Naxçivan insan hüquqlari və KÜTLƏVİ İnformasiya vasiTƏLƏRİ monitoriGİ




Yüklə 18.35 Kb.
tarix21.04.2016
ölçüsü18.35 Kb.
NAXÇIVAN
İNSAN HÜQUQLARI VƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ MONITORİGİ (http://nakhchivan.org.az/)


PRESS-RELİZ
16 Fevral 2010-cu il

Naxçıvan, Azərbaycan



  • DEMOKRATİYA VƏ QHT-NİN İNKİŞAF RESURS MƏRKƏZİ” İCTİMAİ BİRLİYİNDƏ VERGİ YOXLAMALARI DAHA BİR AY DAVAM EDƏCƏK

  • ETİQAD VƏ SƏRBƏST HƏRƏKƏT ETMƏK AZADLIĞI POZULAN AXUND aclıq aksİyası keçİrəcək

  • FERMERLƏR DÖVLƏTİN YARDIM OLARAQ ONLARA AYIRDIĞI GÜBRƏNİ ALA BİLMİRLƏR

DEMOKRATİYA VƏ QHT-NİN İNKİŞAF RESURS MƏRKƏZİ” İCTİMAİ BİRLİYİNDƏ VERGİ YOXLAMALARI DAHA BİR AY DAVAM EDƏCƏK


Naxçıvanda “Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi” İB-də vergi yoxlamaları davam edir və Naxçıvan MR Vergilər Nazirliyi yoxlamaların əlavə olaraq daha bir ay davam edəcəyini bildirir. Bu barədə RATİ-nin Naxçıvandakı müxbirinə Resurs Mərkəzinin sədri Məlahət Nəsibova məlumat verib.

“Muxtar Respublika Vergilər Nazirliyi 21 dekabr 2009 tarixdə Resurs Mərkəzinin maliyyə sənədlərini yoxlamaq haqda qərar çıxarıb. Bundan sonra bütün sənədlər təqdim olunub və yoxlamalar aparılıb. Heç bir qanun pozuntusu da aşkarlanmayıb. Bütün sənədlərin təqdim etməyimizə baxmayaraq bizdən həmin sənədləri yenidən tələb edirlər. Həmçinin yerli hakimiyyət orqanları bizim lazım olan sənədləri vergilər idarəsinə təqdim etmədiyimizi bildirərək bir sıra beynəlxalq təşkilatları da aldadıblar. Bu hal Resurs Mərkəzinə qarşı bir təxribat, vergi yoxlamalarının vaxtının uzadılması və bizim müstəqil fəaliyyətimizə təzyiq vasitəsidir”, - deyə M.Nəsibova deyib.


Xatırladaq ki, “Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi” 2009-cu ilin iyul-dekabr ayları ərzində Naxçıvan MR-da fəaliyyət göstərən ali təhsil məktəblərində korrupsiyanın vəziyyətini öyrənmək məqsədilə tədqiqatlar aparıb. 15 dekabr 2009 tarixdə Naxçıvan Dövlət Universitetinin yaxınlığında tələbələr və müəllimlər arasında sorğuların keçirildiyi zaman Resurs Mərkəzinin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazova Universitetin müəllimləri Məmməd Rzayev və Elman Cəfərli tərəfindən hücum olub. Resurs Mərkəzinin əməkdaşları hücum olan ərazini tərk edəndən sonra yaşadıqları binanın qarşısında 40-a yaxın müəllim və idman fakültəsinin tələbənin fiziki təzyiqinə məruz qalıblar. Əməkdaşlar hadisə yerinə polis çağırsalar da ora heç kim gəlməyib. Bundan sonra zərərçəkənlər polis idarəsinə gedərək şikayətlər edərək tibbi ekspertizadan keçmək istəmişlər. Lakin, onlar tibbi ekspertizadan keçirilməyərək polisin psixoloji təzyiqlərinə məruz qalıblar. Resurs Mərkəzinin israrlı müraciətlərindən sonra polis araşdırma aparmağa başlasa da onun işində qərəzli hallar müşahidə olunub. Belə ki, araşdırma zamanı polis hadisə yerində şahidləri dindirərkən şahidlər qorxudularaq istədikləri izahatlar alınıb. Bununla belə hələ ki, hadisə ilə bağlı heç bir tədbir görülməyib. Daha sonra Naxçıvan MR Vergilər Nazirliyi 21 dekabr 2009 tarixdə Resurs Mərkəzinin maliyyə sənədlərini yoxlamaq haqda qərar çıxarıb.

ETİQAD VƏ SƏRBƏST HƏRƏKƏT ETMƏK AZADLIĞI POZULAN AXUND aclıq aksİyası keçİrəcək
Şərur rayon Muğanlı kənd sakini, Bakı İslam Universitetinin məzunu, İran İslam Respublikasının Qum şəhərində ali dini təhsil almış, axund İmanaov Kamil Teymur oğlu 20 fevral 2010-cu ildən etibarən ailə üzvləri ilə bərabər aclıq aksiyası keçirəcək. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbirinə K.İmanaovun özü verib. Onun sözlərinə görə,
buna səbəb hüquq mühafizə orqanları tərəfindən incidilməkdə davam etməsi, onun  sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılması və bu barədə aidiyyatı orqanlarda etdiyi şikayətlərə baxılmamağıdır
”Artıq mənim çıxış yolum qalmayıb. Şikayətlərimə baxılmır. Ailəmi dolandırmaq üçün çıxış yolu tapa bilmirəm. Himayəmdə 3 məktəb yaşlı və 2 kiçik yaşlarında uşaq var. Fevralın 20-ə qədər tədbir görülməzsə etiraz olaraq ailə üzvlərimlə birlikdə aclıq aksiyası keçirmək məcburiyyətində qalıram”, - deyə K.İmanaov deyib.
Xatırladaq ki, K.İmanovdan dini geyim geyməmək tələb olunub. Vaxtaşırı müxtəlif bəhanələrlə o MTN-nin Şərur rayon şöbəsinə çağrılaraq izahatı alınıb, kimlərə işləməsi və nə məqsədlə Qum şəhərində oxuması haqda sorğu-sual edilib, saatlarla qanunsuz olaraq MTN-də saxlanılıb. Bir neçə dəfə qıssa müddətə həbs olunaraq müvəqqəti saxlama təcridxanasında saxlanılıb. Yaşadığı kənddə baş verən hər bir hadisəyə görə onu günahkar hesab ediblər. Hətta mal-qara, toyuq-cücə oğurluğu olanda belə onu həbs edib dindirirlər. Bunların hamısına səbəb onun Qum şəhərində təhsil alması olub. O  mərhum prezident Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövr ilk dəfə Naxçıvandan  İran İslam Respublikasının Qum şəhərində təhsil almaq üçün rəsmi qaydada göndərdiyi 55 nəfərdən biridir. O, son vaxtlar bir neçə dəfə İran və Türkiyəyə getməyə cəhd etsə də hər dəfə də sərhəd keçid məntəqəsindən geri qaytarılıb.

FERMERLƏR DÖVLƏTİN YARDIM OLARAQ ONLARA AYIRDIĞI GÜBRƏNİ ALA BİLMİRLƏR
Naxçıvan Muxtar Respublikasında fermerlər əkin sahələri üçün dövlət tərəfindən yardım olaraq onlara verilməsi nəzərdə tutulan gübrəni ala bilmədiklərini bilmirlər. Bunu   RATİ-nin Naxçıvandakı müxbirinə adlarının çəkilməsini istəməyən bir qrup Şərur rayonundan olan fermer deyib.

“Fermerlərin 20-30 faizi gübrə ala bilib. Gübrə alanlar da icra strukturlarında işləyənlə  yaxın adamlardır.  Başqalarına isə gübrə verilməyib. Qışın çıxmasına az qalıb. Gübrəni isə əsasən qış aylarında qar olarkən zəmilərə vermək daha sərfəlidir. Məhsuldarlığın artırılması üçün zəmilərə mütləq azot gübrəsi verilməlidir. Dövlət tərəfindən əkin sahələrinin hər bir hektarına 100 kiloqram  azot gübrəsi vermək nəzərdə tutulub. Bizə gübrənin gəlmədiyini bildirirlər. Anbarlarda isə yetərincə azot gübrəsi var. Aqrolizinqlər də gübrəni pulla satılırlar”, – deyə adının çəkilməsini istəməyən mənbə qeyd etdi.


Fermerlər onu da bildiriblər ki,  keçən ilin oktyabr ayında onlar fosfor gübrəsi ilə təmin olunmalı idilər. Həmin vaxt da onlara fosfor gübrəsi verilməyib və gübrə mənimsənilib.
Məsələyə aydınlıq gətirmək üçün MR Aqrolizinqinin sədri Vasif Məmmədovla telefon vasitəsi ilə əlaqə saxlamağa dəfələrlə çalışsaq da o, zənglərimizi cavablandırılmadı.

Foto: http://www.nakhchivan.org.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,90/




MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Əlaqə üçün e-mail: nakhchivan.org.az01@gmail.com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə