Press-reliZ 10 iyun 2010-cu IL Bakı, Azərbaycan




Yüklə 32.04 Kb.
tarix27.04.2016
ölçüsü32.04 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
10 iyun 2010-cu il

Bakı, Azərbaycan


  • BAKININ MƏRKƏZİ KÜÇƏLƏRİNDƏ SƏYYAR QƏZET SATIŞINA QADAĞA QOYULUB

  • MƏHKƏMƏ SƏYYAR QƏZET SATICISINA XƏBƏRDARLIQ ETDİ

  • HAKİM JURNALİSTLƏRİ VƏ MÜŞAHİDƏÇİLƏRİ AÇIQ MƏHKƏMƏ İCLASINA BURAXMAYIB

  • ATƏT-İN MƏTBUAT AZADLIĞI ÜZRƏ NÜMAYƏNDƏSİ JURNALİSTLƏRİN QƏTLƏ YETİRİLMƏSİNİ VƏ HƏBS OLUNMASINI PİSLƏYİR

  • TURAN SERVİS” MMC-NİN RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ  

  • DEMOKRATİYAYA MİLLİ DƏSTƏK FONDU (NED) FELLOWSHIP PROQRAMINA MÜSABİQƏ ELAN EDİB



BAKININ MƏRKƏZİ KÜÇƏLƏRDƏ SƏYYAR QƏZET SATIŞINA QADAĞA QOYULUB
Bakı şəhərinin mərkəzi küçələrində - Səbail, Nərimanov və Nəsimi rayon ərazilərində bir neçə gündür ki, səyyar qəzet satışına məhdudiyyətlər qoyulub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən “Yeni Müsavat” qəzetinin satış direktoru Ələsgər Məmmədlinin sözlərinə görə, bu ərazilərdə əlyayımı və digər yayım firmalarının səyyar satışla (stellac vasitəsilə) məşğul olan obyektlər polis əməkdaşları tərəfindən yığışdırılır. “Rayon icra hakimiyyəti orqanları tərəfindən qoyulmuş bu qadağanı belə izah edirlər ki, guya bu satış nöqtələri şəhərin estetik gözəlliyinə xələl gətirir. Həmçinin bildirirlər ki, küçə ticarəti antisanitariya vəziyyəti yaradır. Ərzaq məhsullarının satışında antisanitariya vəziyyətinin yaranması başadüşülən olsa da, bu məsələnin qəzet satışına heç bir aidiyyəti yoxdur. Ancaq buna baxmayaraq, digər küçə ticarətinə qoyulan qadağa qəzet yayımına da şamil olunur” – deyən Ə.Məmmədli vurğuladı ki, onsuz da yay mövsümü ilə əlaqədar azalan satışa, qadağa daha da mənfi təsir göstərməkdədir.

Səbail rayonu ərazisində - Nizami küçəsində və “Fəvvarələr” meydanında qəzet satışı ilə məşğul olan Rəcəb Cəfərov və və Mehman Əlyarov da RATİ-yə bildiriblər ki, artıq 1 həftədən çoxdur ki, onlara satış aparmağa icazə verilmir. “15 ildir ki, bu ərazidə qanuni ticarətlə məşğul oluruq. Ancaq indi polis əməkdaşları bildirilər ki, qanunsuz ticarətlə məşğul olursunuz” – deyən fərdi sahibkarlar əlavə etdilər ki, polis əməkdaşları tapşırığın Səbail rayon polis İdarəsinin rəisi tərəfindən verildiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov RATİ-yə bildirib ki, bu addımlar küçə ticarətinin qarşısının alınmasına yönəlib. “Polis ticarətə nəzarət edən qurum deyil, sadəcə qanunsuz ticarətin qarşısını alır” – deyə Ehsan Zahidov bu addımı atmaq üçün hansı dövlət qurumundan müraciət edildiyi söyləmədi. “Qəzet satışı ilə məşğul olan fərdi sahibkarlar qanunvericiliyə uyğun və müvafiq lisenziya ilə fəaliyyət göstərdikləri halda, polis niyə onlara imkan vermir?” – sualımıza cavab olaraq E.Zahidov, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyimizi məsləhət gördü.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova RATİ-yə bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur və o, məsələni araşdıracağını deyib.

Qeyd edək ki, dünən (9 iyun) Mətbuat Şurasında bu məsələ müzakirə olunub və problemi araşdırmaq üçün işçi qrup yaradılıb.
MƏHKƏMƏ SƏYYAR QƏZET SATICISINA XƏBƏRDARLIQ ETDİ

Dünən Bakı şəhərinin mərkəzində səyyar qəzet satışı ilə məşğul olan səyyar  yayımçı Arif Əsgər Səbael rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. RATİ-nin qaynar xəttinə daxil olan ilkin məlumata görə,  Əsgərov polisə tabe olmamaqda ittiham edilərək Səbael rayon Məhkəməsinə aparılmışdı.

Dərhal hadisə yerinə gedən RATİ-nin operativ araşdırmaçı qrupu həqiqətən Əsgərovun  səyyar qəzet satışı zamanı polis tərəfindən saxlanıldığı və onun məhkəməyə təhvil verildiyinin şahidi olublar. RATİ əməkdaşları məhkəmə binasına buraxılmayıblar. Buna baxmayaraq  Əsgırov qısa müddətə sərbıst buraxılıb.

Əsgərov bildirdi ki, hakim şifahi xəbərdarlıq edəndən sonra onu sərbəst buraxıb.



HAKİM JURNALİSTLƏRİ VƏ MÜŞAHİDƏÇİLƏRİ AÇIQ MƏHKƏMƏ İCLASINA BURAXMAYIB

Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bektaşi jurnalistləri və müşahidəçilərin, o cümlədən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşına açıq məhkəmə iclasında iştirak etməsinə icazə verməyib. Belə ki, bu gün (10 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Səadət Bektaşinin sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlovun Nəsimi rayon Məhkəməsinin  5 aprel tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Hakim müşahidəçiləri və media nümayəndələrini heç bir əsas olmadan açıq keçirilən məhkəmə prosesindən kənarlaşdırıb. Prosesdən sonra RATİ-yə məlumat verən E.Bədəlov bildirib ki, Təhsil Nazirliyinin nümayəndəsi iclasda iştirak etmədiyinə görə, hakim iclası 24 iyun saat 16.20-dək təxirə salıb.

Qeyd edək ki, jurnalistləri və müşahidəçiləri açıq keçirilən məhkəmə iclasından kənarlaşdırdığına görə, RATİ hakim barəsində Məhkəmə Hüquq Şurasının sədrinə şikayət edib.

Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək, pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb.


ATƏT-İN MƏTBUAT AZADLIĞI ÜZRƏ NÜMAYƏNDƏSİ JURNALİSTLƏRİN QƏTLƏ YETİRİLMƏSİNİ VƏ HƏBS OLUNMASINI PİSLƏYİR


 Dünən (9 iyun) ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ABŞ Helsinki Komissiyasında çıxış edərək hökumətləri jurnalistlərə qarşı zorakılığı dayandırmağa, həbsdəki jurnalistləri azad etməyə və internetlə bağlı mətbuat azadlığını daha yaxşı müdafiə etməyə çağırıb. “Jurnalistlərə qarşı zorakılığın və diffamasiya və başqa jurnalistlik səhvlərinə görə həbs olunmanın jurnalistika üzərində hədələyici təhlükəsi var” deyə Miyatoviç bildirib. Miyatoviç Azərbaycan, Xorvatiya, Qırğızıstan, Monteneqro, Rusiya Federasiyası, Serbiya, Türkiyə və Ukraynada jurnalistlərin qətlə yetirilməsini pisləyib. O həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan daxil olmaqla ATƏT üzvü olan bəzi dövlətlərdə jurnalistlərin həbs olunmasını da tənqid edib.  

TURAN SERVİS” MMC-NİN RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ  

      Bu gün (10 iyun) Bakı Apelyasiya Məhkəməsində hakim Səadət Bəktaşinin sədrliyi ilə “Turan Servis” MMC-nin  direktoru Samir İsmayılovun  Vergilər Nazirliyinə və Bakı Şəhər Vergilər Departamentinə qarşı qaldırdığı iddiaya əsasən 1 saylı Bakı İqtisad Məhkəməsinin 29 may 2009- cu il tarixində çıxardığı qətnamədən verdiyi  apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

      Prosesdə  iddiaçının vəkili Elçin Sadıqov çıxış edərək bildirdi ki, Səyyar vergi yoxlaması 30 iş günü müddətində aparılmalıdır. Lakin onlar bu  müddət bitdikdən sonra da səyyar yoxlama aparmağa davam etmişlər.  E. Sadıqov səyyar yoxlama aparılmasının qanunsuz olduğunu bildirdi və məhkəmədən xahiş etdi ki, onların şikayəti təmin edilsin, vəkilin tutulması üçün çəkilən xərclər cavabdeh tərəfindən ödənilsin.

      Hakim S. Bəktaşi  1 saylı İqtisad Məhkəməsinin 29 may 2009-cu il tarixli qərarını qüvvədə saxlayaraq, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar verdi.

      Xatırladaq ki, iddiaçı “Turan Servis” Şirkətinin Bakı şəhər VD-inə qarşı Səyyar vergi yoxlamasının keçirilməsi barədə 0801020031979300 №-li bildirişin, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 07.07.3008-ci il tarixli 08000100148398 №-li qərarın, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın müddətinin uzadılması haqqında olan 17.09.2008-ci il tarixli 08001700692341 №-li qərarın, Səyyar vergi yoxlaması haqqında 18.09.2008-ci il tarixli 08000102683297 №0-li AKT-ın etibarsız hesab edilərək ləğv edilməsi, iddiaçıdan tutulmuş 972 manat 54 qəpik pul məbləğinin ona geri qaytarılması, vurulmuş maddi zərərə görə iddiaçıya 7000 manat, iddiaçının çəkdiyi məhkəmə xərclərinə görə 2000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, icranın dayandırılması barədə məhkəmə qərardadı olduğu halda cavabdehin iddiaçının bank hesablarına yeni sərəncamlar qoyması və iddiaçının hesabından pul sildirməsinin qanunsuz hesab olunmağını tələb edir. 29 may 2009-cu ildə 1 saylı Bakı İqtisad Məhkəməsi  qismən təmin edilməsi barədə qərar çıxarılıb.  



DEMOKRATİYAYA MİLLİ  DƏSTƏK FONDU (NED) FELLOWSHIP PROQRAMINA MÜSABİQƏ ELAN EDİB

Demokratiyaya Milli Dəstək Fondunun (NED) Reagan-Fascell Democracy Fellows Proqramı 2010-2011-ci illər üçün Fellowship proqramlarına ərizə qəbulu elan edir. Proqram demokratik fəallara, təcrübə keçən tələbələrə, alimlərə və jurnalistlərə demokratiya anlayışı ilə bağlı biliklərinin dərinləşdirilməsində və demokratik dəyişikliklərin inkişaf etdirilməsində imkan yaradır. Beynəlxalq mübadilələrə həsr olunmuş beş aylıq proqram gənclərə öz təcrübələrini və həyat biliklərini nəzərdən keçirmək, tədqiqat aparımaq, fikir mübadilələri etmək, və qlobal şəbəkə vasitəsilə peşəkar əlaqələri inkişaf etdirmək üçün şərait yaradır.

Proqram əsasən demokratik baxımdan inkişaf etməkdə olan ölkələrin tələbələri üçün nəzərdə tutulsa da, demokratiyanın inkişaf etdiyi ölkələrdən də tanınmış jurnalistlər, alimlər və tədqiqatçılar müraciət edə bilərlər.  

İngilis dilini bilmək tələb olunur. Qəbul olunmuş şəxslər aylıq təqaüd, tibbi sığorta, yol xərclərinə yardım və tədqiqat üçün dəstək alacaqlar. Proqram peşəkar təlimləri, təbii və social elmləri və ya dərəcə almaq istiqamətində işləyən tələbələri maliyyələşdirməyəcək.

Proqram 2 beş aylıq sessiyadan ibarətdir. 2011-2012-ci illər, 1 Oktyabr, 2011- 28 Fevral, 2012 (Payız 2010) və 1 Mart - 31 İyun, 2012 (yaz sessiyası). 

Son tarix: 1 Noyabr, 2010-cu il, bazar ertəsi. Əlavə informasiya və ərizə doldurma üçün http://www.ned.org/fellowships/reagan-fascell-democracy-fellows-program linkinə müraciət edin.

Ərizələr 2010-cu il, avqustun 1-dən etibarən onlayn ərizə sistemi http://fellowships.ned.org. vasitəsilə qəbul ediləcək.

 


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə