Mövzusunda keçirilən Dəyirmi Masanın yekunu və verilən tövsiyələr




Yüklə 233.71 Kb.
səhifə2/3
tarix22.02.2016
ölçüsü233.71 Kb.
1   2   3

Mövcud standartlara görə, qazın normal təzyiqi qaz cihazlarının girişində civə sütününda 130 mm olmalıdır. Mənzili isitmək üçün alınan qaz peçlərinin üzərində tələb olunan qaz təzyiqi c. sütününda 180-200 mm göstərilir. Lakin qaz şəbəkəsində olan c. sütününda 50-60 mm təzyiqində qaz həmin qızdırıcının işləməsi üçün yetərli olmur. Vətəndaşlarda həmin qızdırıcıya müdaxilə edib, cihazların avtomatik iş rejimini pozurlar, onun qaz gələn deşiyini iynə ilə böyüdürlər. Nəticədə düzgün işləməyən qızdırıcılar evə dəm qazı buraxır, insanları öldürür. Sonrada deyirlər ki, İran, Çin peçləri standartlara cavab vermir.

Qızdırıcını işlək vəziyyəti üçün tələb olunan təzyiqlə şəbəkədə olan qazın təzyiqi arasında uzlaşma olmalıdır. Buna görə vətəndaşlar qızdırıcı alarkən öz mənzillərinə verilən qazın təzyiqini nəzərə almalıdırlar.

“Azəriqaz” İstehsalat Birliyindən KİV-ə verilən məlumata görə, smart-kart tipli sayğaclar ilk dəfə Naxçıvanda, daha sonra isə Gəncədə tətbiq olunub. İstehlakçılar kartlarını müəyyən məbləğdə ödəməklə istədikləri miqdarda təbii qazdan istifadə edə bilər. Bu sayğaclar təbii qaza görə problemsiz ödənişi təmin edir. Bu günə qədər respublikada ümumilikdə 63 minə yaxın smart-kart tipli sayğac quraşdırılıb. Hazırda bu iş paytaxtda və regionlarda davam etdirilir. Bakının Xəzər, Nəsimi, Suraxanı rayonlarında, Sumqayıt şəhərində yeni sayğaclar quraşdırılır. Ümumiyyətlə, 2012-ci ilin sonunadək Bakı və ətraf rayonların kəndlərinin bütünlüklə smart-kart tipli sayğaclara keçirilməsi nəzərdə tutulur.

“Azəriqaz” İB-nin rəsmiləri yeni sayğacların heç bir problem yaratmadığını israr etsələr də, onlar əhali tərəfindən heç də bir mənalı qarşılanmır. Rəyi öyrənilən vətəndaşların sözlərinə görə, Binə qəsəbəsində quraşdırılan smart-kart tipli sayğacları əvvəlki sayğaclardan 15-20 faiz çox ödəniş yazır. Zabrat qəsəbəsində isə bu sayğaclar quraşdırılsa da, abonentlərə həmin sayğaclardan istifadə qaydaları haqqında heç bir məlumat verilməyib, bu da onların haqlı narazılığına səbəb olub.



Smart-kart tipli sayğaclarının istifadə qaydaları ilə bağlı əhaliyə dolğun məlumat verilmir. Əhali bilmir ki, smart-kartları harada və necə doldurmalı, sayğaclar harada quraşdırılmalıdır. Sayğacın pasportunda bütün bunlar yazılsa da, təchizatçının borcudur ki, bütün məlumatları abonentə izah etsin.

Smart-kart tipli sayğaclarının düzgün tətbiqi ilk növbədə borc məsələsinə aydınlıq gətirə bilər. Mahiyyət ondan ibarətdir ki, karta pul köçürsən qaz gələcək, əksinə, köçürməsən gəlməyəcək. Bu sayğacları quraşdırmadan öncə, 2009-cu ildə debitor qaz borclarının silinməsini nəzərdə tutan Prezident fərmanı ilə əlaqədar əhali ilə üzləşmə aparılmalı idi. İki tərəfin iştirakı ilə qarşılıqlı akt yazılmalı, borcun silinməsi orada öz əksini tapmalı idi. Çox təəssüf ki, belə aktlar tərtib olunmur, mübahisəli məsələlər yenədə qalır.



Hazırda Bakıda 12 qaz qəza xidməti fəaliyyət göstərir. Onlardan biri Bakı Şəhər Baş İstehsalat Qaz İdarəsinin nəzdində mərkəzləşdirilmiş qurumdur, yerdə qalanları isə rayon qaz idarələrinin tabeliyində ayrıca şöbə kimi fəaliyyət göstərir. Təbii qazdan istifadə zamanı yarana biləcək arzuolunmaz hadisələr barədə məlumatların qəbulu “104 – Qaynar xətti” tərəfindən həyata keçirilir.

“Azəriqaz” İB-də hesab edirlər ki, iki ciddi problem var ki, bunlar qaz qəza xidmətlərinin səmərəli fəaliyyətinə mane olur. Bunlardan biri şəhərdəki avtomobil tıxacları, ikincisi isə vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməməsidir. Qaz qəza xidmətləri də təcili tibbi yardım stansiyaları kimi işləyir. Necə ki, avtomobil tıxacları həkimin çağırış yerinə çatmasını əngəlləyir, qaz qəza xidməti də elədir. Ona görə də bəzi adamlar qəza xidməti əməkdaşlarını hadisə yerinə vaxtında çatmamaqda günahlandırır.



Son illər Bakıda və bölgələrdə qaz sızması nəticəsində tez-tez baş verən partlayış və yanğınlar onu göstərir ki, qaz qəza xidməti hələ də çağırışa vaxtında gəlmir, hadisəyə operativ müdaxilə edə bilmir. Qaz qəza xidmətinin əməkdaşları hadisə yerinə vaxtında gəlsələr, bir çox hallarda partlayışın qarşısını almaq mümkün olar. Qəza xidmətinin hadisə yerinə gəlməsi bəzi hallarda təxminən 1 saat çəkir. Bəzi ekspertlərin fikrincə, qaz qəza xidmətinin məxsusi texniki bazası yoxdur, mövcüd texniki baza müasir tələblərə cavab vermir, hətta xidmət əməkdaşlarının hadisə yerinə göndərilməsi üçün minik avtomobilləri, texniki qurğular və ehtiyat hissələri də çatışmır. Mövcud avadanlıqlar, o cümlədən qəza xidməti avtomobilləri isə sovet dövründən qalmadır. Avtomobil tıxaclarını bəhanə etmək yersizdir, çünki bu problemin də həlli yolları mövcuddur, məsələn qaz qəza xidməti əməkdaşlarını daha ensiz, kiçik həcmli avtonəqliyyat və yaxud motonəqliyyat vasitələrinə keçirməklə (FHN bu təcrübədən faydalanıb) hadisə yerinə daha operativ (10-15 dəqiqəyə kimi) müdaxilə etmək mümkündür.

Borcun hesabatı, sayğacın ekspertizası və ödənişlə əlaqədər olan sənədləşmədə şəffaflığın olmaması

Abonentlərə borcun hesabatı ilə əlaqədar sənədlər natamam şəkildə verilir, yəni sənədləşmə borc və aparılmış ödənişlərlə əlaqədar məlumatları qismən əhatə edir, hər hansı bir dövrlə (yarımillik) məhdudlaşır. Sayğacın ekspertizası ilə əlaqədar aktlar təqdim olunmur.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Beləliklə, qanunun bu tələbi pozularaq təchizatçının istehlakçıya borcu və istehlakçının aparmış olduğu ödənişlər barədə dolğun məlumat verilmir. Yəni istehlakçıda özünün kredit tarixi barədə təfsilatı ilə məlumatı olmur. Belə vəziyyət əsas borcun əlavə ödənişlə əlaqədər sənədləşməsində şəffaflığın olmamasına səbəb olur.



Qaz təchizatı idarələri tərəfindən xidmətin təhlükəsizliyinin təmin olunmaması

Qaz təchizatı sahəsində yaranan fasilələr istehlakçılar üçün birbaşa təhlükə yaradır. Qazın fasiləsiz təchizatı təmin olunmur. Həmçinin, qaz təchizatı təzyiq sıçrayışları ilə müşahidə olunur. Bu iki amil qaz təchizatının təhlükəsizliyinə mənfi təsir göstərir.

Borc bildirişlərinin hər ay təqdim edilməməsi

Qaydaların 2 №-li Əlavəsinin 2.1.7-ci maddəsinə əsasən, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay İstehlakçıya hesab təqdim etmək (göndərmək) Paylayıcının vəzifəsidir.

Həmçinin, Qaydaların 5.2-ci maddəsinə əsasən, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

Göründüyü kimi, Qaydaların bu müddəaları qaz nəzarətçiləri tərəfindən kobud şəkildə pozulur.

Qaz nəzarətçiləri müvafiq ölçü cihazları ilə təchiz olunmur, onlar sayğacın göstəricilərini dəftərə yazıb aparıb verirlər Kommersiya Şöbəsinə, orada həmin göstəricilər kompüterə işlənilir, sonra borc bildirişləri çap olunur və nəzarətçilər onları evlərə paylayırlar. İşin bu cür təşkili müasir standartlara cavab vermir, bu səbəbdən bildirişlər hər ay təqdim olunmur. Bu problem şəhərin mərkəzində qismən aradan qaldırılsa da, mərkəzdən kənarda hələ də mövcuddur.



Sorğulara (ərizə və şikayətlərə ) ya cavab verilməməsi, ya da natamam cavab verilməsi

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 1-ci maddəsinə əsasən, hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Bundan başqa, həmin qanunun 7-ci maddəsinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Yəni vətəndaşa əsaslandırılmamış, natamam cavab verildikdə müraciət baxılmış hesab oluna bilməz. Göründüyü ki, burada “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanununun 1 və 7-ci maddələrinin tələbləri kobud şəkildə pozulur.



İstehlakçılardan enerji haqqının mənzillərdə yığılması hallarının mövcudluğu

Qaydaların 5.3-cü maddəsinə əsasən, istifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaydaların bu tələbi də kobud şəkildə pozulur.

Belə neqativ hallar kəskin şəkildə azalsa da, hələ mövcuddur. Bəzi hallarda bu məsələyə istehlakçıların özü laqeyd münasibət bəsləyir, bundan başqa, nəzarətçiləri çoxdan tanıdıqlarına görə onlara etibar edirlər ki, bu da enerji haqqlarının yerində, yəni istehlakçı ilə bilavasitə nəzarətçi arasında ödənilməsinə yol açır.



Qaz təchizatçısı istehlakçını sayğacla ödənişli təmin edir

Qaydaların 4.2-ci maddəsinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Lakin Qaydaların bu tələbinə məhəl qoyulmur, sayğac quraşdırılarkən əhalidən bəzi hallarda pul tələb edilir.

Sayğac göstəricilətinin kompüter qeydiyyatına alınarkən faktik göstəricilərdən artıq şəkildə qeydə alınması

Qaydaların 2 №-li Əlavəsinin 3.3-cü maddəsinə əsasən, Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır. Bu cür hallar baş verdikdə 2 №-li Əlavənin 3.3-cü maddənin tələbləri kobud şəkildə pozulur.

Sayğac ekspertizası ilə əlaqədar problemlər

Sayğacların ekspertizası “Azəriqaz” İB-nin tabeliyində olan laboratoriya tərəfindən keçirilir ki, bu da ekspertizanın obyektiv keçirilməsini böyük şübhə altına alır.

Mənzillər üzrə qaz sayğaclarına müdaxilələrə görə təchizatçının vəzifəli şəxsləri tərəfindən məişət abonentlərinin günahlandırılması, hətta sayğaca həmin əməkdaşlar tərəfindən qərəzli müdaxilə və həqiqətə uyğun olmayan qusur aktların qərəzli tərtibatı

Qaydaların 4.8-ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Buna baxmayaraq, bəzi nəzarətçilər bu cür sayğaclara edilmiş müdaxilələrdə belə hallarda heç bir məsuliyyət daşımayan məişət abonentlərini qərəzli günahlandırır və əsassız olaraq müvafiq aktlar tərtib edirlər.

Bilavasitə istehlakçılarla təmasda olan nəzarətçi mühəndislərin öz vəzifə səlahiyyətlərindən sui istifadə etmə halları.

Nəzarətçilərin vəzifəsindən sui-istifadə etmə halları müxtəlif şəkildə baş verir. Nəzarətçilər zaman-zaman ifşa olunub ya işdən kənarlaşdırılır, ya da cinayət məsuliyyətinə cəlb olunmaları üçün materiallar prokurorluq orqanlarına göndərilir.

Məhkəmə qətnamələrinin icra edilməməsi

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmələrin qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Göründüyü ki, burada “Məhkəmələr və hakimlər haqqında” Qanununun 5-ci maddəsinin tələbləri kobud şəkildə pozulur.

Təchizatçı tərəfindən müqavilə şərtlərinin pozulması




TÖVSIYƏ

  1. Tövsiyə olunur ki, “Azəriqaz” İB Smart-kart tipli sayğaclarının quraşdırılması zamanı əhalinin maarifləndirilməsi məsələsinə xüsusi diqqət yetirsin.

  2. Tövsiyə olunur ki, “Azəriqaz” İB-nin nəzdində fəaliyyət göstərər Qaz qəza xidmətlərinin fəaliyyəti müasir standartlara cavab verəcək şəkildə yenidən təşkil olunsun, maddi-texniki təchizatı yaxşılaşdırılsın,

  3. Tövsiyə olunur ki, qaz təchizatı sahəsində göstərilən xidmətin keyfiyyət və təhlükəsizlik səviyyəsi artırılsın, bütün təhlükəsizlik tədbirləri “Azəriqaz” İB tərəfindən həyata keçirilsin,

  4. Tövsiyə olunur ki, qaz təchizatı işçilərinin Etik Davranış Kodeksi qəbul edilsin,

  5. Tövsiyə olunur ki, “Azəriqaz” İB-nin əhali qrupuna aid istehlakçılara göstərilən xidmətlər sahəsində inhisarına son qoyulsun, bu sahədə yeni qaz təchizatı müəssisələri (iki-üç) yaradılsın ki, bu sahədə sağlam rəqabət olsun və bu da son nəticədə əhaliyə göstərilən xidmətin keyfiyyətinə müsbət təsir etsin.

  1. 2. İstehlakçılar tərəfindən yol verilən pozuntular

Mövcud vəziyyət

Analiz

Müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən qazdan qanunsuz istifadə və talama halları:

  • sayğaclara müdaxilə,

  • nəzarət-ölçü cihazlarından kənar istifadə etmək yolu ilə

Əvvəlki dövrdə qüvvədə olan qanunvericilik qeyd edilən hüquqpozmaların törədilməsinə görə yalnız inzibati məsuliyyət müəyyən etməklə, bu hüquqpozmaların ictimai təhlükəliliyinə cavab verən repressiv mexanizmi nəzərdə tutmurdu. Eyni zamanda, bu inzibati xəta növünə görə inzibati icraata başlamalı olan orqanın səlahiyyətlərinin qeyri-müəyyən olaraq qalması, enerjidən qanunsuz istifadə halları ilə mübarizəni səmərəsiz edirdi.

Qeyd edilən hallar xeyli miqdarda təbii qazın, elektrik və ya istilik enerjisinin talanması əməllərinin qanunvericiliyimizdə cinayət əməli kimi təsbit edilməsini, bu enerji növlərinin az miqdarda talanmasına görə isə inzibati məsuliyyətin sərtləşdirilməsini zəruri etmişdir.

Beləliklə, beynəlxalq təcrübə də nəzərə alınmaqla təbii qazın, elektrik enerjisinin talanması əməlini kriminallaşdırmaq, qeyd edilən enerji növlərinin az miqdarda talanmasına görə inzibati məsuliyyəti sərtləşdirilmək məqsədilə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 19 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanunu (daha sonra Qanun) qəbul edilmişdir.

Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə yeni – “189-1 – Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə edilməklə cinayət qanunvericiliyimizdə bir sıra əməllər cinayət kimi təsbit edilmişdir.

Həmin cinayətlərin obyekti xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların təbii qaz, elektrik və ya istilik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxslərlə müxtəlif istehlakçılar arasında verilmiş təbii qaz, elektrik və ya istilik enerjisinə görə yaranan və qanunla qorunan mülkiyyət münasibətləridir.

CM-nin 189-1.1-ci maddəsilə nəzərdə tutulmuş cinayətin obyektiv tərəfi təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu enerji resurslarının xeyli miqdarda ziyan vurmaqla talanmasından ibarətdir.

Elektrik enerjisindən qanunsuz istifadə etmə əməlləri o halda cinayət məsuliyyəti yaradır ki, belə əməllər özündə talamanın əlamətlərini əks etdirsin. Təcrübədə bu əsasən verilmiş elektrik enerjisinin nəzarət ölçü cihazlarına, sayğaclara müdaxilə etmək yolu ilə onların göstəricilərinin süni şəkildə azaldılmaqla təhrif edilməsi və ya ümumiyyətlə, nəzarət ölçü cihazları, sayğaclar olmadan, gizli yolla, müvafiq qurumların nəzarətindən kənar çəkilmiş xəttlər və naqillər vasitəsilə enerji resurslarından istifadə yolu ilə törədilir.

Eyni zamanda, şərh edilən maddə ilə cinayət məsuliyyətinin yaranması üçün törədilən əməllə enerji resursları ilə təchizat subyektlərinə xeyli miqdarda ziyan vurulması zəruridir. Xeyli miqdarda ziyanın anlayışı isə CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsində verilmişdir.1 CM-nin 189-1.2-ci maddəsi eyni əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsini tövsifedici əlamət kimi nəzərdə tutur.

Dövlətimizin müstəqillik əldə etdiyi ilk illərdə keçid dövrünün problemləri, işsizlik, sosial yükün və yoxsulluğun artması onunla nəticələnmişdir ki, həmin vaxtlardan başlayaraq təbii qaz, elektrik enerjisinin talanması halları əhali arasında geniş vüsət almışdır. Bu səbəbdən, həmçinin cinayət qanunvericiliyimizin humanizm prinsiplərinə əsaslanaraq, qanunverici maddənin “Qeyd” hissəsində CM-nin 189-1.3, 189-1.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxsin cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunması barədə müddəanı nəzərdə tutmuşdur. Bu müddəa, həmçinin stimullaşdırıcı xarakter daşımaqla, hüquqpozucularını vurduqları ziyanı tamamilə ödəməyə həvəsləndirir.

CM-nin 189-1.3, 189-1.4-cü maddələri təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin CM-nin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının almaması ilə bağlı cinayət əməllərini nəzərdə tutur. Qeyd edilən cinayətlərin subyekti və nəticələri eyni olsa da, həmin cinayət tərkibləri təqsirin formasına görə fərqlənir.

Belə ki, CM-nin 189-1.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində, yəni ehtiyatsızlıqdan törədilir.

CM-nin 189-1.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət isə qeyd edilən şəxslər tərəfindən xidməti mövqeyindən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən, yəni qəsdən törədilir. Bu zaman təqsirkar qulluq səlahiyyətlərindən qulluq mövqeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun enerji təchizatı müəssisəsinin mənafelərinə mühüm zərər vurma ilə ifadə olunan nəticələrini (enerji resurslarının talanmasını) qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir. Bu cinayətin tərkibinin daha bir zəruri elementi həmin cinayətin motividir. Şərh edilən maddədə bu tamah və ya sair şəxsi maraq kimi müəyyən edilmişdir.

CM-nin 189-1.1-ci maddəsilə nəzərdə tutulmuş cinayətin subyekti ümumidir. Bu cinayətin subyekti qismində enerji resurslarının təchizatı müəssisəsilə müqavilə bağlanıb-bağlanılmamasından asılı olmayaraq bütün şəxslər ola bilər.

CM-nin 189-1.3, 189-1.4-cü maddələrilə nəzərdə tutulmuş cinayətlərin subyekti xüsusidir. Bu cinayətlərin subyekti qismində əmək vəzifələrinə enerji, təbii qaz xəttlərinə, naqillərinə qanunsuz müdaxilələri, qoşulmaları aşkar etmək, qarşısını almaq vəzifələri daxil olduğu təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisəsinin vəzifəli şəxs olmayan səlahiyyətli nümayəndələri ola bilər.

Həmin şəxslərin sırasına rayon paylayıcı elektrik şəbəkələrinin, qaz istismarı idarələrinin müfəttişlərini, sahə ustalarını, elektrik montyorlarını və digər işçiləri aid etmək olar. Bu və ya digər işçinin şərh edilən cinayətin subyektləri dairəsinə aid olub-olmamasını müəyyən etmək üçün ilk növbədə paylayıcı elektrik şəbəkələrində, qaz istismarı idarələrində qüvvədə olan müvafiq vəzifə təlimatlarında həmin şəxslərin əmək vəzifələrinə enerji, təbii qaz xəttlərinə, naqillərinə qanunsuz müdaxilələri, qoşulmaları aşkar etmək, qarşısını almaq vəzifəsinin daxil edilib-edilmədiyi yoxlanılmalıdır.

Qeyd edilən müəssisələrin vəzifəli şəxsləri törətdikləri eyni əməllərə görə Azərbaycan Respublikası CM-nin 33-cü fəslində nəzərdə tutulmuş müvafiq maddələrlə məsuliyyət daşıyırlar.

19 dekabr 2006-cı il tarixli Qanunla Azərbaycan Respublikası CM-nin 189-1-ci maddəsilə nəzərdə tutulmuş cinayətlərin istintaq aidiyyəti prokurorluq orqanlarına aid edilmişdir.

Qeyd edildiyi kimi, Qanunla həmçinin təbii qazın, elektrik və ya istilik enerjisinin az miqdarda talanması və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyəti sərtləşdirilmək məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.2 və 118-ci maddələrinə müvafiq əlavə və dəyişikliklər edilmişdir.



TÖVSIYƏ

Müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən təbii qazdan qanunsuz istifadə və talama hallarına qarşı mübarizə sərtləşdirilməlidir.

  1. QABAQLAYICI TƏDBİRLƏR

Mövcud vəziyyət

Analiz

Günahkar vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunmaması

“Azəriqaz” İB-də neqativ hallardan, konkret vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən şikayət ediləcək “Qaynar xətt” fəaliyyət göstərmir.

TÖVSIYƏ

  1. Tövsiyə olunur ki, “Azəriqaz” İB-də əhalinin şikayətlərinə operativ baxılmasını təmin edəcək yeni məzmunda “Qaynar xətt” təşkil edilsin.

  2. Ora daxil olmuş şikayətlərin sayı, xarakteri, görülmüş tədbirlər, o cümlədən günahkar vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunması, hansı inzibati tənbeh tədbirlərinə məruz qalması haqqında ictimaiyyətin məlumatlandırılması məqsədəmüvafiqdir.

  1. İctİmaİyyətlə əlaqələr

Mövcud vəziyyət

Analiz

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilməmişdən əvvəl “Azəriqaz” Səhmdar Cəmiyyətinin mətbuat xidməti KİV nümayəndələri arasında aparılmış rəy sorğusunun nəticələrinə görə ən passiv mətbuat xidmətlərinin sırasında yer almışdır.

2009-cu ildə Dövlət Neft Şirkətinin tabeliyinə veriləndən sonra “Azəriqaz” İstehsalat Birliyi tərəfindən media nümayəndələri ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində müvafiq addımlar atılmışdır.

Belə ki, “Azəriqaz” İstehsalat Birliyində mütəmadi şəkildə (ayda 1-2 dəfədən az olmayaraq) “Açıq mətbuat saatı” keçirilir. “Açıq mətbuat saatı”nın tarixi və vaxtı barədə qabaqcadan ARDNŞ-in www.socar.az internet səhifəsində kütləvi informasiya vasitələri nümayəndələrinə xəbər verilir. Göstərilən müddətdə KİV nümayəndələri (+994012) 490-54-33(+994012) 490-54-24 nömrəli telefonlarla əlaqə saxlayaraq müxtəlif mövzularla əlaqədar suallarına cavab ala bilərlər. “Açıq mətbuat saatı”nda istehlakçıların təbii qazla təminatı, qarşıya çıxan problemlər və onların aradan qaldırılması, əhalini narahat edəcək digər məsələlərlə bağlı media nümayəndələrinin sualları cavablandırılır.


ARDNŞ-in www.socar.az internet səhifəsində “Azəriqaz” İstehsalat Birliyinə həsr olunmuş ayrıca bölmə yoxdur. Sayt qaz təchizatı sahəsindən ətraflı məlumat vermir, daha çox ya müxtəlif səbəblərdən qaz təchizatının dayandırılması barədə xəbərdarlıq edir, ya da hansısa yaşayış məntəqəsinin qaz paylayıcı şəbəkəsinə qoşulmasından bəhs edir ki, bu da çox məhdud xarakterli məlumat təşkil edir.

ARDNŞ-nin internet səhifəsində media nümayəndələrinə yardımçı ola biləcək xususi “Mətbuat guşəsi” bölməsi yaradılmışdır. Lakin “Mətbuat guşəsi” bölməsindəki yenilikləri daim elektron ünvanına almaq üçün media nümayəndələrindən qeydiyyatdan keçmək xahiş olunur.

“Açıq mətbuat saatı”nda media nümayəndələri tərəfindən verilən suallar və onların cavabları haqqında məlumat yerləşdirilmir.


TÖVSIYƏ

  1. Tövsiyə olunur ki, www.socar.az internet səhifəsində “Azəriqaz” İstehsalat Birliyinə həsr olunmuş ayrıca bölmə yaradılsın.

  2. Tövsiyə olunur ki, “Açıq mətbuat saatı”nda media nümayəndələri tərəfindən verilən suallar və onların cavabları haqqında www.socar.az internet səhifəsində məlumat yerləşdirilsin.

  3. Tövsiyə olunur ki, “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı mütəmadi olaraq (ildə bir dəfədən az olmamaq şərti ilə) rəy sorğuları keçirilsin, rəy sorğusunun keçirilməsinə ekspert-mütəxəssislər, KİV, QHT və vətəndaş cəmiyyəti institutları nümayəndələri cəlb edilsinlər.

  4. Radionun FM dalğalarında kommunal xidmətləri (o cümlədən, qaz təchizatı) sahəsində mövcud olan vəziyyətlə əlaqədar əhali arasında ekspress rəy sorğuları keçirəcək, əhalinin üzləşdiyi kommunal problemlərdən bəhs edəcək verilişin açılması məqsədəmüvafiq hesab olunur.

1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə