Press-reliZ 02 sentyabr 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 26.71 Kb.
tarix26.04.2016
ölçüsü26.71 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
02 sentyabr 2009-cu il

Bakı, Azərbaycan



  • ALMANİYA BUNDESTAQININ DEPUTATINA GƏNCLƏRLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMƏDİ

  • SMDTM-İN ƏDLİYYƏ  NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN OLUNMADI

  • NOVRUZƏLİ MƏMMƏDOVUN HƏYAT YOLDAŞI BAŞ PROKURORA MÜRACİƏT EDİB

  • PƏRVİZ ƏZİMOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

ALMANİYA BUNDESTAQININ DEPUTATINA GƏNCLƏRLƏ GÖRÜŞƏ İCAZƏ VERİLMƏDİ
 Almaniya Bundestaqının deputatı Yorq Tauss həbs olunmuş gənc bloqçular - Emin Milli (Abdullayev) və Adnan Hacızadə ilə görüşə bilməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) koordinatoru Erkin Qədirli məlumat verib.

E.Qədirli Almaniyalı deputatın görüş üçün dəfələrlə ölkə başçısı İlham Əliyevə müraciət etdiyini, lakin görüşə icazə verilmədiyini bildirdi. GHMK koordinatoru qeyd etdi ki, vəkil İsaxan Aşurov dünən (1 sentyabr) Bakı İstintaq Təcridxanasında Adnan Hacızadəyə baş çəkib və gənc fəal saxlanma şəraitindən və səhhətindən şikayət etməyib.

Ombudsman Elmira Süleymanovanın gənclərlə görüşdən sonra, onların barışmaq tərəfdarı olmaları ilə bağlı açıqlamasına münasibət bildirən E.Qədirli, gənc bloqçuların belə bir təklif etmələrinə inanmadığını vurğuladı.

Vəkil Elton Quliyev də sentyabrın 1-də gənc bloqçu Emin Milli ilə görüşüb. O, “Azadlıq” radiosuna bildirib ki, gənclər ombudsman Elmira Süleymanovaya barışıq təklifi etməyiblər və onların fikirləri təhrif olunub: “Elmira Süleymanova gənclərdən soruşub ki, barış istəyirlərmi? Emingil isə deyiblər ki, onların həbsi ictimai fəaliyyətləri ilə bağlıdır və gənc fəallar cəmiyyətdə barış tərəfdarıdırlar. Emingil deyib ki, əgər qarşı tərəf barış təklif eləyirsə, bu, şərtsiz olmalıdır və onların qarşısında öz əqidələrindən, yollarından dönmək tələbi qoyulmamalıdır”.

“Azadlıq” radiosunun digər bir məlumatında isə bildirilir ki, Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsi gənc fəallar Emin Milli və Adnan Hacızadə ilə bağlı bəyanat yayıb. Sənəd müəllifləri gənclərin məhkəməsi ərəfəsində öz narahatlıqlarını ölkə rəhbərliyinə çatdırırlar və onları həbsdən azad etməyə çağırıblar.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
SMDTM-İN ƏDLİYYƏ  NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN OLUNMADI
Bu gün (2 sentyabr) Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM)  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın qanunsuz sayılması və birləşmək hüququnun pozulması”na dair iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfdən SMDTM-in proqram koordinatoru Bəşir Süleymanlı iştirak edirdi. Cavabdeh tərəfdən isə prosesdə nümayəndə iştirak etmirdi.

Hakim iddianın təmin olunmaması barədə qərar verdi.

SMDTM-in proqram koordinatoru Bəşir Süleymanlı RATİ-yə bildirdi ki, məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklər.

Xatırladaq ki,  SMDTM-in qeydiyyat üçün 26 yanvar 2009-cu ildə təqdim etdiyi sənədləri 29 aprel 2009-cu ildə Ədliyyə nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi geri qaytarıb və qaydasında olmadığını bildirib. SMDTM-in təsisçiləri Ədliyyə nazirliyinin hərəkətini hüquqa zidd davranış kimi qiymətləndirərək, Ədliyyə nazirliyinə qarşı Yasamal rayon məhkəməsində iddia qaldırmışdılar. Yasamal rayon məhkəməsi əsassız olaraq 3 dəfə iddianı icraata almaqdan imtina etmişdi.
NOVRUZƏLİ MƏMMƏDOVUN HƏYAT YOLDAŞI BAŞ PROKURORA MÜRACİƏT EDİB
"Tolişi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümünün səbəbinin araşdırılması ilə bağlı mərhumun həyat yoldaşı Məryəm Məmmədova Baş Prokuror Zakir Qaralova və Nizami rayon prokuroru Mahir Muradova müraciət edib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N.Məmmədovun Hüquqlarının Müdafiə Komitəsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, müraciətə əsasən, dünən (1 sentyabr) Nizami rayon prokurorunun müavini Məryəm Məmmədovanı qəbul etmiş və onun şikayətini dinlənilmişdir. Məryəm xanım israrla ərinin
faciəli ölümündə baiskar olanların ortaya çıxardılaraq, onların layiqli şəkildə cəzalandırılmasını tələb etmişdir.

N.Məmmədovun baş beynin işemik infarktından dünyasını dəyişməsi ilə bağlı Nizami rayon Tibbi Ekspertiza İdarəsi tərəfindən mərhumun vəkili Ramiz Məmmədova arayış verilib. Bu barədə RATİ-yə məlumat verən R.Məmmədovun sözlərinə görə, ekspertiza rəyini əldə etmək üçün müraciət etməsinə baxmayaraq, idarə yalnız arayış verməklə kifayətlənib.

Qeyd edək ki, RATİ Novruzəli Məmmədovun ölüm səbəbini araşdırmaq üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mərkəzi xəstəxanasına, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsinə sorğu ilə müraciət edib.

Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov səhhəti kəskin pisləşdiyi üçün 2009-cu il iyulun 28-də yerləşdirildiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında avqustun 17-də vəfat edib. Yaxınları onun lazımi səviyyədə müalicə olunmadığını və bu səbəbdən dünyasını dəyişdiyini bildirirlər. N.Məmmədovun ölümü ilə bağlı Nizami rayon prokurorluğunda araşdırma başlanılıb.

N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.
PƏRVİZ ƏZİMOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  Bu gün (02 sentyabr) Lənkəran şəhər Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) P.Əzimovun özü məlumat verib.

 Prosesdə cavabdeh tərəfdən LDU-nun prorektoru Ruslan Həmidov, iddiaçı qismində isə P.Əzimovun özü iştirak edib.

“Prosesdə iş yoldaşım - “Cənub xəbərləri” qəzetinin müxbiri Sədrəddin Kazımov şahid qismində ifadə verdi. Proses uzanmasın deyə, digər iki şahidin dindirilməsi ilə bağlı vəsatətimdən imtina etdim” -  deyən P.Əzimov bildirdi ki, hakim qərar vermək üçün son prosesi 10 sentyabr saat 11:00-a təyin edib.



Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam-intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı  “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə