Press-reliZ 28 avqust 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 30.8 Kb.
tarix22.04.2016
ölçüsü30.8 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
28 avqust 2009-cu il

Bakı, Azərbaycan



  • JMK AZƏRBAYCAN HÖKUMƏTİNİ GƏNC BLOQÇULARA QARŞI İTTİHAMLARI GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR

  • GƏNC BLOQÇULARIN APELYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI 

  • OMBUDSMAN EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

  • ANS VƏ “YENİ MÜSAVAT” MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏKLƏR

  • QARABAĞ ƏLİLİNİN YAŞADIĞI OTAQ PARTLADILIB



JMK AZƏRBAYCAN HÖKUMƏTİNİN GƏNC BLOQÇULARA QARŞI İTTİHAMLARI GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR

 

Jurnalistlərin Müdafiə Komitəsi bildirir ki, Azərbaycan hakimiyyəti höküməti tənqid edən videobloqçulara qarşı irəli sürülmüş bütün ittihamları geri götürməlidir.



AN onlayn televiziyasının rəhbəri kimi tanınan 30 yaşlı Emin Milli (Abdullayev) və OL gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloger Adnan Hacızadə internetdə sosial məsələlər və hökumət siyasilərini tənqid edən videoçarx yerləşdirmişdir. Onlar yerli sakinlərdən müsahibə götürmüş və onların fikirlərini YouTube, Facebook, Twitter saytlarında yerləşdirmişlər. Çoxsaylı məlumatlara və Jurnalistlərin Müdafiə Komitəsinin verdiyi məlumata əsasən, onların bloqlarında müzakirə etdiyi məsələlər arasında Azərbaycanda mövcud olan təhsil, korrupsiya və yoxsulluqla bağlı məsələlər də yer tuturdu.

Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində yerli restoranların birində yemək yeyərkən fiziki hücuma məruz qaldıqdan sonra Bakı polisi onların həbs edib. Onlar bildiriblər ki, dostları ilə birgə siyasətlə bağlı müzakirələr edərkən iki naməlum şəxs onların söhbətini kəsmiş və onlara hücum etməyə başlamışlar. Gənc bloqçular hadisə ilə bağlı polisə məlumat verdikdən sonra, beş il həbs cəzasına səbəb olan “xuliqanlıq” maddəsi ilə təqsirləndirilmişlər. Hər iki gənc hal-hazırda həbsxanada saxlanılır. Bazar ertəsi isə onlara qarşı ikinci bir maddə “ağır xəsarət yetirmə” ilə ittihamı irəli sürülmüşdür. Əgər onlar hər iki ittihamla məhkum edilərsə, yeddi il həbs cəzası ilə üzləşə bilərlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsi bloqçuların məhkəməsinin tarixini sentyabrın 4–ə müəyyən edib.

Jurnalistlərin Müdafiə Komitəsi Avropa və Mərkəzi Asiya Proqramının Koordinatoru Nina Ognianova bildirib ki , “Emin Milli və Adnan Hacızadəyə qarşı irəli sürülmüş ittihamlar siyasi xarakterlidir və biz Azərbaycan hökümətini bloqçuları dərhal azad etməyə çağırırıq”. “Təxribatın təşkil edilməsi Azərbaycanda azad söz ifadə edənlərin susdurulması üçün ən yaxşı vasitəyə çevrilib”.

Yerli və beynəlxalq hüquq qrupları hakimiyyət orqanlarının Emin Milli və Adnan Hacızadənin tənqidi fikirlərinə görə həbs etməsini düzgün hesab etməmişlər. Emin Milli və Adnan Hacızadə yerli vətəndaşlara müsahibə vermiş və rəsmi şəxslərə etiraz olaraq iclas keçirmiş və onu lentə almışdır.

Çoxsaylı mənbələrə əsasən, satirik video bloqçular videoçarx hazırlamış və iyun ayında YouTube-a yerləşdirmiş, bu isə onların həbsi üçün bir bəhanə olmuşdur. Videoçarxda xaricdən yüksək qiymətə gətirilən eşşəyin Azərbaycanla bağlı tənqidi fikirləri yer alıb. Video çarxda Adnan Hacızadə “Eşşək” rolunda bir qrup Azərbaycanlı jurnalistlə təsvir olunub. Emin Milli də dəfələrlə göstərilmişdir.

Azadlıq radiosundan verilən məlumata əsasən, Emin Milli və Adnan Hacızadə Bakı restoranlarının birində baş verən hadisə ilə bağlı polisə məlumat verdikdən iki gün sonra Səbail Rayon Məhkəməsi qapalı şəkildə keçirilmiş məhkəmə prosesində onlara iki aylıq həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı hökm çıxarmışdır.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də 2007 –ci ilin noyabrında həbs edilmiş və 2008-ci ilin mart ayında “xuliqanlıq və ağır xəsarət” maddəsi ilə təqsirləndirilərək 4 il azadlıqdan məhrum edilmişdir. Polis Zahidovu Bakıdakı ofisi yaxınlığında bir qadın və kişi tərəfindən döyüldükdən sonra həbs etmişdi.

Jurnalistlərin Müdafiə Komitəsi bütün dünyada mətbuat azadlığını qoruyan, Nyu-Yorkda yaranan müstəqil, qeyri-hökumət təşkilatıdır.


GƏNC BLOQÇULARIN APELYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI 
Bu gün (28 avqust) Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin  Səbail Rayon Polis İdarəsində pis rəftara məruz qalmaları və onların müdafiə hüququnun pozulması ilə bağlı vəkilləri Elton Quliyev və İsaxan Aşurovun qaldırdıqları iddiaya əsasən Səbail rayon Məhkəməsinin 23 iyul tarixli qərarından verilmiş şikayət üzrə məhkəmə prosesi keçirildi.

Qapalı keçirilən proses barədə məhkəmədən sonra vəkillər məlumat verdilər.

Hakim Q.Məmmədovun Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, şikayəti təmin etmədiyini deyən vəkillər vurğuladılar ki, məhkəmənin qərarından Avropa Məhkəməsinə şikayət edəcəklər.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılaraq, avqustun 27-də məhkəməyə göndərilib.

Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,307/lang,az/
OMBUDSMAN EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında gənc bıoqçular – Emin Milli (Abdullayev) və Adnan Hacızadə ilə görüşüb. Bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilir ki, gənclər baş vermiş hadisədə özlərini təqsirli bilmədiklərini, barələrində aparılan istintaqın qərəzli yekunlaşdırıldığını E.Süleymanovanın diqqətinə çatdırıblar.

A.Hacızadə və E.Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətlənməmiş, vəkilləri ilə görüşdüklərini və qanunvericiliyə uyğun olaraq, ailələrindən sovqat aldıqlarını bildirmişlər.


     Müvəkkil onların məsələsinin barışıq yolu ilə həll olunması üçün aidiyyəti qurumlara müraciət etdiyini və vəziyyətlərini diqqətdə saxladığını söyləmişdir.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılaraq, avqustun 27-də məhkəməyə göndərilib.


ANS VƏ “YENİ MÜSAVAT” MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏKLƏR

ANS telekanalı dünən (27 avqust) “Yeni Müsavat” qəzetini məhkəməyə verəcəyi ilə bağlı məlumat yayıb. Buna səbəb qəzetin dünənki (27 avqust) sayında dərc olunmuş “ANS-in Ramazanda araq reklamı” başlıqlı yazı səbəb olub. ANS bildirir ki, kanalın araq reklam etməsi həqiqətə uyğun deyil.

Məsələ ilə bağlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, ANS Zahid Səfəroğlunun müəllif yazısını xəbər kimi təqdim edərək məhkəməyə müraciət edəcəklərini bəyan edib. “Müəllif yazısına görə qəzetin məhkəməyə verilməsi absurddur. Məsələ ilə bağlı ANS-in efirində verilmiş və anspress.com saytına yerləşdirilmiş mətndə “Yeni Müsavat” qəzeti təhqir olunduğuna görə, ANS-ə qarşı qarşılıqlı iddia qaldıracağıq” – deyən R.Arifoğlu vurğuladı ki, hətta ANS məhkəməyə müraciət etməsə belə, qəzetin ünvanına təhqiramiz ifadələr işlətməklə işgüzar nüfuzuna xələl gətirməyə cəhd göstərdiklərinə görə məhkəməyə müraciət edəcəklər.
QARABAĞ ƏLİLİNİN YAŞADIĞI OTAQ PARTLADILIB
Bu gün (28 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Qarabağ əlili Bakir Bayramov evinin partladılması ilə bağlı mətbuat konfransı keçirdi.

Qubadlı rayonundan məcburi köçkün olan B.Bayramov jurnalistlərə məlumat verdi ki, ailə üzvləri ilə birlikdə Azərbaycan Dövlət Neft Akademiyasının 1 saylı tələbə şəhərciyində yerləşən yataqxananda yaşadığı otaq yanvar ayında qaz sızması nəticəsində partlayıb. Şikayətçi bunun günahını yaşadığı otağın alt mərtəbəsində yerləşən “Gözəl məkan” restoranının sahibi Əlövsət Quliyev, tələbə şəhərciyinin direktoru Kamal Quliyev və Qaz İstismarı İdarəsinin rəisi Yaşar Osmanovda görür. “Restoran əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyindən hüquq-mühafizə orqanlarına müraciət etdim. Bir gün sonra isə yaşadığım otağa restorandan qaz sızmağa başladı. Nəsimi rayon Qaz İstismar İdarəsinin rəisi Yaşar Osmanov qaz sızması olduğunu təsdiq etsə də, restoran sahibi ilə görüşdən sonra o, məni yalan məlumat verməkdə ittiham etdi. Yanvar ayının 5-də otaqda qaz sızması nəticəsində dəhşətli partlayış oldu. Mən və ailə üzvlərim ağır dərəcəli yanğın xəsarətləri aldıq” – deyən Bayramov bildirdi ki, məsələ ilə bağlı dəfələrlə ölkə başçısına və digər aidiyyəti qurumlara müraciət edib: “Mətbuat vasitəsilə müraciət edərək, mənim və ailəmin başına oyunlar açan şəxslərin cəzalandırılmasını istəyirəm.”



Foto:

 http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,306/lang,az/



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə