Press-reliZ 30 iyun 2010-cu IL Bakı, Azərbaycan




Yüklə 68.59 Kb.
tarix27.04.2016
ölçüsü68.59 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
30 iyun 2010-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU HİLLARİ KLİNTONA MÜRACİƏT EDİB

  • PROKUROR EYNULLA FƏTULLAYEVƏ 3 İL İŞ İSTƏYİB

  • BAKIDA YENİ MEDİA ERASININ DƏYƏRLƏRİ MÜZAKİRƏ OLUNUR

  • FREEDOM HOUSE” İLLİK REYTİNQ HESABATI AÇIQLAYIB

  • AZƏR AYXANA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA TƏMİN EDİLMƏDİ

  • VİCDAN MƏHBUSLARINA DƏSTƏK MARAFONU


ELAN!

01 İYUN SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində jurnalist Dilşad Məmmədova “Nur” klinikasının qeyri-qanuni hərəkətləri və maliyyə saxtakarlığı ilə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər və aidiyyəti qurumların nümayəndələri dəvətlidirlər.



REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU HİLLARİ KLİNTONA MÜRACİƏT EDİB
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Hillari Klintona müraciət edib. Müraciətdə deyilir:
“Xanım Klinton,
Biz Azərbaycanın jurnalist hüquq-müdafiə təşkilatı olaraq, iyulun əvvəlində Azərbaycana rəsmi səfəriniz ərəfəsində Sizə müraciət etmək qərarına gəlmişik. 17 may 2010-cu ildə ABŞ Prezidenti Barak Obama bütün dünyada söz azadlığını dəstəkləməyə çağıran Daniel Perl Aktını imzalayıb. Prezident Obama 17 may 2010-cu ildə çıxışında qeyd edib: “Bütün dünyada öz ölkələrinin əhalisinin üzləşdiyi kritik məsələlərə işıq salmağa çalışaraq özlərini böyük risk altında qoyan çoxlu sayda cəsur jurnalist və bloqqer var və onlar zülm və əsarətə qarşı ön cəbhədədirlər.”
Azərbaycan jurnalistlərin, bloggerlərin və KİV-in çox sayda təhlükə ilə üzləşdiyi və gündəlik işlərində zülm və istibdada məruz qaldığı bir ölkədir. Bu ölkədə ABŞ-ın söz azadlığına dəstək verməsinə ehtiyac var.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdi. Onun qətli hələ də açılmamış qalır. Azərbaycan hakimiyyəti qətlin sifarişçilərini və icraçılarını tapıb cəzalandırmaq əvəzinə bu cinayətin üstünün açılmasını süni şəkildə uzadır. Hakimiyyət jurnalistlərə bu işin araşdırılması üzrə materiallarla qismən də olsa tanış olmaq üçün imkan yaratmır və bununla da alternativ jurnalist araşdırması imkanlarını çətinləşdirir.
Demokratik ölkələrdə faciəvi şəkildə həlak olan jurnalistlərin xatirəsinə xeyriyyə fondları, fəxri mükafatlar təsis edildiyi, heykəllər qoyulduğu, küçələrə və parklara adlarının verildiyi halda Azərbaycanda vətəndaş cəmiyyətinin dəfələrlə müraciət etməsinə baxmayaraq hakimiyyət Elmar Hüseynova abidənin ucaldılması üçün bir neçə kvadrat metr ayırmaqdan imtina edir.
Elmar Hüseynovun həmkarı və dostu Eynulla Fətullayev 2007-ci ildə böhtan, terrora çağırış və vergilərdən yayınma cinayətlərində ittiham olunaraq həbs edildi. Həbs edilən vaxt o, bu iş üzrə jurnalist araşdırması aparırdı. Bu il Eynulla Fətullayev açıq şəkildə dəfələrlə bəyan edib ki, onun araşdırmasının nəticələrinə görə Elmar Hüseynovun qətlində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli məmuru Akif Çovdarovun əli var. Nəzərə alsaq ki, Elmar Hüseynovun qətli üzrə araşdırmanı məhz bu nazirlik aparır, Fətullayevin bəyanatlarının dəqiqliklə öyrəniləcəyini gözləməyə dəyməz. Bunun əvəzində MTN Fətullayevin açıqlamalarını çap edən KİV-lərin rəhbərlərini dindirməyə çağıraraq onun dediklərinin mətbuatda yayılmasının qarşısını almağa cəhd edib. Dindirilənlər arasında Azadıq Radiosunun Azərbaycan bölməsinin rəhbəri Xədicə İsmayılova da olub.
Fətullayevin dərhal azad edilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının olmasına baxmayaraq, o hələ də həbsdədir. Ədalətsiz olaraq həbs edilmiş jurnalistin Avropa Məhkəməsi tərəfindən bəraət alacağını bilən hakimiyyət saxlanıldığı həbsxanada jurnalistə qarşı təxribat təşkil edib. Belə ki, 2009-cu ilin dekabrında Fətullayevin üzərinə iki qram heroin ataraq onun yeni maddə ilə məhkum edilməsinə nail olub, bu saxta ittiham üzrə o daha 3 il həbs cəzası ala bilər. Yaxın günlərdə bu iş üzrə məhkəmə qərarının veriləcəyi gözlənilir.
Hazırda Azərbaycanda Fətullayevlə yanaşı iki gənc blogger - Emin Abdullayev (Milli) və Adnan Hacızadə də saxta ittihamlarla həbsdədir. Bu iki tanınmış gənc bloqqer kafedə olarkən fiziki hücuma məruz qalmışlar. Bloggerlər həbs edilmiş amma ona qarşı təxribat törədənlər, yəni təxribatı törətmək üçün xüsusi hazırlanmış şəxslər, azadlıqdadır. Bloggerlərin həbsinin əsl səbəbi onlar tərəfindən çəkilən və Youtube-da yerləşdirilən video rolik olub ki, bu rolikdə Azərbaycan hakimiyyəti satirik tərzdə tənqid edilir.
Hər üçü - Eynulla Fətullayev, Emin Abdullayev (Milli) və Adnan Hacızadə Amnesty İnternational və bir sıra digər beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınıblar. Hər üçünün azad olunması ilə bağlı çoxsaylı çağırışlara baxmayaraq, hakimiyyət onları həbsxanalarda saxlamaqda davam edir.
Hakimiyyətin söz azadlığına dözülməz münasibəti təkcə jurnalistlərin təqibi ilə bitmir. 2009-cu ilin yanvarında hakimiyyət Amerikanın Səsi, Azadlıq və BBC radiolarının Azərbaycan xidmətlərinin yerli FM dalğalarda yayımlanmasına qadağa qoymuşdur.

Teleradio sektorunun lisenziyalaşdırılması prosesi tamamilə hakimiyyət tərəfindən idarə olunur, bu da yeni tam müstəqil teleradio kompaniyalarının açılması imkanını istisna edir. Bu proses həm də ona görə mürəkkəbləşir ki, hakimiyyət xarici investorlarla birgə teleradio kompaniyalar təsis etməyi qadağan edib.


Ümumrespublika telekanallarının peşəkar monitorinqi göstərir ki, telekanallarda hakimiyyətin tənqidinə yol verilmir, ictimai-siyasi hadisələrin obyektiv işıqlandırılması əvəzinə telekanallar hadisələri birtərəfli qaydada işıqlandırırlar, hakim qüvvələrin fəaliyyəti yalnız pozitiv tərzdə işıqlandırılır. Teleefirin böyük hissəsi indiki Prezident İlham Əliyevin və onun atası, keçmiş Prezident Heydər Əliyevin pozitiv işıqlandırılmasına həsr olunub. Müxalifət və müstəqil siyasilər yerli telekanallara çıxışdan məhrumdurlar.
Hazırda sərbəst məlumat yaymaq üçün yeganə yer İnternetdir, lakin bu sahədə də kifayət qədər problem mövcuddur. Faktiki olaraq İnternet trafiki üzərində dövlət inhisarı olduğundan regionda ən yüksək İnternet qiyməti Azərbaycandadır ki, bu da onun əldə edilməsini çətinləşdirir. Bundan əlavə, internet istifadəçilərinin təxminən 80%-i aşağı sürətli rabitə kanallarından istifadə edir. İstifadəçilərin kütləvi geniş zolaqlı internetə çıxışının uzadılması hakimiyyətin İnternetdə videoların yayılması üzrə mövcud potensialının olmasından narahat olmasıdır. Bunun dolayı sübutu kimi yüksək çinli məmurların internet televiziyanın lisenziyalaşdırılmasının zəruriliyi, habelə Feys Buk (Facebook) kimi sosial şəbəkələrə nəzarətinin gücləndirilməsi məqsədilə İnternetin tənzimlənməsi üzrə qanunvericiliyin sərtləşdirilməsi barədə bəyanatları çıxış edir. Bloggerlərin həbsi də qismən İnternetdə başqa cür fikirləşən şəxsləri qorxutmağa yönəlmişdi.
Çap KİV-lərinin vəziyyəti də çox narahatedicidir. Belə ki, müxalifət və müstəqil KİV-lər biznes strukturlar tərəfindən reklam almaq imkanından məhrumdurlar. Çünki iri biznes strukturlarının əksəriyyəti dolayısı ilə hakimiyyətin yüksək rütbəli nümayəndələrinə məxsusdur, bu da reklam üçün müstəqil və müxalifət mətbuatı üçün vəsaitin ayrılmasını imkansız edir. Kiçik biznes nümayəndələri isə müstəqil və müxalifət qəzetlərinə reklam verməkdən ona görə çəkinirlər ki, nəticədə buna görə vergi orqanları tərəfindən təqiblərə məruz qala bilərlər.
Qəzetlərin yayımı üzrə effektiv distributor şəbəkəsi olmadığından və bu sahə hakimiyyətə yaxın olan struktur tərəfindən nəzarətdə saxlanıldığından Azərbaycanın rayonlarında qəzetlərin yayımı demək olar ki, mövcud deyil. Hətta Bakıda da problemlər var. Məsələn, Azərbaycanın paytaxtı Bakı şəhərində 3 milyondan artıq əhali yaşayır, lakin 2 məşhur və ən çox satılan müxalifət qəzetlərinin ümumi gündəlik tirajı 1500 nüsxəni keçmir. Baxmayaraq ki, hakimiyyət Azərbaycanda bir neçə min çap KİV-nin qeydiyyatdan keçdiyini bəyan edir, reallıqda təxminən 20 gündəlik və 10 həftəlik qəzet çap olunur.
Fiziki, mənəvi və maddi təzyiqdən ehtiyatlanan bir sıra çap KİV-ləri bu və ya digər yüksək rütbəli hakimiyyət nümayəndələrini tənqid etməyə, habelə dövlət aparatı ilə bağlı təhqiqat yazılarına və çirkin korrupsiyaya uğramış biznes sektorları ilə bağlı mövzuları işıqlandırmağa daxili senzura qoyublar.
Azərbaycanda məlumat azadlığını təmin edən qanunların islahatına və səmərəli şəkildə həyata keçirilməsinə ehtiyac var. İnformasiya azadlığını təmin edən qanunlar mövcud olsa da, əksər hallarda jurnalistlərin dövlət strukturlarına göndərdikləri informasiya sorğuları cavabsız olaraq qalır. Jurnalist ona dövlət qurumu tərəfindən informasiyanın verilməməsi nəticəsində müəyyən dəqiqliklərin çatışmadığı material çap etdikdə, həmin jurnalistə qarşı məhkəmə iddiası qaldırılır. Beynəlxalq ictimaiyyətin Azərbaycan hakimiyyətinə çağırışlarına baxmayaraq, hakimiyyət diffamasiyanı dekriminallaşdırmaqdan imtina edir.
Yuxarıda qeyd edilənlərin hamısı göstərir ki, Azərbaycanda söz azadlığı yoxdur və bu sahədə vəziyyət ildən-ilə pisləşir. Narahatedici məqam ondan ibarətdir ki, daha çox pisləşən tendensiya bu və ya digər seçkilər ərəfəsində müşahidə olunur. Belə ki, 2010-cu ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçirilməlidir, lakin hamıya məlumdur ki, söz azadlığının olmadığı ölkədə azad və ədalətli seçkilər keçirmək mümkün deyil. Televiziyaya buraxılmayan və fərqli düşüncələrinə görə təqibə məruz qalmaq qorxusu altında yaşayan namizədlər öz fikirlərini necə ifadə edə bilər və ya hakimiyyət başında olanları necə tənqid edə bilərlər?
Xanım Klinton, biz dəfələrlə Azərbaycan hakimiyyətinə öz narahatlığımızı çatdırmağa, habelə bu sahədə vəziyyətin yaxşılaşdırılmasına yönələn təkliflərimizi verməyə cəhd etmişik, amma bütün müraciətlərimizə hakimiyyət biganə yanaşıb.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycanın yüksək ali hakimiyyət nümayəndələri ilə görüşdə bizim tərəfimizdən qeyd edilən bütün məsələlərə toxunmağınızı və yaranmış vəziyyətdən çıxış yollarını müzakirə etməyinizi xahiş edirik.
Xüsusilə də, Azərbaycan rəhbərliyi ilə görüşdə onu aşağıdakılara riayət etməyə çağırasınız:


  • Dərhal 3 vicdan məhbusunu – Eynulla Fətullayevi, Adnan Hacızadəni və Emin Abdullayevi (Milli) azad etmək;

  • Elmar Hüseynovun qətlinin sifarişçilərini və icraçılarını taparaq cəzalandırmaq;

  • Yayım üzrə qanunvericiliyin liberallaşdırılması, xarici radiostansiyaların yayımına, habelə xarici investisiyaları teleradio yayım sahəsinə buraxılmasına icazə vermək;

  • Müvafiq qanunu qəbul etməklə jurnalistləri diffamasiyaya görə təqib etməyə son qoymaq;

  • Məlumat azadlığını təmin edən qanunun işləməsini təmin etmək;

  • Azərbaycanın insan hüquqları, xüsusən ifadə azadlığı üzrə bütün beynəlxalq öhdəliklərinə əməl etmək;

  • İnternet üzərində qanunvericilik nəzarətini sərtləşdirmək niyyətindən imtina etmək.”


PROKUROR EYNULLA FƏTULLAYEVƏ 3 İL İŞ İSTƏYİB

Bu gün (30 iyun) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə ilk olaraq dövlət ittihamçısı Elçin Nağıyev çıxış edib. O çıxışında E.Fətullayevin ictimai təhlükəli olmasını və hazırki cinayət işində heç bir yüngülləşdirici halın olmadığını deyərək, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə jurnalistin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra prosesdə Eynulla Fətullayevin vəkili İsaxan Aşurovun çıxışı dinlənilib. Vəkil çıxışı zamanı bu məhkəmədən ədalətli bir qərar gözləmədiyini deyib: “Prosesin konturları məhkəmədə yox, başqa kabinetlərdə cızılıb” – deyən İ.Aşurov E.Fətullayevin istintaqda hüquqlarının pozulması barədə də danışıb. O bildirib ki, əməliyyat-axtarış tədbiri yalnız təxirəsalınmaz olduqda məhkəmə qərarı olmadan keçirilə bilər. Lakin bu axtarış nəinki məhkəmə qərarı olmadan keçirilib, hətta jurnalistin vəkili ilə əlaqə saxlamasına imkan verilməyib.

Çıxışının sonunda İ.Aşurov E.Fətullayevə bəraət verilməsi və 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi və əməkdaşlarının qanunsuz hərəkətləri barədə müvafiq orqanlara məlumat verilməsi barədə qərar çıxarılmasını istəyib.

Replika hüququndan istifadə edən E. Fətullayev qeyd edib ki, iş üzrə məhkəmə baxışı 12 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin şahid qismində çıxışından sonra başa çatmalı idi. “Cəzaçəkmə Müəssisəsinin rəisi çıxışında bildirmişdi ki, E.Fətullayevin geyiminə narkotik maddə də atıla bilər, hətta onu müəssisədə boğa da bilərlər”. Rəis bu sözlərlə, işin saxta olduğunu bir daha təsdiq edib” – deyə Fətullayev bildirib.

E. Fətullayev sonda özünün məhkəmə qərarı olmadan Baş Prokuror Zakir Qaralov tərəfindən mətbuatda “narkoman” adlandırmasını təhqir hesab etdiyini və Baş prokuroru məhkəməyə verəcəyini vurğulayıb.

Proses 1 iyul, saat 14:00 da E. Fətullayevin son çıxışı ilə davam edəcək.

Qeyd edək ki, məhkəmə prosesində çoxsaylı yerli və beynəlxalq təşkilatların, diplomatik korpusların nümayəndələrin yanaşı ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti də iştirak edib.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.


Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

BAKIDA YENİ MEDİA ERASININ DƏYƏRLƏRİ MÜZAKİRƏ OLUNUR

Bakıda “Yeni Media erasının dəyərləri” adı altında iki günlük konfrans və seminar işinə başladı. Tədbir  Avropa Yayım Birliyinin , Norveç İctimai Yayımçılarının  - SVT, UR, Yle DR və NRK-nin  maliyyə dəstəyi və Azərbaycan Media Mərkəzinin əməkdaşlığı ilə  keçirilir.

Tədbirin açılışını edən  Avropa Yayım Birliyinin Baş Direktoru İngrid Deltentre bu tədbirin Bakıda təsadüfən keçirilmədiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycanda da söz və mətbuat azadlığı sahəsində nöqsanlar var və bu tədbirin Bakıda keçirilməsi  mövcud nöqsanların aradan qaldırılmasına həm də bir çağırışdır.  

Daha sonra Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov çıxış etdi. O çıxışında Azərbaycan mediasının ciddi problemlərinin olmadığını, bəzi xırda problemlərin isə həll edilməkdə olduğunu dedi.

ATƏT-in Media azadlığı üzrə keçmiş nümayəndəsi, Kolumbiya Universitetinin doktoru   Mikloş Haraşti isə tədbirdə çıxış edərək Azərbaycan mediasının mövcud əsas üç problemini qabartdı. O  “Realnıy Azerbaycan”  qəzetinin baş redaktoru Eynulla Fətullayev,  blogerlər – Emin Abdullayev və Adnan Hacızadənin   hələ də həbsdə olmasını, Azərbaycanda “Diffamasiya haqqında”  qanunun qəbul edilməsinin gecikdirilməsini və hökumətin interneti lisenziyalaşdıracağına dair bəyanatlarını tənqid etdi.

Daha sonra tədbir sual-cavab və qarşılıqlı ittihamlarla davam etdi. Əsas iradlar İctimai Televiziya və Dövlət Telekanalının fəaliyyəti, Avropa İnsan Hüquqları məhkəməsinin Eynulla Fətullayevin dərhal azad edilməsi ilə bağlı çıxardığı qərarın icra edilməməyi  ilə bağlı oldu. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynovun dövlət büdcəsindən maliyyələşən AzTV və “İdman-Azərbaycan” telekanallarının bazasında hələ də yeni İctimai telekanalların yaradılmamasının səbəbləri ilə bağlı sualına Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov kəskin və emosional iradlarını bildirdi.

Qeyd edək ki, iyunun 30-da başlayan tədbir iyulun 1-də sona çatacaq.
FREEDOM HOUSE” İLLİK REYTİNQ HESABATI AÇIQLAYIB

“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı “2010-cu ildə keçid dövründə olan dövlətlər” adlı illik reytinq hesabatını açıqlayıb. Reytinq 7 ballıq şkala üzrə götürülür - “1” demokratik inkişafın ən yüksək səviyyəsini, “7” isə ən aşağı həddi göstərir.

Azərbaycana həsr olunmuş bölmədə media ilə bağlı hissədə bildirilir ki, 2009-cu ilin mart referendumundan sonra azadlıqların məhdudlaşdırılması prosesi davam edib və Azərbaycanda jurnalistlərin həbsi, hüquq-müdafiə təşkilatlatlarına və gənc fəallara təzyiqlər davam edib. Qeyd olunur ki, 2009-cu ilin mart ayında parlament tərəfindən KİV haqqında Qanuna edilmiş məhdudlaşdırıcı dəyişikliklər aprel ayında Azərbaycan prezidenti tərəfindən təsdiq edilib.

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullatevin, gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsinin də qeyd olunduğu hesabatda vurğulanır ki, hakimiyyət müstəqil KİV-i susdurmağa çalışır və bu, özünüsenzuraya gətirib çıxarır. Həmçinin 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmaması da hesabatda əksini tapıb. 2009-ci ilin əvvəlindən xarici radiostansiyalarının yayımına qoyulmuş qadağa qalır. Həmçinin qeyd olunur ki, ötən il diffamasiya maddələrinə görə, jurnalistlərin həbsinin davam etdiyi mənfi hal kimi qiymətləndirilib. Bütün bunlar ölkənin informasiya reytinqinin əvvəlki kimi aşağı səviyyədə - 6,75-ə qalmasına səbəb olub. Televiziya və radioların de-fakto hakimiyyətin nəzarətində olduğu və siyasi mövzuları yaymadıqları da xüsusi qeyd olunub. Bundan başqa çap mediasının aztirajlı olması və regionlarda yayımının zəif olması qeyd olunub.

Hesabatda vətəndaş cəmiyyətinin vəziyyəti də qeyd olunub.  “Vətəndaş cəmiyyəti üçün məkan əvvəlkitək azalır. Hakimiyyət pulla ələ almaq və ya qorxutmaq yolu ilə tənqidin qarşısını alır. Hüquq-müdafiəçilərinə və müstəqil KİV-ə təzyiqlər var. QHT haqqında mürtəce qanun qəbul olunub, baxmayaraq ki, son məqamda yumşaldılıb” – deyilən hesabatda bildirilir ki, vətəndaş cəmiyyətinə təzyiqlərin artması ilə ölkənin reytinqi 5,50-dən 5,75-ə enib.

Azərbaycan hakimiyyətinin ölkə üzərində avtoritar nəzarəti dərinləşdirərək, onu cəzasızlıq fonunda idarə etdiyi qeyd olunan hesabatda, 2009-cu ildə ölkənin demokratik idarəetmə reytinqinin 6,25-dən 6,50-ə endiyi bildirilir. 

Hesabatda qeyd olunur ki, hakimiyyətin azad və ədalətli seçkilər üçün şərait yaratmamaq istəyinin davam etməsi bu məsələdə ölkənin reytinqinin aşağı - 6,75 olmasından xəbər verir.

Ədliyyə Nazirliyi, prokurorluq, məhkəmə sisteminin olduqca səmərəsizliyi nəticəsində ölkənin hüquq sisteminin reytinqi 5,75-dən 6,25-ə enib.

    Neft və dövlət müqavilələrindən daxil olan gəlirlərin xərclənməsi zamanı şəffaflığın olmaması, problemi həll etmək üçün siyasi iradənin olmaması ucbatından korrupsiyanın reytinqi 6,50 səviyyəsində qalır.

Freedom House hesab edir ki, 2010-cu ildə Azərbaycanda avtoritarizmin dərinləşəcəyi gözlənilir.

Əvvəlki illərlə müqayisədə bütün göstəricilər üzrə vəziyyətin pisləşməsi müşahidə olunur.

AZƏR AYXANA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA TƏMİN EDİLMƏDİ

 

Bu gün (30 iyun) Nizami rayon Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyevin, “Binə” Ticarət Mərkəzinin direktoru Dilşad Əmirovanın  “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini  Azər Ayxana qarşı  xüsusi ittiham qaydasında qaldırdıqları iddia üzrə proses keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Azər Ayxanın vəkili, Media Hüququ İnstitutunun hüquqşünası Elçin Sadıqov məlumat verib.



O, bildirib ki, prosesdə Azər Ayxanın təqsirsiz olduğu üçün cinayət işinin xitam edilərək, bəraət verilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, iddiaya 2008-ci ilin noyabr ayından başlayaraq qəzetin 10 sayında iddiaçılar barəsində dərc olunan 20 məqalə səbəb olub. İddiaçılar “Nazim Quliyev PKK-nı təbliğ edir”, “Nazim Quliyevin arxasında kim durur”, “Nazim Quliyev yenə Bəylər Əyyubovun adından istifadə edir”, “Nazim Quliyev Apellyasiya Məhkəməsinə 350 min manat rüşvət vermək istəyir” və digər yazılarda böhtana məruz qaldıqlarını, təhqir olunduqlarını hesab edərək, A.Ayxanın CM-nin 147.2. (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasını istəyirdilər

Xatırladaq ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev diffamasiya maddələri ilə 20 may 2009-cu il tarixdə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı  15 yanvar 2009-cu ildə isə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirli bilinərək, 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Quliyevin həbsindən sonra “İdeal” qəzeti nəşrini dayandırıb. 1998-ci ilin noyabr ayından fəaliyyət göstərən “İdeal” qəzetinin nəşrində dəfələrlə fasilələr olub. Bu fasilələr əsasən təsisçi Nazim Quliyevin həbsləri ilə bağlı olub.

Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.


VİCDAN MƏHBUSLARINA DƏSTƏK MARAFONU

  


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) qarşıdan gələn 22 İyul Milli Mətbuat Günü  ilə əlaqədar həbsdə olan 3 vicdan məhbusuna (”Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, bloggerlər Emin Milli (Abdullayev), Adnan Hacızadə) və onların ailələrinə maddi və mənəvi yardım göstərmək məqsədi ilə “Vicdan Məhbuslarına Dəstək” xeyriyyə marafonu keçirir. İyunun 22-dən iyul ayının 22-dək davam edəcək marafonda yığılmış məbləğ jurnalistlərin  ailələrinə paylanacaq. Marafonda iştirak etmək könüllüdür və 18 yaşına çatmış hər bir Azərbaycan və xarici ölkə vətəndaşları iştirak edə bilər. Marafonda həm fərdi həm də kollektiv şəkildə iştirak etmək mümkündür. Marafonda iştirak üçün minimal və maksimal məbləğ məhdudiyyəti yoxdur. Beləliklə marafonda imkanından asılı olmayaraq söz azadlığını dəstəkləyən hər bir şəxs iştirak edə bilər. Sonda marafonda yığılmış məbləğ və iştirakçıların adları RATİ-nin internet saytında və mətbuatda dərc ediləcək, həmçinin vicdan məhbuslarının ailə üzvlərinə təqdim olunacaq. Adının dərc olunmasını istəməyən marafon iştirakçısı şərti adla (kodlaşdırılmış ad) iştirak edə bilər. Şəffaflığın təmin edilməsi üçün qəbzin 1-ci hissəsi iştirakçıda, 2-ci hissəsi isə təşkilatçıda qalır.

Qeyd edək ki, hər üç şəxs hakimiyyəti tənqid etdiklərinə görə həbs olunduqları üçün, yerli və beynəlxalq ictimaiyyət onları vicdan məhbusu kimi tanıyıb. Eynulla Fətullayev 2007-ci ilin aprel ayından, Emin Abdullayev və Adnan Hacızadə isə 2009-cu ilin iyul ayından həbsdədirlər.

Marafonda iştirak etmək istəyən hər bir şəxs RATİ-nin (+ 994 12) 418-03-34, (+ 994  12) 418-55-34, (+ 994 77) 398-48-38, (+ 994 70) 398-48-38, (+ 994 55) 816 40 04) nömrəli telefonlara və irfs.az@gmail.com elektron ünvanına müraciət edə bilər.

MARAFONDA İŞTİRAK ET, VİCDAN MƏHBUSLARINA DƏSTƏK OL!


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə