Mühazirələrin icmalı FƏNNƏ GİRİŞ




Yüklə 0.57 Mb.
səhifə5/10
tarix22.02.2016
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   10

4. Sosial rifaha doğru.

Əlbəttə əhalinin sosial müdafiəsi sahəsində bizi qarşıda daha böyük işlər gözləyir. Bu işləri birdən həyata keçirmək mümkün deyildir, çünki sosial sahə həddən artıq həssasdır, o radikal dəyişikliklərə dayanıqlı təsir göstərməyə bilər. Hazırda pensiya qanunvericiliyinin növbəti mərhələlərdə daha da təkmilləşdirilməsinə, sosial sistamində sığorta münasibətlərinin – könüllü sosial sıorta , istehsalat qəzası və peşə xəstəliklərindən sığorta sahəsində qanunvericiliyin formalaşdırılmasına, sosial siyasətin ən vacib istiqamətlərindən olan əhalinin sağlamlığının qorunmasının daha da güclü mexanizmlərinin yaradılmasına ehtiyac vardır.



Mövzu 8 : Sənayenin infrastrukturu və inkişaf prioritetləri.

  1. Ərzaq Təhlükəsizliyi..

Müstəqil dövlət olaraq Azərbaycanın davamlı inkişafını şərtləndirən əsas amillərdən biri də ölkədə ərzaq təhlükəsizliyinə nail olunması istiqamətində mühüm nailiyyətlər əldə olunmasıdır. Hazırda dünya iqtisadiyyatında cərəyan edən proseslərin ümumi təhlili göstərir ki, ərzaq təhlükəsizliyi getdikcə daha ciddi xarakter daşıyan bir məsələyə çevrilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Qarşıdakı 20 il ərzində əhali artımı ilə müqayisədə  ərzaq istehsalının ötən dövrlərə nisbətən azalması bir daha qida təhlükəsizliyinin təmin olunmasının növbəti illərdə nə dərəcədə zəruri xarakter daşıyacağını əyani təsəvvür etməyə imkan verir.

Etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi vacib şərtlərdən biridir. Ərzaq təhlükəsizliyi anlayışı altında müvafiq ehtiyatlar, potensial və zəmanətlərlə təmin olunmuş dövlətin qəbul edilmiş norma və standartlara uyğun olan həcmdə, keyfiyyətdə və çeşiddə əhalinin ərzaq məhsullarına olan ehtiyacını ödəyə bilmək qabiliyyəti nəzərdə tutulur. Sosial-iqtisadi aspektdə ərzaq təhlükəsizliyi tələbatı təmin etmək qabiliyyətini, siyasi-iqtisadi prizmadan yanaşıldıqda isə bu tələbatları təmin etmək üçün ölkənin daxili ehtiyatları və aqrar sənaye potensialını səfərbərliyə almaq qabiliyyətini özündə ehtiva edir.  Bununla yanaşı, ərzaq təhlükəsizliyini həm daxili, həm də xarici təhlükələrlə bağlamaq lazımdır. Bu zaman daxili amillərin təsir miqyası xarici amillərdən daha çoxdur. Belə ki, keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində bütövlükdə Azərbaycan iqtisadiyyatının, xüsusilə aqrar-sənaye kompleksinin tənəzzülünə gətirib çıxarmış səriştəsiz idarə olunmanı deyilənlərə əyani misal göstərmək olar. Lakin keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatlarının ölkəmizdə həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanması və bu qəbildən olan digər tədbirlər ərzaq təhlükəsizliyi sferasında daxili amillərin təsir miqyasının yalnız müsbət müstəvidə cərəyan etməsini şərtləndirdi.

1996-cı ildən beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsinə başlanan ərzaq proqramı kənd təsərrüfatının davamlı inkişafı və yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin uzunmüddətli təkmilləşdirilməsinə yönəldi. Bunun ardınca qanunvericilik sahəsində atılan yeni addımlar ərzaq təhlükəsizliyinin təminatı istiqamətində növbəti tədbirlərdən oldu. Bu xüsusda 1999-cu ildə qəbul edilmiş "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanunu ayrıca qeyd edilməlidir. Həmin qanuna uyğun olaraq əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlətin yerinə yetirəcəyi vəzifələrdən biri ərzaq və xammal kimi istifadə edilən yeyinti məhsullarının istehsalı və istifadəsi üzrə balansların hazırlanması və əhalinin yeyinti məhsulları ilə təminatını proqnozlaşdırmaqdan ibarət idi. Bu, ölkənin ərzaq təhlükəsizliyinin təminatı sahəsində görüləcək işlərin həcminin, sərf ediləcək əmək və vəsaitin əvvəlcədən müəyyən olunması baxımından zəruri əhəmiyyət kəsb edirdi. Ərzaq balanslarının işlənməsini təmin etmək məqsədilə Milli Məclis tərəfindən "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2008-ci il 30 dekabr tarixdə qanun qəbul edilib və onun tətbiq edilməsinə dair Prezident İlham Əliyev tərəfindən  müvafiq fərman imzalanıb.

2001-ci ildə isə ulu öndər Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"nın təsdiq edilməsi göstərilən sahə üzrə yeni nailiyyətlərin əldə olunmasına mühüm töhfə verdi. Məhz həmin proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmağa başladı. Bununla yanaşı, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasının təmin edilməsində vacib rol oynadı.

Prezident İlham Əliyevin 1 may 2008-ci il tarixdə "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında" sərəncamı ərzaq təhlükəsizliyinin təminatı məsələsində yeni bir mərhələnin başlanmasına start verdi. Eyni zamanda dövlət başçısının  25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə ərzaq təhlükəsizliyi sahəsində ən əsas və aparıcı addımlardan biri oldu. Dövlət proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün dövlət proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: ölkədə ərzaq məhsulları istehsalını artırmaq; əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək; ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək; ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq. Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün bu sahədə həyata keçirilən və keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldilməkdədir.  Dövlət proqramının icrası ərzində ölkədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Tədbirlər Planı da təsdiqlənib.

Araşdırmalar göstərir ik, 2001-ci ildən başlayaraq son 10 ildə dövlətin dəstəyi sayəsində qəbul olunan dövlət proqramlarının icrası nəticəsində əhalinin ərzaq məhsulları ilə yerli istehsal hesabına təminatı 2008-ci ildən yaxşılaşmağa başlayıb. Belə ki,  2001-ci ilə nisbətən 2010-cu ildə kartof istehsalı 57 faiz, tərəvəz və bostan istehsalı 33 faiz, meyvə istehsalı 47 faiz, şəkər çuğunduru istehsalı 6,2 dəfə, ət istehsalı (diri çəkidə) 2,1 dəfə, süd 1,4 dəfə, yumurta istehsalı isə 2,1 dəfə artıb. Hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq taxıl 2010-cu ildə 2001-ci il səviyyəsi qədər istehsal olunub. Azərbaycan Respublikası  Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və 16 noyabr 2007-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq olunmuş "Qaydalar"a uyğun olaraq istehsalçılara hər hektar əkin sahəsinin  və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 40 manat, habelə hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə olaraq 40 manat məbləğində yardımın  verilməsi 2007-ci ildən başlayaraq davam etdirilməkdədir.

Ümumilikdə, 2007-2010-cu illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacağa, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 284,1 milyon manat, o cümlədən 2010-cu ildə 55,5 milyon manat məbləğində subsidiya verilib. Bu istiqamətdə 2011-ci ilin məhsulu üçün 57 rayon  üzrə buğda və çəltik  istehsalçılarına dövlət  büdcəsinin vəsaiti hesabına 23,5 milyon manat subsidiya verilməsi nəzərdə tutulub. İstehsalçılara  yardımın ödənilməsi üçün sənədlər və Respublika Komissiyasında müvafiq qərarlar qəbul edilib. Bununla yanaşı istehsalçılara mineral gübrələrin 50 və 70 faiz güzəştlə satılması hesabına 2007-2010-cu illərdə 40,1 milyon manat subsidiya verilib. I və II reproduksiyalı toxumlara və tinglərə  görə 2007-2010-cu illərdə 15,1 milyon  manat subsidiya ödənilib.

Kənd təsərrüfatının belə sürətlə inkişafında 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan "Aqrolizinq" ASC-nin də xüsusi rolu olub. Ümumiyyətlə, aparılan aqrar islahatlar nəticəsində son illər kənd təsərrüfatı sürətlə inkişaf etmiş və müvafiq olaraq adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artıb və artmaqdadır. Həyata keçirilən tədbirlər bir çox sahələrdə olduğu kimi, bitkiçilik məhsullarının istehsalının strukturunda da müəyyən dəyişikliklərə səbəb olub və bu, ilk növbədə, ölkənin əkin strukturuna təsir edərək onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan verib. Artıq Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi çıxış edir. İstehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdən biridir və bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır.

2010-cu il ərzində isə əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tətbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam edib. Ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin edərək, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması məqsədilə Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılıb. Ümumiyyətlə, 2010-cu il ərzində kənd təsərrüfatında heyvandarlıq məhsulları 6,1 faiz, pambıq istehsalı 17 faiz, tütün istehsalı 23,1 faiz, şəkər çuğunduru istehsalı 33,6 faiz, yaşıl çay yarpağı 22 faiz, meyvə və giləmeyvə 1,5 faiz, bostan məhsulları 5,5 faiz artıb. Həmçinin ölkə regionlarında 13 taxıl, 1 yem, 15 meyvə-tərəvəz, 3 quşçuluq, heyvandarlıq, soyuducu anbar kompleksləri, 4 emal müəssisəsi, 2 istixana, intensiv bağçılıq, tingçilik, Azərtoxum kimi müəssisələr istifadəyə verilmişdir. 4 taxıl, 10 meyvə-tərəvəz soyuducu anbar kompleksinin, 4 heyvandarlıq kompleksinin (ümumi 4200 baş, Salyan, Ağdaş, Ağcabədi), quşçuluq müəssisələri (9 ədəd, 60 milyon damazlıq yumurta, 15 min ton ət, Abşeron, Xızı, Salyan, Cəlilabad, İsmayıllı), kənd təsərrüfatı məhsullarının emalı (13 layihə - Tovuz, Biləsuvar, Kürdəmir, Abşeron, İsmayıllı, Xaçmaz, Quba, Daşkəsən, İmişli, Göyçay, Lənkəran, Şabran), istixanalar (7 ədəd - Abşeron, Xaçmaz, Şəmkir, Sumqayıt), qablaşdırma müəssisələri (5 ədəd - Xaçmaz, Salyan, Abşeron), intensiv bağçılıq, tingçilik (3 ədəd - Abşeron, Qusar, Şamaxı), 2 emal müəssisəsinin (Lənkəran, Qazax) tikintisi 2010-cu ildə davam etdirilib.

  1. Sənayenin İnfrastrukturu və inkişaf prioritetləri.

Ölkəmizdə sənayeləşmənin və zəruri infrastrukturun yaradılması, bu və digər sahələrə investiyaların cəlbi siyasəti də uğurla davam etdirilir. Xüsusən də 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə böyük  təkan verdi. Özü də Azərbaycanda təkcə hasilat yox, emal sənayesinin də ümumi iqtisadiyyatda payı əhəmiyyətli dərəcədə artmağa başladı. Bunun nəticəsi olaraq neft və qaz sektoru ilə yanaşı kimya, maşınqayrıma, qara və əlvan metallurgiya, sement və başqa tikinti materialları, ağac və kağız məhsulları sənayesi sahələrində məcmu istehsal çoxaldı. Yüngül və yeyinti sənaye məhsullarının ölkə daxilində istehsalında mühüm nailiyyətlər əldə olundu. Digər tərəfdən, sənaye ilə bağlı sahələrin inkişafı da bu dövrdə özünü qabarıq şəkildə büruzə verməyə başladı. Sənayenin belə inkişafı Azərbaycanda ümumi daxili məhsulun artımında əhəmiyyətli rol oynamaqla yanaşı, işsizlik probleminin aradan qaldırılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə də öz töhfəsini verdi.

Bu gün ölkəmizdə energetika ilə yanaşı, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələri də Azərbaycanda böyük sürətlə inkişaf etməkdədir. Konkret strategiya və proqramlarla müəyyən olunan bu inkişaf ümumi iqtisadiyyatda sənayenin çəkisinin artmasına əhəmiyyətli təsir göstərir. Bunun nəticəsidir ki, son illərdə ölkəmizdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət elektrik cihazlarının, plastik qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalı mənimsənilib, əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qismi artıq Azərbaycanda istehsal olunmağa başlanıb. Həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsində isə sənayedə xarici və müştərək müəssisələrin sayı əhəmiyyətli dərəcədə  artıb, bu sahədə on minlərlə yeni iş yerləri açılıb.

2010-cu ildə ölkədə sənayeləşmə siyasəti davam etdirilib, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox sənaye müəssisəsinin tikintisinin davam etdirilməsi, eləcə də kosmik sənayenin yaradılması və 2012-ci ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılması istiqamətində görülən işlər ölkənin sənaye potensialını genişləndirib və qeyri-neft sektorunun davamlı inkişafına zəmin yaradıb. 2010-cu ildə bu sahədə xeyli sayda müəssisə istifadəyə verilib ki, buna misal olaraq Sumqayıtda Elektron cihazlar, Yüksək gərginlikli elektrik avadanlıqları, Naxçıvan avtomobil, Hökməli qəsəbəsində Ağac emalı, Lənkəran konserv, Masazır Duz, "Azərsun" Holdinqin Konserv, Gədəbəydə Qızıl zavodlarını, Salyanda Plastik Kütlə Emalı ASC, Lənkəranda "Gilan Tea" çay fabriki, quşçuluq təsərrüfatları, süd emalı zavodlarını, qida müəssisələrini göstərmək olar. Bununla yanaşı, keçən il bir çox müəssisənin tikintisi davam etdirilmişdir. Qazax Sement Zavodu, Qazobeton blokların istehsalı (Abşeron rayonu), Bentonit gili istehsalı (Qazax), kafel, metlax və bordyur istehsalı (Hacıqabul), kərpic zavodu (Neftçala), yağ və marqarin istehsalı zavodu (Sumqayıt), ət məhsulları istehsal kompleksi (Abşeron), konserv zavodları ("Lənkəran","Qafqaz", "SAF" və s.), metaləritmə zavodu (Sumqayıt), Gəncədə illik istehsal gücü 100 min ton olan Alüminium zavodu, Bərk məişət tullantılarının yandırılması zavodu, Gəmiqayırma zavodu və digərləri bu qəbildəndir

Bununla belə qeyri-neft sektorunun, o cümlədən neftdən asılı olmayan sənayenin daha da inkişafı üçün ölkədə aşağıdakı tədbirlər həyata keçirilir: restrukturizasiya və özəlləşdirmə prosesinin sürətləndirilməsi; satış bazarı olan və yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun sayılan sənaye müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi; müasir texnologiyalara əsaslanan sənaye müəssisələrində beynəlxalq standartların tətbiqinə keçidin sürətləndiriməsi; azad rəqabət mühitinin inkişaf etdirilməsi; investisiyaların təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi; ənənəvi milli sənətkarlıq sahələrinin inkişafı; elm tutumlu istehsalın inkişaf etdirilməsi məqsədilə tətbiqi elmlərin, müasir şəraitdə bazar konyunkturunun tələblərinə uyğun elmi-tətqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi.

Həmçinin ölkəmizdə sənaye sektorunun inkişaf etdirilməsində əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsinə nail olmaqdan ibarətdir.

Sənaye sektorunda qarşıya qoyulan əsas məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilir: sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; sənaye strukturunun seçilmiş inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə uyğunlaşdırılması; dövlət mülkiyyətində olan və ya səhmlərin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması;  istehsalın texnoloji cəhətdən yenidən qurulması; investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması; güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi; vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili bazarın qorunması; ixtisaslı işçi qüvvəsinin hazırlanması; sənaye şəhərciyinin yaradılması ilə rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsalların yaradılmasının təşviqi və bu sahədə regional və dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi və dünyada mövcud olan elmi texniki innovasiya proseslərinə qatılması.

Bununla yanaşı, ölkəmizdə dinamik iqtisadi inkişafı təmin edən zəruri infrastruktur yaradılıb. Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi fonunda infrastrukturun yenilənməsi və yenilərinin yaradılması prosesinə də ölkəmizdə daim xüsusi diqqət yetirilir. Daha bir təqdirəlayiq məqam ondan ibarətdir ki, ümumi inkişafa, sosial rifaha, əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edən layihələrin icrası məqsədilə Azərbaycanın yetərli resursları mövcuddur. Bunun üçün ölkəmiz nə xarici maliyyə, nə də texniki yardımlara ehtiyac duyur. 2010-cu ilin dekabr ayının 28-də Azərbaycanda ən böyük infrastruktur layihələrdən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi də bunun real təsdiqi oldu. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng bir layihə ilə müqayisə olunan Oğuz-Qəbələ-Bakı su kəmərinin ərsəyə gəlməsi yalnız Azərbaycanın öz imkanları hesabına reallaşdı. Digər belə iri infrastruktur layihələrinə Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Şimal, Cənub, Qərb nəqliyyat dəhlizləri, yol qovşaqları, Bakı-Axalkalaki-Qars dəmir yolu, Bakı Dəniz Ticarət Limanı, Kür boyu əhalinin içməli su təminatı, Samur-Abşeron su kanalı, Bərk məişət tullantılarının yandırılması zavodu, turizm infrastrukturu (Qusar), Şəmkir çay dəryaçası, Tovuzçay su anbarı, Cənub Elektrik Stansiyası (Şirvan), Biləv (Ordubad) SES-i misal göstərmək olar.

2) Azərbaycanda investisiya siyasəti.

Bu gün sürətli sosial-iqtisadi inkişaf göstəricilərinə malik Azərbaycan qazandığı nailiyyətlərin miqyasını mütəmadi olaraq genişləndirməkdədir. Artıq dinamik sosial-iqtisadi tərəqqi sahəsində öz modelini yaradan Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri bu inkişafın davamlı xarakter daşıması, möhkəm özüllər üzərində qurulmasıdır. Həyata keçirilən və sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan məqsədyönlü siyasət, səmərəli islahatlar ölkəmizdə müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsində, beynəlxalq hüququn  daha güclü müstəqil subyekti kimi çıxış etməsində mühüm rol oynayır.

Bütün bunlar onu göstərir ki, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurduqdan sonra Azərbaycan həm də yeni şəraitə uyğun olaraq iqtisadiyyatının daha güclü hala gəlməsini təmin edir, qarşıya qoyulan əsas hədəf kimi inkişaf etmiş ölkələr sırasına daxil olmaq istiqamətində sürətlə irəliləyir. Ölkə iqtisadiyyatının artım səviyyəsinin daha böyük sürətlə, yüksələn xətt üzrə inkişafında önəmli rol oynayan məqamlardan biri də ölkəmizin bir çox əsas xarici ticarət tərəfdaşlarının qlobal maliyyə böhranının fəsadlarını tədricən aradan qaldırması fonunda onlarla aparılan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əməliyyatların həcminin çoxalmasıdır. Belə vəziyyət Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin daha da güclənməsinə xidmət etməklə yanaşı, onun iqtisadi artım tempinə görə yenə dünyada lider mövqelərdən birinin sahibi kimi çıxış edəcəyini deməyə əsas verir.

Bu gün Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkələrdən biridir və ərazi bütövlüyünün pozulmasına, təcavüzə məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq hər hansı xarici yardıma ehtiyac duymur. Əksinə, ölkəmiz tədricən donor dövlətə, beynəlxalq miqyasda aparıcı investorlardan birinə çevrilməkdədir. Eləcə də ölkədə yaradılan əlverişli investisiya mühiti xarici sərmayədarların Azərbaycana böyük maraq göstərməsini şərtləndirən əsas amillərdən biri olaraq qalmaqda davam edir. Hətta Azərbaycan investisya cəlbi baxımından dünya miqyasında nümunəvi bir dövlət rolunu da oynamaqdadır.

Aparılan hesablamalar göstərir ki, 2010-cu il ərzində ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulub və investisiyaların strukturu rəngarəng olub. Son illərdə olduğu kimi, yenə daxili investisiyalar xarici sərmayələri üstələyib. Bu isə  onu göstərir ki, həm dövlət tərəfindən, həm özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur. Daha bir mühüm hal ondan ibarətdir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektoru ilə müqayisədə daha artıqdır. Belə ki, 2010-cu ildə iqtisadiyyata yatırılan 15,5 milyard dollar vəsaitin 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. 1995-2010-cu illər ərzində isə Azərbaycan iqtisadiyyatına təxminən 100 milyard dollar həcmində investisya qoyulub və bunun da demək olar ki, yarısını xarici sərmayələr təşkil edir.

Bu gün beynəlxalq miqyasda da açıq etiraf olunur ki, Azərbaycanda kifayət qədər əlverişli investisiya mühiti mövcuddur. Hələ 1995-ci ildə respublikamızda investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanaraq qüvvəyə mindi. Məhz bu qanunla Azərbaycan ərazisində investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi şərtləri müəyyənləşdirildi, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verildi. İqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən "açıq qapı" siyasəti isə xarici sərmayələrin, müasir texnologiyaların, dünya idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsində indi də mühüm rol oynayır. Xarici investorların Azərbaycana gəlişini stimullaşdırmaq məqsədilə onlara qanunvericilikdə nəzərdə tutulanlarla yanaşı, əlavə hüquqi təminatlar da verilir: investisiyalar həyata keçirilən zaman mövcud olan qanun 10 il ərzində qüvvədə olacaq; investisiyaların milliləşməsinə (millətin və dövlətin maraqlarına zidd olan hallar istisna olmaqla) və rekvizisiyasına (təbii fəlakətlər, epidemiyalar və fövqəladə hallar istisna olmaqla) qarşı. Milliləşmə ya rekvizisiya həyata keçirilsə, zərərçəkmiş xarici investorlar təcili və adekvat kompensasiya ilə təmin olunurlar:  dövlət orqanları tərəfindən keçirilmiş qeyri-qanuni tədbirlər nəticəsində zərərçəkmiş xarici investorlara kompensasiya ödənilir; vergilərin ödənilməsindən sonra əldə olunan gəlirin azad repatriasiyası.

Azərbaycan Prezidentinin "İnvestisiya fəaliyyətinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli sərəncamına əsasən yaradılan "Azərbaycan İnvestisiya Şirkəti" ASC həm dövlətin, həm də özəl müəssisələrin payçısı kimi çıxış edərək ölkənin investisiya fəaliyyətinin genişlənməsində mühüm rol oynayır. Şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycan müəssisələrinin ixracyönümlü və idxalın əvəzləşdirilməsinə yönəlmiş layihələrində iştirak və həmin layihələrə yerli və ya xarici investorların cəlb edilməsidir.

Hazırda Azərbaycanın malik olduğu iqtisadi potensial bu sahədə imkanların təkcə ölkə daxilində yox, həm də xaricdə uğurla reallaşdırılması istiqamətində müvafiq işlər görülməsinə zəmin yaradır. Bunun nəticəsidir ki, ölkəmizin sərhədlərindən kənarda Azərbaycana məxsus investisiyaların həcmi artmaqda, müxtəlif xarici dövlətlərdə yenə də əsas etibarı ilə Azərbaycan kapitalı əsasında fəaliyyət göstərən iqtisadi obyektlərin sayı çoxalmaqdadır. Qarşıdakı dövr ərzində ölkəmizin investisiya qüdrətinin artacağı isə ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilir. Məsələn, Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək. Buna şərait yaradan əsas amillərdən biri ölkəmizin həm böyük valyuta ehtiyatlarına malik olması, həm də xarici investisiyaların yatırımına daha böyük diqqət yetirməsidir.

Azərbaycanın strateji valyuta ehtiyatları 2010-cu ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq 2010-cu ilin sonunda 29,1 milyard dollara çatıb və bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir. Valyuta ehtiyatlarının miqdarı ÜDM-ə nisbətdə 60 faizdən çoxdur və dünyanın ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstərici Azərbaycandan aşağıdır. Strateji valyuta ehtiyatlarının səmərəli istifadəsinin təmin olunması fonunda ölkəmizdə konservativ xarici borclanma strategiyası həyata keçirilir.

Azərbaycanın iqtisadiyyatı daha dinamik inkişaf edən, maliyyə mövqeyi kifayət qədər güclü bir dövlət qismində çıxış etməsi nüfuzlu beynəlxalq reytinq agentlikləri, maliyyə institutları tərəfindən də etiraf olunur. Məsələn, tanınmış "Standard & Poor''s" Beynəlxalq Reytinq Agentliyi 2010-cu ilin sonlarında Azərbaycanın "BB+B" uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini təsdiq edib. Agentliyin məlumatında bununla bağlı verilən proqnozun "pozitiv" olduğu vurğulanır. Valyuta köçürməsi və konvertasiyası riski "BBB-" səviyyəsində qalır. Bütün bunlar Azərbaycanın iqtisadi sahədə hər keçən gün daha da qüdrətli bir ölkəyə çevrildiyini göstərməklə yanaşı, onun beynəlxalq miqyasda mövqelərini də durmadan gücləndirir. Belə vəziyyət dünyanın siyasi səhnəsində də Azərbaycanın nüfuz çəkisinin daim artmasında mühüm rol oynamaqla ölkəmizin beynəlxalq miqyasda aparıcı söz sahiblərindən biri kimi çıxış etməsinə gətirib çıxarır.

Azərbaycanın keçdiyi inkişaf yolu ölkəmizin tarix üçün qazandığı sosial-iqtisadi nailiyyətlərlə və bu sahədə nümayiş etdirdiyi artım tempilə nəinki mövcud olduğu regionda, həm də dünya coğrafiyasında lider mövqelərdən birinə yüksəldiyini göstərir. Artıq sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus uğurlu modelin əsasını qoymuş Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri sözügedən sferada yaşanan  tərəqqinin dinamik və davamlı xarakter daşıması, kifayət qədər möhkəm özüllər üzərində qurulmasıdır. Bu, qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını şərtləndirir.
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə