Mühazirələrin icmalı FƏNNƏ GİRİŞ




Yüklə 0.57 Mb.
səhifə10/10
tarix22.02.2016
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Mövzu 22: Neft strategiyası mahiyyəti və istiqamətləri

Qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidənqurulması, dayanıqlı inkişaf mərhələsi başlandı. Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı.

Milli Neft Strategiyası əsas üç hissədən ibarət idi:


  • xarici kapitalın və təcrübənin cəlb edilməsi;

  • çoxvariantlı nəqliyyat sisteminin yaradılması;

  • gəlirlərin toplanması və səmərəli idarə edilməsi.

1.Xarici kapitalın və təcrübənin cəlb edilməsi.Milli neft strategiyasının

əsasında ilk növbədə ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üçün böyük təcrübəyə və geniş maliyyə imkanlarına malik olan beynəlxalq neft şirkətlərinin Azərbaycana cəlb olunması dururdu. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Nüfuzlu neft şirkətləri ilə iş birliyinin qurulması Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə şərait yaratdı. “Əsrin müqaviləsi”ndən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana marağı artdı, iqtisadiyyata, xüsusilə də neft sektoruna xarici investisiyaların axını başlandı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dğvlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.

Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarini ildən ilə genişləndirərək Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin etdi. Dünyanın enerji təminatında da ölkənin xüsusi çəkisi və strateji əhəmiyyəti yüksəldi.

2.Çoxvariantlı nəql sisteminin yaradılması. Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlər ilə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Belə ki, neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildilər. Bu boru kəmərlərinin fəaliyyət göstərməsi ilə əlaqədar Azərbaycan, Gürcüstan, Türkiyə ölkələri və Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti ilə əlaqədar Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrildi. Azərbaycanın enerji təhlükəsizliyi təmin olundu, dünya enerji təchizatinda xüsusi çəkisi artdı.

Boru nəqliyyat infrastrukturu istismara veriləndən sonra karbohidrogen ehtiyatlarının dünya bazarına genişmiqyaslı ixracına, çoxvektorlu nəql siyasətinin həyata keçirilməsinə nail olundu və bununla əlaqədar ölkənin valyuta daxilolmaları sürətlə artdı.



3.Gəlirlərin toplanması və səmərəli idarə edilməsi. Hasilatın pay bölgüsü sazişlərinin xarici şirkətlər ilə imzalanması və bu sazişlərin təsdiqi prosesinin ictimaiyyətə açıq şəkildə həyata keçirilməsi neft sərvətinin idarə edilməsində şəffaflığın qurulması istiqamətində ilk addım oldu. Eyni zamanda xarici investorlar üçün yaradılmış əlverişli şərait beynəlxalq standartların və şəffaf idarəetmə üsullarının tətbiqinin əsasını təşkil etmişdir. Dünya sisteminə uğurlu inteqrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açdı.

Neft və qazın satışından əldə olunan gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin qabaqcıl sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə 1999-cu ildə Heydər Əliyevin qərarı ilə Dövlət Neft Fondu yaradıldı. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Neft Fondunun aktivlərinin həcmi on il sonra 1,5 milyard ABŞ dollarını keçmişdir. Dövlət Neft Fondunun yaradılması neft gəlilərinin idarə edilməsinin ən yaxşı təcrübəsidir və bu təcrübə Azərbaycanda tətbiq edildi.

Azərbaycanda mövdud olan iqtisadi və sosial problemlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün üzləşdikləri sosial-məişət çətinlikləri və sərbəst maliyyə resurslarının məhdudluğu ölkədə investisiyalara böyük tələb yaratmışdır. Bununla əlaqədar olaraq, Azərbaycan Neft Fondu yaradılarkən neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə yanaşı, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan bir model seçilmişdir.

Millineft strategiyasının uğurla reallaşması şəraitində iqtisadiyyatın lokomotivi olan neft sektorunun inkişafı ölkənin digər sahələrinə güclü təkan verdi. Bu hədəflərə çatmaq, Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ölkədə bir sıra mühüm addımlar atılmış, genişmiqyaslı sosial-iqtisadi tədbirlər planı hazırlanmışdır. Qısa müddət ərzində çoxsaylı dövlət proqramları qəbul edilmiş, infrastruktur sahələrin, sahibkarlığın, ölkədə işgüzarlığın mühitin inkişaf etdirilməsi və məşğulluğun artırılması istiqamətində mühüm tədbirlər aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı ilə ölkəmizin iqtisadi inkişafına təkan vermiş “Azərbaycan Respublikası regionlarını sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)” qəbul edildi. Bu proqramın həyata keçirilməsi nəticəsində bölgələrin inkişafına, o cümlədən infrastruktur sahələrin genişlənməsinə, sosial obyektlərin və yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına təkan verildi. Proqramın icrası dövründə 27 mindən artıq yeni müəssisə yaradılıb və 71,5 %-i daimi olmaqla 766 min yeni iş yeri açılmışdır. Yeni müəssisələrin 40 %-ə qədəri, yeni iş yerlərinin 80 %-i regionlarda yaradıldı.

Son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrində sıçrayışlı inkişaf əldə edilmiş və bu inkişaf istehsalın və investisiyaların həcminin artmasına, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərib. Maliyyə imkanlarının artmasının nəticəsi olaraq dövlət büdcəsinin xərcləri 2000-ci ildəki 763,8 milyon manatdan 2009-cu ildə 12,4 milyard manata qədər artmışdır.

Azərbaycanın malik olduğu neft ehtiyatları hesabına ölkədə formalaşan güclü neft sektoru ilə bərabər tarazlı iqtisadiyyatın qurulması və dinamik qeyri neft sektorunun inkişaf etdirilməsi kimi məsələlər yeni prioritet vəzifəyə çevrildi.

Neft sektorunda əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşməsinə investisiya qoyuluşlarının təşviqi məqsədilə dövlət başçısı tərəfindən digər önəmli bir qərar qəbul edildi – 2006-cı il 30 mart tarixli Sərəncamı ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti yaradıldı və Şirkətin ilkin nizamnamə kapitalı Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşdırıldı. Şirkətin investisiya fəaliyyətinin məqsədini əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatların nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.

Ölkənin durmadan artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Bu layihələrdən biri olan və Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında mühüm yer tutan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası layihəsi Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikanın Qərbə doğru inteqrasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaqdır.

Davamlı iqtisadi inkişaf ən zəruri makroiqtisadi göstəricilərdən biri olan adambaşına düşən ÜDM-in həcmində özünü aydın şəkildə göstərmişdir. Bu göstərici 2003-cü ildə 880,8 manatdan 2009-cu ildə 5040,6 manata qədər yüksəlmişdir. Neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli sıçrayış qeydə alınıb. Belə ki, qeyri-neft ÜDM-in həcmi 2000-ci ildə 3,1 milyard manat təşkil etdiyi halda 9 ildə bu göstərici təqribən 6 dəfə artaraq 17,8 milyard manata çatmışdır.

Ötən bir neçə ilin iqtisadi nəticələri göstərir ki, ölkənin iqtisadi inkişafında özəl sektorun rolu durmadan artır. Belə ki, sənaye məhsulunun 22,7 faizi dövlət müəssisələrində, 77,3 faizi özəl bölmələrdə istehsal edilmişdir.

Ölkənin artan maliyyə potensialı sayəsində iqtisadiyyata kredit qoyuluşlarının həcmi əhəmiyyətli dərəcədə genişlənmişdir. Statistik məlumatlara əsasən, 2001-ci ildə kredit qoyuluşlarının ümumi həcmi 486,2 milyon manat təşkil etdiyi halda, 2009-cu ildə bu rəqəm 8,4 milyard manata çatmışdır. Dövlət investisiyaları ilə bərabər qeyri-neft sektoruna sərmayə qoyuluşlarının həyata keçirilməsində bank kreditlərinin rolu da ildən ilə artır.

Əhalinin pul gəlirlərinin artması, eyni zamanda makroiqtisadi sabitliyin dayanıqlığı, bank sektorunda aparılan islahatlar, əmanətlərin sığortalanması fondunun həcminin ildən ilə artması əhalini də banklara olan etimadının artmasına şərait yaratmışdır. Belə ki, 2001-ci ildə 413 milyon manat təşkil edən əhalinin banklara olan əmanətlərinin həcmi 2009-cu ildə 4,6 milyard manata çatmış və yaxud ÜDM-in təqribən 10%-ni təşkil etmişdir.

Qeyri-neft sahələrinin inkişafı ilk növbədə ölkədə makroiqtisadi sabitliyin qorunmasını tələb edir. Ölkədə son illər ərzində yaradılmış inkişaf bazası, o cümlədən strateji valyuta ehtiyatları və bu resurslardan səmərəli istifadə olunması siyasəti dünyanı əhatəsinə almış qlobal böhrana qarşı aparılan tədbirlərin uğurla nəticələnməsinə və eyni zamanda qarşıya çıxan iqtisadi problemlərin tez bir zamanda aradan qaldırılmasına şərait yaradır. Bununla əlaqədar ölkə iqtisadiyyatı davamlılıq nümayiş etdirərək artım tempini və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Hökümətin həyata keçirdiyi antiinflyasiya tədbirləri və çevik monetar siyasəti sayəsində inflyasiyanın səviyyəsi 2009-cu ildə 1,5%-ə qədər azalmış, milli valyutanın məzənnəsi sabit səviyyədə saxlanmışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi siyasəti nəticəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr onu deməyə əsas verir ki, keçid dövrü artıq başa çatmışdır və Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir. Bununla əlaqədar hazırda özəl sektorun və bütövlükdə qeyri-neft sahələrinin inkişafı hökümətin yeni prioritetini təşkil etməkdədir.

Qeyri-neft sektorunu inkişaf etdirərkən, ölkədə ənənəvi sahələr ilə bərabər yeni iqtisadi sahələrin, xüsusilə də idxalı əvəzləyəcək və eyni zamanda əlavə dəyərin yaradılmasında payı çox olan sahələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmalıdır. İdxal olunan malların ölkə daxilində istehsalının stimullaşdırılması idxaldan asılılığın maksimum azaldılmasına imkan verəcək, ixrac yönümlü qeyri-neft sahələrinin inkişafı isə ölkəyə valyuta daxilolmalarının artmasına şərait yaradacaqdır.

Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası milli istehsal sahələrinin rəqabət qabiliyyətinin artırılmasını tələb edir. Neft sektorunda olduğu kimi, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi və bu məqsədlə ölkədə əlverişli və dinamik tənzimlənən biznes mühitinin formalaşdırılması bu sektorda sıçrayışlı inkişafa təkan verəcəkdir. Eyni zamanda xarici investorların iştirakı ilə istehsal yönümlü birgə layihələrin həyata keçirilməsi ölkədə qeyri-neft sahələrinin inkişafına, ixrac yönümlü məhsul istehsalının artımına şərait yaradacaqdır. Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycan İnvestisiya və İxracın Təşviqi Fondunun bu istiqamətdəki fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

Qeyri-neft sektorunun inkişafı eyni zamanda sahibkarlığın inkişafını stimullaşdıran tədbirlərin artırılmasını tələb edir. Bu məqsədlə dövlət tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi prosesinin intensivləşdirilməsi ölkədə həm özəl biznesin, eyni zamanda. Müvəkkil bankların inkişafına şərait yaradacaqdır. Hüquqi şəxslərin qeydiyyatı üçün “vahid pəncərə” prinsipinin tətbiqi, sadələşdirilmiş vergitutma, o cümlədən elektron vergiödəmə sisteminin tətbiqi biznes mühitini daha da yaxşılaşdiracaqdır.

Əlverişli biznes mühitinin inkişafı eyni zamanda müasir təhsil almış və xarici təcrübəni ölkədə tətbiq etməyə qadir olan ixtisaslı kadrların hazırlanmasını tələb edir. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının reallaşmasına və ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının formalaşmasına şərait yaradacaqdır. Bu proqram çərçivəsində Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı hal-hazırda 500 nəfərə çatıb və bu say ildən ilə artacaqdır. Xaricdə təhsil almış Azərbaycan gənclərinin təcrübəsində təkcə dövlət sektorunda deyil, eləcə də özəl sektorda istifadə edilməsi ölkədə müasir biznes mühitinin formalaşmasına və müasir idarəetmə üsullarının geniş tətbiqinə şərait yaradacaqdır.

Dövlətin maliyyə imkanlarının artması Azərbaycanda ekoloji problemlərin həlli üçün də geniş imkanlar açmışdır. Bu baxımdan Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planının və “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, eyni zamanda 2010-cu ilin Azərbaycanda ekologiya ilinin elan edilməsi ölkədə uzun illər ərzində həllini gözləyən ekoloji problemlərin aradan qaldırılmasına və eyni zamanda ətraf mühitin yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və bununla da ölkədə yüksək standartların tətbiqinə şərait yaradan strateji addımlar sayılır.

Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templərlə inkişaf edir və hal-hazırda formalaşmış iqtisadi bazar maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni hədəflərə doğru sürətlə addımlasın.



Mövzu 23 : Səhiyyənin inkişafı

Cənab Prezidentimiz İlham Əliyevin elmin inkişafına dair göstərişləri və qəbul etdiyi qərarlar müstəsna əhəmiyyət kəsb edir. Vaxtında qəbul edilmiş qərarlar gənclərin, xüsusilə gənc alimlərin sosial vəziyyətinin də yaxşılaşmasına öz müsbət təsirini göstərir ki, bu da daha fundamental tədqiqatların aparılmasını stimullaşdırır. 2009-cu il yaddaşlarda Azərbaycan dövlətinin elm, innovasiya və XXI əsrin milli intelektual potensialını səfərbər etmək baxımından tarixi əhəmiyyətli dövlət qərarlarının qəbul edildiyi il kimi qalacaqdır. Ona görə ki, elmin inkişafına və bu sahədə problemlərin kompleks həllinə xidmət etməyə yönəlmiş bir sıra mühüm sənədlər məhz 2009-cu ildə imzalanmışdır. Bunlardan 4 may 2009-cu il tarixli “ 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nı və “ Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nı , 22 may 2009-cu il tarixli “ 2009 2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sitemində islahatlar üzrə Dövlət Proqramı”nı, 21 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının prezidenti yanında “ Elmi İnkişaf Fondu”nun yaradılması haqqında sənədi qeyd etmək olar.

Qeyd edilənlər bir daha onu göstərir ki, qlobal böhranın təsirlərindən minimal itki ilə çıxmağı bacaran Azərbaycanı bundan sonra iqtisadi sahədə dinamik inkişaf mərhələsi gözləyir. Bu inkişafı şərtləndirən digər əsas amillərdən biri isə ölkəmizdə zamanın nəbzinə uyğun sosial-iqtisadi islahatların aparılmasıdır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “ Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi”.

Xəstəliklərin vaxtında aşkar edilməsi və onlara nəzarət sisteminin yaradılası məqsədi ilə Səhiyyə Nazirliyinin 24 oktyabr 2007-ci il tarixli 100 saylı əmri ilə “ Tədbirlər Proqramlarına daxil edilmiş xəstəliklərin ilkin aşkarlanması hallarının qeydiyatı vərəqi” vahid registr forması təsdiq edilmişdir.

Ölkəmizdə endokrinoloji xəstəliklərdən, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərə yardım etmək məqsədilə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) şəkərli diabet xəstələrinin sayının artacağı haqqında proqnozunu nəzərə alaraq, 2003-cü il dekabrın 23-də “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul edilmiş və Respublika Prezidenti cənab İlham Əliyevin 2004-cü ilin 14 fevral tarixli fərmanı da təsdiq edilmişdir. Bu fərmanın icrası məqsədi ilə “ Şəkərli diabet üzrə Dövlət Proqramı” hazırlanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir. Hazırda proqramın yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstələrin sayı artmışdır. Dövlət Proqramı çərçivəsində xəstələr şəkərə qarşı dərmanla preparatları ilə təmin olunurlar. Bununla yanaşı, onlara özüyoxlama vasitəsi olan qlükometr və test çubuqları pulsuz paylanılır. Eyni zamanda, şəkərli diabet xəstələrinin müayinə və müalicəsində müstəsna əhəmiyyəti olan qlikozişləmiş hemoqlobinin təyin edilməsi məqsədi ilə endok yardım göstərən tibbi müəssisələri ekspres analizator və striplərlə təmin edilmişdir.

23 may 2006-cı il tarixində Milli Məclis tərəfindən onkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi və sosial yardım göstərilməsinin hüquqi əsaslarının müəyyən edən “ Onkolojo yardım haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 442 nömrəli Fərmanı ilə imzalanmışdır. Bu Qanunun icrası ilə əlaqədar “ Onkoloji xəstələrin həyatı vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Dövlət Proqramı” işlənib hazırlanmış və Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli 178 saylı Qərarı ilə təsdiq edilmişdir. Bu sahədə imzalanmış Prezident fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən onkoloji xidmətin fəaliyyətini tənzimləyən 5 normativ akt təsdiq edilmişdir. Proqram qəbul edildikdən sonra onkoloji xidmətə ayrılan vəsait 3 dəfə artırılmış, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır.

1 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Onkologiya Mərkəzinin yeni korpuslarının tikilməsinə təməl daşı qoyulmuşdur. Hazırda yeni binanın tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. Rəqəmsal rentgen cihazları, kompyuter tomoqrafiya və nüvə-maqnit rezonans qurğuları, xətti gücləndirici, mammoqraf fəaliyyət göstərir. Mərkəz mobil diaqnostik komplekslə də təmin edilmişdir ki, bu səyyar qurğu bölgələrdə onkoloji xəstələrin aşkar edilməsi üçün geniş imkanlar yaradır.

2002-ci ildə Aərbaycan Tibb Universitetinin stomotoloji klinikası yaradılmışdır. 2007-ci ilin iyul ayında isə həmin Universitetin ən müasir tibb avadanlığı təchiz olunmuş onkoloji klinikası istifadəyə verilmişdir.

Səhiyyə və tibb elminin öndə gedən sahəsi sayılan cərrhiyyənin Azərbaycanda böyük tarixi, zəngin keçmişi, öz ənənələri vardır.Təcili və təxirəsalınmaz cərrhi xidmətin optimal təşkili və işinin yaxşılışdırılması səhiyyə qarşısında duran ən mürəkkəb problemlərdəndir. Bu səbəbdən də bu növ cərrahi yardım göstərən tibb müəssisələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilir. Bakı Şəhər Kliniki Tibbi Mərkəzin, Sumqayıt şəhər təcili yardım xəstəxanalarının rekonstruksiya və əsaslı təmirindən sonra ən müasir tibbi avadanlıqlarla təchizatı və əhalinin xidmətinə verilməsi də məhz bu kompleks tədbirlər sisteminə aiddir.

Ölkəmizdə narkoloji xidmət Azərbaycan Respublikasının “ Narkoloji xidmət və nəzarət haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş ab vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə “ 2007-2012-ci illəri Proqramı”nın tələblərinə uyğun qurulmuşdur.



Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə Respublika Prezidentinin 20 fevral 2007-ci il tarixli Sərəncamı ilə bu xidmətə əlavə olaraq 12 milyon manat vəsait ayrılmışdır. Cənab Prezidentin 30 dekabr 2007-ci il tarixli Sərəncamı əsasən, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində çalışan işçilərin vəzifə maaşları 2 dəfə artırılmışdır.
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə