Press-reliZ 24 aprel 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 20.53 Kb.
tarix10.04.2016
ölçüsü20.53 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ

24 aprel 2009-cu il

Bakı, Azərbaycan


  • SƏYYARƏ HEYDƏROVA ACLIQ AKSİYASINI DAYANDIRDIĞINI ELAN ETDİ

  • JURNALİSTLƏRƏ QARŞI İRƏLİ SÜRÜLƏN İDDİA YENİDƏN İCRAATA GÖTÜRÜLMƏDİ

  • ALİ MƏHKƏMƏ BAŞ REDAKTOR BARƏSİNDƏ ÇIXARILMIŞ QƏRARLARI QÜVVƏDƏ SAXLADI



SƏYYARƏ HEYDƏROVA ACLIQ AKSİYASINI DAYANDIRDIĞINI ELAN ETDİ
Bu gün (24 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vətəndaş Səyyarə Heydərova öz barəsində Suraxanı rayon Məhkəməsində çıxarılmış qərarla bağlı mətbuat konfransı keçirdi. Tədbirdə çıxış edən S. Heydərova məhkəmənin qərarı ədalətsiz və sifarişlə çıxarıldığını bildirib və onu ləğv edilməsini tələb etib: “Mən, təqsirləndirilən şəxs, hökm elan olunan zaman məhkəmədə iştirak etmirdim və mənsiz hökm elan etmək qanunsuzdur”. Həmçinin S. Heydərova ona bəraət verilməsini istədiyini qeyd etdi.

17 gün əvvəl başladığı aclıq aksiyasını bu gün dayandırdığını elan edən S.Heydərova, buna səbəb kimi reanimasiya şöbəsində icbari qidalandırma zamanı həyatının təhlükə qarşısında olması ilə əlaqədar olduğunu bildirib.

Konfrans zamanı Heydərova münaqişəyə səbəb olan ərazidə tikilən binanın heç də Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi sərəncamda göstərildiyi kimi anbar olmadığını bildirərək, binanın Prezident Aparatının yüksək rütbəli məmurunun olmasını açıqladı. Məmurun adını açıqlamayan Heydərova məhkəmənin məhz həmin məmurun sifarişi əsasında qərəzli mövqe tutduğunu bildirdi.

Çıxışının sonunda S. Heydərova üzünü jurnalistlərə tutaraq bəraət alması üçün lazımi məbləğdə pulu toplamaqda ona yardımçı olmalarını xahiş etdi.

Qeyd edək ki, Səyyarə Heydərova Suraxanı Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıqda təqsirləndirilərək 3 il şərti cəza alıb.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,234/lang,az/

Video: http://www.irfs.az/content/view/2232/31/lang,az/
JURNALİSTLƏRƏ QARŞI İRƏLİ SÜRÜLƏN İDDİA YENİDƏN İCRAATA GÖTÜRÜLMƏDİ
Bu gün (24 aprel) Nərimanov rayon Məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə vətəndaş İrina Hüseynovanın, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və qəzetin əməkdaşı İntiqam Adiloğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147 və 148 maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. İclasda hakim S. Alıyeva, iddia ərizəsinin Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin (CPM) tələblərinə uyğun tərtib edilmədiyini bildirərək icraata götürməkdən imtina etdi.

Xatırladaq ki, iddiaya səbəb, “Xural” qəzetində dərc edilmiş “Ermənilər Bakıdan rədd olsun” başlıqlı məqalə olub. Belə ki vətəndaş İ. Hüseynova bu yazıda öz şərəf və ləyaqətinin təhqir edildiyini hesab edərək məhkəməyə müraciət etmişdir 

Onu da qeyd edək ki, iddiaçı İ. Hüseynova 14 aprel 2009-cu tarixində də eyni iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və iddia rədd edilmişdi.
ALİ MƏHKƏMƏ BAŞ REDAKTOR BARƏSİNDƏ ÇIXARILMIŞ QƏRARLARI QÜVVƏDƏ SAXLADI
 Bu gün (24 aprel) Ali Məhkəmədə hakim Aslan Kalbalıyevin sədrliyi ilə "Təhqiqat" qəzetinin baş redaktoru Yaqub Məğrurun, Yasamal Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılması ilə bağlı Bakı Apellyasiya məhkəməsinin qərarından verdiyi kasassiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Belə ki, sahibkar Eldar Məmmədəliyev, "Təhqiqat" qəzetinin 27 dekabr 2007-ci il tarixli sayında dərc edilmiş "Qara gədələrin Türkmənistan və Qazaxıstanda qara əməlləri" başlıqlı məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. E. Məmmədəliyev öz iddiasında qəzetinin baş redaktoru Y. Məğrurun 10000 AZN məbləğində cərimələnməsini və qəzetdə təkzib verməsini istəmişdir. Yasamal Rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevin sədrliyi ilə baxılan prosesdə iddianın qismən təmin edilməsi, yəni baş redaktorun 200 AZN məbləğində cərimələnməsi və qəzetin təkzib verməsi barədə qərar qəbul edilib. Bu qərarla razılaşmayan Y. Məğrur Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardan apelliyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Daha sonra baş redaktor Apellyasiya məhkəməsinin çıxardığı qərardan kassasiya şikayəti verib.

İşlə bağlı Ali Məhkəmə keçirilən bugünkü iclasda cavabdeh Y. Məğrur onun hüquqlarını müdafiə edənlər - “Media Hüququ İnstitutu” nun vəkili Elçin Sadıqov, vəkil Şaiq Hüseynov və baş redaktorun səlahiyyətli nümayəndəsi Anar Bayramov, iddiaçı tərəfdən isə Eldar Məmmədəliyevin özü iştirak edirdilər.

Prosesdə ilk çıxış edən vəkil Ş. Hüseynov, birinci instansiya məhkəməsinin işlə bağlı obyektiv qərar qəbul etmədiyini və iddiaçı E. Məmmədəliyevin yazının qəzetdə dərc edildikdən 4 ay sonra məhkəməyə müraciət etməsini qanunsuz olduğunu bildirib.

Vəkil E. Sadıqov isə öz növbəsində, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində söz azadlığına verilən dəyərləri əsas tutaraq hakimdən kasassiya şikayətini təmin etməyini xahiş etdi.

Cavabdeh, "Təhqiqat" qəzetinin baş redaktoru Y. Məğrur vəsatətlə çıxış edərək, iddiaçının yazıya görə hansı formada mənəvi ziyan çəkməsini dair məhkəməyə arayış təqdim etməsi və məhkəmənin E. Məmmədəliyevin Türkmənistan Respublikasında həbsdə olması barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilməsini xahiş etdi. Lakin hakim heç bir vəsatəti təmin etməyib.

Sonda hakim A. Kalbalıyev “Təhqiqat” qəzetinə qarşı çıxarılmış əvvəlki qəraların qüvvədə saxlanılması barədə qərar çıxarıb.

"Təhqiqat" qəzetinin baş redaktoru Y. Məğrur Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi açıqlamada məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini bildirib.



 

 *MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN



 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə