MÜhaziRƏ 14 Keyfiyyət haqqında anlayış və onun qiymətləndirilməsi üsulları




Yüklə 43.33 Kb.
tarix29.04.2016
ölçüsü43.33 Kb.


MÜHAZİRƏ 14

Keyfiyyət haqqında anlayış və onun

qiymətləndirilməsi üsulları.

Plan

  1. Keyfiyyət anlayışı.Məhsulun keyfiyyət göstəriciləri.

  2. Keyfiyyətin yüksəldilməsində standartlaşdırmanın və sertifikatlaşdırmanın rolu.

  3. Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi metodları.


Keyfiyyət anlayışı.Məhsulun keyfiyyət göstəriciləri

Məhsulun keyfıyyəti - onun təyinatına uyğun olaraq müəyyən edilmiş tələbatların yerinə yetirilməsi üçün məhsulun yararlılığını təyin edən xassələrin məcmuudur. Bu təyinatdan aydındır ki, məhsulun heç də bütün xassələri keyfiyyət anlayışına daxil deyildir. Buraya elə xassələr aiddir ki, onlar məmulatın təyinatına uyğun olaraq cəmiyyətin ona olan tələbatını təyin edir.

Maşınların və digər məmulatların keyfiyyətini qiymətləndirmək üçün onların dəqiq göstəricilər sistemi və üsulları olmalıdır. Məmulatın keyfıyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri əsaslarını və metodlarnı işləyib hazırlayan təcrübi və elmi fəaliyyət sahəsinə kvalimetriya deyilir. Kvalimetriya latın sözü qualis (keyfiyyətcə necədir) və yunan sözü metrio (ölçürəm) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Kvalimetriyanın əsas vəzifələri məmulatın lazım olan keyfiyyət göstəricilərini və onların optimal qiymətlərini təyin etmək, həmçinin keyfiyyətin kəmiyyətcə qiymətləndirilməsi üsullarını işləmək, zamana görə keyfıyyətin dəyişməsini hesaba alma metodikasını və məhsulun keyfiyyətinin erqonomik əlamətlərinin kəmiyyətcə qiymətləndirilməsi metodikasını yaratmaqdır.

Hər hansı növ məhsulun keyfıyyət göstəriciləri aşağıdakı kımi müəyyən edilmişdir:



1. Təyinat göstəriciləri. Məmulatın əsas funksiyalarını yerinə yetirməsi xassəsini təyin edir və onun tətbiqolunma sahəsini müəyyənləşdirir.

2. Etibarlılıq göstəriciləri. Məmulatın imtinasız işləməsi, uzunömürlülüyü, təmirə yararlılığı və saxlanması xassələrini xarakterizə edir.

3. Xammalın, materialın, yanacağın, enerjinin və əmək resurslarının qənaətlə istifadəsi göstəriciləri. Bu, məmulatın istismarı zamanı xammalın, materialın, yanacağın və əmək resurslarının istifadə dərəcəsinə görə onun texniki təkmilləşdirilməsi səviyyəsini xarakterizə edir.

4. Erqonomik göstəricilər. «İnsan-məmulat - istifadə mühiti» sistemini xarakterizə edir və onlar insanın istehsalat və məişət proseslərində özünü büruzə verən kompleks gigiyenik, antropometrik, fizioloji və psixoloji xassələrini nəzərə alır. Bu göstəricilər aşağıdakı qruplara bölünür:

  • gigiyenik (işıqlılıq, temperatur, şüalanma, titrəmə, səs-küy);

  • antropometrik (məmulatın konstruksiyasının insan bədəninin ölçülərinə və formasına uyğunluğu);

  • fizioloji (məmulatın konstruksiyasının insanın güc və sürət imkanlarına uyğunluğu);

  • psixoloji (məmulatın informasiyanın qəbul edilməsinə və işlənməsi imkanlarına uyğunluğu).

5. Estetik göstəricilər. Məmulatın formasının rasionallığını (formanın təyinata, konstruktiv həllə, istehsal texnologiyasının xüsusiyyətlərinə və tətbiq olunan materiallara uyğunluğunu), kompozisiyasının bütövlülüyünü (plastikliliyini, qrafıki təsviri elementlərin gözəlliyini), bədii ifadəliliyini (orjinallığını, stil uyğunluğunu, modaya uyğunluğunu) xarakterizə edir.

6. Texnolojilik göstəriciləri. Məmulatların istehsalı, bərpası və təmiri zamanı yüksək əmək məhsuldarlığını təmin etmək üçün konstruktiv-texnoloji işlərin effektivliyini xarakterizə edir. Texnolojililiyin fərdi göstəriciləri məmulatın istehsalının və istimarının xüsusi əmək tutumu, material tutumu, enerji tutumu, onun texniki qulluq və təmir tsiklinin uzunluğu və s. ola bilər.

7. Nəqletməyə yararlılıq göstəriciləri. Məhsulun (məmulatın) bir yerdən başqa yerə nəqledilməsinin (daşınmasının) asanlılığını xarakterizə edir.

8. Standartlaşdırma və unifikasiya göstəriciləri. Məmulatın yaradılması və istehsalı zamanı onun tərkibində standart, unifıkasiya olunmuş və orijinal hissələrin istifadə dərəcəsini, həmçinin digər məmulatlarla unifıkasiya səviyyəsini xarakterizə edir.

9. Patent-hüquq göstəriciləri. Məmulatda istifadə olunmuş texniki həllərin yenilik dərəcəsini, onların patent müdafıəsini, həmçinin məmulatın ölkədə və xaricdə maneəsiz realizə olunmasının mümkünlüyünü xarakterizə edir.

10. Ekoloji göstəricilər. Məhsulun istismarı və ya istehlakı zamanı onun ətraf mühitə ziyanlı təsirinin səviyyəsini xarakterizə edir. Bu göstəricilərə aiddir: ətraf mühitə atılan zərərli qarışığın miqdarı; zərərli hissəciklərin, qazların və şüalanmanın ətraf mühitə normadan artıq qatılıqda atılması ehtimalı.

11. Təhlükəsizlik göstəriciləri. Məmulatın istifadəsi zamanı onun işçi personalın təhlükəsizliyini təmin edən xüsusiyyətini xarakterizə edir. Bu göstəricilər təhlükəli ola bilən zamanda istismar qaydaları ilə nəzərdə tutulmayan qəza situasiyası şəraitində insanı müdafiə vasitələrinə və qaydalarına tələbləri əks etdirməlidir.

12. Məhsulun istifadəsinin səmərəliliyini xarakterizə edən ümumiləşmiş göstərici keyfıyyətin inteqral göstəricisidir. Bu göstəricini məhsulun istismarından və ya istehlakından alınan səmərənin onun yaradılmasına və istismarına (istehlakına) çəkilən xərclərin cəminə olan nisbəti kimi təyin edirlər. Bu göstəriciləri bəzən iqtisadi göstəricilər də adlandırırlar.

Maşınqayırma və cihazqayırma sahəsində maşın və mexanizmlərin ən əsas keyfıyyət göstəriciləri onların istismar xarakteristikasıdır. Bu, maşınqayırmanın texniki səviyyəsindən asılıdır.



İstismar göstəriciləri. Bu xarakteristikalar verilmiş işin məmulat tərəfindən yerinə yetirilməsinin keyfıyyətini müəyyənləşdirir. Uzun ömürlü bütün məmulatlar üçün ümumi olan istismar göstəricilərinə etibarlılıq, uzunömürlülük, keyfiyyətin dinamikliyi, istismarın qənaətliliyi və erqonomik göstəricilər daxildir.

Etibarlılıq - verilmiş rejimdə istifadə etmə, texniki xidmət, təmir, saxlanma və nəqletmə şəraitində verilmiş müddətə müəyyənləşdirilmiş istismar göstəricilərini saxlamaqla tapşırılmış işi yerinə yetirən obyektin xassəsidir.

Etibarlılığa imtinasız işləmə, uzunömürlülük, təmirəyararlılıq və saxlanma qabiliyyəti daxildir. Ölçü cihazları üçün ən vacib etibarlılıq göstəricisi onların verilmiş vaxt ərzində müəyyən istismar şəraitində ölşmə dəqiqliyini saxlama xassəsidir.


Keyfiyyətin yüksəldilməsində standartlaşdırmanın

və sertifikatlaşdırmanın rolu

Məhsulun texniki səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi onun keyfiyyət kateqoriyaları üzrə attestasiyası ilə bağlıdır. Hər bir məhsul üçün gec-tez elə bir moment gəlir ki, bu məhsulun istifadəsi sərfəli olmur, yəni o mənəvi köhnəlir. Bunun yerinə yeni, yüksək keyfiyyətə malik məhsul gəlməlidir. Bu momenti təyin etmək üçün məhsulun attestasiyasından istifadə olunur.

Sənaye məhsullarının attestasiyası iki keyfıyyət kateqoriyası üzrə həyata keçirilir: yüksək və birinci.

Yüksək keyfıyyət kateqoriyasına o məhsullar aiddir ki, onlar özlərinin texniki-iqtisadi göstəricilərinə görə ən yaxşı dünya nümunələri səviyyəsindədir və ya ondan yüksəkdir; onlar ölkənin xalq təsərrüfatında texniki tərəqqini təyin edir, xarici bazarda rəqabətə dözür. Bu cür məhsullar yüksək stabil keyfıyyət göstəriciləri ilə xarakterizə olunmalıdır.

Birinci keyfıyyət kateqoriyasına o məhsullar aiddir ki, onlar normativ-texniki sənədlərin tələblərinə cavab verir, yəni seriyalı istehsal üçün standartlarda nəzərdə tutulmuş tələblər səviyyəsindədir.

Aşağıdakı məhsullar attestasiyadan keçirilmir:



  • sənaye emalı keçməmiş məhsullar;

  • ancaq ölkənin müdafıəsi üçün buraxılan məhsullar;

  • istehsalatdan çıxarılmış məmulatlar üçün ehtiyat hissələri və komplektləşdirici məmulatlar;

  • yeyinti məhsulları;

  • tibbi təyinatlı məhsullar;

  • parfyumer (ətriyyat) - kosmetik mallar;

  • əl əməyi vasitəsilə istehsal olunan yuvelir məmulatlar;

  • kitab məhsullaıı və incəsənət əsərləri;

  • tara və qablaşdırma.

Yeni mənimsənilən məhsulun attestasiyası bir ildən gec olmayaraq, xüsusi mürəkkəbliyə malik məhsulun attestasiyası isə seriyalı istehsala başlayandan iki ildən gec olmayaraq aparılır.

Son zamanlar elektrotexnika və bir sıra digər sənaye sahələrində yeni məhsulun layihələndirilməsi üçün texniki tapşırıqların attestasiyasını aparırlar. Bu zaman gələcək məhsulun texniki səviyyəsinin göstəriciləri qiymətləndirilir və bu, yeni məhsulun yüksək keyfiyyət kateqoriyasına uyğunluğunu təmin edir.

Bir sıra müəssisələr detalların və qovşaqların istehsalı prosesində onların attestasiyasını həyata keçirirlər.

Xarici ticarətin inkişaf etdirilməsi, sənaye məhsullarının keyfıyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə son zamanlar məhsulların sertifikatlaşdırılmasına böyük əhəmiyyət verilir.

BMT-nin Avropa iqtisadi komissiyasının qəbul etdiyi tərifə əsasən sertifıkatlaşdırma buraxılan məhsulun (proseslərin, xidmətlərin) keyfıyyət göstəricilərinin onun normativ-texniki sənədlərdə verilmiş müvafiq göstəricilərinə uyğunluğunu təyin etməkdən ibarətdir.

Beynəlxalq təcrübədə sertifıkatlaşdırmanın iki metodu qəbul edilmişdir: özü-özünü sertifıkatlaşdırma və «üçüncü tərəf» vasitəsilə sertifıkatlaşdırma.

Özü-özünü sertifıkatlaşdırma ancaq ABŞ və Kanadada tətbiq olunur. Bu metodda istehsalçının özü istehsal etdiyi məhsulun sınağını aparır və müvafıq sertifikatı doldurmaqla və ya uyğunluq nişanı vurmaqla həmin məhsulun standartlara, yaxud texniki şərtlərə uyğunluğunu bəyan edir. Bu halda məhsulun istehlakçısı onun sınağı üçün qəbul edilmiş metodlar haqqında informasiya ilə təmin edilir.

Sertifikatlaşdırmanın ən geniş yayılmış metodu ikinci metoddur. Burada sertifikatlaşdırma məhsulun istehsalçısından və istehlakçısından asılı olmayan «üçüncü tərəf» vasitəsilə aparılır. Bu obyektiv orqan sınaq üzrə rəsmi mərkəzlər, laboratoriyalar, institutlar və yaxud standartlaşdırma üzrə milli təşkilatlar ola bilər.

Hər bir sertifikatlaşdırma sistemi beynəlxalq, milli standartlara, texniki şərtlərə əsaslanır.

Beynəlxalq İSO təşkilatında sertifikatlaşdırma üzrə xüsusi komitə (KASKO) yaradılmışdır. Bu komitə sertifikatlaşdırma üzrə bir sıra metodik tövsiyələr hazırlamışdır.

KASKO komitəsinin milli standartlaşdırma sistemlərinin uyğunlaşdırılması, həmçinin sınaq laboratoriyalarının və mərkəzlərinin sınaqaparma qabiliyyətinin qiymətləndirilməsi metodlarının yaradılması sahəsindəki işləri böyük əhəmiyyətə malikdir.

Yeni yaradılan və ya istehsal olunan məhsulun keyfiyyətini qiymətləndirən zaman ən vacib vasitələrdən biri məhsulun sınağıdır. Odur ki, ölkədə məhsulun dövlət sınaq sistemi yaradılmışdır. Bu sistem sınaqların dəqiq aparılma qaydalarını və sınaq laboratoriyalarının (mərkəzlərinin) ixtisaslaşmasını müəyyənləşdirmişdir.

Məhsulun dövlət sınağını müəyyən qrup məhsul növləri üzrə təsdiq olunmuş dövlət sınaq mərkəzləri aparır. Dövlət sınaqlarının əsas məqsədi məhsulun keyfiyyət göstəricilərinin qiymətləri haqqında obyektiv, düzgün informasiya almaq və onların məhsulun normativ-texniki sənədlərinə uyğunluğunu yoxlamaqdır.
Məhsulun keyfiyyət səviyyəsinin

qiymətləndirilməsi metodları.

Məhsulun keyfiyyətini yüksəltmək, onun attestasiyası və ya istehsaldan çıxarılması məqsədi ilə sistematik olaraq məhsulun keyfiyyəti qiymətləndirilməlidir. Təyin edilmiş keyfiyyət baza keyfiyyəti ilə müqayisə olunur. Buna məhsulun keyfiyyət səviyyəsi deyilir. Baza göstəricisi kimi etalon nümunənin keyfiyyəti və yaxud ölkədə və ya xaricdə istehsal olunmuş bir neçə ən yaxşı nümunələr götürülür.

Məhsulun keyfıyyət səviyyəsini qiymətləndirmək üçün differensial, kompleks və qarışıq metodlardan istifadə edilir.

Diferensial metod məmulatın keyfıyyət göstəricisini baza göstəricisi ilə müqayisə etmək prinsipinə əsaslanır. Bunun üçün nisbi keyfıyyət göstəricisini aşağıdakı düsturlarla təyin edirlər:

(1)

(2)

burada Pi – qiymətləndirilən məhsulun fərdi keyfiyyət göstəricisi;



- fərdi baza göstəricisidir.

Düstur (1) o göstəricilər üçün istifadə olunur ki, onların artması məmulatın keyfıyyətinin yaxşılaşmasına səbəb olur (məmulatın məhsuldarlığı, gücü, dəqiqliyi); düstur (2) isə o göstəricilər üçün tətbiq olunur ki, onların azalması məmulatın keyfıyyətinin yaxşılaşmasına gətirib çıxarır (məmulatın maya dəyəri, material tutumu, yanacaq sərfı).

Əgər göstərilən düsturlarla hesablanmış nisbi göstəricilər vahiddən çoxdursa və ya vahidə bərabərdirsə, onda məhsulun keyfiyyət səviyyəsi etalon səviyyəyə bərabərdir, yaxud ondan yüksəkdir. Əgər göstəricilərin bir hissəsi vahiddən azdırsa, onda kompleks və ya qarışıq metoddan istifadə edərək keyfıyyət səviyyəsini təyin edirlər.

Məhsulun keyfıyyət səviyyəsinin kompleks metodla qiymətləndirilməsi zamanı ümumiləşmiş keyfıyyət göstəricisindən istifadə edirlər. Bu halda keyfiyyət səviyyəsini bir ədədlə xarakterizə etmək olar. Ümumiləşmiş göstəriclər kimi baş, inteqral və orta tarazlaşmış göstəricilər tətbiq edilir. Bütün mümkün olan hallarda qiymətləndirmə üçün məhsulun əsas təyinatını daha çox əks etdirən baş parametrdən istifadə edilir. Məsələn, avtomobil şinləri üçün - kilometrlərlə yürüş, dizel mühərrikləri üçün - saatlarla motor resursu (motoresurs), qazma qurğuları üçün - metrlərlə qazma dərinliyi və s. baş göstəricilərdir. Əksər hallarda baş göstərici ilkin göstəricilərlə funksional əlaqəli olur.

İnteqral göstərici məmulatın istifadəsindən alınan faydalı effekt və onun istehsalına və istismarına çəkilən ümumi xərclər məlum olduqda tətbiq olunur.

Bu göstərici aşağıdakı düsturlarla təyin edilir.



, (3)

burada, - hesabat dövründə məmulatın istismarından (istehlakından) əldə edilən faydalı effekt;

- məmulatın yaradılmasına çəkilən xərclər;

- məmulatın istismarına (istehlakına) çəkilən xərclər;

Keyfiyyətin baş və inteqral göstəricilərini təyin etmək mümkün olmadığı hallarda məhsulun keyfiyyət səviyyəsnii qiymətləndirmək üçün aşağıdakı düsturlarla təyin edilən orta tarazlaşmış göstəricilərdən istifadə edilir:

a) orta ədədi tarazlaşmış göstərici



; (4)

b) orta həndəsi tarazlaşmış göstərici



(5)

burada -düstur (1) və (2) vasitəsilə hesablanmış nisbi keyfiyyət göstəricisi;



-ümumiləşmiş göstəriciyə (Q) daxil olan i-ci göstəricinin çəkilik parametri;

- ümumiləşmiş göstəriciyə (V) daxil olan i-ci göstəricinin çəkilik parametri;

i=1,2,..., n - məhsulun keyfiyyətinin orta tarazlaşmış göstəricisini təşkil edən göstəricilərin sayı.

Məhsulun keyfıyyət səviyyəsinin qiymətləndirilməsinin qarışıq metodu fərdi keyfıyyət göstəricilərinin məcmuu kifayət qədər böyük olduğu və hər bir göstəricinin differensial metodla qiymətinin təhlili birmənalı cavab alınmasına imkan vermədiyi hallarda tətbiq edilir. Bu metod fərdi və kompleks (qrup) göstəricilərin birlikdə tətbiqinə əsaslanır və aşağıdakı əməliyyatların ardıcıl yerninə yetirilməsini nəzərdə tutur:



  • fərdi göstəricilərin müəyyən hissəsini qruplarda birləşdirmək və sonra hər qrup üçün müvafıq kompleks göstərici təyin etmək. Ayrı-ayrı mühüm göstəriciləri qruplarda birləşdirməmək də olar. Onları bu halda fərdi göstərici kimi sonrakı təhlil zamanı istifadə etmək olar;

  • alınmış kompleks və fərdi göstəricilər məcmuu əsasında differensial metodla məhsulun keyfıyyət səviyyəsini qiymətləndirmək.

Qeyd etmək lazımdır ki, məmulatların keyfiyyət səviyyəsinin qiymətləndirilməsində qarışıq metoddan nisbətən az istifadə edirlər.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə