Press-reliZ 04 aprel 2011-ci IL Bakı, Azərbaycan




Yüklə 15.49 Kb.
tarix29.04.2016
ölçüsü15.49 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
04 aprel 2011-ci il

Bakı, Azərbaycan



  • JURNALİST POLİS ZORAKILIĞINA MƏRUZ QALIB

  • POLİS MƏHKƏMƏDƏN JURNALİST VƏ VƏKİLİN HƏBSİNİ İSTƏYİR

  • QHT-NİN QEYDİYYATI İLƏ BAĞLI İDDİA İNZİBATİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ


JURNALİST POLİS ZORAKILIĞINA MƏRUZ QALIB

Tanınmış jurnalist, satirik yazar Mirzə Sakit (Zahidov) aprelin 2-də İctimai Palatanın Fəvvarələr meydanında keçirdiyi etiraz aksiyası zamanı polis zorakılığına məruz qalıb. Bu barədə bu gün (4 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Mirzə Sakit məlumat verib.

“Rəşid Behbudov adına Mahnı Teatrının yaxınlığında polislər qəflətən mənə yaxınlaşaraq qolumu qandalladılar. Sonra böyrəklərimin üstünə vura-vura avtobusa mindirdilər. Amma yenə də sakitləşmədilər. Avtobusun içində də məni döydülər. Onu da deyim ki, gödəkcəmin yaxasında türkçülük rəmzi olan nişanı gördülər və haqqında təhqiramiz ifadələr işlətdilər. Məni birbaşa 37-ci polis bölməsinə apardılar. Orada mənə qarşı hər hansı kobudluq və təzyiq halları olmadı. Buna baxmayaraq, polisin rəftarı ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməyi düşünürəm. Ciddi qabırğa xəsarəti almışam, həkimə müraciət edəcəyəm” -deyə M. Sakit bildirib.
POLİS MƏHKƏMƏDƏN JURNALİST VƏ VƏKİLİN HƏBSİNİ İSTƏYİR
Bu gün (04 aprel) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə xüsusi ittihamçı Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Abbasov Rafiqin “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə xüsusi ittihamçının vəkili və nümayəndələri Bakı şəhər Baş Polis İdarəsinin hüquq məsləhətçisi Rövşən Ələsgərzadə və idarənin əməkdaşı Arif Əhmədov, təqsirləndirilən şəxslər Xalid Bağırov, onun vəkili Anar Qasımov və Hacı Zeynalov iştirak edirdi.

Hacı Zeynalov iddia ərizəsinin ona təqdim edilmədiyi və ərizə ilə tanış olmaq üçün vaxt istədiyini əsas gətirərək, prosesin təxirə salınmasını məhkəmədən xahiş etdi.

Hakim Elçin Qurbanov yerində müşavirə edərək məhkəməni 11 aprel saat 15:30-a təxirə saldı.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Abbasov Rafiq “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında bir müddət əvvəl Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

* 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—



iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

QHT-NİN QEYDİYYATI İLƏ BAĞLI İDDİA İNZİBATİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
Bu gün (04 aprel) Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Talışınskinin sədrliyi ilə “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin iddiası əsasında hazırlıq iclası keçirilib. İclasda Birliyin təsisçiləri Rəsul Cəfərov və Heybətov Əhməd iştirak etsələr də, Ədliyyə Nazirliyindən heç kim olmayıb.

Hakim təsisçilərin fikirlərini öyrəndikdən sonra işin baxılması üçün yanvarın 1-də qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad çıxardı.


Xatırladaq ki,  “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyi 2009-cu ilin avqustunda təsis edilsə də, Ədliyyə Nazirliyi bu təşkilatı qeydiyyata almaqdan 5 dəfə imtina etmişdir. Təsisçilər isə bunu qeyri-qanuni hesab edərək Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıblar.   
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə