Press-reliZ 07 Fevral 2011-cu IL Bakı, Azərbaycan




Yüklə 21.95 Kb.
tarix21.04.2016
ölçüsü21.95 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
07 Fevral 2011-cu il

Bakı, Azərbaycan



  • ELAN!

  • GƏNC FƏAL NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLİB

  • KİV-Ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN İDDİASI İLƏ QƏZET CƏRİMƏLƏNDİ

  • XULİQANLIQDA TƏQSİRLİ BİLİNƏN MÜXBİRİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB


ELAN!
08 FEVRAL SAAT 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Əvəz Zeynallının təşkilatçılığı ilə redaktoru olduğu “Xural” qəzetinə qarşı olan məhkəmə iddiaları, digər təzyiq və təqiblərlə bağlı dəyirmi masa keçiriləcək.
Tədbirə jurnalistlər, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidirlər.

GƏNC FƏAL NARKOTİK İTTİHAMI İLƏ HƏBS EDİLİB

Fevralın 7-də Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı həbs edilməsi ilə bağlı onun Hüquqlarının Müdafiə Komitəsi tərəfindən mətbuat konfransı keçirib.

Savalanlının Hüquqlarını Müdafiə Komitəsinin üzvü Natiq Ədilov  bildirdi ki,  AXCP üzvünün şərlənərək həbs edilməsi hiddətlə qarşılanıb. Bu addım gəncliyin susdurulması üçün atılıb.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə bildirdi ki,  Savalanlı 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət etmiş müxalifətçilərə polisin  müdaxiləsinə qarşı fəal etiraz etməsi və  “facebook” sosial şəbəkəsində sərt tənqidi yazılar yazması ilə bağlı həbs edilib.

            “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid təklif etdi ki, bu hadisə ilə bağlı bütün gənclər təşkilatları və  eyni zamanda bütün müxalifət təşkilatları birləşərək birgə mübarizə aparmalıdırlar.

Jurnalist Şahvələd Çobanoğlu bildirdi ki,  bu cür həbslər daha çox qeyri-iş günlərində həyata keçirilir ki, ictimaiyyətin qurama cinayət işi və həbslərdən xəbəri olmasın.

            AXCP sədr müavini Gözəl Bayramlı hesab edib ki, gənc fəal siyasi sifarişlə həbs olunub, məqsəd də gəncliyi susdurmaqdır.

            Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı isə bildirdi ki, hadisəyə operativ reaksiya vermək lazımdır və o Prezident Aparatının, Daxili İşlər Nazirliyinin qarşısında, Fəvvarələr meydanında etiraz aksiyalarının keçirilməsini təklif etdi.

RATİ sədri, hüquq müdafiəçisi Emin Hüseynov isə bildirdi ki, saxta narkotik ittihamı ilə bu zamana qədər Mirzə Sakit, Eynulla Fətullayev də şərlənərək həbs ediliblər. Onun sözlərinə görə, məqsəd gəncləri qorxutmaqdır.

            Xatırladaq ki, AXCP gənclər təşkilatının üzvü Cabbar Savalan ötən şənbə axşam saatlarında Sumqayıtda yaşadığı binanın yaxınlığında saxlanılıb. Onun barəsində  Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu maddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


KİV-Ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN İDDİASI İLƏ QƏZET CƏRİMƏLƏNDİ

Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində qaldırdığı iddia üzrə Nərimanov rayon Məhkəməsinin çıxardığı 12 oktyabr 2010-cu il tarixli qərarından verilən qarşılıqlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə hakim Səfərlinin iddiasını qismən təmin edərək Zeynallının üzür istəyərək təkzib verməsi və 5 min manat həcmində cərimələnməsi barədə qərar verib.

Prosesdən sonra “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və vəkili Elçin Sadıqov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildiriblər ki, bu qərarından kassasiya şikayəti verəcəklər.

            Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul 2010-cu il tarixli sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması kimi dəyərləndirərək, cavabdehin təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb.

XULİQANLIQDA TƏQSİRLİ BİLİNƏN MÜXBİRİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (7 fevral) Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun və İlham Həsənovun  sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin – İdris Zeynalov və İmran Novruzovun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Kamran Səxavət) qarşı irəli sürdükləri ittiham  üzrə Qubadlı rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu barədə bu gün  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) K.Bəyəliyevin özü məlumat verib.  

K.Bəyəliyevin sözlərinə görə, məhkəmədə qarşı tərəfdən  İdris Zeynalov və İmran Novruzov, məhkəmə qərarından şikayətçi qismində isə özü və vəkili Vüqar Xasayev iştirak ediblər.

K. Səxavət çıxışında heç kimə qarşı fiziki güc tətbiq etmədiyini, ona atılan böhtanın əsassız olduğunu və bütün bunların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Abşeron rayon məhkəmə tibbi ekspertizasının patoloji anatomiya şöbəsinin müdiri Loğman Abbasov çıxışında verdiyi ekspertiza rəyini təsdiq etdiyini deyib.

Bundan sonra hakim növbəti prosesi 21 fevral saat 11:00-a təyin etdi.

Xatırladaq ki,  2009-cu il sentyabr ayının 11-də axşam saat 11 radələrində  “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində  Bakı-Sumqayıt magistral yolun üstündə  Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov  arasında mübahisə yaranıb. Mübahisə  icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazıları  dayandırmağı tələb etmələri ilə başlanıb.  Baş verən hadisə ilə bağlı K.Bəyəliyev haqqında məhkəməyə şikayət edilib. Məhkəmə Bəyəliyev barədə 1 il müddətinə şərti həbs cəzası hökmü çıxarıb.

 “Güzgü”  qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə