MÖvzu strateji planlaşdirma plan




Yüklə 135.39 Kb.
tarix14.04.2016
ölçüsü135.39 Kb.
MÖVZU 8. STRATEJI PLANLAŞDIRMA

PLAN:

  1. Strateji planaşdırmanın mahiyyəti.

  2. Strateji planlaşdırma zamanı strateji şəraitin qiymətləndirilməsi.

  3. Strateji alternativlərin seçilməsi.


1. Strateji planlaşdırma təşkilatın missiyasının həyata keçirilməsinə zəmin yaratmaq üçün nəzərdə tutulan spesifik strategiyaların işlənilməsi və reallaşdırmasını təmin edən qərarların və fəaliyyətlərin məcmusudur.

P.Loranja görə strateji planlaşdırma prosesi idarəetmə qərarlarının qəbul edilməsinə kömək edən vasitədir, onun məqsədi təşkilatda yeniliklərin daxil edilməsini və dəyişikliklərin həyata keçirilməsini təmin etməkdir. O, strateji planlaşdırmanı aşağıda göstərilən 4 əsas idarəetmə fəaliyyətindən ibarət olan bir proses kimi təqdim edir.

1. Ehtiyatların bölüşdürulməsi.

2. Xarici mühitə adaptasiya (həm xarici əlverişli imkanlara, həm də təhlükələrə adaptasiya, müvafiq alternativləri aşkara çıxarmaqla strategiyanın xarici şəraitə müvafiq şəkildə işlənilməsi).

3. Daxili koordinasiya (daxili əməliyyatların səmərəli inteqrasiyasına nail olmaq üçün, daxili zəif və güclü cəhətləri əks etdirmək üçün strateji fəaliyyətin koordinasiyası).

4.Təşkilati strateji öncəgörmə (keçmiş strateji qərarların öyrənilməsi əsasında menecerlərin düşüncələrinin mütəmadi inkişafını və deməli onların strateji öncəgörmə qabiliyyətlərinin inkişafını təmin edən təşkilatın formalaşdırılması).

Strateji planlaşdırma-təşkilatın miqyasının müəyyənləşdirilməsi, strateji mövqelərin təhlili, rəqabət üstünlüyünə nail olunması, üstünlüyün qrunub saxlanılması və inkişaf etdirilməsi, üstünlüyün kapitala çevrilməsini təmin edən daxili və xarici amillərin tədqiqi yolu ilə təşkilatın strategiyasının müəyyənləşdirilməsi prosesidir. Seçilmiş strategiya firmanın güclü cəhətlərinin kapitala çevrilməsinə, zəif cəhətlərinin aradan qaldırılmasına, təhlükələrdən yan keçməyə (ziyansız ötüşməyə) xidmət etməlidir. Strateji planlaşdırma eyni zamanda bir sıra mühüm suallara cavab tapılması deməkdir:

- müəssisədə biznesin cari vəziyyəti necədir?

- daxili zəif cəhətlər, daxili güclü cəhətlər və məqsədlərə çatmağa Mane olan amillər hansılardır?

- missiya necə yerinə yetirilir və missiyanı daha yaxşı yerinə yetirmək üçün nə etmək lazımdır?

- strategiya necə olmalıdır, hansı strateji alternativlər vardır və strategiya dəyişikliklərə nə dərəcədə dayanıqlıdır?

Strateji planlaşdırma prosesini sxematik olaraq şəkil 1-dəki kimi təsvir etmək olar.





Şəkil 1. Strateji planlaşdırma prosesi

Xarici mühit amillərinin qiymətləndirilməsi və təhlili. Xarici mühitin təhlili elə bir prosesdir ki, bu prosesdə strateji planın lahiyəçiləri mümkün imkan və təhlükələri müəyyənləşdirmək üçün firmaya nəzərən xarici amilləri diqqət mərkəzində saxlayır və qiymətləndirirlər. Nəticədə imkanların proqnozlaşdırılması, gözlənilməz vəziyyətlər üçün plan tərtib olunması, mümkün təhlükələr barədə qabaqcadan xəbərdarlıq sisteminin yaradılması və əvvəlki təhlükələri əlverişli imkana çevirə bilən strategiyaların işlənilməsi üçün vaxt əldə edilmiş olur.

Xarici imkan və təhlükələrə daim nəzarət etmək üçün onların yarandığı aşağıdakı sahələr diqqət mərkəzində saxlanılmalıdır: iqtisadiyyat, siyasət, bazar, texnologiya, rəqabət, beynəlxalq vəziyyət, sosial davranış.

Xarici mühiti 3 parametrə görə qiymətləndirmək olar: cari strategiyanın müxtəlif cəhətlərinə təsir edən dəyişikliklər; cari strategiya üçün təhlükəli amillər; plana düzəliş vasitəsi ilə ümumi məqsədlərə nail olunması üçün böyük əhəmiyyətli amillər.

Xarici mühit amillərini iki qismə ayırmaq olar: birbaşa və dolayı təsir edən amillər. Birbaşa təsir amiləri- firmanın əməliyyatlarına məruz qalan amillərdən (malgöndərənlər, əmək ehtiyatları, qoyunlar, dövlət təmizləmə müəssisələri, istehlakçılar, rəqiblər və s.) ibarətdir. Firmanın əməliyyatlarına birbaşa təsir edə bilməsə də, hər halda təsir edə bilən amillər dolayı təsir amilləridir. Iqtisadiyyatın dəyişikliklər, qrup maraqlarının təsiri, digər ölkələrdə baş verən və firma üçün mühüm əhəmiyyət kəsb edən hadisələr bu qəbildən olan amillərdir.

Xarici mühitin əsas xarakteristikaları aşağıdakılardır:

- xarici mühit amillərinin bir-birinə təsir etmələri;

- xarici mühitin mürəkkəbliyi (firmanın reaksiya verməli olduğu xarici mühit amillərinin çoxluğu və hər bir amilin səviyyəsinin variantlılığı);

- mühitin mütəhərrikliyi (firmadan kənarda dəyişikliklərin sürətlə baş verməsi);

- xarici mühitin qeyri-müəyyənliyi (amillər barədə təşkilatın sərəncamında olan informasiyanın azlığı və şübhə doğurması).

Birbaşa təsir mühitinin əsas amilləri barədə məlumat verək.

Malgöndərənlərdən asılılıq özünü qiymətlərin dəyişməsində, kəmiyyət və keyfiyyətdə, bir çox firmaların eyni malgöndərənlə işləməsində daha qabarıq təsir gücünə malik olur. Bəzən ehtiyatların xaricdən alınması sərfəli görünsə də, ancaq siyasi qeyri-stabillik, mübadilə kursunun dəyişməsi, mühitin mütəhərrikliyi kimi təhlükkələrin nəzərə alınması zərurəti bu imkanın üstünlüyünü şübhə altına qoyur.

Materiallarla təminatda zəruri tədarük həcminin və tədarük vaxtının seçilməsi ön plana çıxır. «Vaxtında-dəqiq» prinsipi ilə material ehtiyatlarının formalaşdırılması malgöndərənlərlə səmərəli əlaqənin qurulması deməkdir. Istehsalın fasiləsizliyinin risksiz təminatı baxımından böyük material ehtiyatlarının yaradılması gəlirin müəyyən hissəsindən məhrum olmaq, material ehtiyatlarının çatışmaması isə daha böyük təhlükə deməkdir.

Firmanın inkişaf etdirilməsində kapitalın rolunun mühümlüyü şübhə doğurmur. Kapitalın əldə olunması üçün potensial investorlar kimi adətən banklar, səhmdarlar, xüsusi şəxslər, istiqraz təqdim edən dövlət müəssisələri çıxış edirlər. Firmanın vəziyyəti yaxşı olduqca onun malgöndərənlər və investorlarla iş birliyi qurmaq imkanları artır.

Təşkilatın qarşısında duran vəzimfələri mürəkkəb texnologiyadan istifadə etmək bacarığına malik, müvafiq ixtisaslı peşəkar mütəxəssislər olmadan səmərəli yerinə yetirmək mümkün deyil. Odur ki, rəhbərlik firmaya işçi qüvvəsinin cəlb edilməsinə xüsusi diqqət yetirməlidir.

Firmanın fəaliyyəti dövlət tənzimləmə orqanlarının müdaxiləsi, mövcud əmək qanunvericiliyinə riayət olunması, istehlakçıların maraqlarının müdafiəsi, iş yerlərində təhlükəsizliyin və sağlamlığın müdafiəsi, bərabər işə görə bərabər əmək haqqı prinsipinin gözlənilməsi və s. qanunlara riayət olunması ilə müşayiət olunmalıdır.

Nəzərə almaq lazımdır ki,firmanın uğuru onun əmtəələrinin istehlakçıların mövcudluğundan birbaşa asılıdır. Istehlakçıların hansı əmtəə və xidmətləri hansı qiymətlərə almaq arzularının və imkanlarının nəzərə alına bilməsi fəaliyyətin səmərəli olacağına zəmin yaradır. Istehlakçıların tələbatlarını rəqiblər kimi və rəqiblərdən yaxşı ödəməyi bacarmaq yüksəliş atributlarından biridir. Yadda saxlamaq lazımdır ki, rəqibləri yaxşı öyrənmədən, düzgün rəqabət strategiyası seçmədən istehlakçı uğrunda mübarizədə qalib gəlmək mümkün deyil. Rəqabətə düzgün reaksiyadan təşkilatın daxili amilləri (iş şəraiti, əmək haqqı, rəhbərlərin işçilərə münasibətinin xarakteri) də asılıdır.

Iqtisadiyyatın cari və proqnozlaşdırılan vəziyyəti firmanın məqsədlərinə kəskin təsir edə bilər. Odur ki, inflyasiya (və ya deflyasiya), məşğulluq səviyyəsi, beynəlxalq ödəniş balansı, milli valyutanın məzənnəsinin xaricdə stabillik səviyyəsi, vergi kimi xarici iqtisadi amillərin qiymətləndirilməsi gərəklidir, çünki bu amillərin hər biri firma üçün təhlükə və ya yeni imkan deməkdir.

Biznesmenlərin və sahibkarların siyasi prosesdə fəal iştirakı müəssisələr üçün dövlət siyasətinin mühümlüyünə dəlalət edir. Başqa sözlə desək, firmanın rəhbərləri yerli hakimiyyət orqanlarının və hökumətin normativ sənədlərini, siyasətçilərin antiinhisar fəaliyyətinə münasibətlərini, uzunmüddətli kapital qoyuluşuna hökumətin kreditlərini, ssuda imkanlarını izləməlidirlər. Hökumət işgüzar məsələlərdə həmişə fəal iştirak etdiyindən, müəssisə rəhbərliyinin siyasi fəaliyyəti diqqətlə izləməsi məsləhətdir.

Xarici bazarın təhlili zamanı aşağıdakı amillərə baxılması vacibdir: demoqrafiya şəraitinin dəyişməsi, əmtəə və xidmətlərin həyat dövrləri, bazara nüfuz etməyin asanlığı, əhalinin gəlirlərinin bölüşdürülməsi, sahədə rəqabətin səviyyəsi. Təhlilin nəticələri strategiyanı dəqiqləşdirmək və rəqiblərə nisbətən firmanın mövqeyini möhkəmləndirmək imkanı verir.

Texnologiya mühitində mühüm dəyişikliklərə diqqət yetirilməməsi firmanı pis vəziyyətə sala bilər. Xaricdə istehsal texnologiyasındakı dəyişiklikləri, əmtəə və xidmətlərin lahiyə edilməsində kompüterlərin tətbiqini, rabitə texnologiyasındakı son yenilikləri nəzərə almaq üçün texnologiyanın da təhlili lazımdır.

Beynəlxalq miqyasda fəaliyyət göstərən firmalar üçün təhlükə və imkanlar əsasən aşağıdakı səbəblərdən yarana bilər: xarici sirkətlərin fəaliyyəti, valyutanın məzənnəsinin dəyişməsi, xammalın asan (çətin) əldə edilməsi, investisiya obyekti və ya bazarlar rolunda çıxış edən ölkələrdə siyasi vəziyyətin dəyişməsi və s.

2. Strateji planlaşdırma zamanı strateji şəraitin qiymətləndirilməsi.

Biznes səviyyəsində strateji planlaşdırma zamanı mövcud şəraitin strateji baxımdan nə qədər əlverişli olmasını cədvəl 2-də göstərilən qaydada müəyyənləşdirmək olar.

Cədvəl 2

Mövcud şəraitin qiymətləndirilməsi

Qiymətləndirilən sistemlər

Qiymətləndirilən amillər və həlli axtarılan suallar

1

2

Makroşərait

Istehsal texnoloji sistem

Büiün istehsal amillərinin qarşılıqlı səmərəli əlaqələndirilməsi üçün zəruri şərait təmin olunurmu?

Istehsal ehtiyatları ilə bağlı çətinliklər ucbatından istehsalın ayrı-ayrı mərhələlərində yubanmalar böyükdürmü?

Istehsal texnoloji prosesdə təşkilatın fərqlənən üstün cəhətlərindən istifadə səviyyəsi yüksəkdirmi?

Ən zəif həlqədə işin dayanması ucbatından istehsal prosesinin dayanma ehtimalı böyükdürmü?

Istehsal prosesinin tətbiq olunan modeli səmərəlidirmi?


Maliyyə-iqtisadi sistem

Təşkilati-maliyyə baxımından dayanıqlı və asılı olmayan hesab etmək olarmı?

Təşkilati-ödəniş qabiliyyətli, likvid xüsusiyyətli və rentabelli hesab etmək olarmı?

Maliyyənin idarə olunma sistemini səmərəli hesab etmək olarmı?

Investisiyanın özünü ödəmə səviyyəsini kafi hesab etmək olarmı?

Maliyyə-iqtisadi sistemini bütövlükdə təşkilatın fərqli xüsusiyyəti hesab etmək olarmı?


Idarəetmə sistemi

Təşkilatın strukturunun səmərəliliyi.

Planlaşdırma sisteminin səmərəliliyi.

Stimullaşdırma sisteminin səmərəliliyi.

Nəzarət sisteminin səmərəliliyi.

Idarəetmə sistemini bütövlükdə təşkilatın fərqli xüsusiyyəti hesab etmək olarmı?


Istehsalın hazırlanması və marketinq

Bazarın strukturunun və tələbatın ödənilmə üsullarının, reklamın və əmtəələrin irəlilədilmə üsullarının səmərəliliyi.

Qiymətqoyma, satış və ETKLI sisteminin səmərəliliyi.

Istehsalın hazırlanması və marketinq sistemi təşkilatın rəqabət üstünlüyünün əsasını təşkil edirmi?


Korporativ mədəniyyət

Təşkilatın işi onun strategiyası ilə müəyyənləşirmi?

Təşkilatda formal qarşılıqlı münasibətlər təşkilatın strukturuna uyğun gəlirmi?

Rəhbərlik üslubu və icra mexanizmi səmərəlidirmi?

Təşkilatda işləyənləri birləşdirən ümumi dəyərlər mövcuddurmu?

Korporativ mədəniyyət təşkilatın rəqabət üstünlüyünün əsasıdırmı?


Siyasi şərait

Rəqabət imkanlarının bərabərliyi üçün siyasi şərait varmı?

Biznesin tənzimlənməsi üçün qanunvericilik bazası səmərəlidirmi?



Mikroşərait

Iqtisadi şərait

Mövcud daxili iqtisadi siyasət şəraitində baxılan biznesin normal inkişafı mümkündürmü?

Beynəlxalq siyasi infrastruktur baxılan biznesin normal inkişafına şərait yaradırmı?

Baxılan növ biznesin siyasi riski böyükdürmü?

Ölkədə işgüzar fəallığın ümumi səviyyəsi biznes üçün əlverişlidirmi?

Ölkədə maliyyə-kredit şəraiti əlverişlidirmi?

Mövcud vergi sistemi, maliyyələşdirmə, bank faizi şəraitində biznesin normal inkişafı mümkündürmü?

Mövcud inflyasiya səviyyəsində biznesin normal inkişafı mümkündürmü?

Istehsal-kommersiya əməliyyatlarının iqtisadi risk səviyyəsi yüksəkdirmi?



Sosial inkişaf

Cəmiyyətin quruluşu baxılan biznesin inkişafı üçün əlverişlidirmi?

Gəlirlərin mövcud səviyyəsi və bölüşdürmə strukturunda istehsal olunan əmtəələrə tələbin normal inkişafı mümkündürmü?

Cəmiyyətdə istehlakçıların üstün tutduqları cəhətlərin mövcud strukturu və dinamikası əlverişlidirmi?

Əməyə, təhsilə, istirahətə, ailəyə, hökumətə və s. münasibətlərin mövcud stereotipləri biznesin inkişafı üçün əlverişlidirmi?

Baxılan biznes növünün sosial riski böyükdürmü?


Bazar şəraiti

Bazarın potensialı

Əmtəənin satılması nəzərdə tutulan alıcıların içərisində daha çox ehtimallı alıcıların payı oçxdurmu?

Bu payın dəyişmə meyli müsbətdirmi?

Alıcıların bir satıcıya bağlanma dərəcəsi yüksəkdirmi?

Ən dar seqmentdə bazarın potensialı ən geniş seqmentdəki potenmsialdan kəskin fərqlənirmi?

Bazarın reklama həssaslığı yüksəkdirmi?


Bazarın strukturu

Lokal konsentrasiyalı bazar (çox məhdud coğrafi regionda alıcıların dar tipinə ixtisaslaşma).

Lokal-diversifikasiyalı bazar (çox məhdud coğrafi regionda alıcıların geniş tipinə uyğunlaşma).

Qlobal-konsentrasiyalı bazar (coğrafi qeyri-məhdud regionda alıcıların dar tipinə uyğunlaşma).

Qlobal-diversifikasiyalı bazar (coğrafi qeyri-məhdud regionda müxtəlif tip alıcılar).

Qlobal bazar (cotrafi qeyri-məhdud regionda bütün tip alıcılar).


Bazarın yaşı

Bazar yaranma mərhələsindədirmi?

Bazar inkişaf mərhələsindədirmi?

Bazar yetkinlik mərhələsindədirmi?

Bazar tənəzzül mərhələsindədirmi?

Bazar dağılma mərhələsindədirmi?


Tələbin elastikliyi

Bazarda qiymətin dəyişməsinə alıcının reaksiyasının lokal həssaslıq səviyyəsi yüksəkdirmi?

Bazarda tələbin daimi elastikliyi səviyyəsi yüksəkdirmi?

Bazarda tələbin dəyişən elastiklik səviyyəsi yüksəkdirmi?

Tələbin elastikliyi bazarın həat dövrü mərhələsindən güclümü asılıdır?

Baxılan bazarda tələbin elastikliyi qonşu bazarlarda tələbin elastikliyindən kəskinmi fərqlənir?


Bazarda əsas müvəffəqiyyət amilləri (ƏMA)

ƏMA-ların içərisində:

-əlverişli xarici şəraitin təisri altında yaranan, ancaq bu gün mövcud olmayan amillərdən varmı?

-bu gün malik olmadığımız fərqləndirici qabiliyyətlərlə bağlı olanları varmı?

-təşkilatda hələlik yaradılmamış mikroşəraitin təsiri altında formalaşan amillər varmı?

Təşkilatın sahədəki mövqeyindən asılı olan amillər varmı?

-təşkilatın təmin edə bilmədiyi amillərin payı varmı?



Sahə şəraiti

Sahədə rəqabətin strukturu və dinamikası

Rəqabətin strukturu xalis rəqabətə yaxındırmı?

Rəqabətin strukturu inhisarçı rəqabətə yaxındırmı?

Rəqabətin strukturu oliqopoliyaya yaxındırmı?

Rəqabətin strukturu inhisara yaxındırmı?

Sahə tamamilə yenidirsə, orada rəqabət varmı?


Sahənin potensial rəqabət səviyyəsi

Sahəyə daxil olmağa istehsal-texnoloji maneələr böyükdürmü?

Sahəyə daxil olmağa maliyyə-iqtisadi maneələr böyükdürmü?

Sahəyə daxil olmağa marketinq maneələri böyükdürmü?

Potensial rəqiblərin sayının sahədəki real rəqiblərin sayına nisbəti böyükdürmü?

Bütün posensial rəqiblərin sahəyə daxil olma şərtində təşkilatın rəqabətdəki mövqeyinin kəskin pisləşmə ehtimalı böyükdürmü?


Alıcılardan asılılıq

Alıcıların seçimi genişdirmi?

Alıcının təşkilatın məhsulunu tanıma ehtimalı böyükdürmü?

Təşkilatın məhsulunu tanıyan alıcının o məhsula diqqət yetirmə ehtimalı böyükdürmü?

Təşkilatın məhsuluna diqqət yetirən alıcının onu almaq barədə fikirləşmə ehtimalı böyükdürmü?

Təşkilatın məhsulunu almaq barədə imkanlarını götür-qoy edən alıcının onu almaq barədə qərar qəbul etmə ehtimalı böyükdürmü?


Malgöndərənlərdən asılılıq

Təşkilatın istehsal etdiyi məhsulun dəyərində göndərilən malların dəyərinin xüsusi çəkisi böyükdürmü?

Malgöndərənləri seçəndə təşkilatın sərbəstlik səviyyəsi yüksəkdirmi?

Malgöndərən göndərişin istehsal-texnoloji şərtlərini qəbul etdirə bilirmi?

Malgöndərən göndərişin maliyyə-iqtisadi şərtlərini qəbul etdirə bilirmi?

Təşkilat malgöndərənlərə nəzarət edə bilərmi?


Əvəzedici malların istehsalçılarının təzyiqi

Təşkilatın məhsullarının istehlakçısının büdcəsində əvəzedici mallara xərcin xüsusi çəkisi yüksəkdirmi?

Istehsal-texnoloji baxımdan əvəzedici malların istehlakçılarının üstünlüyü varmı?

Bazarın yaşı planında əvəzedici malların istehsalçılarının üstünlüyü varmı?

Sahənin elmi-texniki inkişaf planında əvəzedici malların istehsalçıların üstünlüyü varmı?

Ənənəvi (potensial) alıcılar üçün əvəzedici mallar təşkilatının məhsulları üstündürmü?



3. Strateji alternativlərin seçilməsi.

Strateji planlaşdırma sistemindən istifadə edən firmaların rəhbərlərinin fəaliyyətində ən mühüm addımlardan biri də firmanın ümumi strategiyasının seçilməsidir. Bunun üçün rəhbərlər strateji alternativləri araşdırmalı və qiymətləndirməlidirlər. Ümumi strategiyanın aşağıdakı əsas alternativlərinə baxılması məqsədəuyğundur.



  1. Məhdud artım strategiyası.

  2. Artım strategiyası.

  3. Ixtisar strategiyası.

  4. Birləşdirmə strategiyası.

Məhdud artım strategiyası – məqsədlərin əldə olunmuş nəticələr üzərində qurulması ilə xarakterizə olunur. Bu strategiyanın cəlbediciliyi onun sadəliyində, əlverişli olmasında, aşağı risklə müşayiət olunmasındadır. Mövcud mövqeyi ilə razı olan iri sənaye müəssisələrində mövcud texnologiya və məhdud artım mənfəəti əvvəlki illərdə arzu olunan səviyyədə təmin etdikdə, dəyişikliklərə bir o qədər də meyilli olmayan ali rəhbərlər bu strategiyaya üstünlük verirlər.

Əgər müəssisənin qısamüddətli və orta müddətli məqsədləri hər il əvvəlki nəticələrdən əhəmiyyətli dərəcədə yüksək səviyyəlidirsə, bu o deməkdir ki, müəssisənin fəaliyyəti artım strategiyası üzərində qurulmuşdur. Bu strategiya- texnologiyanın sürətlə dəyişdiyi, dinamik inkişaf edən sahələrdə tətbiq olunur. Durğunluq yaranmış bazarları tərk etmək məqsədi ilə firmada diversifikasiyaya cəhd edən rəhbərlər çox vaxt artım strategiyasını seçirlər. Dayanıqsız sahədə artımın olmaması müflisləşməyə, statik sahədə artımın olmaması və ya diversifikasiyanın uğursuzluğu isə bazarın fəaliyyətdən düşməsinə, mənfəətsizliyə gətirib çıxara bilər. Qazanc məqsədi ilə yalnız qısamüddətli artıma cəhd edilməsi bəzən uzunmüddətli fəaliyyətdə müflisləşmə ilə nəticələnir.

Artım daxili və xarici artım kimi müşayiət oluna bilər. Daxili artım əmtəələrin çeşidinin artırılması yolu ilə baş verə bilər. Xarici artım oxşar, əlaqəli sahələrdə şaquli və ya üfüqi artım kimi həyata keçirilə bilər. Çox vaxt artım konqlomeratlara, şirkətlərin birləşməsinə gətirib çıxarır.

Ixtisar strategiyasını snçmiş rəhbərlər, firmanın məqsədlərini əvvəlki ildəki nəticələrə nisbətən aşağı səviyyədə müəyyənləşdirirlər. Çox vaxt son vasitə strategiyası kimi baxılan bu strategiya fəaliyyətin yenidən qurulması və səməriləşdirilməsinin sağlam yolu hesab olunur. Ixtisar aşağıdakı formalarda həyata keçirilə bilər: ləğv etmə, artığı kəsib atma, ixtisar və yenidən istiqamət götürmək. Ləğvetmənin Ən radikal forması – bütün material ehtiyatlarının və aktivlərin tam satılmasıdır. Bir çox hallarda bəzi bölmələrin və ya fəaliyyət növlərinin firmadan ayrılması müəyyən baxımdan sərfəli olur. Bu ayrılma artığın kəsilib atılması kimi qəbul edilir. Iqtisadiyyatda durğunluq yarandıqda fəaliyyətin qismən ixtisarı əməliyyatların daha yaxşı idarə olunan səviyyəyə endirilməsinə və deməli qazanc əldə edilməsinə gətirib çıxara bilər. Belə ixtisar yenidən istiqamət götürməklə mənfəət əldə etməyə zəmin yaradır. Ixtisar strategiyasına, adətən firmanın göstəriciləri getdikcə pisləşdikdə, iqtisadi tənəzzül zamanı və firmanı xilas etmək üçün başqa imkan olmadıqda əl atılır.



Birləşdirmə strategiyası – artım, məhdud artım, ixtisar strategiyalarının hər üçündən istifadənin əlaqələndirilməsini nəzərdə tutur. Bu strategiyanı reallaşdıran firmalar adətən nəhəng, bir neçə sahələrdə geniş fəaliyyət göstərən firmalardır.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə