Mövzu: Qədim Alban dövləti Plan




Yüklə 96.79 Kb.
tarix09.03.2016
ölçüsü96.79 Kb.
Mövzu: Qədim Alban dövləti

Plan:


  1. Alban dövletinin yaranması. İctimai quruluşu və şəhərləri.

  2. Dövlətin ərazisi, əhalisi, təsərrüfatı.

  3. Albaniyanın işğallara qarşı mübarizəsi.

  4. Alban yazı ve əlifbası. Və erməni təcavüzünə məruz qalması.

  5. Yerli Alban mənbələrinin Azərbaycan mənbələrinin öyrənilməsində rolu.


1
Giriş

Siyasi və coğrafi anlayış olan Albaniya dövlətinin mövcudluğu həm Azərbaycanın, həm Qafqazın, həm də Yaxın Şərqin tarixində mühüm mərhələ hesab olunur. Azərbaycana və Qafqaz regionuna antik və erkən orta əsrlər mədəniyyətini bəxş edən dövlətlərdən biridir.

B.e.ə. III yüzillikdən – e.VIII yüzilliyinədək mövcud olmuş qədim Alban dövləti Araz çayının şimal hissəsini, indiki Azərbaycan torpaqlarını əhatə etmişdir. Antik müəlliflərdən Strabon, Plini, Ptolemey, Plutarx və digərləri alban tayfaları, onların yaşadıqları ərazilər, şəhərlər və mədəniyyət nümunələri, o cümlədən, onların yadellilərə qarşı mübarizələri haqqında dəyərli məlumatlar vermişlər.

Hər şeydən öncə Albaniya öz yazısı, mədəniyyəti, ədəbiyyatı olan bir dövlət idi. Albaniya ədəbi ənənələrinin yaranması və formalaşmasında aparıcı rol xristian abidələrinə məxsus idi. Bir sözlə, qədim Qafqaz ədəbiyyatı kimi alban ədəbiyyatı da xristian ədəbiyyatı hesab olunurdu. Qeyd olunmalıdır ki, xristian ədəbiyyatı qədim Albaniyada eramızın I-II əsrlərdə meydana gəlməsinə baxmayaraq, Roma və digər dövlətlərdə xristian dini qəbul edildikdən sonra (eramızın IV əsrində) aparıcı və ideoloji vüsət aldı.

Alban ədəbiyyatını formalaşdıran əsas cəhət tarixi və mədəni şəraitidi: Arşakilər və ondan sonra hakimiyyətə gəlmiş Mehranilərin xanədanlığı; Albaniyanın qüdrətli müstəqil dövlət kimi tanınması; müstəqil alban kilsəsinin fəaliyyəti dövrü idi.

2

Albaniya xalqının öz xüsusi dili – alban dili və yazısı olub. Alban ədəbiyyatı kimi alban dilinin formalaşması ölkənin xristianlaşması ilə bağlı idi.

Eramızın V əsrinin əvvəllərində albanların doğma yazısı - əlifbası təkmilləşdirildi. Tariximizin hər səhifəsini saxtalaşdıran alban əlifbasının yaradılmasını Mesrop Maştosun adı ilə bağlayıblar.

Albaniyanın istər tarixi, istərsə də siyasi coğrafiyası haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. F.Məmmədova, K.Əliyev, Q.Qeybullayev, Y.Səfərov, F.Osmanov, İlyas Babayev və s. tarixçilərimiz Albaniya dövləti haqqında tədqiqatlar aparmış və erməni saxtakarlıqları aşkarlamışlar. Onlar haqlı olaraq albanların azərbaycanlıların əcdadı olduğu qənaətinə gəliblər.

Lakin tarixçilərimiz bu gerçəklikləridünyaya çatdırmaqda gecikmişdilər. Çünki həmişə bizə - azərbaycanlılara məxsus olanları öz adlarına çıxartmağa adət etmiş ermənilər, artıq Albaniya dövlətinin də özlərinki olduğu haqda iddia qaldırmışdılar. Buna səbəb albanşünaslığa nisbətən, ermənişünaslığın və gürcüşünaslığın formalaşmış olması idi ki, alban mənbələrinin tədqiqatı ilə də məhz onlar məşğul olurdular. Onların tədqiqatlarının əvvəlcədən planlaşdırılmış nəticəsi isə belə oldu – guya, Albaniya “Böyük Ermənistan”ın tərkib hissəsi olub, “Şərqi Ermənistan” adlandırılıb.

Hazırda tarix elmində Albaniya problemi qalmaqdadır. Buna səbəb dövrümüzə gəlib çatmış alban mənbələrinin erməni dilində olmasıdır. Ümumilikdə isə erməni xalqı qədim Azərbaycan dövləti olan Albaniyaya məxsus bütün tarixi faktları saxtalaşdırmış və öz adlarına



3

yazmışlar.

Bu üsulla ermənilər özlərinə saxta qədim sivilizasiya, mədəniyyət, ədəbiyyat, yazı, əlifba, dövlətçilik ənənələri və tarix yaratmağa çalışırlar...

4

1. Alban dövlətinin yaranması. İctimai quruluşu və şəhərləri.
Azərbaycanın şimalı, gələcək Albaniya ərazisi barədə erkən yazılı qaynaqlarda məlumat yoxdur. Düşünmək olar ki, e.ə II miilliyin sonu-I minilliyin əvvəlində burada erkən tayfa birləşmələri yaranırdı. Gələcək Albaniyanın qərb və cənub-qərb vilayətlərinin siyasi vəziyyəti barədə Urartu mixi qaynaqları az da olsa təsəvvür yaradırlar.

E.ə VII əsrin əvvəlində kimmer, skit və sakların Azərbaycanda məkunlaşması onların gələcək Albaniya ərazisində xırda dövlət təşkilatlarının formalaşmasına təkan verdi. Əhəmənilərin hakimiyyəti illərinddə Albaniyadakı etnoslar bu hakmiyyəti nominal da olsa tanıyırdılar, mərkəzə xərac verirdilər, müharibə zamanı Əhəməni ordusunu hərbi dəstələrlə təchiz edirdilər. Güman etmək olar ki, Albaniyada artıq ordu yaradılmışdı və dövlətin vahid mərkəzdə birləşməsinə başlanmışdı.

Strabon e.ə I əsr siyasi hadisələrlə əlaqədar yazırdı ki, alban “hökmdarları da qiyamətdirlər. İndi bir hökmdar onları idarə edir, lakin əvvələr hər bir dilin (yəni tayfanın) özünəməxsus hökmdarı vadı”. Yuxarıdakı mülahizələri nəzərə alaraq e.ə IV əsrdə Albaniyada vahid dövlət qurumunun bərqərar olmasını söyləmək olar.

Albaniyada sinfi cəmiyyət Manna və Midiyadan gec meydana çıxmışdı. Albanlar nəsli-tayfa münasibətləri davam edən bir şəraitdə yaşayırdılar. Albanlarda ictimai təbəqələşmə zəif idi. Milladdan əvvəl

I əsrdə albanların romalılara qarşı etdikləri mübarizəni şərh edən

5

antik tarixçi Appianın dediklərindən məlum olr ki, o vaxt Albaniyada əyanlar var idi. Antik mənbələrin verdikləri məlumatdan və arxeoloji qazıntı materiallarından aydın olur ki, ölkədə sinfi cəmiyyətə xas olan əmlak bərabərsizliyi getdikcə artırdı. Yaloylutəpədə və Mingəçevirdə aşkar edilmiş qadın qəbirlərindən qiymətli bəzək şeyləri və külli miqdarda qab tapılmışdır. Bu qəbirlər şübhəsiz ki, varlı adamlara məxsus idi. Başqa qəbirlərdən tapılmış yeni formalı sırğalar gümüşdən və ya tuncdan hazırlandığı halda, bu qəbirlərdən tapılmış sırğalar qızıldan düzəlmişdi.

Alban cəmiyyətində din xadimlərindən ibarət bir təbəqə mövcud idi. Ən hörmətli sayılan ay ilahəsi məbədinin ixtiyarında böyük torpaq sahələri var idi. Məbəd üçün böyük təsərrüfat işləri görülürdü. Bu məbədin baş kahini böyük siyasi təsirə malik idi və hökmdardan sonra ikinci adam hesab olunurdu.

Albaniyada quldarlıq inkişaf edirdi. Lakin burada quldarlıq Atropatenə nisbətən məhdud idi. Maddi nemətlərin əsas istehsalçıları yenə də icmaçılar idi.

Antik müəlliflərin verdiyi məlumata görə, Albaniya əhalisi ticarətə zəif cəlb olunmuşdu, burada mübadilə ticarəti üstün yer tuturdu. Buna görə pul dövriyyəsi də zəif inkişaf etmişdi.

Albaniyanın, zəif olsa da , ellin aləmi ilə əlaqəsi var idi. Bərdə rayonunda tapılmış miladdan əvvəl II əsrə aid Makedoniya və Selevki sikkələri dəfinəsi buna aydın bir işarədir. Həmin əsrin sonlarında Albaniyada Arşakilərin draxmaları yayılaraq tezliklə ölkədə üstün mövqe tutur. Miladdan əvvəl I əsrdə Atropatena və Alabaniyaya



6

tədricən Roma pulları daxil olmağa başlayır.

Siniflərin meydana çıxması, quldarlığın inkişafı, tayfaların birləşməsi Albaniyada dövlətin yaranmasına gətirib çıxarmışdı. Əvvəlcə alban tayfalarının ittifaqı yaranmış sonra isə həmin ittifaq daha da inkişaf edərək dövlətə çevrilmişdi. Albaniyanı hökmdarlar idarə edirdilər. Onların paytaxtı Qəbələ (Pliniyə görə Qabalaka) şəhəri idi. Tayfa ittifaqının və dövlətin yaranması məhsuldar qüvvələrin daha da inkişaf etməsinə təkan verdi, Albniyanın yadellilərin basqınlarına qarşı mübarizəsini asanlaşdırdı.

Ölkədə əkinçilik və maldarlıq təsərrüfatlarının və sənətkarlığın inkişafı ilk şəhərlərin meydana çıxması, Alban tayfalarının öz qonşuları ilə ticarət-iqtisadi əlaqələrinin genişlənməsi üçün şərait yaradırdı.

Qutqaşen rayonu ərazisində olan Qəbələ şəhərinin xarabaları, bu şəhərin vaxtilə möhkəm bir qala olduğunu sübut edir. Onun iki tərəfindən bir-birilə qovuşan, ucurumlu sahilləri olan çaylar axırdı, üçüncü tərəfdən dərin xəndək qazılmışdır ki, lazım olanda su ilə doldurulmuşdu. Qəbələ demək olar ki, alınmaz bir qala idi. Onun qapıları yanındakı hasarların qalınlığı 4 metrə çatırdı.

Ptolomey Albaniyanın ona məlum olan 29 şəhər və kəndinin adını çəkir. O cümlədən Kaspi dənizi sahilində: Soana çayı (Terek) mənsəbində - Teleba, Herr (Aksay) çayı mənsəbində - Gelda, Kas (Sulak) çayı mənsəbində - Albana və Kür çayı mənsəbi yaxınlığında Getara şəhərləri var idi. Daxili vilayətlərdə Taqoda, Bakriya, Sanuya, Dehlana, Niqa, Somunida, İobula və s. var idi.



7

2. Dövlətin ərazisi, əhalisi, təsərrüfatı.
Azərbaycanın şimal vilayətləri və Dağıstanın xeyli hissəsi qədimdə Albaniya adlanırdı. Onun ərazisi Kiçik Qafqazdan və Kür ilə Arazın aşağı axarından Böyük Qafqaz sıra dağlarının şimal-şərq qurtaracağına qədər uzanırdı. Strabon göstərir ki, albanlar qərbdə iberlərlə, şərqdə Kaspi dənizi arasındakı ərazidə yaşayırdılar. Miladın II əsrində yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey yazır ki, Albaniya şimalda Sarmatiya, qerbdə İberiya, cənub-qərbdə Atropaten və Ermənistanın bir hissəsi, şərqdə Kaspi dənizi ilə həmsərhəd idi. Dəniz sahili üzrə Albaniyanın şimal qurtaracağı Soana (yeqin ki, Terek) çayının mənsəbi idi. Ptolomey və Plini təsdiq edirlər ki, Albaniyanın bilavasitə qonşusu, Şimali Qafqaz düzənliklərində məskən saalmış skif-sarmat tayfaları idi. Miladın V-VI əsrlərində yaşamış erməni tarixçisi Movses Xornili (Xorenatsi) Albaniyanı İbbeeriya, Ermənistan və Sarmatiya tərkibində daxil olmayan bütün şərqi Qafqaz ərazilərini əhtə edən geniş bir ölkə kimi təsəvvür edirdi.

Plini və Ptolomey, Albaniya ərazisi ilə axaraq Kaspi dənizinə tökülən çayların adlarını sadalayarkən Kas, Alaban, Herr və s. çayları göstərmişlər. Kas, görünür, Sülakdır. “Sülak” adı həmin çayın yalnız aşağı axınına aiddir. Darginlərin və lakların sakin olduğu dağ yerlərində o, qədim “Kas” adını daşıyır. Belə güman etmək olar ki, Alban müasir Samur, Herr isə Aksay çayıdır.

Albaniyada yaşayan əhali tərkib etibarilə çox müxtəlif idi. ən iri tayfa olan albanlar dəniz sahilində yaşayırdılar. Dənizin həmin sahilə bitişən hissəsi onların adı ilə Alban dənizi adlanırdı. Böyük tayfalardan

8

iri olan udinlər idi. Qarqar çayı boyunca qarqarlar yerləşirdi. Strabon Albaiyada sakin olan hillər (hellər) və lihlər (lehlər) haqqqında da məlumat verir. Antik coğrafiyaşünaslar burada müxtəlif dilli 26 tayfanın olduğunu göstərirlər.

Tarixdə alban tayfalarının dilləri haqqında çox cüzi məlumat qalmışdır. Lakin şübhə yoxdur ki, albanların dili, Qafqaz qrupu dili olub, Dağıstan xalqlarının dillərinə yaxın idi. Movses Xornili qaarqarların dilini “çoxlu boğaz səsləri” olan bir dil kimi səciyyələndirir. Yəqin ki, udinlərin və hazırda Azərbaycanın şimal rayonlarında yaşayan başqa xalqların dilləri alban dillərinin qalıqlarıdır.

Strabonun dediyinə görə, albanlar yaraşıqlı və uca boylu idilər. Miladın III əsrində yaşamış Roma hərbi yazıçısı Yuli Solin qeyd edir ki, albanlar sarışın saçlı və alagözlü idilər.

Antik mənbələr Albaniyanı əhalisi olduqca sıx olan zəngin bir ölkə kimi təsvir edir. Strabon yazır ki, alban torpaqları son dərəcə münbit idi. Albaniyanın bütün düzən yerləri Babilistan və Misirin torrpaqlarından yaxşı suvarılırdı. Əhali əkinçilik, maldarlıq, bağçılıq və sənətkarlıqla məşğul olurdu. Strabonun söylədiklərindən göründüyü kimi, ölkədə şumlama əkinçiliyi mövcud idi. Albaniyada üzüm becərilirdi. Üzüm məhsulu o qədər çox olurdu ki, onun bir hissəsi yığılmamış qalırdı. Burada nar, badam, qoz və s. yetişdirilirdi. Maldarlıqla məşğul olan tayfalar köçəri və ya yarımköçəri həyat sürürdülər. Albanlar ovçuluq və balıqçılıqla da məşğul olurdular. Onlar kaman, nizə və itlə ova gedirdilər.

Sənətkarlar dəmirdən, tuncdan, gildən və şüşədən müxtəlif şeylər



9

düzəldirdilər.Alban ustaları metala bəzəkli nəqşlər vurmağı da bacarırdılar. Üzərində öküz başlı, qaçan maral, quş nəqş olunmuş üzük-möhürlər taplmışdır. Onlardan bəzilərində insanlar, mehrab qarşısında durmuş adam, şirlə vuruşan adam, nizəli və qalxanlı adam təsvir olunmuşdur.

Albanlar günəşə və aya sitayiş edirdilər. Qurban kəsməklə müşayiət olunan dini mərasimlər məbədlərdə icra olunurdu. Ay ilahəsinə həsr olunmuş belə məbədlərdən biri ölkənin şima-qərbində yerləşirdi. Strabon deyir ki, bu məbəd, əhalisi sıx olan iri bir kahin şəhəri idi.

Miladdan əvvəlki dövrlərdə Albaniya ərazisində başqa tayfalarda yaşayırdı. Arazın Kür çayına töküldüyü yerdə kaspilər sakin idi. Bu yer Kaspiana adlanırdı. Starbonun dediyinə görə, bu yer Albaniyanın tərkbinə daxil idi. Kaspiananın iqtisadi və mədəni əhəmiyyəti o qədər böyük idi ki, müxtəlif vaxtlarda dəniz də onun adı ilə adlanmışdı.

Antik müəlliflərin məlumatında kiçik boylu buynuzsuz düm ağ kaspi keçiləri haqqında qeyd vardır. Yaxşı, yumşaq yunu ilə fərqlənən dəvələrin də çox olduğu göstərilir. Kaspi sənətkarları yun parçalar toxuyurdular. Bu parçalar çox yaxşı satılırdı.

Beləliklə, Albaniyanın mərkəz və aran rayonları əhalisi əsasən türk etnoslarının, Dağıstana yaxın ərazisi isə həmdə Qafqaz-iberdili etnosların yaşadığı bölgələr olmuşdur. Yəqin ki, Albaniyanın şimal-qərb və şimal bölgələri Dağıstandan yayılan müvafiq, lakin müxtəlif adlar daşıyan Qafqaz dil ailəsinin dağıstandilli etnosları tərəfindən tədricən mənimsənilirdi.



10

  1. Albaniyanın işğallara qarşı mübarizəsi.

Alban dövlətinin erkən tarixi qaynaqlarında öz əksini tapmamışdır. E.ə I əsrdən etibarən albanların siyasi həyatı barədə məlumatlar verilir. İlk dəfə Strabon Armeniyanın albanlara qarşı təcavüzünü yad edir.

Miladdan əvvəl II əsrə yaxın Roma quldarlıq dövləti Aralıq dənizi hövzəsində hakim vəziyət tutdu. Yüz il sonra romalılar Kiçik Asiyanı işğal etdilər. Romalılar miladdan əvvəl 69-cu ildə Lukullun komandanlığı altında Pont çarı Mitridatın qoşunlarını məğlub edərək Ermənistana basqın etdilər. İberiya, Albaniya və Atropateniyanın da Roma tərəfindən zəbt edilməsi qorxusu yaradıldı.

Lukull Ermənistanın mərkəzi Tiqranakert şəhərini mühasirəyə aldı. Erməni çarı II Tiqranın müttəfiqləri olan atropatenlərin, albanların və iberlərin böyük dəstələri onun köməyinə gəldilər. Tiqranakert altındakı döyüşdə atropatenalıların, albanların və iberlərin birləşmiş qoşunları düşmənə şiddətli müqavimət göstərdilər. Plutarxın verdiyi məlumata görə, atropatenalıların və albanların dəstələri müttəfiqlər ordusunun olduqca böyük hissəsini təşkil edirdi.

Buna baxmayaraq, Lukull Tiqranakerti aldı. Lakin miladdan əvvəl 67-ci ildə Roma qoşunları böyük itki verərək müttəfiqlərin təzyiqi altında tezliklə Ermənistandan çəkilməyə məcbur oldular. Roma senatı Lukullu komandanlıqdan kənar edərək, buraya məşhur sərkərdə Qney Pompeyi göndərdi.

Miladdan əvvəl 66-cı ildə Roma qoşunlarının Ermənistana və



11

onunla qonşu ölkələrə yeni hücumu başladı. Romalılar II Tiqranın qüvvələrini məğlub edərək, onu təslim olmağa məcbur etdilər. Qəsbkarlar Kaspi dənizi sahillərində möhkəmlənməyə çalışır və Albaniyadan keçib Hindistana gedən ticarət yolunu zəbt etmək istəyirdilər.

Qışın girməsi ilə əlaqədar olaraq Pompey fəal əməliyyatı yaza qədər təxirə salmağı qərara aldı. Onun qoşunu Kür vadisində qışladı. Qoşun 3 dəstəyə bölünmüşdü. Onlardan birinə Pompey, ikinci və üçüncü dəstələrə isə onun ən yaxın köməkçiləri Lusi Flak və Metel Seller komandanlıq edirdilər. Dəstələrdən hər biri yaxşı möhkəmləndirlmiş düşərgədə yerləşmişdi.

Miladdan əvvəl 66-cı ildə İberiya sərhədi yaxınlığında, Kür çayı sahilində qanlı bir döyüş başlandı. Albanlar üç möhkəmləndirilmiş düşərgədə yerləşmiş Roma qoşunlarına cəsarətlə hücum edirdilər. Bu döyüşdə daha möhkəm silahlanmış və sayca çox olan Pompey qoşunları müvəffəqiyyət əldə etdi. Romalılar hücumu dəf edərək albanları geri çəkilməyə məcbur etdilər. Albanlar vaxt qazanmaq və qüüvvə toplamaq üçün onlarla barışdılar.

Pompey tezliklə İberiya üzərinə hərəkət etdi. İberlər ona şiddətli müqavimət göstərdilər. Albanlar Romalılar üzərinə hücum edərək Pompey ordusunun arxasını və iberləri sıxışdıran sağ cinahını təhlükə altına aldılar. Onda Pompey iberləri təqib etməkdən əl çəkib özünün əsas qüvvələri ilə miladdan əvvəl 65-ci ildə yenidən Albaniyaya basqın etdi. Plutarx yazır ki, Pompey albanlara qarşı yaman qəzəblənmişdi. Hiylə işlədərək Pompey bu dəfə də albanları məğlub

12

etdi.


Romalılara qarşı döyüşlərdə kişilərlə birlikdə qadınlar da iştirak edirdi. Appianın dediyinə görə, əsir alınmış albanlar arasında xeyli yararlı qadın var idi. Albaniya qadınlarının igidliyi romalıları heyrətə gətirmişdi. Onların qəhrəmanlığı, qədimdə belə bir əfsanənin yayılmasına səbəb olmuşdu ki, kür Albaniyanın şimalındakı dağlarda romalılara qarşı mübarizədə albanlara kömək edən döyüşkən amazonkalar tayfası yaşayır.

Alban qoşunları məğlub olandan sonra romalılar Oroyzla sülh bağladılar. Pompey ölkənin dərinliklərinə, Kaspi dənizi sahillərinə hərəkətə başladı. O, belə hesab edirdi ki, çox da əziyyət çəkmədən bütün Albaniyadan keçə biləcəkdir. Lakin onun niyyəti baş tutmadı.

Romalılar sonralar da Albaniyaya soxulmağa və Kaspi dənizinin sahillərinə çatmağa dəfələrlə cəhd etmişdilərsə də, müvəffəqiyyətsizliyə uğramışdılar. Miladdan əvvəl 37 – 36-cı illərdə Roma komandanı Kanidi Krass Albaniyaya basqın etmiş, lakin burada uzun müddət qala bilməmişdi.

Miladın I əsrində Roma imperatoru Neron Albaniyaya hücum etməyi qərara aldı. O, Roma imperiyasının bir çox əyalətindən böyük bir qoşun topladı. Tatsit yazır ki, yürüşə hazırlığın qızğın vaxtında Roma Albaniyaya hərəkət edəcək qoşunlarla dolmuşdu. Neronun müharibəyə göndərdiyi qoşuna Albaniya və Britaniyadan gəlmiş seçmə dəstələr də qoşulmuşdu. Lakin imperiyada üsyan başlandığından Nerona öz planını həyata keçirmək nəsib olmadı.

Miladın 90-cı illərində romalılar Albaniyaya basqın edərək Kaspi

13

dənizinə qədər gəlmişdilər. Bu qədər yürüşlərə baxmayaraq romalılar Atropaatenanı vəAlbaniyanı ələ keçirə bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini Roma işğalçılarının basqınlarından qoruyub saxlaya bildilər.

Miladın 68-ci ilində Albaniya və Atropatenaya Şimali Qafqazda yaşayan alanlar basqın etdilər.

Azərbaycan dövlətləri olan hücumlara, yürüşlərə baxmayaraq öz müstəqilliklərini saxlaya bilmişdilər. Adərbayqan vaxtaşırı gah sələvkilərə, gah da parfiyalılara tabe olmuş, lakin çox vaxt müstəqil idarə üsulunu saxlamışdı. Albaniya Armeniya hadisələri ilə əlaqədar bu ölkəyə köməyə gəlmiş, iberlərlə birlikdə çıxış etmiş, son məqamda romalılarla dostluq münasibətləri yaratmışdı.



14

4. Alban yazı və əlifbası. Və erməni təcavüzünə məruz qalması.

Xristianlıq qəbul edilənə və Albaniyada dövlət dininə çevrilənədək albanlarin öz yazısı olmuş, bütün ölkə üçün tayfalararasi ünsiyyət vasi-təsi kimi geniş intişar tapmışdı. Aban dilinin şimalda vahid ünsiyyət va-sitəsi olduğunu göstərən mühüm bir dəlil həmin dilə məxsus əlifbanın, alban yazısının olmasıdır. Albanların öz doğma dillərində yazı və ədə-biyyatının olması obyektiv tarixi zərurətdən irəli gəlirdi. Antik müəlliflə-rə görə albanlar hələ e.ə. I əsrdən öz yazılarından istifadə edirdilər. Mə-lumdur ki, Alban hökmdarı Oroyz (e.ə. I əsr) Pompeyə məktub göndər-mişdi. III əsrdə albanlar Romaya yazılı məlumat çatdırmış, V əsrdə isə alban dilində fərman tərtib edilmişdir. Onlar yəqin ki, qarqar dili əsa-sında düzəldilmiş əlifbadan da istifadə edirmişlər. Aran yazısının olma-sını erməni katalikosu Babkenin fars provoslav xristian kilsəsinə 506-cı ildə yazdığı məktubu da təsdiq edir: "Biz öz dini təlimimiz haqqında sizə gürcülər və ağvanlarla birlikdə, hər kəsə öz dilində, əvvəllər yazmışıq”. V əsrin başlanğıcında arami qrafikası əsasında alban yazısı-əlifbası tək-milləşdirildi. Təkmilləşdirilmiş 52 fonemli alban əlifbasi fışıltılı və boğaz səslərilə zəngin idi. V əsr erməni müəlliflərinin özlərinin etiraf etdiyi ki-mi “alban dili” ermənilər üçün “yad” idi. Alban yazısının çiçəklənmə dövrü V-VI yüzilliklər sayılır. A.Q.Şenidze yazır: bu dövrdə albanlar Qafqazın siyasi və mədəni həyatında gürcülərlə birgə fəal iştirak edirdi-lər. Ə.S.Sumbatzadə göstərir ki, “V əsrin sonu, VI əsrin əvvəlində alban-lar öz yazılarından


15

artıq beynəlxalq yazışmalarda da istifadə edirdilər”.

Kalankatlı Moisey yazısı olan xalqlar içərisində midiyalıları və al-banları xüsusi qeyd etmişdir: «Yazıya malik olan xalqlar budur: yəhudi-lər, romalılar, ispanlar, yunanlar, midiyalılar, ermənilər və albanlar». Tədqiqatçılar müəyyənləşdirmişlər ki, uzun müddət elmi, bədii, publisis-tik əsərlər, kargüzarlıq sənədləri alban dilində yazılmışdır: «X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olun-muşdur. Bura alban dini rəvayət ədəbiyyatı (aqioqrafiya), məktub şək-lində yazışmalar, kanon ədəbiyyatı, qərarlar, salnamələr daxildir. Musa Kalankatlının «Alban tarixi» kitabı əvvəl alban dilində yazılmışdır. Lakin alban əlifbasının nə zaman və kim tərəfindən yaradıldığı mübahisə-lidir. Alban əlifbası Ərəb xəlifəsinin göstərişi ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edildikdən sonra erməni katolikosu İlyanın göstərişi ilə məhv edilmiş, alban əlifbasıyla yazılmış kitablar erməni dilinə tərcümə edildikdən sonra məhv edilmişdir.

Alban əlifbası haqqında fikrin təşəkkül tarixini T.M.Məmmədov daha ətraflı araşdırmışdır. Uzun müddət alban dilinə tərcümələr və al-ban yazısı haqqında Matenadarandakı beş müxtəlif əlyazmada olan mə-lumata əsaslanmışlar.



16

Alban əlifbasının 52 hərfinin yazılış və tələffüzü



Alban əlifbasının təxmini bərpa layiyəsi

1937-ci ildə Matendaran (Yerevan) əlyazmaları arasında erməni dili üzrə dərslik tapılmışdı. Bu dərslikdəki siyahıda bir çox əlifba ilə ya-naşı 52 işarədən (10 sait və 42 samit) ibarət olan alban-ağvan əlifbası da göstərilmişdi. Əlyazma XV əsrə aid edilir. 1956-cı ildə XVI əsrə aid edilən nüsxə Londonda üzə çıxdı. Bu əlifba erməni və gürcü işarələrinin əsasında tərtib olunmuşdur. Həmin əlifba vasitəsilə Mingəçevir alban yazılarını oxumaq mümkün deyil. Bəzi tədqiqatçılar 52 işarəli əlifbanın albanlara mənsub olduğunu söyləyir, bəziləri isə bunları inkar edir. Doğrudanda həmin əlifba ilə alban və qarqarların əlifbası arasında heç



17

bir əlaqə yoxdur. Bu əlifba alban və qarqarların türk dilinin fonetik qu-ruluşuna uyğun olmalı idi. Orta əsr əlifbası isə 52 fonetik səsdən ibarət olan dilə uyğun tərtib edilmişdir. Çox gümanki orta əsr əlifbası xristian udinlərin dilinə uyğunlaşdırılmışdı. Əlifbanın udi etnosu dairəsində ta-pılmaması onun tarixi varlığına şübhə doğurur.

Alban əlifbasının tədqiqatçısı A.Şanidze 11 əsrdən çox davam edən Alban mədəniyyətinin Qafqaz regionunda böyük rolunu nəzərdə tutaraq yazmışdır: Mən belə hesab etmişəm və hazırda da belə hesab edirəm ki, orta əsrlərdə Qafqazın mədəni və siyasi həyatında görkəmli rol oynamış bütöv bir xalqın yazısı izsiz yox ola bilməz. Qazıntılar bizə alban yazısı-nın mövcud olması barədə mənbələrin məlumatını inandırıcı şəkildə təs-diq edən epiqrafik material verməlidir. Mən hələ ümidimi itirmirəm ki, nə vaxtsa və harada isə perqament yazılarında alban əl yazılarından parça-lar üzə çıxacaqdır. Bu sözlərdən az sonra 1948-ci ildə Mingəçevir qazın-tıları zamanı üzərində alban yazısı olan daş tapılmış və bu barədə S.M. Qaziyev məlumat vermişdir. Lakin həm Matenadaranda tapılmış əlifba-da, həm Mingəçevir yazılarında qüsurlar olduğu üçün yazıları düzgün oxumaq mümkün olmamışdır. A.Q.Abramyan həmin yazıları oxumaqla məşğul olmuş, bu yazıları cəmi 2 kənddə - Qutqaşen rayonunun Nic, Var-taşen rayonunun Vartaşen kəndində yaşayan udinlərin dili əsasında oxu-mağa çalışmışdır.Udinlər heç vaxt ölkədə bütün Şimali Azərbaycanı əha-tə edən vahid dilə və dövlətə malik olmamış, daim türkdilli utilərlə qarış-dırılmışdır. Müəllifin oxuduqları inandırıcı deyil və istədiyi yerə alban əlifbası adlandırılan 52 hərfli əlifbanın istədiyi hərfini qoymuşdur.

18

5. Yerli alban mənbələrinin Azərbaycan tarixinin öyrənilməsində rolu
Şimali Azərbaycanın antik və erkən orta əsrlər dövrü albanlarla bağlıdır. Antik və erkən orta əsrlərə aid mənbələrin, Albaniya, Ermənistan və İberiya qarşılıqlı münasibətlərinin tədqiqi, o cümlədən Roma, Bizans və Sasanilər (İran) arasında bağlanmış Qafqaz ölkələri ilə əlaqədar müqavilələrin tədqiqi və öyrənilməsi nəticəsində belə bir qətiyyətli nəticəyə gəlinib ki, Albaniya dövləti e.ə. III yüzillikdən – bizim eranın VIII yüzilliyinədək demək olar ki, eyni hüdudlarda qalmışdır (cüzi istisnalarla).

Bu ərazilər isə indiki müstəqil Azərbaycanın torpaqlarını əhatə edir. Və bu qənaətə də gəlinir ki, azərbaycanlıların əcdadlarından biri olan albanlar eyni bir ərazidə formalaşmış və özlərinə zəngin mədəniyyət qurmuşlar. Deməli Azərbaycanın və Azərbaycan xalqının qədim və orta əsrlər tarixinin öyrənilməsində yerli alban mənbələrinin əhəmiyyəti xüsusilə vacibdir.

Çox təəssüflər olsun ki, özlərinə süni tarix yaratmaq iddiasında olan ermənilər tərəfindən saxtalaşdırılmış bütün alban yazılı mənbələri dövrümüzə yalnız erməni dilində gəlib çatmışdır.

Yerli alban ənənəsinə aid əsərlərdən bizim dövrümüzə qədər gəlib çıxmış aşağıdakı tarixi mənbələri göstərmək olar: Moisey Kalankatuklunun “Albaniya tarixi”, Mxitar Qoşun “Alban salnaməsi”, “Gəncəli Xosrovun əzablı həyatı”, Kirakos Gəncəlinin “Tarix” əsərləri, eləcə də, alban hüquq məcəllələri – kilsə kanonları (V əsr Aquen kilsə məclisi kanonları və 705-ci il Partav (Bərdə) kilsə məclisi kanonları) və



19

dünyəvi qanunlar (Mxitar Qoşun “Qanunnamə”si)

Moisey Kalankatuklunun “Albaniya tarixi” əsəri: Bu kitab Azərbaycanın eramızın I əsrindən X əsrədək tarixini özündə əks etdirən yeganə yerli mənbədir. Burada qədim Azərbaycanın sosial-iqtisadi, siyasi, dini-ideoloji faktorları, mədəniyyəti, tarixi coğrafiyası, habelə azərbaycanlıların etnogenezi problemi öz əksini tapır.

Qədim Azərbaycan etnosu olan alban xalqına məxsus olan bu kitab dövrümüzə erməni dilində gəlib çatmışdır. Sözsüz ki, əsər yerli alban dilində qələmə alınıb. Lakin kitabın üzünü köçürən (erməni dilinə - qrabara) erməni rahibləri erməni katolikoslarının göstərişi ilə kitabın mətnində qəsdən təhriflərə yol vermişlər. Əsəri dilimizə tərcümə edən isə akademik Ziya Bünyadov olmuşdur.

Erməni fitnəkarlığının qurbanlarından olan “Albaniya tarixi” kitabı barəsində mübahisəli fikirlər mövcuddur. “Kitabın dəqiq - əsil müəllifi kimdir?”, “Kitab nə zaman qələmə alınıb?”, “Hansı dövrləri əhatə edir?” və s. kimi suallar Tarix elmində hələ də cavabsız qalıb.

Kitabın müəllifi barəsində 2 fikir mövcuddur. Müəllif ya Moisey Kalankatuklu, ya da Moisey Dasxuranlıdır. Kitabda “Uti vilayətində yerləşən ana yurdum olan böyük Kalankatuk kəndi” cümləsi yazılıb.

Kitabı oxuyarkən məlum olur ki, M.Kalankatuklu (yəni, müəllif) böyük Albaniya hökmdarı Cavanşirin (642-681) müasiridir. Deməli, M.Kalankatuklu VII-VIII əsrlərdə yaşayıb və “Alban tarixi” də VII-VIII əsrlərin məhsuludur. Bəs, o zaman kitabda X əsrə qədərki hadisələr necə göstərilə bilərdi?! Şübhəsiz ki, kitabın davamı – III kitab başqa müəllif tərəfindən qələmə alınıb.

20

Düşünürəm ki, Moisey Dasxuranlı ya Moisey Kalankatuklunun özüdür, ya da kitabın davamını yazan şəxsdir.

“Albaniya tarixi”ni yazmaqda müəllifin məqsədi Albaniya dövlətinin, alban çarlığının meydana gəlməsi və inkişafı tarixini, onun etnosu, ərazisi, siyasi və mənəvi həyatının, onun çarları – Arşakilərin və Mehranilərin hakimiyyət illərini, alban kilsəsinin yaranma tarixini göstərməkdir. Həmçinin əsərdə alban knyazı Cavanşirin hakimiyyəti dövrü xüsusilə göstərilib. Sasanilərin, Bizansın, Xəzər xaqanlığının və ərəblərin Albaniyanı – Azərbycanı işğal edib öz əyalətlərinə çevirmək istədikləri bir anda öz müdrikliyi, çevikliyi və hərbi istedadı ilə Cavanşir vətənini qorumuş, müstəqil daxili və xarici siyasət yürütmüşdür. Və Azərbaycan tarixinə şanlı səhifələr bəxş etmişdir.

Azərbaycanın qədim tarixinin daha dəqiq öyrənilməsi və aşkarlanması üçün “Albaniya tarixi”nin tədqiqatı böyük əhəmiyyət kəsb edir.

Albaniya mədəniyyətinin XII-XIII əsrlərdə yaşamış ən nüfuzlu şəxsiyyətlərindən sayılan Mxitar Qoş öz əsərləri ilə Tarix elminə zəngin aidələr bəxş etmişdir. Onun yazdığı “Alban xironikası”, “Qanunnamə”, “Gəncəli Xosrovun əzablı həyatı” əsərləri Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsində özünəməxsus yer tutan alban mənbələridir.

O, 1130-cu ildə Gəncə şəhərində doğulmuş və Gəncənin nüfuzlu müəllimlərindən dərs almışdır. Gəncəni “şəhərlərin anası” adlandırmışdı. Mxitar Qoş nəinki Albaniyada, hətta bütün Qafqazda görkəmli hüquqşünas və ilahiyyatçı idi. O zaman üçün kilsə mərasimləri məsələlərində, kilsə qanun-qaydaları, monastr nizamnaməsi



21

məslələrində onun rəyi həlledici sayılırdı.

Mxitar Qoşun “Alban xronikası” əsəri günümüzədək gəlmiş ən qiymətli mənbələrdən biridir. Müəllifin özünün yazdığına görə, bu əsərini o Moisey Dasxuranlı-Kalankatuklunun “Albaniya tarixi” əsərinin davamı olaraq yazmışdır. Lakin əsər yarımçıq qalmışdır.

Əsərdə çox qısa bir zaman kəsiyində - 1130-1162-ci illər ərzində baş vermiş hadisələr öz əksini tapmışdır. Çox uzun bir dövrü əhatə etməsə də, hər halda əsər bu müddətdə Albaniyada – Azərbaycanda baş vermiş bir sıra mühüm hadisələri bizə çatdırır. Xatırladaq ki, bu zaman Azərbaycan Səlcuq dövlətinin işğalı altında idi.

Mxitar Qoş bu əsərində Səlcuq hakimiyyəti dövründə Albaniyada baş vermiş hadisələrlə yanaşı, Albaniya katolikoslarının siyahısını ardıcıllıqla vermişdir. Məhz bu siyahı tarixşünaslığımız üçün çox qiymətlidir. Çünki burada alban kilsəsi yaranandan ta XII əsrə qədərki bütün patriarxların adları qeyd olunub. Bu faktdakı ən önəmli məqam isə siyahının başında “Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonrakı alban patriarxlarının siyahısı”nın yazılmasıdır. Bu mənbə təsdiq edir ki, alban kilsəsinin təməli Yerusəlim şəhəri ilə bağlıdır.

Bir sıra səbəblərdən Mxitar Qoş bu əsərini yarımçıq saxlamış və bu barədə fikirlərini əsərin sonluğunda qeyd etmişdir.

1901-ci ildə F.Alişanın nəşr etdirdiyi erməni dilindəki mətnə və 1958-ci ildə Ç.Dovsetin nəşr etdirdiyi ingilis dilindəki mətnədək M.Qoşun bu salnaməsi dərc olunmamış qalırdı. Ç.Dovset müəllifin 8 nömrəli əlyazmasını 1237 nömrəli əlyazmasının mətnləri tutuşdurmuşdur.

22

Alban hüquq elminin böyük əhəmiyyətli abidəsi sayılan M.Qoşun “Qanunnamə” əsəri də erməni fitnəkarlığına tuş gəlib. əsərdə o dövrün hüquq normaları, albancəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapıb. M.Qoş bu əsərini Albaniya katolikosu III Stepannosun xahişi ilə yazmışdır. O, “Qanunnamə”ni yazarkən Roma imperiyasının və Albaniya kilsə kanonlarından bəhrələnmişdir. Ən önəmlisi isə M.Qoş bu əsəri albanlar üçün yazıb. Lakin ermənilər sonradan əsərin əlyazmasında olmayan “xayots” sözünü əsərin adına əlavə etmişlər. Orijinal variantı “Datastanaqirk”, yəni “Qanunnamə” olduğu halda, ermənilər onu “Datastanaqirk xayots”, yəni “Erməni qanunnaməsi” etmişlər.

Bu məsələni araşdıran görkəmli alim Ziya Bünyadov belə bir nəticəyə gəlmişdir ki, M.Qoşun “Qanunnamə” əsəri qədim erməni dilində yazılmış alban ədəbiyyatı abidəsidir və onun əsl adı sadəcə “Qanunnamə” olub. Z.Bünyadovun çıxardığı bu nəticəni təqzib edən erməni tarixçisi A.Mnatsakanyan etiraf etməyə məcbur olur və təsdiq edir ki. M.Qoşun əlyazması “Mxitar Qoşun qanunnaməsi” sayılır və bu cür də tanınıb. O, sadəcə olaraq əsəri nəşr edən V.Bastamın əsərin adındakı “erməni” (xayots) sözünü mətnə düzgün olmayaraq sonradan əlavə etməsini təsdiqləyib.

Alban ədəbiyyatının nümayəndələrindən biri də Kirakos Gəncəlidir (1201-1272). O, M.Qoşun şagirdi Vanakanın yanında təhsil almışdır. Kirakos erməni, fars, ərəb və türk dillərini mükəmməl bilirmiş.

Kirakosun “Tarix” əsəri bütün Zaqafqaziya xalqlarının – albanların, ermənilərin və gürcülərin monqol basqını və monqol hökmranlığı

23

dövrünün öyrənilməsində qiymətli mənbədir. 66 fəsildən ibarət olan bu əsərin bütün fəsilləri dövrümüzə çatmayıb. Onlardan 22-si Ermənistana, 18-i Albaniyaya, 7-si isə Gürcüstana həsr edilmişdir. Digər fəsillər isə zaqafqaziyadakı 3 xalqın ümumi dini problemlərinə, Hülakilər dövlətinin siyasi tarixinin bir sıra məsələlərin, onların vergi siyasətinə və Kiçik Asiyanın, Mesopotamiyanın Hülakilər tərəfindən işğalına həsr olunmuşdur.

Kirakos “Tarix” əsərinin Albaniyaya aid fəsillərində mifoloji dövrlərdən tutmuş monqol basqınlarına qədər alban tarixinin icmalını vermişdir. Əsərdə monqol basqınları haqqında Xaçın knyazı Həsən Cəlalın hakimiyyəti dövrü və onun tikdirdiyi Qandzasar kilsəsinin inşası haqqında yazılmış fikirlər olduqca maraqlıdır. Kirakos həm də erməni tarixini, onlar tərəfindən xristian dininin qəbul edilməsindən başlayaraq tatarların gəlişinə qədərki dövrü qısaca şərh edir.

XIII əsrdə yaşamış bu alban müəllifi o dövrdə baş vermiş hadisələri qələmə almaqla, Azərbaycan, eləcə də bütün Zaqafqaziya üçün mühüm əhəmiyyət kəsb edən əsər yazmışdır. Kirakos “Tarix” əsərini yazarkən dini sənədlərə, müqəddəs kitablara, kilsə kanonlarına, rəvayətlərə, Yevsefi Kesariyskinin, Sokrat Sxolastın, Musa Kalankatuklunun və V-VII əsr erməni müəlliflərinin əsərlərinə istinad etmişdir.




24

Nəticə

Azərbaycanın qədim və erkən orta əsrlər tarixi Albaniya dövləti ilə bağlıdır. Azərbaycanın tarixini bilmək üçün alban mənbələri önəmli rol oynayır. Təəssüflər olsun ki, ermənilər bizim tariximizə yiyə çıxmaq üçün alban mənbələrində kütləvi saxtakarlıqlar aparmışlar. Bu yolla onlar özlərinə saxta tarix, dövlətçilik ənənələri, mədəniyyət əldə etmək istəyirlər.

Düşünürəm ki, alban mənbələrinin daha dəqiq öyrənilməsinə ehtiyac var. Bu tək bizim yox, həm də bütün Qafqaz regionunun qərəzsiz tarixinin öyrənilməsində vacib faktordur.

Bir sıra görkəmli tarixçilərimiz bu uğurda əvəzsiz işlər görsələr də, bununla kifayətlənmək olmaz.




25
İstifadə olunmuş ədəbiyyatlar:


  1. Fəridə Məmmədova, “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası”, Bakı-1993.

  2. Z.Bünyadov, “VII-IX əsrlərdə Azərbaycan”, Bakı-1989.

  3. T.Məmmədov, “Albaniya erkən orta əsrlərdə” Bakı-1993.

  4. M.Kalankatuklu, “Albaniya tarixi”, Bakı-2006.

  5. M.Qoş, “Alban salnaməsi”, Bakı-2006.

  6. Z.Bünyadov, “Azərbaycan tarixi”, Bakı-1994.

  7. Azərbaycan tarixi , Bakı-1958.

  8. Azərbaycan Sovet Ensiklopediyası I cild.

  9. İnternet resursları.


26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə