Press-reliZ 08 sentyabr 2010-cu IL Bakı, Azərbaycan




Yüklə 20.95 Kb.
tarix21.04.2016
ölçüsü20.95 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
08 sentyabr 2010-cu il

Bakı, Azərbaycan



  • JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ MƏRHUM JURNALİSTLƏRİN MƏZARLARINI YAD ETMƏKLƏ QEYD EDİLDİ

  • ƏLÖVSƏT OSMANLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

  • BAKIDA İNSAN HÜQUQLARI MÖVZUSUNDA FOTO SƏRGİSİ AÇILIB

  • JURNALİSTLƏR ÜÇÜN SEÇKİLƏRƏ DAİR TƏLİM KEÇİRİLİB


JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ MƏRHUM JURNALİSTLƏRİN MƏZARLARINI YAD ETMƏKLƏ QEYD EDİLDİ

Sentyabrın 8-də Jurnalistlərin Beynəlxalq Həmrəylik günü münasibətlə bir qrup jurnalist və qeyri-hökümət təşkilatı nümayəndəsi "Monitor"  jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun və Azərbaycanda müstəqil jurnalistikanın banisi, "Azadlıq" qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun məzarını ziyarət etdilər.

Mərasimdə iştirak edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlinskiy, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstutunun direktoru Emin Hüseynov, hərbi jurnalist Üzeyir Cəfərov, “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin sədri Lətafət Məlikova, jurnalist Tapdıq Fərhadoğlu və digərləri çıxışlarında jurnalist həmrəyliyindən söz açıblar. Çıxış edənlər Azərbaycan mediasının mövcud problemlərinin həlli üçün jurnalist həmrəyliyinə ehtiyac duyulduğunu vurğulayıblar.

Jurnalistlərin Beynəlxalq Həmrəylik günü 1958-ci ildən 1943-cü il sentyabrın 8-də asılmış çex jurnalisti antifaşist Yulius Fuçikin şərəfinə qeyd edilir.

FOTO: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,611/lang,az/

ƏLÖVSƏT OSMANLININ APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI
Bu gün (08 sentyabr) Bakı Apellyasiya məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə təhsil üzrə ekspert Əlövsət Osmanlının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.
Təhsil Problemləri İnstitutunun (TPİ) nümayəndəsi səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak etmirdi.

Əlövsət Osmanlının vəkili İsaxan Aşurov bildirdi ki, nümayəndənin məhkəmə prosesində iştirakı vacibdir və məhkəmə onun iştirakı olmadan keçirilə bilməz.


Buna görə də hakim prosesi təxirə saldı və növbəti prosesi 22 sentyabr saat 16:00- a təyin etdi.
Qeyd edək ki, Nəsimi rayon məhkəməsi 2 iyun tarixli qərarında iddianın qismən təmin edildiyini: cavabdehin “Azadlıq” qəzetinin növbəti sayında təkzib verilərək üzr istəməsini və iddiaçının 50 000 manat mənəvi təzminat tələbinin isə təmin edilmədiyini bildirdi.
Xatırladaq ki, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov “Azadlıq” qəzetinin 2 fevral 2010-cu il tarixli sayında gedən “Mərdanovun qaragüruhçuları” adlı məqalədə özünün işgüzar nüfuzuna xələl gətirən fikirlər olduğunu bildirərək, cavabdehin təkzib etməklə, institut  və əməkdaşlarından üzr istəməsini və işgüzar nüfuzuna vurulmuş zərərə görə 50 000 manat təzminat ödəməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.
BAKIDA İNSAN HÜQUQLARI MÖVZUSUNDA FOTO SƏRGİSİ AÇILIB

Sentyabrın 8-də “Landmark” biznes-mərkəzinin Rotunda zalında söz azadlığı probleminə həsr olunmuş foto, karikatura və kitabların sərgisi açılıb. Sərgi “ Söz və ifadə azadlığına ictimai dəstək” Forumu çərçivəsində keçirilir. Forum Azərbaycanın bir sıra jurnalist təşkilatları və KİV tərəfindən təşkil olunub.


Sərgidə karikaturaçılar Anar və Şerif iştirak ediblər. Fotoqraflardan Mehman Hüseynov (RATİ), Elxan Kərimov (Turan), Vüqar İbadov (TRT), Abbas Atilay (“Azadlıq” radiosu) və Əhməd Muxtarın işləri nümayiş etdirilib. Bütün işlər Azərbaycan həqiqətlərini əks etdirir və ölkədə əsas insan hüquqlarının pozulmasından xəbər verir. Sərgidə nümayiş olunan bəzi fotolar müxtəlif beynəlxalq mükafatlara layiq görülüblər. Sərgi sentyabtın 9-dək açıq olacaq.
Qeyd edək ki, “Söz və ifadə azadlığına ictimai dəstək” Forumu “Azərbaycan Jurnalistlər Birliyi”, “Avrointeqrasiya” Milli Komitəsi, “İfadə Azadlığı” Komitəsi, , “Azərbaycan Naminə” İctimai Forumu, Açıq Cəmiyyət İnstitutu, “Turan” İnformasiya Agentliyi, “Media Hüququ İnstitutu” və “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşkilatçılığı ilə keçirilir.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,610/lang,az/


JURNALİSTLƏR ÜÇÜN SEÇKİLƏRƏ DAİR TƏLİM KEÇİRİLİB
Sentyabrın 7-də “Demokratik Jurnalistika Məktəbi” İctimai Birliyi “Azərbaycanda 2010-cu il parlament seçkiləri üçün daha əlverişli informasiya məkanının yaradılması” layihəsində iştirak edən KİV-lərin əməkdaşları üçün təlim keçirib.
Təlim zamanı jurnalistlərə seçkilərin izlənilməsi, beynəlxalq standartlar, seçki qurumlarının funksiyaları, parlament seçkilərinin hüquqi bazası mövzularında, həmçinin seçkilər zamanı jurnalistlərin hüquq və səlahiyyətləri haqda bilgilər verilib, mütəxəssislər jurnalistlərin suallarını cavablandırılıb. Burada seçki öncəsi siyasi mənzərəni ifadə edən ilk fotosessiya nümayiş etdirilib. Jurnalistlər Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hazırladığı “Azad seçki” mahnısını isə alqışla qarşılayıb.
Xatırladaq ki, “Azərbaycanda 2010-cu il parlament seçkiləri üçün daha əlverişli informasiya məkanının yaradılması” layihəsini Açıq Cəmiyyət İnstitutu Yardım Fondu maliyyələşdirir və məqsəd parlament seçkilərinin KİV-də obyektiv, qərəzsiz və dolğun işıqlanmasına yardım etməkdir. Bunun üçün daha böyük oxucu auditoriyasına sahib olan və müstəqil xəbər yayımında rolu yüksək olan KİV-lər layihə iştirakçısı seçilib. Layihə çərçivəsində bu KİV-lərin seçkidən yazan xüsusi müxbirlərinə təlim keçirilir, onlara texniki yardım göstərilir, seçki ilə bağlı çalışan QHT-lərlə onların əlaqələrinin yaradılmasına, bölgələrə ezam edilmələrinə dəstək verilir.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə