Mühazirə 4 Giriş Lokal kompüter şəbəkələrinin topologiyası




Yüklə 52.75 Kb.
tarix20.04.2016
ölçüsü52.75 Kb.

powerpluswatermarkobject839893


İ.M.ƏLIYEV

t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri





      1. LOKAL ŞƏBƏKƏLƏR

(Mühazirə 4)


    1. Giriş

    2. Lokal kompüter şəbəkələrinin topologiyası

    3. Lokal şəbəkələrdə istifadə olunan kabellər

    4. Geniş yayılmış lokal şəbəkələr


4.1. Giriş

Kompüter şəbəkəsi kompüter və bu tip sistemlər (printer və s.) arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompüterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə adapterləri, modemlər və s.) ilə birləşirlər. Protokol kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompüterlərə instalizasiya edilir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:



  • İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi;

  • İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi;

  • Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü;

  • Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü;

  • və s.

Kompüter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnif edilə bilər:

1. Lokal şəbəkələr (LAN-Lokal Area Network);



  1. Qlobal şəbəkələr (WAN- Wide Area Network).

Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və protokolları vardır. IEEE 802.x standartları lokal kompüter şəbəkələri üçün işlənilmişdir.
4.2. Lokal kompüter şəbəkələrinin topologiyası



Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulur.



4.2.1. Şin topologiyası


Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar (şək. 1). Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür.



Şək.1. Şin topologiyalı lokal şəbəkə
İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boş isə kompüter paketləri şinlə ötürür. Paket bir neçə hissədən:

  • informasiyanın ünvanlandığı kompüterin ünvanından;

  • informasiyanı göndərən kompüterin ünvanından;

  • göndərilən informasiyadan;

  • xidməti sahələrdən

ibarətdir.
Hər bir kompüter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış paketləri özündə qeyd edir.

Əgər iki kompüter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompüterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər.

Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:


  • Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;

  • Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;

  • Şəbəkə kartları (adapterləri) ucuzdur;

Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.

4.2.2. Halqavari topologiya

Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə halqavari şəkildə (şək.2), yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi ünvana (kompüterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. Paketi almış kompüter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompüterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompüter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə informasiya yoxsa markeri bir sonrakı kompüter göndərir. Bu tip şəbəkələrdə kompüterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).

Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:


  • Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;

  • Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.

Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:

  • Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;

  • Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;





Şək.2. Halqavari topologiyalı lokal şəbəkə
Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar. Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini göstərmək olar.

4.2.3. Ulduzvari topologiyalı lokal şəbəkələr

Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.






computr3
Mərkəzi qovşaq













Şək.3. Ulduzvari topologiyalı lokal şəbəkə
Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər (şək.3).

Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-T, 100 BASE-T şəbəkələrini göstərmək olar. Burada 10 və 100 - şəbəkənin sürətini (Mbit/san) göstərir.

Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər.

Bu və ya digər topologiyanın seçilməsi kompüter şəbəkəsinin tətbiq sahəsindən, kompüterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.

Hal-hazırda kabelsiz lokal kompüter şəbəkələri də tətbiq edilir. Bu şəbəkələrdə radio modemlərdən (adapterlərdən) istifadə edilir. Bu zaman kompüterlərarası informasiya mübadiləsi kabellərlə yox, radio kanallar vasitəsi ilə həyata keçirilir.

Son zamanlar bir bina (və ya bir otaq) içərisində mövcud elektrik şəbəkəsindən istifadə edilərək lokal kompüter şəbəkələr qurulması üçün proqram və texniki vasitələr işlənilmişdir.



4.3. Lokal şəbəkələrdə istifadə olunan kabellər
Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:

4.3.1. Koaksial kabellər

4.3.2. Burulmuş cütlü kabellər


Bu kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir.

4.3.3. Optik kabellər

Optik kabellər vasitəsilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərdən istifadə olunur. İnformasiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət qədər bahalıdır, quraşdırılması çətindir. İşıq dalğalarını elektrik dalğalarına və əksinə çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən informasiyanın uzaq məsafəyə və geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq yoxdur. Məlumatın yayılması sürəti saniyədə bir neçə geqabitlə (Gbit) ölçülür. Məlumat 50 km məsafəyə gücləndirilmədən ötürülə bilir. Bu tip kabellər Ethernet 100 BASE-F şəbəkələrində istifadə olunur.



4.4. Geniş yayılmış lokal şəbəkələr
4.4.1. Ethernet
Ethernet lokal şəbəkələrinin əsas xarakteristikaları Cədvəl 1-də göstərilmişdir.
Cədvəl 1






Parametrlər

Topologiyası

Seqmentin maksimal uzunluğu

Kompüterlər-arası məsafə

Kabelin tipi

Seqmentdə kompüterlərin

maksimal sayı



10 BASE 2

Şin

185 m

>0.5 m

Nazik Koaksial

RG-58 om


30



10 BASE 5

Şin

500 m

‘2.5 m və

onun misli



Qalın Koaksial

RG-11 om


100



100Base T

Ulduz

100 m

100 m

Burulmuş cütlük

UTP 5


Xabın girişlərinin

sayı qədər





100 BASE F

Nöqtə-nöqtə

> 1000 m

>1000 m

Optik

2


4.4.2. Token Ring lokal şəbəkəsi
Token Ring lokal şəbəkəsində kompüterlər məntiqi olaraq halqavari şəkildə birləşdirilir.


Şək. 4. Token Ring lokal şəbəkəsi
Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu göndərən kompüterə gəldikdə, o, halqadan geri alınır və yeni informasiya varsa onu göndərir. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu kompüterə göndərir və proses təkrar olunur.


Az 1141, Bakı şəh., F.Ağayev кüç., 9, tel: 4397741, faks: 4396121, training_center@iit.ab.az, www.ict.az






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə