Press-reliZ 19 Oktyabr 2010-cu IL Bakı, Azərbaycan




Yüklə 25.28 Kb.
tarix26.04.2016
ölçüsü25.28 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
19 Oktyabr 2010-cu il

Bakı, Azərbaycan


  • EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARA HÖKUMƏTDƏN REAKSİYA GƏLDİ

  • EYNULLA FƏTULLAYEV DƏRHAL AZAD EDİLMƏSİ TƏLƏBİ İLƏ ACLIQ AKSİYASINA BAŞLAYIB

  • VALİDEYNLƏRİ GƏNC BLOGÇULARLA GÖRÜŞÜB

  • MƏHKƏMƏ HÖKM OLMADAN ŞƏXSİ MƏHKUM HESAB EDİB

EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARA HÖKUMƏTDƏN REAKSİYA GƏLDİ
Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarına hökumətdən reaksiya gəldi. “Bu heç kəsdə, heç Azərbaycan hakimiyyətində də şübhə doğurmur ki, Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir” - deyə Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edən Xanlar Hacıyev “Azadlıq” radiosunun həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı suala cavabında qeyd edib.

Avropa Məhkəməsinin Yuxarı Palatası jurnalistin dərhal azad olunması və ona 28 min avro təzminat ödənilməsi ilə bağlı qərardan şikayətçi düşən Azərbaycan hökumətinin iddiasını bir neçə gün öncə rədd edib. Bununla da Avropa Məhkəməsi özünün birinci qərarını qüvvədə saxlayıb. Xanlar Hacıyev onu da qeyd edib ki, məhkəmə qərarı şərh edilə bilməz.

Bundan başqa Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli “Musavat” qəzetinə bildirib ki, adətən plenum rübdə bir dəfə çağırılır. Eynulla Fətullayevlə bağlı müraciətə də növbəti plenumda baxıla bilər. A. Məmmədli onu da əlavə edib ki, mühüm məsələlər olanda plenum tez, yəni vaxtından əvvəl də çağırıla bilər, amma adətən iki- üç aydan bir olur.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
 
  Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır
EYNULLA FƏTULLAYEV DƏRHAL AZAD EDİLMƏSİ TƏLƏBİ İLƏ ACLIQ AKSİYASINA BAŞLAYIB
Həbsdə olan jurnalist Eynulla Fətullayev 19 oktyabr səhər saatlarından etibarən aclıq aksiyasına başlayıb. Bu barədə bu gün (19 oktyabr )Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. O, qeyd edib ki, Eynulla Fətullayev açıq məktubla ədliyyə naziri Fikrət Məmmədova, Ali məhkəmənin sədri Ramiz Rzayevə, həmçinin Bakıda fəaliyyət göstərən beynəlxalq hüquq-müdafiə təşkilatlarına və diplomatik nümayəndəliklərə müraciət edib.

Fətullayev müraciətində bildirib ki, Azərbaycan hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə 22 aprel 2010-cu il tarixdə Avropa İnsan Haqları Məhkəməsi qərar verərək, Azərbaycanın da tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərində, habelə 10-cu maddədə təsbit olunmuş hüquqlarının pozulduğunu, eyni zamanda ifadə azadlığı hüququna hökumətin kobud müdaxiləsini müəyyən edib və dərhal azadlığa buraxılmağını tələb edib.

“Azərbaycan hökuməti bu qərardan Böyük Palataya şikayət etsə də, Böyük Palatanın Komitəsi 4 oktyabr 2010-cu il tarixli qərarı ilə işin Böyük Palataya verilməsi haqqında Azərbaycan Hökumətinin müraciətini rədd edib” –deyə müraciətdə qeyd olunub. “Sözügedən Konvensiyanın 44-cü maddəsinə görə, Avropa Məhkəməsinin çıxardığı qərar qətidir. Konvensiyanın 46-cı maddəsinə görə, qərarların razılığa gələn yüksək tərəflər üçün icrası məcburi səciyyə daşıdığından, mən qeyd-şərtsiz və dərhal azad olunmalıyam” – deyə Fətullayev vurğulayıb.

Müraciətdə jurnalist onu da bildirib ki, barəsində olan narkotik işi üzrə də müxtəlif hüquq pozuntularına yol verilib. “Barəmdə həbs-qətimkan tədbiri seçilməyib, Qaradağ rayon məhkəməsinin 6 iyul 2010-cu il tarixli hökmü isə qüvvəyə minməyib və eyni zamanda, Qaradağ rayon məhkəməsinin hakimi İsmayıl Xəlilov öz hökmündə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 30 oktyabr 2007-ci il tarixli hökmündən doğan hüquqi nəticələri tanımamaqla, Avropa İnsan Haqları Məhkəməsinin qərarını qismən icra etməklə mənim dərhal azad olunmağıma hüquqi zəmin yaratmış olur” – deyə Fətullayev bildirib.

Jurnalist müraciətin sonunda dərhal azad edilməyini tələb edib və bu məqsədlə aclıq aksiyasına başlayıb.

VALİDEYNLƏRİ GƏNC BLOGÇULARLA GÖRÜŞÜB
Ötən həftə valideynləri 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə bu gün (19 oktyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Adnan Hacızadənin atası Hikmət Hacızadə oğlunun saxlanma şəraitindən narazılıq etmədiyini və səhhətində heç bir problemin olmadığını bildirib.

Digər gənc bloqçu Emin Millinin (Abdullayev) anası Natella Abdullayeva da RATİ-yə 5 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu ilə görüşdüyünü bildirib.

           N.Abdullayeva gənc bloqçunun saxlanma şəraitindən şikayət etmədiyini, lakin sağlamlığında müəyyən  problemlərin olduğunu bildirib. 

            Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin  müəllifləri -  blogger Emin Milli və digər blogger  Adnan Hacızadə  08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.



MƏHKƏMƏ HÖKM OLMADAN ŞƏXSİ MƏHKUM HESAB EDİB
“Ali Məhkəmənin hakimi Yaşar Yusifov məhkəmənin hökmü olmadan məni məhkum hesab edib.” Bu barədə bu gün (19 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) 1- ci qrup Qarabağ əlili olan Məğrub Bədəlli məlumat verib.

“Mən “Azəriqaz” İB- nin məsul şəxsləri- keçmiş Bakıqazın keçmiş sədr müavini Zirəddin Bayramov və digərlərinə qarşı xüsusi ittiham qaydasında cinayət işi qaldırılması üçün məhkəməyə müraciət etmişdim. Birinci və apellyasiya instansiya məhkəmələri özümün iştirak etməməyimi əsas tutub cinayət işini başlamaqdan imtina ediblər. Bu qərardan kassasiya şikayəti vermişdim. Ali Məhkəmənin hakimi Şahin Yusifov 16.08.2010 tarixli qərarda məni məhkum kimi göstərib. Bu isə Konstitusiyanın 63- cü (“Təqsirsizlik prezumpsiyası ”), 46- cı maddənin (“Şərəf və ləyaqətin müdafiəsi hüququ”) və 60- ci maddənin (“Hüquq və Azadlıqların məhkəmə təminatı”) normalarına ziddir ”- deyə M. Bədəlli bildirib.

M. Bədəlli onu da əlavə edib ki, hakimin bu hərəkəti mənə mənəvi zərbə vurulub və hakim adına ləkə gətirib.

Qeyd edək ki, M. Bədəlli Ali Məhkəmənin hakimi Şahin Yusifova qarşı Xətai rayon məhkəməsində mülki iddia qaldırıb və cavabdehdən 25 min manat təzminat tutulmasını tələb edib.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə