Naşirin müqəddiməsi




Yüklə 390.09 Kb.
səhifə1/9
tarix12.03.2016
ölçüsü390.09 Kb.
  1   2   3   4   5   6   7   8   9
İLAHİ NƏSİHƏTLƏR
http://ehliwie-samux.com


AYƏTULLAH MƏHƏMMƏDTƏQİ MİSBAH YƏZDİ


Tərcümə edən: Əli Nur


Naşirin müqəddiməsi


Bəşəriyyətin ən ali məqsədi Allah-təalaya yaxın məqama çatmaqdır. Mə’budla minacat ləzzətinin dadılması, insanın öz Rəbbinin pıçıltısını dinləməsi bu yaxınlaşmanın tə’sirlərindəndir. Bu mərhələ insan kamilliyinin son mərtəbəsidir. İnsan yalnız özünü tərbiyələndirmək, nəfslə cihad aparmaq, mə’bud yolunda addım atıb onun razılığını qazanmaqla bu mərtəbəyə çata bilər. Əlbəttə ki, insan hər nəyi Allahın diqqət və tövfiqi sayəsində əldə edir.

Həzrət Haqqa tabeçilik yolunda, mə’buda vurğunluqda peyğəmbərlər bütün bəndələrdən öndə gəlir. Onlar özlərindən və Allahdan başqa hər nədən qırılıb mə’buda bağlananlardır. Mə’budun hüzur rayihəsi (qoxusu) onları sərxoş etmişdir. Onlar özlərindən ixtiyarsız mə’şuqun cilvələrinin tamaşasına dayanmışlar. Həmin ilahi peyğəmbərlərdən biri də ülul-əzm, uca mərtəbəli peyğəmbər həzrət Musadır. O öz ibrətamiz həyatını cihad, Fir’on və Allah düşmənləri ilə mübarizə, tövhidə də’vət, haqq hakimiyyət və ilahi qanunların gerçəkləşməsi yolunda sərf etdi. Həzrət Musa bu yolda o qədər irəli gedə bildi ki, Allah onu xəlvət xəlvətgahına çəkdi və ona xitabən söhbətə başladı.

Qüdsi hədislər də məhz belə məqamların məhsuludur. Onlardan bir nümunəsinin şərhi qarşınızdadır.

Ümid edirik ki, bu əsər Allah-təalanın razılığına, həzrət Mehdinin (əc.) diqqətinə səbəb olacaq və dəyərli oxucular tərəfindən qəbul ediləcək.


İmam Xomeyni adına elmi-tədqiqat müəssisəsinin yayım mərkəzi

Araşdırma müəssisəsinin müqəddiməsi


Həqiqət varlıq və bəşəriyyətin ən əsil, ən əbədi və ən gözəl sirr və ehtiyaclarındandır. Həqiqət yolunda çox mö’minlər və sadiq alimlər candan keçdi. Həqiqət yolunda cahillər və batilpərəstlər hansı hiylələrə əl atıb qurğular qurmadılar?! Həqiqətin zülmə mə’ruz qalması nə qədər acıdırsa, haqla batil arasında mübarizədə haqqın daimi qələbəsi bir o qədər şirindir. Batil puç olası, yerə girəsidir. Həqiqətin bu sayaq yüksəlişi onun xarakterik səciyyəsi olmaqla yanaşı, həqiqətpərəstlərin səmimi və ardıcıl təlaşlarının nəticəsidir. Onlar elm və əməl səhnəsində qol çırmamış, dünya bağlarını qırmışlar. Şübhəsiz ki, həqiqətin yüksəlişində dinlərin, ilahi peyğəmbərlərin, xüsusi ilə İslam peyğəmbəri (s) və onun həqiqi canişinlərinin rolu daha böyükdür. Məşhur şiə alimləri öz misilsiz və təhlükəli missiyalarını ağıl və dini mənbələrdən bəhrələnməklə, Qur’an maarifi dəryasında qəvvaslıqla zalımların hücumları qarşısında fədakarlıqla dayanmaqda görmüşlər. Onlar bu yolda canlarını fəda etmişlər. Hazırkı mə’nəviyyat böhranı əsrində həqiqət və bəşəriyyətin düşmənləri hər vasitə ilə dünyaya hakim olmağa çalışırlar. Onlar bu məqsədlə istehsalı gücləndirir, informasiya şəbəkəsini genişləndirir, müxtəlif sahələrdə texnoloji nailiyyətlərdən faydalanırlar. Bu meydanda həqiqətpərəstlərin, dini və dünyəvi elmlərlə məşğul olanların, xüsusi ilə din alimlərinin məs’uliyyəti olduqca böyük və ağırdır.

Şiə dünyasında fəlsəfə, kəlam, təfsir, hədis, fiqh, üsul kimi sahələrdə araşdırma aparanların çox aydın proqramları var. Bu proqramlar sayəsində dinlə bağlı bütün qaranlıq nöqtələr işıqlanır. Tədqiqatçılarımızın təbiət elmləri, təcrübə sahəsi və istehsalda ciddi fəaliyyətləri var. Onların atdıqları addımlar ümidvericidir. Onlar hər an öz layiq olduqları məqama yaxınlaşmaqdadırlar. Dünyanın elm meydanında şiələrin öz yerini tutacaqları gün yaxındadır. Amma ictimai elmlər sahəsində fəaliyyətlər qənaətbəxş deyil. Bir çox hallarda biganələrin əsərlərinin tərcümələri ilə, həmin əsərlərdən iqtibaslarla kifayətlənirlər. İslam mənbələrindən qaynaqlanan yaradıcılıq əsərləri ilə az rastlaşırıq. Bu istiqamətdə lazımi səviyyəyə yüksəlmək üçün qarşıda uzun yol var. Bəli, dini bilgilərin təfsir və izahatı, İslam maarifinin proqramlaşdırılması, ictimai elmlər istiqamətində sə’ylərin artırılması elmi müəssisələrin və dini hövzələrin ən mühüm məs’uliyyətlərindəndir.

İmam Xomeyni adına elmi-tədqiqat müəssisəsi İslam inqilabının böyük rəhbərinin dəstək və himayələri sayəsində tə’sis olunduğu gündən Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin baxışlarına uyğun olaraq ciddi fəaliyyətdədir. Müəssisə elmi araşdırmalar aparır, cəmiyyətin ideoloji-dini ehtiyaclarını ödəmək istiqamətində proqram həyata keçirir. Araşdırma müəssisəsi uyğun məqsədlə həm də tədqiqatçıların əsərlərini çap edir. Həmd olsun Allaha, bu vaxtadək İslam cəmiyyətinə güc çatan sayda əsərlər təqdim olunmuşdur.

Qarşınızdakı kitab cənab Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin hicri-qəməri 1426-cı ildə (hazırda hicri-qəməri 1428-ci il) müqəddəs Qum şəhərində böyük rəhbərlik məqamının dəftərxanasındakı çıxışlarının bir hissəsidir. Kitab dəyərli tədqiqatçı cənab höccətül-İslam Ağa Kərim Sübhani tərəfindən tərtib olunmuşdur. Bə’zi qüdsi hədislər və Allah-təalanın həzrət Musaya nəsihətləri kitabın əsas mövzusunu təşkil edir. Araşdırma mərkəzi müəllif və tədqiqatçıya bərəkətli ömür və ilahi tövfiq arzulayır.


İmam Xomeyni adına elmi-tədqiqat müəssisənin araşdırma bölməsi

Birinci məclis

Allaha itaət cilvəsi və uzun-uzadı arzuların sonu


Əhli-beyt (ə) vasitəsi ilə bizə çatdırılmış rəvayətlərin bir hissəsini qüdsi hədislər təşkil edir. Bu hədisləri Allah-təala bə’zi peyğəmbərlərin qəlbinə nazil etmişdir. (Peyğəmbərlər qüdsi hədisləri öz sözləri ilə nəql etmişlər. Bu səbəbdən də qüdsi hədislərdə Qur’anda olan cazibə yoxdur. Qur’anla qüdsi hədislər arasında yeddi fərq qeyd olunur: Qur’an mö’cüzədir, qüdsi hədislər mö’cüzə deyil; namazda yalnız Qur’an oxumaq olar; Qur’anı inkar edən kafirdir, qüdsi hədisi inkar edən kafir sayılmır; Qur’an Cəbrail vasitəsi ilə nazil olmuşdur; Qur’an lövhi-məhfuzdakı xüsusi ifadələrdən ibarətdir; qüdsi hədislərdən fərqli olaraq Qur’an ayələrinə dəstəmazsız toxunmaq olmaz; qüdsi hədislərin peyğəmbərlə xüsusi əlaqələndirmə üsulu yoxdur.) Bu hədislərdən bir hissəsi həzrət Musa ilə bağlıdır. Həzrət Musa Tur dağında olduğu vaxt Allahın ona xitabən buyuruqları var. Qüdsi hədislər arasında Allahla Musa arasındakı danışıqlar da öz əksini tapmışdır. Bu danışıqların bir hissəsi kitabımızın əsas mövzusunu təşkil edir.
ƏRƏBCƏ
Allah-təala həzrət Musa ilə xəlvəti söhbətə başladı. Ona xitabən buyurdu: “Dünyada uzun-uzadı arzulara yol versən, qəlbin bərkiyər. Qəlbi daşlaşan insan məndən uzaq olar. Ey Musa! Bir növ mənim sevincim ol. Həqiqətən mənim razılığım mənə itaətdə və mənə qarşı günahdan çəkinməkdədir.”

Qəlbin daşlığında və qaralığında uzun-uzadı arzuların rolu


Bütün peyğəmbərlər Allahın xüsusi diqqətindən bəhrələnmiş, ən ali ilahi kamilliyə çatdıqlarından Allah bəndələrinin üstünü sayılmışlar. Amma hər bir peyğəmbərin o biriləri ilə müqayisədə müəyyən imtiyazları var. Onlar bu imtiyazları ilə tanınırlar. Məsələn, həzrət Musa “Kəlimullah” məqamına çatmışdır. O Tur dağında Allahın danışığını eşidirdi. Bu səbəbdən də onu “Kəlimullah”, yə’ni Allahın həmsöhbəti adlandırmışlar. Qur’anda oxuyuruq: “Allah Musa ilə aşkara danışdı.”1

Bu uca mərtəbəli peyğəmbər elə bir məqama yüksəlmişdi ki, Tur dağında öz mə’budu ilə xəlvəti söhbətləşirdi. Xüsusi və ilahi söhbətlərdən birində Allah Musadan uzun-uzadı arzulara yer verməməsini istəyir. Musanın nəzərinə çatdırılır ki, uzun-uzadı arzular qəlbi daşlaşdırır, nəticədə insan ilahi mərhəmətdən mərhum olur.

Bu qəbil rəvayətlərin aydınlaşması üçün “qəlb və qəlbin daşlaşması nədir” sualına cavab verməliyik. Bu tə’birlər anlaşıldıqdan sonra uzun-uzadı arzuların qəlbə tə’sirindən danışmaq olar.

1.Qəlb və dini tə’limlərdə onun rolu

«Qəlb» sözü ayə və rəvayətlərdə tez-tez işlədilən sözlərdəndir. Bu söz gündəlik dilə də həmin mənbələrdən keçmişdir. Əlbəttə ki, hazırkı rəvayətlərdə “qəlb” dedikdə insanın köksündəki sənubər şəkilli maddi üz nəzərdə tutulmur. Dini tə’limlərdə düşüncə və hisslərin mərkəzi kimi fəaliyyət göstərən həqiqət qəlb adlanır. Qur’an qəlbin iki xüsusiyyətini qeyd edir. Birinci xüsusiyyət onun qazanılma və verilmə (hüsuli və hüzuri) elmlərdən xəbərdarlığıdır. İkinci xüsusiyyət meyllər və hisslərdir. Qur’an birinci xüsusiyyətlə bağlı buyurur: “Yer üzündə gəzmədilərmi ki, həqiqəti dərk edəcək qəlbləri olsun?!”1 İkinci xüsusiyyətlə bağlı buyurulur: “Mö’minlər Allah yada salındıqda qəlbləri qorxan kəslərdir.”2

Qur’anda rastlaşdığımız “fuad” sözü də qəlb mə’nasında işlədilir. Buna görə də qazanılma və verilmə elmlər, meyllər və hisslər ona aid edilir. Allah-təala qəlbin müxtəlif biliklər üçün mənşə olduğunu qeyd edir: “Qəlb gördüyünü inkar etmədi.”3

Şübhəsiz, ayədə hisslərlə görmək mə’nası nəzərdə tutulur. Qəlb mə’nəvi bir məfhum olduğundan onun görməsi də mə’nəvidir.



2.Qur’anda qəlbin çaşqınlığı və daşlaşması mövzuları

Qur’an baxımından qəlb insan ruhundan ibarətdir. O da ruh kimi qavrayışlara, hisslərə, meyllərə malikdir. O fitrətlə eyni yol tutduqda Allaha iman mərkəzi olur, həqiqətə yönəlir, qaranlıq və pasdan təmizlənir. Qur’anda buyurulur: “Kim Allaha iman gətirsə, Allah onun qəlbini hidayət edər.”4 Amma Allaha imandan xali qəlb istər qavrayış, istər meyl baxımından bəlaya düçar olur. Qur’an bir çox ayələrdə yuxarıda qeyd olunan istiqamətlərdə qəlbin çaşqınlığını yada salır. Qavrayışlarla bağlı qəlbin azğınlığı haqqında buyurulur: “Öz nəfs istəyini mə’bud seçən, Allahın elmi üstündən azdırdığı, qulağına və qəlbinə möhür vurduğu, gözünə pərdə çəkdiyi şəxsi gördünmü? Kimdir Allahdan sonra yol göstərən? Öyüd götürmürsünüz?”5 Başqa bir ayədə oxuyuruq: “Allah onların qəlblərinə və qulaqlarına möhür vurub, gözlərinə pərdə çəkib. Onlar üçün böyük əzab var.”6

Ayələrdən birində inadkarlıq və itaətsizlik nəticəsində hidayətdən məhrum olmuş xəstə qəlb həqiqət qapıları üzünə bağlanmış, bəsirətdən məhrum, cəhalətə üz tutmuş kora bənzədilir: “Onların gözü yox, sinələrindəki qəlbləri kordur.”1 Başqa bir ayədə oxuyuruq: “Elə ki, əyri yola düşdülər, Allah da onların qəlblərini döndərdi.”2

Ayələrdə müxtəlif meyllərlə bağlı qəlbin azğınlıqları haqqında deyilir: “Allah birliyi ilə yada salındıqda axirətə inanmayanların qəlbləri pərişan olur, Allahdan qeyrisi yada salındıqda dərhal sevinirlər.”3 Bəni-İsrail məzəmmət olunarkən deyilir: “Bundan sonra qəlbləriniz daş kimi, ya daha bərk daşlaşdı. Həqiqətən, bə’zi daşlardan çeşmə çıxar, onlardan bə’ziləri parçalanar və su axar, bə’ziləri isə Allah qorxusundan yuvarlanar.”4

Bu ayədə qəlbin bərkliyi onun azğınlıq nəticəsi kimi zikr olunur. “Qəsavət” sözü bərklik, nüfuzedilməzlik mə’nasını bildirir. Bə’zən deyirlər ki, qəlb mərhəmətli, yumşaq və kövrəkdir. “Qəsavət” sözü isə sadalanan mə’nalara zidd mə’na bildirir. Mərhəmətdən, Allah qorxusundan xali qəlb qəsavətli sayılır. Belə bir qəlb daş kimi nüfuzedilməzdir. Qəsavət qəlbi daşdan da bərk edir. Qəlbi qəsavətli insanı başqalarının dərdi narahat etmir, belə biri kimsənin halına yanmır. Qəsavət səbəbindən moizə-nəsihət qəlbə tə’sir göstərə bilmir, insanın gözünün yaşı quruyur.

3.Moizə-nəsihətin həzrət Yəhyaya güclü tə’siri

İnsan təcrübədə müxtəlif hallar yaşadığına şahid olur. Bə’zən moizənin tə’siri altına düşür, bə’zən haqqında eşitdiyi faciə onu həyəcanlandırır və gözündən yaş gəlir. Bə’zən isə ən tə’sirli moizə, ən dəhşətli müsibət onun halını dəyişmir.

Pak və nurani qəlbli insanlar moizələrə xeyli tez reaksiya göstərir. Pərişanlıq yumşaq qəlbin səciyyələrindəndir. Ən üstün ruhani hal isə peyğəmbərlər və övliyalarda müşahidə olunur.

Həzrət Yəhyaya moizə çox tez tə’sir göstərər, onun qəlbində təlatüm yaradardı. Həzrət Zəkəriyya Bəni-İsrailə nəsihət vermək istədiyi vaxt sağına-soluna baxardı ki, Yəhya oradadır, yoxsa yox. Yəhyanın hüzurunda behişt və cəhənnəmin adını çəkməzdi. Bir dəfə Yəhya məclisdə olmayan vaxt Zəkəriyya moizə-nəsihətə başladı. Əbasını başına çəkmiş Yəhya məclisə daxil oldu və bir kənarda əyləşdi. Onu görməyən Zəkəriyya söhbətə başladı: “Həbibim Cəbrail mənə xəbər verdi ki, Allah-təala buyurmuşdur: “Cəhənnəmdə Səkəran adlı bir dağ var. Dağın ətəyindəki vadiyə Ğəzəban deyirlər. Çünki həmin yer Allahın qəzəbindən dağılmışdır. Həmin vadidə bir quyu var. Onun dərinliyi yüz illik yoldur. Bu quyuda oddan tabutlar mövcuddur. Tabutlarda oddan libaslar, zəncirlər və buxovlar var.”

Zəkəriyyanın söhbətini dinləyən Yəhya fəryad qoparıb dedi: “Səkərandan necə də xəbərsizik!” Məclisdən qalxıb biyabana üz tutdu. Zəkəriyya məclisdən çıxıb Yəhyanın anasının yanına getdi və buyurdu: “Yəhyanı tap, qorxuram onu sağ görməyəsən.” Yəhyanın anası onun ardınca getdi. Bəni-İsraildən bir qrupla rastlaşdı. Yəhyanın anasından haraya getdiyini soruşdular. Dedi: “Oğlum Yəhyanın ardınca gedirəm. Cəhənnəm odu haqqında eşidib səhraya üz tutub.” Yəhyanın anası oğlunu soraqlaşarkən bir çobanla rastlaşdı. Ondan Yəhyanı görüb-görmədiyini soruşdu. Çoban dedi: “Bəli, Yəhyadan bir az əvvəl ayrılmışam. Göz yaşları ayaqlarını islatmışdı. Üzünü göyə tutub deyirdi: “Səni izzət və cəlalına and verirəm, ey mənim mövlam! Öz axirət mənzilimi görməyincə dilimə su vurmayacağam.” Anası Yəhyanı tapıb onu ağuşuna aldı və Allaha and verdi ki, evə qayıtsın. Yəhya anası ilə evə qayıtdı.1

4.Qəlbi qəsavətdən xilas etməyin zərurəti

Bə’zi psixoloqlar qəsavəti, qəlbidaşlığı müsbət səciyyə sayırlar. Onların nəzərincə, qəlbiyumşaqlıq, tez tə’sirlənmə qadınlara və uşaqlara xas olan mənfi xüsusiyyətdir. Bu səbəbdən də onlar insanların hadisələr müqabilində tez həyacanlanıb göz yaşı axıtmasını bəyənmirlər. Amma Qur’ani-kərim ayələrinə əsasən qəlbidaşlıq mənfi əxlaqi səciyyədir və məzəmmət olunur. Bizlər Qur’an göstərişlərini yerinə yetirmək əzmində olduğumuzdan ilk növbədə qəsavət kimi əxlaqi xəstəlikdən qurtulmalıyıq. Hər yolla çalışmalıyıq ki, bu xəstəlik qəlbimizə yol tapmasın. Amma bu xəstəliyə düçar olduqdan sonra onu mənfi dəyərləndirərək aradan qaldırmağa çalışmağımız zəruridir.

Heç şübhəsiz, xaşe, yə’ni yumşaq qəlb moizə-nəsihətləri daha tez qəbul edir. Qəsavət xəstəliyinə düçar olmuş qəlb isə heç bir moizədən tə’sirlənmir. Demək, moizənin tə’sir göstərməsi üçün qəlb qəsavətdən xilas olunmalıdır. Qəsavət xəstəliyinə tutulmuş qəlb ilahi ayələrdən tə’sirlənmir, heç bir reaksiya göstərmir. “Onu tutun və buxovlayın, oda atın” kimi əzab ayələri2 mö’minin qəlbini yerindən oynadır, onun varlığını titrədir. Qəsavətli qəlb isə bu qəbil bəyanatlardan tə’sirlənmir. Allah-təala Musa ilə söhbətində qəlbi bərkidən uzun-uzadı arzulardan çəkinməyə çağırır. Həzrət Musadan və bütün başqa bəndələrdən istənilir ki, uzun-uzadı arzulardan qorunsunlar. Çünki uzun-uzadı arzular qəlbi bərkidir və nəticədə moizə-nəsihət insana tə’sir göstərmir.

5.Faydalı arzuların faydasız arzulardan seçilməsi

Diqqət yetirmək lazımdır ki, arzu öz-özlüyündə məzəmmət olunmur. Bir çox arzular faydalı, dəyərlidir. Böyük elmi dərəcəyə çatmaq, ilahi övliyalar cərgəsinə qatılmaq, hətta Allah bəndələrinə xidmət üçün dünyəvi məqam istəmək dəyərli arzulardandır. Uzun-uzadı arzular dedikdə bütün ömrü puça çıxaran və nəticədə axirət üçün faydası olmayan arzular nəzərdə tutulur. Ömrü dünya istəklərinin gerçəkləşməsinə sərf etmək istəyi bu qəbil arzulardandır. Belə arzular insanın dünya məhəbbətini gücləndirir, hətta bəyənilməyən yollara aparır.

Başlanğıc həyat mərhələsində əliboş bir insan bərbəzəkli saray tamahına düşüb bu arzusuna çatmaq üçün çalışırsa, bütün ömrünü bu işə sərf etməli olur. Əlbəttə ki, belə bir arzunu gerçəkləşdirmək üçün Allahdan uzaqlıq və başqalarının haqqını tapdamaq bahasına başa gələn sərmayəyə ehtiyac var. İnsan bu sərmayəni ələ keçirmək üçün halal-harama baxmadan sə’y göstərir.

Amma bir şəxs daha yaxşı ibadət etmək və Allaha yaxınlaşmaq üçün ondan ne’mət istəyirsə, bu ilahi istəkdir. Xalqa xidmət üçün imkan arzulayanlar əslində axirət arzusundadır. Bu zümrədən olanlar uyğun istəklərlə yanaşı bu istəklərin səmimliyini göstərən səciyyələrlə tanınırlar. Mə’lum olur ki, onlar ətrafdakıları aldatmaq fikrində deyillər və bəyan etdikləri arzuları sadəcə bir pərdə deyil. Şübhəsiz, belələri axirət və Allahın razılığı sorağındadırlar. Dünyapərəstlik və Allahdan xəbərsizlikdən qaynaqlanan uzun-uzadı arzular insanın bütün ömrünü puça çıxaran arzulardandır. Bu arzular insanın düşüncəsini bütünlüklə özünə məşğul edir və onun diqqətini yalnız dünyaya yönəldir. Bə’zi mə’nəvi yönümlü arzular da uzun-uzadı arzular qismindən ola bilər. İnsan var-dövlət eşqi ilə bütün ömrünü bada verdiyi kimi, dini mərcəiyyət (alimlik) dərəcəsi almaq üçün də hər şeyi yaddan çıxara bilər. Nə pul, nə məqam, nə dini ad insan üçün son məqsəd olmamalıdır. Belə bir münasibət məzəmmət olunmuşdur və insanı doğru yoldan uzaqlaşdırır. Nəql edirlər ki, Əmirəl-mö’minin (ə) bir şəxsin adını çəkib buyurdu: “O rəyasət və məqam istəyindədir.” Sonra həzrət əlavə etdi: “Çobansız sürüyə hücum çəkən iki canavarın zərəri rəyasətpərəst insanın müsəlmanların dininə zərərindən daha azdır.”1

Allah-təala öz dostlarının vəsfində buyurur: “Mö’minlər o kəslərdir ki, Allah yada salındıqda qəlblərinə qorxu düşər, onlara ayələr oxunduqda imanları artar və öz Rəblərinə təvəkkül edərlər.”2 Digər bir ayədə Allah zikri müqabilində mö’min qəlbin uçulmasının zəruriliyi bildirilir: “İman gətirənlər üçün bir vaxt çatmadımı ki, qəlbləri Allah zikri və nazil olmuş haqla yumşalsın?!”3

Təbii ki, dünya məhəbbətinə qərq olmuş və gələcək üçün planlar cızan qəlb uzun-uzadı arzulara məşğul olduğundan onda Allah zikrinə yer tapılmayacaq. Allah məhəbbətindən xali qəlbin zikr zamanı qorxu və uçulmasından danışmağa dəyməz. Çünki bir qəlbdə iki eşq yaşatmaq olmaz. Dünya bər-bəzəyinə məftun insan qəlbində ilahi eşq bəsləyə bilməz. Allah-təala buyurur: “Allah heç kimin dərinliyində iki qəlb qərar verməyib.”4

Bu qəbil hədislərdən başqa bir nöqtə də aydınlaşır: mö’minin ən böyük amalı və arzusu Allaha yaxın məqama çatmaqdır. Əksinə, ən böyük zərər isə Allaha yaxınlıqdan məhrum olmaq sayılır. Allah qüdsi hədisdə buyurur: “Qəlbi bərkimiş insan məndən uzaqdır.”

* * *

İlahi göstərişlərə itaətin hikməti


“Bir növ mənim sevincim ol” buyuruğunda nəzərdə tutulur ki, daim Allahı razı salacaq şəkildə rəftar olunsun. Musanın nəzərinə çatdırılır ki, onun yaxşı rəftarı Allahı o qədər razı salır ki, Musa özü bir növ Allahın sevincinə çevrilir. Buyurulur: “Ey Musa! ... Həqiqətən, mənim razılığım mənə itaətdə və mənə qarşı günahdan çəkinməkdədir.”

İlahi şəriətlərdə bəyan olunmuş və peyğəmbərlər tərəfindən insanlara çatdırılan bütün göstərişlərdə Allaha bəndəlik və günahdan çəkinmək haqqında danışılır. Allah-təala buyurur: “Bir vaxt İbrahim qövmünə dedi: “Bir Allaha pərəstiş edin, Ondan qorxun. Əgər bilsəniz, bu sizin üçün daha yaxşıdır.”1 Başqa bir ayədə oxuyuruq: “Allahdan qorxun və mənə itaət edin.”2

Düşünməyə dəyər ki, nə üçün Allah-təala bəndələrini özünə itaətə və günahdan çəkinməyə çağırır? Bir bu qədər əmr və qadağanın hikməti nədir? Nə üçün Allah göstərişlərinə itaət onu razı salır, Ona qarşı günah Onu qəzəbləndirir? Bu nöqtələri anlamaq üçün Allah və onun sifətlərini tanımağa ehtiyac duyulur. Yalnız uyğun tanışlıqdan sonra insan öz yaranış məqsədi və dinin göndərilmə illətini anlayır. Yuxarıdakı suala qısa şəkildə belə cavab vermək olar ki, Allahın əmr və qadağaları insana təkamül yolunu göstərir. İnsan Allahın vacib əmrlərinə əməl etmək və qadağalarından çəkinməklə ilahiləşir. Əmr və qadağalar yalnız insanın özünə faydalıdır. Allah bütün bunlardan ehtiyacsızdır və bizim rəftarlarımızın ona heç bir tə’siri yoxdur. Allah öz sonsuz rəhmət və feyzi ilə təkamül yolu üçün yetərli şərait yaratmışdır. İnsanın daxilində də Allah tərəfindən verilmiş təkamül istedadı vardır. Hətta azğın insan tüğyan bayrağı qaldıranda Allah onun üçün tövbə yolunu bağlamır. Bəli, insanın ilahi mərhəmətdən daha çox faydalanması və əzabdan qurtuluşu üçün zəmin yaradılmışdır. Məsələn, peyğəmbərlər üz tutduqları qövmdən ümidlərini üzüb Allahdan əzab istədikdə, Allah bu əzabı tə’xirə salaraq tövbə üçün fürsət vermişdir.


Həzrət Nuhun əzab istəyinə Allahın cavabı


İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət Nuh 300 il qövmünü Allaha doğru də’vət edib, yalnız inadkarlıqla rastlaşdıqdan sonra bu insanları lə’nətləmək qərarına gəldi. Mələklər həzrət Nuhdan bu işdən çəkinməsini istədilər. Bu istəkdən sonra Nuh öz qövmünə 300 il möhlət verdi. Amma onlar tövbə və müt’ilik yolunu tutmadılar. Nuhun ömründən 600 il ötsə də, yenə qövmü ona iman gətirmədi. Həzrət Nuh ikinci dəfə bəla istəmək qərarına gəldi. Növbəti dəfə mələklər Nuhun görüşünə gəlib, onu bu fikrindən daşındırdılar. Həzrət Nuh yenidən qövmünə 300 il möhlət verdi. Beləcə, peyğəmbərin ömründən 900 il ötdü, amma iman gətirənlər çox az oldu. Nuh yenidən qövmünü lə’nətləmək qərarına gəldi. Bu dəfə Allah-təaladan ayə nazil oldu: “Nuha vəhy oldu ki, əvvəlkilərdən savayı kimsə iman gətirməyəcək. Bunun üçün də onların əməllərinə görə qəmlənmə.”1 Bunun ardınca həzrət Nuh öz qövmünə nifrin oxudu: “Pərvərdigara! Bu kafirlərdən birini də yer üzündə saxlama. Əgər saxlasan onlar Sənin bəndələrini azdırar, yalnız günahkar və kafir doğub-törədərlər.”2

Bəli, həzrət Nuh öz qövmünə nifrin etdi. Allah əmr etdi ki, Nuh bir xurma ağacı əksin. Xurma əkən Nuhun yanından ötənlər 900 yaşında bu işlə məşğul olduğuna görə onu məsxərəyə qoyurdular. Ağacın əlli yaşı tamam olanda Allah əmr etdi ki, Nuh o ağacı kəssin. Bunun ardınca Allahın əzabı nazil oldu.1

Allah öz bəndələrini sonsuz məhəbbətlə sevir. Bunu dərk etmək Bizim üçün çətindir. İnsanlar arasında ən ali məhəbbət ananın övlada məhəbbətidir. Amma ananın qəlbində qərar verilmiş məhəbbət ilahi məhəbbət okeanının hətta bir damlası deyil. Allah həmin sonsuz məhəbbət əsasında bəndələrinin səadətə, Allaha yaxın məqama çatmasını istəyir. Bu məqsədlə vəzifələr müəyyənləşdirilmişdir. Bə’zi işlər əmr olunmuş, bə’zi işlərə qadağa qoyulmuşdur. İnsan bu göstərişlərə əməl etməklə Allahın razılığını qazanır, xoşbəxtliyə çatır. Allah hətta günaha batan insana tövbə və günahlarını yumaq üçün möhlət verir.

Allahın razılığı və qəzəbi


Qeyd etdik ki, Allah-təala buyurur: “Mənim razılığım mənə itaətdə və günahdan çəkinməyinizdədir.” Şadlıq da qəzəb kimi hadisələrə insanın daxili reaksiyasıdır. Məsələn, insan öz istəyinə çatdıqda sevinir, biri ona müxalif olduqda qəzəblənir. Belə bir sual yaranır ki, Allah-təala dini mənbələrdə nə üçün şadlıq və qəzəb sifətləri ilə vəsf olunur?

Cavab budur ki, Allah haqqında danışarkən uyğun tə’birlərin işlədilməsində məqsəd mövzuları bizim qavrayacağımız şəkildə açıqlamaq istəyidir. Çünki insan düşüncəsi ilahi sifətləri birbaşa dərk etməkdə çox acizdir. İnsana aid olan sifətlərin Allaha aid edilməsi yalnız izahat məqsədi daşıyır və “istiarə” adlanır. Əgər insanın sifəti ilə Allahın sifətində zərrəcə oxşarlıq olursa, Allah haqqında danışarkən də uyğun sifətlərdən istifadə olunur. Əslində insanın sifətləri üçün məhdudiyyət olduğu halda, ilahi sifətlər üçün heç bir məhdudiyyət yoxdur. İlahi sifətlər dəyişməz və zavala uğramazdır. Şadlıq deyilən hal Allahda yaranmır. Qəzəb sifəti də belədir. Allahın razılıq və qəzəbi həmişəlikdir. Allahın razılığına səbəb olan işlər onu şad edir, onun razılığına zidd olan işlər qəzəbinə səbəb olur. Allahın qəzəbi də daimidir. Nümunə göstərək: imam Həsən (ə) “Ərəfə” duasında ilahi sifətlərin zati olması ilə bağlı deyir: “Pərvərdigara! Sənin razılığın nöqsan və eybdən pakdır. Necə olur ki, mənim tərəfimdən əskiklik ona yol tapır?”

Əslində ilahi zat eynən kamal olduğundan hər bir mövcudun kamilliyi ilahi zata münasibdir və Allahın razılığından qaynaqlanır. İlahi kamalın ziddi olan və Allahın qəzəbi ilə dəyişən hər bir şey insanın süqut səbəbidir.

  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə