MÜNDƏRİcat




Yüklə 331.55 Kb.
səhifə2/3
tarix22.02.2016
ölçüsü331.55 Kb.
1   2   3

TƏBİİ ŞƏRAİTİNİN TƏSƏRRÜFAT BAXIMINDAN QİYMƏTLƏNDİRİLMƏSİ.


I.Geoloji quruluşu, relyefi və faydalı qazıntılarının

təsərrüfat baxımından qiymətləndirilməsi.
Azərbaycan Respublikasının ərazisinin fiziki coğrafi rayonlaşdırılmasına əsasən Dağlıq Şirvan iqtisadi rayonu Böyük Qafqaz vilayətinin Şamaxı və Qobustan-Abşeron rayonları ərazisində yerləşir. Böyük Qafqazın cənub yamacı zonası Girdimançay dərəsindən şərqə xeyli genişlənərək Şamaxı-Qobustan sahəsini əmələ gətirir. Böyük Qafqaz meqantiklinoriumunun cənub-şərq batımı sahəsinin ən böyük struktur elementlərindən olan Şamaxı-Qobustan cinklinoriumunun cənub sərhəddi Ağıçay-Ələt dərinlik qırılması üzrə keçir. Şamaxı-Qobustan sinklinoriumu cənub-şərq istiqamətində genişlənir və bu istiqamətdə onu təşkil edən çöküntü kompleksinin yaşı və tərkibi dəyişir.

Sinklinoriumun qərb hissəsində təbaşir, palesgen, neogen, şərq hissəsində isə neogenin qalın çökmə süxur kompleksləri (gillər, qumdaşları, əhəngdaşı) geniş yayılmışdır.

Şamaxı-Qobustan alçaqdağlığının oroqrafik quruluşunun ən görkəmli elementləri qərbdə (Girdmançaydan Mərəzəyə qədər) geniş yaylalar (Gürcüvan, Şamaxı, Mərəzə yaylaları) və alçaq tirələrdir.(Meysəri tirəsi). Şamaxı yaylasından şimalda isə daha geniş və terraslı çaydərələri ilə kəsilmiş Qızmeydan yaylası (1000-1400 m) yerləşir. Şərqdə bu oroqrafik sahələri Qobustan əvəz edir. Burada qısa və alçaq assimmetrik quruluşda tirələr (Qayıblar, Şayıblar, Atyol, Böyük Siyəki, Boyanata və s.) əksərən dairəvi formada sinklinal platolar (Kiçeli, Donuzluq, Böyükdaş və s.), çökəklər (Ceyrankeçməz, Pirsaat, Qaraibad və s.) və çoxsaylı palçıq vulkan dağları relyefin əsas formalarıdır. Qırışıqlı-denudasion Şamaxı yaylası mövqeyinə görə Böyük Qafqazın cənub (cənub-şərq) morfostrukturlarına aid edilir. Yayla qərbdə Girdimandan şərqdə Gicəki (əslində Mərəzə) yaylasına qədər 70 km məsafədə uzanır. Şimalda Meysəri tirəsi, Sündü-Qurbançı sinklinal yaylası ilə cənubda isə Lənkəbiz tirəsi ilə əhatələnir. Şamaxı yaylası planda Qanıx-Əyriçay və Acınohur alçaqdağlığının şərqdə davamını təşkil etsə də, inkişafına morfostruktur xüsusiyyətlərinə görə onlardan ciddi fərqlənir.

Şamaxı yaylası əsasən paleogen-neogenin (sarmat əsri də daxil olmaqla) qırışıqlığa yığılmış gil qatlarından, qismən qum və əhəng daşı yaylarından əmələ gəlmişdir. Bu qırışıqlıq miosenin sonu və pliosendə (akçaqıl əsrinə qədər) denudasiya prosesləri ilə kəsilib dağılmışdır. Akçaqıl əsrində isə dəniz transqressiyası zamanı qırışıq strukturlar yerində şelf düzənliyi yaranmış və burada akçaqılın əhəngli qumdaşı layları donudasion abrazion səthi örtmüşdür.

Dördüncü dövrdə (əslində Abşeron əsrinin ikinci yarısından başlamış) bütün ərazi zəif diferensial qalxmaya məruz qalmış və beləliklə, əslində hipsometrik və struktur xüsusiyyətlərinə görə yeni bir morfostruktur-yayla əmələ gəlmişdir. Bu qalxma prosesində Ləngəbiz tirəsini təşkil edən yuxarı pliosen çöküntüləri qırışıqlığa məruz qalmış və cənubdan Şamaxı yaylasına söykənmişdir. Tirə Şirvan düzünün şimal kənarından 600-800 m, Şamaxı yaylası səthindən isə cəmi 100-200 m-ə qədər yüksəlir. Dördüncü dövrdə tektonik hərəkətlərin zəif də olsa, ərazi diferensasiyası nəticəsində yaylanın ayrı-ayrı sahələrində 200-300 m-ə qədər çatan hündürlük fərqi yaranmışdır.

Sulutçay hövzəsində Şamaxı yaylasının şimal-şərq hissəsi Basqal tektonik örtüyü qalıqları saxlanmaqla Nealdağ silsiləsinə söykənir, şərqdə isə Qobustan qırışıqlığı morfostrukturuna keçir. Qobustan qırışıqlı, alçaqdağlı və düzənlikləri Böyük Qafqazın cənub-şərq batımı vilayətində geniş bir ərazi tutur. Şimalda əsasən təbaşir və palesgenin, mərkəz və cənub hissədə isə miosen və pliosenin gil, qumdaşı və əhəngdaşı laylarından qurulmuşdur. Göstərilən çökmə süxur kompleksləri qırışıqlıqda iştirak etməklə bir sıra antiklinal və tirələr və sinklinal dərələr əmələ gətirir. Qobustan sahəsi üçün ən geniş yayılmış morfostruktur tipləri yuxarəda göstərildiyi kimi antiklinal və monoklinal tirələr, sinklinal dərələr, muldalar və platolardır. Antiklinal tirələrə Ələt tirəsi, Böyük Hərəmi, Keçiqaya, Dəvəlidağ, Atyal, Zigirdağ, İlxıdağ, Şaxandağ və bir çox başqaları tipik misaldır. Monoklinal tirələr Qayıblar, Şayıblar, Böyük Siyəki, Boyanata və bir sıra başqaları assimmetrik quruluşlu tirələrdən ibarətdir. Cinklinal platolara Qərbi Qobustanda Gicəni, Donuzlu, Şimali Qobustanda Böyük Siyəki və s. platolar daxildir. Bunların bəzilərinin səthi düz, yaxud zəif maili, bəzilərininki batıqlar formasındadır.

Qobustanda inversion morstrukturlara da rast gəlmək mümkündür. Bu axırıncı hal Şıxıqaya antiklinalı sahəsində özünü tipik göstərir. Bu qısa və ensiz, demək olar ki, simmetrik quruluşda antiklinalın qanadlarında yatan denudasiyaya davamlı qumdaşı yaylaları ilə tipik monoklinal tirələr əmələ gətirmişdir. İnversion relyefə həmçinin antiklinal struktur yerində əmələ gəlmiş Böyük Yasamal dərəsi, Korgöz-Şaqqar dərəsi, Gənciçayın və onun qollarının bəzi hissələri misal ola bilər. Şamaxı və Qobustan ərazisində palçıq vulkanları xüsusi morfostruktur tipi kimi geniş yayılmışdır. Palçıq vulkanları sahəsində istər böyük (hündürlüyü 100 m-dən çox), istərsə də olduqca kiçik (hündürlüyü bir neçı metr) zirvəsi kəsilmiş konusvari təpələr və dağlar inkişaf etmişdir. Palçıq vulkanlarının hamısı relyefdə aydın görünən relyef forması əmələ gətirmir. Bunlardan Şamaxıda Çarhan, Göylər kəndləri ərazisində 50-yə qədər müxtəlif böyüklükdə palçıq vulkanı konusu vardır ki, bunun çoxu fəaliyyətdədir.

Fiziki coğrafi rayonun tektonik quruluşunun mürəkkəbliyi, pozulma və sınmalar burada yüksək seysmik ocağın yaranmasına səbəb olmuşdur. Bu rayon nəinki Azərbaycanda, hətta Böyük Qafqazda belə ən qüvvətli zəlzələ sahəsidir. Ona görə də Şamaxı şəhəri və ona yaxın ərazilər doqquz ballıq, ondan qismən aralı sahələr isə səkkiz ballıq seysmik zonaya aid edilmişdir. Şamaxı şəhərində və ona qonşu ərazilərdə tez-tez güclü yeraltı təkanlar baş vermişdir ki, bunlardan 1668, 1670, 1869, 1872, 1902, 1970, 1972 və s. illərdəki dağıdıcı zəlzələləri göstərmək olar. Qobustanda yarğan və qobular, qapalı (axarsız) çökəklər, sol relyefin müxtəlif formaları, karst prosesləri və s. geniş yayılmışdır. Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun ərazisində sürüşmələr, uçqunlar da tez-tez baş verir.

Ərazidə relyef müztəlifliyi nəticəsində bir-birindən fərqlənən aşağıdakı şaquli qurşaqlar mövcuddur ki, bunlar da özünəməxsus surətdə örazinin məskunlaşma və mənimsənilmə səviyyəsinə, eləcə də bu qurşaqlara uyğun ayrı-ayrı təsərrüfat sahələrinin yerləşməsinə təsir göstərir:

1.Ovalıq (düzənlik) qurşaq;

2.Dağətəyi və orta dağlıq qurşaq;

3.Yüksək dağlıq qurşaq.

Düzənliklər rayonda geniş ərazi tutur. Bura Qobustan ərazisinin demək olar ki, hamısı, Şamaxı və Ağsu rayonunun cənubunun xeyli hissəsi aiddir. Bu zonanın relyefinin əsasən düzən xarakteri burada məişət və təsərrüfat obyektlərinin tikintisinin, nəqliyyat yollarının, kəmərlərin, rabitə xətlərinin və s. çəkilişini xeyli asanlaşdırır, onların maya dəyərini azaldır. Bununla belə ərazinin geoloji xüsusiyyəti nəticəsində burada yayılmış süxurların (əhəngdaşı, gil, qumdaşı və s.) ekaogen qüvvələri (xüsusilə yeraltı və səth suları, külək və s.) təsirilə fəal erroziyaya uğraması bir sıra problemlər də yaradır. Burada səth sularının açdığı geniş və mürəkkəb dərələr, yeraltı suların süxurları yuması nəticəsində yaranan çökmələr küləyin təsiri ilə yaranmış yarğanlar, qobular və s. ərazinin mənimsənilməsini xeyli çətinləşdirir. Bu zonanın iqlim şəraiti çox yerdə süni suvarma olmadan bir çox bitkiçilik sahələrinin yerləşdirilməsinə imkan vermir. Süni suvarma şəraitində burada taxılın, üzümün, tərəvəz və bostan bitkilərinin bir sıra meyvələrin yüksək məhsulunu almaq mümkündür. Ağsu rayonunda bu qurşaq hüdudlarında süni suvarma şəraitində texniki bitkilərdən pambıq becərilir. Bu zonanın düzən relyefi və burada təbii halda yarımsəhra landşaftı bitki örtüyünün yaxşı inkişafı bu sahələri heyvandarlıq üçün qiymətli qış otlaqları edir. Bu qurşaq respublikanın ən qiymətli qış otlaqlarından hesab edilir.

Rayonun əsas magistral avtomobil yollarının çox hissəsi bu qurşaq hüdudlarındadır. Rayonda mövcud olan dağ-mədən sənaye müəssisələri də əksərən bu qurşaqdadır.

Dağətəyi və orta dağlıq qurşaq əsasən İsmayıllı rayonunun çox hissəsini Ağsu və Şamaxı rayonlarının düzən ərazilərini çıxmaqla qalan hissəsini və Qobustan rayonunun əsas şimal və şimal-qərb zonalarını əhatə edir. Azərbaycanın dağlıq ərazilərinin sakinləri qədimlərdə çaydərələrinin terrasları iləyanaşı dağüstü düzənlikləri (platoları-düzəlmə səthlərini) də özlərində məskun etmişdilər ki, bunlara tipik misal olaraq Çuxuryurd (1000-1300 m) və Şamaxı (600-800 m) düzəlmə səthlərini göstərmək olar. Dağlıq Şirvan iqtisadi rayonunun əkin-biçin sahələrinin və yaşayış məntəqələrinin xeyli hissəsi məhz hüdudlarındadır. Rayonun respublika əhəmiyyətli magistral avtomobil yollarının çox hissəsi bu qurşaqda yerləşir və bunlar iri yaşayış məntəqələri boyunca yerləşmişdir.

Rayonda əkinçilik üçün ən yaxşı sahə bu qurşaq sayılır. Burada dəmyə şəraitində taxılçılıq, üzümçülük, bağçılıq və s. sahələr inkişaf etmişdir. Bu qurşaq daxilində yerləşən Şamaxı, Mərəzə, Qızmeydan, Gürcüvan yaylaları respublikanın ən iri dağ çöl komplekslərindəndir ki, bu sahələrdən geniş surətdə biçənəklər kimi istifadə olunur. Məhz bu qurşaq daxilində əhalinin daha yüksək sıxlığına, daha çoxsaylı olmasına və daha iri yaşayış məntəqələrinə təsadüf edilir. Burada Şamaxı, Ağsu, İsmayıllı, Mərəzə, Göylər, Çarhan, Çuxuryurd, Mədrəsə və s. kimi yaşayış məntəqələri mövcuddur. Bu qurşaqda bəzi yerlərdən çay dərələrinin və yarğanların dərin olması müəyyən sahələrdə relyefin pilləvari, terraslar şəklində yüksəlməsi və s. bu kimi proseslərin geniş yayılması ərazinin mənimsənilməsini və istifadəsini xeyli çətinləşdirir. Qurşağın yüksək seysmikliyi ilə əhali və onun təsərrüfat fəaliyyəti xeyli çətinliklər törədir. Buna görə də sosial təsərrüfat obyektləri, infrastruktur tikilərkən mütləq ərazinin yüksək seysmikliyi nəzərə alınmalı və burada zəlzələyə davamlı (8-10 ballıq) tikililər yaradılmalıdır. Bu amil öz növbəsində tikililərin maya dəyərini xeyli yüksəldir. Qurşağın geoloji və relyef xüsusiyyətlərindən asılı olaraq yarğanlarda, dərin çay dərələrində, dağətəyi zonalarda və s.də sürüşmə hadisələri istisna deyil. Bu proses çox zaman insanların qeyri-səmərəli təsərrüfat fəaliyyəti nəticəsində güclənir. Məsələn, Ağsu rayonunun Nabur kəndi ərazisindəki sürüşmə nəticəsində kəndin əhalisinə, təsərrüfatına və tikililərinə böyük ziyan dəymişdir. Məhz buna görə bu kənd yenidən, sürüşmə zonasından 3 km aralıda salınmışdır. Buna görə də belə sahələrdən istifadə edərkən çox diqqətli olmalı və torpaq qoruyucu tədbirlər həyata keçirilməlidir. Qurşaq əsasən dağətəyi zonada yerləşdiyindən meyllikdən asılı olaraq ərazidə güclü sel hadisələri də mümkündür. Şəhərsalma və təsərrüfat işlərində bu amilin də nəzərə alınması vacibdir.

Yüksək dağlıq qurşaq rayonda əsasən İsmayıllı rayonunun şimal hissələrini tutur. Rayonun ən yüksək zirvəsi hündürlüyü 3629 m olan Babadağ burada yerləşir. Həmin sahələrdə gec əriyən qar örtüyü, gur bulaqlar, 3000 m-dən hündür olan sahələrdəki buzlaqlar çayların və yeraltı suların qidalanmasında onların su ehtiyatlarının sabitləşməsində mühüm rol oynayır. Yüksək dağlıq qurşağın təsərrüfat baxımından mənimsənilməsi xeyli zəifdir ki, bu da zonanın relyefinin mürəkkəb xarakteri ilə izah olunur. Buradakı dik yamaclar, sıldırım qayalar, keçilməz erozion dərələr, sürüşmələr və s. bu kimi amillər təbii sərvətlərin mənimsənilməsini, nəqliyyatın işini, əhalinin məskunlaşmasını çətinləşdirir. Lakin bu qurşaqda yerləşən subalp və alp çəmənlikləri bu zonanı çox qimətli yay otlaqlarına və biçənəklərə çevirir. Qurşaq hüdudlarında əkinçilik kiçik talalar şəklindədir. Bəzi sahələrdə taxıl əkinləri 2000 m-ə qədər yüksəklikdə yerləşir.

Relyefin hündürlüyü ilə bərabər ekspozisiyası və meyli də ərazinin kənd təsərrüfatında istifadə edilməsinə ciddi təsir göstərir. Belə ki, rayonun dağlıq ərazilərində əkinçilik üçün əsasən meyli 6-10 dərəcə olan sahələrdən istifadə edilir. Meyllik 10-15 dərəcə olan ərazilərdə heyvandarlıq üstün yer tutur. Əkin sahələri kiçik talalar şəklindədir. Meyli 15 dərəcədən artıq olan sahələrdə kənd təsərrüfatı qoyunçuluq istiqamətindədir.

Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun faydalı qazıntılarla təminatı nisbətən aşağıdır. Lakin qeyd etmək lazımdır ki, rayonun, xüsusilə onun dağlıq zonasının geoloji öyrənilməsi hələ tam deyil. Cənub şərqi Qobustanda neft və təbii qaz qataqları (Xilmilli, Cabanı və s.) məlumdur.

Neft bəzi yerlərdə hidrogenli sularla qarışıq (Donuzdağ çuxuru və s.) çıxır. Çox yerdə qaz təbii halda (Nabur, Hilmilli, Cəyirli, Şorsulu, Ərəbqədim, Qoturdağ və s.) çıxır. Bundan başqa rayonda mineral boyaq, bitium, mərmər, əhəngdaşı, gillər, çökmə duz və s. növ faydalı qazıntı yataqları da məlumdur. Rayonun hidrokarbonatlı mineral suları böyük əhəmiyyət daşıyır. Bunlardan Zərgəran, Çağan, Qəleybuğurt, Çuxuryurd suları daha məşhurdur. Ən əhəmiyyətlisi Çuxuryurd bulaqlarıdır.(suyun temperaturu 15º-17º, gündəlik debiti 200000 litr). Bu suların böyük müalicəvi əhəmiyyəti olduğundan əhali onlardan bir çox xəstəliklərin müəlicəsində geniş istifadə edir.

Rayonda faydalı qazıntı hasilatının həcmi yüksək deyildir. Bunların əsasında bir neçə yerli əhəmiyyətə malik olan asfalt, kərpic, əhəng istehsalı və s. müəssisələr fəaliyyət göstərir.

Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq demək olar ki, iqtisadi rayon çox mürəkkəb geoloji quruluşa, relyefə və müxtəlif faydalı qazıntılara malikdir ki, bu da həm ərazinin mənimsənilməsinə, əhali tərəfindən məskunlaşmasına və eləcə də ayrı-ayrı təsərrüfat sahələrinin yerləşməsinə və inkişafına mühüm təsir göstərir.



2.Dağlıq Şirvan iqtisadi coğrafi rayonunun iqlim və aqroiqlim

ehtiyatlarının təsərrüfat baxımından qiymətləndirilməsi.
Hər bir ərazidə əhalinin məskunlaşma səviyyəsinə və müxtəlif təsərrüfat sahələrinin yerləşməsinə təsir göstərən mühüm təbii amillərdən biri də iqlimdir. Coğrafi əmək bölgüsündə, xüsusilə də bu baxımdan kənd təsərrüfatında iqlim amili müstəsna rol oynayır.

Buna görə də hər bir ərazinin iqliminin öyrənilməsi, onun təsərrüfat cəhətdən qiymətləndirilməsi çox mühümdür.

Rayon iqliminin böyük müxtəlifliyi iqlim əmələ gətirən amillərin xarakteri ilə bağlıdır. Bu amillər iki böyük qrupa ayrılır. Birinci qrupa yerli amillər, ikinci qrup amillərə isə atmosferin planetar və superregional sirkulyasiyası ilə bağlı olan, bağqa sözlə, rayon iqliminə kənardan amillərdən daxildir. Beləliklə, rayonun iqlimi bir sıra amillərin təsiri altında yaranır ki, bunların sırasında ərazinin coğrafi mövqeyi mühüm yer tutur. Belə ki, yer səthinə Günəşdən gələn radiasiyanın miqdarı birbaşa coğrafi mövqedən asılıdır. Rayon ərazisinin Yer səthində beləcə də atmosferində radiasiyanın müxtəlif dərəcədə akkumulyasiyası, onun sərf edilməsi, istilik balansının göstəriciləri, ümumiyyətlə iqlimin xarakteri coğrafi mövqedən asılıdır. Coğrafi mğvqe eyni zamanda ərazinin atmosferin planetar və regional sirkulyasiyası sistemində yerini müəyyən edir.

Rayon şəraitində iqlimə təsir edən amillərdən biri də ərazinin relyefidir. Relyef öz-özlüyündə bir iqlim yaradıcı amil kimi passiv olsa da iqlimin bütün elementlərinin ərazi diferensasiyası birinci növbədə ondan, yəni oroqrafik quruluşdan, hipsometrik (eləcə də morfometrik) xüsusiyyətlərdən asılıdır.

Rayon ərazisində günəşli günlərin sayı çoxdur. Rayonun düzənlik sahələrdə, o cümlədən Qobustanın çox hissəsində, Şamaxı və Ağsu rayonlarının cənub hissələrində günəşli saatların miqdarı daha çox olur. Bu ərazilərdə, onu əhatə edən dağ ətəyində və yüksək dağlıqda günəş parıltılı saatların miqdarı 2200-2500, daha çox buludlu və dumanlı günləri olan orta dağlıq qurşaqda isə 1900-2200 saata qədərdir. Rayonda illik cəm radiasiya kəmiyyəti də yüksəkdir. Düzənlik ərazilərdə illik cəm radiasiya 130-135 kkal/sm2, onu əhatə edən yüksək maili düzənliklərdə 125-130 kkal/sm2, alçaqdağlıqda 120-124 kkal/sm2 təşkil edir. Bu zonadan yüksək dağlığa doğru cəm radiasiya yenidən artaraq rayonun ən uca zirvələr zonasında 140-145 kkal/sm2-ə bərabərdir.

Rayonda ilin isti yarısında cəm radiasiyanın miqdarı düzən hissələrdə 90 kkal/sm2, 500-600 m-dən 2500 m hündürlüyə qədər 86-87 kkal/sm2, 3000 m-dən yüksəklikdə isə 90-104 kkal/sm2-ə bərabərdir.

Rayonda temperaturun ərazi fərqlərinin yaranmasında ən başlıca amil onun ərazisinin oroqrafik və hipsometrik şəraiti, başqa sözlə desək relyefdir. Bu amilin təsiri altında həm dağlıq və düzənlik ərazilər temperatur şəraitinə görə bir-birindən kəskin fərqlənir. Bu fərqlər özünü temperaturun bütün əsas göstəricilərində büruzə verir. Belə ki, havanın orta illik temperaturu bütün ərazi üçün müsbətdir. Onun ən yüksək göstəricisi 14,5ºC olmaqla rayonun düzənlik hissələrində, xüsusilə Qobustanda (şimal-qərb və şimal hissələrinin alçaq və orta dağlıq hissələri istisna olmaqla), Şamaxı və Ağsu rayonlarının cənubunun çox hissəsində müşahidə olunur. Bu zonanın nisbi yüksəkliyi 200-300 m təşkil edir. Bu zonadan dağlıq zonaya tərəf getdikcə temperatur tədricən azalaraq dağətəyi və alçaq dağlıq zonada orta illik temperatur (xüsusilə Babadağ zonasında) 0ºC qədər azalır. Rayon ərazisində orta yanvar və orta iyul temperaturların paylanması müxtəlifdir.

Belə ki, iyul ayının orta temperaturu rayonun düzənlik hissələrində 24-25ºC olduğu halda orta dağlıqda 20-15ºC, yüksəkdağlıqda isə 10-5ºC-ə qədərdir. Yanvar ayının orta temperaturu rayonun düzən ərazilərində 0-4ºC arasında, dağətəyi zonada 0-3ºC arasında, orta dağlıqda 5-6ºC arasında, yüksəkdağlıq qurşaqda isə 6ºC ilə 14ºC arasında dəyişir.

Rayonda orta illik və orta aylıq temperaturların maksimum və mütləq minimum temperaturların paylanmasında əsas təkrar olur. Rayonun düzənlik ərazilərində mütləq maksimum temperatur 40-41ºC, dağətəyi zonada 37-40ºC, orta dağlığın aşağı zonasında 30-37ºC, 1500-2000 m yüksəklərdə 27-30ºC, yüksəkdağlıqda (3000-3500 m-ə qədər) 20-30ºC-yə qədər qalxır. Bir qayda olaraq mütləq maksimum temperatur rayonun çox hissəsində iyul ayının ikinci yarısında müşahidə edilir.

Temperatur minimumu, o cümlədən minimum temperaturlar əsas yanvar ayında, qismən fevralda və dekabrın axırıncı on günlüyündə müşahidə edilir. Bəzi illərdə düzənlik, dağətəyi orta dağlıq qurşaqlarda 22ºC və daha çox mütləq minimum temperaturlar müşahidə edilir. Yüksəkdağlıqda isə temperatur 26-30ºC sıfırdan aşağı düşür.

Şimal yarımkürəsində tropiklərlə Arktika və Atlantik okeanı ilə Sakit okean arasında hakim olan böyük barikmərkəzlərində fəaliyyəti ilə bağlı olan hava axınları bu və yaxud başqa dərəsədə Dağlıq Şirvan iqtisadi coğrafi rayonun ərazisininiqliminə böyük təsir göstərir. Rayonun iqliminə aşağıda göstərilən barik mərkəzlərinə daxil olan hava kütlələri müəyyən dərəcədə təsir göstərir: 1.Kara antisiklonu; 2.Skandinaviya antisiklonu; 3.Azor maksimumu; 4.Subtropik antisiklonu; 5.Cənub antisiklonu; 6.Kontinental antisiklonu; 7.Orta Asiya antisiklonu; 8.Yerli atmosfer prosesləri.

Bir qayda olaraq Arktikada və mülayim enliklərin şimal zonalarında barik mərkəzlərində yaranan hava kütlələrinin rayon iqliminə təsiri ilin soyuq yarısında, daha çox tropik və subtropiklərdə yaranan mərkəzlərdən gələn hava kütlələri isə ilin isti yarısında tez-tez təkrarlanır.

Şimal hava kütlələrinin (Kara, Skandinaviya antisiklonu rayon iqliminə təsiri onun şimal-şərq hissəsində və bundan cənuba doğru olan zonalarında daha yüksəkdir. Bu da onunla izah olunur ki, rayon qərb hissələri şimaldan Böyük Qafqaz dağları bu hava kütlələrində qorunur. Bu hava kütlələri rayon ərazisinə çatana qədər xeyli böyük məsafədə quru üzəri ilə hərəkət etdiyinə görə transformasiyaya məruz qalaraq mülayim enliklərin soyu kontinental havasında çevrilir. Bu hava kütlələrinin təsiri ilə rayonun şimal-şərqində Qobustanda güclü şimal küləkləri əsir. Lakin bəzi hallarda, xüsusilə qışda bu hava kütlələri rayon ərazisinə az dəyişilmiş halda gəlib çatır. Bu zaman, xüsusilə Qobustanda hava şəraiti kəskin pisləşir. Çovğun baş verir, şaxta düşür.

Azor maksimumu rayon ərazisindən nə qədər uzaqda yerləşsə də, bütün fəsillər də onun iqliminə müəyyən təsir göstərir. Onun təsirinə rayonun qərb hissələri, xüsusən dağlıq ərazilərin qərb yamacları daha çox məruz qalır. Adətən qışda Azor maksimimun təsiri ilə Şərqi Avropa üzərindən keçən və bu istiqamətdə hərəkət etdikcə soyuyan hava kütlələri rayon ərazisinə daxil olduqda hava şəraitini çox pisləşdirir. Yayda isə bu hava kütlələri rayona adətən isti və rütubətli hava gətirir.

Aralıq dənizi, Mesopotamiya, Ön Asiya yaylaları üzərindən gələn siklonlar qışda rayonda dəyişkən hava şəraiti yaradır.

Rayonda dəyişkən hava şəraiti yaradır. Bu zaman şimaldan kontinentin hava kütləsinin rayona daxil olması havanın güclü soyuması ilə müşayiət olunur. İsti dövrdə siklonların Qərbi Zaqafqaziyadan daxil olması zamanı güclü leysan yağışlar yağır, havanın təyini kəskin aşağı düşür. Əksər hallarda isə ilin isti yarısında cənub siklonları rayona daxil olduqca düzənlikləri davamlı quru açıq dağlıq ərazilərdə isə dəyişkən yağmurlu hava şəraiti yaranır. Tez-tez dolu düşür. Kontinental və Orta Asiya antisiklonlarının da rayon iqliminə müəyyən təsiri vardır.

Şərqdən rayona, xüsusilə də Qobustanın şərq hissələrinə Xəzər və Şərqi Avropa düzənliyinin cənub hissələri üzərində daxil olan bu hava kütlələri xeyli quru olması ilə seçilir.

Çox zaman Orta Asiyadan daxil olan isti tozlu quru hava kütlələri temperaturun artmasına, rütubətliyin azalmasına səbəb olur. Yerli atmosfer proseslərinin də rayon iqliminə müəyyən təsiri vardır. Bu proseslər müxtəlif amillərin təsiri ilə ayrı-ayrı ərazilərdə yaranan və bir-birindən fərqlənən aymosfer təzyiqi sahələri ilə bağlıdır.

Rayon ərazisində müxtəlif küləklərin əsməsi müşahisə edilir. Rayonun şərq bölgüsü düzənliklərində Qobustanın çox hissəsində ən çox təkrarlanan şimal, şimal-şərq, şimal-qərb küləkləridir. Bu ərazidə küləklərin orta illik sürəti rayonun qalan ərazilərində olduğundan xeyli yüksəkdir. Burada şimal küləyinin orta illik sürəti əsasən 6-10 san-ə çatır. Bununla yanaşı bu istiqamətdən əsən küləklərin 25%-ə qədərinin orta illik sürəti 11-15 m/san və bundan artıq olur. Bəzən cənub şərqi Qobustanda küləyin sürəti 40 m/san-ə çatır. Rayonun qərb hissələri üçün ilin bütün fəsillərində qərb küləkləri hakimdir. Rayon küləkləri rayonun dağlıq və dağətəyi zonalarında çox təkrarlanan küləklərdir. Fyon küləkləri zamanı temperatur kəskin artır, havanın rütubəti isə azalır. Dağlıq ərazilərdə fyon küləkləri əsən zaman qar sürətlə əriyir, dağətəyi düzənliklərində isə torpağın rütubəti qısa vaxt ərzində azalır. Bu proses az yağıntılı zonalarda torpaqda rütubət ehtiyatının şorlanmaslna mənfi təsir göstərir.

Rayonun dağlıq sahələrində ilin isti dövründə xüsusilə yayda çox təkrarlanan bir növ brizlər kimi gecə-gündüz istiqamətini dəyişən dağ-dərə küləkləri də geniş yayılmışdır.

Gecələri külək dərələr, eləcə də yamaclar boyu dağdan dərələrə və dağətəyi düzənliyə, gündüzlər isə əks istiqamətdə əsir. Bu küləklər dağlıq zonada böyük dərələrdə yerləşən yaşayış məntəqələrinin havasının təmizlənməsində mühüm rol oynayır. Rayon ərazisində şərqdən və cənubdan əsən quru, isti, bəzən tozlu küləklər də müşahidə edilir. Bu zaman havanın nisbi rütubətliyi kəskin azalır. Temperatur isə sürətlə artır. Belə bürkülü havaların davamlığı Qobustanın cənubunda ildə 30 gün, ortadağlıq zonada 10 günə qədər, yüksəkdağlıqda isə 5 günə qədərdir. Bu küləklərin kənd təsərrüfatı bitkilərinə vurduğu zərəri azaltmaq üçün geniş miqyasda yaşıllaşdırma işləri aparılması təklif edilmişdir.

Yağıntıların miqdarı və illik rejimi havanın hər hansı bir ərazinin fiziki coğrafi xüsusiyyətlərinin yaranmasında mühüm rol oynayır ki, bu da öz növbəsində həmin ərazinin məskunlaşma və mənimsənilmə səviyyəsinə böyük təsir göstərir. Rayon ərazisində yağıntılar qeyri-bərabər paylanmışdır. Cənub-şərqi Qobustanda yağıntıların illik miqdarı 200 mm-ə qədərdir ki, bu da respublikanın ən az yağıntılı sahələrindəndir. Ümumiyyətlə, Qobustanın çox hissəsində yağıntıların illik miqdarı 200-300 mm təşkil edir. Şamaxı və Ağsu rayonlarının cənub hissələrində ildə təxminən 200-300 mm yağıntı düşür. Dağətəyi və alçaq, dağlıq zonalarda yağıntılar artaraq orta hesabla ildə 700-750 mm təşkil edir. Məsələn, Ağsuda 440 mm, Şamaxıda 493 mm, Mərəzədə 385 mm yağıntı düşür. Yüksək dağlıq tərəfdə illik yağıntıların bir qədər artması müşahidə edilir. Yağıntıların orta aylıq miqdarı və fəsillər üzrə paylanması da müxtəlifdir.

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə