Normativ hüquqi aktlar haqqında azərbaycan respublikasinin qanunu




Yüklə 98.69 Kb.
tarix11.03.2016
ölçüsü98.69 Kb.

Normativ hüquqi aktlar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

1-ci fəsil
Ümumİ müddəalar

Maddə 1. Bu Qanunun vəzifəsi


Bu Qanun Azərbaycan Respublikasının qanunlarının və başqa normativ hüquqi aktlarının hazırlanması, qüvvəyə minməsi, şərhi və bunlarla əlaqədar müvafiq dövlət orqanlarının qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edir.

Maddə 2. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının anlayışı


2.1. Azərbaycan Respublikasının normativ hüquqi aktı (bundan sonra "normativ hüquqi akt" adlanacaq) səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir.

2.2. Azərbaycan Respublikasının qanunvericilik sistemi və ona daxil olan normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasının 147-151-ci maddələri ilə müəyyən edilir.


Maddə 3. Normativ xarakterli aktlar


Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:

3.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6, 8-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;

3.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;

3.3. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının qərarları;

3.4. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;

3.5. Milli Televiziya və Radio Şurasının qərarları;

3.6. Məhkəmə-Hüquq Şurasının qərarları.

Maddə 4. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyətlərinin hüquqi əsası


Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin hüdudları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilir.

Maddə 5. Normativ hüquqi aktların daha yüksək hüquqi qüvvəsi olan normativ hüquqi aktlara uyğunluğu


Normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır.

Maddə 6. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyətinin aşağı orqanlara verilməsi


6.1. Azərbaycan Respublikasının normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan dövlət hakimiyyəti orqanı bu səlahiyyətlərin bir hissəsini, qanunla başqa hal nəzərdə tutulmayıbsa, başqa dövlət hakimiyyəti orqanına verə bilər.

6.2. Azərbaycan Respublikasının normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanları bu səlahiyyətin bir hissəsini, qanunla başqa hal nəzərdə tutulmayıbsa, aşağı müvafiq icra hakimiyyəti orqanlarına verə bilər.

6.3. Səlahiyyəti vermə aktında verilən səlahiyyətin həcmi müddəti və səlahiyyəti alan orqan göstərilməlidir.

6.4. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində müəyyən edilmiş səlahiyyətlərini başqa orqanlara verə bilməz.

6.5. Bu maddənin 6.1-ci bəndində göstərilən qaydada səlahiyyət almış orqan bu səlahiyyəti ayrı orqana verə bilməz.

6.6. Verilmiş səlahiyyətin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi akt qəbul edən orqan həmin səlahiyyətin verilməsi haqqında normativ hüquqi akta istinad etməlidir.

6.7. Verilmiş səlahiyyətin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi akt qəbul etmiş orqan onun qəbul edildiyi gündən etibarən 24 saat ərzində (qeyri-iş günləri nəzərə alınmamaq şərti ilə) normativ hüquqi aktı səlahiyyəti verən orqana təqdim edir. Səlahiyyəti vermiş orqan həmin aktı ləğv edə və ya dəyişdirə bilər.

6.8. Səlahiyyəti vermə aktında başqa hal nəzərdə tutulmamışdırsa, verilmiş səlahiyyəti həyata keçirən orqan bununla bağlı məsrəfləri özünün büdcə vəsaitləri həcmində müəyyən etməlidir.


Maddə 7. Normativ hüquqi aktların tətbiq edilmə qaydası


Normativ hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur.

Maddə 8. Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilənədək qüvvədə olmuş aktların hüquqi qüvvəsi


Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilənədək qüvvədə olmuş, sonradan ləğv edilməmiş və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmayan aktlar Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.

Maddə 9. Normativ hüquqi aktların qəbul edilməsinin hüquqi əsasları


9.1. Azərbaycan Respublikasında normativ hüquqi aktların qəbul edilməsi qaydası Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilir.

9.2. Müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının baxılması, qəbul edilməsi və təsdiqi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.


Maddə 10. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar


Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilir.

2-ci fəsil
Normatİv hüquqİ aktların hazırlanmasının PLANLAŞDIRILMASI

Maddə 11. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının təsdiqi


11.1. Azərbaycan Respublikası qanunvericilik işləri planlarının təsdiqi Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə tənzimlənir.

11.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları özlərinin hazırlayacaqları normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında planları təsdiq edirlər.


Maddə 12. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarında nəzərə alınan təkliflər


Normativ hüquqi aktların layihələrinin hazırlanması planları hazırlanarkən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının Azərbaycan Respublikası Hesablama Palatasının üzvlərinin, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının, Azərbaycan Respublikası inzibati ərazi vahidlərinin, elmi idarələrin təklifləri, kütləvi informasiya vasitələrində və əhalinin müraciətlərində irəli sürülmüş təkliflər nəzərə alınır.

Maddə 13. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının müddətləri


Normativ hüquqi aktlar layihələrinin hazırlanmasının cari planları, bir qayda olaraq, 6 aydan 1 ilədək müddətə tərtib olunur.

Zəruri hallarda 5 illik müddət üçün perspektiv planlar nəzərdə tutula bilər. Bu planlarda qanunvericiliyin inkişaf istiqamətləri, kodifikasiya və ya normativ sənədlərin başqa cür qaydaya salınması üzrə iri tədbirlər müəyyən olunur, normativ aktların sistemləşdirilmiş və yaxud yeniləşdirilmiş nəşrlərinin hazırlanması nəzərdə tutulur. Perspektiv planlar cari planlarda konkretləşdirilir və nəzərə alınır.


Maddə 14. Plandankənar layihələrin hazırlanması


Normativ hüquqi aktların layihələrinin hazırlanması planları ən vacib və iri həcmli aktların hazırlanmasını nəzərdə tutur və yuxarı orqanların tapşırığı əsasında, habelə başqa zəruri hallarda plandankənar layihələrin hazırlanmasını istisna etmir.

3-cü fəsil
Normatİv hüquqİ aktların layİhələrİnİn HAZIRLANMASI

Maddə 15. Normativ hüquqi aktların layihələrinin hazırlanması üçün komissiyaların yaradılması


15.1. Normativ hüquqi aktın layihəsini hazırlayan orqan, bir qayda olaraq, layihəni hazırlamaq üçün həmin orqanın işçilərindən, mütəxəssis və alimlərdən ibarət komissiya yaradır.

15.2. Layihələrin hazırlanması işinə elmi idarələrin, marağı olan dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri cəlb edilə bilərlər.

15.3. Layihələrin hazırlanmasında layihələri tərtib edən orqan və qurumların hüquq bölmələrinin iştirakı zəruridir.

Maddə 16. Normativ hüquqi aktların layihələrinin hazırlanması və ya sifariş edilməsi


Normativ hüquqi aktın ilkin layihəsinin, o cümlədən alternativ layihələrin hazırlanması dövlət orqanlarına, elmi idarələrə, qeyri-dövlət qurumlarına, ayrı-ayrı alim və mütəxəssislərə və ya onların kollektivlərinə tapşırıla, yaxud müqavilə ilə sifariş edilə, habelə ən yaxşı layihə üçün müsabiqə elan edilə bilər.

Maddə 17. Dövlət orqanlarının və inzibati ərazi vahidləri nümayəndələrinin layihələrin hazırlanmasına cəlb edilməsi


17.1. Naxçıvan Muxtar Respublikasının və inzibati ərazi vahidlərinin səlahiyyəti və mənafeyi ilə bağlı layihələr hazırlanarkən onların müvafiq orqanları bu işə cəlb olunurlar.

17.2. İqtisadiyyatın, dövlət idarəçiliyinin ayrı-ayrı sahələri üzrə layihələrin hazırlanmasına bu sahələrin inkişafı və vəziyyəti üçün cavabdeh olan müvafiq icra hakimiyyəti orqanları cəlb olunurlar.

 

Maddə 18. Normativ hüquqi akt layihələrinin açıqlanması



 

Normativ hüquqi akt layihələri razılaşdırılmaya və ya təsdiq olunmağa göndərildiyi andan onu hazırlayan orqanın internet informasiya ehtiyatında açıqlanır. Normativ hüquqi akt layihələri həmçinin kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə layihələrlə tanış olmaq üçün şərait yaradılması yolu ilə, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla açıqlana bilər.


Maddə 19. Layihələrin ümumxalq müzakirəsinə verilməsi


Azərbaycan Respublikasının Milli Məclisi öz təşəbbüsü və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə qəbul etdiyi qərarla Azərbaycan Respublikasının qanun layihələrini qanunla müəyyən edilmiş qaydada ümumxalq müzakirəsinə verə bilər.

Maddə 20. Əsas və konkretləşdirici layihələrə eyni vaxtda baxılması


Əsas normativ hüquqi aktı və onun müddəalarını inkişaf etdirən və ya konkretləşdirən başqa aktların layihələri eyni vaxtda hazırlanır və baxılır, bu mümkün deyilsə, əsas layihədə və ya onun qüvvəyə minməsi barədə aktın layihəsində bu cür aktların hazırlanması və qəbul edilməsi tapşırığı nəzərdə tutulur.

Maddə 21. Layihəyə əlavə edilən sənədlər


Normativ hüquqi aktların layihələri onların işlənib hazırlanması zərurətindən əsaslandırmaqla, gələcək aktların məqsədlərinin, əsas müddəalarının və qüvvədə olan qanunvericilik sistemində onların yerinin, onların tətbiqindən gözlənilən sosial-iqtisadi və başqa nəticələrin geniş xarakteristikası, habelə bu layihələrin qəbul edilməsi ilə qüvvədə olan qanunvericiliyə dəyişikliyi nəzərdə tutan aktın layihəsi ilə birlikdə baxılmaq və təsdiq üçün təqdim edilir. Həm də layihələrin hazırlanmasında iştirak etmiş və layihə barədə razılığı alınmış kollektivlər və şəxslər, ortaya çıxan ixtilaflar və onlar barədə motivli rəy göstərilir. Həyata keçirilməsi əlavə maddi və başqa məsrəflər tələb edən layihə təqdim edilərkən onun maliyyə-iqtisadi əsasları da əlavə olunur.

Maddə 22. Normativ hüquqi aktların rekvizitləri


Normativ hüquqi aktın aşağıdakı rekvizitləri olmalıdır:

22.1. normativ hüquqi aktın adı (qanun, fərman, qərar və s);

22.2. tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (başlığı);

22.3. normativ hüquqi aktın qəbul edildiyi tarix və yer;

22.4. müvafiq normativ hüquqi aktı imzalamaq səlahiyyəti olan şəxsin imzası;

22.5. normativ hüquqi aktın nömrəsi.


Maddə 23. Normativ hüquqi aktın strukturu


23.1. Özündə hüquq normalarını əks etdirən maddə və ya bənd normativ hüquqi aktın əsas struktur elementidir. Hüquq normaları "maddə" adı altında maddələr şəklində qanunlara daxil edilir. Digər normativ hüquqi aktlar "bənd" sözü yazılmadan bəndlərdən ibarətdir.

23.2. Normativ hüquqi aktların məzmunca yaxın maddələri (bəndləri) fəsillərdə birləşə bilərlər. Məzmunca yaxın olan bir neçə fəsil bölmələrdə birləşə bilər.

23.3. Normativ hüquqi aktın maddələri ayrı-ayrı hüquq normalarını əks etdirən bəndlərə, bəndlər isə yarımbəndlərə bölünə bilər. Maddə, bənd və yarımbəndlərin daxilində abzaslara ayrılan hissələr ola bilər.

23.4. Məcəllənin daxili strukturu digər əsaslarla qurula bilər.

23.5. Normativ hüquqi aktın qəbul edilməsinin məqsəd və səbəblərini, onun qarşısında duran əsas vəzifələri izah etmək zərurəti olan hallarda normativ hüquqi akta giriş hissəsi (preambula) verilir.

23.6. Zəruri hallarda normativ hüquqi aktda istifadə edilən termin və anlayışların mənasını izah edən maddə həmin normativ hüquqi akta daxil edilə bilər.

23.7. Normativ hüquqi aktın fəsilləri və maddələrin adları olmalıdır.

23.8. Həcmcə kiçik, fəsilsiz olan normativ hüquqi aktın maddələri adsız ola bilər.

23.9. Normativ hüquqi aktın strukturuna əlavələr daxil edilə bilər.

23.10. Məcəllənin, zəruri halda həcmcə iri normativ hüquqi aktın strukturuna mündəricat daxil edilir.


Maddə 24. Normativ hüquqi aktlara əlavə və dəyişikliklərin edilməsi


24.1. Normativ hüquqi aktın hissəsi (fəsli, maddəsi, bəndi) qüvvədən düşmüş hesab edildikdə, onlar qüvvədə olan aktdan çıxarılır, lakin onların nömrələri saxlanılır və normativ hüquqi aktın hissələrinin (fəsillərin, maddələrin, bəndlərin) nömrələri dəyişmir.

24.2. Normativ hüquqi akta əlavə hissə (fəsil, maddə, bənd) əlavə edildikdə, onlar aktın hissələrinin nömrələrini təkrarlamaqla əlavə nömrə ilə daxil edilir.


Maddə 25. Normativ hüquqi aktlarda başqa aktların maddələrinə istinad edilməsi və aktlarda başqa aktların maddələrinin təkrarlanması


Zəruri hallarda normativ hüquqi aktda digər aktların maddələrinə istinadlara, habelə yüksək səviyyəli aktlara istinad etməklə belə normativ hüquqi aktların ayrı-ayrı müddəalarının təkrarlanmasına yol verilir.

Maddə 26. Normativ hüquqi aktların maddələrində başqa maddələrə istinad edilməsi


Hüquqi normaların arasında qarşılıqlı əlaqəni pozmamaq və yaxud təkrarlara yol verməmək zərurəti olduğu hallarda, normativ hüquqi aktın maddələrində həmin normativ hüquqi aktın başqa maddələrinə istinad edilə bilər.

Maddə 27. Normativ hüquqi aktın dili


Aktın mətni sadə, ədəbi dildə verilməlidir. Köhnəlmiş, çoxmənalı söz və ifadələrdən, obrazlı sözlərdən, epitet və metaforalardan istifadə edilməsinə yol verilmir.

Maddə 28. Normativ hüquqi aktda məsuliyyət tədbirlərinin nəzərdə tutulması


Dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının, onların vəzifəli şəxslərinin, hüquqi və fiziki şəxslərin vəzifələrini nəzərdə tutan aktlarda həmin vəzifələrin pozulmasına görə qüvvədə olan qanunvericiliklə məsuliyyət nəzərdə tutulmamışdırsa, bu cür məsuliyyət tədbirləri göstərilməlidir.

Maddə 29. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar qüvvədə olan aktların öz qüvvəsini itirməsi və ya onlara dəyişikliklər və əlavələr edilməsi


29.1. Yeni aktın qəbul edilməsi ilə yeni normativ göstərişlərə zidd olan və ya yeni aktla tam əhatə olunan, yaxud formal olaraq qüvvədən düşməmiş, lakin faktik əhəmiyyətini itirən əvvəllər qəbul edilmiş bütün aktlar, yaxud onun hissələri bu Qanunla müəyyən edilmiş qaydada qüvvəsini itirmiş hesab olunur.

29.2. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq zəruri hallarda qüvvədə olan normativ hüquqi aktlara onları qəbul etmiş orqan tərəfindən müvafiq dəyişikliklər və əlavələr edilir.

29.3. Müvafiq icra hakimiyyəti orqanı qüvvədə olan normativ xarakterli aktın və ya mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktının onlardan daha yüksək hüquqi qüvvəsi olan normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə, həmin akta dəyişikliklər edilməsi və ya onun qüvvədən düşmüş hesab edilməsi barədə onu qəbul etmiş orqana müraciət edir. Daha yüksək qüvvəsi olan normativ hüquqi aktlara zidd olan yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarına dəyişikliklər edilməsi və ya onların qüvvədən düşmüş hesab edilməsi barədə müvafiq orqanlara müraciət “Bələdiyyələrin fəaliyyətinə, inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 30. Normayaradıcı orqanın ləğvi və ya yenidən təşkili hallarında onun aktlarının qüvvədən düşməsi, yayılması, onlara dəyişiklik və əlavələr edilməsi


Normayaradıcı orqanın ləğvi və ya yenidən təşkili zamanı onun aktlarının qüvvədən düşmüş hesab edilməsi, onların yayılması, onlara dəyişiklik və əlavələr edilməsi məsələləri həmin orqanın hüquqi varisi və yaxud yuxarı orqan tərəfindən həll edilir.

4-cü fəsil
Normatİv hüquqİ aktların müstəqİl elmİ ekspertİzası

Maddə 31. Layihələrin elmi ekspertizası və onun məqsədi


31.1. Baxılmaq və qəbul olunmaq üçün təqdim edilmiş normativ hüquqi akt layihəsinin keyfiyyətinin qiymətləndirilməsi üçün müstəqil elmi (hüquqi, iqtisadi, maliyyə, texniki, ekoloji və s.) ekspertiza keçirilə bilər.

31.2. Elmi ekspertizanın əsas məqsədləri:

31.2.1. Hazırlanan layihələrin yüksək keyfiyyətinin, əsaslılığının, qanuniliyinin və aktuallığının təmin edilməsi;

31.2.2. qəbul edilən normativ hüquqi aktların elmi əsaslandırılmış sisteminin yaradılması;

31.2.3. qəbul edilən aktların mümkün neqativ, sosial, iqtisadi, hüquqi, ekoloji və digər nəticələrinin aşkarlanmasıdır.

Maddə 32. Layihəni ekspertizaya göndərmək səlahiyyəti


Normativ hüquqi aktın layihəsi onu qəbul etmək səlahiyyəti olan orqanın rəhbərliyinin qərarı ilə elmi ekspertizaya göndərilə bilər.

Maddə 33. Qanun layihəsinin hazırlanmasında iştirak edən ekspertlərin hüquqları


Qanun layihəsinin ekspertizasında iştirak edən şəxslərin:

33.1. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında və başqa dövlət orqanlarındakı layihənin hazırlanması ilə bağlı material və sənədlərlə, o cümlədən razılaşdırma və ümumxalq müzakirəsi zamanı alınmış təklif, rəy, irad və başqa materiallarla tanış olmaq;

33.2. müvafiq layihə müzakirə edilərkən, normativ hüquqi aktı qəbul etmək hüququ olan kollegial orqanların işində iştirak etmək hüquqları var.

Maddə 34. Ekspertlərin müstəqilliyi


Ekspertlər normativ hüquqi aktı qiymətləndirərkən müstəqildirlər və ekspertiza keçirmə tapşırığı verən orqandan asılı deyillər.

Maddə 35. Ekspert rəyinə baxılması


Qanunun layihəsi barədə ekspertlərin rəyinə layihə Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməmişdən qabaq komitələrin iclaslarında baxılır.

Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmiş və ekspertizaya göndərilmiş qanunun və ya başqa normativ hüquqi aktın layihəsi Azərbaycan Respublikasının Milli Məclisində yalnız ekspert rəyi verildikdən sonra müzakirə edilir.


5-ci fəsil
Normatİv hüquqİ aktların dərcİ və başqa formada YAYILMASI

Maddə 36. Normativ hüquqi aktların dərci


36.1. Referendumla qəbul olunmuş aktlar, qanunlar, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları istisna olmaqla, özündə dövlət sirləri əks etdirən normativ hüquqi aktların yayılması və qüvvəyə minməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

36.2. Rəsmi qaydada dərc olunmuş normativ hüquqi aktlar qüvvəyə mindikdən sonra onların hər hansı orqan tərəfindən yerlərə göndərilmə faktından asılı olmayaraq, bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən tətbiq və icra olunmalıdır.

36.3. Normativ hüquqi akt qüvvəyə mindiyi gündən onu qəbul edən orqanın internet informasiya ehtiyatında açıqlanmalıdır.

Maddə 37. Normativ hüquqi aktın icraçılarının vəzifələri


Normativ hüquqi aktın icrası üçün məsul olan orqan və vəzifəli şəxslər:

37.1. icraçıları aktla tanış etməli (zəruri hallarda iltizamnamə ilə);

37.2. zəruri hallarda aktların surətləri, onlardan çıxarışlarla icraçıları təmin etməli, aktları görünən yerlərdə asmalı, aktın qüvvəsi şamil edilən təşkilat, orqan və şəxslərin nəzərinə çatdırmaq üçün zəruri tədbirlər görməlidirlər.

Maddə 38. Normativ hüquqi aktların dərc olunması


38.1. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları rəsmi nəşrlər sayılan "Azərbaycan" qəzetində və "Azərbaycan Respublikasının qanunvericilik toplusu"nda dərc olunur.

38.2. Azərbaycan Respublikası Milli Məclisinin qərarları "Azərbaycan" qəzetində və "Azərbaycan Respublikası Milli Məclisinin məlumatı"nda dərc olunur.

38.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları rəsmi nəşr sayılan "Azərbaycan Respublikası qanunvericilik toplusu" və "Respublika" qəzetində dərc olunur, zəruri hallarda onların dərhal və geniş yayımının təmini üçün digər kütləvi informasiya vasitələrinin köməyindən istifadə olunur.

38.4. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktları müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi nəşr sayılan “Azərbaycan Respublikasının normativ aktlarının bülleteni”ndə dərc olunur. Yerli özünüidarə orqanlarının normativ xarakterli aktları müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi nəşr sayılan “Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni”ndə dərc olunur.

38.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisi və müvafiq icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktları rəsmi dərc edə bilərlər.

38.6. Bu maddədə göstərilmiş normativ hüquqi aktlar onu qəbul etmiş orqanlar və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən əhalinin geniş kütlələrinin tanış olması zərurəti nəzərə alınmaqla lazımi tirajda dərc edilir.

38.7. Normativ hüquqi aktlar, həmçinin istənilən kütləvi informasiya vasitələri və nəşriyyatlar tərəfindən dərc oluna bilər.

Maddə 39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərar və qərardadlarının dərci


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları və dərc olunmalı qərardadları rəsmi nəşr sayılan "Azərbaycan" qəzetində və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məlumatı"nda dərc olunur.

Maddə 40. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aktlarının dərci


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dərc olunmalı aktları rəsmi nəşr sayılan "Azərbaycan" qəzetində və rəsmi mətbuat orqanında dərc olunur.

Maddə 40-1.  Məhkəmə-Hüquq Şurasının qərarlarının dərci

Məhkəmə-Hüquq Şurasının dərc olunmalı qərarları rəsmi nəşr sayılan müvafiq icra hakimiyyəti orqanının mətbu nəşrində dərc olunur.

6-cı fəsil
Normatİv hüquqİ aktların zaman, məkan və subyektlərə görə qüvvəsİ

Maddə 41. Normativ hüquqi aktların qüvvəyə minməsi müddəti


41.1. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, onların özündə başqa müddət nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir.

41.2. Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktları müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra özlərində başqa qayda nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir.

41.3. Normativ hüquqi aktın hissəsinin (fəslinin, maddəsinin, bəndinin) qüvvəyə minməsi üçün normativ hüquqi aktın bütövlükdə qüvvəyə minməsinə dair müəyyən edilmiş müddətdən fərqli müddət müəyyən edilə bilər.

41.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

Maddə 42. Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi


Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi ilə tənzimlənir.

Maddə 43. Normativ hüquqi aktın qüvvədə olma müddəti


43.1. Normativ hüquqi akt, onun özündə ayrı hal nəzərdə tutulmamışdırsa, müddətsiz qüvvədə olur.

43.2. Akt bütövlükdə, yaxud onun bir hissəsi müvəqqəti qüvvədə ola bilər. Bu halda aktda onun və ya onun müvafiq hissəsinin qüvvədə olma müddəti göstərilir. Göstərilən müddət qurtaran kimi akt, yaxud onun müvafiq hissəsi əlavə elan olmadan qüvvədən düşür. Göstərilən müddət qurtaranadək aktı qəbul etmiş orqan aktın qüvvədə olma müddətinin artırılması və ya ona müddətsiz xarakter verilməsi haqqında qərar qəbul edə bilər.


Maddə 44. Normativ hüquqi aktın qüvvəsinin itirilməsi


44.1. Normativ hüquqi akt (onun hissəsi) aşağıdakı hallarda öz qüvvәsini itirir:

44.1.1. müvəqqəti aktın (aktın hissəsinin) müddəti başa çatdıqda;

44.1.2. əvvəllər qəbul edilmiş aktın müddəaları yeni qəbul edilmiş akta zidd olduqda;

44.1.3. əvvəllər qəbul edilmiş aktın müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə zidd olduqda;

44.1.4. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3, 6, 8-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul edildikdə;

4.1.5. aktı qəbul etmiş və ya qanunla müəyyən edilmiş qaydada bu səlahiyyətləri almış orqan tərəfindən onun qüvvədən düşməsi və yaxud dayandırılması barədə qərar qəbul edildikdə.

44.2. Normativ hüquqi akt onu qəbul etmiş orqanın aktı ilə və ya bunun üçün qanunvericiliklə müvəkkil edilmiş orqanın aktı ilə qüvvədən düşmüş hesab edilir.

Maddə 45. Normativ hüquqi aktların məkana və subyektlərə görə qüvvəsi


45.1. normativ hüquqi aktlar müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya inzibati ərazi vahidinin ərazisində qüvvədə olur.

45.2. Normativ hüquqi aktların qüvvəsi qanunla müəyyən edilmiş hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və başqa hüquqi şəxslərin vəzifəli şəxslərinə tətbiq edilir.


7-ci fəsil
Normatİv hüquqİ aktların şərhİ

Maddə 46. Normativ hüquqi aktların şərhini zəruri edən hallar


46.1. Normativ hüquqi aktın məzmununun müəyyən edilməsinə, məna və məqsədlərinin, qanunvericilikdə istifadə olunan istilahların aydınlaşdırılmasına onun şərhi deyilir.

46.2. Rəsmi şərh buna səlahiyyəti olan orqanlar tərəfindən verilə bilər.


Maddə 47. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının rəsmi şərhinin verilməsi


Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının qanunlarının rəsmi şərhini Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi verir.

Maddə 48. Müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının rəsmi şərhi


Müvafiq icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktları rəsmi şərh edə bilərlər.

Maddə 49. Normativ hüquqi aktın şərhi zamanı akta dəyişikliklər olunmasının və konkretləşdirici normaların əlavə edilməsinin yolverilməzliyi


Normativ hüquqi akt şərh edilərkən ona dəyişikliklər edilməsinə, konkretləşdirici normalar əlavə olunmasına yol verilmir. Genişləndirici və yaxud məhdudlaşdırıcı təfsirə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir.

8-ci fəsil
Normatİv hüquq aktların sİstemləşdİrİlməsİ və uçotu

Maddə 50. Normativ hüquqi aktların məcmuə və topluları


Normativ hüquqi aktların rəsmi məcmuə və toplularının, qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, həmin aktları qəbul edən orqanlar, yaxud onların tapşırığı ilə başqa orqanlar dərc edirlər.

Maddə 51. Normativ hüquqi aktların dövlət uçotu və dövlət qeydiyyatı


51.1. Azərbaycan Respublikasının bütün normativ hüquqi aktları dövlət uçotuna alınmaq üçün, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktları isə həmçinin dövlət qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

51.2. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının dövlət uçotu və qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


9-cu fəsil
Son müddəalar

Maddə 52. Normativ hüquqi aktların hazırlanmasının, nəşrinin və qeydiyyatının maliyyələşdirilməsi


Normativ hüquqi aktların müqavilə və ya sifarişlə hazırlanması, ən yaxşı layihə üçün müsabiqə keçirilməsi, onların ekspertizası, rəsmi nəşri, sair üsulla yayılması, habelə dövlət qeydiyyatı ilə əlaqədar xərclər dövlət büdcəsi hesabına ödənilir.

Maddə 53. Bu Qanunun qüvvəyə minməsi qaydası


53.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

53.2. Bu Qanun qüvvəyə mindiyi gündən 6 sentyabr 1994-cü ildə qəbul olunmuş "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti     Heydər Əlİyev


Bakı şəhəri, 26 noyabr 1999-cu il
№ 761-IQ

 

 



 

 

 



 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 aprel 2005-ci il tarixli 898-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 292)



2.       1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il)

3.       10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928)

4.       20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)

5.       7 dekabr 2007-ci il tarixli 505-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1214)

6.       13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2008-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 699)

7.       14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395)

8.       5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81) ilə 3.4-cü, 38.4-cü, 41.2-ci və 51.1-ci maddələrində “Milli Bankının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilmişdir.



 

22 aprel 2005-ci il tarixli 898-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 292) ilə 3-cü maddəyə 3.5-ci bənd əlavə edilmişdir.

 

1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 874) ilə 3-cü maddəyə 3.6-cı bənd əlavə edilmişdir.



 

13 iyun 2008-ci il tarixli 649-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 avqust 2008-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 699) ilə 12-ci maddəsində “Azərbaycan Respublikası Milli Məclisi deputatlarının” sözlərindən sonra “Azərbaycan Respublikası Hesablama Palatasının üzvlərinin” sözləri əlavə edilmişdir.

 

20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 18-ci maddə yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

Maddə 18. Qanunların layihələrinin yayılması

Azərbaycan Respublikası qanunlarının layihələri kütləvi informasiya vasitələri ilə və başqa üsullarla əhalinin nəzərinə çatdırıla bilər.

 

10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928) ilə yeni məzmunda 29.3-cü maddə əlavə edilmişdir.



 

14 aprel 2009-cu il tarixli 785-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  2 iyul 2009-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 395) ilə 35-ci maddəsinin 1-ci hissəsində "daimi komissiyaların" sözləri "komitələrin" sözü ilə əvəz edilmişdir.

 

20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə Qanuna 36.3-cü maddə əlavə edilmişdir.



 

10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928) ilə 38.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

38.4. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi nəşr sayılan "Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarının bülleteni"ndə dərc olunur.

 

1 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 874)  ilə Qanuna 40-1-ci maddə əlavə edilmişdir.



 

7 dekabr 2007-ci il tarixli 505-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1214) ilə yeni məzmunda 41.4-cü maddə əlavə edilmişdir.



 

10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928) ilə . 51.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və Azərbaycan Respublikası Milli Bankının normativ aktları” sözləri “mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının, Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktları” sözləri ilə əvəz edilmişdir..



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə