MÜƏLLİF… ayətullah quçANİ TƏRCÜMƏ edəN… haci arzu axiRƏt aləMİNƏ SƏyahət rəhman və RƏHİm allahin adi iLƏ




Yüklə 1.33 Mb.
səhifə6/16
tarix23.04.2016
ölçüsü1.33 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

ƏBU CƏHLİN QARPIZLARI

Uzun müddətdən sonra, min bir əzabla baş yola çatdıq. Hər addımı bəlalarla dolu on fərsəx yol gəlmişdik. Oturub dincələndən sonra, Cəhalətə qarşı olan dərin nifrətlə dedim… Ey kaş səndən şərqlə qərb arası qədər uzaq olaydım!

O da məndən kənarda durdu. Qalxıb yola düşdüm. Bir yandan susuzluq, bir yandan da yorğunluq! Cəhalət də uzaqdan-uzağa ardımca gəlirdi. Yoldan dörddə bir fərsəx aralı çəmənlik var idi. Bu yerdə Cəhalətin hiylə caynağına keçə bilərdim. Özünü qaçaraq mənə çatdırdı və dedi… Orada su var, əgər susamısansa, gedək su içək.

Nə qədər cəhd etdimsə qulaq asmayım, susuzluq və yorğunluqdan təslim oldum. Yəqin ki, su olmasaydı ot bitməzdi. Amma çəmənliyə yaxınlaşanda gördüm ki, burada heç zaman su olmayıb. O qədər daş-kəsək var idi ki, yerimək mümkün deyildi. Burada xeyli ilan qıvrılıb yatmışdı. Əslində yaşıl görünən həmişəyaşıl meşə ağacları imiş. Məyus olub baş yola qayıtdım. Az sonra qarpızla dolu düzənliyə çatdıq. Cəhalət cəld birini kəsib, yeməyə başladı. Məni dəvət edib dedi… Qarpızdan ye, susuzluğun yatsın.

Dedim… Bu kiminsə malıdır və başqasının malını onun razılığı olmadan yemək olmaz.

O yeyə-yeyə, qarpızın suyu ağzından saqqalına, sinəsinə tökülə-tökülə başını qaldırıb dedi… Ay müqəddəs, birincisi, çox güman ki, bunlar özbaşına bitib, kimsənin deyil. Lap elə bir kəsin malı olsa da, yolçunun haqqını həqiqi malik, Müqəddəs Şare (Peyğəmbər) qərar verib. Sonrası, sənin halın susuzluqdan həlak olmaq üzrə, iztirardadır.

“Əlacsız qaldıqda zor işlətmədən, həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsə üçün bir günah yoxdur. Allah bağışlayan və mehribandır.”1

Lap sonrası isə bura vəzifə evi, dünya deyil.

Yavaş-yavaş ağlım çaşdı. Qarpızın birini götürüb kəsdim. Qarpızdan dişləyib dəhşətə gəldim. Qarpız canavarkökü (akonit) tək acıydı. O qədər acı idi ki, dilim, ağzım yaralandı. Qarpızı atıb dedim… Bu ki, Əbu Cəhl qarpızıdır.

Dedi… Yox, ola bilsin ki, biri acı olub.

Başqasını daddım, o da zəhrimar kimi idi. Cəhalət isə əvvəlki tək yeyir, çox şirindir, deyirdi. Yaxınlaşıb onun yediyi qarpızdan bir az ağzıma qoydum. O hamısından acı idi.

Dedim… Ay evi yıxılmış, bu zəhrimarı necə yeyirsən? Üstəlik deyirsən ki, şirindir!

Dedi… Doğru deyirsən. Amma mənim adım Cəhalətdir və Əbu Cəhl qarpızı mənim zövqümə görə şirindir, mənə münasibdir.

Bu vaxt gözlənilmədən bir it üstümüzə cumdu. İtin ardınca əlində çomaq bir şəxs, ağzı söyüşlə dolu bizi vurmağa tələsirdi. Cəhalət bir göz qırpımında özünü baş yola çatdırdı. Amma mən nə qədər qaçsam da, canımı qurtara bilmədim. İt mənə çatdı və mən qorxu içində yerə yıxıldım. İtin sahibi özünü yetirib mənə doyunca çubuq çəkdi. Nə qədər fəryad etdimsə ki, mən qarpız yeməmişəm, faydası olmadı. Dedi… Əlini başqasının malına uzadandan sonra onu yeməklə, kəsib yerə tökmək arasında fərq yoxdur!

Sözün qısası, min dəfə can verib, çubuq yeyəndən sonra onun əlindən xilas oldum. Özümü yolun ortasına sürüdüm. Ağzımın yaralarından, əzalarımın sınıqlarından, yorğunluqdan, susuzluqdan, eləcə də Hadinin fərağından nalə çəkib ağlayırdım.

İşini görüb, arzusuna çatmış düşmənim kösöv, məndən aralı oturub, gülümsünür, “sənin Hadinin əlindən nə gələr axı!” deyirdi. Davam etdi… Axı dünyada əzab-əziyyət toxumunu mənimlə əkmisən. Dünya axirət üçün əkinəcək, axirət isə məhsul götürmə günüdür. Yoxsa Quranda oxumamısan ki, “hər kəs zərrəcə pislik etsə, onu görəcək.”?2

Aqillərin dediyini eşit…

İnan kim nə edir, özünə edir,

Yaxşı səadətə, pis oda gedir.
Məgər bu dəlillər və Quran ayələrinə qarşı Hadinin əlindən nə gələr? İnşallah, o mənzildə ki Hadi səninlədir, mən də səninləyəm. Özün görəcəksən ki, başına nə bəlalar gələcək və Hadi nəfəsini belə çəkə bilməyəcək. Özü sənə demədi ki, günah etdiyin zaman səndən qaçar, tövbə edəndən sonra yanına qayıdardım?! Peyğəmbər buyurub… “Mömin möminlik halında zina etməz.” Özün de, Hadi ilə yoldaşlığın faydası nədir?

Bu məlun nə məlumatlı bəla imiş! Hadinin zikrindən də dayandım. Torbamdan bir alma çıxardıb yedim. Əlimin yaraları sağaldı, gücə gəldim. Qalxıb, yola düşdüm.



BEHİŞTİ XATIRLADAN ŞƏHƏRDƏ

İki yol ayrıcına çatdım. Sağ tərəfə gedən abad bir şəhərə aparırdı. Xaraba bir kəndə uzanmış soldakı yolu qoyub, sağdakını seçdim. Orada yola baxan şəxsə dedim… Arxamca gələn qara, bu gün məni çox incidib. Mümkünsə, onu ardımca buraxmayın.

Dedi… O sənin kölgən kimi səndən ayrılmaz. Amma bu axşam səninlə olmayacaq. Onlar sol tərəfdəki xaraba kənddə dayanacaqlar. Ola bilsin ki, sonra az incitsinlər.

Şəhərə daxil oldum. Burada nələr var idi! Ali imarətlər, axar çaylar, gözəl çəmənliklər, meyvəli ağaclar, iti ağıllı xidmətçilər, bəlağətli natiqlər, xoş nəğmələr, pak yeməklər, dadlı şərbətlər! Qorxulu biyabanlarda Cəhalətdən çəkdiyim əziyyətlərdən sonra bura əbədi behişt kimi görünürdü. Əgər Hadiyə məhəbbət cazibəsi olmasaydı, bu şəhərdən çıxmazdım.


Qovağsız bir bucaq, şipşirin bulaq,

Qəlbi tirək vuran munisi-müşfiq

Hər zaman olarsa əgər qismətin

Nə gözəl hədiyyə, nə gözəl tovfiq!


Burada əvvəllər tanıdığım dini elmlər oxuyan tələbələrdən bir neçəsi ilə görüşdüm. Gecəni istirahət edib, sübh tezdən havası narınc gülünün ətrini almış şəhər kənarına çıxdıq. Ötən günün əhvalatlarını bir-birimizə danışırdıq. Bu yolun müsafirləri həmin mənzildə bir-birlərinin halından xəbər tuturdular. Hərəkət zamanı az olur ki, biri o biri ilə rastlaşsın.

“O gün onların hər birinin istənilən qədər işi olacaqdır (başqasının halı yada düşməyəcək).”1

Qaraların əlindən qurtulduğumuz üçün şükr edirdik.

“Allah təala Behişt əhlinin bir-birləri ilə söhbətlərinə aid buyurur… onların sözü Allaha həmd və təşəkkür söyləməkdir. Bütün bu əbədi nemətlər dünyada qısa müddət ibadət və bəndəlik müqabilində əta olunmuşdur.”2

Qısası, bu şəhərdə bütün hiss üzvlərimiz öz ləzzətli qidasını aldı. Ləzzətli xörəklər, xoş ətirlər, gözəl təsvirlər, şirin nəğmələr, ağzımızın, burnumuzun, gözümüzün, qulağımızın qidası oldu. Xəyalımız nalayiq düşüncələrdən uzaq, qəlbimiz şad, lətif hurilər qoynunda!

“Belə bir gün üçün çalışmaq lazımdır.”1

“Tələsin xeyir işlərə” (həyyə əla xəyril əməl) məzmununda hərəkət işarəsi verildi. Torbalarımızı dalımıza alıb, yola düşdük. İki yol ayrıcına çatdıq. Xaraba kəndin yolu da buraya birləşirdi. Düşmənlərimiz qara tüstü tək ətrafımızda göründülər. Oradakı müvəkkildən soruşdum… Mümkündürmü ki, bu qaralar bizimlə olmasınlar?

Dedi… Bunlar sizin heyvani nəfslərinizdirlər. Şəhvət və qəzəb qüvvəsinə malikdirlər. Sizdən ayrılmaları mümkün deyil. Lakin onların rəngləri müxtəlifdir-xalis qara, ağ-qara, xalis ağ. Adları da müxtəlifdir-əmmarə, ləvvamə, mütməinnə. Ağ mütməinnə sizin üçün çox xeyirlidir və onunla ali dərəcələri fəth edərsiniz. Bu Allahın sizə verdiyi nemətdir. Lakin siz öz küfrləriniz ilə ondan məhrum olmusunuz. Nə iş görmüsünüzsə, maddi dünyada görmüsünüz. Əkdiyiniz toxumları orada əkmisiniz. Bu bahar fəslində böyüyüb boy atması sizin ixtiyarınızda deyil.

“Onu bitirən sizsiniz, yoxsa Biz”?!2

Nalə çəkən özündən çəkir, başqasından yox!



1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə