Press-reliZ 30 iyun 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 53.61 Kb.
tarix21.04.2016
ölçüsü53.61 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
30 iyun 2009-cu il

Bakı, Azərbaycan



  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • POLİS QHT-LƏRİN PİKETİNDƏ JURNALİSTLƏRƏ VƏ PİKET İŞTİRAKÇILARINA TƏZYİQ GÖSTƏRDİ

  • VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMITƏSİ TOPLANTI KEÇİRİB

  • AMNESTY İNTERNATİONAL” AZƏRBAYCANLA BAĞLI AKSİYA KEÇİRİB

  • QƏNİMƏT ZAHİD “VİCDAN MƏHBUSU” KİMİ TANINDI

  • QƏNİMƏT ZAHİD QHT-LƏRİ BİRLİYƏ ÇAĞIRIB

  • MAHAL İSMAYILOĞLUNA SABAH HÖKM OXUNACAQ

  • NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

  • MƏTBUAT ŞURASINA QARŞI İDDİA TƏMİN EDİLMƏDİ

  • DƏVƏÇİ SAKİNİ OĞLUNUN QANUNSUZ HƏBS OLUNDUĞUNU DEYİR

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin (VCMK) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “KİV haqqında” Azərbaycan Respublikası Qanunlarına təklif edilən dəyişikliklərlə keçirdiyi aksiyaya icazə verilməməsini, həmçinin jurnalistlər və QHT nümayəndələrinin polis tərəfindən təzyiqlərə məruz qalmasını qətiyyətlə pisləyir.



Belə ki, ilk öncə özlərini təqdim etməyən, sonradan isə polis olduqları məlum olan mülki geyimli şəxslər jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinə - foto və video çəkiliş aparmalarına mane olmağa çalışmış, Milli Məclis istiqamətində hərəkət etmək istəyənlərə isə fiziki zor tətbiq etməklə qarşılarını kəsərkən, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynovun çantasını yararsız hala salıblar. Həmçinin “Azadlıq” radiosunun parlamentə akreditə olunmuş əməkdaşının Milli Məclis istiqamətinə hərəkət etməsinə yaxınlaşmasına da mane olmağa cəhd göstəriblər.

RATİ bəyan edir ki, polis müdaxiləsi ilə foto və video çəkiliş aparmalarına mane olmaq cəhdi və media nümayəndələrinin parlamentin binası istiqamətinə buraxılmaması, jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu da Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin (məlumat azadlığı) və zamanda Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsinin (jurnalistin peşə fəaliyyətinə müdaxilə) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin pozulmasıdır.

Həmçinin QHT nümayəndələrinə etirazlarını bildirmək üçün sərbəst toplaşmağa, şüar səsləndirilməyə və asayişi pozmadan yürüş keçirməyə polisin müdaxiləsi insanların sərbəst toplaşmaq hüququnun pozulmasıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsi (Birləşmək hüququ), 49-cu maddələri (sərbəst toplaşmaq azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsi (Yığıncaqlar və birləşmək azadlığı) ilə ziddiyyət təşkil edir.

RATİ Azərbaycan hakimiyyətini ən ali qanunlarla təsbit olunmuş sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşaraq, insanların sərbəst toplaşma və fikrini azad ifadə etmə azadlığını pozmamağa və jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa çağırır. 


POLİS QHT-LƏRİN PİKETİNDƏ JURNALİSTLƏRƏ VƏ PİKET İŞTİRAKÇILARINA TƏZYİQ GÖSTƏRDİ

 

Bu gün (30 iyun) Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin (VCMK) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “KİV haqqında” Azərbaycan Respublikası Qanunlarına təklif edilən dəyişikliklərə etiraz əlaməti olaraq keçirdiyi piketdə jurnalistlər və QHT nümayəndələri təzyiqlərə məruz qalıblar. Keçmiş Əzizbəyov heykəlinin qarşısında toplaşan və Milli Məclisin qarşısına yürüş etməyi planlaşdıran aksiya iştirakçılarına özlərini təqdim etməyən mülki geyimli şəxslər yaxınlaşaraq, dağılışmaq barədə göstəriş verdilər. Həmçinin media nümayəndələrinə video və foto çəkiliş aparmağa mane olmaq istəyən və sonradan polis olduğu aydınlaşan mülki geyimli polislər aksiyaçıların və jurnalistlərin parlamentə doğru hərəkətinin qarşısını almaq üçün bir neçə nəfərə, o cümlədən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynova fiziki təzyiq göstərdilər. Fiziki təzyiq nəticəsində Emin Hüseynovun əl çantası yararsız hala düşüb. Bundan başqa, “Azadlıq” radiosunun parlamentə akreditə olunmuş əməkdaşına polis əməkdaşları mane olsalar da, hadisə yerində olan Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynovun müdaxiləsindən sonra jurnalistin Milli Məclis istiqamətinə hərəkəti mümkün olub.



Aksiya iştirakçılarının əllərində olan “Antidemokratik qanunlara yox!!!” və “Birləşmək hüququmuzu tanıyın” şüarları yazılmış vərəqələr də polislər tərəfindən zorla alınaraq cırıldı. Yasamal RPİ-nin rəisi VCMK 3 işçi qrupundan 3 nəfərə piketin qətnaməsini təqdim etmək üçün parlamentə yaxınlaşmağa icazə verdi və qətnamə Milli Məclisə təqdim olundu.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,276/lang,az/

Video: http://www.irfs.az/content/view/2529/1/lang,az/
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMITƏSİ TOPLANTI KEÇİRİB
Bu gün (30 iyun) Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi (VCMK) Azərbaycanın Media Mərkəzində QHT-lər haqqında qanuna edilən əlavə və dəyişiklərlə bağlı toplantı keçirib. VCMK-nin üzvləri bu dəyişiklikləri QHT-in məhvinə gətirib çıxarmayacağına ümid etsələr də, inkişafında heç bir səmərənin olmayacağını vurğuladılar.

İşçi qrupunun üzvü Qubad İbadoğlu çıxışında qanunvericiliyə mürtəce dəyişikliklərin edilməməsini komitənin gərgin iş fəaliyyətinin məhsulu kimi qiymətləndirdi.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov da bunu ilkin qələbə kimi qiymətləndirsə də, bu sahədə mütammadi işlərin aparılmasının vacibliyini bildirdi.

İşçi qrupunun digər üzvü İlqar Məmmədov QHT-lə bağlı təhlükənin hələ sovuşmadığını, bu sahədə payız aylarına kimi müzakirələr aparılacağını, dəyişikliklərin xarici təşkilatlara maneçilik, yeni fondların yaranmasına əngəllər yaratdığını qeyd etdi.

Hacı İbrahim İbrahimoğlu əldə edilmiş ilkin qələbədən arxayınlaşmamağı, bir müddət əvvəl dindarlarla bağlı hökumətin dini azadlıqları məhdudlaşdırma cəhdlərini toplantı iştirakçılarına xatırlatdı.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında QHT haqqında Qanuna edilməsi nəzərdə tutulmuş və QHT-lərin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar çıxarılsa da, 10.4 (İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməli və həmin reyestrin məlumatlarını on beş gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir), 12.1-1 (Fond yaradılarkən onun nizamnamə kapitalı əlli min manatdan az olmamalıdır) 12.3. (Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilir) və 31.2-1. (Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya yanlış məlumatların verilməsinə görə qeyri-hökumət təşkilatına xəbərdarlıq edilir) maddələri qəbul edilib.


AMNESTY İNTERNATİONAL” AZƏRBAYCANLA BAĞLI AKSİYA KEÇİRİB     

Dünən Avropanın müxtəlif ölkələrində, o cümlədən Böyük Britaniya, Almaniya və Türkiyədə “Amnesty İnternational” təşkilatının üzvləri  Azərbaycanda hökumətin daha çox təzyiq etdiyi müstəqil KİV-lərə dəstək məqsədilə küçələrə çıxıblar.   Bu barədə “Amnesty İnternational” təşkilatı press-reliz yayıb.

Bu aksiya Azərbaycan parlamentində müstəqil KİV-lər və ictimai təşkilatların qeydiyyata alınması və maliyyələşdirilməsi ilə bağlı qanuna edilməsi nəzərdə tutan düzəlişlərə Azərbaycan jurnalistləri və hüquq müdafiəçilərinin etirazlarına həmrəylik kampaniyası çərçivəsində keçirilib.

Bu düzəlişlərin qəbul ediləcəyi təqdirdə hökumətin müstəqil jurnalistlər və hüquq müdafiəçiləri üzərində nəzarəti güclənəcək, jurnalistlər və hüquq müdafiəçiləri ilə bağlı yoxlamalar sərtləşəcək. Bu isə onların insan haqlarının pozulmasına dair monitorinqlər aparıb, hökumətin məsuliyyətə cəlb olunması sahəsində ciddi əngəllər yaradacaq. Düzəlişlər həmçinin ölkədə beynəlxalq hüquq-müdafiə təşkilatları nümayəndələrinin fəaliyyətini də məhdudlaşdıra bilər.   

“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun” sədri (RATİ) Emin Hüseynov hesab edir ki, əgər parlament qanunlara dəyişiklikləri qəbul etsə, bu müstəqil KİV-ləri və söz və fikir azadlığını müdafiə edən təşkilatları bağlamasına imkan verəcək. 

Nikola Dakvort, Amnesty Internationalın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru bildirib ki, məhdudlaşdırıcı qanunların qəbul edilməsi və xarici radiostansiyaların bağlanması Azərbaycan hakimiyyəti KİV-ləri öz nəzarətinə götürmək çalışmasının nümunəsidir.

“Müstəqil jurnalistləri qorxudurlar, həbs edirlər və məhkəmələrin qərarı ilə azadlıqdan məhrum edirlər. Müstəqil jurnalistlərə hücumları və onların öldürülməsi açılmamış olaraq qalır”.

“Müstəqil KİV və vətəndaş cəmiyyətsi olmayan cəmiyyət – laldır. Onun üzvləri insan hüquqların pozulması qarşısında müdafiəsizdir”.

“Prezident İlham Əliyev bəyan edib ki, dövlət bütün jurnalistlərin hüquqları qorunmalıdır. Azərbaycan hakimiyyətin öz verdiyi vədləri və öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri  yerinə yetirmək vaxtı gəlib çatıb” - Nikola Dakvort deyib.

“Amnesty İnternational” Azərbaycan parlamentini birinci və təxirəsalınmaz addım kimi qanuna KİV-lərin və ictimai təşkilatların qanuni fəaliyyətinə təqib vasitəsi kimi istifasə oluna biləcək dəyişiklikləri qəbul etməməyə çağırır,

Azərbaycanın mövcud qanunvericiliyi beynəlxalq öhdəliklərə və hakimiyyət tərəfindən üzərinə götürdüyü öhdəliklərə cavab verməlidir.

“Amnesty İnternational” Azərbaycanda son aylar ərzində insan hüquqların pozulmasını və ona görə jurnalistlər əzab çəkməsini göstərən hesabatı tərtib edib. .(aşağıdakı ünvanda tanış olmaq olar: (http://www.amnesty.org.ru/pages/aze-29062009-report-rus).

Nümunələr

RATİ rəhbəri Emin Hüseynov iddia edir ki, bir neçə dəfə polis işçilərin tərəfindən döyülməsinə məruz qalıb.

“Azadlıq” qəzetin əməkdaşı Aqil Xəlil 2008-ci ildə döş nahiyəsindən bıçaq zərbəsi alıb və daha bir fiziki hücumuna məruz qalıb. Hakimiyyət cinayətkarın tutulması haqqında bəyan etsə də, Aqil Xəlil və Azərbaycan hüquq müdafiə təşkilatlar hesab edirlər ki, cinayətin həqiqi iştirakçıları cəzadan boyun qaçırıblar. 

Monitor” jurnalın baş redaktoru Elmar Hüseynov – 2005-ci ildə qətlə yetirilib. Bunun üstündən 4 il keçsə də, məhkəmə qarşısında heç kəs cavab verməyib.

Qənimət Zahidov və Eynulla Fətullayev öz jurnalist fəaliyyətinə görə ədalətsiz məhkəmə proseslərin nəticəsində həbs olunublar. “Amnesty International” onları vicdan məhbusu hesab edir və onların dərhal və qeyd-şərtsiz azad olunmasına çağırır.

Ermənistan, İran və Türkiyə arasında blokadada qalan Naxçıvanda da yerli vəzifəli şəxslər tərəfindən törədilməsi ehtimal edilən halları işıqlandıran jurnalistlər təzyiqlərə məruz qalırlar.

Video: http://www.protectthehuman.com/videos/azerbaijan-papers-in-chains

QƏNİMƏT ZAHİD “VİCDAN MƏHBUSU” KİMİ TANINDI

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid rəsmi olaraq “Vicdan məhbusu” kimi tanınıb. “Amnesty İnternational” təşkilatının yaydığı məlumatda bildirilir ki, Qənimət Zahidov və Eynulla Fətullayev öz jurnalist fəaliyyətinə görə ədalətsiz məhkəmə proseslərin nəticəsində həbs olunublar. “Amnesty International” onları vicdan məhbusu hesab edir və onların dərhal və qeyd-şərtsiz azad olunmasına çağırır. Vurğulayaq ki, Eynulla Fətullayev beynəlxalq ictimaiyyətdə vicdan məhbusu kimi tanınsa da, Qənimət Zahidin rəsmi olaraq ilk dəfə “vicdan məhbusu” olması elan olunub. Azərbaycanda bu status sabiq xarici işlər naziri Tofiq Qasımova da verilib.

Qeyd edək ki, həbs olunmasına dinc yolla öz fərqli siyasi və ya dini fikirlərini ifadə etməsi səbəb olan şəxslər “vicdan məhbusu” hesab olunurlar.

Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.


QƏNİMƏT ZAHİD QHT-LƏRİ BİRLİYƏ ÇAĞIRIB
Dünən (29 iyun) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyevanın özü məlumat verib. O baş redaktorun səhhətinin normal olduğunu, saxlanma şəraitindən narazılıq etmədiyini bildirib. A.Mürsəliyeva həyat yoldaşının Azərbaycanda və xaricdə baş verən hadisələrə münasibət bildirdiyini deyib:

“Qənimət bəyin baş verən proseslərə gec münasibət bildirməsinə səbəb informasiyaları gec almasıdır. O, QHT-lə bağlı fikir bildirərək, onların ciddi birliyə malik olmasını istəyib. Qənimət hökumətin ortaya atdığı bu fikrin düşünülmüş bir məsələ olduğunu hesab edir.”

Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.


MAHAL İSMAYILOĞLUNA SABAH HÖKM OXUNACAQ

 

Bu gün (30 iyun) Abşeron rayon Məhkəıməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Musavat” qəzetinin köşə yazarı, “Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 127 (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirildi.



Prosesdə təqsirləndirilən şəxs M.İsmayıloğlu, onun hüquqlarını müdafiə edən “Media Hüquqları” İnstitutunun vəkili Elçin Sadıqov, zərərçəkmiş şəxs qismində Nəcibə Səfərova, onun vəkili Novruz Əliyev və dövlət ittihamçısı Tofiq Süleymanov iştirak ediblər.

Prosesdə təqsirləndirilən şəxs Mahal İsmayıloğlu və onun vəkilləri yekun çıxışlarında bildirdilər ki, sözügedən cinayət işi, tamamilə qərəz və şər-böhtandan ibarətdir və jurnalist fəaliyyətinə görə təqiblərə məruz qalıb. Məhkəmə istintaqının da obyektiv aparılmadığını vurğulayan təqsirləndirilən tərəf, cinayət işini xitam edərək bəraət verilməsini, zərərçəkmiş şıxs qismində məhkəmədə iştirak edən N.Səfərovaya böhtançı kimi cinayət işi açılmasını və N.Səfərovanın təzminat ödəməsi barədə qərar verilməsini məhkəmədən xahiş etdi.

Hakim Ş.Abbasov qərarın sabah – 01 iyul 2009-cu ildə elan olunacağını bildirdi.

Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.


NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (30 iyun) Nizami rayon Məhkəməsində hakim Vidadi Məmmədovun

sədrliyi ilə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların kadrlar idarəsini rəisi Nəsir Hüseynov “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittihamı üzrə məhkəmə baxış iclası keçirildi. Prosesdə iddiaçı tərəfi vəkil Əlirza Həbilov, cavabdeh tərəfi isə S.Əlibəyli təmsil edirdi.

Prosesdə “Nota” qəzetinin baş redaktor əvəzi S.Əlibəylinin səhhətində yaranan problemlə əlaqədar olaraq, məhkəmə baxış iclası 10 iyul saat 16:00-a təyin edildi.

Xatırladaq ki, iddiaya səbəb sözügedən qəzetin son saylarında gedən Daxili Qoşunlarla bağlı yazılan müəllif və araşdırma yazılarıdır.
MƏTBUAT ŞURASINA QARŞI İDDİA TƏMİN EDİLMƏDİ

Bu gün (30 iyun) Binəqədi rayon Məhkəməsində hakim Allahverən Həsənovun sədrliyi ilə “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlunun Mətbuat Şurasına (MŞ) və qurumun sədr müavini Vüqar Rəhimzadəyə qarşı iddiasına əsasən məhkəmə son proses keçirildi.

Prosesdə iddiaçı tərəfdən Məmməd Əhmədoğlu və vəkili Abdulla Əfəndizadə, cavabdeh tərəfdən isə Vüqar Rəhimzadənin nümayəndəsi Rəhim Hüseynzadə və MŞ-nin sosial komissiyasının sədri Müşfiq Ələsgərli iştirak edirdi.

Prosesdə hakim qaldırılmış iddianın təmin edilməməsi barədə qərar elan etdi.

Xatırladaq ki, MŞ bir müddət əvvəl  “reket” qəzetlərin siyahısını açıqlayarkən, “Korrupsiya və Cəmiyyət” jurnalını da  bu siyahıya daxil edib. Bu səbəbdən də M.Əhmədoğlu Binəqədi rayon Məhkəməsinə müraciət edərək, MŞ-nin təkzib verərək üzr istəməsini və dəymiş mənəvi ziyana görə cavabdehlərin hər birinin 4.000 (dörd min) manat ödəməsini istəyir.

DƏVƏÇİ SAKİNİ OĞLUNUN QANUNSUZ HƏBS OLUNDUĞUNU DEYİR
Bu gün (30 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vəkil Əli Ələkbərov Dəvəçi rayon sakini Vasiq Bayramovun Ədliyyə Nazirinin müavini Nazim Ələkbərovun təzyiqi ilə günahsız həbs olunması ilə bağlı mətbuat konfransı keçirildi.

Zərərçəkənlərin səlahiyyətli nümayəndəsi Əli Ələkbərovun bildirdiyinə görə, 14 iyul 2008-ci il tarixində Bakı-Quba yolunun 86-cı kilometrliyində ədliyyə nazirinin müavini Nazim Ələkbərovun bacısı Nailə Ələkbərovanın idarə etdiyi “Honda CR-V” markalı, 10-UR-333 dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətdə öz yolu ilə hərəkət edən Vasiq Bayramovun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə çırpılaraq qəza törətmiş, nəticədə üç nəfərin həyatına son qoymuşdur:

“Bu qəza zamanı Qubanın Qəçrəş adlanan yerində istirahətə gedən nazir müavininin atası da həlak olub. Tərəflər öz aralarında razılaşma əldə etsələr də, nazir müavininin işə müdaxiləsindən sonra, V.Bayramov və N.Ələkbərovanı ötmək istədiyi “Vaz 201” markalı 29-BA-294 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü N.Əbdürrəhmanov sonradan təqsirləndirilərək həbs olunublar. Ağır Cinayətlərə Dair Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində V.Bayramov 8, N.Əbdürrəhmanov 9 il müddətinə həbs olunublar.”

Vəkil həmçinin onu da bildirib ki, dəfələrlə müxtəlif dövlət instansiyalarına, prezidentə, ölkənin birinci xanımı M.Əliyevaya işə ədalətli baxılmasına görə müraciət olunmasına baxmayaraq nəticə əldə olunmayıb.

Vəkil Ə.Ələkbərov onu da vurğuladı ki, zərərçəkənlər hətta Nailə Ələkbərovanın evinə qədər getmiş, lakin qadın kobud şəkildə onları dinləməkdən imtina etmişdir.

Qeyd edək ki, V.Bayramov hal–hazırda Şüvəlan təcridxanasında saxlanılır.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə