Musa yaqubun




Yüklə 1.62 Mb.
səhifə1/13
tarix22.02.2016
ölçüsü1.62 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13








Allahverdi EMİNOV
MUSA YAQUBUN

POEZİYASI


Bakı – – 2010

Elmi redaktoru:
professor Tərlan Novruzov

Rəyçi:
filologiya elmləri namizədi, dosent

Aydın Paşayev


Allahverdi Eminov. MUSA YAQUBUN POEZİYASI.

– Bakı: Mütərcim, 2010. – 312 səh., şək.




ISBN: 978 9952 28 0364

© A.Eminov, 2010

© Mütərcim, 2010

1.

MÜHİTİN RƏNGİ:

YOLLAR GERİ QAYIDIR



Bu dəfə «Ön söz» yazmaq fikrindən yayınıram; bəlkə də mənimçün təkrarlığın yapışmaması adətidir. Hətta İnsanın haçansa yenidən – təkrarən dünyaya qayıdışının da tərəfdarı deyiləm: O İnsan zəmanət verərmi ki, fəsadlar törətməyəcək, ilk məhəbbətinə dönük çıxmayacaq, uşaqlıq və gənclik illərinin yadigarını axtaracaq?! Ön söz dırnaqsız daha yaxşıdır – başlanğıca işarədir, necə işə əl qoymağındır. Əsası, yazacağın şəxs barədə, yaradıcıdırsa fəaliyyəti haqqında daxili istəyin olsun. Bir az irəliyə, dərinə getsən – uzaqlardangəlmə istəyin, motivlərin öləziməsin…

Musa Yaqub(ov) adı, soyadı mənə 1959-cu ildən tanışdı. Oxuculara qəribə gəlməsin, amma maraqlı ola bilər. Orta məktəbi bitirmişdim (1958) və gücümü qəbul imtahanlarında sınadım: Müəllimlik məni çox çəkirdi, bir də jurnalistika. Birinciyə həvəs uddusa, qəbulda uduzdu. «Tarix» fənnindən kəsilməyimin özü yaddaşımda bir tarixə döndü. İstehsalata – kolxoza getdim, uşaqlıq dostlarımla birgə: Əkbər Cavadov, Rəsul Kərimov və mən. Hazırlaşırdıq. 1959-cu ildə səhv et­mi­rəmsə qışla yazın qovşağında – martda – yerdə qar yo­xuy­du, yağış boluydu. Dəmiryolu evlərində yaşayırdıq (atam Qır­mızıkənd dəmir yolu stansiyasının rəisiydi), hər səhər sərnişin qatarı (Bakı-Astara) qəzet-jurnalları gətirirdi, poçtalyon gəlib aparırdı. Mən qəzetlərə xırda məqalələr göndərirdim və müntəzəm çıxırdı. «Azərbaycan gəncləri»ndə də həmçinin. Günlərin birində bu qəzetin bir tam səhifəsində şeir nümunəsini gördüm, ardı da vardı. O vaxt belə bir psixologiya aşılamışdılar bizə – böyük həcmli, xüsusilə poemalar, şeirlər məşhur şairlərinki olur. Xəyalımızda bu imzalar reallaşmışdı: S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim – bunlar həm də dərsliklərimizdə vardı. Xatırlayıram o dövrün ədəbi simalarının proqrama salınan əsərlərini: «Bəsti», «Muğan», «Ana və poçtalyon», «Təbrizim», «Lenin», «Pol Robsona məktub»… Deməli, kimindir görəsən bu dolu səhifə şeir? İmzaya baxdım ki, tanımadığım kənd müəllimi, müəllif: Musa Yaqubov. Xatırladım ki, SSRİ-nin paytaxtı Moskvada dünya gənclərinin Ümumdünya festivalı keçirilmişdi: 1956-cı ildə. Azərbaycandan da iştirakçı vardı. Dahi Bülbül Şərq musiqisi üzrə hansısa münsiflər heyətinin sədriydi. Bizdən iki nəfər laureatı yaddaşımda saxlamışam: Müğənni Qulu Əsgərov və nağaraçı Çingiz Mehdiyev (Allah rəhmət eləsin hər ikisinə)… Xatırlamaqda məqsədim var: Musa Yaqubovun «İki qəlb, iki dünya» poeması bu mövzuya həsr edilmişdi. İki müxtəlif dünyanın, ideologiyanın gəncləri bir-birini sevirlər. Poema belə bir mövzudan danışırdı. Sətiraltı məqsəd Güney azərbaycanlılarla qüzeyli – bizim ayrılıq həsrəti…

Ömrə və tarixə bax: Əlli ildən sonra həmin poemanı M.Yaqubun «Bu dünyanın qara daşı göyərməz» kitabında bir də oxudum. Evimizin bir küncünə çəkilib, necə acgözlüklə oxuduğumu xatırladım. Anam iki dəfə çayımı təzələdi: - Alı, - dedi. – Çayını iç, sonra oxuyarsan. – Savadsız anam mənə mane olmadı. Budur, o misralar; təzədən oxuyuram… O misralar bir daha gözümün işığında gümüşləndi.

Bir gün (1959) imtahanlar qurtarmışdı, qəbul da. Pedaqoji İnstitutun Üzeyir bəy Hacıbəyovun adını daşıyan küçədən girirdik məktəbə. Foyedə qara sıx saçlı, qırmızıyanaqlı, orta boylu bir gənclə qarşılaşdım. Təbii ki, qəbuldan, kimliyimizdən, haradan gəldiyimizdən (daha «haralısan?»dan yox) söhbət edirdik. Bu sağlam cüssəli oğlan dedi ki, mən də instituta qəbul imtahanı vermişəm, amma Universitetə girmişəm. – Mən fəhmən soruşdum, dilim dinc durmadı: - Siz şeir yazırsız (halbuki, nə o vaxt, nə də indi bir beyt də şeir qələmimə ilişməmişdir)? Köhnə tanışlar kimi cavab verdi ki, bəli, bir poemam qəzetdə çıxıb, «Azərbaycan gəncləri»ndə. – Gözümün qabağındadı o görüş – sözünü reklam mənasında deməmişdi, mənim marağımla bağlıydı. Bir də gəncliyin özünəməxsus öyünməyi, qürurlanmağı var. – Olmaya?! «Azərbaycan gəncləri»ndə «İki qəlb, iki dünya» poemanı oxumuşam. Musa Yaqubov imzasında. - Başı ilə təsdiq elədi və əlini uzatdı. Mən də cavabında: - Çox həvəslə oxumuşam, - dedim, - bəzi yerləri əzbərləmişəm də. Hələ də onun təsiri altındayam. Heyif, bir yerə düşmədik. Vaxt gələr, görüşərik… Sonralar yalnız qəzetlərdə imzasını görəndə oxuyurdum. Hətta ikinci poeması da işıq üzü gördü; səhv etmirəmsə.

Musa Yaqubla yaxın yoldaş, uzaq dost deyiləm; yəqin ki, bu, mühitlə bağlıdır. İnsan həyatı yollarda: regionlarda, olaylarda, gümanlarda və həqiqətlərdə keçir, başa çatır. Amma əlli ildə xeyli görüşlərimiz olub, barəsində ürəkdolusu danışıblar. Müsahibələrini oxumuşam, bəzisini kəsib saxlamışam. Qələm dostlarım, həmkarlarım bilirlər ki, Musa Yaqubun poeziyasının pərəs­tişkarıyam, şəxsiyyətinə hörmətim dərindir. Yoxsa, bir dəfə söz salardılar, qımırımdan bəlli olardı. «Val»ı dəyişdirək. Heç vaxt belə mənzərə baş verməmişdir. O şəxslər üç nəfərdilər. Birisi istedadlı yazıçı; bu Allah payının üçdə birini də ədəbiyyata verə bilmədiyi Çingiz Ələkbərzadədir. Onunla 1968-ci ildə Əli Bayramlıda (indiki Şirvanda) çıxan «İşıq» qəzeti redaksiyasında rastlaşmışam. Salyanın (ərazicə) Kərimbəyli kənd orta məktəbində ədəbiyyat müəllimiydim. Respublika mətbuatında və «İşıq»da elmi-publisist məqalələrim, oçerklərim çıxırdı. Qəzetin redaktoru, tanınmış jurnalist və mehriban, müdrik insan (o vaxt 30 yaşlarında idi!), bu gün də eşqlə qəzetə başçılıq edən Möhsün Xəlilovdu. İlk məqaləmdən sonra (1965) məni redaksiyaya çağırtmışdı, tanış olmaq istədiyini demişdi. Əyalətdə bu cür intellektual, mütaliəçi ziyalı ilə tanış oldum. Və yüngülləşdim, yaradıcılıq əlaqələrimiz səmimi davam edir. İyun ayı təzəcə başlamışdı. Redaksiyaya gəldim. Möhsün Xəlilov, Sabir Gözəlov, Tapdıq Xudayev, Tofiq Hüseynli(ov), Xeybər İgidəliyev – təxminən əməkdaşlar bunlardı. «İlk və son mahnı» adlı bir hekayə verməliydim qəzetə. Şən, uzun boylu, yaşıl gözlü Sabir Gözəlov (Allah rəhmət eləsin) mehriban qarşıladı adəti üzrə, hal-əhval tutdu. Nə gətirdiyimi soruşdu, hekayəmin adını çəkdim. – Lap yaxşı, - dedi. – Tanıyarsan, yazıçı Əbülhəsənin oğlu Çingiz Ələkbərzadə ədəbiyyat şöbəsinə baxır. Yerindədir. Tanışlığa ehtiyac varsa. – Xeyr, qiyabi tanıyıram, - dedim. Və yan otağa keçdim. Üzü qarşı pəncərəyə oturmuş Çingizi görəndə, təzəcə nömrəsi çıxmış «Ulduz» jurnalında «Ay bəri bax» hekayəsi başlanan səhifədəki şəklini xatırladım. – Tanışlığımız sakit tərzdə, sanki bir-birimizi neçə illərdir tanıyırıq ovqatında getdi. Kərimbəyli məktəbində işlədiyimi (imzamın altında yazmışdım) oxuyanda iri ala gözləri böyüdü, saçına sığal çəkdi. Sifətində diyirlənən tər damcılarını qırışmış dəsmalla sildi. – Allahverdi, - dedi və üzümdə nəzərini saxladı. – Şair Əfrayıl Məhərrəmov bu məktəbdə dərs deyib. Əla oğlandı, əla da şairdi, bir oxumuşuq universitetdə. Yəqin «Azərbaycan» jurnalında çıxan silsilə şeirləri ilə tanışsan. – «Günəş nəğmələri»dir. – Cavabım Çingizin xoşuna gəldi. – Yaxından münasibətimiz var, iki dəfə Kərimbəylidə qonağımız olub.

Çingiz gülümsündü: - Qonağın olar, - dilləndi. – Çay içmək üzrə yüksək sənətkardır. «Əliviy-əla»nın da müəllifidir! – Qarşısındakı üç səhifəlik hekayəmi əlinə aldı. O qədər də səliqəli yazılmayan makina variantının bir əvvəlinə, bir də sonuna baxdı, yuxarıdan xırda hərflərlə: «Çapa» sözunü yazdı. – İndi asılıdır Möhsün müəllimdən, - dedi. Elə bu ara Sabir Gözəlov içəri girdi, saatına baxdı. – Fasiləyə az qalıb, Allahverdiylə çay qonaqlığı necədir? – Qıvrımsayaq sarıyaçalan saçlarına ovcunun içində tutduğu daraqla sığal çəkdi, darağı üfürüb köynəyinin cibinə qoydu.

Çingiz müəllim etiraz eləmədi. Redaksiyadan çıxdıq Sabir Gözəlovla, az sonra Çingiz Ələkbərzadə bizə qoşuldu. Redaksiyaya yaxın olan (onda redaksiya köhnə şəhərdə, mərkəzi yolun sağ tayında birmərtəbəli binada yerləşirdi. Girişin solunda ilk qapı baş redaktorun kabinetiydi) Kür çayında, bir qədər içəri uzanan yerə getdik. Çay bəhanə oldu, bir «qədimi», boyca balaca, təsircə yetərli «Russkaya vodka»nın arxasını yerə vurduq. Və çayladıq. Onlar redaksiyaya, mən Kərimbəyliyə qayıtdım. Növbəti həftə hekayə dördüncü səhifədə çıxmışdı… Bəli, Çingiz Ələkbərzadə ilə o gündən münasibətlərimiz Bakıda da səngimədi (həmin ili mən aspiranturaya girdim əyanisinə. Olduq «üçlük»: Əfrayıl, Çingiz və mən). Digəri mənim tələbəm (şagirdim), şair-publisist, narahat müəllim Cəfər Cəfərliydi. O, Əli Bayramlı Pedaqoji Texnikumunu bitirib, fəhlə yataqxanasında tərbiyəçiydi, eyni zamanda şəhər radiosunda (baş redaktoru, jurnalist Həsənağa Səmədovdu. Allah rəhmət eləsin) müxbir kimi fəaliyyət göstərirdi. Aspirant illərimdə mütəmadi Əli Bayramlıya gələrdim və Cəfərdən ayırmadığım üçüncü deyəcəyim, Musa Yaqubun alovlu pərəstişkarı, ixtisasca işıq mühəndisi Səbirağa Həsənovla məni tanış etdi. Bizə az sonra istedadlı teatrşünas, şair-dramaturq Miryusif Manafov (son illər qəzəl dəsti yazıbdır) qoşuldu. Əsl azadlıq illərimizi yaşayırdıq. Dünya yerindəydi, insanlar ürəklərindən ayrılmamışdılar, riyakarlıqdan uzaqdılar… İşdən sonra şəhərdən kənara çıxırdıq, üzü Sabirabada, Saatlıya, Salyana. Cəfər Cəfərli şeir yazsa da, o qədər büruzə vermirdi (bu gün də), təkidlə bir-iki lirik şeir oxuyurdu. Dilində Musa Yaqubun şeirləriydi. Bəzisinin adları hafizəmin qonağıdır: «Dağlar çox qəribə olur gecələr», «Payız duyğuları», «Dünyadan bir görünüş».

Mən Cəfəri anlayırdım, müəllimdi, şairdi, poeziya adamıdı, şairlərdən pərəstiş payına Musa düşmüşdü. Bəs, Səbirağa Həsənov mühəndis necə? O ki tamam başqa sahənin yolçusudur! Canında aktyorluq çaları olan, məlahətli, həzin səsə malik bu insan məni ilk günlərdən valeh etmişdi. Yumora laqeyd qalmayan Səbirağa azca ovqata gələndə əlini yuxarı qaldırardı: - Dayan Cəfər, sus Miryusif, Musa Yaqubdan deyəcəyəm və başlayırdı ovqat məclisinə müvafiq şeirlərini əzbərdən deməyə. Bir nümunə: «Dağlar qəribə olur gecələr» şeiri dilindən düşmürdü. Obraza girirdi mühəndis Səbirağa. Səsini eşidirəm, özü aramızda yoxsa da:


O nədir, üfüqə qar düşüb elə,

Bir cuna göylərdən asılıb qalıb.

Girib ünsiyyətə qaranlıq ilə,

Dərələr ucalıb, zirvə alçalıb.

Kahalar ətrafa qaranlıq ələr,

Dağlar çox qəribə olur gecələr.

Bir şirin yağışdan gəlib həvəsə,



İstərəm mən də bir dincəlim yatım.

Bu böyük yuxunun önündə nəsə

Kiçik yuxusundan utanır adam.

Yəqin ki, nəhənglər belə dincələr,

Bəlkə də ucalıq belə dincələr…

Dağlar çox qəribə olur gecələr!
Mən o vaxt (1969) şeirin yazılma tarixini bilmirdim və buna ehtiyac duymurdum. Sonralar «Bu məhəbbət yaşadır məni» şeirlər kitabını (1970) oxuyanda 1969-cu ildə qələmə alındığını bildim. Deməli, Səbirağa Musa Yaqubu müntəzəm izləyirmiş! Görəsən, bu gün poeziyanı qavrayıb sevən mühəndislərimiz, iqtisadçılarımız, həkimlərimiz varmı? Tək-tük – buna da şükür!

Yeri gəlmişkən Səbirağa Həsənovdan keçmiş zamandan danışmaq çətindir mənə. Son dəfə 1998-ci ildə bir toyda görüşmüşdüm. Neçə ildi rastlaşmırdım. Ona söz verdilər – natiqliyi vardı – nəsr girişindən sonra keçdi şeirə və Musa Yaqubdan bir şeir söylədi. Üzünü mənə çevirdi, əliylə yanına çağırdı. Əllərini sıxdım. Zarafat gəlməsin – iyirmi beş ilə yaxındı onunla görüşmürdüm, Musa Yaqublu ovqatından xəbərsizdim. Qayıtdım o illərə, fürsətdən istifadə edib, Səbirağanın qulağına pıçıldadım ki, o 60-cı illərinki olsun, nəsə ürəyim atlandı. – Qayıdaq o çağlara, əzizim, qayıdaq sən Allah. – O, ani xəyala getdi, nurlu sifətində qəndillərdən süzülən işıq oynaşırdı. Yaşıla çalan gözləri mənə zillənmişdi, güman, şeir «seçirdi». – Hə, Allahverdi, - pıçıldadı, - deyəndə yadına düşəcək və irəli yeridi, ətrafında sakitlik yarandı, şəhərdə nüfuzunu qorumuşdu.


Burda hər meşənin min cür ağacı,

Burda hər ağacın yamyaşıl tacı.

Burda hər tac üstə sarmaşıq saçı,

Hər saçın küləkdən darağı vardır
Burda hər budağın şeyda bülbülü,

Burda hər bülbülün qönçə bir gülü.

Burda hər qönçənin yaşıl bir tülü.

Hər tülün xırdaca saçağı vardır.
Burda hər yamacın çiçəkdir daşı,

Burda çiçəklərin şehdir göz yaşı,

Burda şeh damlası bir üzük qaşı,

Hər qaşın qızılı qurşağı vardır.
Burda qayaların daşdır suvağı,

Burda hər daş üstə qartal caynağı.

Caynaqlı hər daşın bir buz bulağı,

Burda hər bulağın qonağı vardır.

Harda bu saydığım gözəllik olsa,

Orda Azərbaycan torpağı vardır.
Məclis titrədi. Sən demə, Musa Yaqubun başqa pərəstişkarları da varmış…

Dünya niyə bu qədər vəfasızmış? Bəlkə təqsir biz insanlardadı, özümüzü qoruya bilmirik, canavarsayağı parçalayırıq «dişsizləri», yazıqları, kimsəsizləri, səbəbi? Vəzifə, Sərvət toplamaq hissləri!

Nə yaxşı, həmişə belə olmur. Musa Yaqub Səbirağa Həsənovun sağlığında, yaşının oğlan çağında «Dünyadan bir görünüş» şeirini «mühəndis dostu Səbirağaya» həsr etmişdir. Bu şeirdən xəbərsizdim. «Mənim kainatım» kitabını (1975) vərəqləyirdim, həmin şeirə rast gəldim. Həzin və mətləbli poetik nümunədir.
Ayağım altında isindi torpaq,

O buğlanan yamac od-ocağımdır.

Bir qədər qayğıdan, sərtlikdən uzaq,

Sevgiyə, duyğuya yaxın çağımdır.

Damla almaz-almaz tutub güneyi,

Çiçəklər başını salıb aşağı.

Mən hardan taparam bu sakitliyi,

Mən hardan taparam bu sakitliyi…
Və son misraları:
Salam, qoca dünya,

Milyardıncı il!

Mənim alqışımı al dönə-dönə.

Yanında ömrümüz bir an da deyil.

Bir anın alqışı yetərmi sənə?

Ay baxımlı dünya, sən yaşa yenə!
Dünya yerindədir, dəyirman kimi «üyüdür» insanları. Və yenisini gətirir, yerini doldurur. Şairin və bizim dostumuz Səbirağanı da «uddu» bu dünya, barı, Musa Yaqubdan, sevdiyi şairdən əbədi bir şeir yadigar qaldı…

Bu ekskurs oxucularda xatirələrin oyanışı təsiri bağışlamaq üçün bir priyom deyildir; yaradıcılıq prosesi bütün sferalarda, o cümlədən, elmdə də nəyləsə motivləşir, qaynaqlar yalnız maddi faktlara söykənmir. Yazanın daxili istəyi, içində dolaşan narahatçılıq, yazıya başlamaq ehtiyacı və yetəcəyi məqamlar və s. sadə təsirli olmur. Gərəkdir ilk növbədə, yazdığın subyektin yaradıcılığından öncə şəxsiyyəti, sonra ədəbi (yaxud elmi) məhsulları səni silkələsin, nigaran situasiyalara gətirsin… Mən söylədiklərimi bəlkə də heç dəftərə köçürməyəcəkdim, əgər ehtiyac yox idisə. Amma çoxdan idi bu zövqümdə Musa Yaqubun poeziyasına baş vurum. Əlbəttə, bütöv halda. «Azərbaycan» jurnalının bir nömrəsində (2009, 2) şairin şeirlərini oxumuşdum, bəzi qeydlər aparmışdım; təzədən jurnalın həmin nömrəsi əlimə keçdi (təsadüfdümü?), maraq bir də onda idi, əksəri payız fəslində yazılmışdı. «Ağ gül, qırmızı gül, bir də sarı gül» və «Tənha bir gün» şeirləri tutdu məni. Birinci şeirin adaşı xalq mahnısı oxunur, xorla daha yaxşı səslənir, solosu mərhum əməkdar artist Salmanov Məmməddə yaxşı alınır(dı). Şeir tamam başqa ovqatla qələmə alınmışdır. Mahnılarımızın ümumiləşmiş dadını, rəngini və səsini poetikləşdirir:


Bir də tar-kamanı gətir oxusun,

Bülbül gül iyləsin, ətir qoxusun.

«Sona bülbüllər»i Qədir oxusun,

Ucalsın göylərə zil mahnıları,

Mixəyi ləyəndə bitir yenidən,

Bu mixək, bu xına, hil mahnıları,

Bu xalq mahnıları, el mahnıları.
«Tənha bir gün»ü bu dəfə oxuyanda, vallah, özüm də tənhalaşdım, özümə yadlaşdım. Şairin haqqı çatır tənhalığından gileylənməyə, axı, tək qayalıqda bitən vələsi də, qoca palıdı da yel aparanda tənhalığından gileylənməyə dəyər. Bəs bu şəhərdə, bir zaman Buynuzdan gəlib Bakıda uyuşmayan Musa Yaqub, doqquzuncu mərtəbədə təsəllisiz tənhayam – bu ömür taleyimə çıxıbdır. Bəs mən nə edim? Şeir yazmaq əlimdən gəlmir, bir-iki misra ilə canımı qurtarardım tənhalıqdan, söhbətləşərdim. Amma vərdiş eləmişəm, belə dəqiqələrimdə – içimdən payızlaşanda üzümü poeziyaya tuturam, təsəlli tapıram. Nə isə. Şair, verdiyin sualın cavabı bəllidir, çarəsi də var:

Görəsən, mən niyə tənhayam, təkəm,

Mən gərək yanımda bir ağac əkəm,

Əllərim isinsin budaqlarıyla,

Silim gözlərimi yarpaqlarıyla.

Bir az da mehriban, bir az da həlim,

Hamar gövdəsini oxşasın əlim.

Gah mən ağac olum, gah da o insan,

Ömür ağacımla qolboyun olsun,

Bu da ömrümüzdə bir oyun olsun.
Nə isə, bir ömürdür, hər kəsdə taleyi qismətində yaşayır. Necə ki:
Görəsən, tək durnam harda uyudu?

Kəkliyim yetdimi qaya başına?..

Sulanan zəminin artıq suyudu –

Buraxdım ömrümü başdı-başına…
Yaradıcılıq psixologiyası qəribəliklərlə zəngin aləmdir. Bir xeyli elmi, publisistik məqalələr yazdım məzuniyyətəcən, sonra. Sonra da «dayandım», sanki içərim boşalmışdı, suyu süzülmüşdü, boşluq qalmışdı. Ancaq yazmaq istəyi hansı mövzudasa beynimdə əks-səda verirdi. Yox, əbəsdi, məndən asılı deyildi, «icazəsiz-filansız» yazı masamın arxasına keçim; mümkünsüzdü, istəməzdim onun arxasında balaca görünüm, ürəksiz olum. Heç vaxt buna imkan verməmişəm. Sən demə. İlahinin qüdrətinə bax, televizorda təkrarən Musa Yaqubu «Ovqat»da gördüm, təkdim, səhərin küləyi istini qovmuşdu, sərinlik üzümə vururdu. Musa Yaqub poeziyası ruhuma çilənirdi, ovqatıma sığınırdı. Nə yaxşı bəhanə yetişmişdi!

Mühit tarixlər boyu yaradıcı şəxsiyyətlərin inkişafında, formalaşmasında əsas amil sayılmışdır. Çün, mühit özündə müxtəlif ideoloji prinsipləri, qabarmaları və çəkilmələri, insanların müxtəlif psixologiyalarını və ilaxırı özündə ehtiva etmiş sosial-əxlaqi və siyasi proseslərdən kənarda qalmamışdır. Mühitdə doğulan, yaxud kənardan gələn yaradıcı şəxs uyuşmaya da bilir, yaxud əksinə – əriyib qarışır. Bütün bu sferalarda fərdin (şairin, yazıçının) dünyagörüşü, davranışı (əxlaqı) çox şeydir. Konkret, şairə gəldikdə, bu yaradıcı tipi fərqləndirmək lazım gəlir. Məsələn, şair var satirikdir, ətrafında baş verən mənfi hallara, pis insanlara və sairəyə biganə qalmır, qamçılayır, mikromühitdəki adamları ayıq salır, nəhayət makromühiti tərpədir, «yuxarının» ideologiyasına qarşı nifrət hissi yaradır. Məsələn, M.Ə.Sabir və A.Səhhət eyni mühitdə yaşayırdılar, yaş fərqləri də çox deyildi. Sabir satira ustası idi, dövrünə ciddi satira və yumorla yanaşırdı. Məişətçilikdən uzağa getmirdi. Bakı mühitinə düşəndə yaradıcılığı bəşəriləşdi, beynəlxalq arenaya çıxdı və yaxın Şərqdə belə, məşhurlaşdı. Səhhət isə lirik-epik şairdi, Sabirdən fərqli olaraq intellekt sahibiydi, çox gəzmişdi. Amma fitrətində şairlik vardı və lirik, epik şeirlərini yazdı da, məşhurlaşdı da. Savad, dünyagörüşü ona rus dilindən gözəl şeirləri tərcümə etmək ehtiyacı doğurdu… Mühit şair üçün yaşadığı (əslində doğulduğu) məkanın – kəndmi, şəhərmi – havasından, qımırından, insanlarından, bir sözlə, düşdüyü (əslində yaşadığı) ətraf aləmdən başlayır. Təbiətin iddillik mənzərəsi, bu təbiətin «doğduğu» insanlardakı mənəvi saflıq, zahiri sağlamlıq (sağlam bədəndə sağlam ruh olur) ilhama qida verir, doyuzdurur, paklaşdırır. Təbiətə yalnız gözəllik obyekti nəzərində baxmamalıyıq; o, dünyanın ulu fəlsəfəsini özündə əks etdirir, qabiliyyətin varsa, bu hikməti «oxu» və ondan öyrən. Əgər şairin vücudunda təbiətin möcüzələrini qavramaq, poetik dildə danışdırmaq istedadı yetərlidirsə – böyük şair olmaq üçün çətinlik yaranmayacaqdır. Təsadüfi deyil ki, böyük təbiətşünaslar, estetiklər K.A.Timiryazev, N.Q.Çernışevski, H.B.Zərdabi təbiətə mövqeyimiz baxımından yüksək qiymət vermişlər. Bir az da mətləbə yaxınlaşıram. A.P.Çexov yaradıcılığının təkamülündə təbiətin rolunu vurğulamışdır: «…təbiətin özü qeyri-bərabərliyə dözmür; təbiət zərurət qarşısında qaydalardan kənara çıxmağını, münasib imkan olduqca düzəldir və mürəkkəb orqanizmə doğru gedərək o, qeyri-bərabərlik, nüfuz üçün lüzum görmür… Təbiətə gərək mane olmayasan – bu, ağılsızlıqdır… Təbiət insana kömək edib, Nfuton kimi zəkadır, mükəmməl orqanizmə yaxın zəkalar yaratdığı kimi, təbiətə də kömək etmək lazımdır». Uzun görünə bilən bu iqtibasda həqiqətlərin «açılışına» yer qalır: Təbiət heç vaxt qeyri-ahəngə dözmür – harmoniyaya can atır. Təbiət bitkin (mükəmməl) orqanizm, varlıq yaradır – sağlam adam. Təbiət bütün canlılarda bərabərlik görmək istəyir. Musa Yaqub da Məmləkətimizin dilbər guşəsində – İsmayıllı meşələrində, həzin dağlarında, qayalarında, onun bir parçası Buynuz kəndində dünyaya göz açmış, böyümüş və şairləşmişdir. Bir tərəfdən, təbiətin fəlsəfəsini əvvəlcə duymuş, mənimsəmiş, sonra intellektinin ixtiyarına vermişdir. Digər tərəfdən, təbiət onun vücuduna – orqanizminə sağlam dəyərlər bəxş etmişdir: Təbiətin adi bir parçası ona möcüzə bağışlamışdır – ovqata gətirmişdir. İlk şeirləri elə təbiətin «bətnindən» doğulmuş və sözə çevrilmişdir:
Baxdım sularına könlüm soraqda,

Getdim, o mənzərə qaldı uzaqda.

Bitirdim şerimi bir ağ varaqda

Şəlalə bir şirin söz oldu getdi.
Musa Yaqub doğulduğu Buynuz kəndini dünyanın mərkəzi hesab edir. O, təvazökarlıq eləyib bunu deməsəydi əgər – onunla razılaşmazdım. Hər bir insan üçün anadan dünyaya gəldiyi məkan fövqəl bir yerdir. Bu sevgini bir zaman biz nəslə aşılamışdılar: ailədə və məktəbdə. Təəssüf, indiki gənc nəslə bu həqiqət çatmır. Günahı yalnız özündə axtarmalıdır belə fikrə düşənlər. Unutmayaq ki, həyat onu öyrənmək, anlamaq istəyənlər üçündür, bir şərtlə, «fikir» anlamı olsun. Yox, o fikrə gəlməyibsə… Onun doğulduğu yer – məkan yoxdur, mənfi mənada laməkandır. Musa Yaqubun tərcümeyi-halını sadalamaq fikrim yoxdur, lakin bir halda onun əhatəsində oduğu mühitdən danışıramsa, bəzi detalları, faktları deməliyəm. Buynuzda doğulan (1937), Babadağdan hava udan Musa atasını 9 yaşında ikən itirmiş, qeyrətli anası Rəbiyənin himayəsində böyümüşdür. İbtidai məktəbi 3 ilə başa vurmuşdur. Hətta təhsilinə ara vermiş, ailəni müharibədən sonra dolandırmaqda anasına kömək etmişdir. Elə olurdu kənddəki Buzəvənd yurdunda günlərlə qalmış, lazımi əmək işlərini görmüşdür. Maraqlı odur, Musa Yaqub atalı-atasız, analı xatirələrinin təsirindən «Zülmün nağılı», «İndi desəm nağıldır» poemalarını qələmə almışdır…

Musa Yaqub yeddiilliyi Topçuda bitirdi, uzaq bir kənd məktəbində qalan üç sinfi də oxudu və Göyçay Pedaqoji Texnikumunda müəllimlik ixtisasına yiyələndi. Tircan məktəbində işlədi. Əllinci illərdi, asan başa gəlməyən zamandı: maddi və mənəvi çətinliklər nədənsə bu «Sovet xalqının» boynundan 70 il bir üzü qara medalyon olub asılmışdı. Amma şair doğulmuşlara aid deyildi: Yaşlı, orta (Musa Yaqub nəslinə qədər) şair nəsilləri firavan yaşayırdılar. Sovet hökuməti onlara hər cür şərait yaradırdı. Baxaq o şairlərin şeirlərinin yazılma məkanlarına: SSRİ-nin ən gözəl sanatoriyalarında, yaradıcılıq evlərində… hər misranın öz maddi dəyəri, hər kitabın qiyməti!.. Musa Yaqub şair olacağını planlaşdırmamışdı, içində yaranan ilahi vergidən də xəbərsizdi. Hələlik oxuduğu mühit bunu diqtə eləmirdi. Buynuz kənd məktəbi şairin poeziya meridianına gəlməsini onun özündən dürüst dəqiqləşdirəni yoxdur. Musa Yaqub yazır: «Altıncı sinifdə oxuyurdum. Özü də bir az babat sayılan şagirdlərdən idim. Bir gün böyük tənəffüsdə məndən bir sinif qabaqda oxuyan Sabir adlı oğlan (o, indi traktorçudur) uşaqları başına yığıb öz yazdığı şeiri oxumağa başladı. Biz hamımız onu alqışladıq. Amma məni birdən-birə bir qibtə hissi bürüdü. Və o gündən başladım dərslikdə keçdiyim Koroğlunun qoçaqlığını, Qıratın tərifini yenidən özüm bildiyim kimi nəzmə çəkməyə. Sonra bu həvəs yatdı. Göyçay Pedaqoji Texnikumunun üçüncü kursunda oxuyanda bir də oyandı…» Biz bu təəssüratda «qibtə» hissini unutmayaq; bu həm də «iddialılıq» duyğusunu oyadır. Az sonra Göyçay rayonu, mərkəzi təhsil ocağı – pedaqoji mühiti – Buynuz kəndindən xeyli uzaqlaşmışdı. Musa Yaqubun etiraf etdiyi kimi: Texnikuma gələn aktyorların birinin dilindən Səməd Vurğunun «Şair, nə tez qocaldın sən» şeiri bir növ poetik stimul oldu. Əvvəla, şeir son dərəcə həzin, kövrək və şairin özünə gileyidir ki, sualı verir: «Şair, nə tez qocaldın sən?» Və sosial-mənəvi sual gənc Musanın içini silkələyir: «Bütün vücudum yenidən titrədi (axı, bir dəfə həvəs oyanmışdı –
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə