Press-reliZ 12 avqust 2011-ci IL Bakı, Azərbaycan




Yüklə 31.74 Kb.
tarix13.04.2016
ölçüsü31.74 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
12 avqust 2011-ci il

Bakı, Azərbaycan


  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI

  • İSLAMAZERİ.AZ İNTERNET QƏZETİNİN BAŞ REDAKTORU NARKOTİK VƏ QANUNSUZ SİLAH SAXLAMA İTTİHAMI İLƏ HƏBS EDİLİB

  • SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTUNUN OFİSİ ƏŞYALARI İLƏ BİRGƏ YERLƏ YEKSAN EDİLDİ

  • HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ DAVAM EDİR

  • CABBAR SAVALANLI 10 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ


REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) avqustun 11-də axşam saatlarında

Sülh və Demokratiya İnstitutunun Şəmsi Bədəlbəyli küçəsi 38 ünvanında yerləşən ofisinin sökülməsi zamanı jurnalistlərə qarşı zorakılıq edilməsini qətiyyətlə pisləyir.


Qeyd edək ki, söküntü işlərinə nəzarət edən Dövlət Əmlak Komitəsinin əməkdaşı Yusif Qəmbərov jurnalistlərə təzyiq edib. Konkret olaraq o “Azadlıq” radiosu üçün çəkiliş aparan Turxan Qarışqanı (Kərimovu) itələyib və onu təhqir edib, habelə “Ayna-Zerkalo” qəzetləri və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovu təhqir etməklə bərabər ona fiziki zor da tətbiq edib. Nəticədə jurnalist sağ qolundan xəsarət alıb. Y.Qəmbərov İ.Abbasovun ərazidə foto çəkiliş aparmasına mane olub. Ondan RATİ-yə məxsua Nikon D-7000 markalı professional fotoaparatını almağa cəhd edib. Jurnalist hadisə ilə bağlı dərhal polisə rəsmi qaydada şikayət edib və bu gün məhkəmə tibbi ekspertizasından da keçib.
RATİ Azərbaycan hökumətini jurnalistlərin üzləşdiyi son zorakılıqla bağlı ciddi tədbir görməyə, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olan şəxs barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət işini başlamağa və təqsirkarı cəzalandırmağa çağırır.

İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI
İnsan Hüquqları Klubu (İHK) dünən (11 avqust) Sülh və Demokratiya İnstitutunun (SDİ) ofisinin sökülməsini kəskin şəkildə qınayır və bunu hakimiyyətin həm mülkiyyət hüququna, həm də hüquq müdafiə işinə neqativ münasibəti kimi qiymətləndirir.
Dünən saat 20.30 radələrindən başlayaraq 40 dəqiqə ərzində tanınmış hüquq müdafiəçisi Leyla Yunusun rəhbərlik etdiyi SDİ-nun, eyni zamanda daha iki QHT - Qadın Krizis Mərkəzi və Minaların Qadağan Edilməsi üzrə Azərbaycan Kampaniyasının yerləşdiyi ofis sökülüb. Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun şəxsi mülkiyyətində olan və Şəmsi Bədlbəyli 38 ünvanında yerləşən 112 kv. metrlik evin sökülməsi nəticəsində nəinki ev, həmçinin ofislərdə olan kompüterlər, mebel, kitabxana, sənədlər məhv edilib. Ofisdə olan SDİ-nun 2 əməkdaşının ofisdən əşyaların çıxarılmasına imkan verilməyib.
İHK bəyan edir ki, məhkəmə qərarı olmadan evin sökülməsi Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunlarının nəinki pozulması, bu qanunlara birmənalı hörmətsizliyin göstəricisidir. 2011-ci il iyulun əvvəlində İnzibati-İqtisadi Məhkəmə məhkəmə qərarı olmadan evin sökülməsinin yolverilməzliyi barədə qətnamə çıxarsa da, bu qətnaməyə də məhəl qoyulmayıb.
İHK hesab edir ki, ofisdə SDİ-nın 2 əməkdaşının əşyaların çıxarılması üçün vaxt istəməsi xahişinə məhəl qoyulmaması və nəticədə ofisdə olan bütün iş avadanlıqlarının, əşyaların, sənədlərin məhv edilməsi ofisdə SDİ-nun və onun rəhbəri Leyla Yunusun prinsipial hüquq müdafiə mövqeyi ilə bağlıdır. Belə ki, SDİ və Leyla Yunus son dövrlərdə məhz vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi üzrə aktiv fəaliyyət göstərib.
İHK Azərbaycan hakimiyyətini bu cür mövqe sərgiləməkdən çəkinməyi və mülkiyyət hüququna hörmətlə yanaşmağı tələb edir. İHK beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa və Azərbaycan hakimiyyətinə mülkiyyət hüquqlarına hörmət etməsi üçün təsir göstərməyə çağırır.

İSLAMAZERİ.AZ İNTERNET QƏZETİNİN BAŞ REDAKTORU NARKOTİK VƏ QANUNSUZ SİLAH SAXLAMA İTTİHAMI İLƏ HƏBS EDİLİB

Avqustun 11-də saat 15:30 radələrində islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov “Nizami” metrosunun yaxınlığından 4 mülkü geyimli şəxslər tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparılıb. Bu barədə bu gün (12 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun hüquqlarını müdafiə edən vəkil Elçin Namazov məlumat verib.

Vəkili Elçin Namazov bildirdi ki, Ramin Bayramovu dünən günorta saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2-ci bölməsinin əməkdaşları aparıblar: “Baş redaktorla görüşəndə, o bildirdi k, orada cibinə narkotik qoyulsa da, narkotiki cibindən çıxarıb atmağa müvəffəq olub. Ancaq yenidən həmin narkotik zorla R. Bayramovun cibinə qoyulub və sənədləşdirib. Daha sonra onun Xırdalan şəhərində yerləşən mənzilinə baxış keçirilib. Raminin evinə bir ədəd tapança, 2 ədəd “F-1” qumbara qoyub sonra çıxardıblar. Protokol saxtalaşdırıldı. Bizim etirazlarımız qeyd olunmadı”, - deyə bildirən vəkil əlavə etdi ki, bu gün müstəntiq Cavid Quluzadə ilə danışıb və müstəntiq ona işin tezliklə prokurorluğa göndəriləcəyini bildirib.

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTUNUN OFİSİ ƏŞYALARI İLƏ BİRGƏ YERLƏ YEKSAN EDİLDİ
Sülh və Demokratiya İnstitutunun Şəmsi Bədəlbəyli küçəsi 38 ünvanında yerləşən ofisi avqustun 11-də axşam saatlarında içindəki avadanlıqlar çıxarılmadan söküldü. 
 

Hadisə yerində olan Obyektiv TV əməkdaşlarının müşahidələrinə görə, polis və xeyli sayda mülki şəxsin nəzarəti altında söküntü bir neçə gənc fəhlə və ağır texnikanın köməkliyi ilə aparılıb. Habelə ofisdən yalnız bir-neçə stul və 2 ədəd Bakı istehsalı olan kondisioner salamat çıxarılaraq kənarda qoyulub. Amma ofisin mebeli, sənədlər, seyf, kompyuterlərin hamısı içəridə saxlanılsa da ekskavatorla ofis yerlə yeksan edilib.  

 

Qeyd edək ki, söküntü işlərinə nəzarət edən Dövlət Əmlak Komitəsinin əməkdaşı Yusif Qəmbərov jurnalistlərə təzyiq edib. Konkret olaraq o “Azadlıq” radiosu üçün çəkiliş aparan Turxan Qarışqanı (Kərimovu) itələyib və onu təhqir edib, habelə “Ayna-Zerkalo” qəzetləri və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasova təhqir etməklə bərabər ona fiziki zor da tətbiq edib. Nəticədə jurnalist sağ qolundan xəsarət alıb. Y.Qəmbərov İ.Abbasovun ərazidə foto çəkiliş aparmasına mane olub. Ondan RATİ-yə məxsua Nikon D-7000 markalı professional fotoaparatını almağa cəhd edib. Jurnalist hadisə ilə bağlı dərhal polisə rəsmi qaydada şikayət edib və bu gün məhkəmə tibbi ekspertizasından da keçib.



Belə ki, Sülh və Demokratiya institutunun rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunusla xaricdə ezamiyyətdədirlər. Onlar bir müddət bundan əvvəl ofisin sökülməsi ilə bağlı məhkəmə qərarın icraatının dayandırıldığı açıqlamışdılar.

Xatırladaq ki, bir müddətdir ki, “Qış Parkı”nın salınması ilə əlaqədər Şəmsi Bədəlbəyli küçəsindəki evlərin söküntüsünə başlanıb. İşi dövlət qurumlarından ibarət köçürmə komissiyası həyata keçirdir.

Amma bəzi sakinlər, o cümlədən də Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan Sülh və Demokratiya İnstitutu bu ərazidə yerləşən mülkiyyətindən çıxmaq istəmirdi. Sakinlər rəsmilərin təklif etdikləri kompensasiyanın onların əmlakının dəyərindən az olduğunu iddia edərək, mülklərini tərk etməkdən imtina edirlər.

HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ DAVAM EDİR

Avqustun 11-də 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Rəna Hüseynovanın sədrliyi ilə hüquq müdafiəçisi Emin Hüseynovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinə qarşı dövlət orqanın hərəkətinin qanunsuz hesab olunması, ayrı-seçkiliyin qadağan olunması və maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə çıxış edən iddiaçı Hüseynov Emin Rafik oğlu bildirdi ki, Gömrük Komitəsinin əməkdaşları onun əşyalarını qanunsuz olaraq götürüblər, ona qarşı ayrı-seçkilik ediblər və heç bir əsas olmadan köhnə videokameraları təzə adı ilə qiymətləndirərək yüksək məbləğdə gömrük rüsumu müəyyən ediblər.

İddiaçının nümayəndəsi Günay İsmayılova isə bildirib ki, iddiaçının qanunla müəyyən edilmiş 1000 ABŞ dolları məbləğində olan əşyasının ölkəyə buraxılmasına mane olaraq Gömrük Komitəsi qanunvericiliyi pozmuşdur.

G. İsmayılova onu da əlavə etdi ki, qanunvericilikdə nəzərdə tutulub ki, ölkəyə buraxılmayan əşyaları şəxs özü ilə xaricə apara bilər, lakin Gömrük Komitəsi iddiaçıya rəsmi sənəd vermədiyindən iddiaçı bu hüququndan da məhrum edilib.

Hakim növbəti prosesi 5 oktyabr saat 15:00-a təyin edib.

  Xatırladaq ki,   hüquq müdafiəçisini fevralın 1-də Dubaydan Azərbaycana qayıdarkən gömrükdə  3 saat ac-susuz saxlayıblar və ondan 2 ədəd mobil telefon, iki ədəd televizor, maşın üçün bir neçə lampa və maşın maqnitolasını, eləcə də iki ədəd işlənmiş kameranı müsadirə edərək götürüblər. Bununla bağlı hüquq müdafiəçisi məhkəməyə müraciət edib.

CABBAR SAVALANLI 10 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Gənc fəal, AXCP Gənclər təşkilatının həbsdə olan üzvü Cabbar Savalanlı saxlanıldığı Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasından 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə bu gün (12 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) C. Savalanlının vəkili Anar Qasımov məlumat verib.

Vəkil A. Qasımov bildirdi ki, dünən cəzaçəkmə müəssisəsində Cabbar Savalanlı ilə görüşüb və gənc fəal ona vəziyyətinin normal olduğunu bildirib.

Anar Qasımov qeyd etdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti hazırlanıb və şikayət gələn həftə Ali Məhkəməyə təqdim ediləcək.

Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib. 26 iyul 2011-ci il tarixdə isə Sumqayıt Apellyasiya Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılması barədə qərar verib.

             Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

24 SAAT AKTİV OLAN QAYNAR XƏTT: +994 12 408 75 30

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə