Press-reliZ 27 aprel 2011-ci IL Bakı, Azərbaycan




Yüklə 25.77 Kb.
tarix29.04.2016
ölçüsü25.77 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
27 aprel 2011-ci il

Bakı, Azərbaycan



  • HÖKUMƏT EYNULLA FƏTULLAYEVLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNİN QƏRARININ İCRA EDİLDİYİNİ İDDİA EDİR

  • DEMOKRAT” QƏZETİNİN FOTOREPORTYORU 8 SAAT POLİSDƏ DİNDİRİLİB

  • MİTİNQDƏ HƏBS EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

  • İNTERNET AZADLIĞI VƏ TƏHLÜKƏSİZLİYİ” MÜZAKIRƏ EDİLİB


HÖKUMƏT EYNULLA FƏTULLAYEVLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNİN QƏRARININ İCRA EDİLDİYİNİ İDDİA EDİR

“Eynulla Fətullayev barəsində çıxarılmış hökmə əsasən, verginin ödənilməməsi ilə bağlı dövlətə 260 min manata yaxın borcu var”. Bunu Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov APA-ya müsahibəsində iddia edib.

“Azərbaycan hökumətinin mövqeyi ondan ibarətdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin məlum qərarı tam həcmdə yerinə yetirilib, icra olunub. Ali Məhkəmənin plenumunun bununla bağlı çıxardığı iki qərarda deyilirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərar üzrə bir tərəfdən həmin şəxs barəsindəki cinayət işinə xitam verilməlidir, digər tərəfdən isə cinayətlərlə bağlı işə xitam verilməlidir və buna görə də o azad edilməlidir. Yəni bununla da Ali Məhkəmə həmin qərarı icra etmiş olub. Digər tərəfdən, biz tam həcmdə pulunu da ödəmişik. Sadəcə bildiyiniz kimi, onun barəsində çıxarılmış hökmə əsasən, verginin ödənilməməsi ilə bağlı dövlətə 260 min manata yaxın borcu da var. Ona görə də indi bu ödənilməmiş məbləğin dövlət tərəfindən ləğv olunması məsələsinə baxılır”, - deyə Çingiz Əsgərov qeyd edib.

Baş redaktorun vəkili Anar Qasımov isə bildirdi ki, hökumətin Eynulla Fətullayevə tətbiq elədiyi 260 min manata yaxın borc yalnız məhkəmə qərarı ilə tutula bilər.

Yeri gəlmişkən onu da qeyd edək ki, dünən atası Emin Fətullayev 1 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevlə görüşüb.

Emin Fətullayev RATİ-yə jurnalistinin səhhətinin normal olduğunu və hər hansı şikayətinin olmadığını bildirdi və qeyd etdi ki, baş redaktor dostu olmuş sabiq millət vəkili Anar Məmmədxanovun ölümündən təəssüfləndiyini deyərək, mərhumun ailəsinə başsağlığı verib.

Xatırladaq ki, Yasamal Məhkəməsi 26 sentyabr 2006-cı il tarixdə Daxili İşlər Naziri Ramil Usubovun xüsusi ittiham şikayəti əsasında E.Fətullayevi böhtan və təhqirdə təqsirli sayaraq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Məhkəmə ərizəçini həbsə almayaraq ona 2 illik sınaq müddəti müəyyən edib.  20 aprel 2007-ci il tarixdə isə Yasamal Məhkəməsi jurnalisti böhtanda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.  Bunun ardınca Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 30 oktyabr 2007-ci ildə E.Fətullayevi Cinayət Məcəlləsinin 214.1 (terror hədəsi) və 283.2.2-ci (etnik düşmənçiliyin salınması) və 213.2-ci maddəsi (vergidən yayınma) cinayətində təqsirli bilib. Jurnalist Cinayət Məcəlləsinin 214.1-ci (terror hədəsi) maddəsi ilə 8 il, 283.2.2-ci (etnik düşmənçiliyin salınması) maddəsi ilə 3 il, 213.2-ci (vergidən yayınma) maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə yekunda cəzaları qismən toplamaq yolu ilə ərizəçiyə son olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Ərizəçinin Konvensiyanın 10-cu və 6-cı maddələri ilə verilən hüquqlarının pozulduğunu tanıyıb.

            Habelə Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.



DEMOKRAT” QƏZETİNİN FOTOREPORTYORU 8 SAAT POLİSDƏ DİNDİRİLİB
Aprelin 26-da “Demokrat” qəzetinin fotoreportyoru Elçin Hidayət Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə çağrılıb. Bu barədə bu gün (27 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Hidayətin özü məlumat verib.

E. Hidayət bildirdi ki, dünən əl telefonuna zəng edərək, onu Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə dəvət ediblər:

“Polis bölməsində 8 saata qədər oldum. Məni bölmənin rəisi Cəbrayıl Vəliyev qəbul elədi. 17 aprel mitinqi ilə bağlı sorğu-sual edildim, mitinqin təşkilatçıları, məqsədləri barədə mənə suallar verildi”, - deyə bildirən E. Hidayət qeyd etdi ki, bu dindirmədən sonra ona facebookda mitinqlə əlaqədar çağırışlar, yazılar qoymamağı da məsləhət görüblər. Həmçinin polis rəisi onun YAP –a üzv olmağını da tövsiyə edib.

E. Hidayət qeyd etdi ki, bölmədə sorğu-sual edilən zaman  polis əməkdaşları onun telefonundan bəzi nömrələri qeyd etsələr də, bu nömrələrin kimlərin olduğunu özü görə bilməyib.
MİTİNQDƏ HƏBS EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
Aprelin 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərov barəsində  Nəsimi rayon Məhkəməsinin 18 aprel 2011-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə baxıldı.

Prosesdə hüquq müdafiəçisi Vidadi İsgəndərov və vəkili Akif Əlizadə, eləcə də media nümayəndələri iştirak edirdilər.

Vəkili Vidadi İsgəndərovu Nəsimi rayon Polis İdarəsinə gətirən polis əməkdaşlarının şəxsiyyətinin müəyyən edilərək məhkəməyə şahid qismində dəvət edilmələrini, hüquqlarını müdafiə etdiyi şəxs barəsində ədalətli məhkəmə araşdırmasının aparılmamağına dair vəsatət qaldıraraq, habelə onun əsassız həbs olunduğunu bildirərək dərhal azad olunmağına dair məhkəmənin qərar verməsini xahiş etdi.

Daha sonra Vidadi İsgəndərov çıxış edərək, həbsinin sifarişli olduğunu və hüquq müdafiəçisi kimi fəaliyyət göstərdiyi üçün həbs edildiyini dedi.

Hakim A. Abdinbəyov müşavirəyə getdi və o müşavirədən qayıdandan sonra vəsatətlərin təmin edilmədiyini və Nəsimi rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar verdi.
Xatırladaq ki, hüquq müdafiəçisi Vidadi İsgəndərov İctimai Palatanın 17 aprel 2011-ci ildə “Sahil” bağında təşkil etdikləri mitinq zamanı saxlanılıb və 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.

İNTERNET AZADLIĞI VƏ TƏHLÜKƏSİZLİYİ” MÜZAKIRƏ EDİLİB

Azərbaycan Media Mərkəzi və İREX aprelin 27-də “İnternet azadlığı və təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirib.

Dəyirmi masa “Freedom House” təşkilatının dünyada internet azadlığına dair hesabatının Azərbaycan hissəsinə münasibət üstündə qurulub. Dəyirmi masada iştirak edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və rəsmi qurum təmsilçisi məsələyə münasibət ifadə ediblər. Belə ki, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri hesabatda əksini tapan müddəaların həqiqət olduğunu vurğulasalar da, rabitə və informasiya texnologiyaları nazirliyinin əməkdaşı hesabatı və hesabatdakı göstəriciləri şübhə altına alıb.

Media Hüququ İnstitutunun əməkdaşı Xalid Ağəliyev 2008-10-cu illərdə Azərbaycanda internetin inkişaf etdiyini desə də, dünya ölkələri ilə müqayisədə bunun əhəmiyyətli inkişaf olmadığını deyib.

Rabitə nazirliyinin əməkdaşı Zakir Qasımov isə hesabatda göstərilən faktları əsassız adlandırıb. Onun sözlərinə görə, hesabatda göstərilən rəqəmlər köhnəlib.

Hüquqşünas Ələsgər Məmmədli interneti özünü ifadə azadlığı platforması sayıb və KİV-lərə şamil edilən informasiya yayımına görə məsuliyyətin həm də internetə aid olduğunu xatırladıb.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı internet üzərindən fikirləri açıqlamağa görə təqiblərə diqqət çəkib və bu məsələdə Elnur Məcidli barəsində başlanan cinayət işinə toxunub. Bu adamın dövlət əleyhinə zorakı çağırışlara görə məsuliyyətə cəlb edildiyini deyən Rəşid Hacılı hələ də həmin zorakı çağırışı sübut edən dəlillərin ortada olmadığını bildirib.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə