NƏCƏFLİ azərbaycana qarşI




Yüklə 114.71 Kb.
tarix27.02.2016
ölçüsü114.71 Kb.

BİRİNCİ BÖLMƏ




NƏCƏFLİ AZƏRBAYCANA QARŞI
(Ərizə № 2594/07)

QƏRAR
STRASBURQ


2 oktyabr 2012

QƏTİ QƏRAR
02/01/2013
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Qərarın mətni redaktə oluna bilər.
Nəcəfli Azərbaycana qarşı işində,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (Birinci Bölmə) Palatası hakimlər:

Nina Vajiç, Sədr,

Anatoly Kovler,

Xanlar Hacıyev,

Mirjana Lazarova Trajkovska,


Julia Laffranque,
Linos-Alexandre Sicilianos
Bölmə Katibi Sören Nilsendən ibarət tərkibdə 11 sentyabr 2012-ci ildə qapalı müşavirə keçirməklə həmin tarixdə aşağıdakı qərarı qəbul edib.


PROSEDUR

1. İş İnsan hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan Cənab Ramiz Hüseyn oğlu Nəcəflinin (“Ərizəçi”) Azərbaycana qarşı verdiyi ərizə üzrə (№ 2594/07) 12 dekabr 2006-cı ildə başlanıb.

2. Ərizəçini Azərbaycanda fəaliyyət göstərən hüquqşünas Cənab İ. Əliyev təmsil edib. Azərbaycan Hökumətini (Hökumət) onun nümayəndəsi Cənab Ç. Əsgərov təmsil edib.

3. Ərizəçi özəlliklə bildirdi ki nümayişin dağıdılması zamanı polis tərəfindən döyülüb və yerli hakimiyyət orqanları bu hadisəni səmərəli araşdırmayıb.

4. 7 yanvar 2008-ci ildə ərizə ilə bağlı Hökumətlə kommunikasiya başlanıb. Həmçinin qəbuledilənlik və mahiyyət üzrə qərarın eyni zamanda çıxarılması qərara alınıb (29-cu maddənin 1-ci bəndi).

FAKTLAR
I.  İŞİN HALLARI
5.  Ərizəçi 1967-ci ildə anadan olub və Bakıda yaşayır.
A.  İddia olunan pis rəftar
6. Ərizəçi jurnalist və Boz Qurd qəzetinin baş redaktoru idi.

7. 9 oktyabr 2005-ci ildə bəzi müxalifət partiyaları Bakı şəhərində qanunsuz nümayiş keçirdilər. Ərizəçi xəbər hazırlamaq üçün digər beş jurnalistlə birgə nümayişdə idi. Ərizəçi onun jurnalist olduğunu göstərən xüsusi göy gödəkçə geyinməmişdi, amma sinəsində jurnalist nişanı taxmışdı.

8. Nümayişin polis tərəfindən dağıdılması zamanı ərizəçi və onun həmkarları döyüldülər və səhhətlərinə xəsarət yetirildi. Ərizəçi polis əməkdaşlarına jurnalist olduğunu söylədiyini və onlardan vurulmasını dayandırmalarını xahiş etdiyini bildirdi. Ərizəçinin başına vuruldu və o, döyüldükdən sonra huşunu itirdi.

9. Ərizəçi eyni gündə xəstəxanaya aparıldı. 26 oktyabr 2005-ci ildə o, qapalı kəllə-beyin travması, kontuziya və kəllə əsasının yumşaq toxumalarının zədələnməsi ilə diaqnoz olunduğunu göstərən tibbi arayışı təqdim edib.

10. 10 iyul 2006-cı ildə ərizəçi 19 saylı Bakı Şəhər Poliklinikasından tibbi arayış aldı. Həmin arayışda göstərilirdi ki ərizəçi qapalı kəllə-beyin travması, kontuziya və kəllə əsasının yumşaq toxumalarının zədələnməsi diaqnozu ilə xəstə kimi qeydiyyata alınıb və onun durumu uzunmüddətli müalicə tələb edirdi.
B.  Cinayət işi üzrə icraat
10. 9 oktyabr 2005-ci ildə döyülmüş altı jurnalist cinayət işinin açılması üçün birlikdə şikayət verdi. 9 noyabr 2005-ci il tarixdə Səbail Rayon Polis İdarəsi Cinayət Məcəlləsinin 132-ci maddəsi (döymə) ilə cinayət işi başladı. 22 dekabr 2005-ci il tarixdə cinayət işi Cinayət Məcəlləsinin 163-cü maddəsinə (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) tövsif edildi və Səbail Rayon Prokurorluğuna verildi.

12. 12 yanvar 2006-cı il tarixində istintaqı aparan müstəntiq ərizəçini dindirdi. Ərizəçi bildirdi ki jurnalist kimi nümayişi izləyərkən polis əməkdaşları qrupu tərəfindən dəyənəklə döyülüb. Ərizəçi həmçinin bildirdi onu döyən polis əməkdaşlarını tanımayıb, baxmayaraq ki polis idarəsində məsul polis əməkdaşlarını tanıyırdı. Ərizəçi Bakı şəhər Polis İdarəsinin Çevik Polis Alayının qərargah rəisi olan əməkdaşın (A.V.) fotosunu təqdim etdi. Hadisə barədə ərizəçinin versiyası müvafiq vaxtda hadisə yerində olan iki başqa jurnalistin, E.M. və N.A.nın ifadələri ilə təsdiq olundu.

11. Hökumətə əsasən, müstəntiq 28 yanvar 2006-cı ildə məhkəmə-tibb ekspertizası təyin etdi, lakin ərizəçi ekspertizaya gəlmədi. Bununla bağlı hər hansı qərarın surətini Hökumət Məhkəməyə təqdim etməyib. Ərizəçi iddia etdi ki müstəntiq ona bu qərar barədə məlumat verməyib.

12. İşi aparan müstəntiq 2 fevral 2006-cı il tarixli məktubu ilə Səbail Rayon Polis İdarəsindən ərizəçini vuran polis əməkdaşlarını müəyyən etməsini xahiş etdi. Müstəntiqin məktubuna cavab olaraq 25 fevral 2006-cı ildə Səbail Rayon Polis İdarəsinin rəhbəri yazdı ki onlar müvafiq polis əməkdaşlarını müəyyən edə bilmədilər, lakin bununla bağlı tədbirlər görməyə davam edəcəklər və hər hansı nəticə barədə müstəntiqi məlumatlandıracaqlar.

13. 1 mart 2006-cı il tarixdə müstəntiq A.V.ni dindirdi və o, ərizəçinin döyülməsinə aidiyyatı olduğunu inkar etdi. A.V. bildirdi ki nə o, nə də onun tabeliyində olan polis əməkdaşları onun yanında ərizəçiyə qarşı qanunsuz əməl törədiblər.

14. 9 mart 2006-cı ildə Səbail Rayon Prokurorluq İdarəsinin müstəntiqi döymə əməlini törətməkdə təqsirli olan şəxslər tapılana kimi cinayət işi üzrə icraatı dayandırmaq haqqında qərar qəbul etdi. Müstəntiq ərizəçinin döyülməsinə aidiyyatı olduğu iddia edilən polis əməkdaşlarının müəyyən olunmadığı faktına istinad etdi. A.V.nin hadisə ilə iddia edilən əlaqəsinə gəldikdə isə müstəntiq onun ərizəçiyə qarşı hər hansı qanunsuz əməllər törətmədiyini bildirən ifadəsinə istinad etdi.

15. Ərizəçiyə cinayət istintaqı barədə may 2006-cı il tarixinə kimi məlumat verilməyib. Ərizəçi 9 may 2006-cı ildə Səbail Rayon Prokurorluq İdarəsinin müstəntiqi ilə əlaqə saxladı və cinayət icraatının durumu barədə məlumat istədi. Müstəntiq ona cinayət işinin icraatının 9 mart 2006-cı il tarixdə dayandırıldığını bildirdi, amma icraatın dayandırılması haqqında qərarın surətini ərizəçiyə təqdim etmədi.

16. 12 may 2006-cı ildə ərizəçi Səbail Rayon Məhkəməsinə şikayət verdi. O şikayət etdi ki müstəntiq ona cinayət işinin icraatının dayandırılması haqqında qərarın surətini təqdim etməyib və bununla da onun bu qərardan uyğun şikayət verməsini qeyri-mümkün edib. O, həmçinin məhkəmədən həmin qərarı ləğv etməsini və işi istintaqa qaytarmasını xahiş etdi. O, özəlliklə də israr etdi ki onu vuran polis əməkdaşları qrupu A.V.nin rəhbərliyi alında olub və A.V.nin hadisə zamanı çəkilmiş fotosu polisə təqdim edilib.

17. 26 may 2006-cı ildə Səbail Rayon Məhkəməsi ərizəçinin şikayətini təmin etmədi və cinayət işi üzrə icraatın dayandırılması barədə qərarın qanuni olduğunu və 9 mart 2006-cı ildə ərizəçiyə göndərildiyini qeyd etdi. Qərar A.V. və onun ərizəçinin döyülməsindəki iddia edilən rolu ilə bağlı məsələdə susurdu. Belə görünür ki məhkəmə iclasında hər hansı şahid dindirməyib.

18. 1 iyun 2006-cı ildə ərizəçi özünün öncəki şikayətlərini təkrarlamaqla apellyasiya şikayəti verdi. Özəlliklə də o iddia etdi ki istintaqın onu vuran polisi müəyyən edə bilməməsini səbəb göstərməklə dayandırılması yanlış idi və istintaq orqanları cinayətkarların kim olduğunu bilirdi. Bununla bağlı o, özü və başqa jurnalistlərin müvafiq vaxtda hadisə yerində olan A.V.ni özəlliklə göstərdiklərini qeyd etdi.

19. 13 iyun 2006-cı ildə Apellyasiya Məhkəməsi ərizəçinin apellyasiya şikayətini rədd etdi və Səbail Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli qərarını qüvvədə saxladı.
C.  Mülki icraat
20. 9 noyabr 2006-cı ildə ərizəçi Daxili İşlər Nazirliyinə qarşı ayrıca mülki qaydada iddia qaldırdı və 9 oktyabr 2005-ci ildə döyülməsi nəticəsində ona dəymiş maddi və qeyri-maddi zərərə görə kompensasiya tələb etdi. O, Konvensiyanın 3-cü, 10-cu və 11-ci maddələrinə istinad etdi.

21. 20 noyabr 2006-cı ildə Səbail Rayon Məhkəməsi iddianı formal tələblərə cavab vermədiyi üçün qəbul etməkdən imtina etdi. Məhkəmə müəyyən etdi ki ərizəçi özəlliklə də ona vurulmuş xəsarətlərin səbəbini göstərən məhkəmə-tibb ekspertiza rəyi və polis əməkdaşının ərizəçinin döyülməsinə görə məsuliyyətə cəlb olunduğunu göstərən hər hansı sənədin surətini təqdim etməyib. Məhkəmə həmçinin qeyd etdi ki ərizəçi cavabdeh olan gerçək fərdləri müəyyən edə bilməyib Daxili İşlər Nazirliyini göstərib.

22. 6 dekabr 2006-cı ildə ərizəçi özünün əvvəlki şikayətlərini təkrarlamaqla birinci instansiya məhkəməsinin qəbuledilməzlik haqqında qərarından şikayət etdi.

23. 26 yanvar 2007-ci ildə Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin 20 noyabr 2006-cı il tarixli qərarını qüvvədə saxladı.

24.14 iyun 2007-ci ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK




  1. Azərbaycan Respublikasının Konstitusiyası

25.  Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi (III) aşağıdakı müddəanı nəzərdə tutur:


“Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz...”


  1. 28 oktyabr 1999-cu il tarixli Polis haqqında Qanun

26.  Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri, inter alia, şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda tətbiq edə bilər (Maddə 26.II). Xüsusi vasitələr - dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr və digər vasitələrdir (Maddə 1). Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silah tətbiq edilməsi təhlükəyə proporsional qaydada mütləq zərurət olduqda mümkündür. Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir (Maddə 26.VII). Fiziki qüvvənin qanunsuz tətbiqinə yol verən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır (Maddə 26.IX).

27. Polis əməkdaşları fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir (Maddə 27.I.1). Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsi təmin edilməlidir (Maddə 27.I.5). Fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal müvafiq polis orqanına yazılı məlumat verməlidir (Maddə 27.I.7). Belə qüvvənin tətbiq edilməsi barədə iyirmi-dörd saat ərzində müvafiq prokurora yazılı məlumat verməlidir (Maddə 27.I.8).
HÜQUQ
I.  KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
30.  Ərizəçi polis tərəfindən döyülməsindən və yerli qurumların buna məsuliyyət daşıyan polis əməkdaşlarını müəyyən etmək və cəzalandırmaq istiqamətində səmərəli araşdırma aparmamasından şikayət edib. Konvensiyanın 3-cü maddəsində deyilir:
Heç kəs işgəncəyə, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”.
A.  Qəbuledilənlik
28. Məhkəmə hesab edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinin nəzərdə tutduğu mənada açıq-aydın əsassız deyil. Həmçinin, bildirir ki, o hər hansı başqa səbəblərə görə qəbuledilməyən deyil. Buna görə də, şikayət qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Polis əməkdaşının ərizəçiyə qarşı iddia edilən pis rəftarı


  1. Tərəflərin arqumentləri

29. Hökumət iddia etdi ki onlar ərizəçinin polis tərəfindən pis rəftara məruz qalıb-qalmaması barədə rəy bildirə bilməzlər, çünki bu barədə məhkəmə qərarı yox idi. Hökumət daha sonra bildirdi ki 9 oktyabr 2005-ci il tarixli nümayişə icazə verilməmişdi və polisin qanunsuz nümayişi dağıtmaq üçün fiziki qüvvədən istifadə etmək səlahiyyəti vardı. Müvafiq olaraq, polisin fiziki qüvvə tətbiqi bu halda pis rəftar sayıla bilməz.


30. Ərizəçi bildirdi ki o, A.V.nin rəhbərlik etdiyi polis əməkdaşları qrupu tərəfindən döyülüb və ona qarşı heç bir əsaslandırma olmadan hədsiz fiziki qüvvə tətbiq olunub. Bu baxımdan o, 26 oktyabr 2005-ci il tarixli tibbi arayışa, iki jurnalistin şahid ifadələrinə və hadisə yerində A.V.nin çəkilmiş fotosuna istinad edib.


  1. Məhkəmənin qiymətləndirməsi

31. Məhkəmənin dəfələrlə bildirdiyi kimi, 3-cü maddə demokratik cəmiyyətin əsas dəyərlərindən birini mühafizə edir. Hətta mütəşəkkil dəstə tərəfindən törədilən terrorçuluğa və cinayətkarlığa qarşı mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncələri və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir. Konvensiyanın və 1 və 4 saylı Protokollarının bir çox maddi-hüquqi müddəalarından fərqli olaraq, 3-cü maddədə istisnalar nəzərdə tutulmur və onun müddəaları hətta millətin mövcudluğunu təhdid edən fövqəladə vəziyyət şəraitində belə 15-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş geri çəkilmələrə yol vermir (bax: Selmuni Fransaya qarşı [Böyük Palatanın qərarı], ərizə № 25803/94, 95-ci bənd, AİHM 1999-V və Assenov və Başqaları Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, 93-cü bənd, Qərarlar Toplusu, 1998-VIII).

32. 3-cü maddənin əhatə dairəsinə düşmək üçün pis rəftar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimum səviyyənin qiymətləndirilməsi işin bütün hallarından, məsələn həmin rəftarın davam etmə müddətindən, onun fiziki və ya ruhi təsirlərindən, eləcə də bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, 162-ci bənd, A Seriyası, № 25; Kudla Polşaya qarşı [Böyük Palatanın qərarı], ərizə № 30210/96, 91-ci bənd, AİHM 2000-XI; və Pirs Yunanıstana qarşı, ərizə № 28524/95, 67-ci bənd, AİHM 2001-III). Məhkəmə hesab edir ki, rəftarın “qeyri-insani” olması üçün o, digər əlamətlərlə yanaşı, düşünülmüş olmalı, saatlarla tətbiq edilməli, habelə ya faktiki bədən xəsarəti, ya da fiziki və ruhi əzab yetirməlidir. O, rəftarı ona görə “ləyaqəti alçaldan” hesab edir ki, o, qurbanlarda təhqiredici və alçaldıcı olan qorxu, əzab və acizlik hisslərini yaradır (bax: Kudlanın işi üzrə yuxarıda adı çəkilən qərar, 92-ci bənd).

33. Sübutu qiymətləndirərkən Məhkəmə adətən “əsaslı şübhə yeri qoymayan” sübutetmə standartını tətbiq edir. Lakin bu cür sübut yetərincə güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair təkzibolunmaz analoji ehtimalların birgə mövcudluğundan irəli gəlməlidir (bax: başqa mənbələr arasında, Avşar Turkiyəyə qarşı, № 25657/94, 282-ci bənd, ECHR 2001-VII (çıxarışlar)). Məhkəmə  öz rolunun subsidiar (yardımçı) xarakterli olduğunu dərk edir və etiraf edir ki, faktların müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin funksiyasını öz üzərinə götürməsi konkret işin halları baxımından qaçılmaz olan hallarda bunu ehtiyatla etməlidir (misal üçün bax: Makkerr Birləşmiş Krallığa qarşı (qərar), ərizə № 28883/95, 4 aprel 2000-ci il). Bununla belə, Konvensiyanın 3-cü maddəsi üzrə iddialar irəli sürüldükdə, hətta artıq müəyyən daxili məhkəmə prosesləri və araşdırmalar aparılmış olsa da Məhkəmə məsələni xüsusi diqqətlə hərtərəfli araşdırmalıdır (bax: Muradova Azərbaycana qarşı, № 22684/05, 99-cu bənd, 2 aprel 2009-cu il və yuxarıda istinad olunan Avşar Türkiyəyə qarşı qərar, 283-284-cü bəndlər).

34. Məhkəmə hesab edir ki ərizəçi polis tərəfindən ona qarşı güc tətbiqinə məruz qalması faktını təsdiq edən kifayət qədər güclü sübut təqdim edə bilib. Özəlliklə də ərizəçi 9 oktyabr 2005-ci ildə xəstəxanaya qəbul edildiyini və qapalı kəllə-beyin travması, kontuziya və kəllə əsasının yumşaq toxumalarının zədələnməsi diaqnozunun olduğunu təsdiq edən 26 oktyabr 2005-ci il tarixli tibbi arayışı təqdim edib. O, həmçinin döyüldükdən dərhal sonra çəkilmiş iki fotosunu təqdim etdi. Ərizəçinin 9 oktyabr 2005-ci il tarixdə döyülməsi və ciddi xəsarətlər alması faktını özlüyündə istintaq qurumları, özəlliklə də Səbail Rayon Prokurorluq İdarəsinin istintaqın dayandırılması barədə 9 mart 2006-cı il tarixli qərarı ilə sübhə altına alınmayıb. Xəsarətlərin polis tərəfindən yetirilməsi barədə ərizəçinin iddialarına gəldikdə isə qeyd edilməlidir ki o, 9 oktyabr 2005-ci ildə nümayişin polis tərəfindən məcburi dağıdılması əməliyyatı zamanı bu xəsarətləri alıb. O, hadisələr barədə onun versiyasını dəstəkləyən iki şahid ifadəsi və A.V.nin hadisə yerində olmasını təsdiqləyən fotosunu təqdim etdi. Məhkəməyə təqdim edilmiş sübut kifayət qədər güclüdür və hər halda, nümayişin dağıdılması zamanı ərizəçinin polis əməkdaşları tərəfindən dəyənəklərlə döyülməsi barədə prezumpsiyanı müəyyən etmək baxımından uyğun gəlir. Məhkəmənin rəyinə görə nə Hökumət öz mülahizələrində, nə də yerli hakimiyyət orqanları öz qərarlarında bu prezumpsiyanın inandırıcı təkzibini vermədilər.

35.  Müvafiq olaraq Məhkəmə ərizəçiyə qarşı güc tətbiqinin hədsiz olub-olmadığını araşdıracaq. Buna görə də Məhkəmə gücün tətbiq edildiyi hallara xüsusi önəm verir (bax: Güzel Şahin və başqaları Türkiyəyə qarşı, № 68263/01, 50-ci bənd, 21 dekabr 2006-cı il və Timtik Türkiyəyə qarşı, № 12503/06, 49-cu bənd, 9 noyabr 2010-cu il). Şəxsin öz davranışı ilə bağlı mütləq zərurət olmadan polis və ya digər dövlət nümayəndəsi tərəfindən fiziki qüvvə ilə üzləşməsi insan ləyaqətinə xələl gətirməklə Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan hüququn pozuntusudur (bax: Kop Türkiyəyə qarşı, № 12728/05, 27-ci bənd, 20 oktyabr 2009-cu il və yuxarıda istinad edilən Timtik qərarı, 47-ci bənd).

36. Məhkəmə hesab edir ki, ərizəçinin öz hərəkətinin ona qarşı fiziki qüvvə tətbiq etməyə hər hansı şəkildə təhrik etdiyini - bunu ciddi şəkildə zəruri etdiyini göstərən heç nə təqdim edilməyib. Ərizəçinin nümayiş zamanı polisə qarşı hər hansı zorakılıq etmədiyi və təhlükə yaratmadığı mübahisələndirilmir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Hökumət ərizəçiyə qarşı güc tətbiqinə haqq qazandıran başqa əsaslar olduğunu göstərməyib. Buna görə də ərizəçiyə qarşı tətbiq edilmiş fiziki qüvvə lüzumsuz və həddən artıq olub.

37.  Məhkəmə müəyyən edir ki, ərizəçinin məruz qaldığı xəsarətlər ciddi fiziki ağrı və əzabın mövcudluğunu göstərir. Ərizəçi uzun müddətli müalicə tələb edən qapalı kəllə-beyin travması, kontuziya və kəllə əsasının yumşaq toxumalarının zədələnməsinə məruz qalıb. Pis rəftar və onun nəticələri həm də insan ləyaqətini alçaltmaqla ərizəçiyə əhəmiyyətli mənəvi əzab vermiş olmalı idi. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət edilən pis rəftar 3-cü maddənin tətbiq dairəsinə düşmək üçün minimal qəddarlıq dərəcəsinə çatmaq və qeyri-insani və ləyaqəti alçaldan rəftar hesab edilmək üçün kifayət qədər ciddi əməl olub.

38.  Buna görə də Konvensiyanın 3-cü maddəsinin maddi-hüquqi aspektinin pozuntusu baş verib.
2. İddia edilən səmərəli araşdırmanın aparılmaması


  1. Tərəflərin arqumentləri

39. Hökumət bildirdi ki yerli hakimiyyət orqanları ərizəçinin pis rəftar barədə şikayətlərinin səmərəli istintaqını aparıblar. Özəlliklə də Hökumət qeyd etdi ki ərizəçinin 9 noyabr 2005-ci il tarixli şikayətindən sonra yerli hakimiyyət orqanları cinayət işi başladılar. Müstəntiq ərizəçini, iki şahidi və A.V.ni dindirdi və ərizəçini döyən şəxsləri müəyyən etmək üçün bütün müvafiq tədbirlər gördü. Bundan əlavə müstəntiq 28 yanvar 2006-cı il tarixi üçün məhkəmə-tibb ekspertizası təyin etdi və ərizəçi ekspertizaya gəlmədi.


40.  Ərizəçi bildirdi ki yerli hakimiyyət orqanları onun pis rəftar barədə şikayətlərini səmərəli araşdırmayıb. O, yerli hakimiyyət orqanlarının onun polis tərəfindən döyülməsi barədə heç bir sübutuna əhəmiyyət vermədiyini qeyd etdi. O həmçinin qeyd etdi ki o, müstəntiqin məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında 28 yanvar 2006-cı il tarixli hər hansı qərarı barədə məlumatlandırılmayıb.

41. İstintaqın dayandırılması barədə müstəntiqin 9 mart 2006-cı il tarixli qərarı barədə ərizəçinin vaxtında məlumatlandırılması ilə bağlı tərəflər arasında fikir ayrılığı vardı. Hökumət ərizəçinin razılaşmadığı barədə qeyd qoymaqla imzaladığı bu qərarın surətini və müstəntiqin bu qərar barədə məlumat verən və başqaları ilə yanaşı ərizəçiyə ünvanlanan 9 mart 2006-cı il tarixli məktubunun surətini təqdim etdi. Ərizəçi bildirdi ki o, bu qərar barədə may 2006-cı il tarixinə kimi məlumatlandırılmayıb və hökumətin təqdim etdiyi sənədlərdə qərarın surətinin ərizəçiyə nə zaman çatımlı olduğu tarix göstərilməyib, nə də onlar ərizəçiyə bu barədə vaxtında məlumat verildiyini göstərib.




  1. Məhkəmənin qiymətləndirməsi

42. Fərd polis tərəfindən 3-cü maddə pozulmaqla ciddi dərəcədə pis rəftara məruz qalması barədə əsaslı iddia irəli sürdükdə, bu maddə Konvensiyanın 1-ci maddəsi üzrə dövlətin ümumi öhdəliyi ilə, yəni “yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” öhdəliyi ilə birgə götürülməklə, dolayısı ilə tələb edir ki, səmərəli rəsmi araşdırma aparılsın. Bu araşdırma məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnmək iqtidarında olmalıdır. Əks halda, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və cəzaya qoyulan ümumi hüquqi qadağa olduqca mühüm olmasına baxmayaraq praktikada səmərəsiz ola bilər və dövlət rəsmiləri faktiki olaraq cəzalandırılmadan nəzarətləri altında olan şəxsləri bir sıra hallarda pis rəftara məruz qoya bilərlər (bax: Assenov və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, 102-ci bənd və Labita İtaliyaya qarşı [Böyük Palatanın qərarı], ərizə № 26772/95, 131-ci bənd, AİHM 2000-IV).

43.  Konvensiyanın 2-ci və 3-cü maddələrinin tələb etdiyi istintaqın səmərəli olması üçün istintaqa görə məsuliyyət daşıyanlar və onu həyata keçirənlər həm qanuna əsasən, həm də təcrübədə müstəqil və qərəzsiz olmalıdırlar. Bu o deməkdir ki hadisələrə bağlılığı olanlar arasında iyerarxik və ya institutsional bağlılıq olmamalı, həm də praktiki anlamda müstəqillik olmalıdır (bax: Boicenco Moldovaya qarşı, №. 41088/05, 66-cı bənd, 11 iyul 2006-cı il; Kolevi Bolqarıstana qarşı, № 1108/02, 193-cü bənd, 5 noyabr 2009-cu il və Oleksiy Mixaylovich Zakharkin Ukraynaya qarşı, № 1727/04, 66-cı bənd, 24 iyun 2010-cu il).

44. Bundan əlavə, pis rəftarla əlaqəli şikayətlərin araşdırılması hərtərəfli olmalıdır. Bu o deməkdir ki, dövlət orqanları nəyin baş verdiyini müəyyən etmək üçün ciddi səy göstərməli və istintaqa xitam vermək və ya qərarlarını əsaslandırmaq üçün tələsik və ya əsassız nəticələrə güvənməməlidirlər (bax: Assenov və Başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, 103-cü və sonrakı bəndlər). Onlar hadisəyə dair sübutları, inter alia, hal şahidlərinin ifadələrini və ekspert rəyini təmin etmək üçün mümkün olan bütün ağlabatan addımları atmalıdırlar (bax: Tanrıkulu Türkiyəyə qarşı [Böyük Palatanın qərarı], ərizə № 23763/94, AİHM 1999-IV, 104-cü və sonrakı bəndlər və Gül Türkiyəyə qarşı, ərizə № 22676/93, 89-cu bənd, 14 dekabr 2000-ci il). İstintaq zamanı xəsarətlərin səbəbini və ya məsuliyyət daşıyan şəxslərin kimliyini müəyyən etmək imkanına xələl gətirən hər hansı qüsur araşdırmanın bu standartına cavab verməmək riskini yaradır.

45.  Pis rəftarla bağlı səmərəli müdafiə vasitəsi anlayışı şikayətçinin instintaq prosesinə səmərəli çatımlığını da əhatə edir (yuxarıda istinad olunan Assenov və Başqaları, 117-ci bənd). Praktikada hesabatlığı təmin etməyə kifayət edəcək dərəcədə hakimiyyət orqanlarının hüququn aliliyinə hörmət etməsinə ictimai inamı qorumaq və qanunsuz əməllərə imkan verilməsi və ya dözülməsi kimi hər hansı görüntünün qarşısını almaq üçün istintaqa və ya onun nəticələrinə ictimai nəzarət elementi olmalıdır (bax, yuxarıda istinad olunan Kolevi, 194-cü bənd).

46. Məhkəmə müşahidə edir ki ərizəçinin pis rəftar haqqında şikayətindən sonra 9 noyabr 2005-ci ildə Səbail Rayon Polis İdarəsi Cinayət Məcəlləsinin 132-ci maddəsi (döymə) əsasında cinayət işi başladı. 22 dekabr 2005-ci ildə iş Cinayət Məcəlləsinin 163-cü maddəsinə (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) tövsif olundu və Səbail Rayon Prokurorluq İdarəsinə verildi. Lakin ərizəçinin şikayətinə lazımi qaydada baxılmamışdı, çünki ərizəçinin dindirildiyi 12 yanvar 2006-cı il tarixinə kimi, hadisənin baş verməsindən üç aydan çox müddətdə zəruri prosessual addımlar atılmadı.

47. Eyni qaydada, hətta Hökumətin iddia etdiyi kimi müstəntiqin 28 yanvar 2006-cı ildə məhkəmə-tibb ekspertizası təyin etmişdi ehtimal olunsa belə bu, gec, yəni cinayət işinin başlanmasından iki ay və on yeddi gün sonra, hadisənin baş verməsindən üç ay və on yeddi gün sonra edildi. Bununla əlaqədar olaraq Məhkəmə həmçinin qeyd edir ki hər halda Hökumət müstəntiqin məhkəmə-tibb ekspertizası təyin etmək haqqında qərarının surətini təqdim etmədi və hətta belə bir qərarın olduğu ehtimal olunsa belə müstəntiqin məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında qərarı haqqında faktiki olaraq ərizəçinin məlumatlandırılmasını təsdiq edən hər hansı sübut əhəmiyyətli sənəd onlar təqdim etmədilər.

48. Bununla bağlı ixtiyarında olan materiallar və tərəflərin dəlillərini nəzərə alıb Məhkəmə bildirir ki ərizəçinin bütün müddət ərzində istintaq prosesinə səmərəli çatımlığının olmasına və vaxtında bütün prosessual tədbirlər barədə məlumatlandırılmasına ciddi şübhələr var.

49. Yuxarıdakıları nəzərə alaraq Məhkəmə bu iş üzrə aparılmış istintaqın ən problemli aspekti hesab etdiyi məsələyə nəzər salacaq. Məhkəmə dəfələrlə vurğulayıb ki 2-ci və 3-cü maddələrin nəzərdə tutduğu prosessual öhdəlik istintaqın həm qanunla, həm də praktikada müstəqil və qərəzsiz olmasını tələb edir (yuxarıdakı 46-cı bənd). Məhkəmə qeyd edir ki formal olaraq müstəqil istintaq idarəsi olan və bu işin istintaqını aparan Səbail Rayon Prokurorluğu ərizəçiyə pis rəftar etməsi iddia olunan şəxsləri müəyyən etmək məqsədilə araşdırma aparmasını Səbail Rayon Polis İdarəsindən xahiş etdi. Belə olan halda istintaq idarəsi istintaqın əsas və əhəmiyyətli hissəsini – iddia edilən pis rəftarı törədənlərin müəyyənləşdirilməsini – əməkdaşlarının pozuntunu törətməsi iddia edilən eyni quruma həvalə etdi. Bununla bağlı Məhkəmə müəyyən edir ki iddia edilən cinayətkarların Bakı şəhər Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları olsa da istintaqı aparması xahiş edilən qurumun başqa polis departamenti olmasının gerçək əhəmiyyəti yoxdur. Önəmli odur ki dövlət səlahiyyətli qurumu və onun əməkdaşlarının potensial olaraq məsuliyyətinə səbəb olan iddia edilən pis rəftarın istintaqını bu qurumların eyni dövlət qurumu tərəfindən işə götürülmüş həmkarları aparıb. Məhkəmənin rəyinə görə bu şərtlər altında polis qüvvələrinin öz əməkdaşlarının iddia edilən pis davranışı haqqında apardığı istintaq bu işdə müstəqil ola bilməzdi (müqayisə et, mutatis mutandis, Ramsahai və Başqaları Nidarlanda qarşı [BP], №. 52391/99, 295-96-cı bəndlər, İHAM 2007 II; Aktaş Türkiyəyə qarşı, № 24351/94, 301-ci bənd, İHAM 2003 V (çıxarışlar) və yuxarıda istinad olunan MakKerr, 128-ci bənd).

50.  Səbail Rayon Polis İdarəsinin sorğusu nəticə vermədi və sual olunan polis əməkdaşlarını “müəyyən edə bilmədi”. Bununla əlaqədar Məhkəmə qeyd edir ki iş materiallarında polis müstəntiqlərinin qəbul etdiyi real tədbirlərlə bağlı hər hansı sənədli sübut yoxdur.

51. Səbail Rayon Prokurorluğunun müstəntiqi Səbail Rayon Polis İdarəsinin “nəticəsiz” hesabatına istinad etməyə davam etdi və hər hansı əlavə tədbir görmədən icraatı sadəcə dayandırdı. Məhkəmənin fikrincə, istintaq qurumu (Səbail Rayon Prokurorluğu) Çevik Polis Alayının dağıdılma əməliyyatına cəlb olunmuş üzvlərinin siyahısını əldə etmək, aidiyyatı olan polis əməkdaşlarının dindirilməsi, başqa şahidlərin (nümayişdə olanlar, şahidlər və s) müəyyən olunması və dindirilməsi, zəruri olduqda şahidlərin üzləşdirilməsi, hadisələrin xronologiyasının bərpa edilməsinə cəhd edilməsi və s. kimi cinayətkarları müəyyən etməyə yönəlmiş müstəqil, gerçək və effektiv tədbirlər görməyə tam səlahiyyətli idi və bunu etmək iqtidarında olmalı idi. Bunların heç birini müstəntiq müstəqil olaraq etmədi. Nə istintaq orqanları, nə də yerli məhkəmələr, nə də Hökumət bunu etməməyə görə əsaslı izahat verə bildilər.

52. Ərizəçi həmçinin mülki prosesdə zərərin əvəzinin ödənilməsini səmərəli şəkildə tələb etmək imkanından məhrum oldu, çünki mülki məhkəmələr onun cavabdeh olan spesifik polis əməkdaşlarının adını çəkə bilməməsini səbəb kimi göstərməklə mülki şikayətini qəbul etməkdən imtina etdilər. Məhkəmə qeyd edir ki praktikada bu tələb ərizəçi üçün qarşısıalnmaz maneəyə bərabər idi, çünki bu polis əməkdaşlarının müəyyən olunması bu işdə səmərəli və müstəqil olmayan cinayət işi üzrə istintaqın vəzifəsi idi.

53. Yuxarıda göstərilənlər Məhkəmənin ərizəçinin pis rəftarla bağlı şikayəti üzrə istintaqın yuxarıda qeyd olunmuş səbəblərdən Konvensiyanın 3-cü maddəsinin tələblərinə uyğun gəlmədiyi nəticəsinə gəlməsi üçün yetərlidir. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin prosedur aspektinin pozuntusu baş verib.
II. KONVENSİYANIN 10-cu MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
54. Ərizəçi Konvensiyanın 10-cu və 11-ci maddələrinə istinad edib şikayət etdi ki polis tərəfindən pis rəftara məruz qalması onun jurnalist fəaliyyətinin həyata keçirilməsinin qarşısını almaq məqsədi güdüb və onun toplaşmaq azadlığı pozulub.

55. Məhkəmə bildirir ki ərizəçinin özünün təqdim etdiyi dəlillərdən görünür ki o, icazəsiz nümayişin iştirakçısı olmayıb və jurnalist kimi xəbər hazırlamaq üçün orda olub. Bu halda Məhkəmə hesab edir ki şikayət yalnız 10-cu maddə altında yoxlanmalıdır, çünki bu maddə bu işin hallarına münasibətdə lex specialisdir. Konvensiyanın 10-cu maddəsi nəzərdə tutur:


“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.




  1. Qəbuledilənlik

56.  Hökumət ərizəçinin dövlətdaxili müdafiə vasitələrini tükəndirmədiyini iddia etdi. Özəlliklə də ərizəçinin mülki şikayətini yerli məhkəmələr şikayətin verilməsi ilə bağlı prosessual tələblərə cavab vermədiyi üçün rədd edib. Hökumət bildirdi ki ərizəçi yerli məhkəmələrin onun mülki şikayətində tapdığı prosessual qüsurları aradan qaldıra və yenidən məhkəməyə təqdim edə bilərdi, lakin bunu etməyib.

57. Ərizəçi bildirdi ki onun mülki şikayəti lazımi qaydada təqdim olunub və o, Daxili İşlər Nazirliyini düzgün olaraq cavabdeh kimi göstərib və şikayətin düzgün sayda surətlərini onda olan bütün müvafiq sənədlərə əlavə etməklə təqdim edib.

58. Məhkəmə təkrarlayır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində göstərilən dövlətdaxili müdafiə vasitələrinin tükəndirilməsi qaydası ərizəçilərdən ilk növbədə yerli hüquq sistemində mövcud və yetərli olan vasitələrdən yararlanmaqla iddia edilən pozulmuş hüquqlarının müdafiəsini tələb edir. Vasitələrin mövcudluğu həm təcrübədə, həm də nəzəri olaraq yetərincə müəyyən olunmalıdır, əks halda çatımlıq və səmərəlilik tələbləri pozulmuş olacaq. 35-ci maddənin 1-ci bəndi son nəticədə Məhkəməyə göndərilməsi planlaşdırılan şikayətlərin ən azı mahiyyətcə və milli qanunvericilikdə nəzərdə tutulan formal şərtlərə uyğun olmaqla müvafiq yerli qurum qarşısında qaldırılmalı olmasını tələb edir. Bununla belə, bu tələb qeyri-münasib və ya qeyri-səmərəli vasitələrə aid deyil (bax: Akdivar və başqaları Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, 65-67-ci bəndlər, Qərarlar Toplusu 1996-IV).

59. Məhkəmə qeyd edir ki ərizəçi mülki şikayət verməklə, inter alia, Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasından şikayət edib (bax, yuxarıdakı 22-ci bənd və a contrario, Rizvanov Azərbaycana qarşı, № 31805/06, 73-cü bənd, 17 aprel 2012-ci il). Bu şikayət ərizəçinin məhkəmə-tibb ekspertiza rəyinin surətini iddia edildiyi kimi təqdim etməməsi və cavabdehlər qismində spesifik şəxsləri göstərməməsi kimi bir neçə formal səbəbə görə qəbul edilmədi. Bununla belə Məhkəmə xatırladır ki işin bu hallarında məhkəmə-tibb ekspertiza rəyinin əldə edilməsi və ərizəçinin döyülməsinə görə məsuliyyət daşıyan polis əməkdaşlarının müəyyən edilməsində cinayət işi üzrə icraatın səmərəsiz olması səbəbindən ərizəçinin bu tələblərə əməl etməsi praktiki olaraq qeyri-mümkün idi. Belə olan halda yerli məhkəmələrin istinad etdiyi bu tələblər mülki icraatda ərizəçinin şikayətinin mahiyyəti üzrə baxılmasına qarşısıalınmaz maneə təşkil edirdi. Bu durumda Məhkəmə hesab edir ki ərizəçi daxili müdafiə vasitələrini tükəndirmək üçün ondan gözlənilən hər şeyi edib.

60. Bu səbəblərdən Məhkəmə Hökumətin etirazını rədd edir. O daha sonra qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil və hər hansı başqa səbəblərə görə qəbuledilməyən sayıla bilməz. Buna görə də o, qəbuledilən elan olunmalıdır.


B.  Mahiyyət
61. Hökumət bildirdi ki ərizəçi nümayişin iştirakçısı deyildi, amma onu “müşahidə” edirdi. Onlar qeyd etdilər ki nümayiş zamanı ərizəçi onun jurnalist olduğunu göstərən və hüquq-mühafizə orqanlarının onu nümayiş iştirakçılarından fərqləndirməsinə imkan verən göy gödəkcə geyinməmişdi. Hökumət daha sonra bildirdi ki nümayiş qanunsuz idi və polisin nümayişi dağıtmaq üçün gücü müvafiq qaydada tətbiq etmək və polisin qanuni əmrlərinə tabe olmayan şəxsləri saxlamaq səlahiyyəti var. Buna görə də Hökumət bildirdi ki “ərizəçinin iddia edilən döyülməsi elə şəraitdə baş vermiş ola bilərdi ki” polis əməkdaşları göy gödəkcə geyinmədiyi bir vəziyyətdə ərizəçini, barəsində güc tətbiq etməyə səlahiyyətli olduğu nümayiş iştirakçılarından fərqləndirməkdə çətinlik çəkdi. Polisin ərizəçinin jurnalist fəaliyyətinə müdaxilə etmək və ya onun nümayişlə bağlı xəbər verməsinin qarşısını almaq məqsədi yox idi.
62.  Ərizəçi bildirdi ki göy gödəkcə geyinmədiyinə baxmayaraq, o sinəsinə onun jurnalist olduğunu açıqcasına göstərən nişan taxmışdı. O, şahidlərin bu faktı təsdiq etdiyini qeyd etdi. Bundan başqa o, polis tərəfindən döyüldüyü zaman onlara jurnalist olduğunu dəfələrlə söyləyib. Nəhayət, ərizəçi iddia etdi ki Hökumətin dəlillərinin əksinə olaraq, polisin nümayiş zamanı güc tətbiqi hər bir halda qanunsuz və əsassız idi.

63.  Məhkəmə hüququn aliliyinin rəhbər olduğu demokratik dövlətdə mətbuatın əvəzsiz rolu barədə dəfələrlə vurğulayıb (bax, Kastells İspaniyaya qarşı, 23 aprel 1992-ci il, 43-cü bənd, A Seriyası № 236; Thorgeir Thorgeirson Islandiyaya qarşı, 25 iyun 1992-ci il, 63-cü bənd, A Seriyası № 239; Goodvin Birləşmiş Krallığa qarşı, 27 mart 1996-cı il, 39-cu bənd, Qərarlar toplusu 1996 II; Jersild Danimarkaya qarşı, 23 sentyabr 1994-cü il, 31-ci bənd, A Seriyası № 298 və Fətullayev Azərbaycana qarşı, № 40984/07, 88-ci bənd, 22 aprel 2010-cu il). Mətbuatın vəzifəsi ictimai maraq doğuran məsələlərə dair məlumat və ideyaları yaymaqdır. O yalnız belə informasiya və ideyaları yaymaq vəzifəsini daşımır: ictimaiyyətin belə məlumatları almaq hüququ var. Bu, şübhəsiz, bu işdə olduğu kimi istənilən demokratik cəmiyyətin inkişafı üçün əhəmiyyətli olan müxalifətin toplantı və nümayişləri barədə xəbər hazırlamağa da aiddir. Əks təqdirdə, mətbuat “ictimai nəzarətçi” kimi önəmli rolunu oynaya bilməzdi (bax, başqa mənbələr arasında, Observer və Guardian Birləşmiş Krallığa qarşı, 26 noyabr 1991, 59-cu bənd, A Seriyası № 216 və Sunday Times Birləşmiş Krallığa qarşı ( 2), 26 noyabr 1991-ci il, 50-ci bənd, A Seriyası № 217).

64. Bu mübahisələndirilmir ki ərizəçi hadisə barəsində xəbər hazırlamaq üçün nümayiş yerində olub, yəni jurnalist fəaliyyəti ilə məşğul olub. Yuxarıda göstərildiyi kimi ərizəçi ona qarşı güc tətbiqini zəruri edən qaydada davranmasa belə Konvensiyanın 3-cü maddəsinin tələblərinə zidd olaraq güc tətbiqinə məruz qalıb. Baxmayaraq ki ərizəçi xüsusi gödəkcə geyinməmişdi, o, sinəsində jurnalist nişanı taxmışdı və həmçinin polis əməkdaşlarına jurnalist olduğunu özəlliklə söyləmişdi. Buna görə də Məhkəmə Hökumətin o arqumentini qəbul edə bilməz ki polis əməkdaşları ərizəçinin jurnalist olduğunu müəyyən edə bilməzdilər.

65. Məhkəmə bildirir ki jurnalistlərin öz işlərini görmələrinə mane olan ictimai tədbirlər 10-cu maddə altında məsələ qaldırır (bax, mutatis mutandis, Gsell İsveçrəyə qarşı, № 12675/05, 49-cu bənd və başqaları, 8 oktyabr 2009-cu il). Bu işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki bu, mübahisələndirilə bilməz ki jurnalistlərin peşə vəzifələrini yerinə yetirərkən dövlətin səlahiyyətli şəxsləri tərəfindən fiziki pis rəftara məruz qalması onların informasiya almaq və yaymaq hüququnun həyata keçirilməsinə ciddi mane olur. Bununla bağlı Məhkəmə Hökumətin ərizəçinin məhz jurnalist fəaliyyətinə müdaxilə etmək kimi əsl məqsədinin olmadığına dair arqumentini qeyd etdi. Bununla belə bu işdə belə məqsədin olub-olmamasından asılı olmayaraq əhəmiyyətli olan odur ki jurnalist Konvensiyanın 3-cü maddəsi altında pis rəftara gətirib çıxaran zəruri olmayan və hədsiz güc tətbiqinə məruz qaldı, baxmayaraq ki sadəcə öz işini görən və hadisəni müşahidə edən jurnalist olduğunu göstərməyə açıq cəhdlər etmişdi. Müvafiq olaraq, Məhkəmə hesab edir ki Ərizəçinin Konvensiyanın 10-cu maddəsi ilə nəzərdə tutulan hüquqlarına müdaxilə olub.

66. Bundan başqa Məhkəmə müəyyən edir ki bu müdaxilə 10-cu maddənin 2-ci bəndinə əsasən əsaslandırılmayıb. Hökumət müdaxilənin qanuni olması və ya legitim məqsəd güddüyünü inandırıcı şəkildə göstərə bilməyib. Hər halda aydındır ki bu işdəki kimi müdaxilə “demokratik cəmiyyətdə zəruri” sayıla bilməz.

67. Müvafiq olaraq Konvensiyanın 10-cu maddəsi pozulub.


III. KONVENSİYANIN 6-cı MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

68. Ərizəçi şikayət etdi ki, yerli məhkəmələrin onun mülki iddiasını qəbul etməkdən imtina etməsi yanlış əsaslandırılıb və onun məhkəməyə çatımlıq hüququnu pozub.

69. Konvensiyanın 6-cı maddəsinin müvafiq hissəsində deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ... məhkəmə vasitəsilə ... işinin ədalətli ... araşdırılması hüququna malikdir”.
70. Konvensiyanın 3-cü maddəsinin prosedur aspektinin pozulması barədə qərarını (və özəlliklə də yuxarıdakı 55-ci bənddəki qiymətləndirmə) və bu şikayətin mahiyyətcə eyni məsələlərə aid olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, bu məsələnin Konvensiyanın 6-cı maddəsi üzrə hər hansı ayrıca məsələ qaldırdığını araşdırmağa ehtiyac yoxdur. Ona görə də Məhkəmə Konvensiyanın 35-ci maddəsinin 3 (a) və 4-cü bəndlərinə əsasən ərizənin bu hissəsini rədd edir.
IV. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
71.  Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Zərər
1. Maddi zərər
72. Ərizəçi maddi zərər kimi tibbi müalicəsi ilə əlaqədar xərclərə görə 800 Avro və itirilmiş qazancına görə kompensasiya kimi 16500 Avro tələb edib. O, həmçinin xaricdə müalicəsinə görə maddi zərərə görə kompensasiya kimi 10 000 Avro tələb etdi.

73. Hökumət ərizəçinin tələbini əsaslandıra bilmədiyini qeyd edib tələbi mübahisələndirdi.

74. Məhkəmə bildirir ki, Məhkəmə Reqlamentinin 60-cı qaydasına əsasən, istənilən ədalətli əvəz tələbi tərkib elementləri üzrə qruplaşdırılmalı və müvafiq təsdiqedici sənədlərlə birgə yazılı şəkildə təqdim edilməlidir. Bunlar olmadığı təqdirdə, Məhkəmə həmin tələbi tam və ya qismən rədd edə bilər.

75. Hazırki işdə hətta iddia edilən dəymiş ziyanla tapılan pozuntu arasında səbəbli əlaqə olması ehtimal edilsə belə, Məhkəmə müşahidə edir ki, ərizəçi öz tələbini əsaslandırmaq üçün hər hansı sənəd təqdim etməyib. Özəlliklə də o, müalicə xərclərini təsdiq edən hər hansı qəbz, resept və ya hər hansı başqa sənəd və ya əmək müqaviləsini və ya onun gəlirini təsdiq edən başqa sənədlər təqdim etməyib.

76.  Yuxarıdakı səbəblərə əsasən, Məhkəmə maddi zərərlə bağlı ərizəçinin tələblərini rədd edir.
2.  Mənəvi zərər
77. Ərizəçi mənəvi zərərə görə 10 000 Avro tələb edib.

78. Hökumət xahiş olunan məbləği əsaslandırılmamış və həddindən artıq hesab edib.


79.  Məhkəmə hesab edir ki, ərizəçiyə dəymiş mənəvi zərər yalnız pozuntu faktlarının tanınması ilə kompensasiya edilə bilməz və buna görə də bu kompensasiya təyin edilməlidir. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi ədalətlilik əsasında dəyərləndirmə apararaq, ərizəçiyə bu başlıq altında 10000 Avro təyin edir və bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.
B.  Xərclər və məsrəflər
80. Ərizəçi cinayət mühakimə icraatı üzrə yerli məhkəmələrə çəkdiyi xərc və məsrəflərə görə 1000 Avro və mülki məhkəmə icraatı üzrə 1600 Avro xahiş etdi. O, həmçinin Məhkəmə qarşısında çəkdiyi xərc və məsrəflərə görə 2700 Avro tələb edib. O, tələblərinə sübut olaraq yerli məhkəmələr və Məhkəmədəki icraat zamanı hüquqi yardımın göstərilməsi barədə bir neçə müqaviləni təqdim edib. Bu müqavilələrə əsasən, nəzərdə tutulan məbləğ Məhkəmə ərizəçinin hüquqlarının pozulmasını tanıdığı təqdirdə ödənilməli idi. Ərizəçi həmçinin tərcümə xərclərinə görə 1750 Avro və poçt xərclərinə görə 200 Avro tələb edib.

81. Hökumət bu tələbin əsaslandırılmamış və həddindən artıq olduğunu bildirib. Özəlliklə də hökumət bildirdi ki ərizəçi öz tələbini əsaslandırmaq üçün zəruri olan bütün sənədləri təqdim edə bilməyib, xərclər və məsrəflər əslində çəkilməyib, çünki iddia edilən məbləği ərizəçi hələ ödəməyib.

82. Məhkəmənin presedent hüququna uyğun olaraq, ərizəçi çəkdiyi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Belə olan təqdirdə, əldə olan sənədlərə və yuxarıda qeyd edilən meyarlara əsasən, Məhkəmə bütün başlıqlar altındakı xərclərə görə 3000 Avro ödəməyi məqsədəuyğun sayır.
C. İcranın gecikdirilməsinə görə faiz
83. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Elan edir ki, Konvensiyanın 3-cü və 10-cu maddələri üzrə şikayətlər qəbuledilən, ərizənin qalan hissəsi qəbuledilməyəndir;
2. Qərara alır ki, polis tərəfindən pis rəftara məruz qalma ilə bağlı hissədə Konvensiyanın 3-cü maddəsi pozulub;
3.  Qərara alır ki, ərizəçinin pis rəftara məruz qalması iddiaları barədə səmərəli araşdırma aparılmaması ilə bağlı Konvensiyanın 3-cü maddəsi pozulub;
4.  Qərara alır ki Konvensiyanın 10-cu maddəsi pozulub;
5.  Qərara alır:
(a) Cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə aşağıdakı məbləğləri ödəniş tarixində tətbiq edilən məzənnə üzrə Azərbaycan manatına çevirərək:

(i) Mənəvi zərərə görə 10000 Avro (on min Avro) və bu məbləğdən tutula biləcək hər hansı vergi məbləği;



(ii) Məhkəmə xərcləri və digər məsrəflərə görə 3000 Avro (üç min Avro) və bu məbləğdən tutula biləcək hər hansı vergi məbləği;
(b)  yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda göstərilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır
6.  Ərizəçinin ədalətli əvəzlə bağlı qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 2 oktyabr 2012-ci ildə qərar barədə yazılı məlumat verilib.
Sören Nielsen Nina Vajić
Katib   Sədr


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə