Qaydalar (2013 2016 dövrü üçün) 2013-cü ilin yanvar ayından qüvvəyə minir. Preambula




Yüklə 0.6 Mb.
səhifə1/7
tarix20.04.2016
ölçüsü0.6 Mb.
  1   2   3   4   5   6   7
AKROBATİKA GİMNASTİKASI
ÜZRƏ QAYDALAR
(2013 – 2016 dövrü üçün)
2013-cü ilin yanvar ayından qüvvəyə minir.
PREAMBULA

Beynəlxalq Gimnastika Federasiyasının (Federation International de Gymnastique – FİG) Akrobatika Gimnastikası üzrə Texniki Komitəsi 1 yanvar 2013-cü il tarixindən etibarən tətbiq edilməsi nəzərdə tutulan Qaydaları təqdim edir. Qaydalar Beynəlxalq Gimnastika Federasiyasının hazırkı nizamnaməsi, Ümumi Texniki Reqlamenti və Akrobatika Gimnastikası üzrə Texniki Reqlament əsasında tərtib edilmişdir. Beynəlxalq Gimnastika Federasiyasının Hakimlik Qaydaları və Akrobatika üçün nəzərdə tutulmuş Spesifik Hakimlik Qaydaları da Akrobatika Gimnastikası üzrə hazırkı qaydaların hazırlanmasına təsir edən önəmli sənədlərdir. Yenidən nəzərdən keçirilmiş və genişləndirilmiş Çətinlik Dərəcəsi Cədvəlləri ayrıca çap edilsə də, hazırkı Qaydaların ayrılmaz tərkib hissəsidir.

Müəyyən müddət ərzində akrobatika gimnastikası üzrə ekspertlərlə təşkil edilən müxtəlif toplantılarda aparılan məsləhətləşmələrdən, xüsusilə də Berlində keçirilən texniki simpoziumdan sonra qaydalar dəyişdirilmişdir. Simpozium zamanı səsləndirilən əsaslı rəylərdən sonra, radikal dəyişikliklər aparmadan stabil qaydalar yaradılmasının vacibliyi vurğulanmışdır. Buna görə də, həmin dəyişikliklər gimnastların hazırlaşdırılmasına əhəmiyyətli dərəcədə təsir etmir. Əvvəlki dövrdə yenidən tərtib edilən qaydalara əsaslanan dəyişikliklər əslində qaydaları, onların daha asan başa düşülməsi məqsədilə daha da sadələşdirir.

Artistizm üzrə hakimlik qaydalarının bütün aspektləri yenidən diqqətlə nəzərdən keçirilmişdir. Müvafiq meyarların sayı əhəmiyyətli dərəcədə azaldılmış, hakimlik metodları xeyli sadələşdirilmişdir. Termin və ifadələr imkan daxilində digər idman növlərində işlədilən termin və ifadələrə uyğun hala gətirilmişdir.



Qaydaların tərtib edilməsində əməyi keçənlər
2013-2016-cı il yarışlar dövrü üzrə Qaydaların yenidən tərtib edilməsi zamanı Akrobatika Gimnastikasının (əvvəllər – İdman Akrobatikası) yaradıcılarının fəlsəfəsinə sadiq qalmağa xüsusi diqqət yetirilmişdir. Məşqçi və idmançıların yaradıcılığının, çəkdikləri çətinliklərin və gərgin zəhmətlərinin daha yaxşı qiymətləndirilməsi məqsədilə yeni sistemlər təklif edilmişdir. Dəyişikliklər bu idmana yeni başlayanlara qısa zaman ərzində yüksək nəticələr əldə etməyə, beynəlxalq yarışlarda təcrübəli veteranlarla yanaşı daha inamla və daha rahat iştirak etməyə imkan verir.

Qaydalar tərtib edilərkən üzv federasiyaların, qitə komitələrinin, ekspert məşqçilərin, hakimlərin və təcrübəli idmançıların yarış və hakimlik qaydaları üzrə təkliflərinə hörmətlə yanaşılmış, bu təkliflər dəyərləndirilmişdir.

Beynəlxalq Gimnastika Federasiyasının Akrobatika Gimnastikası üzrə Texniki Komitəsinin aşağıda göstərilən, 2009 – 2012 illərindəki üzvləri Qaydaların yenidən tərtibində yaxından iştirak etmişdir:
Xn. Tonya Keys (Tonya Case) ABŞ Gimnastika Federasiyasının Prezidenti

Xn. İrina Nikitina Rusiya Gimnastika Federasiyasının Prezidenti

Cn. Karl Uarton (Karl Wharton) İngiltərə Gimnastika Federasiyasının Katibi

Xn. Rozi Teymans (Rosy Taeymans) Belçika Gimnastika Federasiyasının üzvü

Cn. Raul Fonseca Korreya Portuqaliya Gimnastika Federasiyasının üzvü

Xn. Vieslava Milevska Polşa Gimnastika Federasiyasının üzvü

Xn. Sabrina Hegele Almaniyanın idmançı təmsilçisi

Dr. Mişel Leglis (Michel Legilise) Beynəlxalq Gimnastika Federasiyasının Avropa

Nümayəndəsi
Akrobatika Gimnastikası üzrə Texniki Komitə yardımlarına görə aşağıdakı şəxslərə təşəkkür edir:

Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti, professor Bruno Qrandinin göstərişləri və dəstəyi yüksək qiymətləndirilir. Onun verdiyi məsləhətlər və səyləri son dörd ildə bu idman növünün inkişafında əvəzsiz rol oynamışdır.

Federasiyanın Baş Katibi Andre Qaysbuxlerin (André Gueisbühler) və katiblik işçilərinin mütəxəssis məsləhətləri və dəstəyi də yüksək qiymətləndirilməkdədir. Cənab Rui Vinaqrenin (Rui Vinagre) yardımları xüsusi qeyd edilməlidir. Hazırkı qaydaların formalaşdırılmasında digər gimnastika növləri üzrə Texniki Komitələrin prezidentlərinin həssaslıq və qayğıkeşliyinin, rəhbərlik etdikləri komitələrin ekspertiza rəylərinin köməyi olmuşdur. Eyni zamanda, idman növlərinin qaydalarının bir-birinə yaxınlaşdırılması sahəsində Federasiyanın müxtəlif komissiyalarının əməyi də yüksək qiymətləndirilir.
/imza/

Beynəlxalq Gimnastika Federasiyası

Akrobatika Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti

2009-2012


AKROBATİKA GİMNASTİKASI

ÜZRƏ QAYDALAR


(2013 – 2016 dövrü üçün)
GİRİŞ


  1. Qaydalar Akrobatika Gimnastikası üzrə Texniki Komitə, gimnastlar, məşqçilər və hakimlər arasında, akrobatika gimnastikası üzrə yarışlarda iştirak zamanı müqavilə rolunu oynayır. Hazırkı sənədin bəzi maddələrinin interpretasiyasına aydınlıq gətirilməsi lazım ola bilər və bu, üzv federasiyalara rəsmi surətdə dərc edilmiş məlumat xarakterli bülletenlər vasitəsilə çatdırılır.

  2. Qaydalar ilə Texniki Reqlament arasında ziddiyyət olarsa, Texniki Reqlamentə üstünlük verilir.

  3. Mətnin bütün dillərdə olan variantlarına nisbətən ingilis dilindəki versiyasına üstünlük verilir.

  4. Beynəlxalq Gimnastika Federasiyası, Texniki Reqlamentə uyğun olaraq (TR 7.3), hazırkı sənədin bütün nəşrləri üzərində müəlliflik hüququna malikdir. Müəlliflik hüququ ilə əlaqədar qanunlara uyğun olaraq, Qaydaların ingilis dilindən başqa dillərə tərcümə edilərək nəşr olunması üçün Beynəlxalq Gimnastika Federasiyasından icazə alınmalıdır. İcazəsi verilən tərcümələrin bir surəti elektron formatda Beynəlxalq Gimnastika Federasiyasına təqdim edilməlidir.

  5. Çətinlik Dərəcələri Cədvəlləri ancaq Beynəlxalq Gimnastika Federasiyası tərəfindən reproduksiya edilə bilər. Yazılı icazə olmadan və müəllif qonorarı ödənmədən müxtəlif nəşrlər zamanı əslin surətinin çıxarılması və məzmunundan istifadə edilməsi məhkəmə təqibi ilə nəticələnə bilər.

  6. Hazırkı Qaydalarda Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin və Federasiyanın tərkibindəki komissiyaların direktivləri nəzərə alınmışdır. 1-ci bölmədə göstərilən məqsəd və hədəflər hazırkı qaydaları hazırlarkən Beynəlxalq Gimnastika Federasiyasının Akrobatika Gimnastikası üzrə Texniki Komitəsinin diqqət göstərdiyi cəhətləri və ümumilikdə qaydaların əsasını özündə əks etdirir.

  7. Üzv ölkələrin federasiyaları, xüsusi inkişaf tələblərinə cavab vermək məqsədilə qaydaları ölkə daxilində keçirilən yerli yarışlara uyğunlaşdıra bilər.

  8. Akrobatika Gimnastikası üzrə Texniki Komitəsinin yazılı icazə verdiyi hallar istisna olmaqla, Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqlənən bütün Qitə İttifaqları daxili və digər beynəlxalq yarışlar zamanı Texniki Reqlamentdə və hazırki Qaydalarda müəyyən edilən normalara əməl edilməlidir.

  9. Qaydalar irqi, cinsi, dini və ya mədəni mənsubiyyət ayrıseçkiliyi olmadan tətbiq edilir. Yaşla əlaqədar bəzi yarışlarda məhdudiyyətlər gətirilmişdir.

  10. Fiziki nöqsanlı idmançıların iştirakı ilə keçirilən yarışlar yaxşı qarşılanmalı və dəstəklənməlidir.



BÖLMƏ I
MƏQSƏD VƏ HƏDƏFLƏR
Maddə 1: Məqsəd və Hədəflər


    1. Qaydaların əsas məqsədi Akrobatika Gimnastikasının hərtərəfli inkişafının təmin edilməsi, şövqləndirilməsi və həvəsləndirilməsidir.

    2. Qaydalar və Çətinlik Dərəcələri Cədvəllərinin birlikdə funksiya göstərməsinin məqsədi Akrobatika Gimnastikası üzrə yarışların bütün mərhələlərinin strukturlaşması, təşkili və qiymətləndirilməsində obyektiv vasitələrin təmin edilməsidir.

    3. Yarışlara hazırlıq prosesində və hərəkətlərin tərtib edilməsi zamanı Qaydalar və əlaqədar sənədlər akrobat-gimnastlar və məşqçilər üçün istiqamətverici, rəhbər sənəd kimi faydalı olacaqdır.

    4. Qaydalar idmana yeni gələnlərin öz qabiliyyət və bacarıqlarını inkişaf etdirməsinə imkan verən, onların ölkə və beynəlxalq səviyyəli yarışlara hazırlaşmasına kömək edən çərçivə sənəd rolunu oynayır. Bundan əlavə, Qaydalar yüksək səviyyəli idmançı, məşqçi və hakimlərin bilik və bacarıqlarının daim inkişaf etdirməsinə kömək məqsədi güdür.

    5. Digər, müxtəlif gimnastika növləri ilə məşğul olanların daha yaxşı başa düşə bilməsi məqsədilə hazırkı Qaydaların, lazım olduğu qədər digər gimnastika növlərinin qaydalarının strukturu və terminologiyası ilə uyğunlaşdırılmışdır.

    6. Qaydalar, dünya səviyyəli idmançıların çıxışlarından daha böyük zövq almasına imkan verən sadə, asan başa düşülən normalar təqdim edir.


BÖLMƏ II
TURNİR VƏ YARIŞLAR
Maddə 2: TURNİR VƏ YARIŞLARIN XARAKTERİ
TURNİRLƏR


    1. Akrobatika Gimnastikası üzrə yarışlara 5 kateqoriyada keçirilən turnirlər daxildir:




  • Qadınlardan ibarət cütlüklər

  • Kişilərdən ibarət cütlüklər

  • Qarışıq cütlüklər

  • Qadınlardan ibarət qruplar

  • Kişilərdən ibarət qruplar

    1. Yarışlar iki növdən ibarətdir:




  • 1-ci növ yarışlar Çoxnövçülük

  • 2-ci növ yarışlar Komanda yarışları




    1. Müxtəlif kateqoriyalı turnirlərin daxil olduğu yarış növlərinin təfərrüatları və bu yarışların təşkili, idarə edilməsi qaydaları Beynəlxalq Gimnastika Federasiyasının Texniki Reqlamentinin ümumi maddələrində qeyd olunmuşdur.

    2. Texniki Reqlamentdə yarışlarda iştirak qaydaları da verilmişdir. Bu qaydaların bəziləri hazırkı Qaydalarda işlənib hazırlanmışdır. Akrobatika Gimnastikasına xas qaydalar, Akrobatika Gimnastikası üzrə Xüsusi Texniki Reqlamentdə göstərilmişdir. Bu qaydalar aşağıdakı məsələlərə aid təfərrüatları ehtiva edir:




  • Yarışın növü

  • Yarışların strukturu və təşkili qaydaları

  • Alətlərə aid normalar

  • İsinmə hərəkətləri və yarış arenasına aid qaydalar

  • Yarış iştirakçılarının yaşı

  • Yarışa qatılma qaydaları, püşk atılması

  • Hakimlərin seçilməsi prinsipləri və onların rolları

  • İctimaiyyətə açıqlıq

  • Dopinq nəzarəti

  • Final iştirakçılarının müəyyən edilməsi

  • Komandaların turnir cədvəlində yerlərinin müəyyən edilməsi

  • Bərabər xallarla əlaqədar qərarların verilməsi

  • Yarışda tutulan yerlərin müəyyən edilməsi və mükafatlar


BÖLMƏ III
YARIŞLARIN TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ
Maddə 3: YARIŞLARIN ADMİNİSTRASİYASI


    1. Beynəlxalq Gimnastika Federasiyasının (BGF) bütün yarışlarında aşağıdakılar iştirak etməlidir:

  • BGF İcraiyyə Komitəsinin nümayəndələri

  • Akrobatika Gimnastikası üzrə BGF Texniki Komitəsi

  • Apelyasiya kollegiyası

  • Baş hakimlər

  • Hakimlər briqadasının sədrləri

  • Çətinlik üzrə hakimlər

  • Hərəkətlərin icrası üzrə hakimlər

  • Artistizm üzrə hakimlər

  • Təşkilat komitəsi

  • Katiblik

  • Tibbi heyət və antropometrist

  • Texniki direktor

  • Xalça üzrə Menecer

  • Nəzarətçilər

  • Texniki heyət

  • Mətbuat


Maddə 4: BAŞ HAKİMLƏR HEYƏTİ


    1. Baş Hakimlər Heyəti hazırlıq mərhələsindən başlayaraq yarışlar başa çatana qədər yarışlara hərtərəfli nəzarət edir. Onun fəaliyyətinə daxildir: yarışlara ev sahibliyi edən federasiya və maddə 3.1 sadalanan bütün şəxslərlə əlaqə; məşq və yarış avadanlıq və təsislərinin hazırlanması; yarış müddətində idmançılar, məşqçi və rəsmilərin hərəkətinə nəzarət; hakimlər üçün təşkil edilən seminarların idarə edilməsi; yarışlar başa çatdıqdan sonra yarışın dəyərləndirilməsi.

    2. BGF yarışlarında Baş Hakimlər Heyəti adətən Akrobatika Gimnastikası üzrə Texniki Komitənin prezidenti və digər altı üzvündən ibarətdir.

    3. Baş Hakimlər Heyətinin üzvləri bütün yarış müddəti boyunca ölkə komandaları ilə əlaqədar heç bir məsuliyyət daşımır.

    4. İntizam sanksiyaları ilə əlaqədar məsələlər istisna olmaqla, yarış zamanı Baş Hakimlər Heyətinin verdiyi bütün qərarlar qəti və yekun qərarlardır. Bu qərarlar yarışlardan dərhal sonra tam olaraq dəyərləndirilir və hakimlərin ciddi səhvləri düzəldilir.


Baş Hakimlər Heyətinin Öhdəlikləri


    1. Komandaların gəlişindən əvvəl məşq zallarının təhlükəsizliyini və yarış meydançasının tələblərə cavab verib-vermədiyini yoxlayır, işıqların və tavanda yerləşən digər avadanlıqların yarış iştirakçılarının sağlamlığını təhlükəyə atmadığından əmin olur.

    2. Komandaların gəlişindən əvvəl məşq cədvəlinin dəqiqliyini yoxlayır, təhlükəsizlik və müvafiq idarəetmənin təmin olunması məqsədilə komandalar gəldikdən sonra da tez-tez məşq planınıa nəzarət edir.

    3. Yarışlardan əvvəl və lazım gələrsə, yarışlar zamanı proqram cədvəlinin dəqiqliyini yoxlayır; xalların hesablanması sistemləri, tablolar, musiqi tərtibatı, televiziya kameralarının yerləşdirilməsi, videoçəkilişlərin aparılması üçün avadanlıqların quraşdırılması və maneəsiz keçidlərin təmin olunması ilə bağlı texniki işçilərlə əlaqə saxlayır; tibbi heyət və antropometrist üçün otaqlar ayrılmasını, bu otaqların lazımi qaydada avadanlıqlarla təchizini təmin edir.

    4. BGF yarışlarına nəzarət edir, onları idarə edir, yarışların gedişinə mənfi təsir edə biləcək nizam-intizamın pozulması halları və ya digər qeyri-adi hallarla əlaqədar tədbirlər görür.

    5. Məşqçilərin, hakimlərin, yarış iştirakçılarının və təşkilatçılarının hərəkətinə nəzarət edir, onların BGF Texniki Reqlamenti, Qaydalar, Ümumi Hakimlik Qaydaları və Akrobatika Gimnastikası üzrə Xüsusi Hakimlik Qaydaları, BGF Etika Qaydaları və İntizam Məcəlləsinə (müvafiq olaraq Texniki Reqlamentin C və D əlavələrinə) əməl etməsini təmin edir.

    6. Qaydalara uyğun hərəkət etməyən hakimlər, yarış iştirakçıları və təşkilatçılardan öz hərəkətlərini izah etmələrini və əsaslandırmalarını tələb edir. Bu, həmin şəxslərin xəbərdarlıqla və ya yarışın müəyyən hissəsindən ya da tamamilə yarışdan kənarlaşdırılması ilə nəticələnə bilər.

    7. Əlavədə 1-də verilən təfərrüatlara uyğun aparılmasını təmin etmək məqsədilə ölçülərin müəyyən edilməsi prosesinə nəzarət edir.

    8. Mübahisəli qərarlar verilməsinə səbəb olan və ya ola biləcək iştirakçıların ölçülərinin yenidən götürülməsində iştirak etmək üçün və ya antropometristin tələbinə əsasən bir nümayəndə təyin edir.

    9. Yarış iştirakçısının sağlamlığı üçün ciddi təhlükə yaranarsa, idmançının çıxışını dayandırır.


Maddə 5: Apelyasiya kollegiyası


    1. Apelyasiya kollegiyası BGF Nizamnaməsinə, Texniki Reqlamentinə, Kütləvi İnformasiya Vasitələri, Reklam və BGF digər qayda və göstərişlərinə əməl olunmasını təmin edir.

    2. Kollegiya BGF İcraiyyə Komitəsinin iki üzvündən və Baş Hakimlər Heyətində iştirak etməyən və ya yarışın hakimi olmayan şəxslər arasından seçilən üçüncü şəxsdən ibarət olur.

    3. Apelyasiya şikayətlərinə (etirazlara) baxılarkən Akrobatika Gimnastikası üzrə Texniki Komitənin prezidenti və ya digər uyğun şəxslər məsləhətçi kimi dəvət edilə bilər.


Maddə 6: Yarış iştirakçılarının hüquq və öhdəlikləri
Yarış iştirakçılarının hüquqları


    1. Hər hansı bir yarışın yalnız bir kategoriyasında iştirak etmək.

    2. Təhlükəsiz, yarış zamanı isitfadə olunacaq şərtlərə uyğun məşq zalları ilə təchiz edilmək.

    3. Məşq cədvəli barədə öz məşqçisi və nümayəndə heyətinin başçısı tərəfindən məlumatlandırılmaq. Ən azı bir məşq yarışın keçiriləcəyi zalın yarış xalçasının üzərində və mümkün olarsa, televiziya işıqlandırma sistemi altında keçirilməlidir. (TV lighting)

    4. Hər çıxışdan əvvəl yarışların keçirildiyi zala uyğun şəraiti olan zalda xalça üzərində (televiziya işıqlandırılması istisna olmaqla), eyni anda bir meydançada 6 cütlük və ya qrupdan çox olmamaq şərti ilə, isinmə hərəkətlərini icra etmək.

    5. Nəzarət edilə bilməyən, obyektiv səbəblərdən tamamlanması mümkün olmayan çıxışları sonradan yenidən icra etmək (məsələn, çıxış zamanı işıqların keçməsi).


Yarış iştirakçılarının öhdəlikləri


    1. Qüvvədə olan Nizamnamə, Texniki Reqlament və Anti-dopinq qaydalarını, Hazırkı Qaydaları və idmançı andını bilmək, onlara əməl etmək.

    2. Texniki Normalarda konkret yarışla əlaqədar müəyyən edilən yaş tələblərinə cavab vermək.

    3. Rəsmilərə, öz məşqçilərinə və digər məşqçilərə, tamaşaçılara qarşı nəzakətli olmaq, ləyaqətli davranmaq, düzgün olmaq, həmişə əsl idmançı kimi hərəkət etmək.

    4. Məşq və yarış cədvəlini bilmək, onlara əməl etmək.

    5. Proqramda göstərilən vaxtdan ən az bir saat əvvəl, düzgün idman forması geyinmiş olaraq yarışa və çıxışı nəzərdə tutulmuş vaxtda icra etməyə hazır olmaq. Yarışı tərk etmə halları olduqda, Baş Hakimlər Heyətinin icazəsi ilə, Texniki Direktor çıxışın vaxtını -– qabağa çəkə bilər.

    6. Yarışa nəzarət edən rəsmilərin bütün göstərişlərinə əməl etmək.

    7. Çıxışını asanlaşdırmaq məqsədilə meydançada nişanlar qoymamaq.

    8. Medal təltif edilməsi mərasiminə vaxtında və müvafiq geyim formasında gəlmək.

    9. Ölçülərin müəyyən edilməsi üçün təyin olunan yerə vaxtında gəlmək.


Sanksiyalar


    1. Qayda və normalara əməl etməyən yarış iştirakçılarına Prezident və ya Baş Hakimlər Heyəti tərəfindən xəbərdarlıq edilir və ya həmin idmançılarla əlaqədar sanksiyalar tətbiq edilir.

    2. Medalların təltif edilməsi mərasimində iştirak etməyən və ya fəxri kürsüdə təqdimat qaydalarına qəsdən əməl etməyən yarış iştirakçılarına, Texniki Reqlamentin 8.5 bəndinə (TR 8.5) müvafiq olaraq aşağıdakı sanksiyalar tətbiq edilir:




  • Medal və pul mükafatı ləğv edilir

  • Yarışda idmançının tutduğu yer yenidən nəzərdən keçirilir və idmançı ən aşağı pilləyə salınır

  • Medal və pul mükafatı yenidən nəzərdən keçirilən və dəyişdirilən yarış pillələrinə görə verilir.

  • Buna baxmayaraq, yarış zamanı əldə edilən xal dünya idmançılarının çıxışlarının təsnifatı zamanı nəzərə alına bilər.




    1. Xəstəlik kimi xüsusi hallar baş verərsə, Baş Hakimlər Heyətinin Prezidenti mükafatlandırma mərasimində iştirak etməyən idmançıya cərimə verməyə bilər.

    2. Qayda və normaların eyni şəkildə iki dəfə pozulması istənilən halda sanksiyaların tətbiqi ilə nəticələnir.

    3. Tələb olunan vaxtda ölçülərin götürülməsi üçün gəlməyən və ya göstərişlərə əməl etməyərək ölçünü təhrif etməyə çalışan (aldatmağa çalışan) və ya öz xeyrinə olan ölçülərin göstərilməsinə cəhd edən idmançılar yarışdan uzaqlaşdırılır.


Maddə 7: Məşqçilərin hüquq və öhdəlikləri
Məşqçilərin hüquqları


    1. Yarış iştirakçılarının çıxışlarının püşkatmalara əsasən müəyyən edilən ardıcıllığı barədə məlumatlandırılmaq.

    2. Yarışın başlamasından iki gün əvvəl, hər gün 1 və ya iki məşq sessiyası üçün ən azı 2 saat vaxt verən məşq cədvəlini almaq.

    3. Təhlükəsiz, yarış zamanı tətbiq edilən şərtlərə uyğun məşq zalları ilə təchiz edilmək.

    4. Məşq və yarış cədvəli ilə əlaqədar sənədlər almaq və yarış zamanı hər gün idmançıların topladığı xallar haqqında məlumat əldə etmək.

    5. Dünya miqyaslı turnirlərdə, yarışlar başlamazdan əvvəl və qabaqcadan müəyyən edilmiş məkan və vaxtda, Tarif Vərəqələrində xüsusi tələblərə və ya çıxışların çətinliyinin qiymətləndirilməsinə təsir edən problemlərin mövcüdluğu barədə məlumatlandırılmaq.


Məşqçilərin öhdəlikləri


    1. Həmişə düzgün, vicdanla və əsl idmançı kimi, Akrobatika Gimnastikasının mənafeyinə uyğun hərəkət etmək.

    2. Bütün yarış iştirakçıları, hakimlər, məşqçilər və rəsmilərlə hörmətlə, nəzakətlə rəftar etmək və insan hüquqları, uşaqların müdafiəsinə aid qanunlar və BGF Etika Qaydalarına uyğun hərəkət etmək.

    3. Öz təhlükəzisliyini və digər yarış iştirakçılarının təhlükəsizliyini təmin etmək.

    4. Qüvvədə olan Texniki, Anti-dopinq və Reklam Qaydalarını, İntizam Məcəlləsi, Etika Qaydaları və hazırkı Qaydaları bilmək, onlara ciddi surətdə əməl etmək.

    5. İsinmə hərəkətləri icra edilərkən və ya yarış zamanı digər komandalardakı hakimlərlə nə şifahi, nə mobil telefon vasitəsilə nə də digər üsullarla əlaqə qurmamaq. Bu qaydaya əməl edilməməsi hakimlərin əlaqədar yarış sessiyasının hakimliyindən kənarlaşdırılması və həm məşqçiyə həm də hakimə rəsmi xəbərdarlıq edilməsi ilə nəticələnə bilər.

    6. Adətən yarışa qeydiyyatdan keçərkən, yarışın işçi planında dərc edilmiş son tarixdən gec olmayaraq təyin olunmuş hakimlər briqadası sədrləri və ya nümayəndələrinə, təsnifat mərhələlərində öz yetirmələri olan bütün yarış iştirakçılarının icra edəcək hərəkətlərinin qrafik təsvirli Tarif Vərəqələrinin bir komplektini təqdim etməlidir. Bu vərəqələrin qəbul edildiyi tarix qeydə alınır. Tarif Vərəqələrinin təqdim etməzdən əvvəl düzgünlüyünün yoxlanması üçün məşqçilər məsuliyyət daşıyır.

    7. Təsnifat mərhələlərinin başa çatmasından sonra bir saat ərzində, qabaqcadan müəyyən edilmiş yerdə Baş Hakimlər Heyətindən Tarif Vərəqələrində dəyişikliklər aparılmasını tələb edir (Yaş Qruplarına Yarışları ilə əlaqədar xüsusi qaydalara baxa bilərsiniz).

    8. Yarışın başlanmasına ən azı 90 dəqiqə qalmış Tədbir kateqoriyasına aid çətinlik üzrə hakimlərə, çıxışların məzmununa ediləcək hər hansı bir əhəmiyyətli, kiçik dəyişikliklər barədə, şəkillər vasitəsilə, müvafiq qiymətləri göstərərək məlumat vermək.

    9. Yarış meydançasında ölkə mənsubiyyətini göstərən idman forması geymək, uzun saçları bağlamaq və ya yığmaq.


Sanksiyalar


    1. Aldatma vasitəsilə, hakimlərin qərarına təsir etməyə çalışaraq qaydalara əməl etməyən, nalayiq hərəkətlər və ya təhqiramiz sözlərlə yarış iştirakçılarını, digər məşqçiləri, hakimləri və ya rəsmiləri təhqir edən və ya diqqəti yarış iştirakçılarının çıxışlarından başqa istiqamətə yönəldən məşqçilər Baş Hakimlər Heyəti tərəfindən dərhal yarış zalından çıxarılır. Həmin məşqçiyə və onun ölkəsinə rəsmi xəbərdarlıq edilir. Məşqçinin daha sonra yarışlara qayıdıb-qayıtmaması barədə qərarı Baş Hakimlər Heyəti verir.

    2. Qayda və normaların iki dəfə pozulması sanksiyaların tətbiqi ilə nəticələnəcək.

    3. Xəbərdarlıqlar Beynəlxalq Gimnastika Federasiyasının rəsmi yarışlarının dövrü ərzində verilir. Məsələn, əgər hər hansı bir məşqçi Dünya Çempionatında qaydaların pozulması ilə əlaqədar ciddi xəbərdarlıq alarsa və eyni dövr ərzində BGF digər yarışında yenə xəbərdarlıq alarsa, ikinci xəbərdarlıq İntizam Komissiyasına sanksiyanın tətbiqi üçün edilmiş avtomatik müraciət sayılır (İntizam Məcəlləsi, Maddə 3).

    4. Yarış zamanı milli idman formasında olmayan məşqçilər yarış meydançasından uzaqlaşdırılır. Həmin məşqçilərin yarışa qaytarılması Baş Hakimlər Heyətinin qərarından asılıdır.

    5. Beynəlxalq Giçmnastika Federasiyası İntizam Məcəlləsi və Etika Qaydalarına müvafiq olaraq məşqçı və Federasiyalar barəsində sanksiya tətbiq edilir.

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə