna və paddokun yaxınlığında dopinq nəzarəti məntəqəsi və jokeylərin çəkilərinin müəyyən edilməsi üçün tərəzi olmalıdır.

2.5. Yardımçı binalar, maşın və texnikalar, kommunikasiya sistemləri:

2.5.1. Cıdır meydanının fəaliyyəti üçün aşağıda qeyd olunan binalar, yardımçı sahələr, maşın və texnikalar olmalıdır:


  • qaba və qüvvəli yem ehtiyyatlarının saxlanması üçün yem anbarı;

  • ən azı 12 atın eyni vaxtda yəhərlənməsi üçün yəhərləmə məntəqəsi;

  • cıdır meydanına yeni gətirilən atların saxlanması üçün karantin məntəqəsi;

  • atların fizioterapevtik müayinəsi və müalicəsi üçün lazımi avadanlıqlarla təchiz olunan baytarlıq məntəqəsi;

  • cıdır yarışlarına kənardan gələn qonaqlar üçün mehmanxana, yaxud qonaq evləri;

  • cins atlarının sərgisinin, baxış və satış hərraclarının keçirilməsi üçün xüsusi manejli pavilyon;

  • tamaşaçılar və işçi heyəti üçün yeməkxana və istirahət yerləri;

  • inzibati bina və tədris mərkəzi;

  • qaçışa start verilməsi üçün xüsusi mexanizm (start - boks);

  • atdaşıyan xüsusi avtomaşınlar, suçiləyən və yük avtomaşınları, yolların işlənilməsi üçün traktorlar, əkin və hamarlama işlərinə lazım olan mexanizmlər;

  • cıdır yarışlarının idarə olunması üçün telsiz əlaqə sistemi, foto-finiş, elektron tablo, video, audio və kompyuter sistemləri.

2.5.2. Maneəli cıdırlarda və stipl-çez yarışlarında marşrut boyu xüsusi maneələr quraşdırılır və yarışdan sonra götürülür.

2.5.3. Cıdır meydanının bütün istehsalat sahələri üzrə su, kanalizasiya, elektrik, yanğın əleyhinə, rabitə sistemləri qurulmalıdır.

2.5.4. Cıdır meydanının ərazisində onun əsas fəaliyyəti üçün tələb olunan istehsalat və yardımçı binalardan, qurğu və avadanlıqlardan başqa, digər təyinatlı obyektlərin yerləşməsinə və fəaliyyətinə yol verilmir.

2.5.5. Cıdır meydanının ümumi sahəsi hər tərəfdən hasara alınmalı, əsas və əlavə giriş qapılarında dezobaryerlər qoyulmalıdır.



3. Cıdır yarışlarının statusu və onların keçirilməsi reqlamenti
3.1. Azərbaycan Respublikasında keçirilən cıdır yarışları statuslarından asılı olaraq aşağıdakı qaydada təsnif edilir.

3.1.1. Start (starter)

3.1.2. Meyden (maiden)

3.1.3. Şərtli (condition)

3.1.4. Handikap (handicap)

3.1.5. Listed (listed)

3.1.6. Qrup 3

3.1.7. Qrup 2

3.1.8. Qrup 1

3.1.9. Beynəlxalq dəvətnaməli (invitational)


3.2. İstənilən statuslu cıdır yarışları üçün mükafat məbləği hər il ARAF tərəfindən müəyyən edilir və iştirakçılarla bağlanan müqavilələr vasitəsi ilə reallaşdırılır.

3.3. Minimal çəki yükü 50 kq müəyyən olunur. (Əlavə N 4) Handikap olan yarışlarda minimal çəki yükü handikap hakimi tərəfindən müəyyən edilir.

3.4. Madyanlar erkək və axta atların iştirak etdiyi cıdır yarışlarında 2 kq az çəki aparır. Bu cür cıdır yarışlarında axta atlar da erkəklərlə eyni çəki aparır.

3.5. Müxtəlif yaş və yarış imkanlarına malik olan atların qələbə şanslarını bərabərləşdirmək məqsədilə çəki handikapından istifadə edilir. (Əlavə N 4)

3.6. Reytinq xallarının müəyyən edilməsi ARAF-ın handikap hakimi tərəfindən həyata keçirilir. (Əlavə N 5)

3.7. Həvəskar jokeylər bütün düz cıdır yarışlarında iştirak edə bilərlər.

3.8. Yüksək qrup yarışları istisna olmaqla, bütün cıdır yarışlarında şagird-jokeylərin çıxış etdikləri atlar at sahibi ilə razılaşması olduğu halda əsas çəkidən 2 kq az çəki aparırlar.

3.9. Cıdır yarışları aşağıdakı yaş və məsafə diapazonunda keçirilir:



  • 2 yaş: 1000-1600 metr

  • 3 yaş: 1000-2800 metr

  • 4 və yuxarı yaş: 1000-4000 metr

3.10. Atın yaşı doğulduğu ilin yanvar ayının 1-dən hesablanır.

3.11. 2 yaşlı atlar (ingilis və axaltəkə) cıdır yarışlarına doğulduğu ilin iyun ayının 15-dən tez buraxılmır.

3.12. Həmin cinslərdən olan 3 yaşlı atlar 1000 metrdən 1600 m-ə qədər diapazonda məsafələr üzrə 4 və yuxarı yaş atlarla birgə 15 iyundan tez olmamaqla yarışa bilər.

3.13. Qarabağ, Dilbaz və Ərəb cinsindən olan atlar cıdır yarışlarına 3 yaşdan tez buraxılmır.

3.14. Bütün yaş qruplarından olan atlar bir gündə yalnız bir cıdırda start ala bilərlər.

3.15. Bir ay ərzində 2 yaşlı atlar üçün maksimal startların miqdarı 2 dəfədən, 3 və yuxarı yaşlı atlar üçün 3 dəfədən çox olmamalıdır.

3.16. Atın sağlamlığına zərər yetirə bilən hər hansı amil müəyyən edilərsə səlahiyyətli baytar həkimi atın məşqini və yarışlarını dayandıra bilər.
4. Appellyasiya
4.1. Cıdır yarışlarında iştirak edən şəxslər (at sahibləri, məşqçilər, jokeylər, mehtərlər və s.) Hakimlər Kollegiyasının onun haqqında çıxardığı qərarla razılaşmadığı halda, həmin qərarın qəbul edildiyi gündən etibarən 3 (üç) iş günü ərzində Appellyasiya Komissiyasına müraciət edə bilər.

4.2. Appellyasiya Komissiyasının tərkibinin müəyyən edilməsi ARAF-ın İdarə Heyətinin səlahiyyətlərinə daxildir.

4.3. Appellyasiyaya müraciətlər yazılı şəkildə, müəyyən edilmiş 50 (əlli) manat dəyərində depozitin ARAF-ın hesabına köçürülməsi barədə sənədin əlavə edilməsi ilə qəbul edilir.

4.4. Appellyasiya şikayətinə müraciətin qəbul olunduğu andan 10 (on) iş günü ərzində baxılır.

4.5. Appellyasiya Komissiyası tərəfindən müraciət edən şəxsin leyhinə qərar qəbul edildiyi halda depozit onun hesabına geri qaytarılır.

4.6. Hakimlər Kollegiyasının qərarı qüvvədə saxlanılarsa depozit qaytarılmır.



5.Mükafat fondunun formalaşdırılması və bölünməsi
5.1. Azərbaycan Respublikasında cıdır yarışlarına təsis edilən mükafat fondu ölkə atçılığına birbaşa yönəldilən investisiya hesab edilməklə, aşağıdakı mənbələrdən formalaşa bilər:

  • Dövlət büdcəsindən ayrılmalar hesabına;

  • Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin hesabından;

  • ARAF-ın və ya onun üzvlərinin hesabından;

  • Cıdır-şans (totalizator) və lotoreya oyunlarından;

  • Sponsorlardan;

  • Cıdır yarışlarında iştirak edən şəxslərin (at sahibləri, məşqçilər, jokeylər, mehtərlər və s.) üzvlük haqqı, ianələr, icarə haqları və s. hesablardan.

5.2. Sponsorlar üçün ARAF-la bağlanan müqavilədə nəzərdə tutulan qaydada imtiyazlar müəyyən edilə bilər. Lakin bu imtiyazlar atların cıdır yarışlarında iştirakı və mükafatın bölünməsi prinsiplərinə şamil edilə bilməz.

5.3. Ənənəvi mükafatların oynanılmasına, formalaşmasına zəmanətli sponsorluq edən şəxsə həmin mükafatın onun adı ilə adlandırılmasına, yaxud onun təklif etdiyi adın əlavə edilməsinə yol verilir.

5.4. Formalaşan mükafat fondu ARAF-ın hesabına daxil edilməklə, müstəsna olaraq, qalib iştirakçıların uduş məbləğlərinin, hakim və digər xidmətçi personallarının əməyinin ödənilməsinə yönəldilir.

5.5. Düz və maneəli cıdırlarda mükafat fondu aşağıdakı qaydada bölünür (Ümumi məbləğdən faiz hesabı ilə):



  • 7 və az sayda atın iştirak etdiyi cıdır yarışlarında:

1-ci yer 50%

2-ci yer 30%

3-cü yer 20%


  • 8-11 atın iştirak etdiyi cıdır yarışlarında:

1-ci yer 50%

2-ci yer 25%

3-cü yer 15%

4-cü yer 10%



  • 12 və daha çox atın iştirak etdiyi cıdır yarışlarında:

1-ci yer 50%

2-ci yer 25%

3-cü yer 15%

4-cü yer 7%

5-ci yer 3%

5.6. Mükafatın oynanılması zamanı bir və ya bir neçə atın cıdırdan çıxarılması mükafat məbləğinə və uduş yerlərinin miqdarına təsir etməməlidir.

5.7. Mükafat məbləği at sahibləri, məşqçilər və jokeylər arasında aşağıdakı qayadada bölünür: (uduş məbləğindən faiz hesabı ilə):


  • at sahibi - 80%

  • məşqçi - 10%

  • jokey - 10%

5.8. Mükafat məbləğindən at sahibi, məşqçi və jokey üçün ayrılmış hissə həmin şəxslərin hesablarına ARAF tərəfindən birbaşa köçürülür.

5.9. At sahibi məşqçi və jokey üçün nəzərdə tutulan məbləği artıra bilər.

5.10. ARAF tərəfindən cıdır yarışlarında xüsusi fərqlənən atların yetişdiricilərinə əldə etdikləri seleksiya nailiyyətlərinə görə əlavə mükafat ayıra bilər.

6. Cıdır yarışlarında rekordların qeydə alınması
6.1. Azərbaycan Respublikasının cıdır meydanlarında atçılıq təsərrüfatlarına və at sahiblərinə məxsus olan cins atların maneəsiz cıdırlarda əldə etdikləri rekordlar ölkə rekordu kimi qeydə alınır.

6.2. Cıdırlarda rekordlar yalnız müvafiq mükafat üzrə əvvəlki rekorddan üstün nəticə əldə olunduğu halda qeydə alınır.

6.3. Sovetlər birliyi dövründə Azərbaycanda doğulmuş və sınaqdan keçmiş atlar tərəfindən əldə olunmuş ümumittifaq və respublika rekordları müvafiq olaraq Azərbaycan Respublikasının (ölkə) rekordları sayılır.

6.4. Ölkə rekordları içərisində əsas məsafələrə ən yüksək göstərici üzrə əldə edilən rekord mütləq rekord kimi qəbul edilir.

6.5. Aşağı yaş qrupuna aid olan atların əldə etdikləri rekordlar, yuxarı yaş qrupuna aid olan atlar üçün də rekord sayılır.

6.6. Dişi atlar üzrə əldə edilmiş rekordlar (əgər onların rekordları aşağı olubsa), erkək atlar üçün də rekord sayılır.

6.7. Cıdır meydanlarında əldə olunmuş bütün rekordlar ARAF tərəfindən qeydə alınır. Rekord əldə edən şəxslər (at sahibi, məşqçi, jokey) əlavə olaraq mükafatlandırıla bilər.

6.8. Hakimlər Kollegiyası rekordun əldə olunmasına dair tərtib edilən protokolda aşağıdakıları qeyd edir:



  • cıdırın keçirildiyi yer;

  • rekordun əldə olunması tarixi və vaxtı;

  • atın ləqəbi, cinsi, cinsiyyəti, rəngi, doğulduğu il və yer;

  • sahibi;

  • cıdırın sırası;

  • jokeyin adı və soyadı;

  • müəyyən edilmiş və 500 metrlik hissələr üzrə sürət;

  • təzələnən rekord haqqında qeyd;

  • havanın və cıdır yolunun vəziyyəti;

  • cıdır yolunun uzunluğu;

  • saniyəölçənlərin yoxlanması haqqında məlumat.

6.9. Ölkə rekordlarının əldə olunması barədə tərtib olunan protokol rekordun əldə olunduğu tarixdən sonra 1 ay ərzində ARAF-a təqdim edilir.

6.10. Məsafənin ayrı-ayrı hissələrindəki sürət rekord kimi qeydə alınmır.

6.11. Yerli rekordların əldə olunmasına görə mükafatlandırma müvafiq protokola əsasən verilir.

6.12. Bir cıdır günündə və ya bir cıdırda iki və daha artıq atla rekord əldə olunarsa, bu zaman mükafatın məbləği həmin atlar arasında bərabər bölünür.


7. Atların cıdır yarışlarına yazılması
7.1. “Beynəlxalq dəvətnaməli” statusuna malik cıdırlardan başqa, digər cıdır yarışlarına atların yazılışı aşağıdakı mərhələlərdən keçir:

  • Azərbaycan Derbisinə - nominasiya (yarışa 12 aydan gec olmamaqla vaxt qalmış); təsdiqnamə N1 (yarışa azı 6 ay qalmış); təsdiqnamə N2 (yarışa azı 1 ay qalmış); üzvlük haqqı ödənilərək starta yazılış (yarışa azı 10 gün qalmış)

  • Qalan ənənəvi mükafatlar - nominasiya (yarışa 2 aydan gec olmamaqla vaxt qalmış), üzvlük haqqı ödənilərək starta yazılış (yarışın keçirilməsinə azı 10 gün qalmış)

  • Qalan mükafatlara - üzvlük haqqı ödənilərək starta yazılış (yarışın keçirilməsinə azı 7 gün qalmış)

7.2. Atların istənilən ödənişli yarışlara yazılışının ümumi məbləği ümumi mükafat fondunun 2 % -dən az olmamalıdır.

7.3. At ənənəvi mükafata 7.1-ci bənddə qeyd edilmiş müddətdən etibarən ən çoxu 7 gün ərzində yazıla bilər. Bu əlavə yazılış hesab olunur. Əlavə yazılışın məbləği ümumi mükafat fondunun 10 % -ni təşkil edir.

7.4. Atın cıdıra yazılışı məşqçi tərəfindən həyata keçirilir (əgər at sahibi ilə ARAF arasında digər şərtlər nəzərdə tutulmayıbsa). Bu zaman onun sifarişi tərəflər üçün hüquqi əsas və atın cıdıra hazır olmasına zəmanət kimi qəbul edilir.

7.5. Cıdır yarışlarına yazılmış at baytarlıq səbəbi istisna olmaqla (baytar həkimin rəyi əsasında), digər səbəblərdən yarışdan çıxarıla bilməz.

7.6. Cıdır yarışına yazılmış at, baytarlıq səbəbindən cıdırdan çıxarılarsa, növbəti yarışa 10 təqvim günündən tez olmamaq şərti ilə yazıla bilər.

7.7. Cıdır iştirakçılarının start nömrələri püşkatma yolu ilə müəyyən olunur.

7.8. Püşkatmadan sonra cıdırda hər hansı düzəliş aparıla bilməz.
8. Mükafatlandırma mərasimi
8.1. Bütün ənənəvi mükafatların oynanılmasında qaliblərin şərəfinə mükafatlandırma mərasimi keçirilir.

8.2. Mükafatlandırma mərasimində məşqçilər, jokeylər, at sahibləri (yaxud onların nümayəndələri) və cıdırda qalib gəlmiş at iştirak edir.

8.3. Mükafatlandırma mərasimində iştirak etməmək və mərasimə gecikmək bu Qaydaların pozulması halı kimi qəbul edilir.

8.4. Papon, gül çələngi, lent və rozetkalar mərasimə qədər ata geyindirilir.


9. Cıdır proqramları
9.1. Cıdır yarışlarına atların yazılışının başa çatması ilə növbəti cıdır günü üçün rəsmi sənəd hesab edilən cıdır proqramı hazırlanır.

9.2. Proqram kitabça şəklində dərc olunur. Proqramın üz qabığında ARAF-ın loqotipi və onun tam adı, cıdır meydanının adı, proqramın sıra nömrəsi, sınaq tarixi və başlanğıc vaxtı göstərilir.

9.3. Proqramda hər bir cıdır üzrə cıdırın sıra nömrəsi, başlanğıc vaxtı (saat, dəqiqə), mükafatın adı, məbləği, hər bir uduş yerinin məbləği, cıdırın məsafəsi öz əksini tapır.

9.4. Proqramda eyni zamanda sürətli məşq (qalop) günlərinin nəticəsi olaraq həmin gün yolun vəziyyəti, hava şəraiti, məsafə, jokeyin adı, sürəti və sairə göstərilə bilər.

9.5. Cıdırda iştirak edən hər bir atın start nömrəsi, adı, rəngi, cinsiyyəti (erkək, madyan və axta atların birgə iştirak etdiyi cıdırlarda), doğum ili (müxtəlif yaş qrupuna malik atların birgə çıxışı zamanı), nəsli (ata və ananın adı), doğulduğu yer, at sahibi, reytinqi və cıdır mövsümü ərzində tutduğu mükafat yerlərinin sayı proqramda öz əksini tapır.

9.6. Məşqçinin adı və soyadı, peşəkarlıq dərəcəsi (rütbəsi) proqramda qeyd olunur.

9.7. Jokeyin adı və soyadı, peşəkarlıq dərəcəsi (rütbəsi), kamzol və dəbilqənin rəngi (simvolik şəkli) proqramda qeyd olunur.

9.8. Proqramda aparılan dəyişiklik barədə cıdır günü elan olunur.

9.9. Proqramda əvvəlki cıdır gününün nəticələri dərc edilə bilər.

10. Cıdır iştirakçılarının geyimləri və təchizatı
10.1. Jokeylər xüsusi kamzol (köynək) və müdafiə jileti, çəkmələr, ağ bric (şalvar), kartuzla örtülmüş dəbilqə və müdafiə eynəyi geyinməlidirlər.

10.2. Jokeylərin kamzol və kartuzlarının forması, rəngi təsdiq edilmiş nümunələrdən kənara çıxmamalıdır. (Əlavə N 6)

10.3. Jokey və atın sağlamlığına təhlükə yarada biləcək nallardan istifadə edilməsinə yol verilmir. (Əlavə N 7)

10.4. Hər bir qaçışdan əvvəl jokeylərin geyimlərinə və təhcizatına padok hakimi nəzarət edir. Qəbul edilmiş qaydalara uyğun gəlməyən geyim və digər ləvazimatlarla təchiz olunmuş jokeylər padok hakiminin qərarı ilə yarışdan kənarlaşdırıla bilər.

10.5. Atın mövcud qaydalara uyğun, təhlükəsiz və etibarlı yəhərlənməsi, yüyən, tapqır, tərlik, üzəngi və digər aksesuarlarla düzgün təchiz edilməsi üzərində məsul şəxs məşqçi hesab olunur.

10.6. At təqdimata sığorta kəməri (trok) və ikinci örkən olmadan buraxılmır.

10.7. Qamçının ucunda yumuşaq dəri ucluq olmalıdır. Dəri ucluğu ilə bir yerdə qamçının uzunluğu 75 sm – dən çox olmamalıdır. Atın bədənində iz buraxan qamçıdan istifadə edilməsi qadağandır.

10.8. At üçün istifadə olunan gözlük və başlığın forması təsdiq olunan nümunələrə uyğun olmalıdır. (Əlavə N 9)


11. Jokeyin çəkisinə və ümumi vəziyyətinə nəzarət
11.1. Atın yəhərlənməsindən əvvəl tərəzi hakimi jokeyin çəkisini yoxlayır.

11.2. 50 kq və bundan az çəki yükü aparan jokeyə at sahibinin razılığı ilə bu Qaydalarda nəzərdə tutulduğundan daha artıq çəki aparılmasına (lakin 2 kq – dan çox olmamaqla, 0,5 kq dəqiqliyi ilə) icazə verilir.

11.3. Çəkinin çatışmayan hissəsi xüsusi pərsənglər vasitəsilə tamamlana bilər.

11.4. Kənar şəxslər tərəzi quraşdırıldığı və jokeyin hazırlaşdığı otağa buraxılmır.

11.5. Jokeylər aşağıda qeyd olunan qadağan edilmiş maddələrin təsiri altında olduqda cıdıra buraxılmır:


  • alkaqol 0,25 mq/l qatılığında spirtli içkinin xüsusi cihaz vasitəsilə nəfəsin yoxlanılması ilə ;

  • reaksiyanın dəyişməsinə səbəb ola bilən psixo – yaxud neyrotrop maddələr (morfin, kokain, nəşə, marixuana, tiryək və s.) ;

  • psixotropik və anatropik maddələr;

  • müxtəlif stimullaşdırıcılar (amfetaminlər);

  • barbituratlar;

  • benzodiazepinlər;

  • kannabinoidlər;

  • diuretiklər;

  • betabloklar;

  • anaestetiklər;

  • əzələ rahatlaşdırıcı maddələr;

  • sedativ maddələr;

  • qammahidroxibutrat (butanediol, qammabutrolakton);

  • lisergik asid dietilamid.

11.6. Əgər jokeyin adekvat vəziyyəti ilə əlaqədar şübhə yaranarsa, Hakimlər Kollegiyası təxirəsalmadan tibbi muayinə təyin etməklə onu yarışdan kənarlaşdıra bilər.

11.7. Qadağan edilmiş vasitələr iki nümunə əsasında yoxlanılır. Analiz müsbət nəticə göstərərsə, jokey haqqında müvafiq tədbir görülür.

11.8. Qadağan edilmiş vasitə aşkar olunmadığı halda sanksiya qoyulmur.


12. Startqabağı qaydalar.
12.1. Birinci qaçışın başlamasına 30 dəqiqə qalmış Hakimlər Kollegiyası cıdır yarışının açılışını elan edir.

12.2. Proqramda edilən bütün dəyişikliklər cıdır yarışlarının başlanmasına 30 dəqiqə qalmış tamaşaçılara elan olunur.

12.3. Proqram üzrə hər qaçışa 20 dəqiqə qalmış cıdırda iştirak edən at ləvazimatının, start nömrəsinin, mikroçipinin yoxlanması üçün padoka çıxarılır.

12.4. Mikroçipin olmaması, yaxud atın identifikasiya sənədinin qaydasında olmaması, atın ləvazimatı, jokeyin geyim aksesuarları lazımı tələblərə cavab verməməsi halında padok hakiminin qərarı ilə iştirakçı yarışa buraxılmır.

12.5. Jokeyin dəyişdirilməsi barədə yalnız baş hakim qərar çıxara bilər.

12.6. Atın yəhərlənməsi yalnız bunun üçün ayrılmış yerdə həyata keçirilir.

12.7. Cıdır yarışından əvvəl jokeylər tibbi yoxlanışdan keçirlər.

12.8. İştirakçı cıdır yarışına çıxan zaman yəhərin sağ və sol tərəfində, jokeyin kamzolunun sağ qolunda proqramda qeyd olunmuş start nömrəsi olmalıdır.

12.9. Starta 10 dəqiqə qalmış iştirakçılar təqdimat üçün cıdır yoluna çıxırlar.

12.10. Cıdırda iştirak etməyən atın cıdır yoluna çıxmasına yol verilmir.

12.11. Qaçışın başlamasına 5-8 dəqiqə qalmış start hakimi atların start boksa daxil olması barədə göstəriş verir.
13. Start qaydaları
13.1. Cıdırın startı mütləq şəkildə start boksdan verilir.

13.2. Boks start xəttində quraşdırılır.

13.3. Atların bokslarda yerləşdirilməsinə start hakiminə tabe olan xüsusi geyimdə, o cümlədən qoruyucu şlemlə təmin edilmiş və təlimatlandırılmış qrup həyata keçirir.

13.4. Start hakiminin komandası ilə atlar sıra nömrəsi ilə start boskda öz yerlərini tuturlar. Narahat və sərt temperamentli atlar padok hakiminin təqdimatı və baş hakimin qərarı əsasında boksa sonuncu olaraq salınır.

13.5. Atların bokslara salınmasına 10 dəqiqədən çox vaxt sərf edilməməlidir. Bu müddət ərzində boksa daxil olmayan at və ya atlar yarışdan kənarlaşdırılır.

13.6. Bütün iştirakçılar start boksda öz yerlərini tutduqdan və boksların qapıları bağlandıqdan sonra start verilir.

13.7. Start hakimi müvafiq ötürücü vasitə ilə boksları açır.

13.8. Yarış iştirakçısı hər hansı gözlənilməz hadisə, o cümlədən atın boksdan çıxmaması, yaxud kənara atılması ilə startda qalmış hesab edilir.

13.9. Cıdırın bütün iştirakçıları start qaydalarına və start hakiminin göstərişlərinə əməl etməlidirlər.

13.10. Start hakiminin siqnalı ilə, atlar boksdan çıxıb start xəttinə keçən anda fotofiniş sistemi avtomatik olaraq işə düşür və qaçış başlamış hesab edilir. Start xəttini keçən atlar qaçışda iştirak etmiş hesab olunurlar.

13.11. Əgər iştirakçılar startı hakimin siqnalından əvvəl başlayarsa, cıdır baş tutmamış hesab edilir. Bu zaman, hakimlər heyətinin qərarı ilə yenidən start verilir.
14. Cıdırda sürmə qaydaları
14.1. Cıdırda iştirak edən jokeylər birinciliyi əldə etmək, yaxud daha yüksək mükafat yerlərindən birini tutmaq uğrunda maksimal dərəcədə mübarizə aparmalıdırlar.

14.2. Başlamış qaçışın iştirakçıları əsaslı səbəb olmadan cıdır yolundan çıxa bilməzlər. Cıdır yolundan çıxan jokey Hakimlər Kollegiyasına bütün səbəbləri açıqlamalıdır.

14.3. Qaçış iştirakçıları start verildikdən sonra (start düz xətt boyunca verilərsə) ən azı 100 metr düz xətt üzrə hərəkət etməlidirlər. Əgər start döngədə və ya döngədən qabaq verilərsə, bu zaman cıdırın iştirakçıları 50 metr məsafəni cıdır yolunun əyri hissəsi istiqamətində paralel qət etməlidirlər.

14.4. Qaçışa başçılıq edən jokey arxasınca gələnlərdən ən azı iki at boyu aralandıqdan sonra istiqamətini dəyişə bilər. Finiş düzünə çıxan jokeylər düz xətt boyunca hərəkət etməklə soldan və yaxud sağdan qaçışa başçılıq edən iştirakçını keçmək istəyənlərə maneçilik etməməlidirlər.

14.5. Əgər finiş düzündə cıdır iştirakçıları bir-birinə maneçilik törədərlərsə və bu Hakimlər Kollegiyası tərəfindən maneçiliyin qəsdən edilməsi kimi qəbul edilərsə, lakin nəticədə iştirakçı özünün və ya başqa iştirakçıların mövqeyini yaxşılaşdırmış olarsa, bu zaman yerlərin bölüşdürülməsində maneə yaradan iştirakçıya maneçiliyə məruz qalmış iştirakçılardan sonrakı yer verilə bilər.

14.6. Qaçış zamanı jokey öz atını yalnız yüyən vasitəsi ilə hərəkət etdirə və digər iştirakçılara maneçilik törətmədən qamçı ilə atın sağrısını vura bilər. Səbəb olmadan atı qamçı ilə bərk vurmaq qəti qadağandır. Qamçının uzunluğu 75 sm-dən artıq olmamalıdır. Finiş xəttini keçəndən sonra qamçıdan və başqa məcburedici vasitələrdən istifadə etmək qadağandır.

14.7. 2 yaşı olan atlarda çaparkən, qamçıdan və başqa məcburedici vasitələrdən istifadə etmək qadağandır.

14.8. Cıdır zamanı atların sürülmə qaydalarının pozulmasına aşağıdakı hallar aiddir:

14.8.1. İştirakçıların bir-birini keçən zaman iki at boyunca düz hərəkət etmədən istiqamətlərini dəyişdirməsi – krossinq (qabaqkəsmə);

14.8.2. Atın digər at vasitəsi ilə sağa və ya sola sıxışdırılması;

14.8.3. İlanvari (ziq-zaq) hərəkətlərlə digər iştirakçılara maneçilik edilməsi;

14.8.4. Qabaqda gedən atın qəflətən saxlanması ilə onun arxasınca gələn iştirakçılara maneçilik edilməsi;

14.8.5. Ortada qaçan atın hər iki yandan at vasitəsi ilə sıxılması;

14.8.6. Mükafat yerlərini tutmaq üçün başqa iştirakçılara suni şəkildə köməklik göstərilməsi;

14.8.7. Atın sürətinin qəsdən azaldılması (falşspeys);

14.8.8. Müxtəlif vasitələrlə, o cümlədən rəqibin paltarından, onun atının quyruğundan tutmaqla, üzəngiləri bir-birinə keçirməklə iştirakçıya maneçilik göstərilməsi;

14.8.9. Müxtəlif vasitələrlə, o cümlədən qışqırmaqla rəqibin atının hürküdülməsi, rəqibin təhqir edilməsi.

14.9. Əgər cıdırda bir məşq bölməsindən iki və daha çox iştirakçı çıxış edərsə və onlardan biri başqa iştirakçılara qalib və mükafat yerlərini tutmaq üçün maneçilik edərsə, bununla da komanda yoldaşı qalib gəlmək üçün öz mövqeyini yaxşılaşdırarsa, bu zaman həmin məşq bölməsindən çıxış edən hər iki iştirakçı mükafat yerlərindən məhrum olunurlar.


15. Cıdır qaydalarının pozulması hallarının təsnifatı
15.1. Jokeylər tərəfindən cıdır qaydalarının pozulması halları onların cıdırın nəticələrinə təsir dərəcəsinə, həmin halların aradan qaldırılması istiqamətində jokeyin cəhdinə, ağırlıq dərəcəsinə görə qruplaşdırılır.

15.2. Cıdırın nəticəsinə təsir dərəcəsinə görə qayda pozuntuları aşağıdakı qruplara bölünür:

a) nəticəyə təsir göstərənlər;

b) nəticəyə təsir göstərməyənlər.

15.3. Pozuntu halının qarşısının alınması istiqamətində jokeyin hərəkəti nəzərə alınaraq aşağıdakı hallar ola bilər:

a) pozuntu halına bilərəkdən yol veriləməsi;

b) pozuntu halına bilməyərəkdən yol verilməsi.

15.4. Ağırlıq dərəcəsinə görə:

a) yüngül dərəcəli (cıdırın nəticəsinə təsir göstərməyərək özünə, cıdır iştirakçılarına, ata, tamaşaçılara, cıdır meydanına zərər yetirməyən pozuntular);

b) orta ağır dərəcəli (cıdırın nəticəsinə təsir göstərərək, özünə, cıdır iştirakçılarına, ata, tamaşaçılara, cıdır meydanına qismən zərər yetirən);

c) ağır dərəcəli (məsuliyyətsiz və qərəzli hərəkət fonunda, cıdır iştirakçılarına, ata, tamaşaçılara, cıdır meydanına ciddi zərər yetirən);

15.5. Pozuntu hallarına yol verilərkən Hakimlər Kollegiyası pozuntu halının dərəcəsini müəyyən etməklə, bu halın cıdırın nəticəsinə təsir edib-etməməsini, ağırlıq dərəcəsini qiymətləndirir.

15.6. Pozuntu halının bu Qaydaların 15.4-cü bəndində göstərilən ağırlıq dərəcəsinə uyğunluğu müəyyən edilməklə həmin Qaydaların 16.8-ci bəndində nəzərdə tutulan cəza tədbirləri tətbiq edilə bilər.

15.7. Əgər pozuntu halı yüngül dərəcəli hesab edilməklə, cıdırın nəticəsinə mənfi təsir göstərməmişdirsə, Hakimlər Kollegiyası tərəfindən iştirakçının mükafat yerindən məhrum edilməsi və yaxud qayda pozuntusuna yol verən jokeyin (yaxud məşqçinin) ağır cəzalandırılmasına yol verilmir.

15.8. Hakimlər kollegiyası qərar qəbul edərkən ilk növbədə jokeyin baş verə biləcək pozuntu halının aradan qaldırılması istiqamətində maksimum səviyyədə cəhd göstərməsini nəzərə alır. Məsələn, əgər at kəskin sürətdə hərəkət istiqamətini dəyişərsə, jokey “itələmə” üsulundan imtina edərək hərəkət trayektoriyasını “balanslaşdırmağa” çalışmalıdır.

15.9. Jokeyin diqqətsizliyi və qeyri-peşakar hərəkəti fonunda yaranan pozuntu halları da bilərəkdən törədilən pozuntu halları sırasına daxil edilir.

15.10. Əgər jokey pozuntu halının aradan qaldırılmasına yönəlik müvafiq tədbir görməmişdirsə, bu hal da qəsdən törədilən pozuntu halı kimi qəbul edilir və iştirakçı diskvalifikasiya olunur. Bu halda jokey bu Qaydaların 16.8-ci bəndinə uyğun olaraq cəzalandırılır.

15.11. Əgər jokey pozuntu halına yol verilməməsinə maksimal dərəcədə səy göstərmişdirsə, lakin bununla belə, pozuntu baş vermişdirsə, bu hal 15.3-cü maddənin “b” bəndinə uyğun (bilməyərəkdən baş verən hal kimi) qiymətləndirilir.

15.12. Eyni zamanda, atın istiqamətinin kəskin dəyişdiyi halda jokey vəziyyəti dəyişməyə cəhd göstərərsə, lakin buna nail ola bilməzsə, bu hal da bilməyərəkdən baş verən yüngül pozuntu halı hesab edilir.
16. Cıdır iştirakçılarının məsuliyyəti
16.1 Jokey və ya məşqçi dəfələrlə kobud və ağır dərəcəli pozuntu hallarına yol verərsə həmişəlik yarışlardan kənarlaşdırıla bilər. Bu cəza tədbirinin tətbiq edilməsi barədə qərar Hakimlər Kollegiyasının təqdimatı ilə Appelyasiya Komissiyası tərəfindən qəbul edilir.

16.2. Hakimlər Kollegiyası, eyni zamanda bu Qaydalarda öz əksini tapmayan, lakin cıdır yarışlarının prinsipinə uyğun gəlməyən hallara görə iştirakçıları xəbərdarlıqla məzəmmət edə bilər.

16.3. Xüsusi hallarda kobud və ağır dərəcəli pozuntu hallarına yol verən şəxsin cıdır yarışlarında iştirakına xitam verilməsi (yarışlardan kənarlaşdırması) barədə qərar təxirə salınmadan qüvvəyə minir.

16.4. Hakimlər Kollegiyasının pozuntu hallarına görə cəza tədbirləri və digər qeydləri müvafiq qaydada protokollaşdırılır.

16.5. Jokeyin və ya məşqçinin cıdır yarışlarında iştirakdan məhrum edilməsi barədə məlumat ARAF-ın rəsmi internet səhifəsində yerləşdirilir.

16.6. Jokeylərin narkoloji nəzarətdən keçirilməsi ARAF tərəfindən cəlb olunan həkim tərəfindən həyata keçirilir. Jokeylərin narkoloji ekspertizadan boyun qaçırması qadağan olunan vasitələrdən istifadəyə görə müsbət rəy kimi qitmətləndirilir.

16.7. Əgər iştirakçı bir və ya bir neçə iştirakçıya maneçilik edibsə, bu zaman həmin iştirakçı növbəti və maneçilik törətdiyi atdan yaxud atlardan sonraya, lakin bu təsirə məruz qalmayan atdan əvvəlki yerə keçirilir.

16.8. Bu Qaydaların pozulması hallarına görə cəza tədbirləri:




N

Pozuntu halları

Pozuntu dərəcəsi

Görülən cəza tədbirləri

Məsul şəxs

1.


Dopinqdən istifadə


Çox kobud


6-12 ay müddətində yarışlardan kənarlaşdırılma


At sahibi və ya məşqçi

2.

Bilərəkdən məğlub olma


Çox kobud


6-12 ay müddətində yarışlardan kənarlaşdırılma

Məşqçi və ya jokey

3.

Komanda şəklində taktika işlətmək

Çox kobud

6-12 ay müddətində yarışlardan kənarlaşdırılma

Məşqçi və jokey

4.

Cıdırdan səbəbsiz olaraq boyun qaçırmaq

Çox kobud

1-6 ay müddətində yarışlardan kənarlaşdırılma

At sahibi və ya məşqçi və ya jokey

5.

Alkoqol, narkotik və digər psixotrop vasitələrdən istifadə

Çox kobud

1-6 ay müddətində yarışlardan kənarlaşdırılma

Jokey

6.

Jokeyin narkotik ekspertizasından boyun qaçırması

Çox kobud

3 ay müddətində yarışlardan kənarlaşdırılma

Jokey

7.

Cıdırda sürmə qaydalarının pozulması

Çox kobud, kobud və ya yüngül

Xəbərdarlıq, 1 (növbəti) cıdır günündən – 6 ay müddətinə qədər yarışlardan kənarlaşdırılma

Məşqçi və ya jokey

8.

Cıdırdan əvvəl və sonra çəki normasının pozulması

Kobud

Xəbərdarlıq, 2 cıdır günü yarışlardan kənarlaşdırılma

Jokey

9.

Üzrsüz səbəbdən startın qəbul edilməməsi

Kobud

1-4 cıdır günü yarışlardan kənarlaşdırılma

At sahibi və ya məşqçi və ya Jokey

10.

Üzrsüz səbəbdən cıdır yolundan çıxmaq

Kobud

1-4 cıdır günü yarışlardan kənarlaşdırılma

Jokey

11.

Qadağan edilmiş vasitələrdən, o cümlədən atın yersiz “itələnməsi” üsulundan və qamçıdan istifadə edilməsi

Kobud və ya yüngül

Xəbərdarlıq və ya 1-4 cıdır günü yarışlardan kənarlaşdırılma

Jokey

12.

Təltif mərasiminə gecikmə, yaxud bu mərasimdə iştirakdan imtina olunması

Yüngül

Xəbərdarlıq və ya 1 cıdır günü yarışlardan kənarlaşdırılma

Məqşçi və ya Jokey

13.

Start qaydalarının pozulması

Yüngül

Xəbərdarlıq və ya 1 cıdır günü yarışlardan kənarlaşdırılma

Məşqçi və ya jokey

14.

Kamzolun rənginin proqramda göstərilənlə uyğunsuzluğu

Yüngül

Xəbərdarlıq və ya 1 cıdır günü yarışlardan kənarlaşdırılma

Məşqçi və ya jokey

15.

Təqdimat qaydalarının təqdimata gecikmə, atın nömrəsiz, yaxud başqa nömrə altında təqdim edilməsi

Yüngül

Xəbərdarlıq və ya 1 cıdır günü yarışlardan kənarlaşdırılma

Məşqçi və ya jokey
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə