Press-reliZ 21 oktyabr 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 13.7 Kb.
tarix26.04.2016
ölçüsü13.7 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
21 oktyabr 2009-cu il

Bakı, Azərbaycan



  • NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ “GÜNDƏLİK BAKI” QƏZETİ ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR



NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
Bu gün (21 oktyabr) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Məryəm Məmmədova və Emil Məmmədovun “Tolişi – Sədo “ qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə çıxış edən cavabdeh 15 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Malik Şirməmmədov bildirib ki, Novruzəli Məmmədovun istər cəzaçəkmə müəssisəsində, istərsə də cərimə təcridxanasında saxlanma şəraitinin pis olması ilə bağlı səslənən fikirlərlə razı deyil. O, həmçinin qeyd edib ki, N. Məmmədov cərimə təcridxanasına salınma ilə bağlı qərarla razı olduğunu yazılı formada bildirib.

İddiaçıların vəkili Ramiz Məmmədov isə bildirib ki, cərimə təcridxanasında N.Məmmədovun eynəyi əlindən alınıb və qərarla razı olduğu ilə bağlı sənədə aldadılaraq qol çəkdirilib: “Novruzəli Məmmədova bildiriblər ki, bu, isti paltarla təmin olunmaq üçün rəisin adına yazılmış ərizədir. Novruzəli Məmmədov yalnız bundan sonra həmin ərizəni imzalayıb”.

Növbəti proses 22 oktyabr saat 15:30-a təyin edilib.

Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ “GÜNDƏLİK BAKI” QƏZETİ ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR
Dünən (20 oktyabr) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Bakı” qəzetinin şef-redaktoru Ədil Hüseynli məlumat verib.

Onun sözlərinə görə, prosesdə iddiaçının vəkili Muxtar Mustafayev iştirak etsə də cavabdeh tərəfin vəkilləri Zaur İbadov və Ceyhun Cəfərov iştirak etmədiklərinə görə hakim prosesi 29 oktyabr saat 09:30-a təyin edib.



Xatırladaq ki, A. Paşazadə "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixində dərc edilmiş "Cənubdakı narkotik marşrutu-2" adlı məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəməyə müraciət etmiş, qəzetin üzr istəməsini və təkzib verməsini tələb etmişdir.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə