Mühazirələrin icmalı FƏNNƏ GİRİŞ




Yüklə 0.57 Mb.
səhifə8/10
tarix22.02.2016
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Mövzu 13: Azərbaycanda sahibkarlığın inkişafı

30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması isə sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsası qoyuldu və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevrildi. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında təkmilləşmələr aparıldı. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti isə 2 ildən 5 ilədək uzadıldı. Bütün bunlar ölkədə sahibkarlıq sinfinin inkişafı ilə bağlı tarixi nailiyyətlərə imza atılmasına, orta təbəqənin cəmiyyətdə xüsusi çəkisinin artmasına gətirib çıxardı ki, bu da əhalinin maddi rifah halının artmasında böyük əhəmiyyət kəsb etdi.

Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları və digər mühüm tədbirlərin bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırıldı. Dövlət proqramları eyni zamanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etdi, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəltdi. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirildi, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması baş verdi.

Bunlar sahibkarlığın inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoydu. Həyata keçirilən iqtisadi siyasət sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıldı.  İslahatlar sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)"nın əsas istiqamətlərindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşmasını, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsini, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini ehtiva edirdi. Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırıldı, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salındı, ölkədə ixrac rüsumları ləğv edildi, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirildi. Eyni zamanda, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərin gəlir vergisi 35 faizdən 20 faizə endirildi, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edildi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanıldı, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağların və mineral gübrələrinin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, satışı zamanı dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilə artırılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 40 manat yardımın verilməsi, I və II reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi  təmin edildi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği aşağı salındı.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Azərbaycan İnvestisiya Şirkətinin birgə əməkdaşlığı ilə aşağıdakılar reallaşdırılır: investisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi; Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi;  Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi; Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi; iri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması.

2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: ölkənin investisiya imicinin formalaşdırılması; yerli və xarici investorlara müxtəlif xidmətlər göstərilməsi; ·      investorların cəlb edilməsi və onlarla danışıqların aparılması; investisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması; Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması; ixraca yönəlmiş şirkətlər üçün məsləhət xidmətləri və bazar araşdırmaları; "Azərbaycanda istehsal olunub" ("Made in Azerbaijan") ticarət nişanının beynəlxalq səviyyədə təbliği.

2007-ci ilin avqustunda Bakı Biznes Tədris Mərkəzi (BBTM) yaradılıb. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda genişləndirilməsi məqsədilə 6 rayonda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki) mərkəzin nümayəndəlikləri mövcuddur. Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakı strateji məqsədlərdə formalaşdırılıb: Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsi;  sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və məsləhət xidmətlərinin göstərilməsi.

Sahibkarlığın inkişafında kifayət qədər vacib rol oynayan qanunverici sənədlərdən biri də Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı  "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanıdır. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən bu fərmanın verilməsi o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda, süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə yol açıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıb, həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunub.

Elektron hökumətin əsas elementlərindən olan "bir pəncərə" sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, onlayn və davamlı əlaqəsi yaranır. Faktiki olaraq, bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman qeydiyyat prosedurlarının sayı azalır və vaxt itkisinin qarşısı alınır. Qeydiyyatın "bir pəncərə" prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına böyük dəstəkdir. 

"Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar, əvvəllər olduğu kimi, 72 deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılır. Sahibkarlar sənədlərini yalnız bir dövlət orqanına - Vergilər Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçə bilirlər.

Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb, 2009-cu il yanvarın 1-dən gömrükdə də bu sistemin tətbiqinə başlanılıb. Digər iqtisadi sahələrdə də analoji sistemin tətbiqi prioritet təşkil edir. Bununla yanaşı, Prezident İlham Əliyevin "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", eləcə də digər fərman və sərəncamları, ayrı-ayrı dövlət proqramları da sahibkarlığın inkişafına təkan verərək qeyri-neft sektorunun inkişafını stimullaşdırıb.

Mövzu 14 :Torpaq islahatı və onun sosial-iqtisadi nəticələri

1991-ci ildə sovetlər birliyinin dağılmasından sonra ölkə iqtisadiyyatı böhran vəziyyətə düşdü. Respublikada sənaye məhsulları istehsalı 62%, kənd təsərrüfatı məhsulları 44%-ə düşmüş, əhalinin həyat səviyyəsi xeyli pisləşmişdi. Respublikanı bu böhrandan çıxarmanın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi ki, bunun da həyata keçirilməsi üçün ilk növbədə aqrar-torpaq islahatları aparılmalı idi.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu 1996-cı ildə qəbul edilmişdir.

Aparılacaq torpaq islahatı ilə əlaqədar qəbul edilən digər qanun və normativ-hüquqi aktlar – “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər normativ-hüquqi akt respublikamızda torpaq islahatlarının uğurla həyata keçirilməsini təmin etdi. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı.

Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni, kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yaralı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə, 56,9 %-i dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni, 23,5 %-i bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni, 19,6 %-i isə xüsusi mülkiyyətə ayrıldı.

Torpaq islahatlarının sosial məzmunlu olması və ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə müvafiq sahənin dinamik inkişafını təmin etdi. Eyni zamanda, aşağıda göstərilənlər mühüm sosial-iqtisadi, sosial-siyasi məsələləri də həll etdi:



  1. Ölkə əhalisinin az qala yarısı, yəni, 3 500 000 nəfəri torpaq mülkiyyətçisinə çevrildi və mülkiyyətçilik hissi vətəndaşların torpağa daha doğma münasibətini formalaşdırdı.

  2. Torpaq islahatları gənc dövlət üçün başlıca sosial problem olan işsizliyi böyük miqyasda aradan qaldırdı.

  3. Ölkənin ərzaq və kənd təsərrüfatı malları ilə təminatında ciddi dinamik inkişaf müşahidə edildi, aqrar-sənaye kompleksi yenidən inkişaf etməyə başladı.

  4. Qeyri-neft sektorunun və regionların inkişafı üçün əsaslı baza yaratdı

Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan bu islahatları digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan bu siyəsətin müəllifi və icraçısı Heydər Əliyevin müəyyənləşdirdiyi 4 mühüm prinsip fərqləndirirdi:

Birincisi, Azərbaycanda torpaqlar məhz onun təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq verildi. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi.

İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq, vətəndaşlara yararsız və az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yaralı və münbit torpaqları verilməklə yanaşı, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s.kimi hüquqlar verildi ki, bu da Azərbaycanda torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.

Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi və eyni zamanda, Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi.

Beləliklə, hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.

Dördüncüsü, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda xarici fiziki və hüquqi şəxslərə torpaq sahəsi istifadə və icarə hüququ ilə verildi.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq, torpaqlardan istifadə edilməsinin əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.

Bu gün respublika əhalisinin yarısının yaşadığı kənddə aqrar islahatların yeni mərhələsi başlanmışdır. Ona görə də dövlət başçısı kəndin sosial-iqtisadi strukturunun yaxşılaşdırılması, burada müasir tələblərə cavab verən istehsal, sosial infrastrukturun yaradılması,fermer təsərrüfatlarına aqroservis, onlara qayğının artırılması, marketinq xidmətinin yaxşılaşması istiqamətində görülən işlərin miqyasının genişləndirilməsini prioritet vəzifə kimi qiymətləndirir. Aqrar sektorun inkişafında müşahidə olunan müsbət meyllərin daha da güclənməsi, regionlarda istehsal edilən məhsulların keyfiyyətinin və səmərəliliyinin yüksəlməsi, onların maneəsiz daxili və xarici bazarlara çıxarılması məsələləri daim diqqət mərkəzində saxlanılır.

Respublikada aparılan torpaq islahatının yekun mərhələsi rayon elektron xəritələrinin hazırlanmasını tələb edir. Rayonlar üzrə hazırlanmış elektron xəritələrdə, inzibati ərazidə olan bütün torpaq istifadəçiləri, torpaqların mülkiyyət növlərinə görə uçotunun aparılması ilə yanaşı, qonşuluq sərhədləri də göstərilir.

Heydər Əliyev Fondunun yarandığı 2004-cü ildən az bir müddət keçməsinə baxmayaraq, həm ölkəmizdə, həm də beynəlxalq aləmdə xüsusi rəğbət qazanmışdır. Fondun fəaliyyəti cəmiyyət həyatının bütün əhəmiyyətli sahələrini əhatə edir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı son illər ölkəmizdə reallaşdırılan ən uğurlu layihələrdən olmuşdur. Bu proqram çərçivəsində ölkəmizin müxtəlif bölgələrində onlarla yeni məktəb tikilmiş, yüxlərlə məktəb əsaslı şəkildə təmir edilmişdir. Bundan başqa, “Təhsilə dəstək” layihəsi, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları da öz növbəsində Azərbaycanda təhsilin inkişafını, sözün əsl mənasında, ictimai hərəkata çevirmişdir. Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində gördüyü işlər tək ölkəmizlə məhdudlaşmır. Belə ki, fond Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə də kompyuter dəstləri, məktəb ləvazimatları və digər avadanlıqlar hədiyyə etmişdir. Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində fondun maliyyə dəstəyi hesabına müasir tələblərə cavab verən ümumtəhsil məktəbi inşa edilmişdir.

Mədəni irsin qorunması və beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlər də Heydər Əliyev Fondunun çoxsahəli fəaliyyətinin bir istiqamətidir. Məhz Mehriban xanımın səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO kimi nüfuzlu beynəlxalq qurum tərəfindən bəşəriyyətin şifahi qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmişdir. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilmişdir ki, bu mərkəzi muğamlarımızın qorunub saxlanılması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədi daşıyır.

Fondun sosial sahədə reallaşdırdığı layihələr də xalqa xidmətin bariz nümunəsidir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT-yə çıxışın təmin edilməsi”, “Hərəmiz bir ağac əkək” layihələri müstəqil dövlətimizdə hiss olunan sosial problemlərin həllinin aradan qaldırılmasına bilavasitə təkan vermişdir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da Heydər Əliyev Fondunun rolu böyükdür. “Qarabağ həqiqətləri” toplusu, “Xocalı soyqırımı” filmi, “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Müharibə və tarixi-mədəniyyət abidələrimiz”, xarici nəşrlərdən tərcümə edilmiş “Türklər və dünya: munis tariximiz”, “Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi”, “Azərbaycan təbiəti”, “Yuxuların çin olduğu yerdə”, “Bəyazidin müdafiəsi: həqiqət və yalan”, “Əlahəzrətin general-adyutantı” kitamları məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanaraq bütün dünyada həqiqət carçılarına çevrilmişdir. 4 min səhifəlik “Azərbaycan” portalı isə öz konkret məlumatları ilə dünyanın hər yerində Azərbaycanla bağlı informasiya əldə etməyə xidmət edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan bu portal eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda elektron hökumətin qurulmasına ən böyük dəstəkdir.

Məlumdur ki, ölkənin torpaq fondunun müəyyən bir hissəsi bələdiyyə mülkiyyətindədir. Torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq, ölkənin 8 641 506 hektar vahid torpaq fondunun 2 032 744 hektarı (23,5%) bələdiyyə mülkiyyətinə verilib. 1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin torpaqları və 1999-cu ildən 2009-cu ilədək yeni hüquqi status almış bələdiyyələrin torpaqları zəruri yerquruluşu xəritələri tərtib edilməklə özlərinə təhvil verilmişdir. Azərbaycan Respublikasının yeni qanunvericiliyinə müvafiq olaraq,bələdiyyələrin birləşməsi nəticəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri tərəfindən yenidən formalaşmış 1718 bələdiyyənin torpaqları əvvəlki bələdiyyələrdən təhvil-təslim olmuşdur.

Azərbaycan Respublikası hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” üzrə işlərin Azərbaycanda 2007-ci ildən başlayaraq həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin layihənin “C” komponenti üzrə (baza xəritəçəkmə, ortofoto və kadastr xəritələrinin hazırlanması) görülən işlərin təşkilinə, texniki nəzarətinə və qəbuluna cavabdehdir. Bu komponent üzrə yerinə yetirilmiş işlər aşağıdakılardan ibarətdir:

1. Ölkə ərazisinin 65 min kv km sahəsində aerofotoçəkiliş və kosmik çəkilişi əsasında 1:1000, 1:5000, 1:10 000 miqyaslarda ortofotoplanların hazırlanması.

2. Ölkə ərazisində 37 stansiyadan ibarət olan Daimi Fəaliyyət Göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması. Həmin şəbəkənin mərkəzi idarəetmə stansiyası Dövlət Torpaqm və Xəritəçəkmə Komitəsində qurularaq komitənin Dövlət Aerogeodeziya Müəssisəsi tərəfindən idarə olunacaqdır.

3. Ölkə ərazisinin 4 mln ha sahəsini əhatə edən torpaq kadastrı xəritələrinin hazırlanması. Bu subkomponent üzrə artıq beynəlxalq tender keçirilib və müvafiq araşdırmalardan sonra qalib seçilmiş şirkətlə tezliklə müvafiq müqavilə imzalanacaqdır.

Bakı şəhəri və Abşeron yarımadasında nəqliyyatın intellektual idarə edilməsi layihəsi üzrə şəhərin 2200 kv km ərazisində nəqliyyatın intellektual idarə edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanmışdır. Bu xəritələrdə 57 növdə 3d formatında məlumatlar həm mətn, həm də qrafiki formada hazırlanmış, aidiyyəti üzrə təhvil verilmişdir. Bu işin əsas sifarişçisi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir və işin Koreyanın SKCS şirkəti tərəfindən yerinə yetirilməsi tapşırılmışdır. İşin əsas hissəsi olan rəqəmsal xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmışdır. Bu xəritələr əsasında Bakı şəhərinin və Abşeron yarımadasının ərazilərində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqaməti, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır və eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.

Mövzu 15 : Enerji ixracı şəbəkəsinin yaradılması strategiyası

1994-cü il sentyabrın 20-də isə Azərbaycan tarixində misilsiz hadisə baş verdi: “ Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı “ Azəri-Çıraq-Günəşli” ( AÇG ) yataqlarının tammiqyaslı işlənməsini əhatə edir.

Həmin illərdə Azərbaycana sərmaye qoymaq istəyən şirkətlərin sayı çox deyildi. Çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb olunması çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. “ Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayenin gətirilməsi təmin edildi.

“ Əsrin müqaviləsi” tezliklə real nəticələr verməyə başlamışdı. 1997-ci ilin noyabrında “ Çıraq” platformasından ilkin neft alınmışdır. Qarşıda “ Azəri”, “ Dərinsulu Günəşli” yatqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti ortaya çıxırdı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi ideyası gündəmə gəldi.

BTC uzun və mürəkkəb bir yol keçib. Onun yaranma tarixində xüsusi əhəmiyyət kəsb edən hadisələr, günlər çoxdur. Onlardan biri də 1999-cu ilin 18 noyabrıdır. Həmin gün ATƏT-in İstanbul zirvə toplantısında “ Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair” saziş imzalandı. Həmin sənəddə sözügedən üç ölkənin dövlət başçıları ilə yanaşı, ABŞ və Qazaxıstan prezidentləri də imza atdılar. Bundan bir il əvvəl, 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı “ Ankara bəyannaməsi” imzalanmışdı. İstanbul zirvə toplantısında beş ölkənin prezidentlərinin imzaladığı bu növbəti saziş BTC-nin tikintisinə yol açan, “ Əsrin müqaviləsi”ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.

2002-ci il sentyabrın 18-də, Səngəçal terminalında BTC –nin təməli qoyuldu.

BTC-nin maliyyələşməsi kəskin bir problem kimi ortaya çıxanda bu müşkülü də ümumilli lider Heydər Əliyevin dünyada olan böyük nüfuzu həll etdi. 2003-cü ilin fevralında ABŞ-da keçirilən “ Şərq-Qərb enerji dəhlizi reallıqdır” beynəlxalq konfransında iştirak edən ulu öndər maliyyə qurumlarının rəhbərləri ilə söhbətlər apardı, məsələnin müsbət həllinə nail oldu. 2004-cü ilin fevralında Bakıda, “ Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşdirilməsinə aid son sənədlər imzalandı. Bununla da, BTC-nin maliyyələşməsi məsələsi bitdi.

Kəmərin tikintisi nəzərdə tutulan vaxtda bitdi. 2005-ci il mayın 25-də Səngəçal terminalında kəmərə ilk neftin vurulması təntənəli surətdə qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, bu təntənələrdə daha üç ölkənin – Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etdilər. Bir il sonra – 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhana çatdı. Həmin il iyulun 13-də Ceyhan şəhərində BTC-nin tam bir sistem kimi istifadəyə verilməsi münasibətiylə təntənələr keçirildi. Başqa sözlə, BTC bütün müşkülləri arxada qoyaraq üç ölkənin ərazisində 1768 kilometr məsafə qət etdi. Azərbaycan neftini Ceyhana çatdırdı.

Artıq boru xəttinin gündəlik ötürücülük gücü 1,2 milyon barelə çatdırılıb. Doğrudur, hələlik kəmərlə hər gün bu qədər neft nəql edilmir. Lakin hasilat artdıqca bu da mümkün olacaq. BTc-yə “ Azəri-Çıraq-Günəşli” nefti, “ Şahdəniz” kondensatı ilə yanaşı, keçən ildən Türkmənistan nefti də vurulur.

BTC daha bir qlobal ixrac kəmərinin – Bakı-Tbilisi-Ərzurum qaz xəttinin istifadəyə verilməsinə yol açdı. Prezident İlham Əliyevin dediyi kimi, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bu dəhliz açılmasaydı, sınaqdan keçməsəydi, əlbəttə, qaz dəhlizinin açılması da böyük problemlərlə üzləşə bilərdi: “ Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində biz nəinki həm yeni bazara çıxa bilmişik və dəhlizi aşmışıq, eyni azmanda, ölkə iqtisadiyyatına böyük həcmdə vəsait gəlməyə başlamışdır. Biz bu vəsaitsdən çox səmərəli istifadə etdik. 1999-cu ilin sonunda Azərbaycanda yaradılmış Dövlət Neft Fondu bu gün dünya səviyyəsində ən şəffaf qurumlardan biridir...Bu, bizə imkan verdi ki, əldə olunmuş gəlirdən səmərəli və ədalətli istifadə edək. Məhz bunun nəticəsində Azərbaycanda yoxsul şəraitində yaşayanların sayı son 7 il ərzində 49%-dən 9%-ə düşmüşdür. Əgər əlimizdə Neft Fondu kimi çox şəffaf və müasir qurum olmasaydı, biz bu nailiyyətəçata bilməzdik”.

Bu gün Azərbaycanın neft-qaz və ixrac layihələri həqiqətən də, ölkəyə və regiona gəlir gətirməkdədir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərindən əldə olunan gəlirlər hesabına ən ümdə problemlər həll olunur. Qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin salınması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi üçün vəsait məhz bu hesabdan ayrılıb. Neft gəlirləri ilə yeni infrastruktur qurulur, qeyri-neft sektoru inkişaf etdirilir.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, “...bütün bu layihələr Azərbaycan iqtisadiyyatının inkişafına yönəlibdir”. 2002-ci il sentyabrın 18-dəki çıxışında da əhəmiyyətini bir daha vurğulayaraq demişdir: “ Mənim dediyim bu sözlər gələcək üçündür və bu işlər bizim xalqımızın gələcəyi üçündür”.


1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə