ÖZÜNÜ qoru, xalqim




Yüklə 1.8 Mb.
səhifə8/13
tarix23.02.2016
ölçüsü1.8 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

Hələ ki, sağam, gəl, gör məni…
Sanki yer adamı deyiləm,

Olsa da o mənim yurd-yuvam…

Olmaya bəlkə də deyirəm,

Gəlmişəm bir ayrı dünyadan…

Sürüdür kütlələr sürüyə,

Heç cürə uyuşa bilmirəm…

Çoxu tək cildimi göz görə,

Nə edim, dəyişə bilmirəm…

Bircə mərdanəlik qanıram,

Bir də ki, bağlıyam tanrıya…

Nə qulluq, nə altun tanıram,

Nə fitnə, nə biclik, nə riya…

Nə əyri əməllə işim var,

Nə də bəd niyyətlə tanışam…

Az deyil, altmış yaşım var,

Bir böcək də basdamamışam…

Qəddarlıq gəlməyir əlimdən,

Əməlim işimdən bilinir…

Bir yalan söz çıxa dilimdən,

O günü kəsərəm dilimi…

Haqqa lap min kərə əyiləm,

Haqq ilə ölçürəm hər işi…

Sanki yer adamı deyiləm,

Ayrı planetdən gəlmişəm…

Milyonla insanın içində,

Az qala ürəyim çatlayır…

Bu boyda cahanın içində,

Vaxt olur heç havam çatmayır…

O qədər boldur ki, satqın, xam,

Hansından özümü qoruyum?..

Sahilə atılmış balığam,

Düşmüşəm nadanlıq toruna…

Qaçıram qurtula bilmirəm,

Dururam yetməyir dözümüm…

Hamı tək mən ola bilmirəm,

Qəsd edə bilmirəm özümə…

Adamlar qızıla qul, kölə,

Adamlar vəzifə dəlisi…

Alınır, satılır pul ilə,

Xilqətin minlərlə pərisi…

Hər şeyi hərraca qoyublar,

Hamının məsləki gibində…

Düzlərin dərisin soyurlar,

Başların kəsirlər dibindən…

Yaxşılar tez gedir dünyadan,

Əlləri hər şeydən üzülü…

Düzəlməz bu aləm heç zaman,

Düzəlməz, çürükdür özülü…

Min kərə bulanıb qanına,

Qan ilə bələyi bələnib.

Vəhşilik minibdir qanuna,

Vəhşilər bəşəri talayır…

Enmişəm göylərdən bəlkə mən,

Bəlkə də dəryadan gəlmişəm…

Allahım, bəlkə sən deyəsən,

Deyəsən mən hardan gəlmişəm?..

Nəfsim hər şeydən tox mənim,

Butun kasıblarla ortağam,

Bircə manatım yox mənim,

Axirət gününə qoymağa…

Bilirəm, çoxuna indi mən

Gülməli gəlirəm, gülməli…

Əsl insan görmək istəsən,

Necə ki, sağam, gəl, gör məni…


1994.

Fələk sayır, mən sayıram…
Rəhmətlik anam həmişə dara düşəndə

deyərdi: - Sən saydığını say, gör fələk

nə sayır…Anamın bu kədərli nəğməsi

uzun illərdir qulağımda hey səslənir…
Bu dünyaya göz açalı

Fələk ilə

Döyüşdəyəm,

Vuruşdayam…

Çox fələyə yalvarmışam,

Bir yol mənlə

Barışmayıb…

Bir yol mənə rəhm etməyib,

Hətta mənim şair sözüm

Daş qəlbini

Kövrəltməyib…

Batmanımı çərək edib,

Elə bil ki, doğulandan

Fələk məni

Kölə edib…

Bu həyata göz açalı

Mən sayıram,

Fələk sayır,

Bu saymaqdan yığılmışam

Cana daha..

Fələk sayır, mən sayıram,

Mən sayıram,

Fələk sayır,

O sayanlar olur daim,

Mən sayanlar

Baş tutmayır…

Mən sayanlar heçə dönür,

Boşa çıxır,

Eh, fələyin əməlindən

Nə kimsənin

Ağlı kəsir,

Nə kimsənin başı çıxır…

…Uşaq idim bu həyata

lap yenicə

göz açmışdım.

Yaşamağa lap təzəcə

Alışmışdım.

Atam vardı dağ cüssəli,

Bir igid, ər…

Cavan, sağlam,

Zəhmətsevər…

Körpə idim, o arxamda

Dağdı mənim.

Fələk bir gün o dağımı

Yıxdı mənim…

Yerlə-yeksan etdi-

Fələk,

Anam fəğan etdi-



Fələk,

İndi şadlan,

Sevin səni,

Evimizi viran qoydun,

Viran qalsın

Evin sənin…

Bu fələyin kələyindən

Yığılmışam

Cana daha.

Fələk sayır, mən sayıram,

Mən sayıram,

Fələk sayır…

Fələk daim haqlı olur,

Mən sayanlar xəyal olur,

O sayanlar

Doğru olur…

Gecə-gündüz, səhər-axşam,

Mən sayıram, fələk sayır,

Fələk sayır,

Mən sayıram.

… Övladlarım doğuldular,

Ata qədbim

Ümman oldu…

Fələk deyən olmadı ta

Bu dəfə

Mən sayan oldu…



Ogul toyu elədim ki,

Gəlin gəlsin

Evimizə…

Bu dəfə də görünmədi

Fələk gözə…

Nəvəm olar, nəslim artar,

Dedim mən də

Fələk dede:-dayan canım…

Fələk dedi:-necə-necə?

Məhv elədi nəvəmi o,

Anasının

Bətnindəcə…

Batdı günüm, soldu ayım,

Nə zamandır, bax, beləcə

Mən sayıram,

Fələk sayır…

Nə zamandır, bax, beləcə,

Səhər-axşam.

Fələk sayır,

Mən sayıram…

…Mən dedim ki, ömür yolu

uzun yoldur,

Ayı çoxdur,

İli boldur…

Qocalanda ömür dostum

Baxar mənə…

Fələk dedi-

Nə dedin, nə?

Lap yolunu

Azdın daha,

Aldı ömür yoldaşımı

Əllərimdən

Baxa-baxa…

Bu dünyaya göz açandan

Bax beləcə,

Gecə-gündüz,

Səhər-axşam,

Mən sayıram, fələk sayır,

Fələk sayır,

Mən sayıram.

Fələk deyən olur

Hər vaxt,

Sən fələkdə

Qüvvəyə bax…

Lap fələyin əllərində

Qul olmuşam,

Mən sayanlar

Xəyal, yuxu,

O sayanlar

Ağır, baha…

Daha heç bir

Sözüm yoxdur,

Ta saymaqdan

Yorulmuşam,

Yetər, fələk

Saydığını

Saydın daha…

Zühur eyləmişəm…
Şer üçün öz-özümü çoxdan

Əsr eyləmişəm…

Balaca iş masamı

Qələ qəsr eyləmişəm…

Çəkmişəm duyğüların dağdan

Ağır dağ yükünü,

Düşmüşəm misralar ardınca

Qərib ahu kimi,

Doğuluğ qafiəmin hər biri

Bir ağı kimi,

Bu ilahi işə mən ömrümü

Həsr eyləmişəm…

Keyf-damağ, ya da ki, əyləncə

Nədir bilməmişəm.

Dincliyin heç dadı, rəngi

Necədir bilməmişəm.

Bəzən heç çöldə ya gündüz

Gecədir bilməmişəm.

Beytimin abu-havasını

Fəsil eyləmişəm…

Könlüm öz yurdumu cövlan

Edib seyrə çıxıb,

Xeyri niyyət eyləyəndə

Niyyətim xeyrə çıxıb.

zaman ki,yolumun üstünə,

Bir Leyli çıxıb,

O günü allaha yüz dəfə

Nəzir eyləmişəm…

Yoğrulub ilham ilə ruhum,

Hüceyrəm, əzələm.

Şer Leylim yeridir adıma

Məcnun desələr,

Toxunanda əlimə cansız, ölü,

Ya soyuq əl,

Cumub evdə o günü xeyli

Qüsl eyləmişəm…

İlhamım lal olan vaxtı

Halım olmayıb heç,

Bircə an, bircə dəqiqə,

Qərarım olmayıb heç,

Qəlbimdən savayı özgə

Varım olmayıb heç.

Bax, onun tişəsini almaz,

Qızıl eyləmişəm…

Dənilər var yağıblar özünə,

Mən isə söz,

Qaş-daşım, ləli-brilyantım

Olub tər-təzə söz.

Gəlməz heç qiymətə, heç ölçüyə

Heç bir təzə söz,

Bax, o sərvət ilə el qəlbinə

Yol eyləmişəm…

Beləcə çoxlu on illər

Və yüz illər ötəcək,

Qalacaqdır əməlim daima,

Canlı diri tək,

Təzədən birdə bu dünyaya

Zühur eyləmişəm…


1994.

Əvvəl-əvvəl dünya bütöv bir ev imiş…
Dünya əvvəl sonsuz nəhəng bir ev imiş,

Zaman-zaman neçə yerə parçalanıb…

Yarananda yer kürəsi bütöv imiş,

Əvvəl-əvvəl qitələrə parçalanıb…


Sonra isə qütblərə, bölgələrə,

Sonra olub yarısı su, yarı quru…

Sonra isə ayırıblar ölkələrə,

Bütövlüyü sönüb, solub edib qürub…


Sonra isə yaranıbdır qəbilələr,

Peyda olub sonra dinlər, etiqadlar…

Sonra dillər aralığa çəkib çəpər,

Rəvac tapıb məmləkətlər neçə adda…


Millət adı heç olmayıbdır onda hələ,

Sonra isə millətbazlar düşüb dəbə…

Çox xəbislər doğulmayıb onda hələ,

Aralığa ki, bic, haram toxum səpə…


Parçalanmaq ərzin köhnə mərəzidir,

Əvvəl yoxmuş varlıları, kasıbları…

Əvvəl olub ağası bir, köləsi bir,

Eyni olub qayğıları, əzabları…


Əvvəl kökü eyni olub insanlığın,

Para-para eləyiblər sonra onu…

Şah-xaqanlar qan üstündə taxta çıxıb,

Başlayıbdır çətin günü, qara günü…


Başlayıbdır dava-dalaş, ölüm, edam,

Zülmə qarşı üsyan edib qara qullar.

Sonra sərhəd məftilləri olub peyda,

Bağlanıbdar gedən yollar, gələn yollar…


Xain əllər çəkib xətti, qoyub mərzi,

Sərhədçilər yol kəsiblər addım başı…

Sonra altun xəstəliyi sarıb ərzi,

O xəstəlik gündən- günə quduzlaşır…


Milyonerlər bir-birini marıtlayıb,

Padşahlar bir-birindən şübhələnib…

Kütlələri düyü kimi arıtlayıb,

Ayırıblar rəqiblərə, cəbhələrə…


Başlayıbdır kin, ədavət, düşmənçilik…

Kəşf olunub say-hesabsız silah növü…

Dünya olub parça-parça, deşik-deşik,

Adam dönüb canavara adam yeyib…


Bir balaca məmləkətdir Azərbaycan,

Gör, onu da neçə yerə bölüşüblər.

Burdan ruslar udub onu, ordan İran,

İndi isə erməniylə bölüşürlər.


Yerdən insan, göydən fələk alov tökür,

Yaşayırıq yana-yana, ölə-ölə…

Ərzi elə tikə-tikə ediblər ki,

Birləşdirə bilməz Allah özü gələ.


O hələ çox dağılacaq, söküləcək,

Gəzir atom kabusları başı üstə…

Dünya əvvəl bir ev imiş, vaxt gələcək,

Heç daşı da qalmayacaq daşı üstə…


1994

Mənə rəhmin gəlsin…
Ölür ürəyimdə yaxşı adamlar,

Bulanıb zamanın çirkablarına…

Sanki qeyb olurlar, itib-batırlar,

Düşürlər xatirə girdablarına…


Gördüyüm xəyalmı, yoxsa yuxumu,

Dönür sifətləri, dönür üzləri…

Yamanlıq azarı tutub çoxunu,

Allah bu azardan sizi gözləsin…


Necə əyilirlər, necə sınırlar,

Necə qocalırlar, yaşlılaşırlar…

Necə qürub edib, necə sönürlər,

Necə yadlaşırlar, başqalaşırlar…


Ha diqqət verirəm tanımaq olmur,

İnana bilmirəm bu kəs, o kəsdi…

Cəllad zəmanədir qınamaq olmur,

Allah zəmanənin əhdini kəssin…


Ölür ürəyimdə yaxşı adamlar,

Ayrı rəng alırlar, görkəm alırlar…

Tamam ayrı cürə addım atırlar,

Tamam ayrı cürə hava çalırlar…


Matəm saxlayıram, qara geyirəm,

Dost-tanış itirmək necə çətindir.

Mən öz əllərimlə dəfn eyləyirəm,

Onların kinimdə, məhəbbətimdə…


Nə beyinə yerləşir, nə də ağıla,

Onlar yoxluğunu bilmir görəsən?

Belə də, ikili yaşamaq olar,

Üzdən sağ qalasan, içdən öləsən…


Hər kiçik təpəyə baxır dağ, demə,

Yaşamaq özü də bir heyrət imiş…

Həyata insan tək göz yummaq, demə,

Əsl hünər imiş, ləyaqət imiş…


Ölür ürəyimdə yaxşı adamlar,

Daha qapımı aç xeyirə Allah.

Daha axır hədd gəlib çatıblar,

Mənə rəhmin gəlsin deyirəm, Allah…


1992
***
Dağlar, sizdə nəyim qaldı, gəncliyim,

Gəncliyimi bir də mənə qaytarın.

Bulaq başı ağac altda gəncliyim,

O dincliyi yiyəsinə qaytarın…


Yollar sizdə nəyim qaldı, ləpirim,

Ömrüm, günüm, məhəbbətim üstəlik.

O ləpiri kimlər sildi, nə bilim,

O ləpiri bir də görmək istərəm…


Çaylar sizdə nəyim qaldı, a çaylar,

Uşaqlığım, qaynarlığım, kürlüyüm.

Ən qiymətli şeyim qaldı, a çaylar,

Bu dünyada ən müqəddəs bildiyim…


Uçan quşlar, uçurtdunuz nəyimi,

Necə oldu o qanadlı çağlarım.

Bir sehirli xalat verin, geyinim,

Bir sehirli çıraq verin, axtarım.


Sizdə nəyim qaldı, qalın meşələr,

Nağıllarım, əfsanəvi hislərim.

Gözlərimə ekran salın, meşələr,

O dövrümü bir də mənə göstərin.


Güllər, sizdə nəyim qaldı, a göllər,

Dadım, duzum, ətrim, ruhum, rayihəm.

tez uçdu o həftələr, o günlər,

Düşünəndə basır məni vahimə.


Sizdə mənim nəyim qaldı əbədi,

Kəndimizin adamları, siz deyin.

İlhamımın kökü, göcü, məbədi,

Varlığımın hər duyğusu, istəyi.


Qəbiristanlıq, nəyim qaldı, de səndə,

Babam, atam, bacım, müqəddəslərim.

Əzizlərim bu dünyadan köçəndə,

Yanınızda şairlərə yer verin.


1970.

Hey çağırır o səs məni…
Son nəfəsdə-Cabir dedi,

Özü getdi, sözü qaldı…

Qəmli-qəmli gülümsədi,

Gözlərimdə gözü qaldı…


Nə təhərsən-lap yaxşıyam,

Yaxşı deyib can verirdi…

Mənim ömrüm, mənim dünyam,

Gülümsəyib can verirdi…


Bu mərdlikdi, gözəllikdi,

Ölüm, həyat, hərbi idi…

Bu, mənə bir təsəlliydi,

Bu, mənə bir zərbə idi…


-Nə təhərsən, lap yaxşıyam,

yaxşı deyib can verirdi.

Mənim ömrüm, mənim dünyam,

Gölümsəyib can verirdi…


-Nə təhərsən,-lap yaxşıyam,

bu mənə bir ağrı oldu…

gözlərimə baxa-baxa,

milyon ilin nağılı oldu…


ömür dostu, ana, bacı,

ən müqəddəs kəs itirdim…

hər günümün ehtiyacı,

bir müqəddəs səs itirdim…


-Cabir, Cabir,-gənc çağımdan

O səs mənə həmdəm oldu…

O səs mənim qulağımda,

Ümid oldu, nəğmə oldu…

-Cabir, tək bir ürəyim var,

Onu da ki, sənə verdim…

Cabir dedi hər qış, bahar,

Cabir dedi hər ay, hər gün…


Sərt yollardan keçə-keçə,

Həmdəm oldum o səs ilə.

Səhər-axşam, göndüz-gecə,

Yatıb durdum o səs ilə…


-Cabir, niyə bikef oldun,

-Cabir, nə var, kiri, dayan…

getdim, gəldim, yatdım, durdum,

o səs gəldi zaman-zaman.


-Cabir,-neçin, gecikdin bəs,

-Cabir, asta, hamı yatıb…

Düz otuz il məni o səs,

Hey çağırdı, harayladı…


Cabir dedi yata-yata,

Cabir dedi dura-dura…

-Cabir, Mirzə böyüyüb ta,

Toy eləyək gərək ona…


Son anda da Cabir dedi,

Özü getdi, səsi qaldı…

Qəmli-qəmli gülümsədi,

Gözlərimdə gözü qaldı…


Ürək buna necə dözər,

Dərd gətirir dilə məni…

Özü getdi,səsi isə,

Hey çağırır elə məni…


Nə kəsilmək bilir o səs,

Nə dayanmaq bilir o səs…

Uyuyuram gəlir o səs,

Ayılıram gəlir o səs…


-Cabir, Cabir sədaları,

Elə daim içimdədir.

Vurğuları, nidaları,

Bir zəlzələ gücündədir.


Kövrəlirəm, sevinirəm,

-Cabir, Cabir,-o səs axır…

Mən o səsə yüyürürəm,

Yüyürürəm yoxa çıxır…


-Cabir, Cabir,- sədaya bax,

Səhər-axşam, gündüz-gecə…

O səs məni çağıracaq,

Ta yanına gedənəcən…



Ay ana…
Sənin qızın, mənim ömür yoldaşım,

Əlimizdən nə tez uçdu, ay ana?

Heç bilmirəm bu əzrayıl mürdəşir,

Birdən niyə onu seçdi, ay ana?..


O, gedəli gücüm yox, qüdrətim yox,

Bu həyata zərrə məhəbbətim yox,

Oğullarım qalmadılar yetim, yox,

O yetimlik mənə düşdü, ay ana.


Elə bil ki, nəslimizdə talan var,

Baxışlarda gör nə qədər əməl var.

O gedəli gör nə qədər ölən var,

O gedəli köçhaköçdür, ay ana?..


Sənin saçın birdən-birə ağardı,

Mənim ömrüm viran oldu, dağıldı,

İnsan tamam əfsanədir, nağıldır,

Əvvəli heç, sonu heçdir, ay ana…


Səfuramın anasısan, anamsan,

Sən də ona mənim kimi yanansan,

O gedəli sən də gmrü talansan,

Yaşayırsan gözü yaşlı, ay ana…


Günlərimi təklik alıb qoynuna,

O iblisdir ilişmişəm oynuna,

İstər gələ yüz-yüz gəlin-qaynana,

Ocağımız daha boşdur, ay ana…


Lap mələklər xidmət edə bu evə,

Peyğəmbərlər hörmət edə bu evə,

Allah özü diqqət edə bu evə,

Səfurasız yenə heçdir, ay ana…


1994.

Yuxun şirin olsun sənin…
Sən gör harda, mən gör harda,

Dərd soldurdu, gülüm, səni…

Mən evdəyəm, sən məzarda,

Ta yetməyir əlim sənə…


Bir qırpımda yollar aşdın,

Dağlar keçdin, yollar aşdın,

Min il məndən uzaqlaşdın,

Hara atdı ölüm səni…


Otuz ildir bir can idik,

Bir-birinə mehman idik,

Bu nə hökmü fərman idi,

Bir də necə görüm səni…


Dağım-dağım dağılırım,

Yana-yana bağırıram,

Ha adını çağırıram,

Çatmayırmı ünüm sənə?


Gözlərimdə yaş quruyub,

Gül sinənə daş qoyulub,

Yastığa tək baş qoyuram,

Boş qalıbdır yerin sənin…


Dəhşətlərdən, ağrılardan,

Yatammadım zaman-zaman,

Ta əbədi yuxudasan,

Yuxun olsun şirin sənin…


1988.

Demə…
Bir səma artında neçə bahar-qış,

Bir isti ocaqda, bir ailədə,

Demə, səadətlə yaşayırıqmış,

Xəbərimiz yoxdur bircə gilə də…


Demə, hər günümüz bir nağıl imiş,

Bu ölməz nağılı görmürük ancaq.

Demə, ömrümüzün gül gağı imiş,

Hər gün səhər-səhər birgə oyanmaq…


Qapı-pəncərəni tez irahlayıb,

Günəşin üzünə açmağın özü…

Yataqdan cüt baxan qoşa çarpayı,

Eyvanda cüt duran başmağın özü…


Gecələr sakitcə bir yerə girmək,

Doğma bir balınca baş qoymaq hər gün…

Hər gün bir-bilinin halını bilmək,

Birgə ömr evinə daş qoymaq hər gün…


Gah bərkdən, gah da ki, asta danışmaq,

Gahdan acıqlanıbözünə gəlmək.

Bəzən hər şey üstə küsmək, barışmaq,

Hətta bir-birindən cəzana gəlmək…


İki ömrə düşən birgə qəm, həsrət,

Hər cür ağrı, acı, küsü sən demə.

Elə səadətmiş, elə səadət,

Elə xoşbəxtlikmiş özü sən demə…


Həyat yollarını döyən qar-yağış,

Gah bir gözümüz ac, bir gözümüz tox…

Demə səadətlə yaşayırıqmış,

Amma əsla bundan xəbərsiz yox…


Dözüb hər əzaba, hər çətinliyə,

Üç oğul böyüdüb gəlin gətirmək.

Birgə sinə gərmək jərdə, möhnətə,

Birgə neçə-neçə əziz itirmək…


Ya xəstə olanda, naxoş olanda,

Həkimlik eləmək bir-birimizə,

Ev sakit olanda, ev boş olanda,

Elə lal dayanıb baxmaq göz-gözə.


Birgə yasa getmək, şənlikdə olmaq,

Bir yerdə ağartmaq qara saçları…

Birgə sinə gərmək, birgə uçurmaq,

Çox maddi, mənəvi ehtiyacları…


Söykənmək qəlb-qəlbə, nəfəs-nəfəsə,

Özü ilahidən bir nemət imş…

Hər cün bir-birini sağ görmək isə,

Demə, ən əvəzsiz səadət imiş…


1988.
Sənin ölümündən sonra, mənim ölümümdən sonra…
İtib yollarımın yolu,

Sənin ölümündən sonra…

İtirmişəm sağı-solu,

Sənin ölümündən sonra…


Fani dünya heçdi-necə?

Şahlıq quşum uçdu-necə.

Ölüm adiləşdi necə,

Sənin ölümündən sonra…


Bu dünyaya yox ta sözüm,

Qarışıb gecəm-gündüzüm.

O dünyada qalıb gözüm,

Sənin ölümündən sonra…


Shyuyub isti evimiz,

Tutqun dənizdi evimiz,

Laldır, dilsizdir evimiz,

Sənin ölümündən sonra…


Mən göl idim, sonam oldun,

Anam getdi-anam oldun.

Ömür mənə haram oldu,

Sənin ölümündən sonra…


Vaxt gələcək yetişəcək,

Çox yaralar bitişəcək,

Milyard illər ötüşəcək,

Sənin ölümündən sonra…

Mənim ölümümdən sonra…
1989.
Mənə xatirən qalacaq…
Hamı çəkilib gedəcək,

Təkcə xatirən qalacaq…

Hamıdan da etibarlı,

Mənə xatirən olacaq…


Hayqıracaq, çuğlayacaq,

Varlığımı yandıracaq.

Şüşələri doğrayacaq,

Qapıları sındıracaq.


O gələcək daim dilə,

Susmaq nədir bilməyəcək.

Yaşayacaq mənim ilə,

Ta ömrümün sonunadək.


Ağır günlər qovuşacaq,

Əriyəcək, bitişəcək,

Qırx da gəlib sovuşacaq,

İl də gəlib ötüşəgək.


Dövr edəcək dünya, zaman,

Güllər açılıb solacaq.

Təkcə solub saralmayan

Sənin xatirən olacaq…


Ən çox anan dərd edəcək,

Bir də doğma bacıların.

Onlara da öyrədəcək,

Həyat həsrət-acıları.


Çox sağ olsun ana-bacı,

Necə etsin, axı, onlar.

Hamının öz ehtiyacı,

Hamının öz qayğısı var…


Bir də dərddən nədir fayda,

Unutmaq da bir hünərdir.

Eh, unutmaq olmasaydı,

Görən insan nə edərdi…


Unudulan gedən gərək,

Unutmaqdır xilas ancaq.

Hamı çəkilib gedəcək,

Təkcə xatirən qalacaq…


Böyüklər də, uşaqlar da,

Mənə ağıl verəcəklər.

«Hamı üçün ölüm vardır,

Bilməyirsən bunu məgər?».


«De, dünya qalıb kimə,

Yaşamağın sonu budur… »

Ürək-dirək vermək demə,

Unutmağın bir yoludur…


Beləcə günlər ötəcək,

Soyuyacaq bizim ocaq.

Hamı çəkilib gedəcək,

Təkcə xatirən qalacaq…


O soyumaq bilməyəcək,

Yer uçula, Günəş sönə.

Oğullar da gün gələcək,

Ev quracaq özlərinə.


Hərənin də zaman-zaman,

İsinəcək yurd-yuvası…

Belə qurub bunu quran,

Bunu yazan belə yazıb…


Olacaqdır hər birinin,

Can-ciyəri uşaqları…

Kaş onları xoşbəxt görüm,

Daim yansın çıraqları…


Belədir yekun,nəticə,

Adın yaxın, özün uzaq…

Hər şey çəkilib gedəcək,

Bircə xatirən qalacaq…


1988.

Səfura getdi, Səfura gəldi…
Səkkiz il öncə ömür yoldaşım dünyasını

dəyişdi. Uzun həsrətdən sonra qız nəvəm

oldu, adına nənəsinin adını verdik…
Səfura getdi,Səfura gəldi,

Səadət yenə qapıma gəldi…

Bayılmış idim, gəldim özümə,

Yenə bu həyat güldü üzümə…

Yenə evimiz çıraqban oldu,

Allah, gör ki, kim anadan oldu.

Xalqa üç övlad bəxş eləyən kəs,

Dedilər bir də geriyə dönməz.

Amma o dönüb dübarə gəldi,

Səfura getdi, Səfura gəldi…

Evdən çıxalı səkkiz il idi,

Onsuz hər günüm bir əsr idi.

Səkkiz il məni təklik boğurdu,

Elə bil mən də təzə doğuldum.

Təzədən oldum anadan sanki,

Mənə rəhm etdi yaradan sanki.

Böyük Səfuram əlimdən uçdu,

Nəvəm balaca Səfuram gəldi…

Böyük Səfuram nəvəsiz köçdü,

Nə qəm balaca Səfuram gəldi…

Bütün otaqlar dil açdı sanki,

Qəlbimə ümid yol açdı sanki…

Niskillərimə ruh, çarə gəldi,

Səfura getdi,Səfura gəldi…

Hamı beləcə kaş diriləydi,

Bütün nənələr geri dönəydi…

Bütün babalar geri dönəydi…

Dolur, boşalır dünya qədimdən,

Kim deyir, axı, dönmür gedənlər?

Gözünə yekə bir eynək taxsın,

Gəlsin balaca Səfuşa baxsın,

Görsün nənənin əvəzi gəldi,

Babanın ömür nəğməsi gəldi…
1995.

Gəlin-qaynana…
Qəbiristanda da anamla yoldaşım

yan-yana uyuyurlar…
Yan-yana uyuyur gəlin-qaynana,

Biri ömür dostum, biri yoldaşım…

Torpaq onları da aldı qoynuna,

Əyildi qamətim, ağardı başım…


İkisi bir ildə getdi dünyadan,

Birdən hər ikisi xəyala döndü…

Getdi iki əziz müqəddəs insan,

Ömrümün iki gur ulduzu söndü…


Deyirlər ev evə sığışar inan,

Sığışmaz bir evə qaynana, gəlin.

Deyirlər onların başdan-binadan,

Torpağı bir yerdən götürülməyib…


Bəşəri bir dərddir gəlin, qaynana,

Necə mənasını açım mən onun?

Eh, kimlər düşməyib onun oynuna,

Yurdlar viran qalıb hökmündən onun…


Qızlar olublar ki, günahsız, təmiz,

Yad evə köçdümü kinə dönüblər…

Analar nə qədər ki, anadır əziz,

Qaynana oldumu cinə miniblər…


Yan-yana uyuyur gəlin-qaynana,

Onlar həyatda da yan-yana oldu…

Yan-yana uyuyur yoldaşım-anam,

Onlar həyatda da mehriban oldu…


Otuz il bir evdə yatıb-durdular,

Otuz il bir yerdə çörək yedilər…

Nə bir-birindən incik oldular,

Nə bir-birinə yaman dedilər…


Nə bir yol sözləşib savaşdı onlar,

Nə aralarında sərinlik oldu…

Görənlər dedilər min yaşasınlar,

Bax, bu qaynanalıq, gəlinlik oldu…


Torpaq onları da aldı qoynuna,

Uçdular, getdilər bir yuxu kimi.

Yenə yan-yanadır gəlin, qaynana,

Bir vaxt torpaq üstə olduğu kimi…



Qızıl anam qızılgül anam…
Mənim qızıl anam,

Qızılgül anam.

Sənin üçün mən acam

Bu çağımda da.

Yuxum ərşə qaçıb

Sənin laylana,

Səsinə möhtacam

Bu yaşımda da…

Məni neçə ildir

Qoyub getmisən,

Sənsiz nə səbrim var,

Nə qərarım var,

Baxma ki, əllini

Çoxdan keçmişəm,

Baxma ki, atayam

Övladlarım var…

Baxma ki, heç kəsdən

Yoxdur təmənnam,

Baxma ki, çoxuna

Bir arxayam mən…

Baxma ki, Təbriz tək,

Nəvəm var amma,

Səninçün uşaq tək

Darıxıram mən

Batdın, sönüb getdin

Bir ulduz kimi,

Sənsiz bir an belə

Könlüm açılmır…

Sənə hava kimi

Sənə su kimi,

Sənə nəfəs kimi

Ehtiyacım var…

Belin əyilmişdi,

Saçların qardı,

Tamam dəyişmişdi

Üzünün rəngi.

Necə ki, quruca

Nəfəsin vardı,

Arxamda ordular

Durmuşdu sanki…

Mənim qızıl anam,

Qızılgül anam,

Mən sənə basılmaz

Qalam deyərdim…

Dolardı könlümə

Sonsuz bir inam,

Onda ki, sən mənə

«Balam» deyərdin…

Vücudum büsbütün

Gələrdi dilə,

Necə məst olardım,

Xumarlanardım…

Sümükləri çıxan

Əllərin ilə,

Hər dəfə saçımı

Tumarlayanda…

Səni ata bildim

Yetim qalandan,

Mənim ata-anam,

Ay gözəl anam!

Dərdim çox olanda,

Çətin olanda,

Onda qalx köməyə

Yenə gəl, anam…

Mənim qızıl anam,

Qızılgül anam,

Bil sənə möhtacam

Bu yaşımda da.

Xoş nəvazişinə,

Şirin laylana,

Səsinə möhtacam

Bu yaşımda da.

Sözünə möhtacam

Bu yaşımda da…


1991.
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə