MÜTƏRCİMDƏN




Yüklə 309.18 Kb.
tarix23.02.2016
ölçüsü309.18 Kb.



NİCAT GÜNÜ

http://ehliwie-samux.com

MÜTƏRCİMDƏN


Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim, gizli pıçıltım çatmasın. Mənə çox çətindir ki, mən salamat olduğum halda səni imtahanlar əhatə etsin və mənim ah-naləm, şikayətim sənə çatmasın. Canım sənə fəda olsun, ey elə bir qaib şəxs ki, bizdən uzaq deyilsən!

Canım sənə fəda olsun, ey hər bir qadın və kişinin arzuladığı şəxs! Onlar səni yada salar, ağlayıb sızlayarlar.

...Mənə çox çətindir ki, sənsiz cavab eşidib xoş sözlər dinləyəm. Mənə çox çətindir ki, sənin ayrılığın üçün ağlayım, ancaq başqaları səni tərk etsinlər.

Görəsən bir köməkçi varmı ki, onunla birlikdə ah-nalə edim, ağlamaq səsimi ucaldım? Ey Əhmədin (s) oğlu, görəsən səninlə görüşmək üçün bir yol vardırmı?

...Nə vaxt sənin içməli çaylarına daxil olub sirab olacağıq?

...Nə zaman həmişəlik sənə qovuşacaq və gözlərimizin yaşı quruyacaq?

...Nə vaxt sən bizi görəcəksən və biz də səni görəcəyik və sən də aşkar görünən (zəfər) bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımları məhv edəcək, yer üzünü ədalətlə dolduracaq, öz düşmənlərinə xarlıq və zilləti dadızdıracaq, cəzalandıracaqsan, haqqa təcavüz edənləri və haqqı inkar edənləri həlak edəcəksən, təkəbbürlülərin, zalımların kökünü kəsəcəksən? Və o zaman biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükr olsun!

...Hardadır nəfsani ehtiraslara pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Hardadır Allah övliyalarına izzət bəxş edib, düşmənlərini məhv edən? Hardadır ne᾿mətlərin əta olunduğu Allah qapısı?!

...Hardadır fəth gününün sahibi və hidayət bayrağını yüksəldən? Hardadır peyğəmbərlər və onların övladlarının intiqamını alan?!

...Hardadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi?!

Hardadır din nişanələrini və din əhlini dirçəldən şəxs?! Hardadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Hardadır günahkarları, azğınları və tüğyan əhlini həlak edən şəxs?! Hardadır din və şəriəti öz əslinə qaytarmaq üçün seçilmiş insan?! Hardadır Allahın kitabını və onun qanunlarını dirçəltmək üçün arzu olunan şəxs?!

«Qarşınızdakı on iki hədisdən ibarət olan bu kitabça islam peyğəmbərinin nəslindən və on birinci imam Həsən Əsgərinin övladı olan Sahibəz-zaman imam Məhdi (ə.c.)-ın şəxsiyyəti, zühuru, hakimiyyəti və dünyada görəcəyi işlər barəsindədir. Bir çoxlarının bu böyük şəxsiyyət barəsində kifayət qədər mə᾿lumatlı olmadıqlarını nəzərə alıb, bu gözəl və eyni zamanda müxtəsər şəkildə tərtib olunmuş kitabçanın tərcümə olunub əziz oxuculara təqdim edilməsini zəruri hesab etdik. Bizə elə gəlir ki, bu qısa mə᾿lumatları oxumaqla o həzrətin müqəddəs vücudu haqda ümumi təsəvvürlər əldə etmək olar.

Qeyd etmək lazımdır ki, bu kitabçanın müəllifi Qum elmiyyə hövzəsinin böyük müctəhidi və eləcə də dünyanın tanınmış alimlərindən olan Ayətullah-üzma Məkarim Şirazidir. Müəllif islam dininin bir çox sahələrinə aid olan onlarla qiymətli əsərlər yazıb-yaratmışdır ki, hətta onların adlarını burada sadalamaq imkandan xaricdir. Həmin əsərlərdən təkcə Qur᾿ani-kərimin izahlı şərhinə (təfsir) aid yazılmış iyirmi cildlik «Təfsiri-nümunə» adlı kitabın adını çəkmək yerinə düşərdi. Bu kitab dünyanın bir çox dillərinə tərcümə edilmiş və geniş oxucu kütləsi tərəfindən razılıqla qarşılanmışdır. O, hal-hazırda sağdır və Qum şəhərində elmi-tədqiqat işləri və eləcə də dini fəaliyyətlə məşğuldur.

İmam Məhdi (ə.c.) təkcə islam dininin müjdə verdiyi və ardıcılları tərəfindən intizarı çəkilən şəxsiyyət deyildir. Bu şəxsiyyət barəsində Tövratda, İncildə və başqa mənbələrdə də mə᾿lumat verilmiş və onun bir zaman zühur edərək dünyaya hakim olacağı, haqsız tökülən qanları dayandıracağı və dünyada ədaləti bərqərar edərək əmin-amanlıq yaradacağı bildirilmişdir.

Qeyd etmək lazımdır ki, peyğəmbərlərdən sonra o səmavi kitabların təhrif edilməsinə baxmayaraq, Allahın iradəsi ilə onlarda həqiqəti sübut edən bir çox incəliklər qorunub saxlanılmışdır. Onlar diqqətlə, tədqiqatçı nəzərilə mütaliə edilərsə, həmin mətləblərin orada öz əksini tapdığı aydın görünər.

İslami mənbələrdə imam Məhdi (ə) barəsində olan mə᾿lumatlar o qədər genişdir ki, onu heç kəs inkar edə bilməz. İslam Peyğəmbəri həzrət Məhəmməd (s) və onun nəslindən olan on bir nəfər mə᾿sum imamın hədislərində on ikinci imam həzrət Məhdi (ə) barəsində, onun bir müddət qeybə çəkilməsi, xalqın onun varlığı barəsində şübhəyə düşmələri, zühurundan əvvəlki zamanların hadisələri, hansı nişanələrdən sonra üzə çıxacağı, döyüşləri, dövlət quracağı, həzrət İsanın sübh namazı vaxtı Fələstində yerə enib imamın namazına qoşulacağı, imamın bütün insanları mə᾿nəvi və maddi cəhətdən yüksək dərəcədə tə᾿lim edəcəyi, nəticədə ədalətsizliyin yer üzündən tamamilə silinəcəyi, dünyanın əksər xalqlarının islam dinini qəbul edəcəyi və s... bildirilmişdir. Xristianlar özləri də təsdiq edirlər ki, İsa (ə) gələcək və xalqı yenidən dinə-mə᾿nəviyyata də᾿vət edəcək. Lakin onlar bilərəkdən və ya səhvən bir həqiqəti gizlədirlər. Həmin həqiqət İsa (ə)-ın yenidən zühur etdikdən sonra insanları hansı dinə də᾿vət etməsindədir. Əlbəttə həzrət İsa Məsih də onları təhrif olunmuş xristianlığa deyil, islam dininə də᾿vət edəcəkdir. Çünki sonuncu səmavi məktəb olan islam dini və eləcə də qiyamətə qədər hər növ təhriflərdən amanda qalacaq Qur᾿ani-şərifdə buyurulur ki, Allah yanında din yalnız islam dinidir. Bəli, İsa (ə) gələcək və onları təhrif etdikləri dindən əsil dinə - islama doğru çağıracaqdır. Onlar da öz peyğəmbərlərinin çağırışına müsbət cavab verəcəklər.

Bir neçə il bundan qabaq bə᾿zi xristian qrupları tələsərək guya İsa (ə)-ın 2000-ci ildə zühur edəcəyini e᾿lan etmişdilər. Ancaq mə᾿lum olduğu kimi gözlənilən bu hadisə baş vermədi. İslami e᾿tiqadlara əsasən həzrət Məhdinin nə vaxt zühur edəcəyini yalnız Allah-taala özü bilir. Ancaq onun zühuru barəsində xəbər verilən nişanələrdən belə mə᾿lum olur ki, biz zühur astanası dövründə yaşayırıq. Bə᾿zi alimlərin nəzərinə görə, zühurdan qabaq aşkar olunacaq dörd yüz əlamətdən, artıq üç yüz doxsan dördü baş vermişdir. Deməli, belə mə᾿lum olur ki, biz həzrət Məhdinin zühuruna təsadüf edəcək axirəz-zamanda və ya ona yaxın bir dövrdə yaşayırıq. Hər halda, bizim vəzifəmiz bəşəriyyəti bəlalardan xilas edəcək ilahi bir şəxsiyyətin yolunu gözləmək və onun intizarını çəkməkdir. Yorucu və süstləşdirici intizar deyil, qurucu və ümidverici bir intizar! Yə᾿ni bizlər o həzrətin zühuru üçün çalışmalı, ədalət və insaniyyətin bərqərar olunması üçün əlimizdən gələni əsirgəməməli, o böyük xilaskarın yaradacağı inqilabın zəminələrini hazırlamalıyıq.


  • Axir zamandı, bir qulaq as, ərşi titrədir

  • Millətlərin haray mədədi, əl-əmanəsi...

  • Şəhriyar

İmam Sadiq (ə) Səcdə surəsinin 29-cu ayəsinin təfsirində buyurmuşdur:



«Ey Peyğəmbər! Sənə deyirlər ki, əgər doğru deyirsinizsə deyin görək, qələbə günü (fəth günü) nə vaxtdır? De ki, qələbə günü kafirlərin iman gətirmələrinin bir faydası olmadığı və onlara möhlət verilmədiyi gündür.»

«Qələbə günü Qaimin (Sahibəz-zaman) əliylə dünyanın fəth ediləcəyi gündür. O gün əvvəlcədən ona iman gətirməyənlərin və zühur intizarında olmayanların iman gətirmələrinin və sonradan onu qəbul etmələrinin elə bir qədir-qiyməti olmayacaqdır. Faydalı iman o imandır ki, əvvəlcədən intizarda olmaqla yanaşı olsun. Allah-taala, iman gətirib intizarda olanların məqamlarını yüksəldər. Bu xeyirli mükafat Əhli-beyti sevənlərə məxsusdur.»

Məgər biz istəmirik ki, zülm sona çatsın, haqsız axan qanlar dayandırılsın, zəiflərin çörəklərini əllərindən qapanlar cəzalarına çatsın, qəmli ürəklər uzun bir müddətdən sonra sevinc işığıyla parıldasın, pulsuzluq ucbatından evə dönərkən ürəyi kədərdən yanan ataların dərdinə son qoyulsun, küçələrdə səfalətlə dolanan xəstə körpələr rahatlıq tapsın?! Məgər biz istəmirik ki, evimiz, namusumuz daxili və xarici düşmənlərin hücumlarından, təcavüzlərindən amanda qalsın, ölkələri və ölkəmizi bürüyən əxlaqi pozğunluqlara son qoyulsun, pulsuzluq nəticəsində öz evini, el-obasını tərk edən xalqımız öz vətənlərinə dönsün, hər tərəfdən torpaqlarımıza mənfur caynaqlarını batıran təcavüzkarların əlləri kəsilsin?! Görəsən ürəyimiz yanmır, qəlbimiz daşlanmışdır, başımıza daş düşməsə, başına daş düşənlərin harayına tələsməyəcəyik? Nə vaxta qədər cinsi ehtirasları söndürmək arxasıyca qaçacağıq, nəfsani istəklərə qul olacağıq, boş və᾿dlərin arxasıyca gəzəcəyik və həqiqətlərdən üz döndərəcəyik?! Nə zamanacan ümidimizi Allahdan kəsib yalançı peyğəmbərlərə, falçılara və digər fırıldaqçı insanlara ümid bəsləyəcəyik? Nə vaxta qədər düşmənlər bizlərdən öz hədəflərini həyat keçirmək üçün alət kimi istifadə edəcəklər? Nə zamanacan əcnəbiləri yamsılayacağıq, onların demokratiya, azadlıq və insan hüquqları şüarları ilə qəlbimizi sevindirib qəflət yuxusuna gedəcəyik? Görəsən bir kimsə vardırmı ki, bu dərdlərə şərik çıxsın, bir həqiqətsevər vardırmı ki, yolumuza yoldaş olsun, bu yer kürəsinə və onda baş verən hadislərə ibrət gözü ilə baxsın?! Heç xəbərimiz varmı ki, pis əməllərimiz ucbatından bizlərə Allahın bəlaları nazil olur, pis əməllərimiz nəticəsində həzrət Məhdinin ilahi inqilabı gecikir? Görəsən bundan da böyük dərd olarmı ki, müsəlmanlar Allahı, peyğəmbəri, onun gətirdiyi Qur᾿anı, Qur᾿anın şərhçisi olan imamları və onların böyük xilaskarı olan həzrət Məhdi Sahibbəzamanı unudub qəflət yuxusunda xəyali bir ömür sürsünlər?! Aya, gözü açıq halda yatanların bu işindən təəccüblənən yoxdur?...


  • Qoy bu inqilab sel kimi axsın,

  • Göy guruldasın, ildırım çaxsın.

  • Müstəz᾿əfin qoy haqqa çatarkən

  • İslam bayrağın dağlara taxsın.

  • Məzlumların ahı qoy alov çəkib

  • Zülmü rişədən yandırıb-yaxsın

  • Allah süfrəsi açıq olarmı

  • Bir iddə yesin, bir iddə baxsın?!

  • Seyyid Məhəmmədhüseyn Şəhriyar.

Ey «mən müsəlmanam» - deyən bacı və qardaşlar! Gəlin bizlər «Allah ipindən yapışın, parçalanmayın» ayəsinə əməl edib öz dinimizdə möhkəmlənib birləşək və peyğəmbərimizin və᾿də verdiyi həqiqi rəhbərimizin yolunu gözləyək, onun zühuru üçün dua edək və zühurun gecikməsinə səbəb olan günah əməlləri tərk edək!

Qum şəhəri, 2001. Oktyabr.

Məhəmmədməhdi Şahmərdani


MÜQƏDDİMƏ


Nəzərinizdən keçirdiyiniz bu kitabça həzrət Məhdi (ə) barəsində olan on iki mühüm hədisdən ibarətdir ki, onların altısı böyük sünnü alimlərinin ən məşhur kitablarından və qalan altısı da məşhur şiə mənbələrindən nəql edilmişdir. Siz bu hədislərin tərcüməsinə, onun xülasə və eyni zamanda cəlbedici və rəvan şərhinə azacıq diqqət yetirsəniz həzrət Məhdi (ə.c.) inqilabının müxtəlif sahələri, hökumətinin necəliyi, Peyğəmbər (s) və Əhli-beyt imamlarının bu barədə buyurduqları müjdə və mə᾿lumatlarla tanış ola bilərsiniz.

Bu hədislərdə gözə çarpan incəlik budur ki, həzrət Məhdinin (ə) ümumdünya hökuməti məsələsi bə᾿zi avam adamların düşündüklərindən daha yüksəkdir. Bu məsələlərə dərindən nəzər saldıqda mə᾿lum olur ki, o həzrətin inqilabının intizarında olmaq insanda hansı növ mə᾿nəvi, maddi və ruhi hazırlıqlar tələb edir. Onu da başa düşmək olur ki, onun gəlişinin intizarında olmasını iddia edənlərin hamısı həqiqi iddiaçı deyildir. Burada bir incəliyi də xatırlatmaq lazımdır ki, həzrət Məhdiyə (ə) aid olan hədislər təkcə müsəlmanların müəyyən bir qrupuna və ya şiə məzhəbinə məxsus deyildir. Bu rəvayətlər bütün islami mənbələrdə gətirilmişdir və bir çox yerlərdə onun inqilabının hansı şəkildə olacağını, də᾿vətinin məzmununun hansı həddə olacağını bildirən aşkar dəlillər və ya lətif işarələr şəklində göstərilmişdir.


1. O, GƏLƏCƏKDİR


Məşhur sünnü alimlərindən olan Əhməd Hənbəli «Müsnəd» kitabının üçüncü cildinin otuz dördüncü səhifəsində yazır:

«Qalə Rəsulullah (s): La təqumussaətu hətta təmtəliyəl ərzu zulmən və udvanən sümmə yəxrucu rəculun min itrəti (Əv min əhli bəyti) yəmləuha qistən və ədlən kəma muliət zulmən və udvanən.»

᾿ni: Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Dünya zülm haqsızlıqla dolmayınca ondan sonra mənim nəslimdən olan bir nəfər inqilab edib dünyanı zülm haqsızlıqla dolduğu kimi ədalətlə doldurmayınca Qiyamət baş verməyəcəkdir.

Qısa izah:

Mö᾿təbər islami mənbələrə çoxlu sayda daxil olan bu ifadə (ondan çox rəvayət) onu göstərir ki, həzrət Məhdinin (ə) qiyamı mütləq baş verəcək bir işdir və bu barədə heç bir şəkk-şübhə yoxdur.

Varlıq aləminin ruhu ədalət əsasındadır və yaradılış ədalətə əsaslanaraq xəlq edilmişdir. Əgər ədalət qüvvəsi səma cisimlərindən götürülsə, onların hamısı bir-birinə qarışar və əgər bu qüvvə (hər şeyi öz yerində yerləşdirmək və hər şeyi ona lazım olduğu qədər vermək – mütərcim) insan bədənindən götürülsə, dərhal müvazinətini itirər və xəstəliyə düçar olar. İnsan cəmiyyəti də bu ədalət qanunauyğunluğundan kənarda qala bilməz. Ona görə də nəhayət, ədalət bu cəmiyyətə hakim olacaqdır ki, yaradılışın hədəfi hasil olsun. Bu ədalət bayrağı da məhz həzrət Məhdinin (ə) ləyaqətli əli ilə qaldırılacaqdır.

2. ONUN ADI PEYĞƏMBƏRİN ADIDIR


Termezinin «Səhih» kitabının 9-cu cildinin 74-cü səhifəsində Abdullah ibni Məs᾿uddan belə nəql olunmuşdur:

«Qalə Rəsulullah (s): La təzhəbud-dunya hətta yəmlikul ərəbə rəculun min əhli bəyti yuvatiu ismuhu ismi.»

«Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: Adı mənim adımdan və özü mənim nəslimdən olan bir nəfər ərəb dünyasına (sonra bütün dünyaya) hakim olmayınca dünyanın sonu gəlməyəcəkdir.»

Qısa izah:

Bu, böyük zühur gününün mütləq olacağını bildirən daha bir tə᾿kidli ifadədir. Ancaq onun əvvəlki ilə iki fərqi vardır. Birincisi budur ki, həzrət Məhdinin (ə) proqramı dünya hökuməti təşkil etməkdir. Elə bir hökumət ki, onun sayəsində dünya xalqlarının mədəni səviyyəsini yüksəltmək mümkün olsun və bu yolla da xalqları ictimai ədalətə də᾿vət etmək asanlaşsın. O, əxlaqi pozğunluğun səbəblərindən biri olan kasıbçılığın kökünü kəsəcəkdir. Zalımların əllərini insan cəmiyyətindən kəsəcək və yaramaz adamları öz mənsəblərindən kənarlaşdıracaqdır.

İkincisi isə budur ki, onun adı Peyğəmbərin adıdır (Məhəmməd (s)). O həzrətlərin adının eyni olması zərif bir məsələni xatırladır ki, onların bütün hədəf və məqsədləri də eynidir.

3. FİTNƏ-FƏSAD ATƏŞİNİ SÖNDÜRƏCƏKDİR


Hafiz Əbu Nəim özünün həzrət Məhdi (ə) barəsində olan «Qırx hədis» kitabında islam Peyğəmbərindən belə nəql edir:

«Qalə Rəsulullah (s): Yəkunu ində inqitain minəz-zəmani və zühurin minəl fitəni, rəculun yuqalu ləhul məhdiyyu, yəkunu ətauhu həniyən.»

᾿ni: Peyğəmbəri-əkrəm buyurmuşdur: Dünya əhalisinin əli peyğəmbərlər əsrindən üzüləcəyi zaman fitnə-fəsad (pozğunluq, əxlaqsızlıq, zülm, insan qırğınlarımütərcim) bütün yerlərdə aşkar olacaqdır. Belə bir zamanda Məhdi (ə) adında bir nəfər qiyam edəcəkdir. (Fitnələri yatırdar peyğəmbərlər əsri ilə övliya əsrini birləşdirmək rolunu oynayar). Onun insanlara gətirdiyi bu hədiyyə çox ləzzətlidir. (Çünki bu qiyam hər yeri əhatə edəcək ədalət şərbəti ilə yoğrulacaq.)

Qısa izah:

İnsanlar peyğəmbərlərin tə᾿lim-tərbiyəsindən nə qədər uzaq olublarsa, zülm, fitnə-fəsad, qalmaqal, müharibə və təcavüzlər bir o qədər də artmışdır. Texnikanın yüksək inkişafına baxmayaraq, insanlar arasında rəhimsizlik, xudbinlik, dünyapərəstlik qat-qat artmışdır. Dağıdıcı vasitələrdən və texniki alətlərdən istifadə edilməklə dünya dəhşətli hadisələrə doğru sürüklənir. Təcavüz və istismara mə᾿ruz qalmış xalqların vəziyyəti getdikcə pisləşir. Əlbəttə Rəhman və Rəhim olan Allah razı olmaz ki, bu aləm zalımların, insan sifətli şeytanların, qaniçənlərin cövlangahına çevrilsin.

Nəhayət, Allah tərəfindən fitnə-fəsad atəşini söndürmək üçün göndərilən Məhdi (ə) adlı bir nəfər ədalətsizliyə son qoymaq, əmin-amanlıq, asayiş və nizam-intizam yaratmaq üçün qiyam edəcəkdir.

4. HƏR YER ALLAH NURUNA BOYANACAQDIR


Şeyx Süleyman Qunduzi özünün «Yənabiul məvəddə» kitabının 423-cü səhifəsində Əmirəl-mö᾿minin Əli (ə)-dan belə yazır:

«Vəlləzi nəfsi biyədihi la təbqa qəryətun (ində zuhurihi) illa nudiyə fiha bişəhadəti la ilahə illəllahu və ənnə muhəmmədən rəsulullahi bukrətən və əşiyyən.»

Yəni: «Canım Onun əlində olduğu kəsə and olsun ki, onun zühuru vaxtında bütün şəhərlərdən, abadlıqlardan yüksək səslə: «La ilahə illəllah ənnə Muhəmmədən rəsulullah» sədası ucalacaqdır

Qısa izah:

Həmin gün bütün yer üzü tövhid bayrağı altına girəcək və hər yerdə islam qayda-qanunları hökm sürəcəkdir. Ola bilsin ki, həmin vaxtda da yəhudi və xristianlar azlıq şəklində qalmış olsunlar. (La ikrahə fiddin – dini qəbul etməkdə məcburiyyət yoxdur). Hər halda həmin vaxtda hakimiyyət islama məxsus olacaqdır və bütün qulaqlara səhər-axşam tövhiddən, peyğəmbərlərin sonuncusunun peyğəmbərliyi şüarı çatacaqdır.

Bəli, dünyada fəsadın əsil təməli olan zalım və batil məktəblər tarix səhnəsindən silinəcək və onun əvəzinə insanların ədalət, bərabərlik, qardaşlıq məktəbi olan tövhid nuru hər yerə yayılacaqdır.

5. HƏZRƏT MƏHDİNİN GENİŞ PLANI


Məhəmməd Mövləvi «Fiqhul-əkbər»in 2-ci cildinin 71-ci səhifəsində həzrət Əli (ə)-dan belə nəql edir:

«Liyəxrucənnə rəculun min vuldi indəqtirabis-saəti heynə təmutu qulubul mu᾿mininə, kəma təmutul əbdanu, lima ləhiqəhum minəz-zurri vəşiddəti!... Və yətəvatərul fitənu vəl məlahimul izamu, və imamətus-sunnətə, və ihyaul bidə᾿, və tərkul əmri bil mə᾿rufi vənnəhyi ənil munkəri, fəyuhyil-lahu bil məhdiyyis-sunənəl-ləti qədumitət və yəsurru bi ədlihi və bərəkətihi qulubəl mu᾿mininə və tətaləfu iləyhi usəbun minəl əcəmi və qəbailu minəl ərəbi.»

Yə᾿ni: «Qiyamətə yaxın zamanlarda bədənlər öldüyü kimi ᾿minlərin qəlblərinin sıxıntı çətinliklər nəticəsində öldüyü, dəhşətli hadislər baş verdiyi, həqiqət yolçularının sünnətini məhv etdikləri bid᾿ətləri üzə çıxardıqları, əmr be ᾿ruf tərk edildiyi, nəhy əz münkər unudulduğu bir zamanda mənim nəslimdən olan bir şəxs qiyam edəcəkdir. Belə bir zamanda Allah-taala həzrət Məhdi (ə) vasitəsilə sünnəti dirildəcəkdir. O, ᾿minlərin qəlbini öz ədalət bərəkətilə şadlandırar əcəm ilə ərəb arasında məhəbbət, sülh səmimiyyət yaradar

Bu hədis o qədər aydındır ki, izaha ehtiyac yoxdur.


6. ZALIMLARI MƏHV ETMƏSİ


Əllamə Süyuti öz kitabında tanınmış səhabə olan Hüzeyfədən nəql edir ki, Allahın peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:

«Qalə Rəsulullah (s): Vəyhə hazihil umməti min mulukin cəbabirətin... Fə iza əradəllahu ənyuidəl islamə əzizən qəsəmə kullə cəbbarin ənidin... Yə huzeyfətu! Lövləm yəbqə minəd-dunya illa yövmun vahidun lətəvələllahu zalikəl yəvmi hətta yəmlikə rəculun min əhli bəyti, təcril məlahimu əla yədəyhi və yuzhirul islamə la yuxlifu və᾿dəhu.»

Yə᾿ni: «Ədalətsiz zalım rəhbərlərin əlindən bu ümmətə yazıqlar olsun... Ancaq Allah islamın izzət şərəfini özünə qaytarmaq istədiyi vaxt bütün kinli zalımları məhv edəcəkdir... Ey Hüzeyfə, əgər dünyanın sonuna bir gün qalmış olsa da, Allah onu o qədər uzadacaqdır ki, nəhayət mənim nəslimdən olan bir nəfər dünyaya hakim olsun. Onun əliylə böyük hadisələr baş verəcəkdir islam dini bütün yer üzünə yayılacaqdır. Bu mütləq baş verəcəkdir

Qısa izah:

Zalımların hökuməti xilaskarın qiyamına şərait yaradır. Çünki bütün dünya xalqları uzun-uzadı təcrübələrdən sonra bu qənaətə gələcəklər ki, insanların öz şəxsi fikirlərinə əsasən qurduqları hökumət nəticədə zalımlara xidmət edəcəkdir. Bəli, insanlar zülm və əziyyətdən yorulub ilahi rəhbər axtaracaqlar.


7. DÜNYA MƏHDİ HÖKUMƏTİNDƏ


İmam Sadiq (ə) buyurmuşdur:

«İza qaməl qaimu həkəmə bil ədli vərtəfəəl covru fi əyyamihi, və amənət bihis-subulu, və əxrəcətil ərzu bərəkatiha, və ruddə kullu həqqin ila əhlihi... Və həkəmə beynənnasi bihukmi davudə və hukmi muhəməddin fəhinəizin tuzhirul ərzu kunuzəha, və tubdi bərəkatiha və la yəcidur-rəculu yəvməizin movziən lisədəqətihi vəla libirrihi lişumulil ğina cəmiəl mu᾿mininə.»

Yə᾿ni: «O, inqilab qiyam edən zamanda ədalətlə hökumət edəcək, zülm sitəm aradan götürüləcəkdir. Onun sayəsində yollarda əmin-amanlıqlar olacaqdır. Yer öz bərəkətlərini üzə çıxaracaq haqq sahiblərinin haqqı özünə qaytarılacaqdır. O, insanlar arasında Davud peyğəmbər həzrət Məhəmməd (s) kimi Allah dinini həyata keçirəcəkdir. Yer öz xəzinələrini üzə çıxardacaq bərəkətlər artacaqdır. Xalqın yaşayış səviyyəsi o qədər yüksələcəkdir ki, kömək etmək üçün kasıb tapa bilməyəcəklər

Qısa izah:

İqtisadi çətinlik bəşəriyyətin ən böyük bəlası və bütün dövrlərdə fitnə-fəsadların əsas səbəbi hesab edilir. Bu problemin əsas səbəbi isə mədəni gerilikdir. İnsanların əqidə və mədəniyyəti güclənməsə maddi cəhətdən varlı olmaq mümkün deyildir. O, insanları elə yetişdirəcəkdir ki, dünyanın heç bir yerində məhrumiyyət tapılmayacaqdır.


8. ELM VƏ MƏDƏNİYYƏTİN FÖVQƏLADƏ İNKİŞAFI


İmam Baqir (ə) buyurmuşdur:

«İza qamə qaimuna vəzə᾿əllahu yədəhu əla rüusil ibadi fəcəmə᾿ə biha üquləhum vəkəmulət biha əhlamuhum.»

Yə᾿ni: «Bizim inqilabçımız olan Məhdi qiyam edən dövrdə Allah-taala öz qüdrət əlini bəndələrinin başı üzərinə qoyar onların ağıllarını cəmləyib, fikirlərini kamilləşdirər

Qısa izah:

Heç bir düzgün inqilabi proqram elmi və fikri sıçrayış olmadan inkişaf edə bilməz və öz hədəfinə çatmaqda müvəffəqiyyət qazana bilməz. Buna görə də şübhəsiz ki, Ali-Məhəmməd (s) inqilabçısının bu işdə birinci addımı insanların fikrində elmi cəhətdən inqilab yaratmaqla başlayacaq və insanların düşüncə səviyyəsini hərtərəfli inkişaf etdirəcəkdir.

Bu elmi inkişafın sayəsində cəmiyyət maddi cəhətdən abad, azad və sağlam olmalı, digər tərəfdən də imanlı bir yaşayış tərzi ilə tanış edilməlidirlər.

Ümumdünya hökumətin yaradılması üçün yüksək və açıq fikirli, səbirli və uzaqgörən insanlar lazımdır ki, böyük ictimai problemləri həll etsin və quru təəssübkeşlik, ziddiyyətlər, aşağı səviyyəli düşüncəliliyi məhv edib sülh və səmimiyyət dolu bir dünya qursunlar.


9. RABİTƏ VASİTƏLƏRİNİN FÖVQƏLADƏ İNKİŞAFI


İmam Sadiq (ə) buyurmuşdur:

«İnnə qaiməna iza qamə məddəllahu lişiətina fi əsmaihim və əbsarihim hətta la yəkunə beynəhum və beynəl qaimi bəridu, yukəllimuhum fəyəsməunə, vəyənzurunə iləyhi və huvə fi məkanihi.»

Yə᾿ni: «Bizim qiyamçımız qiyam edən zamanda Allah-taala davamçılarımızın göz qulaqlarına elə güc verəcəkdir ki, onlarla rəhbərləri arasında məktub aparıb gətirməyə ehtiyac olmayacaqdır.

O, öz yerləşdiyi yerdən danışar, hamı onun səsini eşidər və özünü də görərlər.»

Qısa izah:

Bütün dünyaya nəzarət etmək istəyən ümumdünya hökuməti üçün inkişaf etmiş rabitə sistemi lazımdır. Əgər bu cür olmazsa, bütün dünyanı əhatə edə biləcək bir hökumətin təşkil edilməsi çox çətin iş olar. Elə bir vasitə lazımdır ki, onun sayəsində dünya ovucun içi kimi görünsün, mərkəzi hökumət vəziyyətə tam surətdə nəzarət etmək imkanı əldə etsin və onlar da vaxt itirmədən çətinlikləri həll edib hər cür fitnə-fəsadın qarşısını alsınlar. Məhdinin (ə) qiyamında belə bir vasitələri Allah-taala onun ixtiyarında qoyacaqdır.


10. BÜTÜN DÜNYAYA NƏZARƏT EDƏCƏKDİR


İmam Cə᾿fər Sadiq (ə) buyurmuşdur:

«İnnəhu iza ənahətil ümuru ila sahibi hazəl əmri rəfə᾿əllahu təbarəkə və tə᾿ala ləhu kullə munxəfəzin minəl ərzi, və xəfəzə ləhu kullə murtəfəin hətta təkunud-dunya indəhu bimənziləti rahətihi, fə᾿əyyukum lövkanət fi rahətihi şə᾿rətu ləm yubsirha.»

Yə᾿ni: «Elə ki, işlər vilayətin əsil sahibi olan Məhdinin (ə) əlinə keçdi, Allah-taala yerin hər tərəfini ona ovucunun içi kimi göstərəcəkdir. Ola bilərmi ki, sizin ovucunuzda bir tük olmuş olsun, ancaq siz onu görməyəsiniz?!»

Qısa izah:

Əvvəlki hədisdə də qeyd edildi ki, dünyada məhrum, zülmə mə᾿ruz qalmış təbəqələrə himayədarlıq etmək istəyən və ədalətə zamin olan ümumdünya hökumətinin dəqiq və güclü mə᾿lumat mənbəyi olmalıdır ki, bütün yer kürəsinə nəzarət edə bilsin. Əks halda həmin dövlət müvəffəqiyyət qazana bilməyəcəkdir. Allah-taala bu imkanları intizarı çəkilən Məhdi (ə) hökumətinin ixtiyarına tapşıracaqdır. Bir məsələ də aydındır ki, gərək bu mə᾿lumat və rabitə qüvvəsinin tərəqqisi ilə yanaşı cəmiyyətin digər sahələrində də güclü inkişaflar həyata keçirilsin.


11. ONUN HÖKUMƏTİ DÜNYANIN BÜTÜN ŞƏRQ VƏ QƏRBİNİ ƏHATƏ EDƏCƏK VƏ VİRANƏLİKLƏRİ ABADLAŞDIRACAQDIR


Başqa bir hədisdə belə buyurulur:

«İnnəhu yəbluğu sultanuhul məşriqə vəl məğribə və təzhəru ləhul kunuzu vəla yəbqa fil ərzi xərabun illa yuəmmiruhu.»

Yə᾿ni: «Onun dövləti dünyanın bütün yerlərini tutacaqdır. Yerdə olan təbii sərvətlər onun üçün üzə çıxacaq o bütün dağıntıları, viran olmuş yerləri abad edəcəkdir

Qısa izah:

Bəşəriyyətin bir çox problemləri müharibələr, ixtilaf və çəkişmələr nəticəsində meydana çıxır. Bunun da səbəbi ölkələr arasında yaradılmış şərti sərhədlər və inzibati ərazi bölgüləridir. Yer üzünü parça-parça edib, Allahın rəngsiz-nişanəsiz torpağını yüz rəngə boyayıblar.

Digər bir tərəfdən də yer üzünün xarabalığa çevrilməsinin səbəbi təkcə maddi imkanların yetərincə olmaması deyildir. İnsanların yer üzünü viran etmələri insani və maddi imkanların zalım dövlətlərin nəfsani ehtirasları yolunda əbəs yerə sərf edilməsi və çəkişmələri nəticəsində yaranmışdır.

O, sərhədləri birləşdirəcək, dünyanı bir dövlət şəklinə salacaq və bütün imkanlardan istifadə etməklə hər yeri abadlığa çevirəcəkdir.


12. ÜMUMDÜNYA DÖVLƏTİNİ HANSI ÜSULLA İDARƏ EDƏCƏKDİR?


İmam Sadiq (ə)-ın dostlarından biri sual verdi ki, Məhdi (ə) dövləti idarə etməkdə hansı üsullardan istifadə edəcəkdir?

O həzrət buyurdu: «Yəsnəu ma sənə᾿ə rəsulullahi yəhdimu ma kanə qəbləhu, kəma hədəmə rəsulullahi əmrəl cahiliyyəti, vəyəstə᾿niful islamə cədidən



Yə᾿ni: «O, elə Allah Peyğəmbərinin (s) etdiyi işləri edəcəkdir. Allah rəsulu kimi keçmişlərin xurafat, düzgün olmayan qayda-qanunlarını məhv edəcəkdir. Necə ki, Peyğəmbərimiz həzrət Məhəmməd (s) islamdan əvvəlki cahiliyyət dövrünün qayda-qanunlarını məhv etdi islamı yenidən qurdu. (Şəriət qanunlarına qarışmış mövhumat xurafatları əsil islam qanunlarından təmizləyəcək.)»

Qısa izah:

İlahi ayinlər başlanğıcda saf və pak olur. Ancaq zaman keçdikcə cahillərin alçaq fikirləri, bədxahların çirkin əməlləri və qafillərin şəxsi zövqlərinin nəticəsində elə dəyişilir ki, öz təravət və paklığını tamamilə əldən verir. Tövhid şirk növləri ilə qarışır, qurucu fikirlər fırıldaqçıların yalanları ilə dəyişilir, Allahın insan yetişdirən qanunları dini və qeyri-dini istəklərə qurban verilir və öz orjinallığını əldən verir. Allahın höccəti həzrəts Sahibəz-zaman imam Məhdi (ə) bütün bu çatışmamazlıqlara son qoyar və islamı bu çirkinliklərdən təmizləyib ona təzə bir həyat bəxş edər.

İmam Zaman (ə)-ın özünün və ariflərin sifariş etdiyi bu məşhur dua imam (ə) qeybdə olarkən, zühurun tezləşməsi üçün oxunur:

Bu dua «İlahi əzuməl bəla» (İlahi bəlalar böyüdü) adı ilə məşhurdur. Müsəlmanların bir vəzifəsi də bəşəriyyətin xilaskarı olan bir şəxsin gəlişi üçün Allaha dua etməkdir. Yaxşı olar ki, bu mübarək dua hər namazdan sonra oxunsun. Hədislərdə də bildirilmişdir ki, zühurun tezləşməsi üçün dua edin, çünki bu sizin qurtuluşunuzdur – mütərcim.


Əllahummə əzuməl bəlau və bərihəl xəfau, vənkəşəfəl ğitau vənqətə᾿ərrəcu və zaqətil ərzu və muniətissəmau və iləykə ya rəbbil muştəka və ələykəl muəvvəlu fişşiddəti vərrəxa.

Əllahummə səlli əla Muhəmmədin və alih.

Əlləzinə fərəztə ələyna taətəhum, fə ərrəftəna bizalikə mənzilətəhum, fə fərric ənna bihəqqihim fərəcən acilən, qəribən kələmhil bəsəri əvhuvə əqrəbu min zalikə.

Ya Muhəmmədu, ya Əliyyu, ya Əliyyu ya Muhəmməd.

Unsurani fə innəkuma nasirayə vəkfiyani fə innəkuma kafiyayə

Ya movlayə, ya sahibəz-zəman!

Əlğous, əlğous, əlğous

Ədrikni, ədrikni, ədrikni.


᾿ni: «İlahi bəlalar böyüdü, gizlilər aşkar oldu, işlərin üstündən pərdələr çəkildi, yer bizə dar oldu və səma öz rəhmət yağışını, mərhəmətini bizdən əsirgədi. Şikayətimiz Sənədir və Sən hər bir çətinlik və asanlıqda bizim güvənc yerimizsən.

İlahi, Məhəmməd və onun övladlarına bizdən salam yetir. Bizim salamımızı o kəslərə çatdır ki, onlara itaət etməyi bizə vacib etmisən və bu vacib etməklə onların kim olduqlarını bizə tanıtdırmısan. Onların Sənin yanında olan hörmətinə xatir zühuru tezləşdir, yaxşılaşdır, bir göz qırpımınca bu işin həyata keçməsini tezləşdir, hətta bu işi ondan da tez həyata keçir.

Ya Məhəmməd, ya Əli, ya Əli, ya Məhəmməd, sizlər mənə kömək edin, həqiqətən siz mənim kömək yerimsiz, siz mənə bəs edin, həqiqətən də siz mənə kifayətsiniz.

Ya mövla, ya Sahibəz-zaman, fəryada yetiş, fəryada yetiş, fəryada yetiş, köməyimə çat, köməyimə çat, köməyimə çat.»



«İlahi, sən çətinlikləri, müsibətləri aradan götürənsən. Mən yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin yanındadır. Sən dünya və axirətin Rəbbisən.

Onda sınaqlara çəkilən, bəlalara düçar olan həqir bəndənin fəryadına çat. Ey fəryad edənlərin dadına çatan! Bu bəndənə öz ağasını göstər, ey qüvvəsi şiddətli olan! O, həzrətin səbəbi ilə bəndəndən qəm-qüssəni yu, kədəri aparıb, ürək yanğısını sərinləşdir... Ey O kəs ki, hamımız Ona tərəf qayıdacağıq!

İlahi! Onun vasitəsilə haqqı bərqərar, batili isə məhv et... Onun itaətində olmaqda, ona qarşı müxalifət etməməkdə bizə yardım et!

Namazlarımızı onun xatirinə qəbul olunmuş, günahlarımızı onun xatirinə bağışlanmış, dualarımız onun xatirinə müstəcab olmuş qərar ver, ruzimizi onun xatirinə bol, qəm-qüssəmizi onun xatirinə yuyulmuş, ehtiyacımızı onun xatirinə tə᾿min olunmuş qərar ver. Bizə rəhmət nəzəri ilə bax, belə ki, o rəhmət səbəbiylə Sənin tərəfindən gələn kəraməti kamil surətdə əldə edək. Daha sonra, o rəhməti öz ehsanınla bizdən başqa tərəfə çevirmə (bizdən alma). Ey rəhm edənlərin ən rəhimlisi!»

Amin ya Rəbbəl aləmin!

İmam Məhdiyə (ə) aid olan Nüdbə duasından parçalar.


  • Şə᾿ban – 1422, Oktyabr – 2001.


Mündəricat


MÜTƏRCİMDƏN 2

MÜQƏDDİMƏ 12

1. O, GƏLƏCƏKDİR 14

2. ONUN ADI PEYĞƏMBƏRİN ADIDIR 15

3. FİTNƏ-FƏSAD ATƏŞİNİ SÖNDÜRƏCƏKDİR 16

4. HƏR YER ALLAH NURUNA BOYANACAQDIR 18

5. HƏZRƏT MƏHDİNİN GENİŞ PLANI 19

6. ZALIMLARI MƏHV ETMƏSİ 20

7. DÜNYA MƏHDİ HÖKUMƏTİNDƏ 22

8. ELM VƏ MƏDƏNİYYƏTİN FÖVQƏLADƏ İNKİŞAFI 23

9. RABİTƏ VASİTƏLƏRİNİN FÖVQƏLADƏ İNKİŞAFI 24

10. BÜTÜN DÜNYAYA NƏZARƏT EDƏCƏKDİR 26

11. ONUN HÖKUMƏTİ DÜNYANIN BÜTÜN ŞƏRQ VƏ QƏRBİNİ ƏHATƏ EDƏCƏK VƏ VİRANƏLİKLƏRİ ABADLAŞDIRACAQDIR 27

12. ÜMUMDÜNYA DÖVLƏTİNİ HANSI ÜSULLA İDARƏ EDƏCƏKDİR? 28










Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə