Mühazirə1:İqtisadi informatikanın əsas anlayışları Yeni dərsin planı




Yüklə 66.91 Kb.
tarix20.04.2016
ölçüsü66.91 Kb.

powerpluswatermarkobject3


Mühazirə1:İqtisadi informatikanın əsas anlayışları
Yeni dərsin planı:

1.İnformatika haqqında ümumi məlumat

2.İnformasiya anlayışı,onun formaları və xassələri

3.İnformasiyanın kəmiyyət ölçüsü


1.İnformatika haqqında ümumi məlumat

İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır

İqtisadiyyatın idarə edilməsi qarşısında duran vəzifələr müasir hesablama texnikası vasitələri tətbiq edilmədən yerinə yetirilə bilməz.İdarəetmə informasiyasının dönmədən artan həcmi öz növbəsində müvafiq işçilərin informasiya yükünün artmasına səbəb olur və işlənmənin avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsinin zəruri edir.

Müxtəlif iqtisadi və digər məsələlərin həlli çoxsaylı amillərin təsirinin kəmiyyətcə qiymətləndirilməsini, nisbətlərin proqnozlaşdırılmasını və s. nəzərdə tutur. Bu isə hesablama tenikası vasitələrinin və riyazi aparatın köməyi ilə həyata keçirilə bilər.

“İnformatika” bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır. İnformatika informasiya və avtomatika kimi iki fransız sözünün birləşməsi olub,informasiyalı avtomatika və ya informasiyanın avtomatlaşdırılmış işlənməsi mənasını verir.Xaricdə “İnformatika” termini “Kompüter elmi” (Computer science) termini ilə uyğunlaşdırılır, yəni bu iki termin sinonim kimi işlədilir.

İnformatika bir elm sahəsi kimi,informasiyanın quruluşu,ümumi xassələri,yaradılması,saxlanılması,axtarışı,çevrilməsi,ötürülməsi və istifadəsinin-insan fəaliyyətinin müxtəlif sahələrindəki qanunauyğunluq və üsullarını tədqiq edir.

İnformatika – informasiyanın çevrilməsi haqqında elm olub, hesablama texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və fəaliyyəti haqqında bilik verir. İqtisadi informatika iqtisadi informasiyanın çevrilməsi qanunauyğunluqlarını, bu çevrilmələrin texniki- texnoloji və digər vasitələrini, insan- maşın sistemlərindəki çoxcəhətli münasibətləri öyrənir.

Hesablama texnikasından istifadənin geniş miqyas alması avtomatlaşdırılmış informasiya sistemlərinin, məlumat baza və banklarının təşkilini, iqtisadi proseslərin idarə edilməsi üçün zəruri proqram vasitələrinin, hesablama sistemləri və komplekslərinin səmərəli işinin təmin olunmasını və s. nəzərdə tutr.

İnformatikada məzmun , təşkilati, texniki,alqoritmik və proqram sahələri nisbi müstəqil istiqamətlər kimi fərqləndirilir.

İqtisadi informatikanın əsas anlayışlarına – informasiya, iqtisadi informasiya, sistem, iqtisadi sistem, informasiya texnologiyası, kağızsız informatika, model, informasiya modeli və s. aid etmək olar.

İqtisadi informatikanın tədqiqat sahəsini dəqiqləşdirmək baxımından qeyd etmək olar ki, o iqtisadi informasiyanın çevrilməsi qanunauyğunluqlarını, bu çevrilmələrin texniki-texnoloji və digər vasitələrini, insan-maşın sistemindəki çoxcəhətli münasibətləri öyrənir.

İnformatika nisbətən qısa dövr ərzində informasiyanın işlənməsinin müxtəlif və çoxsaylı üsul və qaydalarını təklif etmiş, əsaslandırmış, təcrübədə sınaqdan keçirimişdir.

İnformasiyanın, o cümlədən iqtisadi informasiyanın çoxcəhətli və çox növlü olması, onun işlənməsi prosesinə kompleks yanaşmanı tələb edir.

İnformatika bir elm sahəsi kimi öyrənilən hadisənin (obyektin, prosesin) informasiya modeli qurulduqdan sonra öz imkanlarını reallaşdıra bilir. İnformatika bu modelin qurulmasının ümumi metodoloji prinsiplərini işləyib hazırlayır, modelin bilavasitə qurulması isə digər elm sahələrinin işidir. İnformatika kibernetikadan fərqli olaraq kibernetik sistemin informasiya, texniki, proqram və s. təminatı məsələlərini öyrənir.

Hal-hazırda informatikanın inkişafında prespektivli istiqamət informasiya texnologiyasının inkişafı sayılır ki, burada da məqsəd EHM-in süni intellektinə əsaslanan texnologiyanın əldə olunmasıdır.

Müasir şəraitdə texniki vasitələrdən istifadə səviyyəsi informasiyanın çevrilməsi prosesinin səmərəliliyini müəyyənləşdirən əsas amillərdəndir. Yüksək məhsuldarlığa malik hesablama, rabitə və təşkilat texnikası vasitələrinin geniş istifadəsinə olan tələbat bir çox məsələlərin həllini tələb edir. Həmin məsələlərə aşağıdakılar aid edilə bilər:texniki vasitələrdən istifadənin üsul və formalarının müəyyənləşdirlməsi, informasiyanın çevrilməsi prosesinin çoxcəhətli ahəngdarlığının təmin edilməsi və ona nəzarət, avtomatlaşdırılmış informasiya sistemlərinin, məlumat baza və biliklərinin təşkili, iqtisadi proseslərin idarə edilməsi üçün zəruri proqram vasitələrinin, hesablama sistemləri və komplekslərinin səmərəli işinin təmin olunması və s.

Yuxarıda qeyd olunan məsələlərin məzmunu “İqtisadi informatika və hesablama texnikası” kursunun məzmununu təşkil edir.

Kursun predmeti iqtisadi informasiyanın avtomatlaşdırılmış işlənməsi sisteminin təşkili və istismarının əsasları haqqında elmi biliklər sahəsidir. Kursun vəzifəsi – iqtisadi informasiyanı müasir hesablama, rabitə və təşkilat texnikası vasitələrinin köməyi ilə işlənməsinin üsul və qaydalarını öyrənməkdir.

İnformatika elminin əsas tətqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsidir.

Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyələri, riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s., özünün məxsusi bölmələrini isə əməliyyatlar sistemi, EHM arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.

İnformatika fənninin predmetinə aşağıdakı sahələr daxildir:


  1. Hesablama texnikasının əsasını təşkil edən aparat təminatı (hardware).

  2. Hesablama texnikasının proqram təminatı (software).

  3. Aparat və proqram təminatlarının qarşılıqlı əlaqə vasitələri (aparat proqram interfeysi).

  4. İstifadəçi ilə aparat və proqram təminatı arasında qarşılıqlı əlaqə

vasitələri (istifadəçi interfeysi).

İnformatika fənninin strukturuna aşağıdakıları aid etmək olar:

1. İnformasiyanın və informasiyalaşdırmanın sosial məsələləri (Sosial informasiya, informasiyanın cəmiyyətdə rolu, informasiyalaşmış cəmiyyətin konsepsiyası, informasiya təhlükəsizliyi, informasiyalaşdırmanın sosial nəticələri).

2. Nəzəri və riyazi informatika (Alqoritm nəzəriyyəsi, modellər, qərarların qəbul edilməsi, riyazi və məntuqu aparat).

3. Süni intellekt nəzəriyyəsi (İntellektual və psixi proseslərin

modelləşdirilməsi ekspert sistemləri, obrazların tanınması, intellektual robortar).

4. Hesablama texnikası və proqramlaşdırma (EHM arxitekturası, proqram və proqramlaşdırma anlayışı, EHM-lərin yaranma tarixi, inkişaf mərhələləri, komputer sistemləri və şəbəkələri).

5. Tətbiqi informatika (İnformasiyanın toplanması və tətbiqi ilə əlaqədar olaraq bir çox elm sahələrində-iqtisadiyyatda,texnikada,hərbi işlərdə,hüquqi sahədə yaranan məsələlər).

İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur. “Verilənlər” (ingiliscə data) texniki vasitələrlə (məsələn,kompüterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (komdlaşdırılan) məlumatdır. “Verilən” termini latınca “datum” (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilər. Odur ki, verilənlər dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.

Verilənlər ümumi halda ad, qiymət, tip və struktur xarakteriskaları ilə təyin olunurlar.

Verilənin adı onun mənasını (semantikasını) ifadə edir, məsələn, çəki, ölçü, rəng və s.

Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir, çünki faktları bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə qiymətlərinin birlikdə təsvirinə imkan verir. Məsələn, “temperatur+30 dərəcədir” ifadəsində “+30” verilənin qiyməti ,“temperatur dərəcə ilə” verilənin adıdır.

Verilənlərin tip xarakteriskasından əsasən proqramlaşdırmada istifadə olunur. Tipinə görə verilənləri 4 qrupa ayrılır.

Hesabi (və ya rəqəm tipli)- Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur(məsələn,”boyu 174 sm”).

Mətn (və ya simvol tipli)- Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (məsələn, “qırmızı qəngli”).

Məntiqi tipli verilənlər- Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə (“yalan”, “doğru”) ifadə olunur (məsələn, “ikinin tək ədəd olması yalandır”).

Göstərici tipli verilənlər. - Göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.

Qeyd edək ki,proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, uzunluğuna görə də xarakterizə edilir.

2.İnformasiya anlayışı,onun formaları və xassələri

İnformasiya – latın sözü olub, baş vermiş hadisə və ya fakt haqqında məlumat vermək mənasını daşıyır. İnformasiya ətraf mühitin obyektləri və hadisələri, onların parametrləri və xassələri haqqında xəbərdir. İnformatikada bu xəbərlər verilənlər də adlanır.

İnformasiya insana onun hissi qavrayışları və təsəvvürləri sayəsində çatır. İnformasiya bütün hallarda mənbə və istehlakçının (qəbul edənin) mövcudluğunu nəzərdə tutur.

Bir çox hallrda məlumat və informasiya anlayışları eyniləşdirilir. Doğrudan da, əksər hallarda onların məna yükü eynidir. Bununla belə, məlumat və informasiya anlayışlarını bütün hallarda eyniləşdirmək düzgün düyildir. Belə ki, məlumat informasiyaya nəzərən daha geniş anlayışdır. Başqa sözlə, hər bir informasiya məlumat olduğu halda, hər bir məlumat informasiya deyildir. İnformasiya məlumata nəzərən, daha yığcam, konkret və mükəmməl olub, çevrilmə obyektidir. “Sözün geniş mənasında informasiya dedikdə saxlanma, ötürülmə və çevrilmə obyekti olan məlumat başa düşülür”(F.D.Fesenko).

İnsanın məqsədyönlü fəaliyyəti həmişə informasiya ilə müşaiyət olunur. Hazırda informasiya çevrilmələrinə etina edilmədən hər hansı bir prosesin tənzimlənməsi (idarəedilməsi) qeyri – mümükündür.

İnformasiya kibernetikanın əsas anlayışlarından biridir və ona yalnız kəmiyyət nöqteyi nəzərindən tərif verilir. “Hadisə baş verincəyə qədərki biliyimizlə, hadisədən sonrakı biliyimizin fərqi informasiyasıdır”. (L.Brillyüen).

“Kibernetika” yunan sözü olub idarəetmə sənəti deməkdir. Kibernetikanın müxtəlif tərifləri vardır.Akademik A.İ.Berqin kibernetikaya verdiyi tərif daha dolğundur.A.İ.Berqə görə kibernetika mürəkkəb dinamik sistemlərin idarə edilməsi haqqında elmdir. Kibernetikanın predmeti hər cür sistemlərin deyil,yalnız idarə olunan sistemlərin tədqiqindən ibarətdir.

Sistem müəyyən vəhdət ,bütövlük təşkil edən və bir-biri ilə qarşılıqlı əlaqədə olan nizamlı elementlər məcmuyudur.

Sistemin fəaliyyəti infromasiyanın miqdarından bilavasitə asılıdır. İnformasiya nə qədər çox olursa, kibernetik sistemləri qurmaq və onların fəaliyyətini qaydaya salmaq, yaranın problemləri həll etmək imkanları genişlənir.

Kibernetik sistem dedikdə mürəkkəb, dinamik və idarə olunan sistemlər nəzərdə tutulur. Bu üç keyfiyyət həm informasiyanın mövcudluğu mahiyyətindən irəli gəlir, həm də informasiyanın mövcudluğu üçün əsas şərt olur. Hər bir kibernetik sistemin iki əsas ünsürü – idarəedici orqan və idarə olunan obyekt arasındakı qarşılıqlı əlaqə və asılılıq informasiya vasitəsilə həyata keçirilir.

Kibernetika əsasən üç qola ayrılır.Texniki kibernetika,biokibernetika və iqtisadi kibernetika

Texniki kibernetika-ayrı-ayrı mexanizmlərin,maşın sistemlərinin,istehsal-texnoloji proseslərin idarə edilməsi vasitələrinin yaradılması və fəaliyyəti qanunauyğunluqlarını öyrənir.

Biokibernetika –canlı aləmdə ,bioloji və biokimyəvi sistemlərdə baş verən proseslərin idarəedilməsi qanunauyğunluqlarından bəhs edir.

İqtisadi kibernetika-istehsal prosesində insanların fəaliyyətinin məqsədə uyğun təşkili və əlaqələndirilməsi qanunauyğunluqlarını ,prinsiplərini və metodlarını öyrənir.

Kibernetika – informasiyanı obyektlərin vəziyyətinin qeyri müəyyənliyinin aradan qaldırılması ölçüsü, konkret istifadəçinin biliyinin ölçüsü kimi qiymətləndirir. İqtisad elmində informasiya dedikdə adətən obyeklərin vəziyyəti, fakt və hadisələr haqqında verilən məlumatların məcmusu başa düşülür. Burada informasiyanın işlənməsi və məlumatların işlənməsi terminləri eyni mənada qəbul edilir. İnformatikada xüsusi məna daşıyan bilik anlayışından da istifadə olunur. Həmin anlayış məlumat və informasiya anlayışından fərqlənir. Belə ki, biliyin informasiyadan fərqli olaraq aşağıdakı xassələri vardır:

yüksək quruluşa malik olmağı;

öz elementləri üzərində əməliyyatların yerinə yetirilməsi üçün maşın

proqramını çağırmaq qabiliyyətinin olması;

başqa informasiyanın və ya onun struktur elementlərini ifadə etməsi və s.

İstehsalın ıdarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi onun tədqiqinin ümumi metodlarına əsaslanır.Bu zaman informasiya üç aspekdə tədqiq edilir.Praqmatik,semantik,sintaksis

İnformasiyaya praqmatik aspektdə baxıldıqda ,idarəetmə prosesində qərarların qəbulu üçün informasiyanın praktiki cəhətdən nə qədər faydalı və qiymətli olması müəyyən edilir.

İstehsalın avtomatlaşdırılmış idarə edilməsi sistemlərin yaradılması zamanı informasiyanın praqmatik aspekdə öyrənilməsi istehlakçılar üçün informasiyanın zərurilik və kafilik dərəcəsini ,faydalı informasiyanın həcmini ,faydasız sənədlər külliyatının miqdarını və.s müəyyənləşdirməyə imkan verir.İnformasiya həcmini ,işlənmə,saxlanma,verilmə tezliklərini və.s bilməklə informasiyanın işlənməsinin texniki vasitələrini hesablamaq olar.

İnformasiya semantik (mənaca) tədqiq edildikdə idarəetmə obyektinin vəziyyətini əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında olan münasibətlərin və ölçü vahidlərinin mənaca öyrənilməsinə imkan yaranır.İnformasiyaya semantik baxış iqtisadi göstəricilərin ,obyektlərin təsnifatına ,qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasına və beləliklə idarəetmədə baş verən hadisələrin,faktların,proseslərin və.s tam öyrənilməsinə imkan verir.

İnformasiyaya sintaksis aspektdə baxıldıqda onun məzmunu ,mənası və istifadəedilmə xüsusiyyətindən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər kəmiyyətcə müəyyənləşdirilir.İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsi onun maşında işlənməsi texnologiyasının səmərəli seçilməsi və layihələndirilməsinə ,maşın daşıyıcılarının ,onların maketlərinin səmərəli qurulmasına imkan verir.

İnformatikada informasiya ilkin və təyin olunmamaış anlayış kimi qəbul olunur.

Fəlsəfi baxımdan informasiya xəbər, məlumat vasitəsilə real dünyanın inkasıdır. Xəbər, məlumat isə informasiyanın nitq, yazı, təsvir, siqnal və s. vasitələrlə ötürmə üsuludur.

İnformasiya təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri qarşılıqlı münasibətləri haqqında məlumat verməklə onların qeyri-müəyyənliyini, onlara dair biliklərimizin məhdudluğunu azaldır.

İnformasiya insanların təbiətdən və cəmiyyətdən öz hissiyat üzvləri (görmə, eşitmə, dad bilmə, hissiyat, iybilmə) vasitəsilə qəbul etdikləri məlumatdır.

İnformasiyanın yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümükündür. informasiyalar siqnallar vasitəsilə ötürülür, kodlaşdırılaraq yaddaşda saxlanılır və iki yerə bölünür; ədədi və analoq informasiyalar. İnsanlar öz hissiyat üzvlərinə görə analaoq, komputerlər isə ədədi informasiyaların köməyi ilə fəaliyyət göstərilir. Əgər analoq informasiyanı rəqəmlərlə kodlaşdırsaq analoq informasiya ədədi informasiyaya çevrilir.

İnformasiya maddi daşıyıcılar olan fiziki obyektlərdən, sosial, psixoloji proseslərdən kənarda qala bilməz və informasiyanın varlığı onun hərəkətindədir. Daimi hərəkətdə olması ilə informasiya insanların təlabatını ödəməklə onların qarşılıqlı münasibətlərinin və əlaqələrinin tənzimlənməsində mühüm rol oynayır.

İnformasiyalar:

Geoloji informasiya

Genetik informasiya

Texniki informasiya

Sinoptik informasiya

İqtisadi informasiya

Tam informasiya

Yalan (dezinformasiya) informasiya

Hüquqi informasiya

Tarixi informasiya

və s. kateqoriyalar bölünür.

İnformasiya xarici və daxili xassəyə malikdir. Fəlsəfədən məlumdur ki, daxili xassə orqanik olaraq obyektin özünə aiddir, “gizli” və özünü digər obyektlərlə qarşılıqlı münasibətdə biruzə verir.

Xarici xassə isə obyektin digər obyektlərə qarşılıqlı münasibətlərini xarakterizə edir. İstənilən informasiyanı – informasiya mənbəyi, informasiya istifadəçisivə informasiyanı əks etdirən üç qarşılıqlı əlaqəli obyektə bölmək olar.Bu isə onun əsas xarici xassələrini informasiyanın keyfiyyətini, tamlığını, etibarlığını və s. ayırmağa imkan verir.

İnformasiyanın daxili xassəsi isə informasiyanın həcmi, özünəməxsusluğu və s. ilə xarakterizə olunur.

İnformasiya obyektiv, keyfiyyətli, tam, vaxtında, dəqiq, faydalı qiymətli olarsa düzgün qərar çıxarmaq üçün əsas verə bilər. İnformasiyanın keyfiyyəti materiyanın hərəkət formalarından, insanların düşüncə tərzindən, cəmiyyətlərin müxtəlifliyindən asılı olaraq müxtəlif ola bilər.

İnformasiyanın aşağıdakı xassələri vardır:

Dəqiqiliyi – onun əks olunan parametrlə nə dərəcədə yaxın olduğunu

göstərir.

Etibarlılığı – onun real obyekti zəruri dəqiqliklə əks etdirməsini göstərir

Əhəmiyyətliliyi – onun müxtəlif siferalarla tətbiq olunması ilə

xarakterizə olunur.

Tamlığı – düzgün qərar qəbul etmək üçün informasiyanın kifayət qədər

olması.

Qiymətliliyi – məsələnin həlli üçün nə qədər vacib olmasıdır.



Vaxtında verilməsi – qərar qəbul etmək üçün vaxtından əvvəl və sonra

yox, vaxtında verilməsi lazımdır və s.

Hər bir informasiyanın mənbəyi və istifadəçisi vardır. Mənbədən istifadəçiyə informasiya məlumat şəklində ötürülür. İnformasiyanın ötürülməsi prosesi mənbə ilə istifadəçi arasında olan rabitə və ünsiyyət vasitələti ilə həyata keçirilir. Müasir dövrdə insanlar informasiyanın qəbulu və ötürülməsində praqmatik problemlərə üstünlük verirlər. Yəni informasiyanın qiymətliliyi, əhəmiyyətliliyi insanlar üçün daha maraqlıdır. Ona görə də informasiya nəzəriyyəsində istifadəçi üçün hər bir informasiya deyil, yalnız onun analiz etdiyi araşdırmalar apardığı işlərdə onun məlumatını artıran informasiyalar əhəmiyyət kəsb edir. Bir adam üçün qiymətli və böyük əhəmiyyətə malik olan informasiya digəri üçün bir maraq kəsb etməyə bilər.

3.İnformasiyanın kəmiyyət ölçüsü

İnformasiyaya hansı aspektdə baxılmasından asılı olmayaraq onun başlıca cəhəti qeyri-müəyyənliyi ləğv etməsidir.Müasir informasiya nəzəriyyəsinin banisi ,amerikalı alim Klod Şennon tərəfindən təklif olunmuş informasiya ölçüsü hazırda çox geniş yayılmışdır.Şennona görə informasiyanın ölçüsü baş vermiş və ya baş verəcək hadisələrin qeyri-müəyyənliyinin ölçüsü ilə əlaqədardır. Qeyri-müəyyənliyin ölçüsü entropiyadır.Sistemdə qeyri-müəyyənlik nə qədər yüksək olarsa ,entropiyada bir o qədər böyük olar.Lakin sistem nə qədər nizamlı və mütəşəkkildirsə və onun vəziyyəti haqqında doğru mühakimə yürütmək imkanı böyükdürsə entropiya bir o qədər azalır.

Hər hansı sistem özünün fəaliyyəti prosesində müəyyən informasiyanı saxlamalı,verməli və almalıdır.Müxtəlif sistemlər (insan beyni,Kompüterin yaddaşı və.s) müxtəlif həcmdə informasiya saxlaya bilər.

Saxlaya,verə və ala biləcəyi informasiyanın maksimal miqdarı sistemin informasya tutumu adlanır.İnformasiya tutumu (Q)mümkün xəbərlərin sayının loqarifmi ilə qiymətləndirilir.

Q =loqaN =n loqa m

Loqarifmin əsası (a) adətən 2 götrülür.Bu halda cəmisi iki simvoldan (m=2)ibarət əlifbaya və bir mövqeyə (n=1) malik mənbənin tutumu aşağıdakı kimi olacaqdır.

Q= n loq2 m=1 loq22=1

İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit sözundən) qəbul edilmişdir.Bit çox kiçik vahid olduğundan,kompüter texnikasında əsas informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:


  1. bit = 0 və ya 1;

  2. 1 bayt = 8 bit;

  3. 1 Kbayt = 1024 bayt=210bayt

  4. 1 Mbayt = 1024 Kbayt=220bayt

  5. 1 Gbayt = 1024 Mbayt=230bayt

  6. 1 Tbayt = 1024 Gbayt =240bayt

Son zamanlar isə emal olunan informasiyanın həcminin artması ilə əlaqədar olaraq,petabayt(Pb),eksabayt(Eb) və zetabayt(Zb) kimi ölçü vahidlərindən də istifadə olunur.

1Pb=1024 Tb=250bayt

1Eb=1024Pb=260bayt

1Zb=1024Eb=270bayt

Bu ölçü vahidlərindən ən çox kompüter yaddaşının tutumunu göstərmək üçün istifadə olunur.

Kompüterdə informasiya ikili say sistemi vasitəsilə kodlaşdırılır. Kodlaşdırma bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə təsvir edilməsidir.



  • İkili say sistemi: 0, 1

  • Onluq say sistemi: 0,1,2 ... 9

  • Rum say sistemi: I, II, III, IV ... X, ...C (yüz), ...

  • 16-lıq say sistemi və s.

Dərsin möhkəmləndirilməsi üçün suallar:
1.İnformatika nədir?

2.İnformatika elmi nəyi öyrənir?

3.İnformatika elminin əsas tədqiqat obyekti nədir?

4.İnformatika elminin nəzəri əsaslarını nə təşkil edir?

5.İnformatika fənninin predmetinə hansı sahələr daxildir?

6.İnformatika fənninin strukturu hansı bölmələrdən ibarətdir?

7.Fakt nədir?

8. İnformatikada fakt,məlumat,xəbər terminləri hansı sözlə ifadə olunur?

9.Verilənlər hansı xarakteristikalarla təyin olunur?

10.Tipinə görə verilənlər neçə qrupa ayrılır?

11. İnformasiya nəyə deyilir?

12.Bir çox hallarda məlumat və informasiya anlayışları eyniləşdirilir.Bu doğrudurmu?

13.İnformasiya kibernetikanın əsas anlayışı olduğundan ona necə tərif verilir?

14.Kibernetika nədir?

15.Kibernetik sistem nədir?

16. Kibernetika neçə qola ayrılır?

17.İstehsalın idarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi onun tədqiqinin ümumi metodlarına əsaslanır.Bu zaman informasiya 3 aspektdə tədqiq edilir.Onlar hansılardır?

18. İnformatikada İnformasiya necə qəbul olunur?

19.Fəlsəfi baxımdan informasiya necə qəbul olunur?

20.İnformasiyalar neçə yerə ayrılır?

21.Ədədi və analoq ınformasiyalar biri-birlərindən nə ilə fərqlənir?

22İnformasiyalar hansı kateqoriyalara bölünür?

23.İnformasiyanın neçə xassəsi vardır?

24.Entropiya nədir?

25.İnformasiyanı ölçmək üçün istifadə olunan minimal informasiya vahidi necə adlanır?
Ədəbiyyat:

1.Kərimov Sabit Qəhrəman oğlu, Həbibullayev Səlahəddin Bəxtiyar oğlu, İbrahimzadə Tofiq İbrahim oğlu “İnformatika”

Dərslik: Səhifə 10- 11

2.Xəlilov Mübariz Sevdimalı oğlu “İnformatika”

Dərslik: Səhifə 13-15; Səhifə 27-32

3.Quliyev H.X; Balayev P.Ə “ İqtisadi informatika və hesablama texnikasının əsasları”

Dərslik: Səhifə 3- 18

Bakı Biznes və Kooperasiya Kolleci


Müəllim: Quliyeva Səlimə / /



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə