Mühazirə 1 " İnformatika" kursuna giriş İnformatika kursunun məqsədi




Yüklə 103.24 Kb.
tarix20.04.2016
ölçüsü103.24 Kb.


İNFORMATİKA” ELMİNİNN TARİXİ, PREDMETİ, MƏQSƏDİ VƏ ONUN CƏMİYYƏTDƏKİ ROLU VƏ VƏZİFƏLƏRİ

(Mühazirə 1)




  1. İnformatika” kursuna giriş
  2. İnformatika kursunun məqsədi


  3. İnformatika” elminin predmeti haqqında ümumi məlumat

  4. İnformatika” fənninin əhəmiyyəti və vəzifələri

  5. İnformatika” fənninin əsas tərkib hissələri
  6. Elmi tədqiqat işlərinin yerinə yetirilməsində İKT-nın rolu və yeri

  7. İnformatikanın və İKT-nın digər elm sahələrində tətbiqi

  8. İnformatikanın, hesablama texnikasının və İKT-nın meydana gəlməsi, təşəkkül tarixi və Azərbaycandakı müasir vəziyyəti haqqında




1.1. “İnformatika” kursuna giriş

Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və iformasiyalaşdırılmasıdır. Təsadüfi deyildir ki, BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi Ücüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, informasiya-kommunikasiya texnologiyalarından(İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur. Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət təşkilatlarını, qeyri-hökümət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə edir. Cəmiyyətin lazımı informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur. İKT-nin inkişafı “biliklər iqtisadiyyatının”, başqa sözlə neftsiz iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də Azərbaycanda neft sahəsinə alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur.

Hazırda Azərbaycanda bu sahədə çox ciddi tədbirlər işlənməkdə və həyata keçirilməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı(İP) arasında imzalanmış proqram-layihəyə müvafiq olaraq hazırlanmış “Aərbaycan Respublikasının ikişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)’’-sı Azərbaycan Respublkası Prezidenti tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı onillik dövr üçün hökümət proqramı statusu almışdır.

Bu proqramın – İKT üzrə Milli Strategiyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət, ümumxalq əhəmiyyətinə malik olmaqla cəmiyyət həyatının bütün sahələrində İKT-nin tətbiqini və onunla əlaqədar yarana biləcək bütün müsbət və mənfi nəticələrin həllini nəzərdə tutur.
1.2. “İnformatika kursunun məqsədi
İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir.

Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır.



1.3. “informatika” elminin predmeti haqqinda ümumi məlumat
İnsanın informasiyaya münasibəti informasiya emalının avtomatlaşdırılması mümkünlüyündən sonra kökündən dəyişməyə və inkişaf etməyə başlamışdır. Bunun da nəticəsində yaradıcı və mütəxəssis insanların intelektual fəaliyyətinin məhsulu kimi informasiya ehtiyatları sürətlə çoxalmağa başlanmışdır.

İnformatika - kompüterlərdən və şəbəkələrdən, xüsusən İnternetdən istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir.

İnformatika” fənn və elmi istiqamət kimi kompüterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir.

İnformatikanın fundamenti (əsası) - hesablama prosesləri və hesablama maşınları, sistemləri, şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir.

Akademik B.M.Qluşkovun və B. S. Mixaleviçin fikrinə görə informatika kompüterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələşdirilməsinin, işlənilməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.



İnformatika bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır. İnformasiya və avtomatika sözlərindən yaranmış İnformatika (ingiliscə Informatics) terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. “İnformatika” termini bəzi hallarda “Kompüter elmləri” (Computer science) termini ilə eyniləşdirilir. Hazırda “İnformatika” elmi informasiya emalı proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması, dəyişdirilməsi, ləğvi və s.) kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır.

İnformasiya (latınca informatio) ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir Biliklər isə müəyyən faktlar və onlar arasındaki asılılıqlar şəklində ifadə olunur.

İnsanlar min illər ərzində çox boyük həcmli informasiyalar toplamış və onları müxtəlif üsul və vasitələrlə saxlamışlar.

İnformasiyanın 1) faydalılıq, 2) tamliq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.

İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər.

İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar.

İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur.

Verilənlər” (ingiliscə data) texniki vasitələrlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.

İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary digit sözundən) qəbul edilmişdir. Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:

1 Bayt=8 bit; 1 Kb = 1024 bayt = 210 bayt; 1 Mb= 1024 Kb = 220 bayt; 1Gb= 1024 Mb = 230bayt; 1Tb = 1024 Gb = 240bayt;

İnformasiya prosesləri və onların avtomatlaşdırılması. Kompüter texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir.

İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, simli və ya simsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.


İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra müasir kompüterlərdə istifadə olunan daşıyıcılarlda - maqnit və lazer disklərində və qurğularıında saxlanır.

İnformasiya axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. Aftomatlaşdırılmış üsulla kompüterdə emal olunan informasiya istifadəçilərə adətən kompüterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.

İnformasiya proseslərinin aftomatlaşdırılmasının ümumi sxemi 1-ci şəkildə verilmişdir.





Şəkil 1. İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi







Qeyd olunmalıdır ki, son illərdə “İnformatika” termini əvəzinə “Kompüter texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən daha çox istifadə olunur.

Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.

İnformasiya texnologiyası - informasiya ehtiyatlarından istifadə olunması proseslərini asanlaşdırmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur.

İnformatika, eləcə də İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans, telekonfrans, axtarış serverləri, relevant informasiya, spam, provayder, host, çat, meynfreym, LAN, WAN, XML, HTTP və s. göstərmək olar.

İnformatikanin və IKT-nın yeni elm sahəsi kimi inkişafi. Hazırda İKT müstəqil və yeni elm sahəsi kimi formalaşır. İT-ın tədqiqat obyekti informasiya proseslərinin səmərəli təşkili üsullarıdır, tədqiqat pedmeti isə İT-ın nəzəri əsasları və yaradılması üsullarıdır.


İT təbiət elmlərinin tərkibinə daxil olmaqla texniki elm kimi xarakterizə olunur və fundamental informatikanın bir bölməsidir. Onun nəzəri əsaslarını nəzəri informatika və ümumi informasiya nəzəriyyəsinin nailiyyətləri təşkil edir.

Kompüter qrafikası, rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri, intellektual korporativ şəbəkələr, neyroşəbəkə texnologiyaları, tərcümə proqramları, virtual sistemlər və s. kimi bir çox aktual elmi-praktik problemlər İKT elminin perspektiv fundamental və tətbiqi tədqiqat istiqamətləridir.

1.4.“İnformatika” fənninin əhəmiyyəti və vəzifələri
Informatikanın ən mühüm və vacib fənlərdən biri kimi əksər dünya ölkələrinin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilir. Informatika insanın zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində əhəmiyyətli rol oynayır.

İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır.

İnformatika fənni insanları informasiyalaşmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır. O, dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdırır.

İnsanların praktiki fəaliyyətə, əməyə və öz təhsillərini fasiləsiz davam etdirmələrinə hazırlanması informatikanın, kompyuter savadlılığının və informasiya mədəniyyətinin aparıcı rol oynamasından, gənclərrin İnformasiya cəmiyyətinə nəzəri və praktiki hazırlığından, onlara müasir şəraitdə dərketmə üsulları və vasitələrindən istifadə etməyə şərait yaradılmasından bilavasitə asılıdır. İnsanlar informasiya mədəniyyətinə, kompyuter savadına yiyələndikcə əmək bacarıqlarını müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq imkanı əldə edirlər.
1.5.“İnformatika” fənninin əsas tərkib hissələri
İnformatika fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün fənnin əsas məzmununun zəruri hesab edilən aşağıdakı tərkib hissələri mövcuddur:

a)İnformasiya və informasiya prosesləri. İnformasiya öyrənilən obyektlər və hadisələr haqqında olan bilik və məlumatları göstərir. Həmin biliklər müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.

İnformasiya prosesləri informasiyalar üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu kimi başa düşülür. İnformasiya proseslərinə müxtəlif təlim prosesində, idarəetmədə qərar qəbul etmədə texniki layihələrin işlənməsi və s. zamanı baş verən informasiya çtvrilmələri də aiddir.

İnsan öz fəaliyyəti prosesində ətraf aləmdən informasiya almadan keçinə bilməz və bu əsasda onu əhatə edənlərlə informasiya mübadiləsində olur, həmin proseslərə şüurlu, hərtərəfli və məntiqi yanaşır.

b)Formallaşdirma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma.

Kompyuterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə zəruri mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsiredici amillər, inkişaf göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli qurulur. Konseptual modelin izahı riyazi simvolların dilinə çevrilir: yəni obyektin riyazi modeli yaradılır. Riyazi modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompyuter proqramına çevrilir. Alınmış kompyuter modelinə tədqiqat obyektinə aid real informasiyalar daxil edilir və nəticədə obyektin informasiya modeli alınır. Məhz bu model imkan verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti haqqında real situasiya öyrənilsin, onun nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın.

Proqramlaşdırma dillərinin köməyilə intellektual xüsusiyyətlərə malik olan bütün kompyuter proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə etməklə həyata keçirilir. Məhz bu cür proqramların meydana gəlməsi ilə də süni intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan intellektual sistemlər insanın yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin emalına əsaslanır.

Qeyri-səlis məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar ki, bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis modelin giriş informasiyaları qeyri-dəqiq qiymətlər çoxluğudur. Ona gürə də həmin modellər mürəkkəb və qeyri-müəyyən şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur.

Qeyd edilənlər onu deməyə əsas verir ki, ətraf aləmdəki müxtəlif tipli, formalı proseslərin formallaşdırıla bilməsi və onun əsasında obyektin kompyuter modelinin qurulması, müəyyən proseslərin başvermə ardıcıllığının öyrənilməsi, məsələlərin həlli ardıcıllığının müəyyənləşdirilməsi vacibdir və onsuz kompyuter vasitəsi ilə yeni məsələlərin həlli mümkün deyildir.

c)Kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri. Müasir kompyuterlər bir-birini tamamlayan iki - texniki təminat hissəsindən (qurğulardan) və proqram-informasiya təminatından ibarətdir. Kompyuter hər hansı işi özünün texniki qurğuları vasitəsi ilə proqram əsasında yerinə yetirir. Onun proqram təminatı kompyuterin yaddaş qurğularında saxlanılan və kütləvi istifadə olunan proqramlar toplusundan ibarətdir.

İKT kursuna mətn və qrafiki redaktorlar, elektron cədvəllər, verilənlər bazası, telekommunikasiya vasitələri, multimedia texnologiyaları, audio-video konfrans, Internet, informasiya sistemləri və s. daxildir və onların öyrənilməsi praktik istifadə baxımından böyük əhəmiyyət kəsb edir.

d)Cəmiyyətin informasiyalaşdırılması. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır.

İnformasiya cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi ücün güclü vasitədir.

Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.
1.6. Elmi tədqiqat işlərinin yerinə yetirilməsində ikt-nin rolu və yeri
Elmi sahələrdə informasiyalaşdırma, kompüter, telekommunikasiya texnologiyalarının və müasir informasiya sistemlərinin tətbiqi yeni səviyyədə və keyfiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını və istifadəsini təmin edir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin inkşaf tempinin düşməsinə apara bilər. Bunun qarşısı isə yalnız ən yeni İKT-dan istifadə etməklə, informasiya fondlarını elektronlaşdırmaqla almaq olar.

Hazırda Azərbaycanda ETİ-nin informasiyalaşdıralması, eletron nəşrlər, bir çox elmi-kütləvi, təhsil, mədəni-maarif və s. tipli saytlar-portallar, tədris proqramları, informasiya sistemləri, elektron dərsliklər, distant tədris texnologiyaları yaradılır və istifadə edilir. Əksər sahə və akademik elmi tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivləri kompüterləşdirilmiş və İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin həlli də həyata keçirməlidir:

  • İnformasiya resuslarının elektronlaşması;

  • Müasir informasiya resuslarından alim və mütəxəssislərin sərbəst istifadə imkanı;

  • Rəqəm kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi;

  • ET-da kompüter modelləşdirmənin, statistik təhlil və s. kimi müasir tədqiqat metodlarının tətbiqi;

  • Elmi verilənlər bazasına girişin təmini;

  • Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi;

  • İnformasiya mərkəzləri və fondları arasında səmərəli əlaqənin qurulması;

  • Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;

  • Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s.


1.7. İnformatikanin və ikt-nin digər elm sahələrində tətbiqi
İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fənndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi. İnformatika həmçinin elmlər sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur.

İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox informasiyaların emalına xüsisi ehtiyac yarandığından informatika ilə iqtisadiyatın çox cəhətli qarşılıqlı əlaqələrinin öyrənilməsi digərlərindən daha nümunəvi xarakter daşıyır. Ona görə də burada iqtisadiyyat elminin nümunəsində İnformatikanın tətbiqi məsələlərinin təhlilinə baxılır. Riyaziyyatın iqtisadiyyata tətbiqi ilə bağlı iqtisadi-riyaziyyatın, iqtisadi-riyazi üsul və modellərin inkişafı da informatikanın iqtisadiyyatda tətbiqinə geniş yol açdı informatikanın xüsisi bölməsi kimi iqtisadi informatika formalaşdı.

İnformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter alır. Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan verir və iqtisadi informatika yaranır.

Bundan başqa, informatika elmi və müasir informasiya texnologiyaları iqtisadiyyata o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki, informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun, yeni iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də yeni forma və məzmun kəsb etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır.

Bunlarla yanaşı iqtisadiyyat özü informatikaya təsir edir, onu öyrənir, ona iqtisadi obyekt kimi baxır. Bununla bağlı yaranan problemlərin öyrənilməsi isə informatikanın iqtisadiyyatı bölməsinin üzərinə düşür.

Son illərdə isə informatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr əmələ gəlmiş və inkişaf etmişdir.

Bununla yanaşı əks proses də baş verməkdədir. Yəni informatika müxtəlif sahələrə tətbiq olunaraq həmin sahənin yeni inkişaf xüsusiyyətlərini, problemlərini meydana çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan yeni problemləri yaradır. Misal üçün informatikanın cəmiyyətin bir çox sahələrində, o cümlədən hüquq-mühafizə orqanlarında, hüquqşünaslıqda, hüquqi proseslərdə geniş tətbiqi informasiya texnologiyalarının özünün hüquqi problemlərini yaratmışdır.

1.8. İnformatikanin, hesablama texnikasi və ikt-nin meydana gəlməsi, təşəkkül tarixi və azərbaycandaki müasir vəziyyəti

Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci - kitab çapının, üçüncu - elektrikin, teleqrafin, telefonun, radio-televiziyanin, dördüncü - mikroprosessorların, fərdi kompüterlərin, İnternetin meydana gəlməsi ilə əlaqədardır. Bunları ümumləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayir.



İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompüterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaca nəzər salaq.

  • İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;

  • 1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;

  • 1830-su ildə Çarlz Bebic (İngiltərə) praqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur;

  • 1930-su ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir;

  • XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldşteyn və A.Beris tərəfindən müasir kompüterlərin əsas iş prinsipləri verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ–da ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası yüksək surətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:

I nəsil (1946-1958-ci illər) - elektron lampalı hesablama maşınları. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.

II nəsil (1958-1964-cü illər) - element bazası əsasən yarımkeçiricilərdən ibarət olan hesablama maşınları. Onların funksional imkanları xeyli artıq idi. Məs: BESM-4, Minsk-22, Ural-14 və s.

III nəsil (1964-1972-ci illər) - element bazası mikro elektronika və inteqral sxemlərdən ibarət olan hesablama maşınları. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil hesablama maşınlarının bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.

IV nəsil (1972-ci ildən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİC, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir(FK - PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.

Yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və sonrakı kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır.

Qeyd edək ki, adi kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən bir çox super kompüterlər də yaradılmışdır. Onlar çox baha başa gəldiyindən, dünya üzrə sayları da çox azdır və ona görədə son zamanlar virtual super kompüterlərin yaradılması istiqamətində işlər də aparılır.

Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompüter texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.

Azərbaycanda da informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır. 1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır.

1980-ci illərdən başlayaraq isə Respublika üzrə “RAİS-Azərbaycan”-in yaradılması AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində ADU-da, ADİU-da, ADNA-da, ATU-da informatika profilli kadrlar hazarlanmağa başlanılmışdır.

Sonrakı illərdə kompüter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda davam etdirilmişdir.

Son illərdə Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun yaradılması respublikada informasiya texnologiyalarının tətbiqi ilə bağlı problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksək ixtisaslı kadrlara olan böyük tələbatdan irəli gəlmişdir.

İnstitutda informasiya texnologiyalarının ən aktual problemləri tədqiq edilir, onların Azərbaycan şəraitində istifadəsi imkanlarını öyrənilir, həmçinin yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilir.



Hazırda respublikada İnternet mühitində virtual iş, təhsil, elektron–kommersiya, elektron biznes və s. kimi şəbəkə texnolgiyalarının müasir imkanları daim araşdırılır. Respublikada İKT bazarının inkişaf perspektivləri, İC-in və biliklər iqtisadiyyatının formalaşması məsələləri təhlil edilir, müəyyənləşdirilir, mətnlərin avtomatlaşdırılmış maşın tərcüməsi istiqamətində elmi tədqiqat işləri görülür. İnternetin Azərbaycan qovşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının və səmərəliliyinin artırılması, Web texnologiyası əsasında müxtəlif təyinatlı informasiya resurslarının yaradılması, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması problemlərinin həlli istiqamətində məqsədyönlü işlər aparılır.

2003-cü ildə İKTMS-in qəbulu, həmin ilin dekabrında Cenevrədə İC məsələləri üzrə Dünya Sammitinin (İCDS - WSIS) ölkə rəhbərliyinin iştirakı, 2004-cü ildə Rabitə və İT Nazirliyinin yaradılması, 2005-ci ildə RİT üzrə Dövlət Proqramının işlənməsi, həmin ilin noyabrında Tunisdə İC məsələləri üzrə DS-nin 2-ci hissəsində (WSIS) iştirak, kompüter texnikası istehsalı sahəsində işlərin həyata keçirilməsi, təhsil, pensiya, vergi, gömrük, İnternetin inkişafı və s. kimi sahələrdə bir çox iri İKT layihələrin işə başlaması, ölkədə müntəzəm olaraq beynəlxalq səviyyəli İKT sərgilərin, forumların, konfransların keçirilməsi, İKT-in tətbiqi sahəsində mühüm qanun və qərarların qəbulu, İKT sahəsində mütərəqqi islahatların aparılması, ölkənin İKT sahəsində bütün beynəlxalq tədbirlərdə iştirakı ümumilikdə informatika və informasiya texnologiyaları elminin və sahəsinin ölkədə sürətlə inkişaf etdiyini göstərir.


Ədəbiyyat


  1. Алгулиев Р.М., Алиев А.Г. Экономические особенности информационных технологий. Баку, “ЭЛМ”, 2002, 56с.

  2. Алиев А.Г. Проблемы информатизации общества и экономики. Баку, “ЭЛМ”, 2003, 460 стр.

  3. Алиев А.Г. Теоретико-прикладные аспекты информатизации гуманитарных отраслей. Баку, “ЭЛМ”, 2006, 474 стр.

  4. Каймин В.А. Информатика. Учебник. М.: ИНФРА-М, 2000.

  5. Могилев А.В. Информатика. Учебник. М.,2001, 810 стр.

  6. Информатика. Учебник. Под ред. Симоновича С.В. - М.: Питер, 2003, 639 с.

  7. Алгулиев Р.М., Алиев А.Г. Общее состояние и направления развития ИКТ в Азербайджане. Материалы 1-го МРФ. Харьков, 2002.

  8. Алиев А.Г. Формирование цифровой экономики. Труды Респ. Науч. Конф. “Современ. Пробл. информатизации, Кибернетики и ИТ”. III том. Баку, 2003.

  9. R.M.Əliquliyev, Ə.Q.Əliyev. İqtisadi proseslərdə informasiya texnologiyaları. Bakı, Elm, 2002, 48 səh

  10. Azərbaycan respublikasında inkişaf naminə İKT-ın tətbiqi və inkişaf etdirilməsinin milli strategiyası (İKTMS). 2003-2012-ji illər. Bakı 2003. www.tqdk.az, www.nicts.az

  11. Azərbaycan respublikasında rabitə və İT inkişafı üzrə Dövlət Proqramı. 2005-2008-ji illər (Elektron Azərbayjan). Bakı 2005. www.mincom.gov.az





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə