Plan naxçıvan Xanlığının yaranması Naxçıvan Xanlığının siyasi tarixi




Yüklə 83.32 Kb.
tarix21.04.2016
ölçüsü83.32 Kb.
PLAN

1.Naxçıvan Xanlığının yaranması

2.Naxçıvan Xanlığının siyasi tarixi

3.Naxçıvan Xanlığının sosial iqtisadi veziyyəti.

Naxçıvan xanlığının yaranması
Naxçıvan Azərbaycanın və Şərqin ən qədim şəhərlərindən biridir. Antik və orta əsr müəllifləri Naxçıvan şəhərinin eramızdan əvvəl 1539-cu ildə salındığını göstərmişlər. Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Floviyə (e.ə. I əsr) və coğrafiyaşünas Klavdi Ptolemeyə (eramızın II əsri) məxsusdur. Ptolemey «Coğrafiya» əsərində şəhərin adını Naksuana kimi göstərmişdir. Orta əsr ərəb, fars mənbələrində şəhərin adı Nəsavə, Nəqçuan, Nəxçuan, Nəxçəvan şəkillərində də işlənmişdir. Bir sıra mənbələrdə Naxçıvan Nəqşi-cahan (dünyanın bəzəyi) kimi də təqdim olunmuşdu. Naxçıvan toponimini əfsanəvi Nuh peyğəmbərlə bağlı «dünya tufanı» ilə də əlaqələndirilir (Nuhun diyarı). Naxçıvan toponiminin müxtəlif etimoloji izahları mövcuddur.

Azərbaycanda İran dövlətinin ağalığına son qoyulmasını sürətləndirdi. Azərbaycanda şah tərəfindən təyin edilmiş hakimlər hər yerdən qovuldu Azərbaycanın yerli feodalları və elbəyilər İran zülmünə qarşı qalxan ümumxalq mübarizəsindən istifadə edərək, yerlərdə hakimiyyəti öz əllərinə keçirir, özlərini müstəqil xan elan edirdilər. İran hakimiyyəti dövründə Azərbaycanın başqa vilayətlərindən fərqli olaraq,

Naxçıvan diyarını şah tərəfindən təyin edilmiş iki hakim idarə edirdi. Naxçıvan

ölkəsinin hakimi və süvari bölmələrinin başçısı (Xakim-e tümən-e Naxiçevan). Hər iki hakim Naxçıvan diyarında daha yüksək nüfuza malik yerli kəngərli tayfasının

nümayəndələrindən təyin edilirdi. Bu iki rəsmi hakimdən savayı kəngərli tayfasından olan vəkil və ağsaqqallar da Naxçıvan diyarının idarə edilməsində müəyyən fəaliyyət göstərirdilər. Kəngərli tayfasını Qızıllı, Sarbanlar, Ağabəyli, Qaradolaq, Əlixanlı, Qaraxanbəyli, Qarabağlar kəndlərinin əhalisi təşkil edirdi.

Nadir şahın ölümü (1747) Cənubi Qafqazda, o cümlədən Azərbaycanda dağınıqlığa səbəb oldu.Yerli feodallara arxalanan kəngərli tayfasının başçısı Heydərqulu xan da özünü Naxçıvan xanlığının müstəqil hakimi elan etdi.



Naxçıvan Xanlığının siyasi tarixi

Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə qədər ərazidə yerləşən Naxçıvan xanlığı iqtisadi və hərbi imkanlarına görə, digər xanlıqlardan o qədər də fərqlənmirdi. Öz hakimiyyətini gücləndirmək və yerli işğalçılardan müdafiə olunmaq üçün Heydərqulu xan daha qüdrətli sayılan xanlıqlara arxalanmaq qərarına gəldi. Çox güman ki, elə bu məqsədlə də Heydərqulu xan XVIII əsrin 50-ci illərində Qarabağ xanlığının banisi Pənahəli xanın görüşünə getmişdi. Pənahəli xanın gördüyü siyasi tədbirlərdə Heydərqulu xanın iştirakını da bununla izah etmək lazımdır. Belə ki, özünə güclü rəqib saydığı Şəkili Çələbi xana qarşı yürüşə hazırlaşan Pənahəli xana hörmət əlaməti olaraq Heydərqulu xan da öz qoşunları

ilə Qarabağa gəldi. 1752-ci ildə həyata keçirilən. həmin yürüşdə gəncəli Şahverdi

xan, qaradağlı Qasım xan, İrəvanlı Hüseyn xan, xoylu Əhməd xan dəxi iştirak edirdilər Heydərqulu xanın ölümündən sonra (1763/64) Naxçıvan xanlığı nisbətən zəiflədi.

Onun sələfi Hacı xan Kəngərli İran hakimi Kərim xan Zəndi (1763—1779) qarşısında zəiflik göstərib ona boyun əydi. Sonralar Kərim xan Zəndi onu Şiraza dəvət etdi və kiçik günah üstündə əsir aldı. Naxçıvan taxtında Hacı xanı əvəz edən Heydərqulu xanın oğlu Rəhim xan da hakimiyyətdə uzun müddət qala bilmədi. 1770-ci ildə Kərim xan Zəndin köməyilə Naxçıvanda hakimiyyətə gəlmiş Əliqulu xan da öz növbəsində üç ildən sonra Vəliqulu xan Kəngərli tərəfindən devrildi.

XVIII əsrin 80-ci illərinin əvvəllərində İrəvan xanı Hüseynəli xanın, Qarabağ xanı İbrahimxəlil xanın, Kartli-Kaxeti çarı II İraklinin vasitəçiliyi ilə kəngərli tayfasının nümayəndəsi Abbasqulu xan Naxçıvan xanlığının hakimi oldu. Lakin Abbasqulu xanın Naxçıvan hakimi olması xoylu Əhməd xanın ürəyindən deyildi. O, Naxçıvanda Abbasqulu xanın əmisi oğlu Cəfərqulu xanı hakimiyyətə gətirmək istəyirdi. Arzusuna çatmayan Əhməd xan bunun əvəzində iki kəndin—Nazik və Şükürlü kəndlərinin ona verilməsini Abbasqulu xandan tələb etdi. Rədd cavabı alan Əhməd xan öz qoşunlarını Naxçıvan xanlığının sərhədlərinə yeritdi. Müqavimət göstərə bilməyəcəyini başa düşən və yerli əyanlar tərəfindən müdafiə edilməyən Abbasqulu xan Naxçıvanı tərk etməyə məcbur oldu. Özünə müvəqqəti olaraq Sisyanda sığınacaq tapdı. Lakin Əhməd xan Naxçıvanı tuta bilmədi. Çünki irəvanlı Hüseynəli xan hədələyici məktub göndərərək Əhməd xandan tələb etdi ki, öz ordusunu təcili surətdə Naxçıvan qalasından uzaqlaşdırsın. O, həmin xanlığa özü sahib olmaq istədiyini də məktubda göstərirdi.

2.Əhməd xan Hüseynəli xanın tələbini qəbul etsə də, öz fikrindən əl çəkmədi.

Tezliklə Naxçıvan qalası yaxınlığında İrəvan xanı Hüseynəli xanın qoşunu

göründü. Lakin Naxçıvanda qalmaq ona da qismət olmadı. Hansı məqsədlə isə burada qalmaq istəməyərək ordusunu Naxçıvandan geri çəkdi.

Beləliklə, Naxçıvan qalası başsız qaldı. Yaranmış vəziyyətdən istifadə edən Abbasqulu xan Naxçıvana tələsdi və dar günündə onu müdafiə etməyənlərə divan tutmağı qərara aldı.

Hakimiyyətə keçdiyi ilk gündən Cəfərqulu xan xalqın hər cür etirazının qarşısını almaq üçün əhaliyə ciddi təzyiq göstərməyə başladı. Hətta iş o yerə çatdı ki, naxçıvanlıların əksəriyyəti öz doğma ocağını tərk edərək uzaq vilayətlərə getməyə məcbur oldu. Kartli-Kaxeti çarı II İrakliyə 1783-cü ildə yazılmış kollektiv məktubda deyilir: «Cəfərqulu xanın Naxçıvan əhalisi ilə necə qəddar rəftar etdiyi xəbərini sizin hüzurunuza çatdırmaqla bildiririk ki, onun zülmkarlığı xalq içərisində elə geniş yayılıb ki, əhali pərən-pərən düşüb, başqa yerə getməyə məcbur olmuşdur»

. Həmin məktubda naxçıvanlılar Abbasqulu xana sığınacaq verdiyi üçün II İrakliyə öz təşəkkürlərini bildirirdilər. Daha sonra məktubda deyilir ki, sizin xeyirxahlığınız nəticəsində Abbasqulu xan himayənizdə yaşayır ki, bu da bizi sakitləşdirir və bizdə inam yaradır.

Abbasqulu xanın tərəfdarları da Naxçıvanda qala bilməyəcəklərini yəqin edərək,

Gürcüstana gedir və Abbasqulu xanın ətrafında birləşirdilər. Naxçıvanlıların

məktubunda bu münasibətlə daha sonra deyilir: «Sizin ürək yumşaqlığınıza inanaraq yoxsul əhali hər gün Naxçıvanı tərk edir və bizim Abbasqulu xanın yanına gəlirlər. Onu müdafiə etdiyiniz kimi, bizi də nəzər-diqqətinizdən qoymayacağınıza inanırıq.

Cəfərqulu xan bizi ölümə verir, evlərimizi isə talayır. Biz onun bu fikrini bildikdən sonra Abbasqulu xanın tərəfinə keçdik».

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan xanları bir-biri ilə qanlı feodal ara

müharibələri apardıqlarından Naxçıvan xanlığını sanki yaddan çıxarmışdılar: Bu dövrdə Azərbaycan xanlarından qonşuluqda olan Xoy xanı və xüsusilə Qarabağ xanı Naxçıvan xanlığına daha çox maraq göstərirdilər. Qarabağlı İbrahimxəlil xan hətta Naxçıvana yürüş etmək üçün tədbirlər də hazırlayırdı. Abbasqulu xanı hakimiyyətə gətirmək məqsədilə İbrahimxəlil xanın Naxçıvana yürüş etmək fikrini bilən Əhməd xan, onu bu fikirdən daşındırmağa çalışdı. O bu məqsədlə İbrahimxəlil xana birlikdə Təbriz xanlığı üzərinə yürüş etməyi, bu xanlığı bərabər şəkildə öz aralarında bölüşdürməyi təklif etdi.

Əhməd xan bu yürüşün qələbə ilə nəticələnəcəyinə İbrahimxəlil xanı inandırmağa çalışırdı.

Həmin vaxtdan etibarən cəsarətli və uzaqgörən dövlət xadimi Kəlbəli xanın

hakimiyyəti dövrü (1787—1820) başlayır. Qardaşı oğlu Abbasqulu xanın iddiasından özünü qorumaq üçün Kəlbəli xan onu Naxçıvana dəvət etdi, ürəyində kin bəsləsə də ona böyük imtiyazlar verdi

Kəlbəli xan hakimiyyətə gəldiyi vaxt Azərbaycanda və bütövlükdə Cənubi

Qafqazda daxili və xarici vəziyyət xeyli mürəkkəbləşmişdi. Azərbaycanın və

Gürcüstanın İran və Osmanlı imperiyası tərəfindən təcavüzkarlığa məruz qalmaları təhlükəsi yaranmışdı. Belə bir tarixi şəraitdə Cənubi Qafqaz xalqları öz daxili imkanları hesabına xarici təhlükəyə qarşı istiqlaliyyətlərini müdafiə edə bilməzdilər. Naxçıvan xanlığında hakimiyyətə gəldiyi gündən Kəlbəli xan Rusiya dövləti ilə həm siyasi və həm də iqtisadi münasibətlər yaratmağa səy göstərmişdi. Bu da səbəbsiz deyildi. Həmin dövrdə İran təcavüzü qarşısında qalan Azərbaycan xanlarına rus dövləti özünü riyakarlıqla Şərq xalqlarının «dostu» kimi qələmə verir, Azərbaycan xanlıqlarına hər vasitə ilə kömək göstərəcəyini vəd edirdi. Məhz buna görə də Kəlbəli xan sadəlövhlüklə rus diplomatlarının fitnəkarlığına uymuşdu. O da bəzi Azərbaycan xanları kimi Georgiyevsk müqaviləsinin (1783) səmimiyyət naminə bağlanıldığına inanırdı. Kəlbəli xanın hakimiyyəti dövründə Naxçıvan xanlığı nisbətən canlandı. Olan məlumata görə Kəlbəli xan İrəvan xanı ilə birlikdə Xoy xanlığına yürüş edib Xoy şəhərini mühasirəyə almışdı. Bunun da əsas səbəbi vaxtilə Xoy hakiminin Bayazid paşasına kömək etməsi və eyni zamanda Naxçıvan xanlığından çox güman ki, Cəfərqulu xanın vaxtında, saxlanılmaq üçün verilmiş qiymətli şeylərin qaytarılması idi.

Birləşmiş Naxçıvan və İrəvan qoşunları yalnız Xoyda saxlanılan qiymətli şeyləri

geri aldıqdan sonra Xoy xanlığını tərk etdilər. Bir qədər keçdikdən sonra isə Xoy

hakimi Kəlbəli xanla barışmış və onlar birlikdə İrəvan xanlığına basqın etmişdilər.

İrəvandan xərac aldıqdan sonra müttəfiq qoşunları geri çəkildilər.

Bütün bu tədbirlər Naxçıvan xanlığının müəyyən qədər möhkəmlənməsinə səbəb

oldu. Kəlbəli xan Naxçıvan xanlığının möhkəmləndirilməsi ilə məşğul olduğu zaman onun Naxçıvandan kənarda yaşayan əmisi oğlu Cəfərqulu xan hakimiyyətə qayıtmaq fikrindən dönməmişdi. O bu məqsədlə də gah bu, gah da digər xana kömək üçün uğursuz müraciətlər etmişdi. Amma buna baxmayaraq, «Qacar təhlükəsinə» qədər Naxçıvan xanlığında elə bir fövqəladə hadisə baş verməmişdi.

XVIII əsrin 80-ci illərinin sonlarında İranda Qaçar sülaləsinin əsasını qoymuş Ağa Məhəmməd xanın şöhrə[61-62]ti getdikcə artırdı. 90-cı illərin əvvəllərində o, demək olar ki, bütövlükdə İranı öz hakimiyyəti altında birləşdirdi. Hətta 1791-ci ildə tacqoyma mərasimini başqa vaxta keçirsə də özünü şah elan etdi. Ağa Məhəmməd xan eyni zamanda özünü Azərbaycanın da hakimi hesab edirdi. Çünki Səfəvilər dövlətində qərarlaşdırılmış ənənəyə görə şah həm də Azərbaycanın və Gürcüstanın ali hakimi olmalı idi.

Cənubi Azərbaycan xanlıqlarının bəzilərini özünə tabe edən Ağa Məhəmməd xan 1791-ci ildən başlayaraq öz qoşunlarını Şimali Azərbaycana yürüş üçün hazırlamağa başladı. Qəribədir ki, hətta bu xəbəri eşidən bəzi Azərbaycan xanları yenə də bir-birinə ədavətdən əl çəkmədilər. Belə ki, 1792-ci ildə qarabağlı İbrahimxəlil xan Naxçıvan xanlığına əl uzatmaq fikrində idi. O, Dağıstandakı qohumu Ömər xanla ittifaqa girərək Naxçıvan qalasına yürüş etdi. Müttəfiq qoşunlarının sayı 11 minə çatırdı. Lakin qalanın mühasirəsi uzun çəkmədi. Tezliklə Xoy və İrəvan xanlarının köməyi ilə Kəlbəli xan döyüşdə qəti qələbə çaldı. Bu döyüşdə İbrahimxəlil xan 1000 nəfər, Ömər xan 700 nəfər, Kəlbəli xan isə müttəfiqləri ilə birlikdə cüzi canlı qüvvə itirdi. Qarabağ qoşunlarının tərkibində Dağıstandan gəlmiş çoxlu muzdlu döyüşçülər olduğuna görə, bu günə qədər Naxçıvan ətrafında gedən döyüş yeri «ləzgiqıran» adlanır.

İbrahimxəlil xan və Ömər xanın ordusu yenicə Naxçıvan xanlığını tərk etmişdi ki, Ağa Məhəmməd xanın qasidləri Azərbaycana daxil oldular. Mənşəcə azərbayçanlı olan qacar tayfasının nümayəndəsi Ağa Məhəmməd xan elə güman edirdi ki, Azərbaycan xanları ilə asanlıqla ümumi dil tapa biləcək. Bu məqsədlə o, «... hər bir xanlığa öz nümayəndəsini göndərərək ona tabe olmaq rəmzi kimi arvadını, uşağını və ya qardaşını girov tələb etdi»

. Qacarlar tərəfindən girovların alınması mərkəzdən uzaqda olan feodalların həmişə itaətdə qalmalarına zəmanət verirdi.

Ağa Məhəmməd xana müqavimət göstərmək üçün kifayət qədər gücü olmayan Kəlbəli xan tabeçilik rəmzi kimi qəlbən nifrət bəslədiyi Abbasqulu xanı girov kimi Ağa Məhəmməd xanın düşərgəsinə göndərdi. Belə addımı atmaqla o, bir tərəfdən İran hakiminin tələbini ödəyir, digər tərəfdən isə xanlıq taxtını ələ keçirmək arzusunda olan Abbasqulu xanı Naxçıvandan uzaqlaşdırırdı. Ağa Məhəmməd xan bilirdi ki, Kəlbəli xanın göndərdiyi Abbasqulu xan onun doğma qardaşı deyil. Onu da bilirdi ki, Kəlbəli xan əmisi oğlu Abbasqulu xanı sevmir və onu sadəcə olaraq özündən uzaqlaşdırır.

Bütün bunlara baxmayaraq, təbiətən qəddar olan Ağa Məhəmməd xan Naxçıvandan gələn girovu qəbul etdi, lakin Kəlbəli xandan qisas almağı da unutmadı Məlum olduğu kimi, Ağa Məhəmməd xanın Cənubi Qafqaza birinci yürüşü ərəfəsində bir çox yerli hakimlər kömək üçün Rusiyaya müraciət etmişdilər. Uzun götür-qoydan sonra nəhayət imperatriça II Yekaterina Cənubi Qafqaza ordu göndərməyi qərara aldı. Bu hadisə Ağa Məhəmməd xanına Azərbaycanı tərk etməsinə səbəb oldu.

Ağa Məhəmməd xan geri çəkilərkən Şimali Azərbaycan xanlarının ona tabe olmaması və ya formal olaraq sözdə sədaqətli qalacaqları ilə qətiyyən razılaşa bilmirdi.

Belə hakimlərdən biri də Naxçıvan xanı Kəlbəli xan idi ki, Ağa Məhəmməd xan onunla haqq-hesab çəkməyi unutmurdu. Kəlbəli xan sonralar Ağa Məhəmməd xanın qəzəbinin qurbanı oldu. Ağa Məhəmməd xanın əmri ilə onun gözləri çıxarıldı və Naxçıvandan uzaqlaşdırıldı. Bu hadisə tarix ədəbiyyatında müxtəlif cür izah olunur. Naxçıvan əyalətinin «Statistik təsvirinin» müəllifi bu münasibətlə yazır: «Ağa Məhəmməd dağıdılmış Gürcüstandan geri qayıdarkən, Kəlbəli xanı silah gücünə özünə tabe edə bilməyəcəyini başa düşdüyündən hiyləyə əl atdı. Hörmətli adam kimi onu öz düşərgəsinə dəvət etdi. Kəlbəli xan sadəlövhlüklə bu təklifi qəbul etdi. Lakin düşərgəyə gələn kimi kor edilib Tehrana göndərildi və həbsxanada saxlanıldı. Bu hadisədən sonra Naxçıvan xanlığı demək olar ki, öz müstəqilliyini itirdi»

. Kəlbəli xan Tehran həbsxanasında çox qalmadı. Ağa Məhəmmədin ölümündən (1797) sonra İran taxtında onu əvəz etmiş Fətəli şah Kəlbəli xana «azadlıq» bağışlasa da ona Naxçıvanda deyil, İrəvan xanlığında yaşamaq üçün icazə verdi. Çünki bu zaman Naxçıvan xanlığını Abbasqulu xan idarə edirdi.

Gözlərini itirsə də ruhdan düşməyən Kəlbəli xan siyasətdən kənarda qala bilmədi.

İrəvanlı Məhəmməd xanın qətiyyətsiz və həm də çox cavan olmasından istifadə edən Kəlbəli xan tezliklə «... onun etimadını qazandı və xanlığın etibarlı adamına çevrildi».

Kəlbəli xan naxçıvanlılar arasında böyük hörmətə malik idi. Ona görə Kəlbəli xanın İrəvanda olması xəbərini eşidən saray əyanlarının əksəriyyəti öz ailəsi ilə birlikdə ora köçdülər. Abbasqulu xan belə axının qarşısını ala bilmədi və nəticədə bu hadisə onun hakimiyyətdən uzaqlaşdırılmasına səbəb oldu. İran hakimiyyətinin himayəsindən məhrum olan Abbasqulu xan da İrəvana getməyi qərara aldı. Burada Kəlbəli xan onu qəbul edərək Naxçıvandan gələn digər feodallarla danışıqlar apardı.



Naxçıvan Xanlığının sosial iqtisadi veziyyəti.

Azərbaycanın gözəl guşələrindən biri olan Naxçıvan diyarı təbii sərvətinin zənginliyi ilə hələ qədimdən geniş şöhrət tapmışdı. Uca dağlar, əlçatmaz qayalar, otlaqlarla zəngin vadilər və dərələr, coşqun dağ çayları, gümüşü bulaqlar, min bir xəstəliyin dərmanı olan mineral sular ona xüsusi gözəllik verir. Zəngəzur kəndindən başlamış Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı sanki qala kimi əhatə etmişdi. Belə ki, şimal-şərqdən Dərələyəz dağları, cənub- şərqdən İlanlıdağ, şimal-qərbdən isə uzaqdan görünən Böyük və Kiçik Ağrı dağları Naxçıvan xanlığının sərhədləri boyu ucalırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi.

Naxçıvan xanlığında bəzi hallarda ərazi-inzibati bölgüsündə dəyişiklik aparılsa da, xan məmurlarının idarəçiliklə olan imtiyazları əvvəlki dövrdə olduğu kimi qalırdı.

Naxçıvan xanlığında əsas vəzifələrdən biri mahalları idarə edən mirzəbəyilər idilər. Onların əsas vəzifəsi kənd təsərrüfatı ilə əlaqədar məsələləri və əhalidən vergilərin yığılması ilə əlaqədar xanın əmrlərini yerinə yetirməkdən ibarət idi. Onlar xanın əmrini alan kimi öz mahallarında olan kəndliləri bir yerə yığır və onların arasında vəzifə bölgüsü aparırdılar. Onlar kəndlilərdən lazım olan hər şeyi alırdılar. Belə ki «kənd təsərrüfatı işlərinə rəhbərlik etdikləri üçün aldıqları maaşdan başqa hər il 20 tüməndən 50 tümənə qədər pul və 5 xalvardan 10 xalvara qədər taxıl, habelə toy mərasimləri dövründə isə müxtəlif hədiyyələr alırdılar».

Mahallar kəndxudalar tərəfindən idarə olunan kəndlərə bölünürdü. Kəndxudaları kənd icması seçirdi. Seçilmiş kəndxudalar xan tərəfindən təsdiq edildikləri üçün həmişə ona minnətdar olardılar. Kəndxudalardan baş vermiş hadisə və yeniliklər haqqında ardıcıl olaraq xan divanına məlumat verəcəkləri haqqında yazılı iltizam alırdılar. Bu, əsas etibarilə yerlərdə yeni işçi. Qüvvəsinin peyda olması və yaşına görə vergi verən gənclərin siyahıya alınması ilə əlaqədar idi. Əgər bu və ya digər şəxsi işlətmək halları müşahidə edilirdisə, o zaman kəndxuda gümüş pulla yüz manatdan iki yüz manata qədər cərimə verməli idi. Bəzi hallarda kəndxudalar yol verdikləri günaha görə fələqqə cəzasına da məruz qalırdılar. Xanlıqda polis idarəsi iki nəfərə etibar edilirdi.

Onlardan biri darğa, ikincisi isə əsasbaşı adlanırdı. Darğalara yüzbaşılar və onbaşılar tabe idilər. Darğalar qayda-qanun yaradır, xüsusilə bazarlara nəzarət edirdilər. Belə ki, bazarlarda qiymətləri təyin edir və baş vermiş mübahisələrin yoluna qoyurdular Darğalara xan tərəfindən maaş verilmirdi. Maaşın əvəzində onlara hər dükandan ayda gümüş pulla 15 qəpik almağa icazə verilirdi. Darğalar ərzaq məhsullarını bazardan pulsuz alırdılar. Darğaların vəzifəsi təkcə bazarı nizama salmaqla bitmirdi. Darğaların təsir dairəsi daha geniş idi. Ona görə də onlar imtiyazlarından özləri üçün istifadə edirdilər. Şəriət qanunlarının yerinə yetirilməsinə nəzarət etdikləri üçün onlara qeyriməhdud imtiyazlar da verilirdi. Əgər kimsə zorakılıq, ədalətsizlik və ya əxlaqsızlıqda təqsirləndirilsəydi, darğaya icazə verilirdi ki, həmin adamı istədiyi şəkildə cəzalavə ya ondan cərimə alsın.

Digər polis rəisinin - əsasbaşının vəzifəsinə şəhərin və bazarın gecə vaxtı

qorunması daxil idi. Əsasbaşı da maaş əvəzinə hər dükandan ayda gümüş pulla 15 qəpik almaq hüququna malik idi. Həmin pulla o, həm də köməkçiləri olan gözətçiləri maddi  cəhətdən təmin edirdi. XIX əsr tədqiqatçısı S. Yegizarov yazırdı ki, muzdla tutulmuş gözətçilər gecələr sakitliyi qorumaq üçün həm şəxsən, həm də öz əmlakları ilə cavabdeh idilər.

Xan özünün mülki və polis işlərini eşikağası vasitəsilə həyata keçirirdi. Eşikağası xanın ən yaxın köməkçisi idi. Xanın yanına bu və ya digər məsələnin həlli üçün gələnləri əvvəlcə eşikağası qəbul edir və məsləhət bildikdə onları xanın yanına aparırdı.

Eşikağası mirbölüklərin, kəndxudaların və məliklərin də xanın hüzuruna buraxılıbburaxılmamasını həll edirdi. Onların əksəriyyəti əsasən kəndlərdə baş vermiş hadisələr və yaxud vergilərin toplanmasının vəziyyəti barədə məlumat vermək üçün şəhərə gəlirdilər.

Vəzifəli şəxslər içərisində mirabların da özünəməxsus yeri var idi. Belə ki onlar həm şəhərdə, həm də[22-24]kəndlərdə suyun bölüşdürülməsinə nəzarət edirdilər. Mirablar maaş əvəzinə sudan istifadə edənlərdən 15 batman taxıl və ya yarım batman pambıq alırdılar. Əldə edilən məlumatdan aydın olur ki, Naxçıvan çayından çəkilən arxın suyundan istifadə edən ətraf kəndlərin əhalisi miraba «hədiyyə» kimi ya heyvan, ya taxıl və yaxud başqa məhsullar verirdilər.

Tədqiq olunan dövrdə Naxçıvan xanlığının iqtisadiyyatı üçün natural təsərrüfat

xüsusilə xarakterik idi. Başqa Azərbaycan xanlıqlarında olduğu kimi, burada da

həlledici amil feodal istehsal üsulu idi. Naxçıvan xanlığında iqtisadiyyatın əsasını

heyvandarlıq və əkinçilik təşkil edirdi; əsas istehsal vasitəsi torpaq idi. Şərqin

müsəlman ölkələrində olduğu kimi, Azərbaycan xanlıqlarında da beş növ torpaq

mülkiyyəti mövcud idi:

1. Dövlət (xəzinə) torpaqları. Belə torpaq mülkiyyəti «divani» adlanırdı. Lakin

əvvəlki əsrlərdən fərqli olaraq XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarında dövlət torpaqları tədricən əvvəlki əhəmiyyətini itirərək bir növ xanın şəxsi mülkmülkiyyətinə çevrilmişdi. İ. P. Petruşevski Azərbaycanda feodal münasibətlərini öyrənərək belə qənaətə gəlmişdir ki, XVIII əsrin ikinci yarısında dövlət torpaqları ilə xan ailəsinin torpaqları birləşdirilib vəhdət təşkil etmiş və beləliklə də «... şəxsi torpaq sahibliyi divan torpaqları hesabına artmışdır». Bu torpaqlar xanın və xan ailəsi üzvlərinin varlanmasına şərait yaradırdı. Əksər hallarda divan torpaqları xanın razılığı ilə hər hansı şəxsə bu və ya digər xidmətinə görə «tiul» hüququnda istifadəyə verilirdi.

Tiul hüququ Naxçıvan xanlığında təkcə kənd yerlərinə deyil, həmçinin şəhərə də şamil edilirdi. Torpaqdan tiul hüququ əsasında istifadə edən şəxs «tiuldar» adlanırdı. Tiuldar ona verilmiş torpaqlardan və sahələrdən öz şəxsi mülkiyyəti kimi istifadə edirdi.

Tiultorpaq sahələri tiuldar vəfat etdikdən sonra yenidən xəzinəyə qaytarılırdı. Bu o

demək idi ki, tiul hüququ nəsildən-nəslə keçmirdi. Lakin verilən torpaqdan toplanılan vergilərə tam sahib olmaqda ona mane olmurdu. Tiuldar əldə edilmiş məhsulun müəyyən hissəsini xəzinəyə göndərməli idi. Azərbaycanın digər xanlıqlarından fərqli olaraq Naxçıvan xanlığında əkin sahələrindən əldə [26-27] edilən məhsuldan alınan vergi «bəhrə» adlanırdı. Bəhrə tiul torpaqlarında toplanılan məhsulun onda üç hissəsini təş edirdi.

2. Xan ailəsinə məxsus torpaq sahələri «xalisə» adlanırdı. Öyrəndiyimiz dövrdə faktiki olaraq həmin torpaqlar nominal xarakter daşıyırdı.

3. Mülk torpaqları. Ayrı-ayrı feodallara — mülkədarlara məxsus torpaq sahələri belə adlanırdı. Mülk şəxsi mülkiyyət olmaq etibarilə satıla da bilərdi, nəsildən-nəslə keçə də bilərdi.

4. Məscidlərin, pirlərin və bu kimi dini ocaqların ixtiyarında olan torpaqlar «vəqf» adı ilə məşhur idi

5. Kənd iclasına məxsus torpaq sahələri, «camaat torpağı» adlandırılırdı.

Dağ kəndlərində yaşayan əhalinin əsas məşğuliyyəti maldarlıq idi. Düzən

yerlərdə isə maldarlıq əhalinin ikinci məşğuliyyəti hesab olunurdu. Naxçıvan xanlığında feodal təsərrüfatının iki müxtəlif iqtisadi forması — oturaq əkinçilik və yarımköçəri maldarlıq səciyyəvi idi, bu da kəndlilərdən çoxlu vergilərin alınmasına gətirib çıxarırdı.

Kəndlilərdən alınan vergilərin sayı və miqdarı müxtəlif idi. Vergilərin müxtəlifliyi, ilk növbədə, iqlim şəraitindən və tez-tez baş verən feodal ara müharibələrinin vurduğu zərərdən asılı idi. Məlum olduğu kimi XVIII əsrin ikinci yarısında Azərbaycanın bütün xanlıqları çox ağır siyasi şəraitlə qarşılaşırdılar. Tez-tez baş verən hərbi yürüşlər, saray çevrilişləri kəndli təsərrüfatına da ağır zərbə endirirdi.

Belə bir şəraitdə feodallar istər-istəməz yaşayış mənbəyi olan kəndli əməyini qorumaqda məcbur idilər.

Xanların belə yumşaqlığı feodal istismarının ağırlığını heç də yüngülləşdirmirdi.

Kəndlilər-rəiyyətlər, rəncbərlər və elatlar qoyulan verənləri verməyə məcbur idilər.

            Rəiyyətlər kənd icması tərəfindən ayrılmış torpağı becərir və əldə etdiyi

məhsulun onda birindən beşdə bir hissəsinə qədərini ona verməyə məcbur olurdular.

Rəiyyətlər nəinki torpaqların becərilməsi ilə məşğul olur, həm də feodal torpaqlarında bir sıra tikintilərdə işləyirdilər. Rəiyyət feodaldan aldığı əmək alətləri, toxum və s. üçün də əldə etdiyi məhsulun müəyyən hissəsini ona verməyə məcbur olurdu.

Kəndlilərə hüquqi cəhətdən becərdikləri feodal torpaqlarını atıb başqa yerlərə

getməyə icazə verilirdi. Lakin təcrübədə çox nadir hallarda bu cür köçmələr baş tuturdu.

Belə hallar bir sıra çətinliklərlə qarşılaşırdı ki, bu da rəiyyətlərin könüllü şəkildə

köçmələrinə imkan vermirdi; köçməzdən əvvəl rəiyyət öhdəsinə düşən bütün işlərin başa çatmasını gözləməli, torpaqla bağlı bütün mükəlləfiyyətləri yerinə yetirməli, başqa bir yerə köçəcəyi barədə əvvəlcədən feodala xəbər verməli, öz borclarını və vergiləri vaxtında ödəməli idi.

Beləliklə, yuxarıda deyilənlərdən aydın olur ki. faktiki olaraq şəriət tərəfindən kəndlilərin şəxsi azadlığı nəzərdə tutulsa da əslində feodal torpağına təhkim olunurdular. Kəndlilərin hüquqi cəhətdən torpağa təhkim olunmaları rəsmi sənədlərdə öz əksini tapmasa da əslində rəiyyətlərin taleyini xanlar həll edir, torpaqlarla birlikdə rəiyyətlər də bəylərin ixtiyarına verilirdi

Rəncbər qrupuna məxsus kəndlilər daha ağır vəziyyətdə yaşayırdılar. Nə torpağı,

nə də əmək aləti olmayan rəncbərlər xan, sultan, məlik, bəy və digər feodalların

torpaqlarında işləyir və əldə edilmiş məhsulun, adətən üçdə bir hissəsini alırdılar.

Torpaqdan məhrum rəncbərlər faktiki olaraq bir qarın çörəkdən ötrü öz əməklərini

satmağa məcbur idilər: Rəncbərlərin əməyindən nisbətən ağır işlərdə - çəltikçiliklə, pambıqçılıqla və ipəkçiliklə bağlı təsərrüfat işlərində istifadə edilirdi. Əslində rəncbərlər üzərində feodal hüququ heç nə ilə məhdudlaşdırılmırdı. Belə ki feodal rəiyyətdən fərqli olaraq rəncbəri torpaqla birlikdə istədiyi adamlara, xüsusilə vəzifə sahiblərinə həmişəlik verə bilərdi. Bəzən bu və ya digər vəzifəli şəxs xidmətdən getdikdən sonra onun ixtiyarındakı rəncbərlər həmin vəzifəyə yeni təyin edilmiş şəxsə verilirdi. Rəncbərlər müxtəlif vergiləri ödəməklə yanaşı, həm də torpağı şumlamalı, məhsulu yığmalı və digər işləri yerinə yetirməli, həmçinin çəltik plantasiyalar   becərməli, çəltiklikləri artırmalı, təsərrüfat üçün ağac məmulatları hazırlamalı, odun gətirməli və kənd təsərrüfatı məhsullarını lazımi yerə çatdırmalı idilər.

Rəncbərlərin çoxalmasına bir sıra amillər təsir göstərirdi. Bəzi hallarda aclığa

məruz qalan və iflasa uğrayan rəiyyət özünün kiçik torpaq sahəsini satmağa məcbur olurdu. Beləliklə, rəiyyət hesab olunan kəndli rəncbərə çevrilirdi. Bəzən başqa ölkələrdən və xanlıqlardan köçmüş maldarlar və ya qaçqın kəndlilər də rəncbərə çevrilirdilər.

Bəzi hallarda xanlar münbit torpağı olan rəiyyətdən torpağı ucuz qiymətə almaqla sabiq torpaq sahibini rəncbərə çevirir və onları öz torpağında işləməyə məcbur edirdilər. Son dərəcə az gəlir əldə edən rəncbərlər öz ailələrini dolandıra bilmir və yaranmış vəziyyətdən yaxalarını qurtarmaq üçün yeganə vasitəni qaçmaqda görürdülər.

Kəndlilərin digər qrupu olan elatlar da rəiyyətlər və rəncbərlər kimi müəyyən

vergi verməli və mükəlləfiyyət daşımalı idilər. Başqa xanlıqlardan fərqli olaraq

Naxçıvan xanlığında hakim feodallar, xüsusilə kəngərli tayfasının nümayəndələri    sarayda tutduqları vəzifələrdən sui-istifadə edərək elatları özlərinin şəxsi xidmətçYuxarıda göstərildiyi kimi, xanlığın təbəələri xəzinə üçün tələb olunan vergiləri məcburi verməli və hər cür mükəlləfiyyəti yerinə yetirməli idilər. Vergi və mükəlləfiyyətlər kəndlilər kimi şəhər əhalisinə də aid edilirdi. Naxçıvan xanlığında feodal rentası aşağıdakı formada mövcud idi:

Şəxsi vergilər (can vergisi).

a) Baş pulu: Əsasən 15 yaşına çatmış şəxsdən ildə bir dəfə gümüş pulla 1 man.

20 qəpik alınırdı. Bu vergidən heç kəs yayınmasın deyə şəhər və kəndlərdə yeni peyda olmuş şəxs haqqında kəndxudalar divana mütləq məlumat verməli idilər. Əks təqdirdə kəndxudanı ciddi cəza gözləyirdi.

b) Ev pulu (tüstü pulu): Bu vergi toplanılarkən evlilərlə subaylar arasında heç bir

fərq qoyulmurdu. Yalnız qadınlardan və uşaqlardan ev pulu alınmırdı. Hər kişidən ildə gümüş pulla 1 manat 20 qəpik, hər evdən isə gümüş pulla 20 manat alınırdı.

Torpaqla əlaqədar vergilər Bu vergi buğda ilə ölçülürdü. Naxçıvan xanlığında

bu vergi «bəhrə» adlanırdı. «Bəhrə» taxılçılıqla məşğul olan bütün rəiyyətlər üçün

məcburi vergi idi. Naxçıvan xanlığında bəhrə o qədər geniş vüsət tapmışdı ki, natura ilə alınan bütün vergilər xalq arasında «bəhrə» adlandırılırdı. Bu vergi, adətən, aşağıdakı şəkildə toplanırdı: məhsul yığılıb qurtardıqdan sonra sahibkarın və ya onun inanılmış adamlarının iştirakı ilə taxıl bölüşdürülürdü... Bu bölgü məhsul yığıldıqdan sonra üç gündən gec olmayaraq həyata keçirilməli idi. Əgər kəndli sahibkarın mülkünün yaxınlığında yaşayırdısa, bəhrə üç gündən gec olmayaraq sahibkara çatdırılmalı idi.

Əgər sahibkar həmin yerdən uzaqda yaşayırdısa, o zaman bəhrə çöl işləri qurtardıqdan sonra ödənilirdi.

Pul ilə ödənilən vergilər. Natural təsərrüfatın hökm sürdüyü dövrdə Naxçıvan xanlığının rəiyyətləri bəzi vergiləri pulla da ödəyirdilər Pul ilə vergi, əsasən, şəhər əhalisindən alınsa da, kəndlilər də bu vergidən yaxa qurtara bilmirdilər. Pul ilə vergi aşağıda göstərilən hallarda alınırdı:

1. Mancanaq pulu -bu vergi dəzgahlarda ipək toxuyan hər bir sənətkardan

alınırdı.

2. Toxucu pulu - bütün il boyu toxuculuqla məşğul olan sənətkar xəzinəyə 4

man. 80 qəpik, yalnız qış aylarında bu sənətlə məşğul olan şəxs isə dövlətə 2 man.

qəp. verməli idi. Toxuculuqla qış aylarında əkin sahələrində işləməyən kəndlilər də məşğul olurdular.

3. Bağpulu - həmin vergini şəhərdə və şəhər həndəvərində bağı olan şəhərlilər

verirdilər.

4. Bayramlıq - xüsusilə Novruz və Qurban bayramları zamanı həm şəhər, həm

də kənd əhalisindən alınırdı.

5. Toyxərci -həmin vergi həm xan evində, həm də rəiyyətin evində toy olarkən

xəzinəyə verilirdi.

6. Dəyirmanpulu-şəhər və kənd əhalisi dəyirmandan istifadə etdiyi üçün 2

tümən və ya 8 manat pul verməli idi.

7 Hamamdan, karvansaradan və dükan binalarından istifadə etmək üçün də

müəyyən vergi ödənilirdi.

8. Tacirlər və sənətkarlar xəzinəyə ildə 400 tümən vergi verməli olurdular.

9. Şəhərə satmaq üçün mal gətirən tacir bütün vergilərlə yanaşı gözətçipulu da

verməli idi.

10. Pambıq, çəltik, darı və digər kənd təsərrüfatı məhsulu satan şəxs də xəzinəyə

nəğd pul verirdi.

11. Bir xalvar saman üçün gümüş pulla 1 man. vergi alınırdı.

12. Üzüm və meyvə bağlarından gümüş pulla 6 man. vergi toplanılırdı.

13. Dövlət torpaqlarından otlaq kimi istifadə edən şəxs xəzinəyə ildə 6 mangümüş pul verməli idi.

Rəiyyət qeyd edilən vergilərlə yanaşı, mükəlləfiyyət.[31-32]də daşımalı idi.

Mükəlləfiyyət iki şəkildə olurdu-biyar və əvariz.

Culfa yaxınlığındakı Araz keçidindən gömrük almaq hüququ Culfadan olan

yüksək rütbəli bir nəfər şəxsə 160 tümənə verməli idi. Bundan əlavə icarədar xəzinəyə ildə topladığı gömrüyün dörddə bir hissəsini də verməli idi. Araz çayının üstündəki körpüdən keçən yükə görə bu qaydada gömrük alınırdı. Hər at üçün (yüklü və ya yüksüz) 8 qəpik, hər qaramal üçün 8 qəpik, hər ailəyə görə 50 qəpik, dəfn olunmaq məqsədilə Xorasana aparılan müsəlman cənazəsi üçün 50 qəpik. Gətirilən məlumat bizcə Naxçıvan xanlığındakı mürəkkəb vergi sistemi haqqında fikir yürütməyə imkan verir.

Bazarlarda pul, çəki və ölçü vahidlərinin müxtəlifliyi ticarətin normal

aparılmasında ciddi çətinliklər törədirdi. Naxçıvan bazarlarında İran, Türkiyə, Rusiya və Gürcüstanda, habelə Şuşada, Xoyda, Təbrizdə və b. şəhərlərdə kəsilmiş pullar dövriyyədə idi. Müxtəlif şəhərlərdə zərb olunmuş pulların dəyəri də bir-birindən fərqlənirdi. Xüsusilə yerli pul vahidlərinin sabit olmaması ticarətin gedişini çətinləşdirirdi. Siyasi hadisələr, habelə şəraitlə əlaqədar xanlar özlərinin pul vahidlərinin dəyərini dəyişməyə məcbur olurdular. Belə hallar da bazarlarda pul dövriyyəsini ləngidirdi.

Azərbaycanın başqa şəhərlərindən fərqli olaraq Naxçıvan xanlığında pul zərb edilmirdi. Ona görə də xanlıqda dövriyyədə əsasən İran və Azərbaycan pul vahidləri işlədilirdi: «tümən», «yarım tümən», «sahibqıran», «pənahabad», «yarım pənahabad», «şahı», «yarım şahı», «para», «mahmudiyyə», «səksənlik», «yüzlük» və s.

Pul vahidləri kimi, ölçü və çəki vahidləri də müxtəlif idi. Tədqiq olunan dövrdə Azərbaycanda və eləcə də İranda «hər vilayətin özünəməxsus ölçü və çəki vahvahidləri var idi».

Bu sistem şəhər və kəndlərdə elə dərin kök salmışdı ki, hətta Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə də müəyyən müddət bu cür ölçü və çəki vahidləri qüvvədə qalmışdı. Yalnız xeyli vaxt keçdikdən sonra yeni pul sistemi, ölçü və çəki vahidlərinin nizama salınması barədə çar məmurları tərəfindən müəyyən tədbirlər görüldü.



Xanlıqlar dövründə nəinki ayrı-ayrı xanlıqlarda. hətta bir xanlığın öz daxilində dəölçü və çəki vahidləri fərqlənirdi. Odur ki, alqı-satqı zamanı bəzən ciddi mübahisələr baş verirdi. Hər kəs çalışırdı ki, malı alıb-satarkən öz çəki və ölçü vahidindən istifadəetsin

Ədəbiyyat

  • Fuad Əliyev və Mirabdulla Əliyev “Naxçıvan Xanlığı”

  • Mirzə Adgözəlbəy “Qarabağnamə”

  • 3.Fərzəlibəyli Ş.F. Naxçıvanın XVII-XIX əsrlər tarixinə dair qiymətli sənədlər, -“Naxçıvan”

  • Qasımov X.S. Naxçıvan Azərbaycan mədəniyyəti ocaqlarından biri kimi


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə