Press-reliZ 08 sentyabr 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 36.94 Kb.
tarix10.04.2016
ölçüsü36.94 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
08 sentyabr 2009-cu il

Bakı, Azərbaycan



  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • MEDİA NÜMAYƏNDƏLƏRİ JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ HƏMKARLARININ MƏZARINI ZİYARƏT EDİBLƏR

  • ŞƏRUR POLİSİ RATİ-NİN MÜXBİRİNİ HƏDƏLƏYİB

  • TELEVİZİYA VƏ ALTERNATİV MEDİA SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK QHT-NİN TƏQDİMATI OLUB

  • YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİ KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNU MƏHKƏMƏYƏ VERDİ

  • FREEDOM HOUSE” AZƏRBAYCANI TƏNQİD EDİB

  • QƏNİMƏT ZAHİDİN SƏHHƏTİNDƏ CİDDİ PROBLEM YARANIB

  • EYNULLA FƏTULLAYEV HƏMKARLARINI TƏBRİK EDİB



REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 8 sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə Azərbaycanda fəaliyyət göstərən bütün media nümayəndələrini təbrik edir və onları həmrəylik nümayiş etdirərək, söz azadlığı uğrunda birgə mübarizəyə səsləyir.

RATİ hesab edir ki, Azərbaycanda söz azadlığının vəziyyətinin günbəgün ağırlaşaraq acınacaqlı hala çatmasında təkcə hakimiyyətin müstəqil mətbuata amansız münasibətinin deyil, həm də jurnalistlərin həmrəyliyini yetəri səviyyədə olmamağının və bu həmrəyliyin ilbəil azalmasının nəticəsidir.

RATİ hesab edir ki, media ictimaiyyəti birgə toplanaraq, hazırkı acınacaqlı vəziyyəti yaratmış halları və ümumilikdə son illər mediada baş vermiş bütün hadisələri müzakirə etməli və çıxış yolları üçün vahid strategiya müəyyənləşdirməlidir.

RATİ hesab edir ki, media və söz azadlığı sahəsindəki problemlərin kökündən həll olunması üçün hakimiyyətin siyasi iradə nümayiş etdirməsi də vacibdir. KİV-in inkişaf etdirilməsi üçün müxtəlif qurumlar və fondlar yaradılmasına, maddi yardımlar ayrılmasına baxmayaraq, fikirlərini azad ifadə etdiklərinə görə insanların təqibinin davam etməsi onu göstərir ki, bütün bu addımlar beynəlxalq ictimaiyyətin gözünə pərdə asmaqdır.

RATİ Azərbaycan hakimiyyətini Azərbaycanın müstəqil və tənqidçi mediasına qarşı aqressiv yanaşmadan çəkinməyə və fikirlərini azad ifadə etdiklərinə görə müxtəlif saxta ittihamlarla dəmir barmaqlıqlar arxasına atılmış bütün şəxsləri, o cümlədən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi, “Gündəlik Azərbaycan” və “Realnııy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi, “Bizim yol” qəzetinin müxbiri Müşfiq Hüseynovu, həmçinin 2 ay öncə həbs olunmuş bloqçular – Emin Milli və Adnan Hacızadəni dərhal azadlığa buraxmağa çağırır.

RATİ həbsdə olan media nümayəndələrini Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə təbrik edir və onlara tezliklə azadlığa qovuşmağı arzulayır.



MEDİA NÜMAYƏNDƏLƏRİ JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ HƏMKARLARININ MƏZARINI ZİYARƏT EDİBLƏR
Bu gün (8 sentyabr) Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə bir qrup jurnalist “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov və “Azadlıq” qəzetinin təsisçisi Nəcəf Nəcəfovun məzarını ziyarət edib.

Ziyarətçilərdən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev çıxış edərək bildirdi ki, ziyarətə gələn jurnalistlərin sayı ildən-ilə azalsa da, bunu azad söz uğrunda mübarizənin zəifləməsi kimi dəyərləndirmək olmaz: “Jurnalistlər hələ də onlar üçün təhlükənin mövcud olmasına baxmayaraq mübarizəni davam etdirirlər”.

Satirik şair Mirzə Sakit çıxışında Elmar Hüseynovun qatillərinin hələ tapılmamasından təəssüfləndiyini bildirdi: “Mən and içirəm ki, Elmarın arzuladığı Azərbaycan bərqərar olmayınca tutduğum yoldan dönməyəcəm”.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov jurnalistləri öz aralarındakı mübahisələri kənara qoymağa və azad söz uğrunda həmrəy olmağa, birləşməyə çağırdı: “Artıq həbsdəki jurnalistlər də bununla bağlı bizə öz iradlarını bildirirlər. Biz bütün bunları nəzərə alaraq birləşməliyik. Əks təqdirdə növbəti illərdə bura gələnlərin sayı daha çox azalacaq, yaxud da bura gələn jurnalistlərin hamısı həbsdə olacaq”.

Xatırladaq ki, Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü 1958-ci ildən qeyd edilir. Bu, 1943-cü ilin sentyabrın 8-də asılan çexiyalı antifaşist jurnalist Yulius Fuçikin edam günü ilə bağlıdır.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,310/lang,az/

Video: http://www.irfs.az/content/view/2807/1/lang,az/

ŞƏRUR POLİSİ RATİ-NİN MÜXBİRİNİ HƏDƏLƏYİB
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev polis tərəfindən hədələnib. Belə ki, Şərur rayonunun Aşağı Yayıcı kəndi ərazisində “Arpaçay” su qovşağı üzərində yerləşən, “Aşağı göl” kimi tanınan su hövzəsində tilovla balıq tutan 30 nəfərə yaxın sakin sentyabrın 4-də Şərur Rayon Polis Şöbəsinə (RPŞ) aparılması ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Şərur RPŞ-də olan müxbir psixoloji təzyiqlə üzləşib. Şöbənin cinayət axtarış bölməsinin rəisi Elxan Həsənov RATİ-nin əməkdaşı Həkimeldostu Mehdiyevin suallarını cavablandırmaq əvəzinə onu hədələyib: “Sənin haqqında da bir şey fikirləşirik və tezliklə ölçü götürəcəyik”, - deyə E. Həsənov bildirib.
TELEVİZİYA VƏ ALTERNATİV MEDİA SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK QHT-NİN TƏQDİMATI OLUB
Bu gün (08 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” (TAMİM) İctimai Birliyinin təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan birliyin həmtəsisçisi Rəsul Cəfərov bildirdi ki, təşkilatın yaradılmasında əsas məqsəd telekanalların və alternativ media vasitələrinin inkişafına yardım göstərməkdir.

Telekanalların monitorinqi ilə bağlı həyata keçirilən bir sıra layihələrin iştirakçısı olduğunu bildirən R.Cəfərov hazırda telekanallarda "Teleradio yayım haqqında" Qanunun müddəalarına riayət edilmədiyini, xüsusilə də balanslı, hərtərəfli, dəqiq və ətraflı məlumatların verilmədiyini, siyasi plüralizmin gözlənilmədiyini və öz fikirlərini ifadə etmək üçün hamıya bərabər şəraitin yaradılmadığını qeyd etdi. Sadalanan problemlərin həllinə telekanalların özləri və bu sahədə tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əməkdaşlıq çərçivəsində nail olmaq istədiklərini deyən R.Cəfərov bu istiqamətdə təkliflərin hazırlanaçağını bildirdi.

Alternativ media vasitələrinin, yəni bloqların, youtube, facebook, twitter və bu kimi digər saytların son dövrlərdə Azərbaycanda yayılmağa başladığını bildirən Cəfərov bu vasitələrlə öz fikirlərini bildirən şəxslərin hüquqlarının müdafiə edilməli olduğunu vurğuladı.

Təşkilatın internet saytının yaradılacağı və görüləcək işlərin saytda yerləşdiriləcəyi və eyni zamanda press-reliz vasitəsilə yayılacağı bildirildi.

Qeyd edək ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” (TAMİM) İctimai Birliyi 2009-cu il, avqustun 14-də Rəsul Cəfərov və Əhməd Heybətov tərəfindən təsis edilib. Avqustun 24-də isə təşkilatın sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə göndərilib.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,309/lang,az/

YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİ KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNU MƏHKƏMƏYƏ VERDİ


Dünən (07 sentyabr) "Yüksəliş Naminə" qəzetinin baş redaktoru Elçin Məmməd Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu məhkəməyə verib. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Məmməd özü verib. O bildirib ki, məhkəməyə müraciət etməsinə səbəb KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim etdiyi layihənin maliyyələşdirilməməsi olub. “Təqdim etdiyimiz "Regionların yerli mətbuatında qadın hüquqlarının gücləndirilməsi və yetkinlik yaşına çatmış qadınların hüquqi biliklərinin artırılması prosesinin dəstəklənməsi" layihəsi müsabiqə şərtlərinə tamamilə uyğun olub, ona görə də bu layihənin maliyyələşdirilməməsi qanunsuzdur” – deyən E.Məmməd əlavə etdi ki, 1 saylı Yerli İqtisad məhkəməsində qaldırılan iddiada vəzifəli şəxsin hərəkətinin qanunsuz hesab edilməsi və “Yüksəliş Naminə” qəzetinin təqdim etdiyi layihənin KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilməsi tələbi qoyulub.

Xatırladaq ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilk müsabiqəsinin nəticələrini sentyabrın 1-də açıqlayıb. Müsabiqədə 55 layihə qalib gəlib. Onlardan 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı və 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.

FREEDOM HOUSE” AZƏRBAYCANI TƏNQİD EDİB
“Freedom House” hüquq-müdafiə təşkilatı hesabat açıqlayıb. “Azadlıq” radiosunun məlumatına görə, Azərbaycanın tənqid olunduğu hesabatda bildirilir ki, 18 mart Referendumu İlham Əliyevin ömürlük prezidentliyinə yol açdı. Hesabatın «Milli demokratik idarəçilik» bölməsində deyilir ki, Azərbaycanda prezidentin səlahiyyəti yüksəkdir.

“Rəsmi nəticəyə görə prezident İlham Əliyev seçkidə səslərin 89 faizini qazansa da, seçkilər ədalətli və açıq keçirilməyib. İcra hakimiyyəti seçkidən sonra hakimiyyətin konsolidasiyasını davam etdirib və 2008-ci ilin oktyabrında parlament hökuməti müzakirəsiz təsdiq edib” .

Hesabatda həmçinin Azərbaycandakı məhkəmə sisteminə də diqqət çəkilib: “Prezident məhkəmələri öz nəzarətində saxlayır. Konstitusiya məhkəməsi hakimlərinin müddəti bitsə də, onlar yeni təyinata qədər vəzifədə qalıblar. Oktyabr seçkilərinin nəticələrini də, prezidentlik müddəti ilə bağlı referendum qərarını da məhz bu tərkib təsdiqləyib”.
QƏNİMƏT ZAHİDİN SƏHHƏTİNDƏ CİDDİ PROBLEM YARANIB

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (Zahidov) revmatizm ağrıları kəskinləşib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) dünən  (7 sentyabr) 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı ilə görüşən Ayəndə Mürsəliyeva məlumat verib.

Baş redaktorun ayağındakı ağrılardan əziyyət çəkdiyini, lakin   saxlanma şəraitindən şikayət etmədiyini deyən A.Mürsəliyeva bildirib ki, Q.Zahid bununla bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etməyi mənasız hesab edir:

“Qənimət düşünür ki, bu heç bir nəticə verməyəcək. O, keçən qışda ağrıları güclənəndə həkimə müraciət etdiyini, həkimin ona qarşı məsuliyyətsiz münasibətini xatırladaraq, eyni vəziyyətin təkrar olunacağını güman edir” - deyən A. Mürsəliyeva jurnalistin səhhətindəki problemlərə baxmayaraq oruc tutduğunu bildirdi.

Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

EYNULLA FƏTULLAYEV HƏMKARLARINI TƏBRİK EDİB

Dünən (7 sentyabr) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.

Emin Fətullayev bildirdi ki, baş redaktor 8 sentyabr Jurnalistlərin Həmrəylik Günü münasibəti ilə həmkarlarını təbrik edərək, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə, habelə “Media forum” saytına hədiyyə göndərib.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq, 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə