Press-reliZ 14 aprel 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 29.81 Kb.
tarix10.04.2016
ölçüsü29.81 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ

14 aprel 2009-cu il

Bakı, Azərbaycan


İDEAL” QƏZETİN BAŞ REDAKTORU AZADLIĞA ÇIXDI


Aprel ayının 11-i “İdeal”  qəzetinin baş redaktoru Əli Həsənov cəza çəkdiyi 5 saylı cəzaçəkmə müəssisəsindən azad olunub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Əli Həsənov səhhətinin normal olduğunu bildirdi. Hazırda qarşıda duran əsas məsələ elmi fəaliyyətinin davam etdirmək olduğunu vurğulayan Ə.Həsənov əvvəlki işinə, yəni Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutuna bərpa olunmaq işləri ilə məşğul olduğunu bildirdi. “Altun Arık” adlı dastanını Azərbaycan dilinə tərcümə etdiyini bildirən baş redaktorun sözlərinə görə, bu tərcümənin Azərbaycan mədəniyyət tarixində ilk hadisə olduğunu əlavə etdi.

Jurnalist fəaliyyətinə gəlincə isə Ə. Həsənov ”İdeal” qəzetində nə işləmək, nə də qəzet ilə əməkdaşlıq etmək fikrində olmadığını bildirdi.

Xatırladaq ki, Ə. Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirli bilinərək 2008-ci il noyabr ayının 14-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
GÜNDƏLİK BAKI”-NIN VƏSATƏTİ TƏMİN OLUNDU
Dünən (13 aprel) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Bayram M” MMC-nin “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi iddiası əsasında məhkəmə prosesi keçirildi.

Qeyd edək ki, keçən məhkəmə prosesində cavabdeh tərəf iddiaya səbəb olan "Cənubdakı Narkotik Marşurutu" və "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələrin linqvistik ekspertizaya göndərilməsi ilə bağlı hakimə yazılı vəsatət təqdim etmişdi. Dünənki məhkəmə prosesində isə vəsatət təmin edildi, və məqalələr linqvistik ekspertizasına göndərildi.

Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə qəzetdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
BAŞ REDAKYORUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ
Dünən (13 aprel) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə çıxış edən iddiaçı tərəfin vəkili Rafiq Abdullayev bildirdi ki, yazılarla əlaqədar iş məhkəmədə olmasına baxmayaraq”Gündəlik Bakı” qəzetində Ramazan Zeynalov haqqında məqalələrin çap olunması davam edilir.

Habil Vəliyev bu sözləri yalan olduğunu söylədi və iddia ərizəsini əsassız olduğunu bildirdi.

Sonra “Gündəlik Bakı” qəzetinin vəkili və nümayəndəsi Zaur İbrahimov yazılı şəkildə çıxış etmək istədiyini bildirdi və buna görə də hakimdən vaxt istədi.

Hakim nümayəndənin xahişini nəzərə alaraq, məhkəmə prosesini 15 aprel saat 17:00–a təyin etdi.

Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.


ELÇİN BEHBUDOV PREZİDENTƏ MÜRACİƏT ETDİ
Dünən (13 aprel) İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Behbudov özü verib.

Məktubda “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin həbsdən azad olunmasında göstərdiyi xüsusi səyə görə prezidentə dərin minnətdarlıq bildirən hüquq müdafiəçisi bu kimi humanitar addımların davamlı olacağına inamını və onun digər həbsdə saxlanılan jurnalistlərə, xüsusən də Eynulla Fətullayev və Qənimət Zahidə (Zahidov) şamil olunacağına ümid etdiyini bildirib.

Müraciətdə “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovun adının qeyd olunmaması isə bağlı sualımıza E.Behbudov ”İndi əsas məsələ baş redaktorların azad olmasıdır. Sonra isə təbii ki, M.Hüseynov da həbsdən azad olunacaq” - deyə cavab verib.
BİZİM YOL” QƏZETİNİN SATIŞINA QADAĞA QOYULDUĞU İDDİA EDİLİR
Dünən (13 aprel) “Bizim Yol” qəzetinin bütün nüsxələri Masallıda satışdan yığışdırılıb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Bahəddin Həziyev verib. Onun sözlərinə görə, buna səbəb qəzetin dünənki sayında dərc olunan “Əlillər üçün tikilmiş mənzilləri pula satırlar” başlıqlı məqaləsi olub. B.Həziyev qəzetin nüsxələrinin Masallı rayon İcra Hakimiyyəti tərəfindən yığışdırılmasını ehtimal etdiyini bildirdi.

Məsələyə aydınlıq gətirmək üçün Masallı rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seyfəddin Əliyevlə əlaqə saxladıq. O, “Bizim Yol” qəzetini köşklərdən yığışdırılması barədə məlumatı təkzib edərək, belə bir halın baş vermədiyini qeyd etdi. S.Əliyevin bildirdiyinə görə, “Azərmətbuat yayımı” və “Qaya” mətbuat yayımı tərəfindən Masallı rayonuna bir çox qəzetlər gətirilir. “Bizim Yol“ qəzetinin dünənki  nüsxəsi isə az sayda gətirilib: “Ona görə də qəzetin satışdan yığışdırıldığı barədə təəssürat yaranır”.

Masallı rayonun “Azərmətbuat yayım”-ın mətbuat şöbəsinin rəisi Əbülfəz Nuriyev isə RATİ-yə bildirib ki, Azərmətbuat yayım” ancaq qəzetlərin yayımı ilə məşğul olur və bu şirkətin hansısa qəzetin satışına mane olmağa heç bir ixtiyarı yoxdur: “Bu qanuna ziddir. “Bizim yol “qəzetinin dünənki və bugünkü sayı həmişə olduğu kimi satışdadır”.
RATİ-NİN ƏMƏKDAŞI MƏHKƏMƏ ZALINA BURAXILMADI

Bu gün (14 aprel) Suraxanı rayon Məhkəməsində hakim Nürəddin Mustafayevin sədrliyi ilə vətəndaş Səyyarə Heydərovaya qarşı CM 221.1 maddəsi (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə başlanmış cinayət işi ilə bağlı məhkəmə prosesi keçirildi.

Prosesdə zərərçəkmiş şəxslər Rəsulov Davud, Babayev Alim və Əsgərov Ələskər ifadə verdilər. Digər zərərçəkmiş şəxs Əsgərov Yaşar 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə məhkəmədə iştirak etmirdi.

Növbəti məhkəmə prosesi 21 aprel saat 12-00-a təyin edildi.

Onu da qeyd edək ki, hakim N.Mustafayevin tapşırığı ilə polis nəfərləri Reportyorların Azadlıq və Təhlükəsizlik institutunun (RATİ) əməkdaşını məhkəmə zalına buraxmayıblar.

Xatırladaq ki, vətəndaş S. Heydərova dörd kişini döyülməsində şərlənərək həbs olunmuşdur və hal-hazırda azadlıqdadır.



VƏKİLİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB
Bu gün (14 aprel) vəkil İsaxan Aşurov 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Realnıy Azərbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil İsaxan Aşurovun özü verib. İ.Aşurovun sözlərinə görə, baş reaktorun səhhəti yaxşıdır və heç bir şikayəti yoxdur.

Vəkilin sözlərinə görə, E. Fətullayevi narahat edən ancaq Avropa Məhkəməsi tərəfindən Azərbaycan dövlətinin sorğuya cavabının surətini göndərilməməsidir: “Biz bu işlə əlaqədar bir sıra müzakirələr apardıq”, İ. Aşurov deyə bildirdi.

Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 20-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

DAY.AZ RADİO” ÖZ FƏALİYYƏTİNİ BƏRPA ETDİ


Bu gün (14 aprel) saat 12:00-dan etibarən “Day.Az Radio” öz fəaliyyətini bərpa edib. Bu barədə məlumat “Day.Az” saytında yerləşdirilib. Məlumata əsasən radio öz fəaliyyətini 16 kb/s, 32 kb/s, 64 kb/s, 128 kb/s internet sürətlərində yayımlanacaq. Bu yenilik internetin sürətindən asılı olmayaraq, hətta sürəti zəif olduqda belə radionu asanlıqla dinləmək imkan verəcək.

Radionun əsas məqsədi Azərbaycan tarixini, mədəniyyətini dünyaya çatdırmaq və təşviqatını aparmaqdı.

Məlumata əsasən, xəbərlər servisi hər saat sonunda efirə çıxaraq dünyada və Azərbaycanda baş verən ən son və mühüm hadisələri barədə məlumat yayacaq.

Məlumatını dəqiqləşdirmək üçün “Day.Az”-la əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.



*MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə