Öz sağlamliğina zəRƏr vurmaqla və ya saiR Üsulla həRBİ XİDMƏTDƏn boyun qaçirma əMƏLİNƏ GÖRƏ MƏsuliYYƏt məSƏLƏLƏRİ




Yüklə 50.92 Kb.
tarix27.02.2016
ölçüsü50.92 Kb.
Əzizov Ceyhun Həmid oğlu,

BDU-nun Cinayət hüququ və

kriminologiya kafedrasının

magistrantı


ÖZ SAĞLAMLIĞINA ZƏRƏR VURMAQLA VƏ YA SAİR ÜSULLA HƏRBİ XİDMƏTDƏN BOYUN QAÇIRMA ƏMƏLİNƏ GÖRƏ MƏSULİYYƏT MƏSƏLƏLƏRİ
Açar sözlər: Cinayət Məcəlləsi, cinayət məsuliyyəti, hərbi xidmət əleyhinə olan cinayətlər, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik,
öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma, sanksiya.

Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və Hərbi Nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizamın əsas məqsədi hərbi tapşırığı yerinə yetirənlərin razılaşdırılmış vahid fəaliyyətinin təşkil olunub həyata keçirilməsini təmin etməkdən ibarətdir. Hərbi qulluqçular hərbi intizamın pozulmasına görə intizam məsuliyyətinə, törətdikləri cinayət xarakterli əməllərə görə isə cinayət məsuliyyətinə cəlb olunurlar.

Hərbi xidmət əleyhinə olan cinayətlərə görə məsuliyyət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (daha sonra – CM) Xüsusi hissəsinin
XII bölməsində təsbit edilmişdir
[2, 209].

Cinayət hüququ nəzəriyyəsində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik və öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma hərbi xidmət əleyhinə olan cinayətlərin «hərbi qulluq qaydalarını pozma» cinayətlər qrupuna aid edilir [13, 160].


Öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma əməli müxtəlif forma və məzmunlarda olsa da belə Azərbaycanın qüvvədə olmuş cinayət qanunvericiliklərində (1922, 1927 və 1960-cı il CM) həmişə cinayət əməli kimi nəzərdə tutulmuşdur [4, 79], [5, 91], [6, 125].

Öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayəti CM-nin 335-ci maddəsində müəyyən edilir. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi hərbi qulluqçunun şəxsi intizamsızlıq göstərərək, hərbi hissənin döyüş hazırlığına və döyüş qabiliyyətinə, ordunun (donanmanın) şəxsi heyətinin komplektləşdirilməsinə ciddi zərərin vurulmasından ibarətdir. Bu yolla təqsirkar hərbi xidmətdən qəsdən boyun qaçırmanın, habelə hərbi xidmət vəzifələrini yerinə yetirmədən imtinanın daha təhlükəli üsullarından istifadə edir.

CM-nin 335.1-ci maddəsinə görə hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması, habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi, bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə cəzalandırılır. Eyni əməllərin müharibə vaxtı və ya döyüş şəraitində törədilməsi isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır (maddə 335.2).

Hərbi xidmətdən boyun qaçırma dedikdə, şəxsin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və yaxud qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə (XDMX, MTN, FHN və sair) hərbi xidmət keçmək istəyinin ümumiyyətlə olmaması kimi, hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmə isə hərbi qulluqçunun qanunla müəyyən edilmiş tapşırığın icrasından açıq şəkildə imtina etməsi kimi başa düşülməlidir.

Təhlil edilən cinayətin obyekti («hərbi qulluq qaydalarını pozma» hərbi cinayət qrupunda olduğu kimi) hərbi xidmət keçmənin qanunvericiliklə müəyyən edilmiş qaydalarıdır. Bu cinayətin obyektiv cəhəti hərbi xidmətdən boyun qaçırmada və ya hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmə əməlində əhatə olunur.

Hərbi qulluqçunun sözügedən hüquqazidd əməlinin məhz CM-nin 335-ci maddəsi ilə tövsif edilməsi üçün hərbi qulluqçu:



  1. öz sağlamlığına hər hansı zərər vurmalı;

  2. özünü xəstəliyə vurmalı;

  3. sənədləri saxtalaşdırmalı və sair qanunazidd hərəkətləri törətməlidir.

Hərbi qulluqçunun hərbi xidmətdən boyun qaçırma və ya hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmə məqsədi ilə öz sağlamlığına hər hansı zərər vurması dedikdə, hərbi qulluqçunun müxtəlif bədən orqanlarına bilavasitə özü və yaxud onun xahişi ilə digər şəxs tərəfindən qəsdən zərər vurması başa düşülür. Hərbi qulluqçunun eyni məqsədlə özünü xəstəliyə vurması (simulyasiya etməsi) dedikdə, hərbi qulluqçunun mövcud olmayan xəstəlikləri uydurması və yaxud yalandan fiziki qüsurlara (karlıq, korluq, lallıq və sair) malik olmasını bildirməsi və ya həqiqətən mövcud olan yüngül xəstəliyin daha da şişirdilməsi kimi başa düşülür. Özünü xəstəliyə vurmanın bir növü də aqqravasiyadır. Bu zaman, mövcud olan xəstəlik hərbi qulluqçunun iddia etdiyi mərhələyə və dərəcəyə çatmır [8, 797]. Sənədləri saxtalaşdırma dedikdə isə, hərbi qulluqçunun öz komandirinə özü və yaxud onun xahişi ilə digər şəxs tərəfindən qəsdən hazırlanmış saxta sənədləri təqdim etməsindən ibarətdir. CM-nin 335.1-ci maddəsinin dispozisiyasında qeyd olunan «sair aldatma yolu ilə» dedikdə, hərbi qulluqçunun aidiyyəti yerə elə yalan faktlar barədə məlumat təqdim etməsi başa düşülür ki, həmin məlumatlar onun hərbi xidmətdən və ya hərbi xidmət vəzifəsini yerinə yetirməkdən daimi və ya müvəqqəti azad edilməsinə əsas ola bilər. Bura daha az müddətdə xidmət etmək üçün ali təhsil haqqında saxta sənədin təqdim edilməsi, ailə üzvlərinin ağır xəstəliyi, onların vəfatı, hər hansı faciəli hadisə barədə yalan məlumat verməsi və sair aid ola bilər.

Hərbi qulluqçunun hərbi xidmətdən boyun qaçırma və ya hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmə məqsədi ilə özünə xəsarət yetirmə üsulları müxtəlif ola bilər. Belə ki, hərbi qulluqçu özünə odlu (soyuq) silahla, itiuclu və yaxud digər mexaniki alətlərlə, kimyəvi, habelə bioloji vasitələrlə,


habelə kəsici-deşici əşyaların daxilə qəbulu və sair yollarla özünə xəsarət yetirə bilər [12, 72].

Hərbi qulluqçunun özünə xəsarət yetirmə əməlinin CM-nin 335-ci maddəsi ilə tövsif edilməsi üçün xəsarətin dərəcəsinin və hərbi qulluqçunun hərbi xidmətdən yayınma müddəti heç bir əhəmiyyət kəsb etmir [11, 150].

Şərh edilən cinayət formal tərkiblidir və əməlin hansı üsulla törədilməsindən asılı olmayaraq, bütövlükdə hərbi xidmət üzrə vəzifələrin icrasının faktiki olaraq qəsdən dayandırıldığı andan sözügedən cinayət başa çatmış hesab olunur.

CM-nin 335-ci maddəsində qeyd olunan əməllər yalnız hərbi qulluqçunun aktiv hərəkətləri ilə törədilir. Sözügedən tərkibin hərəkətsizliklə törədilməsi istisna edilir.

Professor F.Y.Səməndərovun ümumi redaktəsi ilə 2011-ci ildə nəşr edilən Azərbaycan Respublikası CM-nin Kommentariyasında tabelikdə olan hərbi qulluqçunun hərbi xidmətdən boyun qaçırma, habelə hərbi xidmət vəzifəsini yerinə yetirmək məqsədilə öz komandirini və ya rəisini pulla, yaxud ona hər hansı yalan vədlər verməklə ələ alma əməlinin də CM-nin 335-ci maddəsi ilə tövsif edilməli olduğu qeyd edilmişdir [7, 1022].

Qeyd edək ki, biz bu fikir ilə razılaşmırıq və fikrimizcə, hərbi qulluqçunun öz komandirini və ya rəisini pulla, yaxud ona hər hansı yalan vədlər verməklə ələ alma əməli cinayətlərin məcmusunu yaradır və müvafiq olaraq CM-nin 312-ci (rüşvət vermə) və 335-ci maddələri ilə tövsif edilməlidir.

Təhlil edilən maddədə nəzərdə tutulmuş əməlləri hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə əməlindən (maddə 333) fərqləndirmək lazımdır. Bu əməllər ictimai təhlükəliliyinə, törədilmə üsuluna, baş vermə məkanına və zamanına görə fərqlənir. Belə ki, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə dedikdə, komandirin (rəisin) icazəsi olmadan hərbi qulluqçunun hərbi hissənin ərazisini və ya xidmət yerini özbaşına tərk etməsi (müvəqqəti olaraq) başa düşülür. Xidmət yerinə vaxtında gəlməmə isə hərbi hissənin ərazisindən və ya xidmət yerindən qanuni əsaslarla kənara buraxılmış hərbi qulluqçunun hərbi hissəyə, yaxud xidmət yerinə üzrlü səbəblər olmadan müəyyən edilmiş müddətdə qayıtmamasından ibarətdir. CM-in 335-ci maddəsində nəzərdə tutulmuş əməllərdə isə hərbi qulluqçu öz sağlamlığına zərər vurmaqla və ya sair üsullarla hərbi xidmətdən, yaxud hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsindən açıq imtina etməklə ümumiyyətlə, həm də hərbi hissənin ərazisində, habelə xidmət yerində onlardan boyun qaçırır.

CM-nin 335.1-ci maddəsinin dispozisiyasında qeyd olunan «hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etmə» əməli CM-nin 328-ci maddəsində qeyd edilən tərkib ilə (əmri icra etməmə) müəyyən oxşarlıq təşkil etsə də, burada bir sıra fərqlər mövcuddur. Belə ki, əmri icra etməmə əməli rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmrin (göstərişin) tabelikdə olan şəxs tərəfindən (hərbi xidmət mənafeyinə əhəmiyyətli zərər vurduqda) icra edilməməsində ehtiva edilir. Əmr və sərəncam dedikdə, rəis (komandir) tərəfindən tabelikdə olan şəxslərə qanun çərçivəsində ünvanlanmış və icrası məcburi hesab edilən tələblər başa düşülür. Tabelikdə olan hərbi qulluqçunun rəisin konkret tələbini yerinə yetirməkdən (məsələn, ezamiyyətə və ya döyüş növbəsinə getməkdən) imtina etməsinə hərbi xidmət üzrə vəzifələri yerinə yetirməkdən imtina etmə əməli kimi baxıla bilməz və belə hərəkətlər əmri icra etməmə cinayətinin (maddə 328) tərkibini yaradır. Belə ki, göstərilən halda rəisin tələbi əmr (göstəriş) xarakteri daşıyır, baş verən hərəkət isə hərbi xidmət üzrə vəzifələri yerinə yetirməkdən imtina etmədə deyil, əmri açıqcasına icra etməmədə ifadə olunur.

Öz sağlamlığına zərər vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırma əməli təqsirkarın xahişi ilə başqa şəxslər tərəfindən də törədilə bilər. Belə hallarda həmin şəxslər cinayətdə iştirakçılığın müvafiq növünə görə CM-in 32-ci maddəsinə (o cümlədən aidiyyəti digər maddələrə) istinad olunmaqla cinayət məsuliyyətinə cəlb olunurlar.

Şərh edilən cinayət subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir


[9, 479]. Təqsirkar öz sağlamlığına zərər vurma, özünü xəstəliyə vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırdığını və ya hərbi xidmət üzrə vəzifələri yerinə yetirməkdən imtina etdiyini dərk edir və bu əməli törətməyi arzu edir.

Hərbi qulluqçunun öz sağlamlığına ehtiyatsızlıqdan zərər vurması (bu onun hərbi xidmət üzrə vəzifələrini çəkməkdən azad edilməsinə səbəb olsa belə) cinayət əməli kimi qiymətləndirilə bilməz, çünki bu halda hərbi xidmət üzrə vəzifələri yerinə yetirmədən boyun qaçırma məqsədi istisna olunur.

Keyfiyyətli yeməklə təmin olunmaq və ya başqa yardım almaq üçün istifadə edilən özünü xəstəliyə vurma, yaxud sair yolla aldatma hərəkətləri də bu cinayətin əlamətləri ilə əhatə olunmur [7, 1023].

Qarovul çəkmə və ya digər xüsusi hərbi xidmət çəkmə zamanı törədilmiş hərbi xidmətdən boyun qaçırma və ya hərbi xidmət vəzifələrini yerinə yetirilməsindən imtina etmə məqsədilə öz sağlamlığına zərər vurma CM-nin 335-ci və müvafiq hərbi xidmət növünün çəkilməsi qaydalarını pozmaya görə məsuliyyət nəzərdə tutan maddəsi üzrə cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir


[7, 1022].

Təhlil edilən cinayətin subyekti istənilən kateqoriyada olan hərbi qulluqçu, habelə təlim və ya yoxlama toplanışlarına çağrılmış hərbi vəzifəli şəxslər ola bilər [7, 1023].

CM-in 335-ci maddəsi iki cinayət tərkibini müəyyən edir. Cinayətlərin təsnifatına əsasən, qeyd edilən tərkiblər müvafiq olaraq böyük ictimai təhlükə törətməyən (maddə 335.1) və az ağır (maddə 335.2) cinayətlər kateqoriyalarına aiddirlər [10, 131].

Fikrimizcə, Ermənistanla müharibə şəraitində olan Azərbaycan Respublikası üçün sözügedən cinayət əməlinə görə (maddə 335.2 - eyni əməllərin müharibə vaxtı və ya döyüş şəraitində törədilməsi) nəzərdə tutulan cəza kifayət qədər yüngüldür və qeyd edilən cinayət əməlinə görə nəzərdə tutulan sanksiyanın ağırlaşdırılması (Azərbaycan SSR-nin 1960-cı il CM-də olduğu kimi) daha məqsədəuyğun hesab edilir.

Qeyd edək ki, ictimai təhlükəlilik dərəcəsinə görə kifayət qədər ağır olan bu cinayətin törədilməsi bir sıra ağır nəticələrə səbəb ola bilər. Buna misal olaraq, qarovula (posta) təyin olunmuş hərbi qulluqçunun hərbi xidmətkeçmədən boyun qaçırma və ya hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etmək məqsədilə özünə qəsdən hər hansı xəsarət yetirməsi faktiki olaraq həmin qarovulun (postun) mühafizə etdiyi ərazinin bir müddət ərzində nəzarətsiz qalmasına şərait yaradır, bu da öz növbəsində arzuolunmaz kənar şəxslərin hərbi hissənin ərazisinə daxil olmasına qədər xüsusilə təhlükəli nəticələrə gətirib çıxarda bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, CM-nin 335-ci maddəsinə yeni bir ağırlaşdırıcı tərkibin əlavə olunaraq, qeyd olunan əməllərin ağır nəticələrə səbəb olmasının məcəllədə kriminallaşdırılmasını (Azərbaycan SSR-nin 1927-ci il


CM-də olduğu kimi) və bu əməlin törədilməsinə görə nəzərdə tutulan cəzanın «ağır cinayətlər» kateqoriyasına daxil edilməsini təklif edirik.

Aidiyyəti qurumlar bu kateqoriyadan olan cinayətlərin istintaqı zamanı xüsusilə diqqətli olmalı və işin hərtərəfli halları obyektiv araşdırıldıqdan, habelə, hərbi qulluqçunun məhz hərbi xidmətdən boyun qaçırmaq məqsədilə özünə hər hansı xəsarət yetirməsi öz təsdiqini tam şəkildə tapdıqdan sonra əmələ yekun hüquqi qiymət verilməlidir.

Bundan başqa, cinayət hüquq ədəbiyyatlarında (o cümlədən CM-də) istifadə olunan «hərbi xidmətdən boyun qaçırma» termini bir qədər qeyri dəqiqdir və bu terminin «hərbi xidmət keçmədən boyun qaçırma» termini ilə əvəz olunması daha dəqiq və uyğun hesab edilir.

Zənnimizcə, hərbi qulluqçunun hərbi xidmətdən boyun qaçırma əməli ilə hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etmə əməli eyni ictimai təhlükə səviyyəsində deyildir. Belə ki, hərbi xidmətdən boyun qaçırma dedikdə, hərbi qulluqçunun ümumiyyətlə hərbi xidmət keçmək istəyinin olmaması və onun hərbi hissənin ərazisini daimi olaraq tərk etmək istəyini əks etdirir. Hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etmə isə, hərbi qulluqçunun hərbi xidmətdən boyun qaçırma məqsədinin olmadığını, yalnız qanunla nəzərdə tutulmuş bu və ya digər xidməti vəzifəsini yerinə yetirməkdən imtina etməsi başa düşülür. Fikrimizcə, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi müxtəlif ictimai təhlükəlilik səviyyələrində olan bu iki əməlin eyni tərkibdə qeyd etməsi yanlış addımdır və bu əməllər Rusiya Federasiyasının CM-də olduğu kimi ayrıca tərkiblərdə qeyd edilməlidir.



Rusiya Federasiyasının cinayət qanunvericiliyində özünü xəstəliyə vurma və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etmə əməli CM-nin 339-cu maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 339.1-ci maddəsində hərbi qulluqçunun hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etmək məqsədilə özünü xəstəliyə vurma və sair aldatması bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə, yaxud bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə cəzalandırılır. CM-nin 339.2-ci maddəsində eyni əməllərin hərbi xidmətdən boyun qaçırma məqsədilə törədilməsi yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır [14, 167].

Ədəbiyyat siyahısı:


  1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2012. 83 s.

  2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: Qanun, 2012. 239 s.

  3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlar Məcmuəsi (1991-2008). Bakı: Hüquq ədəbiyyatı, 2008. 377 s.

  4. 1922-ci il Azərbaycan SSR Cinayət Məcəlləsi. Rəsmi nəşriyyat. Bakı: Qırmızı Şərq, 1927. 132 s. (rus dilində)

  5. 1927-ci il Azərbaycan SSR Cinayət Məcəlləsi (1944-cü il fevralın 1-nə qədər olan əlavə və dəyişikliklərlə). Rəsmi nəşriyyat. Bakı: Azərnəşr, 1945. 138 s. (rus dilində)

  6. 1960-cı il Azərbaycan SSR Cinayət Məcəlləsi (1998-ci il oktyabrın 1-nə qədər olan əlavə və dəyişikliklərlə). Bakı: Hüquq ədəbiyyatı, 1998, 150 s.

  7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası / F.Y. Səməndərovun ümumi red. ilə. Bakı: Digesta, 2011, 1051 s.

  8. R.İ.Quliyev. M.N.İmanov. Cinayət hüququ. Xüsusi hissə. Bakı: Qanun nəşriyyatı, 2004, 816 s.

  9. M.N.İmanlı. Cinayət hüququ. Xüsusi hissə. Bakı: Zərdabi nəşriyyatı, 2009, 655 s.

  10. Səmədova Ş.T. Cinayətlərin kateqoriyaları. Bakı: Adiloğlu, 2007, 310 s.

  11. Ахметшин Х.М., Петухов Н.А. и другие. Преступления против военной службы. М.: 2002, 201 с.

  12. Криминалистика: методика расследования преступлений, совершаемых военнослужащими Вооруженных Сил Российской Федерации / Под обшей редакции А.Н.Савенкова. / М.: Юрлитинформ, 2007, 601 c.

  13. Самедова Ш.Т. Уголовное право Азербайджанской Республики. Особенная часть. Баку: Адыльоглу, 2008, 184 c.

  14. Уголовный Кодекс Российской Федерации. М.: Проспект, 2010. 260 с.



ВОПРОСЫ ОТВЕТСТВЕННОСТИ ЗА УКЛОНЕНИЕ ОТ НЕСЕНИЕ ВОЕННОЙ СЛУЖБЫ ПУТЕМ СИМУЛЯЦИИ БОЛЕЗНИ ИЛИ ИНЫМИ СПОСОБАМИ

Джейхун Азизов

Аннотация

Уголовная ответственность за уклонение от несения военной службы путем симуляции болезни или иными способами предусмотрена в ст.335 Уголовного Кодекса Азербайджанской Республики, которая расположена в системе преступлений против военной службы. В статье дается уголовно-правовой анализ состава данного преступления, и рассматриваются его квалифицирующие признаки. Автор обращает внимание также на сложные вопросы квалификации данного преступления  со смежными преступлениями.

Ключевые слова: Уголовный Кодекс, уголовная ответственность, преступления против военной службы, симуляция, уклонение от несения военной службы, санкция.
RESPONSIBILITY FOR EVASION OF MILITARY SERVICE DUTIES BY PRETENDING TO BE ILL, OR BY ANY OTHER METHOD

Jeyhun Azizov

The summary



The criminal responsibility for evasion of military service duties by pretending to be ill, or by any other method is provided in article 335 of the criminal code Azerbaijan Republic, which is located in system of crimes against military service. In article the criminally-legal analysis of structure of a crime is given, qualifying signs of the given crime are considered. The author pays attention also to complicated questions of qualification autocratic evasion of military service duties by pretending to be ill, or by any other method with adjacent crimes.

Keywords: Criminal Code, a criminal responsibility, a crime against military service, simulation, evasion of military service, sanction.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə