Müstəqillik Azərbaycanın qarşısında yeni cığırlar açdı. Bu "ikinci nəfəs" idi. Ölkə bundan istifadə etməli, beynəlxalq aləmdə özünü təsdiqləməli idi. Çünki müstəqillik özü ilə birgə daha böyük məsuliyyət gətirdi




Yüklə 236.81 Kb.
səhifə1/4
tarix21.04.2016
ölçüsü236.81 Kb.
  1   2   3   4
GİRİŞ
Müstəqillik Azərbaycanın qarşısında yeni cığırlar açdı. Bu “ikinci nəfəs” idi. Ölkə bundan istifadə etməli, beynəlxalq aləmdə özünü təsdiqləməli idi. Çünki müstəqillik özü ilə birgə daha böyük məsuliyyət gətirdi. Biz heç kimdən asılı olmayaraq qərarlar qəbul etməli, öz taleyimizi özümüz həll etməli idik. Hər xırda səhvin arxasınca böyük itkilər gələ bilərdi. Bu yeni macəralar, qazanılmalı yeni mübarizələr demək idi. Hələ də keçilməkdə olan bu yol enişli-yoxuşlu olduğu üçün çox maraqlıdır. Elə müasir dövrün problemləri və hadisələri tədqiqat üçün geniş şərait yaradır, yeni faktları aşkarlamağa imkan verir. Əgər bunlar mətbuatla əlaqəlidirsə, iş daha rəngarəng alınır. Çünki eyni bir hadisəyə müxtəlif mətbu orqanların münasibəti fərqli olur. Bəzən qərəz, bəzən obyektivlik, bəzən yalan, bəzən kəskin ifadə tərzi eyni hadisəni insanlara ayrı-ayrı variantlarda təqdim etməyə imkan verir.

Xüsusilə Azərbaycanın hazırkı vəziyyəti elədir ki, bəzi ölkələr üçün bura strateji cəhətdən önəmli məkandır. Buna görə Azərbaycanla əlaqəli hər bir hadisə, ölkənin hər bir problemi beynəlxalq aləmi maraqlandırır. Bəzən bu maraq müsbət nəticələrini verir, bəzən yersiz müdaxilələr daxili işlərin gedişinə mane olur, söz-söhbətlərə səbəb olur. Müasir dövrün mənzərəsini bu ziddiyyətlər, münaqişələr, mübahisələr, kompromislər xüsusilə maraqlı edir.

Buraxılış işinin mövzusunda da müasir dövrə, beynəlxalq aləmlə əlaqələrimizə üstünlük verilir. Adından da göründüyü mövzu Azərbaycan müasir tarixində mühüm rol oynayan bir beynəlxalq təşkilatla əlaqəlidir. Mövzu Avropa Şurasının 2000-2004-cü illərdəki fəaliyyətini əhatə etsə də, bu təşkilatla əlaqələrimizin indi də aktuallığını qoruyur. Təsadüfi deyil ki, bu əlaqələrin tarixində baş vermiş önəmli hadisələr indi də mətbuat tərəfindən yada salınır, “yubiley” məqalələri yazılır. Bu il yazılmış belə məqalələrdən birində deyilir:

Bu gün Avropa Şurası ilə gənc müstəqil dövlətlərin əlaqələrinin yaranması formaları, mahiyyət və məqsədləri, inkişaf istiqamətləri geniş tədqiq edilməli məsələlərdəndir. Bu baxımdan Azərbaycan Respublikası ilə Avropa Şurası təşkilatı arasında əlaqələr aktuallığına görə son dərəcə diqqəti cəlb edir. Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin yaranmasının, inkişaf edib möhkəmlənməsinin, onların tarixi kökləri və hüquqi əsaslarının tədqiq edilməsi, Avropa Şurası ilə əməkdaşlığın ölkənin xarici siyasətindəki və daxili həyatındakı rolunun öyrənilməsi, Azərbaycanda demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində əldə olunmuş nailiyyətlərdə Avropa Şurasının rolu, bu təşkilatlarla perspektiv istiqamətlərin müəyyənləşdirilməsi, ümumiyyətlə, Avropa Şurası təşkilatının öyrənilməsi, onun mahiyyətinin, quruluşunun və fəaliyyətinin tədqiqi bu gün Azərbaycan üçün zəruridir. .” (60)

İndi də Avropa Şurasının nümayəndələrinin səfərləri, qəbul etdiyi sənədlər, görüşlər, müdaxilələr və s. davam etməkdədir. Xüsusilə, Azərbaycan və Ermənistanın bu quruma üzv olduğu zaman üzərinə götürdüyü öhdəliklərlə bağlı hər hadisə ictimaiyyətə maraqlıdır. Çünki bu Dağlıq Qarabağ məsələsinin həllinə təsir göstərən öhdəliklər idi. Lakin, bununla belə Avropa Şurasının bu məsələyə tam müdaxilə edə bilmir.

Bu buraxılış işində isə Avropa Şurasının “Azərbaycan mətbuatı” adlanan pəncərədən necə göründüyünü çatdırılır. Avropa Şurasının gördüyü hər bir iş, xüsusilə Azərbaycanla bağlı fəaliyyəti ölkə mətbuatı tərəfindən addım-addım izlənir. Çünki bu birbaşa Qarabağ məsələsi ilə də əlaqəlidir. Avropa Şurasının Azərbaycanla bağlı əsas fəaliyyəti Ermənistanla olan münaqişəyə bir çıxış yolu tapmaqdır. Bu geniş, maraqlı və diqqətə layiq mövzudur. Azərbaycan mətbuatı çox yönlü olduğu üçün hər qəzetin Avropa Şurasına baxışı özünəməxsusdur. Mövzu daxilində mətbuatda gedən müxtəlif janrlı və məzmunlu materialları təhlil edərkən bu fərqlər ortaya çıxır.

2000-2004-cü illər kifayət qədər uzun bir dövrdür. Bu müddətdə saysız hesabsız qəzetlər nəşr olunub. Bu dövrü araşdırmaq üçün ölkəmizdə daha məşhur, nüfuzlu və göz önündə olan, fərqli nəzər nöqtələrinə malik, gündəlik mətbu orqanlardan istifadə edilib. Buna görə təhlil olunan materiallar da sayca çox və müxtəlif istiqamətlidir. Onlardan bəzilərini bu işdə təqdim olunub..

Buraxılış işimin məzmununa gəldikdə ilk fəsildə Avropa Şurasının özü haqqında söhbət açılır. Onun tarixi, fəaliyyət istiqaməti, prinsipləri, əhatə etdiyi əsas məsələlər barədə məlumat verilir. Çünki qəzetlərdəki məqalələri oxumazdan öncə, Avropa Şurası haqqında təsəvvürə malik olmaq yazılanları daha yaxşı anlamağa kömək olur.

Daha sonra bu fəsildə Avropa Şurası və Azərbaycan münasibətlərinin tarixinə qısa nəzər salınıb. Bu münasibətlərin yaranması, inkişafının ilkin dövrü və qurumla ölkəmizin qarşılıqlı fəaliyyəti olduqca maraqlıdır. Buraxılış işinin mövzusu olan, 2000-2004-cü illərin qısa xülasəsi də bu fəsildə verilib.

Növbəti fəsillərdə Azərbaycanın önəmli mətbu orqanlarının nümunələri əsasında Avropa Şurasının ölkəmizlə 2000-2004-cü illərdəki münasibətlərini əks olunub.

Seçilmiş mətbuat nümunələri bir-birindən fərqlənir. Onların arasında partiya qəzetləri, dövlət qəzetləri, rus dilli qəzetlər, müstəqil nəşrlər var. Bu məsələni hərtərəfli öyrənməyə imkan yaradır. 5 il ərzində mövzu haqqında həddən artıq çox material toplanıb. Təhlil üçün onlardan yalnız bəzilərini seçilib. Bu materiallar arasında qısa xəbərlər, müsahibələr, hesabatlar, şərhlər, köşə yazıları var. Maraqlıdır ki, hər bir qəzetin bu məsələdə mövqeyi fərqlidir. Bəzilərinin tənqidi münasibəti, bəzilərinin dəstəyi, bəzisinin də neytrallığı hər materialda özünü göstərir. İşdə bu müxtəlifliyi əks edilib və sonda nəticə ümumi nəticə əks olunub.

I FƏSİL

AVROPA ŞURASI VƏ AZƏRBAYCAN
§1 Avropa Şurası haqqında

İkinci Dünya müharibəsindən sonra bütün Avropa məkanında demokratik ideya və prinsiplərin daşıyıcısı kimi yaranmış Avropa Şurası əlli ildən çoxdur ki, öz missiyasını yerinə yetirir. Avropa Şurasına üzv olmaq Azərbaycana heç də asan başa gəlməmişdir. Bu qurumun tamhüquqlu üzvü statusuna ölkəmiz görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin səyləri, uğurlu daxili və xarici siyasəti nəticəsində yiyələnmişdir.

1949-cu ildə təsis olunan Avropa Şurası özündə 47 (İslandiya, Almaniya, Kipr, Malta, Lixtenşteyn, Finlandiya, Macarıstan, Bolqarıstan, Estoniya, Çex Respublikası, Slovakiya, Andorra, Latviya, Albaniya, Moldova, Ukrayna, Rusiya Federasiyası, Xorvatiya, Gürcüstan, Ermənistan, Azərbaycan , Serbiya və s.) üzv dövləti birləşdirən və insan hüquqlarının əsas prinsiplərini təmin edən Avropanın ən qədim və möhtəşəm təşkilatlarından biridir. Bu təşkilatın əsas məqsədləri aşağıdakılardır:


  • İnsan hüquqları, plüralistik demokratiya və qanunun aliliyini müdafiə etmək;

  • Avropanın mədəni kimliyi və müxtəlifliyi ilə bağlı məlumatlılığı yüksəltmək və onun inkişafını təşviq etmək;

  • Avropa cəmiyyətinin üzləşdiyi məsələlərin ümumi həllini tapmaq: azlıqlara qarşı ayrıseçkilik, ksenofobiya, dözümsüzlük, klonlama, terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq və korrupsiya, kiber cinayətkarlıq, uşaqlara qarşı zorakılıq və s.

  •  Siyasi, hüquqi və konstitusional islahatları dəstəkləməklə Avropada demokratik sabitliyi möhkəmləndirmək

Təşkilat özünün 50 illik fəaliyyəti zamanı öz fəaliyyət sahəsini daha da genişləndirmiş və bütün qitəyə yayılmışdır. Avropanın tarixində baş verən qlobal dəyişikliklər – Sovet İttifaqının dağılması, Berlin divarının uçurulması və soyuq müharibənin başa çatması Avropa Şurasına ünvanlanan üzvlük ərizələrinin sayının artmasına və yeni prioritetlərin və o cümlədən müvafiq strategiyanın işlənib hazırlanmasına gətirib çıxartdı. 1949-cu ilin mayın 5-də Londonun Müqəddəs Ceyms Sarayında Avropa Şurasının Nizamnaməsinin əsasını qoyan müqavilə on dövlət tərəfindən imzalandı: Belçika, Fransa, Lüksemburq, Niderland, Böyük Britaniya, İrlandiya, İtaliya, Danimarka, Norveç və İsveç. Təşkilatın ilk sessiyaları Strasburqda keçirilmişdir, sonradan isə təşkilatın qərargahı bu şəhərdə yerləşdirildi. Təşkilatın təsis olunmasından bir neçə il keçdikdən sonra ilk mühüm konvensiya hazırlandı: “Avropa İnsan Hüquqları Konvensiyası" 1950-ci ilin Noyabrın 4-də Romada imzalanmış, 1953-cü ilin Sentyabrın 3-də isə qüvvəyə minmişdir. 1949-1970-ci illər arasında səkkiz yeni dövlət Avropa Şurasına üzv oldu. Üzv olma tarixi qaydası ilə əvvəl Yunanıstan sonra isə İslandiya, Türkiyə, Almaniya, Avstriya, Kipr, İsveçrə və Malta. Lakin uğurlu fəaliyyətlə yanaşı Avropa Şurası ayrı-ayrı dövrlərdə böhranlarla da üzləşmişdir. Avropa Şurası müdafiə istisna olmaqla Avropa cəmiyyətinin üzləşdiyi bütün əsas məsələləri ehtiva edir: insan hüquqlar, media, hüquqi əməkdaşlıq, sosial həmrəylik, sağlamlıq və təhsil, mədəniyyət, idman və gənclik, yerli demokratiya və sərhədlərarası əməkdaşlıq, ətraf mühit və regional planlaşdırma.

Avropa Şurasının gördüyü işlər Avropa konvensiyaları və sazişləri ilə nəticələnir, üzv dövlətlər bu sənədləri icra etmək üçün öz qanunvericiliyini onlara uyğunlaşdıra və ya dəyişdirə bilərlər. Bəzi konvensiya və sazişlər təşkilata üzv olmayan dövlətlər üçün də imzalanmağa açıqdır. Avropada əməkdaşlığı və sosial tərəqqini təşviq etmək üçün tədqiqatların və fəaliyyətlərin nəticələri hökumətlərə açıqdır.



Avropa Şurasının tərkibində bəzi təsisatlar fəaliyyət göstərir. Bunlardan biri Nazirlər Komitəsidir. Nazirlər Komitəsi Avropa Şurasının qərarverici orqanıdır. Nazirlər Komitəsində bütün üzv dövlətlərin xarici işlər nazirləri və onların Strasburqdakı daimi diplomatik nümayəndələri təmsil olunur. O, Parlament Assambleyası ilə birgə Avropa Şurasının əsas dəyərlərinin qoruyucusu kimi çıxış edir və üzv dövlətlərin öhdəlikləri yerinə yetirməsinə nəzarət edir. Nazirlər Komitəsi Şuranın fəaliyyətlərinə dair qərar verir. Üzv dövlətlərin xarici işlər nazirləri siyasi məsələləri və Avropa əməkdaşlığı məsələsini nəzərdən keçirmək və Təşkilatın fəaliyyətlərinə lazımi siyasi impuls vermək məqsədi ilə ildə bir dəfə görüşürlər. Onların daimi nümayəndələri (səfirlər) həftədə bir dəfə görüşür, məruzəçi və işçi qruplar qərarlar qəbul olunmamışdan əvvəl müəyyən məsələləri qısa şəkildə müzakirə etmək məqsədilə görüşürlər. Komitənin qərarları hökumətlərə tövsiyə formasında çatdırılır və ya öz əksini Avropa konvensiya və müqavilələrində tapır ki, həmin müqavilələr qanuni qüvvə daşıyaraq dövlətlər tərəfindən ratifikasiya edilir. Parlament Assambleyası Avropa Şurasının iki əsas orqanından biri sayılır və üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Assambleya, Avropa əməkdaşlığı ideyasını Avropa boyu bütün demokratiyalara yaymaqda həlledici rol oynayır. O, özündə 46 milli parlament nümayəndələrini ətrafında toplayaraq ən geniş toplantı qurumu sayılır. Assambleya öz gündəliyini qəbul edir və gündəlikdə əsasən cari sosial problemlər və beynəlxalq siyasətin aspektləri daxil olmaqla, aktual məsəllərin müzakirəsi öz əksini tapır. Parlament Assambleyası üzv dövlətlərin milli parlamentləri tərəfindən təyin olunan 315 üzvdən və əvəzedicilərdən ibarətdir. Assambleya, Strasburqdakı Avropa Sarayının Palatasında ildə dördə dəfə olaraq bir həftə davam edən plenar sessiyasını keçirir. Hər bir sessiyanın gündəliyi özündə Avropa və beynəlxalq hadisələr üzrə müzakirələri əks etdirir. Avropa Şurası 1994-cü ildə, keçmiş Avropa Yerli və Regional Hakimiyyətlər Daimi Konfransını əvəz edən Yerli və Regional Hakimiyyətlər Konqresini təsis etdi. Konqres iki palatadan ibarətdir: Yerli Hakimiyyətlər Palatası və Regionlar Palatası. İki palatalı assambleya 315 tam üzvdən və 315 əvəzedici üzvdən ibarətdir. Onlardan hər biri Avropa Şurası üzv dövlətlərində 200.000 çox yerli və regional hakimiyyətlərdən seçilən nümayəndələrdir. Avropa İnsan Hüquqları Məhkəməsi Fransanın Strasburq şəhərində yerləşən beynəlxalq məhkəmədir. O, Avropa Şurasına üzv olan və İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanı ratifikasiya etmiş ölkələrin bərabərhüquqlu və bərabərsaylı hakimlərindən ibarətdir. Hazırda məhkəmə hakimlərinin sayı 45 nəfərə çatır. Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri müstəqil hakimlər kimi fəaliyyət göstərir və heç bir ölkəni təmsil etmirlər. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası yalnız Avropa Şurasına üzv olan dövlətlər tərəfindən imzalanan beynəlxalq müqavilədir. Məhkəmənin vəzifəsi Avropa Şurasına üzv olan ölkələrin Konvensiyada əks olunan insan haqlarına və onlarla bağlı zəmanətlərə ehtiramla yanaşmalarına nəzarət etməkdir.

Bu qurumların fəaliyyəti Azərbaycan mətbuatının diqqət mərkəzində olmuşdur. Onların fəaliyyəti ilə bağlı materiallar sonrakı fəsillərdə verilsə də, burada da bəzi nümunələrlə tanış olaq.

Məsələn, “Azərbaycan” qəzetində “Avropa Şurası Parlament Asableyasının komitələrində”(13) başlığı altında xəbərlərə tez-tez rast gəlmək olar. Bunlar əsasən hesabat xarakteri daşıyırdı. Yaxud, bu təşkilatların nümayəndələrinin Azərbaycana səfərləri barədə materiallar da boldur. Onlardan birində deyilir:

Şəkidə Martines Kasanın “Siz Avropa Şurasından nə gözləyirsiniz?” sualına “Dağlıq Qarabağın işğaldan azad olmasını” cavabını vermiblər” (12)

Təşkilatın nümayəndələrinin sadə xalqın fikriləri ilə maraqlanması təqdirə layiqdir. Lakin bunları eşitməklə yanaşı, nəzərə də almaq lazımdır. Yaxud AŞPA məruzəçilərinin görüşləri, fəaliyyətləri qəzetlərin diqqətlə izlədiyi əsas mövzulardandır.


§2 Avropa Şurası və Azərbaycan münasibətləri (2000-ci ilə qədər)

Azərbaycanın Avropa Şurası ilə sıx əlaqələri XX əsrin 90-cı illərindən başlamışdır. Belə ki, 1992-ci ilin yanvarında Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. Lakin bu müraciətlə bağlı qərar 28 iyun 1996-cı ildə qəbul olunur və Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunu verir. Bu dövrə qədər Avropa Şurası Azərbaycana və onun problemlərinə laqeyd qalmamış və bir sıra sənədlər qəbul etmişdir və Azərbaycan Avropa Şurasının bir sıra tədbirlərində iştirak etmişdir:



  • 10 noyabr 1994-cü il – Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 saylı qətnamə qəbul etmişdir

  • 17-18 mart 1996-cı il – Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.

Bundan sonra qarşıda duran əsas məsələlərdən biri Avropa Şurasının tamhüquqlu üzvü olmaq idi. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı il iyulun 13-də Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq arzusunu bildirmişdir. Bunun nəticəsi kimi 11 sentyabr 1996-cı il tarixində Avropa Şurası Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir.

1997-ci ilin aprelində Strasburqda keçirilən Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasında Azərbaycanın maraqlarına toxunan Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks edildiyi 1119 saylı qətnamə qəbul edildi. Həmin ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən 2-ci zirvə toplantısında iştirak etmiş, Avropa Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlamışdır. Bu isə Azərbaycan üçün önəmli idi, çünki dünya bu məsələlərdə bizim mövqeyimi, çətinliklərimizi anlamalı, bilməli idi.

Azərbaycan Avropa Şurasının təsiri ilə demokratiya yolunda irəliləyişlərə xidmət edən bir çox qərarlar qəbul etmişdir. Onlardan biri 3 fevral 1998-ci ildə qəbul olunmuş Respublika Prezidentinin qanunvericilik təşəbbüsü əsasında ölüm hökmünün ləğv edilməsinə dair qərarıdır. Azərbaycanın növbəti addımı isə mətbuatı yaxından maraqlandırırdı. 1998-ci il avqustun 16-sı Azərbaycanda mətbuat üzərində senzura ləğv olundu.

Bunlarla yanaşı Azərbaycan və Avropa Şurası arasında qarşılıqlı səfərlər də davam edirdi:



  •      11 sentyabr 1998-ci il – Avropa Şurasının yardımçı və məsləhətçi orqanı olan Qanun vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) nümayəndə heyəti Belçikanın Konstitusiya və Arbitraj Məhkəməsinin Sədri M.Melşorun başçılığı altında Azərbaycanda olmuşdur.

  •      Noyabr 1998-ci il – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev Strasburqa səfər etmiş, Avropa Şurasının Baş Katibi D.Tarşis və Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan hüquqları komitəsinin Sədr müavini ilə keçirdiyi görüşlərdə Azərbaycanda Konstitusiya Məhkəməsinin təşkili, formalaşması və fəaliyyəti barədə məlumat vermişdir.


§3 Avropa Şurası və Azərbaycan münasibətləri

(2000-2004-cü illər)

Avropa Şurası və Azərbaycanın bundan sonrakı bir neçə il ərzində birgə fəaliyyəti və münasibətləri buraxılış işinin əsas mövzusudur. Bu haqda növbəti fəsildə daha geniş bəhs edilir. Həmin illərin mənzərəsini qəzetlərdən izləmək olsa da, öncə qısa xülasə vermək daha yaxşı olar. Bu dövr Azərbaycan və Avropa Şurası münasibətlərində çox məhsuldar dövrdür. Belə ki, əlaqələr daha da möhkəmlənmiş, fəaliyyət dairəsi daha da genişlənmişdi.

2000-ci ildə əsasən Azərbaycanın Avropa Şurasına qəbul olunması istiqamətində bir sıra tədbirlər görülmüşdür. Bu ilin mart ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini A.Əzimov Strasburqa səfər edərkən AŞ-nın yüksək vəzifəli şəxsləri və bu təşkilatın üzvü olan dövlətlərin daimi nümayəndələri ilə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı müzakirələr aparmışdır. Ayın sonlarında isə Avropa Şurası Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirilməli olacağı öhdəliklərin siyahısını göndərmiş və bu sənəd Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanmışdır. 26-28 iyun 2000-ci ildə Avropa Şurası Parlament Assambleyasının keçirilmiş növbəti sessiyasında da 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir. Noyabrın 7-9-u Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı (2000)14 saylı Qətnamə qəbul edilmişdir.

2001-ci ildə indiyə qədər görülən bütün işlər, bütün səylər nəticəsini verdi. 17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Yanvarın 25-i isə Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Bu rəsmi mərasimdə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti iştirak etdi. Heydər Əliyev bu mərasimdə çıxış edib. Bu nitq “Azərbaycan” qəzetində çap olunub. Çıxışda deyilirdi:

Hörmətli cənab sədr! Hörmətli cənab Nazirlər Komitəsinin sədri! Hörmətli cənab baş katib! Hörmətli mərasim iştirakçıları! Bu gün Avropa parlamentarizminin mərkəzində - Strasburqda, Avropa Şurasının bu möhtəşəm sarayında həm Azərbaycan Respublikası, həm də Avropa üçün çox mühüm əhəmiyyətə malik olan bir hadisə baş verir - Azərbaycan Avropa ailəsinə qəbul edilir. Bununla da Avropanın yalnız tarixi və mədəni baxımdan deyil, siyasi baxımdan da tamlaşması, bütövləşməsi başa çatır. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Azərbaycan yalnız son on ildə deyil, tarixinin son iki əsri ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə can atmışdır. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşən Azərbaycan dinlərin, tarixlərin və mədəniyyətlərin qovuşduğu mərkəzə, iki qitə və iki sivilizasiya arasında körpüyə çevrilmişdir. Azərbaycan xalqı öz Şərq köklərindən ayrılmayaraq, Qərb sivilizasiyasının sintezinə əsaslanan nadir bir mədəniyyət yaratmış, Qərbin mütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yaymışdır.”(4)

Bu nitqində Heydər Əliyev bu qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi. Təbii ki, bu çıxışda qeyd edilən məsələlər AŞ PA-da fəaliyyət göstərəcək Azərbaycan nümayəndə heyəti üçün ölkənin xarici siyasətinin tərkib hissəsini təşkil edən bir proqram idi.

Azərbaycan bu təşkilata üzv olan zaman yerinə yetirilməsi vacib olan öhdəliklər götürmüşdü. Azərbaycan təşkilata qəbul olarkən aşağıdakıları yerinə yetirməlidir:


  • Lazımlı Konvensiyaların imzalanması və ratifikasiya olunması

  • Dağlıq Qarabağ Münaqişəsinin sülh yolu ilə, güc tətbiq etmədən həll olunması

  • Daxili qanun vericiliyin çatışmazlıqlarının aradan qaldırılması

  • İnsan hüquqlarının müdafiəsi

  • Öhdəliklərin yerinə yetirilməsinə nəzarət

Bunlar öhdəliklərin qısa xülasəsidir. Bu məsələlər çərçivəsində öhdəliklərin yerinə yetirilməsi daim mübahisə mövzusu olmuşdur. Avropa Şurası Azərbaycanın bəzi öhdəlikləri yerinə yetirmədiyini bildirən Avropa Şurası, həmişə Azərbaycan tərəfinin etirazları ilə qarşılaşmışdır. Azərbaycan öhdəlikləri yerinə yetirdikdə isə Qarabağ məsələsinin həlli üçün lazım olan öhdəlikləri Ermənistan yerinə yetirmir və hadisələri ləngidir.

Bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qəzet materiallarına da tez-tez rast gəlinir. Bunlar tək Azərbaycanın deyil, eyni zamanda Ermənistanın da üzərinə götürdüyü öhdəliklərlə bağlı olur.

Azərbaycanın öhdəlikləri yerinə yetirmək istəyi ilə bağlı yazılar daha çoxdur:

Azərbaycan Avropa Şurasının tələblərini yerinə yetirmək əzmindədir”(2) adlı yazı Azərbaycanın təşkilata üzv olmasından bir neçə gün əvvəl dərc olunmuşdu. Təbii ki, belə yazılarda Azərbaycanın üzv olmağa tam hazır olduğu əks olunurdu. Bunlar veriləcək qərara təsir edə bilərdi.

Lakin bəzən Azərbaycan Avropa Şurasının sərt tələbləri ilə qarşılaşırdı. Məsələn, Ombudsmen haqqında qanunun qəbul olunması ilə bağlı öhdəliyin yerinə yetirilməsi üçün 2001-ci ilin martın 31-nə qədər vaxt qoyulması ilə bağlı xəbərə rast gəlmək olar.

Azərbaycanın vəziyyəti ilə yanaşı Ermənistanın öhdəlikləri yerinə yetirməsi də, mətbuat tərəfindən izlənirdi. Məsələn, 2003-cü ildə Azərbaycan qəzetlərində prezident Heydər Əliyevin “Jurnalistlərin Dostu” mükafatına layiq görülməsindən danışırdılarsa, Ermənistanda mətbuatla bağlı vəziyyət başqa cür idi. “Avropa Şurası Ermənistanda mətbuata təzyiqləri pislədi”(11) Belə ki,Yerevanda jurnalistin öldürülməsi Avropa Şurasını qəzəbləndirmişdi. Valter Şvimmer bununla bağlı araşdırma aparmağı tələb edirdi. Bununla paralel “Avropa Şurasında Azərbaycan mətbuatı ilə bağlı məsələ müzakirə edildi”(34) adlı xəbərə rast gəlirik. Avropa Şurası Azərbaycanın bu sahədə fəaliyyətini də gözdən qaçırmır. Bəyanatlar haqqındakı bölmədə bundan bəhs edilib.

Lakin Avropa Şurası Azərbaycana qarşı da, bəzən ciddi addımlar atırdı, öhdəlilərin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar edirdi. Azərbaycanın öhdəliklərindən biri siyasi məhbusların azad edilməsi idi. “AŞ Azərbaycana qarşı ciddi tədbirlər görə bilər”(32) adlı xəbərdə Avropa Şurasının bununla bağlı ilk bəyanatından artıq bir il keçməsinə baxmayaraq adı siyasi məhbuslar sırasında olan şəxslərin heç biri azadlığa buraxılmamışdı.

Daha sonra Ermənistanın qarşısına qoyulan daha bir öhdəlik barədə Avropa Şurasından xəbərdarlıq gəlir. “Avropa Şurası Ermənistana milli azlıqların haqlarını qorumağı tövsiyə edir”(33) Lakin Azərbaycanda bu həll olunan ilk məsələlərdən idi. Ermənistan üçün nəzərdə tutulan milli azlıqların siyahısında burdan qovulmuş azərbaycanlıların adının olmaması diqqət cəlb edir.

Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyəti ilk dəfə olaraq 2001-ci ilin aprelində bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etmişdir. 4-7 iyul 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq qrupu Azərbaycana səfər etmişdir.

2002-2003-cü ildən etibarən Azərbaycan nümayəndə heyəti Avropa Şurasının müxtəlif tədbirlərində iştirak etmiş, eyni zamanda qurumu təmsil edən müxtəlif nümayəndələr Azərbaycana səfər etmişlər:



  • 8-9 aprel 2002-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın Xarici işlər naziri A.Valionis Azərbaycana səfər etmişdir.

  • 23 yanvar 2003-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması barədə öhdəliklərin yerinə yetirilməsi məsələsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin Genişləndirilmiş Bürosunun iclasında Azərbaycan tərəfindən Xarici işlər nazirinin müavini A.Əzimov iştirak etmişdir.

  • 27 yanvar 2003-cü il – Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili İ.Əliyev Büronun üzvü və AŞPA daxili prosedurasına əsasən, eyni zamanda AŞPA Prezidentinin müavini seçilmişdir.

2004-cü ildə də səfərlər, qarşılıqlı işlər eyni qaydada davam etmişdir. Aprel 28-29-u İlham Əliyev artıq Azərbaycan Respublikasının Prezidenti kimi Strasburqa səfər etmiş və Avropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşmüşdür.

Avropa Şurasının və onun təsisatlarının Azərbaycanla bağlı fəaliyyətinin tərkib hissəsinə müxtəlif məzmunlu bəyanatlar da vermək daxildir. Çünki hər hansı məsələyə müsbət və ya mənfi münasibətini bu bəyanatlar vasitəsilə bildirirdi. Bu bəyanatları Azərbaycan ictimaiyyəti qəzetlər vasitəsilə və saytlardan öyrənə bilirdilər. Bunlardan bir neçəsinə baxaq.

AŞ-dan Azərbaycana ilk tövsiyə”(25) bu məqalədə Avropa Şurasının televiziya ilə bağlı bəyanatından bəhs edilir. Bu bəyanat Azərbaycan üzv qəbul olunduqdan 9 gün sonra göndərilmişdi. Belə ki, Valter Şvimmer “Mingəçevir TV” və “DMR TV” (Balakən) televiziyalarının bağlanmasına görə narahatlığını bu bəyanatda bildirmişdi.

Bu illərdə verilən bəyanatlardan biri isə Ermənistanla bağlı idi.

Ermənistanda fevralın 19-da yekunlaşacaq prezident seçkiləri kampaniyası həlledici mərhələyə keçib. Prezidentlik postuna iddia edən 11 namizədin hamısı Qarabağ probleminin Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin mənafelərinə uyğun həll ediləcəyi barədə hay-küylü bəyanatlarla çıxış edirlər..... Avropa Şurasının baş katibi xatırladıb ki, Ermənistan və Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsini dinc vasitələrlə, bir-birinə qarşı hədə və təhdidlərə yol vermədən nizamlamaq barədə öhdəlik götürüblər... "Ermənistan və Azərbaycanın da məxsus olduğu Avropa etnik, mədəni, dini müxtəlifliyi qəbul edir. Bizim istəyimiz odur ki, Siz də buna əməl edəsiniz" - deyə V.Şvimmerin bəyanatında vurğulanır.(64)

Daha bir bəyanat isə Azərbaycanın AŞPA-nın Azərbaycanın tamhüquqlu üzv kimi iştirak etdiyi ilk plenar sessiyasında verilmişdir. Bununla bağlı xəbərdə deyilir:

Sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış "Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması" adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış "Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları" adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanmışdır.”(69)

Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlı bəyanatlara da tez-tez rast gəlinirdi:

AzTV-nin statusu müxtəlif vaxtlarda mübahisəli məsələ olmuşdur. Avropa Şurası Azərbaycanın öhdəliklərindən biri kimi AzTV-nin ləğv edilməsinin olduğunu bildirib. 2004-cü ildə AzTV-2 telekanalının (2003-cü il president seçkilərindən sonra fəaliyyətini dayandırmışdı) əvəzinə İctimai televiziyanın yaradılması istiqamətində müzakirələr aparılarkən beynəlxalq ictimaiyyət həm AzTV 1, həm də AzTV 2-nin ictimai telekanala çevriləcəyinə ümid edirdi. Həmin vaxtda Avropa Şurası belə bir bəyanatla çıxış etmişdi: “Avropa Şurası Azərbaycan Dövlət Televiziyasının dəyişməsində Birinci (AzTV 1) və İkinci (AzTV 2) kanalların hər ikisinin cəlb olunmayaçağından narahatdır. Azərbaycanın üzərinə götürdüyü öhdəliklər prosesdə hər iki kanalın iştirakını nəzərdə tutur”(64) Növbəti fəsildə Azərbaycan qəzetlərinin məhz bu dövrün mənzərəsini necə işıqlandırmasını nəzərdən keçirəcəyik.



  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə