O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir




Yüklə 0.98 Mb.
səhifə3/14
tarix10.04.2016
ölçüsü0.98 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Bir neçə nəfər bir şiri çalaya salmışdı. Camaat şirə tamaşa etmək üçün izdiham yaratdılar. Birdən çalanın yanında dayanmış bir nəfərin ayağı sürüşdü, o əlini atıb yanındakından yapışdı, o da üçüncüsündən, o da dördüncüsündən yapışdı və hamısı çalaya düşərək şirə yem oldular.

Yəməndə baş verən bu hadisə zamanı Əli (ə) da orada idi. O Həzrətə xəbər verdilər, Həzrət onların barəsində belə mühakimə yürütdü: "Birincisi şirə yem olub və bundan əlavə o, (onun vərəsələri) diyənin üçdə birini ikinciyə (ikincinin vərəsələrinə), ikinci də (onun vərəsələri) diyənin üçdə ikisini üçüncüyə (onun vərəsələrinə), üçüncü də (onun vərəsələri) tam bir diyəni dördüncüyə (onun vərəsələrinə) verməlidir."

Peyğəmbər (s.ə.v.v) bu mühakimədən xəbərdar olduqda buyurdu: "Əbəl-Həsən Allah hökmü əsasında hökm vermişdir!"

Müəllif: Bu cür bölgünün səbəbi bundan ibarətdir ki, birinci şəxsin özü düşmüşdür, bundan əlavə, başqa bir adamı da özü ilə çalaya salmışdır. Buna görə də onun diyə almağa haqqı yoxdur, çünki onun ölümü özünə istinad verilir. İkinci şəxsin ölümünün səbəbi üç şeydən biri ola bilər: – 1-Birinci şəxsin çəkməsi; 2-Üçüncü şəxsin onun üstünə düşməsi; 3-Dördüncü şəxsin onun üstünə düşməsidir ki, onun özü bais olmuşdur. Buna əsasən, onun qətlinin birinci şəxsə istinad verilməsi ehtimalı üçdə birdir. İmam (ə) da diyənin üçdə birini birinci şəxsin öhdəsinə qoymuşdur. Üçüncü şəxsin ölümünün səbəbi isə dördüncü şəxsi dartıb öz üstünə salması ola bilər ki, bu halda ölümünün səbəbi özü olmuşdur;, yaxud da birinci və ya ikinci şəxsin onun üstünə düşməsi nəticəsində ola bilər ki, bunun səbəbi ikinci şəxsdir. İmam (ə) da diyənin üçdə ikisini ikinci şəxsin öhdəsinə qoymuşdur. Dördüncü şəxsin ölümünün səbəbi şəksiz üçüncü şəxsə istinad verildiyindən onun bütün diyəsi üçüncü şəxsin öhdəsinədir və İmam (ə) da məhz bu əsasda hökm vermişdir.

Əli (ə) Yəməndə olanda o Həzrətə xəbər verdilər ki, bir qız oyun zamanı başqa bir qızı çiyninə almış, bu zaman üçüncü bir qız onu çimdikləmişdir. O da özündən asılı olmayaraq tullanmış, çiynində olan qızı yerə atmış və bu da onun ölümü ilə nəticələnmişdir.

İmam (ə) buyurdu: – Öldürülənin diyəsinin üçdə biri onu çiyninə alan qızın, üçdə biri onu çimdikləyən qızın, qalan üçdə biri də onun öz öhdəsinədir ki, oynayarkən əbəs yerə onun çiyninə minmişdir.

Bu xəbər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə çatdıqda onu təsdiqləyərək düzlüyünə şəhadət verdi.

Bir nəfər iki dinar, digəri isə bir dinar pulu üçüncü bir şəxsə əmanət verdilər, onun bir dinarı tələf oldu. Əli (ə) onların barəsində buyurdu: "Qalan iki dinardan biri iki dinar sahibinə məxsusdur, digər bir dinar da o iki şəxsin arasında yarı-yarı bölünməlidir."

Bu hədisin oxşarını mərhum Şeyx Səduq və Şeyx Tusi İmam Sadiq (ə)-a istinadən nəql edib demişlər ki, iki nəfər iki dirhəm pul üstündə bir-biri ilə dalaşırdılar, onlardan biri o iki dirhəmin hər ikisinin özününkü olduğunu, digəri isə birinin onun olduğunu deyirdi.

O Həzrət buyurdu: "Bir dirhəmi iddia edən şəxs digər bir dirhəmdə heç bir haqqı olmadığını etiraf edir. Münaqişəli olan digər bir dirhəm də onların arasında yarı bölünməlidir."

Həmçinin, Şeyx Kuleyni, Səduq və Şeyx Tusi İmam Məhəmməd Baqir (ə)-a istinadən nəql etmişlər ki, o Həzrətdən soruşuldu: Bir nəfər bir qulam almaq istəyir, satıcı alıcıya iki qulam verir ki, onlardan birini seçib özü üçün götürsün, digərini isə sahibinə qaytarsın, bir qulamın pulunu da müştəridən alır. Alıcı hər iki qulamı evinə aparanda, onlardan biri yol əsnasında qaçır.

O Həzrət buyurur: "Müştəri qalan qulamı sahibinə qaytarıb satıcıya verdiyi pulun yarısını da geri alar və qulamı tapmaq üçün axtarış aparar. Əgər onu tapsa, onlardan hansı birini seçib saxlamaqda ixtiyar sahibidir, satıcıdan aldığı pulun yarısını da ona qaytaracaqdır. Əgər qulamı tapa bilməsə, hər ikisinin malından getmiş olur: yarısı satıcının, yarısı isə alıcının hesabından.

Bir nəfər iki şəxsdən birinə min dirhəm pul borclu olduğunu iqrar etdi, lakin onlardan hansı birinə borclu olduğunu aydınlaşdırmadı. Həmin halda da dünyadan getdi. Əmirəl-möminin Əli (ə) buyurdu: "Əgər o iki şəxsdən biri özünün (ölən şəxsə) borc verməsinə dair şahid gətirsə, dirhəmlər ona veriləcəkdir, əgər gətirə bilməsə, onların arasında yarı bölünməlidir."

İki nəfərdən hər biri bir atın sahibi olduğunu iddia edirdi. Onlardan birinin iki şahidi, digərinin isə beş şahidi var idi. Əli (ə) onun (qiymətinin) iki hissəsini birinci şəxs üçün, beş hissəsini isə ikinci şəxs üçün qərar verdi.

Bir qadın gecə ikən özünü bir kişinin kənizinin surətinə saldı, kişi də öz kənizi olduğunu güman edərək onunla yaxınlıq etdi. Bu hadisəni Ömərə dedilər, Ömər onun hökmünü Əli (ə)-dan soruşdu. Həzrət buyurdu: "Kişiyə gizlində, qadına isə aşkarda hədd vur."

Müəllif: Bu rəvayət bu mənaya yozulur ki, Həzrət Əli (ə) həmin kişinin həqiqəti bildiyini və yalandan gizlətdiyini bilirdi.

Bir nəfər başqasına dedi: "Yuxuda gördüm ki, sənin ananla yaxınlıq edirəm." Kişi qəzəbləndi və Əli (ə)-a şikayət edərək dedi: – Bu kişi mənə nalayiq sözlər deyir!

Həzrət buyurdu: – Nə deyir?

Dedi: – Deyir ki, yuxuda mənim anamla yaxınlıq etmişdir.

Əli (ə) ona buyurdu: – Sən ona ədalət əsasında cəza vermək istəyirsənsə, mən onu günün altında saxlayım, sən də onun kölgəsinə şallaq vur. Çünki yuxu kölgə kimidir. Amma mən onun özünə şallaq vuracağam ki, bir daha müsəlmana əziyyət verməsin.

Beş nəfəri zina edən halda tutub Ömərin yanına gətirdilər. Ömər onların hamısına hədd vurulmasını əmr etdi. Əli (ə) da orada idi və hadisənin nəticəsini izləyirdi. Sonra Ömərə üz tutub buyurdu: – Onların barəsində verdiyin bu hökm düzgün deyil.

Ömər dedi: – Elə isə, onların barəsində özünüz hökm verin.

İmam Əli (ə) onlardan birini irəli çəkib boynunu vurdu, ikincisini daş-qalaq etdi, üçüncüsünə yüz şallaq vurdu, dördüncüsünə əlli şallaq vurdu, beşincisinə isə yalnız bir neçə şallaq zərbəsi vurdu. Öməri və onun ətrafındakıları heyrət bürüdü.

Ömər dedi: – Ya Əbəl-Həsən! Hamısı eyni günaha batan beş nəfərə beş müxtəlif hökm icra etdin?!

Həzrət buyurdu: – Boynunu vurduğum birinci şəxs zimmi kafir idi. Zimmə şərtlərini pozduğuna görə onun hökmü öldürülmək idi. Daş-qalaq etdiyim ikinci şəxsin öz arvadı var idi və onun zinası "möhsinə" zina idi, onun hökmü də daş-qalaq edilmək idi. Yüz şallaq vurduğum üçüncü şəxs subay idi. Həddin yarısını vurduğum dördüncü şəxs qulam idi və onun da həddi azad insanların həddinin yarısı qədərdir. Bir neçə şallaq zərbəsi ilə ədəbləndirdiyim beşinci şəxs isə dəli idi və onun həddi yoxdur, lakin bir neçə şallaqla tənbeh olunmalı idi.

Bu məsələ ilə əlaqədar nəql olunur ki, Əbdürrəhman ibni Həssan ibni Sabit və Əbdürrəhman ibni Həkəm ibni Əbil-As bir-birini zinakarlıqda müttəhim etdilər. Hadisə Müaviyənin qulağına çatdıqda öz valisi Mərvana göstəriş verdi ki, onları ədəbləndirib tənbeh etsin. Mərvan Əbdürrəhman ibni Həssana səksən şallaq, Əbdürrəhman ibni Həkəmə isə 20 şallaq vurdu. Bəziləri Əbdürrəhman ibni Həssana dedilər: – Mərvanın səninlə öz qardaşı arasında qoyduğu ayrı-seçkiliyə görə hadisəni Müaviyəyə xəbər ver ki, onu cəzalandırsın.

Əbdürrəhman ibni Həssan onların cavabında dedi: "Allaha and olsun ki, bu işi görmərəm! Çünki Mərvan mənə azad insanların həddini, qardaşına isə qul həddinin yarısı olan 20 şallaq vurmuşdur." Bu söz Mərvana çox ağır oturdu.

Həddi-büluğa çatmayan oğlan uşağı ərli bir qadınla zina etmişdi. Ömər göstəriş verdi ki, qadını daş-qalaq etsinlər. Əli (ə) ona buyurdu: "Onu daş-qalaq etmək düzgün deyildir; ona yalnız şallaq vurulmalıdır. Çünki onunla yaxınlıq edən şəxs həddi-büluğa çatmamışdır."

Arvadı Yəməndə olan yəmənli bir kişi Mədinədə zina etmişdi, Ömər onun daş-qalaq olunmasına hökm verdi. Əli (ə) ona buyurdu: "Onun daş-qalaq olunması düzgün deyildir, çünki onun arvadı yanında deyil. Ona təkcə şallaq vurulmalıdır."

Bu zaman Ömər dedi: "Allah məni, Əbəl-Həsənin olmadığı heç bir müşkül işdə salamat qoymasın!"

Zina ilə müttəhim olunan hamilə bir qadını Ömərin yanına gətirdilər. Ömər qəzəblə ondan nə etdiyini soruşduqda, qadın zina etdiyini boynuna aldı. Ömər onun daş-qalaq olunmasına dair hökm verdi. Qadını cəzalandırmağa aparanda Əli (ə) onlarla qarşılaşdı, məmurlara buyurdu: – Bu qadınla nə işiniz var?

Dedilər: – Ömər onun qətlinə hökm verib.

Əli (ə) onları Ömərin yanına qaytardı və buyurdu: – Sən bu qadının daş-qalaq olunmasına hökm vermisən?!

Ömər dedi: – Bəli! Çünki zina etdiyini boynuna aldı.

İmam (ə) ona buyurdu: –O qadının özü günahkar olduğuna görə onun barəsində belə hökm verməyə haqlısan, amma onun bətnindəki uşaq barəsində nə haqqın var?! Məncə, sən onu qorxutmusan və nəticədə iqrar etmişdir.

Ömər dedi: – Bəli, belədir.

Əli (ə) ona buyurdu: – Rəsuli Əkrəm (s.ə.v.v)-in "İşkəncə üzündən iqrar edən şəxsə hədd cari edilməz. Həbs və təhdid ilə etiraf edən şəxsin iqrarı da təsirsizdir" - deyə buyurduğunu eşitməmisənmi?!

Ömər o qadını azad edib dedi: "Dünya qadınları Əliyyibni Əbi Talib kimi bir şəxsiyyət doğmaqda acizdirlər! (Sonra dedi:) Əgər Əli olmasaydı, Ömər həlak olardı!"

Biri beytül-malla alınan, digəri isə bir kişinin mülkiyyətində olan iki qulam beytül-maldan oğurluq etdilər. Əli (ə) buyurdu: "Beytül-maldan alınan qulama hədd vurulmur, çünki Allah malının bir qismi digər qismini yemişdir." Sonra digərini çağıraraq onun əlini kəsdi və buyurdu: "Ona ət və yağ yedirdin ki, yarası sağalsın."

Bir oğrunu Ömərin yanına gətirdilər, Ömər onun əlini kəsdi. O ikinci dəfə oğurluq etdikdə yenə də Ömərin yanına gətirdilər. Ömər onun bir ayağını kəsdi. Üçüncü dəfə oğurluq etdikdə Ömər onun o biri əlini kəsmək istədi, amma Əli (ə) ona buyurdu: "Belə iş görmə! Çünki artıq onun bir əlini və bir ayağını kəsmisən, indi onu həbs etməlisən."

Bir nəfər Əli (ə)-ın yanına gələrək etiraf etdi ki, oğurluq etmişdir. İmam (ə) buyurdu: – Qurandan bir şey bilirsənmi?

Dedi: – Bəli, "Bəqərə" surəsini bilirəm.

Buyurdu: – Sənin əlini o surəyə bağışladım.

Əşəs dedi: – İlahi cəza qanunlarını tətil (ləğv) edirsənmi?!

Əli (ə) ona buyurdu:–Axı sən Allahın hökmlərindən nəyi bilirsən?! (Sonra buyurdu:) Əgər hədd (cəza qanunu) şahid əsasında isbat edilsə, İmam onu əfv edə, güzəştə gedə bilməz. Amma əgər hədd cinayətkarın öz iqrarı əsasında sübut olunsa İmam onu əfv etməklə həddi icra etməkdə ixtiyar sahibidir.

Əli (ə) ipə-sapa yatmayan heyvanların birinci dəfə vurduğu xəsarətlərin zəmanətə səbəb olmasını demirdi. Lakin sonrakı dəfələrdə mal sahibini zamin bilirdi.

Müəllif: Xəsarət vurulan birinci dəfədə mal sahibinin zamin olmamasının səbəbi onun məlumatsız olmasıdır. Lakin sonrakı dəfələrdə sahibi bu heyvanın vəziyyətindən agah olduğuna görə onu nəzarət altında saxlamağa vəzifəlidir.

Bir nəfər həyat yoldaşını Ömərin yanına gətirib dedi: – Özüm də, bu arvadım da qara dəriliyik, amma o, ağ dərili bir uşaq doğmuşdur!

Ömər orada olanlara dedi: – Bu barədə sizin nəzəriniz nədir?

Dedilər: – Qadın daş-qalaq edilməlidir, çünki o və əri qara rəngli, övladı isə ağ rənglidir (yəni zina etmişdir)!

Ömər o qadının daş-qalaq edilməsinə hökm verdi. Məmurlar onu cəzalandırmaq üçün apararkən yolda Əli (ə)-la qarşılaşdılar. Əli (ə) qadına və onun ərinə buyurdu: – Nə olmuşdur?

Onlar başlarına gələni söylədilər. Həzrət o kişiyə üz tutub buyurdu: – Öz arvadını (zinakarlıqda) müttəhim edirsən?

Dedi: – Xeyr.

Buyurdu: – Onunla heyz halında yaxınlıq etmisən?

Dedi: – Bəli. Bir gecə o, heyzli olduğunu iddia edirdi, mən də havanın soyuq olduğuna görə bəhanə gətirdiyini güman edərək onun sözünə əhəmiyyət vermədən yaxınlıq etdim.

O Həzrət qadına üz tutub soruşdu: – Ərin o halda səninlə yaxınlıq etmişdimi?

Dedi: – Bəli.

Sonra Əli (ə) onlara buyurdu: – Qayıdın, bu övlad sizin oğlunuzdur. Onun ağ dərili olmasının səbəbi budur ki, heyz qanı nütfəyə qələbə çalmışdır. Böyüdükdən sonra yenidən qara rəngli olacaqdır.

O Həzrətin buyurduğu kimi, uşaq böyüdükdən sonra dərisi qaraldı.

Bir nəfər Əli (ə)-ın yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Mən həmişə arvadımla yaxınlıq edəndə mənini çölə tökürdüm. Lakin indi onun hamilə olduğunu görürəm.

Həzrət ona buyurdu: – Səni and verirəm Allaha de görüm, nə vaxtsa birinci yaxınlıqdan sonra bövl etmədən yenidən onunla yaxınlıq etmisənmi?

Dedi: – Bəli, belə bir hal olmuşdur.

İmam ona buyurdu: – Bu övlad sənin özünündür.

Heysəm adlı bir nəfər müharibədən qayıtdıqdan altı ay sonra arvadı uşaq dünyaya gətirdi. Heysəm o övladı özününkü hesab etməyərək Ömərin yanına getdi və hadisəni ona dedi. Ömər onun arvadının daş-qalaq edilməsinə dair hökm çıxartdı. Təsadüfən onu daş-qalaq etməzdən əvvəl Əli (ə) onu gördü və hadisədən agah oldu. Sonra Ömərə buyurdu: – Qadının sözünün düzlüyünü qəbul etməlisən. Çünki Allah-Taala Quranda buyurur: "Hamiləlik və südvermə dövrü otuz aydır." ("Əhqaf" surəsi, 14). Başqa bir ayədə isə buyurur: "Analar gərək öz övladlarına 2 il tamam süd versinlər." ("Bəqərə" surəsi, ayə:233). 24 aylıq südvermə dövrünü 30 aydan çıxdıqda 6 ay qalır ki, bu da hamiləliyin ən qısa dövrüdür.

Ömər dedi: "Əgər Əli olmasaydı, Ömər həlak olardı!"

Sonra qadını azad etdi.

Osmanın xilafəti dövründə qoca bir kişi cavan bir qızla evləndi və bir müddətdən sonra qız hamilə oldu. Qoca kişi o qızın özündən hamilə olmasını inkar edirdi. Hadisəni Osmana dedilər, lakin o bu məsələnin hökmünü bilmədi. Sonra qızdan soruşdu: – Sən hal-hazırda bakirəsənmi?

Qız bu mətləbi iqrar etdi, Osman da ona hədd vurulmasını hökm etdi.

Əli (ə) bunu eşitdikdə Osmana buyurdu: – Bəlkə qoca kişi onunla yaxınlıq edən zaman iftizaza (bakirəliyin aradan getməsinə) səbəb olmadan qadının bətni nütfəni cəzb etmiş və hamilə olmuşdur?!

Kişi bunu təsdiq edərək dedi: – Bəli, mən həmişə nütfəni bətnin əvvəlinə tökmüşəm, amma heç vaxt iftizaz hasil olmayıb.

Əli (ə) buyurdu: – Bu qadın həmin kişidən hamilədir və o gördüyü bu işə (qadının onun özündən hamilə olmasını inkar etdiyinə) görə ədəbləndirilməlidir.

Osman da o Həzrətin göstərişi əsasında hökm verdi.

Zinakarlıqla müttəhim olunan bir qızı Əli (ə)-ın yanına gətirdilər. Həzrət o qızın müayinə edilməsinə dair göstəriş verdi. Qadınlar müayinə etdikdən sonra "bakirədir" - deyə cavab verdilər. İmam (ə) buyurdu: "Mən heç vaxt bakirə qıza zina həddi icra etmərəm!"

Həzrət Əli (ə) belə hallarda qadınların şahidliyini kafi hesab edirdi.

Zina etmiş bir kişi ilə bir qadını Əli (ə)-ın yanına gətirdilər. Qadın and içərək deyirdi ki, kişi onu bu işə məcbur etmişdir. Həzrət onun iddiasını qəbul edərək onu cəzalandırmadı.

İmam Məhəmməd Baqir (ə) (bu hədisi nəql edərək) buyurur: "Əgər bu dövrün qazılarından belə bir hadisə barəsində soruşulsa, "qadının iddiası qəbul olunmur" – deyə cavab verə bilərlər."

Zina etmiş olan hamilə və dəli bir qadını Ömərin yanına gətirdilər, Ömər onun daş-qalaq olunmasına hökm verdikdə Əli (ə) ona buyurdu: "Məgər Rəsuli Əkrəm (s.ə.v.v)-in "Üç dəstə insana təklif yoxdur: 1-Divanə (dəli), ağıllandığı vaxta qədər..." - deyə buyurduğunu eşitməmisənmi?!"

Bir neçə nəfər Ömərin yanına gəlib bir qadının çöldə bir kişi ilə zina etdiyinə şəhadət verdilər və dedilər ki, o qadının əri vardır. Ömər onun daş-qalaq edilməsinə hökm verdi. Qadın Allahın dərgahında yalvararaq ərz etdi: "Pərvərdigara! Sən mənim günahsız olduğumu bilirsən."

Ömər onun sözlərindən qəzəblənib dedi: – Şahidlərin sözünü təkzib edirsən?!

Əli (ə) bu hadisəni müşahidə etdikdə buyurdu: – Qadını qaytarın, bəlkə bu əmələ yol verməkdə üzürlü bir səbəb olmuşdur.

Qadını qaytardılar, məsələnin nə yerdə olduğunu soruşduqda dedi: – Bir gün mən və qonşumuzdakı kişi dəvələrimizi otarmağa aparmışdıq. Bizim dəvələrimizin südü olmadığına görə mən özümlə bir qədər su aparmışdım. Çöldə su qurtardı və çox susadım. Qonşu kişidən bir içim su istədim, o isə bu şərtlə qəbul etdi ki, onunla zina edəm. Mən bu işi görmək istəmədim. Nəhayət, susuzluqdan öləcəyimi gördükdə məcbur qalıb onunla zina etməyə razı oldum.

Əli (ə) buyurdu: – Allahu Əkbər! "Çarəsiz (çıxılmaz) vəziyyətə düşən, amma itaətsizliyə və zülmə mürtəkib olmayan şəxsə heç bir günah yoxdur".

Ömər bu sözləri eşitdikdə qadını azad etdi.

Bir qadınla bir kişini Ömərin yanına gətirdilər. Kişi o qadına "ey zinakar!" - demişdi. Qadın da ona demişdi ki, "sən məndən də çox zina edənsən!"

Ömər onların hər ikisinə şallaq vurulmasını əmr etdi. Təsadüfən orada olan Əli (ə) Ömərə buyurdu: – Səhv edirsən. Qadına iki hədd vurulmalıdır, kişiyə isə hədd yoxdur. Qadına ona görə iki hədd vurulmalıdır ki, əvvəla, o, kişiyə töhmət vurmuş və iftira həddinə layiq olmuşdur. İkincisi, o, "sən məndən də artıq zinakarsan!" deməklə özünün zina etməsini iqrar etmişdir. Bunun mənası budur ki, mən də zina etmişəm, lakin səndən az etmişəm. Buna görə o, zina həddinə də layiq görülür. (Sonra buyurdu:) İkinci nahiyədən ona kamil hədd vurulmur.

Livat verən bir şəxsi Ömərin yanına gətirdilər, Ömər ona şallaq vurmaq istədi və şahidlərdən soruşdu: – Siz onun livat verdiyini gördünüzmü?

Dedilər: – Bəli.

Ömər onun barəsində necə hökm verməkdə sərgərdan qaldı. Nəhayət Əli (ə)-dan soruşdu. Əli (ə) livat edən şəxsi çağırdı, lakin onu görmədi. Sonra buyurdu: – Onun boynu vurulmalıdır!

Boynunu vurdular, sonra Ömər dedi: – Onun cənazəsini götürün!

Əli (ə) buyurdu: – Onun digər bir cəzası da var.

Ömər dedi: – O nədir?

İmam Əli (ə) buyurdu: – Bir qədər odun gətizdir və onun cəsədini odunların ortasına qoyub yandır.

Başqa bir rəvayətə görə o Həzrət buyurdu: "Əgər müqəssir bir şəxs iki dəfə daş-qalaq olunmağa layiq olsaydı, livat edən şəxs də hökmən iki dəfə daş-qalaq olunardı."

Şair Nəcaşi mübarək Ramazan ayının gündüzündə şərab içmişdi. Onu Əli (ə)-ın yanına gətirdilər, Həzrət ona səksən şallaq vurdu, gecə həbs etdi, sübh çağı da onu çağırıb yenidən iyirmi şallaq vurdu.

Nəcaşi dedi: – Ya Əmirəl-möminin! Mənə vurduğun 80 şallaq şərab içməyimə görə idi. Bəs bu 20 şallaq nə üçündür?

Həzrət buyurdu: – Ramazan ayına hörmətsizlik etdiyinə və ona etinasız yanaşdığına görə!

Rəsuli Əkrəm (s.ə.v.v) dünyadan getdikdən sonra Əbu Bəkr xəlifə oldu. Bir gün şərab içmiş olan bir kişini onun yanına gətirdilər ki, onu cəzalandırsın. Əbu Bəkr ona dedi: – Şərab içmisən?

Dedi: – Bəli.

Əbu Bəkr: – Haram olduğu halda nə üçün içmisən?

Kişi: – Mən yaxınlıqdakı qəsəbələrdən birində yaşayan müsəlmanam, oranın əhalisi şərab içir və onu halal sayırlar. Mən onun haram olmasından əsla agah deyildim. Əgər İslam dinində onun haram olmasını bilsəydim, sözsüz onu tərk edərdim.

Əbu Bəkr Ömərə dedi: – Bu barədə nə deyirsən?

Ömər dedi: – Bu çətin bir məsələdir, onu yalnız Əli həll edə bilər.

Əbu Bəkr öz qulamına dedi: – Get Əlini çağır.

Ömər dedi: – Yaxşı olar ki, biz onun yanına gedək.

Sonra birlikdə o Həzrətin yanına getdilər. Salman Farsi o Həzrətin yanında idi. Hadisəni Salmana dedilər, Salman da bunu İmam (ə)-a çatdırdı. İmam (ə) Əbu Bəkrə buyurdu: – Bir nəfəri onunla göndər, mühacir və ənsarın evlərinin hamısını gəzdirsin. Hər kəs şərabın haram edilməsi ayəsini onun üçün oxuyubsa, buna şahidlik versin. Amma əgər heç kəs (şərabın haram edilməsi ayəsini) onun üçün oxumayıbsa, ona hədd cari olmaz.

Əbu Bəkr o Həzrətin göstərişinə əməl etdi. Heç kəs şərabın haram edilməsi ayəsini ona oxuduğunu demədi və o kişi azad edildi.

Salman dedi: – Ya Əmirəl-möminin! Siz bunlara yol göstərib, onları hidayət etdiniz.

Əli (ə) buyurdu: – Bəli, aşağıdakı ayənin həm mənim, həm də onların barəsindəki tövsiyəsini yeniləşdirmək istədim: "Əfəmən yəhdi iləl-həqqi əhəqqu ən yuttəbəə əmmən la yəhiddi illa ən yuhda, fə ma ləkum kəyfə təhkumun "Haqqa tərəf hidayət edən şəxs (rəhbər kimi) itaət olunmağa daha layiqdir, yoxsa hidayət olunmayan və yalnız (başqa bir kəs tərəfindən) hidayət olunan şəxs?! Sizə nə olub, necə hökm edirsiniz?!"

"Əğani" kitabında qeyd olunur ki, Mənzur ibni Zəbban öz atasının başqa arvadı (ögey anası) olan Məlikə ilə izdivac etdi (o, Sənan Mürrinin qızı idi), ondan Haşim, Əbdül-Cabbar və Xovlə adlı üç övlad dünyaya gəldi. Bu izdivac Ömərin xilafətinə qədər davam etdi. Ömər öz xilafəti dövründə bu işdən agah olub onu çağırdı və hadisənin nə yerdə olduğunu soruşdu. O, hadisəni etiraf etdi, lakin bu işin haramlığından xəbərsiz olduğunu iddia etdi. Ömər onu əsr namazına qədər həbs etdi. Sonra onu öz iddiasına dair and içdirdi, o da qırx dəfə and içdikdən sonra Ömər onu azad etdi. Daha sonra ər-arvadı bir-birindən ayırdı.

Müəllif: Görəsən, burada and içdirməyə nə əsas var?!

Qüdamət ibni Məzun şərab içmişdi. Onu Ömərin yanına gətirdilər və iki nəfər də bu hadisəyə şahidlik etdi. Onlardan biri xədim olan Əmr Təmimi, digəri isə Müəlla ibni Carud idi. Onların biri həmin şəxsi şərab içdiyi halda, digəri isə şərabı qaytardığı (qusduğu) vaxtda gördüyünü dedi. Ömər Peyğəmbər (s.ə.v.v) səhabələrindən bir neçəsini yığdı ki, bu çətinliyi həll etməkdə ona kömək etsinlər. Əli (ə) da oraya gəldi. Ömər Əli (ə)-a xitabən dedi: – Ya Əbəl-Həsən! Bu hadisə barəsində sizin nəzəriniz nədir? Çünki Peyğəmbər sizin haqqınızda buyurmuşdur: "Ya Əli! Sənin qəzavətin bütün bu ümmətin qəzavətindən daha səhih, elmin onların elmindən daha artıqdır. İndi bu iki şahidin şəhadətində ixtilaf vardır.

Əli (ə) buyurdu: – Onların şahidliyində heç bir ixtilaf yoxdur. Qusmağa şəhadət verən şəxs, əslində onun şərab içməsinə də şəhadət vermişdir. Şübhəsiz, o, şərab içibmiş ki, sonradan qaytarmışdır.

Ömər yenə dedi: – Xədim kişinin şahidliyi qəbul olunurmu?

İmam Əli (ə) buyurdu: – Bəli. Xədim olmaq eynilə digər üzvlərə malik olmamaq kimidir və şahidliyə heç bir ziyan çatdırmır.

Öz ağası ilə "mükatibə" qərarı bağlayan və nəticədə onun üçdə-dörd hissəsi azad olan bir kəniz zina etdi, onu Osmanın yanına apardılar və zina etdiyinə dair şahidlik etdilər. Osman onu necə cəzalandırmaq barədə aciz qaldı. Hadisəni Əli (ə)-dan soruşdu, o həzrət buyurdu: – Ona vurulacaq qamçılar azadlığı ilə kəniz olması nisbətində bölünməlidir.

Osman bu məsələni Zeyd ibni Sabitdən də soruşdu. Zeyd dedi: – Kənizə azad deyil, kəniz olmaq hesabı ilə qamçı vurulmalıdır.

Əli (ə) Zeydə buyurdu: – Ona nə üçün təkcə kənizlik hesabı ilə şallaq vurulmalıdır, halbuki onun üçdə-dövd hissəsi azaddır?! İndi ki, ona vahid bir qaydada şallaq vurmaq istəyirlər, onda nə üçün azad olmuş hissəsini nəzərə alıb ona şallaq vurmurlar?! Çünki bu (azad insana vurulan şallağın miqdarı) daha artıqdır.

Zeyd dedi: – Əgər belədirsə, irsdə də azad insanların payı qədərində irs aparmalıdır!

Əli (ə) (cədəl formasında) buyurdu: – Bəli, belədir!

Zeyd bir söz deyə bilmədi. Lakin Osman Zeydin dediyi əsasda hökm etdi. Halbuki höccət ona tamamlanmış, həqiqət aşkar olmuşdu.

Əli (ə)-ın xilafəti dövründə iki uşaq bir-biri ilə oynayırdı. Onlardan biri ucu iti olan çəliklə vurub o birisinin dişini sındırdı. Hadisəni Əli (ə)-ın yanında bəyan etdilər. Vuran uşaq şahid gətirib dedi ki, çəliyi atan zaman təhlükə olduğunu bildirmişdi. İmam Əli (ə) ondan qisas hökmünü götürüb, buyurdu: "Daxil olmaq zamanı təhlükəni bildirən şəxs üzürlü sayılır."

Mal-dövlətinin üçdə-birini vəsiyyət edən şəxs, xata üzündən qətlə yetirildi. Əli (ə) buyurdu: "Onun diyəsinin 1÷3-i də vəsiyyətinin bir hissəsidir."

Bədəxlaq bir qadın barəsində Ömərə xəbər verdilər. Ömər əvvəlcə onu təhdid etdi, sonra hüzuruna çağırdı. Qadın bərk qorxdu və qorxunun şiddətindən doğuş ağrısı başlandı. Bir evə pənah aparıb uşağı dünyaya gətirdi. Körpə o qədər ağladı ki, axırda öldü. Ömər bu xəbəri eşidəndə çox narahat oldu, canına qorxu düşdü. Bu məclisdə olanlar ona ürək-dirək verib dedilər: – Ey xəlifə! Sən bu barədə heç bir məsuliyyət daşımırsan (uşağın qanbahası sənin öhdənə deyil).

Ömər dedi: – Gedin, bu məsələnin hökmünü Əlidən soruşun.

Məsələni Həzrət Əli (ə)-dan soruşduqda buyurdu: – Əgər siz ictihad edib bu sözü ona (Ömərə) demisinizsə, haqqa çatmamısınız. Əgər fikirləşmədən demisinizsə, yenə də xataya yol vermisiniz. (Sonra Ömərə buyurdu:) Uşağın diyəsi sənin öhdənədir.

Bir nəfər başqasını, bir gözü olduğu halda, vurub kor etdi. Həzrət Əli (ə) gözü çıxarılan şəxsi iki haqq arasında ixtiyar sahibi etdi: 1-Bir gözün diyəsini almaqla xəsarət vuranın bir gözünü kor etmək; 2-Kamil bir diyə alıb, qisas haqqından keçmək.

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə