Mühazirələrin icmalı FƏNNƏ GİRİŞ




Yüklə 0.57 Mb.
səhifə4/10
tarix22.02.2016
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Mövzu:6. İqtisadiyyatin liberallaşdırılması və özəlləşdirmə prosesi

1.İqtisadiyyatın liberallaşdırılmasına yönəldilən islahatlar.

Tarixi şərait və zərurətdən irəli gələrək Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra qarşıda duran əsas məsələlərdən biri yeni şəraitdə iqtisadi inkişafın təmin edilməsi oldu.Bu isə elədə asan proses olmayib,70 il ərzində mövcud olan adminstartiv-komanda,planlı təsərrüfat sistemindən tam imtinanı,yeni iqtisadi-ictimai formasiyaya keçid prosesini özündə ehtiva edirdi.Bazar iqtisadiyyatı adlanan yeni formasiya prinsipial olaraq iqtisadi inkişafın tamam başqa mexanizmləri əsasında fəaliyyət göstərdiyindən təbii olaraq onun reallaşdırılması kifayət qədər dəqiq düşünülmüş siyasi konsepsiya,uzaqgörənlik tələb edirdi.Bazar iqtisdiyyatının əsas cəhətlərindən biri isə mülkiyyətin yeni formalarının,ilk növbədə özəl mülkiyyətin yaranmasını özündə əks etdirdiyindən bu proses Azərbaycanin qarşısında da taleyüklü məsələ kimi durmuşdu.Dünya təcrübəsi isə onu təsdiq etmişdir ki, özəl mülkiyyət fərdi azadlığın əsasını teşkil edir və bu da öz növbəsində ayrıca götürülmüş fərdin özünütesdiq,ifadənin zəruri şərti kimi çıxış edir.Müxtəlif ölkələrdə gedən özəlləşdirmə prosesləri məzmunu,funksiyaları,istifadə edilən formalar və nəticələrinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.Bu səbəbdən özəlləşdirmə proseslərinə başlamazdan öncə dəqiq düşünülmüş,rasional xarakterli addımların atılması,uğurlu nəticələrə yol açan dünya təcrübəsinin tətbiq olunması zəruri şərt kimi çıxış edirdi.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi məqsədilə 1992-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Dövlət Əmlak Komitəsi yaradılaraq fəaliyyətə başlamış,1993-cü ilin yanvarında isə “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” qanun qəbul edilmişdi.Özəlləşdirmənin başlıca məqsədləri sırasında müvafiq dövlət proqramlarında təsbit olunduğu kimi,təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması,iqtisadiyyata investisiyaların,o cümlədən xarici investisiyaların cəlb edilməsi,əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər yer aldı.Özəlləşdirmə ilə bağlı hazırlanan dövlet sənədində ictimaiyyətin nümayəndələrinin də fikir və təkliflərinin nəzərə alınmasına ayrıca diqqet yetirilirdi.

1995-ci ilin martın 3-də Azərbaycan respulikası Prezidenti tərəfindən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında proqramın hazırlanması üçün xüsusi komissiya yaradılmışdır.1995-ci il iyunun 24-də həmin komissiya öz işini yekunlaşdırmışdır.Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqinda proqram hazirlanarkən əsas amil kimi əhalinin həyat səviyyəsinin qaldırılması götürülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsini rəhbər tutaraq,Azərbayan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı təsdiq olunmaq üçün təqdim edilir. Eyni zamanda, qüvvədə olan qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zəruriyyəti nəzərə alaraq, “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununa edilir.

1995-1998-ci illədə özəlləşdirmənin aparılmasını nəzərdə tutan proqram dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını əks etdirirdi. Dövlət proqramında mülkiyyətin özəlləşdirilməsi sahələri, istiqamətləri, müddəti, mərhələləri və sair öz əksini tapmışdı. Mərhələlərüzrə özəlləşdirmə bu cür nəzərdə tutulmuşdu: birinci mərhələ: 1996-1998-ci illər; ikinci mərhələ: 1998-2000-ci illər; üçüncü mərhələ: 2000-2001-ci illər; dördüncü mərhələ: 2001-2005-ci illər. Sözügedən sənəd 1995-ci il iyulun 21-də Milli Məclis tərəfindən bəyənilərək qəbul edildi. Beləliklə, konkret proqram əsasında Azərbaycan dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlandı ki, bu da yeni iqtisadi inkişaf mərhələsinin əsasının qoyulmasında olduqca böyük rol oynadı. Sözügedən proqram Azərbaycanda sovetlər dövrünün yadigarı olan planlı iqtisadiyyatdan bazar iqtisadiyyatı sisteminə keçmək yolunda böyük əhəmiyyət kəsb etdi. Məhz bunun nəticəsi idi ki, Azərbaycanda ümumdaxili məhsul 1996-cı ildə 1.3 faiz, 1997-ci ildə 5.8 faiz, 1998-ci ildə 10 faiz artdı. 1998-ci ildə sənaye və kənd təsərrüfatı məhsulları istehsalında daha böyük göstəricilər qeydə alındı. 1995-ci ilə qədər Azərbaycanın iqtisadiyyatına, Azərbaycanın maliyyə sisteminə böyük zərbələr vuran inflyasiyanın isə görülən tədbirlər nəticəsində qarşısı alındı və tədricən aradan götürüldü. Hətta 1998-ci ildə Azərbaycanın milli valyutasının-manatın dəyəri möhkəmləndi ki, nəticədə istehlak mallarının qiymətlərinin azalması və deflyasiya müşahidə olundu. Bu dövrdə Azərbaycana gələn xarici investisiyanın həcmi durmadan artırdı. 1998-ci ildə Aərbaycanın iqtisadiyyatına 1.5 milyon dollar dəyərində investisiya qoyulmuşdu. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda son illər aparılan düzgün iqtisadi siyasət, həyata keçirilən düşünülmüş tədbirlər və ölçülüb-biçilmiş islahatlar nəticəsində biz Azərbaycanın maliyyə və iqtisadiyyat sahəsində elə bir şərait yaratmışıq ki, hətta Rusiyada baş vermiş böyük maliyyə böhranının da ölkəmizə təsirini azaldıb, onun qarşısını ala bildik.

Azərbaycanın sadalanan uğurlar əldə etməsinə özəlləşdirmə prosesi vacib rol oynamışdı. Belə ki, artıq 1998-ci ilin sonlarına doğru Azərbaycanda ümumdaxili məhsul istehsalının 55 faizi özəl sektora məxsus idi. Sənaye məhsulunun 26 faizi də məhz özəl sektorda istehsal olunurdu. Kənd təsərrüfatı məhsulları istehsalının 95 faizi, ticarətin 98 faizi və inşaatın 70 faizi yenə də özəl sektora məxsus idi. Eyni zamanda, bu göstəricilər Azərbaycanda iqtisadi islahatların və onların içərisində özəlləşdirmənin düzgün və səmərəli aparıldığını göstərirdi. Ölkə vətəndaşlarının özəlləşdirmə prosesində iştirak etməsi üçün 1997-ci il yanvarın 1-dən əhaliyə özəlləşdirmə çeklərinin verilməsi prosesi də həyata keçirirldi.

2.Dövlət mülkiyyətinin özəlləşdirilməsi

Bunlarla yanaşı, dövlət idarəetmə istemində aparılan islahatlar ölkənin inkişafı ilə həmahənglik təşkil edir və bu inkişaf prosesini daha da sürətləndirirdi. Belə ki, iqtisadi islahatlarla və özəlləşdirmə proqramının həyata keçirilməsi ilə bağlı iqtisadiyyatı idarəetmə sahəsində ölkənin 20-dən çox nazirliyi, dövlət komitəsi, konserni və şirkəti ləğv olunmuş, yaxud da yenidən qurulmuşdur. Bir çox nazirliklərdə və idarəetmə orqanlarında ayrı-ayrı qurumlar da ləğvedilmiş, yaxud da onların fəaliyyəti bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmışdı. Bütün bunlar yekun nəticədə sürətli inkişafa xidmət edir və Azərbaycanın daha da möhkəmlənməsinə gətirib çıxarırdı. 2000-ci ildə dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati,iqtisadi və hüquqi əsaslarını müəyyən edən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun qüvvəyə mindi.Qnundaqeyd olunurdu ki,dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması iqtisadiyyata investisiyaların celb olunması yolu ilə onun səmərəliliyinin artırılmasına,struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.Dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipləri isə qanuna əsasən aşağıdakəlar idi:

-özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun gedişi üzərində dövlət və ictimai əzarətin təmin edilməsi;

-dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunması;

-sağlam rəqabət mühitinin formalaşdırılması;

-özəlləşdirmə prosesində bütün alıcılar üçün bərabər şəraitin yaradılması.

Qanuna əsasən,Dövlət Proqramında dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi,dövlət özəlləşdirmə paylarının istifadə olunması,özəlləşdirmə prosesində yerli və xarici investorların iştirakı,özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydaları,eləcə də müəssisə və obyektlərin özəlləçdirmə qabağı restrukturizasiyası və sağlamlaşdırılması;özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər;dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər əksini tapırdı.

Dövlət əmlakının özəlləşdirilməsi haqqında “Qanunun icrasını təmin etmək,iqtisadiyyatda aparıan struktur islahatlarını,sahibkarlığın inkişafını və saglam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək,iqtisadiyyatda aparılan struktur islahatlarını,sahibkarlığın inkişafını və sağlam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək,iqtisadiyyata investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin artırılmasına nail olmaq məqsədilə 2000-ci il avqustun 10-da Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə fərman verildi.II Dövlət Programı müəssisə və obyektlərin özəlləşdirilməsi baxımından təsnifatını,dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydasını,dövlət özəlləşdirmə paylarının və dövlət özəlləşdirmə opsionlarının istifadə olunması qaydasını,özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştləri,özəlləşdirilən müəssisə və obyektlərin,fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi sahələrin satılmasını,özəlləşdirmə prosesində yerli və xarici investorların iştirakı qaydasını,özəlləşdirmə zamanı qoyulan məhdudiyyətləri ,özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydasını,müəssisələrin özəlləşdirmə qabağı restrukturizasiyasını, sağlamlaşdırılmasını və özəlləşdirilmiş müəssisələrin dəstəklənməsini, özəlləşdirmə prosesinin informasiya-metodiki təminatını,dövlət əmlakının özəlləşdirilməsi ilə baglı digər məsələləri də müəyən edirdi.

Dövlət əmlakının özəlləşdirilməsinin üsulları II Dövlət Proqramına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edən Azərbaycan Respublikasının prezidenti və ya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilirdi.Dövlət müəssisələri özəlləşdirilərkən həmin müəssisələrdə çalışan işçilərin hüquqları və onların sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin olunurdu.Qeyd edilirdi ki,özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin həmin müəssisənin əmlakının və ya səhmlərinin 15 faizini güzəştli şərtlə almaq hüququ var.Güzəştlərin verilməsi və müəssisə işçilərinin özəlləşdirmədə iştirakı II Dövlət Proqramında nəzərdə tutulmuş qaydalara uyğun tənzimlənirdi.Xarici investorlar hərraclarda və investisiya müsabiqələrində II Dövlət Proqramında və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən olunmuş qaydalara riayət etməklə iştirak edə bilərlər.

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına əlavə və dəyişikliklərinə əsasən,özəlləşdirmə paylarının tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdiqdan sonra,dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmiş səhmdar cəmiyyətlərinin güzəştli satışa çıxarılmış səhmlərinin sayı bunda iştirak etmək hüququ olan şəxslərin sayına bölünməklə,bir nəfərin əldə edə biləcəyi maksimum səhmlərin sayı müəyyən edilir.

Genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində sosial ədalət prinsipinin və vətəndaşların bütün təbəqələrinin bərabərhüquqlu iştirakının təmin edilməsində dövriyyəyə buraxılan dövlət özəlləşdirmə payları mühüm rol oynayıb.Çeklərin dövriyyəyə buraxılması 1996-cı il yanvar ayının 1-dən başlayıb ə iki mərhələdə həyata keçirilib.Ümumilikdə vətəndaşlara 31,9 milyon dəyərində özəlləşdirmə çeki paylanılıb.Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib.Qanunvericilik əsasında dövlət özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadəsi müəyyənləşdirilib.

Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə,2004-cü il iyulun 1-nə,2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb.Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxilmiş dövlət özəlləşdirmə paylarından özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında “23 dekabr 2009-cu il tarixli Fərmanı ilə sonuncu dəfə çeklərin tədavül müddəti uzadılıb.Qeyd edilən fərmana əsasən,dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2010-cu il dekabrın 31-də başa çatıb.Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib.Dövlət başçısının “Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə “22 iyun 2010-cu il tarixli Fərmanına əsasən yaradılan yeni mexanizmlər özəlləşdirmə paylarının müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edir.Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı,pul və ixtisaslaşdırılmış çek hərracları,həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir.

İqtisadi islahatların dərinləşməsində böyük əhəmiyyət kəsb edən özəlləşdirmə prosesi getdikcə daha məhsuldar olub.Bunu özəlləşdirilmiş kiçik dövlət müəssisə və obyektlərinin illər üzrə statistikası da tesdiq edir.Hesablamalar göstərir ki,2003-cü ildə özəlləşdirilən belə obyektlərin sayı 1609,2004-cü ildə 1934,2005-ci ildə 2468,2006-cı ildə 3121,2007-ci ildə 2148,2008-ci ildə 1781,2009-cu ildə 668 olub.2007-ci ildən etibarən özəlləşdirməyə səhiyyə müəssisələri,uşaq bağçaları,kinoteatrlar da çıxarılıb.

Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı çərçivəsində 2010-cu ildə dövlət büdcəsinə 57 milyon manata yaxın vəsait köçürülüb.Bu,müəyyən edilən proqnozdan 3,1 % çox olub.Beləliklə,əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan özəlləşdirmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycan iqtisadiyyatının dinamik templərlə inkişafında özünəməxsus vacib rol oynayıb və oynamaqdadır.



Mövzu 7 : Sosial siyasətin Azərbaycan modeli

1. Sosial siyasətin sistemli qurulması.

1991-ci il oktyabr ayının 18-də Respublika Ali Sovetinin “ Dövlət müstəqilliyi haqqında” Konustutisiya aktını qəbul etməsi ilə Azərbaycan Respublikası bütün dünyaya müstəqil bir dövlət olduğunu elan etdi. Lakin bölgədə baş verən mürəkkəb ictimai-siyasi hadisələr, erməni təcavüzü , daxili sabitliyin pozulması, hakimiyyətdaxili intriqalar yenicə qurulmuş, kövrək addımlarını atan ölkəmizin müstəqilliyini, mövcudluğunu ciddi təhlükə qarşısında qoymuşdur. Ölkə dağılmaq, parçalanmaq ərəfəsində idi. Belə bir zamanda xalqımız dahi, uzaqgörən siyasi lideri, görkəmli dövlət xadimi Heydər Əliyevə sığınaraq müstəqil dövlətinin yaşamasına nail oldu.

Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətin 2 əsas xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşərdi. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması , ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya sökənməsidir.

Sosial siyasətin Azərbaycan modeli elmi-nəzəri əsaslara və dünyanın ən mütərəqqi təcrübəsinə əsaslanırdı.



2. Sosial siyasət : mövcud modellər.

Müasir elmi-nəzəri mülahizələrə görə sosial siyasət dedikdə əhalinin həyatı mənafeyinin təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi nəzərdə tutulur. Sosial siyasət çoxcəhətli prosesdir, o mürəkkəb struktura malikdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin ümumi inkişafı haqqında fikir yürütmək olar.

Sosial siyasətin başlıca məqsədi yoxsulluğun və sosial təzadların olmadığı , yüksək həyat səviyyəsinə malik olan, sosial ziddiyətlərin kəskin münaqişələrsiz həll edildiyi bir cəmiyyəti formalaşdırmaqdan ibarətdir. Nəzərə almaq lazımdır ki, bu cəmiyyət quruculuğu prosesində qarşıda duran vəzifələr düzgün müəyyənləşdirməli, iqtisadi və sosial imkanların miqyası artırılmalıdır.

Tədqiqatçıların fikrincə, sosial siyasətin əsasən dörd tipi mövcuddur: birincisi, sosial cəhətdən sabit cəmiyyətlərdə; ikincisi, böhran vəziyyətində olan cəmiyyətlərdə; üçüncüsü, deformasiya vəziyyətində olan cəmiyyətlərdə, dördüncüsü, əsaslı islahatlar yolu ilə sistemli böhrandan çıxan cəmiyyətlərdə sosial siyasət, yəni keçid dövrünün sosial siyasəti.

Bu gün sosial siyasətin qarşısında duran məqsəd insanlarda fəal mövqeyi formalaşdırmaqdan, maddi imkanlardan səmərəli istifadə etməyi öyrətməkdən, cəmiyyətin əmək qagiliyyətli hər bir üzvünün həyat səviyyəsinin onun öz səylərindən asılı olduğunu dərk etməkdən ibarətdir.

Ölkədə iqtisadiyyatın yüksək inkişafı sosial siyasət sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmağın əsasını təşkil etdi. Çünki, sosial siyasətin əsas məqsədi insanların tələbatının və maraqlarının ödənilməsi üçün şərait yaratmaq, ayrı-ayrı vətəndaşlara, sosial qruplara yardım göstərmək, onların sosial müdafiəsini və reabilitasiyasını təşkil etməkdir.

Sosial siyasət dinamik, insanların tələbat və maraqlarını həyata keçirməyə yönəlmiş fəaliyyət sahəsi olub insanların sosial təhlükəsizliyini təmin etməyə yönəlmişdir.

Sosial siyasətin müdafiə, sabitləşdirmə kimi iki əsas funksiyası vardır.

Müdafiə funksiyası insanı yaşayış minimumu ilə təmin etməyə xidmət edir. Sosial siyasət çərçivəsində təminatın aşağı həddinə ( minimal əmək haqqı, minimal pensiya ) imkan verən, yaxud maddi cəhətdən aztəminatlılara əlavə yardım nəzərdə tutan, yaxud gəlirdən asılı olmayaraq elementar xidmətləri göstərən ( məsələn , tibb xidməti sahəsində ) zəruri fəaliyyət həyata keçirməlidir. Sosial siyasətin sabitləşdirici funksiyası cəmiyyətin sosial və siyasi sabitliyinin qorunmasını təmin edir.

Əhalinin sosial müdafiəsinin təşkili daim aktuallığı ilə seçilən məsələ olmuş və bunun üçün tarixən hər bir dövlətin xarakterinə uyğun sosial siyasət modelləri tətbiq edilmişdir. Sosial siyasət modeli başqa sözlə əhalinin sosial müdafiəsinin təşkili formasıdır. Zaman-zaman sosial siyasətin müxtəlif modelləri mövcud olmuşdur. Buraya sosialist sosial siyasət, islam sosial siyasət, Avropa sosial siyasət modellərini misal gətirmək olar.

1. Sosialist sosial siyasət modelinin mahiyyəti ondan ibarətdir ki, burada dövlət bir insanın sosial müdafiəsini digər insanların hesabına çalışır. Məhsuldar işləməyən bir insan yenidən bölgü hesabına ümumi daxili məhsuldan özünün payını götürürdü. Bu sistem vicdanla işləməyi təbliğ etmirdi, çünki əməyinin nəticəsi özünə birbaşa deyil, dolayısı ilə ona aid olurdu. Sahibkarlıq qadağan olunmuşdu, kollektiv əmək fəaliyyəti isə təşəbbüskarlığı stimullaşdırmırdı.

2. İslam dövlətlərində geniş yayılmış sosial siyasət modeli sosial məsələlərin həllini dini qurumlar, ictimai və xeyriyyə təşkilatları vasitəsilə həll etməyi önə çəkirdi. Dinin ictimai şüura, cəmiyyətə yüksək təsirinin mövcud olduğu cəmiyyətlərdə dövlət və dini təşkilatlar sosail müdafiə məsələlərini birgə həll etməyə səy göstərirlər. Dinin yüksək nüfuzu imkanlı insanların , vətəndaş cəmiyyətinin sosial sahəyə cəlb olunmasına yönəldir.

3. Müasir dövrdə daha çox Avropa sosial siyasət modelindən bəhs olunur. Avropa sosial siyasət modeli özü də vahid deyil, o, anqlosakson ( Böyük Britaniya. Kanada ) , cənubi Avropa ( Yunanıstan, İspaniya, İtaliya ) , skandinaviya ( İsveç, Norveç, Finlandiya ), eləcə də qərbi Avropa ( Fransa, Avstriya, Almaniya, İsveçrə və s. ) modellərinə ayrılır. Bu gün Avropa sosial siyasət məsələlərini uğurla həll etmiş və nəticədə hər bir insanın keyfiyyətli və layiqli həyat səviyyəsi təmin olunmuşdur. Avropa sosial siyasət modeli insanların iqtisadi fəallığını, rəqabət qabiliyyətli əmək vərdişlərinə yiyələnməsini, işgüzarlığı, özünün və cəmiyyətin qarşısında daşıdığı məsuliyətin dərk olunmasını stimullaşdırır. Çünki insan dərk etməlidir ki, o öz mövcudluğu ilə dövlətə yük olmağa haqlı deyildir, əksinə yaşadığı , fəaliyyət göstərdiyi dövlətə, onun daha da güclü olmasına yardımçı olmalı, özünün güclü iqtisadi və sosial durumu ilə dövlətini daha da güclü etməlidi. Dövlət isə insanların sosial müdafiəsini özünün ali məqsədi hesab edərək bunun üçün mükəmməl və səmərəli infrastrukturun yaradılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, vergi, pul və s. siyasəti , iqtisadi aktivliyin dəstəklənməsi yolu ilə insanların güzəranının yaxşılaşdırılması üçün şərait yaradır. Avropa sosial siyasəti modeli aşağıdakı 5 elementi özündə cəmləşdirir:

1. sosial müdafiənin təşkili prosesində hər bir fərdinin özünün iştirakı üçün şəraitin yaradılması. Sosial müdafiənin təmin olunması ilk növbədə fərdin özünün üzərinə düşməlidir. Mükəmməl bioloji və sosial varlıq olaraq insan yaşaması, həyati tələbatlarının ödənilməsi qayğılarının dərk edilməlidir.Bu işdə təbii ki, dövlətin və cəmiyyətin də üzərinə vəzifələr düşür. Dövlət insanların öz sosial ehtiyaclarını təmin etməsi üçün hər cür şəraiti ( əhalinin məşğulluğunun, o cümlədən özünüməşğullun təmin edilməsi üçün şəraitin yaradılması, sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün iş yerlərində kvotalar və s. ) yaratmalıdır.

2. sosial müdafiənin təşkilində ailənin rolunun gücləndirilməsi və ailənin cavabdehliyinin artırılması. Ailə insanların elə birliyidir ki, bu birlik qohumluq, doğmalıq, təmmənasızlıq münasibətlərinə və birgə təsərrüfatın idarəolunması prinsipinə söykənir. Valideynlər öz övladları, yetkinlik yaşına çatmış övladları isə valideynləri qarşısında onları saxlamaq kimi mənəvi öhdəlik, borc daşıyırlar. Hər bir insan dünyaya uşaq gətirərkən onun məsuliyyətini dərk etməli, yalnız imkanı çərçivəsində övladlarının doğulmasına imkan verməlidir.

3. sosial müdafiənin təşkilinə vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən qeyri-hökümət təşkilatlarının, dini qurumların iştirakının cəlb edilməsi. Xeyriyyə və ictimai fondlar, dini qurumlar, qeyri-hökümət təşkilatları özlərinin və ya cəlb etdikləri vəsaitlər hesabına sosial problemlərin həllində iştirak etməklə, aztəminatlı insanlara qayğı göstərilməsi, maddi və digər yardımların edilməsi istiqamətində fəaliyyət göstərməklə cəmiyyətə dəstək olur, sosial gərginliyin aradan qaldırılmasına yardımçı olurlar. Müasir cəmiyyətdə xeyriyyəçilik cəmiyyətin malik olduğu maddi nemətlərin və resursların dəstəkləməyə ən çox ehtiyacı olan müəyyən fərdlərin, sosial qrupların və sahələrin xeyrinə yenidən bölüşdürülməsinin nadir mexanizmidir.

4. sosial müdafiənin təşkilində sığorta sisteminin tətbiqi. Siğorta sisteminə söykənən sosial müdafiə sistemi ən etibarlı və möhkəm sosial institut kimi formalaşmaqdadır. Son illər sosial müdafiə sahəsində siğorta sistemi xeyli inkişaf etmiş və onun çoxsaylı formaları tətbiq olunmaqdadır. Yəni insanlar işləyərkən, əmək qabiliyyətli olduğu dövrdə öz gəlirlərindən müəyyən hissəsini ödəməklə özlərini sosial cəhətdən sığortalayırlar. Çünki əmək qabiliyyəti məhdudlaşdıqda, qocalıqda, əlil olduqda, ailə başçısını itirdikdə insanların ən etibarlı yardımçısı işlədiyi zaman ərzində ödədiyi sığorta vasitələri hesabına əldə etdiyi pensiya və digər sosial sığorta ödənişləri olur. Hazırda dünyada bu sistem məsburi dövlət sosial sığorta vasitələri hesabına təmin olunsa da, könüllü və əlavə sığorta vasitələrinin cəlb olunması yolu ilə insanların maddi vəziyyətlərinin daha da yaxşılaşdırılması imkanları mövcuddur.

5. nəhayət, əhalinin sosial müdafiəsinin dövlət büdcə vəsaitləri hesabına təmin edilməsi. Bütün sosial müdafiə imkanlarından məhrum olan insanların ( sosial sığortası və ya hər hansı gəliri olmayan, yaxud gəlirinin məbləği qəbul olunmuş meyarlar baxımından yetərli olmayan aztəminatlı insanların) həyat fəaliyyətinin təmin olunması, onların yaşayışının təmin olunması dövlət vəsaitləri hesabına həyata keçirməlidir. Buraya sosial müavinətlər, ünvanlı dövlət sosial yardım, təqaüdlər və s. müxtəlif formalarda dövlət büdcəsi hesabına ödəmələr aid edilə bilər. Eyni zamanda dövlət təhsil və səhiyyə sistemi dövlət büdcəsi hesabına maliyyələşdirilir, bununla da insanlara bu sahədə ödənişsiz xidmətlərin göstərilməsi təmin olunur.

Heydər Əliyev güclü dövlət ideyasına sadiq qalaraq ilk növbədə sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşamaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan- Azərbaycan münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özlərinin minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi yenə də bütün yük sosial siyasətin başlıca subyektinin – dövlətin üzərinə düşürdü.

Azərbaycan özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu hüquqi aspekdə demokratik, hüquqi, iqtisadi aspekdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspekdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyası idi. Şübhəsiz ki, totalitar rejimdən çıxmış, uzun illər dövlətçilik ənənəsindən məhrum olmuş, iqtisadiyyatı dərin böhran keçirmiş bir ölkə üçün asan və rahat olmayacaqdı.

Sosial siyasət o zaaman uğurlu hesab oluna bilər ki, o, elmi-nəzəri, iqtisadi əsaslara söykənsin, eyni zamanda sosial prioritetlər düzgün müəyyənləşdirilsin. Azərbaycanda həyata keçirilən sosial siyasətinin başlıca istiqamətləri – sosial prioritetləri əsasən aşağıdakılardan ibarətdir:

1. pensiya təminatı islahatlarının həyata keçirilməsi; Bütün sivil cəmiyyətlərdə pensiya təminatı sosial müdafiə sisteminin mühüm sahəsi kimi qəbul olunmuşdur.Bu isə pensiya təminatının mükəmməl və sivil qanunvericilik əsasında həyata keçirilməsini tələb edir. Pensiya islahatları mürəkkəb, maliyyə tutmlu, uzun müddət tələb edən bir prosesdir. Çünki hər kəsin pensiya hüququ illər ərzində qazanılır, eyni zamanda ödənilən sığorta haqlarının məbləği və əmək stajı bilavasitə pensiyanın məbləğinə təsir edir. Ölkəmizin pensiya sisteminin problemləri əsasən aşağıdakılardan ibarətdir: sosialist sistemindən miras qalan və sığorta prinsipinə söykənməyən pensiya sisteminin problemləri; 1991-1995-ci illərdə baş verən yüksək inflyasiya prosesləri nəticəsində insanların əvvəlki dövr üçün əmək haqqının real dəyərdən düşməsi; hüquqi bazanın təkmil olmaması və s. Eyni zamanda maliyyə çatışmazlığı şəraitində əmək haqlarının kəskin az olması pensiyaların da təsirsiz ötüşmürdü.

13 iyun 1997-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunmuş “ Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu pensiya sistemində həmin dövr üçün zəruri hesab edilən bir sıra islahatlara yol açdı. Belə ki, pensiya yaşı mərhələlərlə kişilər üçün 60-dan 62-yə, qadınlar üçün 55-dən 57-i yaşa çatdırıldı. Eyni zamanda pensiyaların hesablanması sistemində müəyyən dəyişikliklər edildi. Nəticədə 650 min vətəndaşın pensiyası orta hesabla 2,1 dəfə artaraq 1993-cü ildən sonra pensiyaya çıxmış vətəndaşların pensiyalarına bərabərləşdirildi.

17 iyul 2001-ci il tarixli sərəncamla “ Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası” nı təsdiq olundu. Pensiya İslahatı Konsepsiyası vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla, əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması, pensiya təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllini nəzərdə tuturdu.

2. monetizasiya- güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi.

2002-ci il 1 yanvarından “ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 15 noyabr 2001-ci il tarixli 214- IIQD nömrəli Qanunu ilə iki konseptual məsələ öz həllini tapdı. 1) güzəşt və imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə yenidən baxıldı; 2) kommunal və nəqliyyatdan istifadəyə görə güzəştlər müavinətlərlə əvəz olundu. Bütövlükdə kommunal nə nəqliyyat sahəsində mövcud olan güzəştlərin monetarizasiyası həyata keçirildi. Güzəştlərin müavinətlərlə əvəz olunması bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerjidaşıyıcılarından səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına şərait yaratdı. Güzəştlərin müavinətlərlə əvəz olunması isə imkan verdi ki, bu imtiyazlardan məhdud səviyyədə istifadə edənlər və yaxud o dövrdə məlum səbəblərdən istifadə edə bilməyənlər də onlar üçün nəzərdə tutulmuş güzəştlərin pul əvəzini alsınlar.

3. yoxsulluğun azadılması.

Yoxsulluğun azadılması hazırda beynəlxalq ictimaiyyət qarşısında duran ümumbəşəri bir problemdir. Ölkəmizdə bu problemin həlli aktual olsa da, bu sahədə ciddi nailiyyətlərin əldə olunması üçün irimiqyaslı maliyyə resursları tələb olunurdu. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi, Əsrin kontraktı çərçivəsində ölkəmizə maliyyə vəsaitlərinin daxil olması yoxsulluqla ciddi mübarizəyə başlanmasına zəmin yaratdı. “ Yoxsulluğun azadılması və iqtisadi inkişaf üzrə dövlət proqramı” 2003-cü il fevral ayının 20-də qəbul edildi. Dövlət proqramının icrasına başlandığı dövrdə ölkə üzrə yoxsulluq səviyyəsi 49 % idi. Yoxsulluğun azadılması məqsədi ilə sosial siyasətin qarşısında dayanan vəzifə arasında müəyyən əlaqənin olduğunu ( hər ikisinin məqsədi insanların layiqli həyat səviyyəsinə nail olmaqdır ) nəzərə alsaq görərik ki, bu istiqamətdə görülən irimiqyaslı işlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönümündə ciddi irəliləyişlərə səbəb olmuşdur.

3. Moderinləşmiş dövlət quruculuğunda sosial müdafiə əsas prioritetdəndir.

Ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olması sosial islahatların daha da gücləndirilməsi, infrastrukturanın yeniləşdirilməsi üçün şərait yaratdı. İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki, onun mövcud istiqamətləri var. Bu istiqamətləri aşağıdakı kimi təsnifləşdirmək olar :

1.Birinci istiqamət müavinət sisteminin sığorta sistemindən ayrılması.

2. İkinci istiqamət regional idarəetməyə xüsusi önəm verilməsidir.

3. Üçüncü istiqamət məqsədli dövlət proqramları ilə inkişaf.

4. Dördüncü istiqamət sosial problemləri yaradan səbəblər aşkarlanır.

5. İlham Əliyev modern dövlət modelində beşinci istiqamət qeyri-hökümət

təşkilatlarının timsalında cəmiyyətin sosial müdafiəyə cəlb olunması, insanlarda xeyriyyəçilik ruhunun tərbiyə olunmasıdır.

Heydər Əliyev Fondunun “ Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsi , şəkərli diabet xəstəliyi olan uşaqlara yardım edilməsi, irsi qan xəstəliklərindən olan talassemiya və hemoqlofiliya xəstəliklərinin müalicəsi , qan təminatının yaradılması, milli musiqimizin inkişafı ilə bağlı fəaliyyəti həyatımızda özünün ciddi nəticələrini göstərməkdədir. Heydər Əliyev Fondunun ölkə miqyasında və ölkəmizin hüdudlarından kənarda həyata keçirildiyi layihə və proqramlar günümüzün ritmi ilə səsləşən ən həssas məsələlərə həsr olunmuş, öz səmərəli fəaliyyəti ilə sosial problemlərin həllinə vətəndaş cəmiyyətinin gözəl nümunəsini bəxş etmişdir.

1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə