Press-reliZ 26 avqust 2010-cu IL Bakı, Azərbaycan




Yüklə 43.08 Kb.
tarix10.04.2016
ölçüsü43.08 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
26 avqust 2010-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • ELAN!

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • VƏTƏNDAŞ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ POLİS TƏRƏFİNDƏN SAXLANILIBLAR

  • EYNULLA FƏTULLAYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İCLAS KEÇİRİLİB

  • RADİONUN AÇILMASI İLƏ BAĞLI İDDİA TƏMİN OLUNMADI

  • BAŞ REDAKTOR BAKI ŞƏHƏR PROKURORLUĞUNU MƏHKƏMƏYƏ VERİB



ELAN!
            27 AVQUST SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azəriqaz” SC-nin bir qrup sabiq əməkdaşı İsmayıllı rayonunda dövlət məmurlarına məxsus obyektlərdə korrupsiya faktları aşkarladıqlarına görə qanunsuz işdən azad olunmaları ilə bağlı hüquq müdafiəçisi Vidadi İskəndərovla birlikdə mətbuat konfransı keçirəcəklər.  

       Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və aidiyyəti qurumların nümayəndələri dəvətlidirlər.



ELAN!

27 AVQUST SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində "Kür" Vətəndaş Cəmiyyəti Qərargahı növbəti toplantısını keçirəcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri, diplomatik korpus və aidiyyəti qurumların nümayəndələri dəvətlidirlər.

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrinin Sabirabad rayonunda monitorinq apararkən polis müdaxiləsi ilə üzləşmələrini pisləyir, bunu məlumat əldə etmək və İfadə azadlığının pozulması kimi qiymətləndirir.

Belə ki, qərargahın koordinatoru Oqtay Gülalıyevin məlumatına görə, artıq bir aydır ki, fəlakət baş vermiş bölgədə dəymiş ziyanın alternativ qiymətləndirməsinin monitorinqi aparılır və artıq təxminən 2 min evdə bu proses həyata keçirilib. Lakin rayonun icra və polis orqanları tərəfindən maneçiliklə rastlaşan vətəndaş cəmiyyəti nümayəndələrinin bir neçəsi dünən polis tərəfindən saxlanılıb. Polislər QHT rəhbərləri Oqtay Gülalıyev, Mübariz Tağıyev və Şaban Əsgərova monitorinq aparmamaqla bağlı xəbərdarlıq edib və hətta rayonun ərazisindən çıxmaqlarını tələb ediblər.

RATİ hesab edir ki, məlumat toplamaq üçün monitorinq aparan vətəndaş cəmiyyəti nümayəndələrinə maneçilik törətmək Azərbaycan Respublikası Konstitusiyasının 47-ci (fikir və ifadə azadlığı) və 50-ci (Məlumat azadlığı) maddələri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə, həmçinin “Məlumat azadlığı haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunları ilə ziddiyyət təşkil edir.
RATİ Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiq göstərən, onların yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozan şəxsləri cəzalandırmağa çağırır.
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ POLİS TƏRƏFİNDƏN SAXLANILIBLAR

Dünən (25 avqust) Sabirabad rayonunda monitorinq aparan “Kür” vətəndaş cəmiyyəti qərargahının üzvlərinə qarşı təzyiq faktı qeydə alınıb və onlar polis tərəfindən saxlanılıblar. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qərargahın koordinatoru Oqtay Gülalıyev məlumat verib.

O, bildirib ki, artıq bir aydır ki, fəlakət baş vermiş bölgədə dəymiş ziyanın alternativ qiymətləndirməsinin monitorinqini aparılır və artıq təxminən 2 min evdə bu proses həyata keçirilib. Rayonun icra və polis orqanları tərəfindən bir neçı gündür maneçiliklə rastlaşdıqlarını deyən Gülalıyev bildirdi ki, dünən vətəndaş cəmiyyəti nümayəndələri Mübariz Tağıyev və Şaban Əsgərov polislər tərəfindən saxlanılaraq Qaragüney polis bölməsinə aparılıblar. Həmçinin onlarla yerli icmanı təmsilçisi İlham Əmiraslanov da saxlanılıb. “Məni də polis bölməsinə dəvət etdilər və bizə monitorinq aparmamaqla bağlı xəbərdarlıq edildikdən sonra sərbəst buraxıldıq. Hətta rayonun ərazisindən çıxmağımızı da tələb edirlər. Lakin buna baxmayaraq, biz işimizi davam etdiririk” – deyən Gülalıyev vurğuladı ki, qiymətləndirmə aparan digər bir qrup da polis tərəfindən saxlanılaraq xəbərdarlıq edildikdən sonra sərbəst buraxılsa da, onları kəndlərə buraxmırlar. Oqtay Gülalıyev əlavə etdi ki, üzləşdikləri özbaşınalıqla bağlı Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına və QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət ediblər.
EYNULLA FƏTULLAYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İCLAS KEÇİRİLİB
Bu gün (26 avqust) Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin barəsində 06 iyul 2010-cu ildə Qarabağ rayon məhkəməsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

İclasda Eynulla Fətullayev, vəkilləri İsaxan Aşurov, Elçin Sadıqov və dövlət ittihamçısı qismində Məhərrəm Mustafayev iştirak edirdilər.

Vəkil İsaxan Aşurovun iclas zamanı E.Fətullayevin barmaqlıqlar arxasında deyil, vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatətini hakimlər kollegiyası təmin etdi.

Eynulla Fətullayev apellyasiya şikayətinə əlavələrini məhkəməyə təqdim etdi və əlavələr qəbul olundu.

Eynulla Fətullayev bildirdi ki, barəsində qaldırılmış cinayət işi üzrə Qaradağ rayon məhkəməsində baxılmış proseslərin protokolu ilə tanış olmaq istəsə də, ona şərait yaradılmayıb. Bu səbəbdən, həmin protokollarla tanış olmaq üçün vaxt verilməsi və protokola ediləcək dəyişikliklərin birinci instansiya məhkəməsinə göndərilməsi ilə bağlı vəsatət qaldırdı.

Hakimlər Camal Ramazanov və Sahibxan Hüseynovdan ibarət olan və hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiya tərkibi vəsatəti təmin edərək, protokolla tanış olmaq üçün 1 sentyabradək vaxt verdi.

Daha sonra Fətullayev son vaxtlar barəsində müxtəlif KİV-lərdə təhqiramiz və iftira dolu yazıların dərc olunmasını bildirdi. “Bununla bağlı monitorinq aparılıb və son 10 gündə haqqımda təhqir və böhtan xarakterli 300 yazı dərc olunub. Hesab edirəm ki, bütün bunların arxasında Azərbaycan hakimiyyəti və şəxsən prezident İlham Əliyev durur. Məqsəd isə məni azadlığa buraxmamaqdır. Çünki bilirlər ki, azadlığa çıxsam müstəqil mətbuatın nə olduğunu Azərbaycana göstərəcək və ictimai-siyasi proseslərə qoşulacağam” – deyən Fətullayev əlavə etdi ki, parlament seçkilərində namizədliyini irəli sürmək istəsə də, şəxsiyyət vəsiqəsi ala bilmir.

Hakim Mirpaşa Hüseynov bu məsələlərin apellyasiya şikayəti ilə əlaqəsinin olmadığını deyərək, ilkin baxış iclasının 2 sentyabr saat 10.30-da davam edəcəyini bildirdi.

Qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir. Eynulla Fətullayev bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır.

Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

          Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,589/lang,az/

RADİONUN AÇILMASI İLƏ BAĞLI İDDİA TƏMİN OLUNMADI
Bu gün (26 avqust) Səbayel Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın sədrliyi ilə regional radionun açılması üçün lisenziya verməkdən imtina etmiş Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddia üzrə keçirilən proses yekunlaşıb.

Hakim keçən məhkəmə prosesində iddiaçılar – “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi”nin həmtəsisçisi Rəsul Cəfərov və “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadə tərəfindən verilən vəsatətin təmin edilmədiyini elan etdi. İddiaçılar “Televiziya və radio yayımı haqqında” Qanunun 16-cı maddəsinin şərh edilməsi üçün məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinə sorğunun göndərilməsi ilə bağlı vəsatət vermişdilər.

Tərəflərin başqa vəsatətləri olmadığından onlar son çıxışlarını etdilər. İddialarını müdafiə edən Cəfərov və Ağazadə iddialarının tam şəkildə əsaslandırıldığını, MTRŞ-nın lisenziya verməkdən imtina etməsini onun inhisarçı qurum kimi çıxış etdiyini və bu işin Avropa Məhkəməsində onların xeyrinə həll ediləcəyinə əmin olduqlarını bildirdilər.

MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov isə iddianı əsassız hesab etdiyini, lisenziyaların verilməsi hüququnun onlara məxsus olduğunu bildirərək, hakimdən iddianın təmin olunmamasını xahiş etdi.

Hakim uzun sürən müşavirədən sonra iddianın təmin edilməməsi ilə bağlı qəbul etdiyi qərar elan etdi.

İddiaçıların RATİ-yə verdiyi məlumata görə, qərardan apellyasiya şikayəti veriləcək.

       Qeyd edək ki, iddiaçılar Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə MTRŞ-ya müraciət ediblər. MTRŞ kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir. İddiaçılar MTRŞ-nın hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş edirlər.

Video: http://www.irfs.az/content/view/4527/1/lang,az/

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/lang,az/
BAŞ REDAKTOR BAKI ŞƏHƏR PROKURORLUĞUNU MƏHKƏMƏYƏ VERİB
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğunu məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən jurnalistin vəkili Elçin Sadıqovun sözlərinə göeə, iddia ərizəsi Səbail rayon Məhkəməsinə göndərilib.

Vəkil vurğulayıb ki, Eynulla Fətullayevin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində ötən il dekabrın 29-da üzərindən heroin tapılandan sonra Bakı Şəhər Prokurorluğu onun narkotik vasitədən istifadə etməsi barədə rəsmi məlumat yayıb. “Jurnalist hesab edib ki, Bakı Şəhər Prokurorluğu məhkəmə hökmü olmadan onun barəsində narkotikdən istifadə etməsinə dair məlumat yaymaqla təqsirsizlik prezumpsiyasını pozub. O, bu məsələni narkotik işi üzrə Qaradağ rayon Məhkəməsində keçirilən məhkəmə zamanı qaldıraraq hüquqi qiymət verilməsini tələb etsə də, məhkəmə məsələyə hüquqi qiymət vermədiyi üçün Fətullayev Bakı Şəhər Prokurorluğunu məhkəməyə verib” – deyə E.Sadıqov əlavə edib ki, Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğunun ondan rəsmən üzr istəməsini və vurulmuş mənəvi zərərə görə Bakı şəhər Prokurorluğundan 1 (bir) manat alınaraq Qaradağ rayon Məhkəməsində narkotik işi üzrə prosesin hakimi olmuş İsmayıl Xəlilova ödənilməsini tələb edir.

Qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir. Eynulla Fətullayev bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır.

Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

          Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.




MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə