Mövzu İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri




Yüklə 3.23 Mb.
səhifə1/25
tarix27.02.2016
ölçüsü3.23 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25


Mövzu 1. İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri

Plan:

  1. İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri.

  2. İqtisadi təhlilin idarəetmədə rolu.

  3. Təhlilin obyekti və subyekti.

  4. Təhlilin əsas prinsipləri, fəndləri, növləri və onların xarakteristikası.

  5. Təhlilin informasiya bazası və təhlildə istifadə olunan əsas göstəricilər.


1. Müəssisənin təsərrüfat fəaliyyətinin təhlilinin mahiyyəti istehsalın texniki səviyyəsinin, istehsal olunan məhsulun keyfiyyət və rəqabət qabiliyyətliliyinin, istehsalatın material, əmək və maliyyə resursları ilə təmin edilməsi və onların səmərəli istifadə edilməsinin hərtərəfli öyrənilməsindən ibarətdir. Təhlil sitemli yanaşmaya, müxtəlif amillərin kompleks şəkildə nəzərə alınmasına, keyfiyyətli, dəqiq informasiyanın toplanmasına əsaslanır və mühüm idarəetmə funksiyası kimi çıxış edir.

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin məqsədi – bütün fəaliyyət növlərinin sistemli şəkildə öyrənilməsi və alınmış nəticələrin ümumiləşdirilməsi əsasında müəssisənin fəaliyyətinin səmərəliliyini yüksəltməkdir.

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin vəzifələri aşağıdakılardır:


  • təhlil obyektinin real vəziyyətinin eyniləşdirilməsi (identifikasiyası);

  • obyektin tərkibinin və xassələrinin tədqiqi, məlum olan analoqlarla və yaxud baza xarakteristikaları, normativ kəmiyyətlərlə müqayisəsi;

  • vaxt-məkan kəsiyində obyektin vəziyyətindəki dəyişiklərin müəyyən edilməsi;

  • obyektin vəziyyətinin dəyişməsinə səbəb olan amillərin təyin edilməsi və onların təsirinin uçotu;

  • əsas tendensiyaların proqnozlaşdırılması.

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin məqsədinin seçilməsi və vəzifələrinin düzgün qoyuluşu böyük əhəmiyyət kəsb edir. Qarşıya qoyulmuş məqsədlər və mövcud imkanlar əsasında müəssisənin əsl vəziyyəti müəyyənləşdirilir, optimal qərarların qəbul olunması üsulları işlənib hazırlanır, idarəetmə metodları seçilir, müəssisənin təşkilati, texnoloji, kommersiya və digər fəaliyyət növlərində müxtəlif ölçülmələr aparılır. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin məqsəd və vəzifələr sistemi məzmununa, həyata keçirilmə vaxtına və səviyyələrinə görə konkretləşdirilir.

Maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin predmeti – müəssisənin istehsal və iqtisadi göstəricilərinin, maliyyə vəziyyətinin, sosial inkişafın nəticələrinin və əmək ehtiyyatlarından istifadənin, əsas fondların vəziyyətinin və istifadəsinin, məhsulun (işin, xidmətin) istehsalına və realizasiyasına çəkilən xərclərin təhlili, səmərəliliyinin qiymətləndirilməsidir.


2. İqtisadi təhlil idarəetmənin metodu kimi. İdarəetmənin iqtisadi təhlil metodu təsərrüfat mexanizminin əsasını təşkil edir. İstehsal kollektivlərinin və onların ayrı-ayrı üzvlərinin iqtisadi marağı məhsuldar qüvvələrin inkişaf səviyyəsini və istehsal münasibətlərinin xarakterini əks etdirir. Cəmiyyətimizdə idarəetmənin iqtisadi təhlil metodu iqtisadi qanunlardan şüurlu istifadənin forması kimi çıxış edir. İdarəetmənin iqtisadi təhlil metodu istehsal münasibətlərinə daxil olmaqla, həm ümumdövlət miqyasında, həm də idarəetmənin müxtəlif səviyyələrində öz inkişafını tapır.

Müəssisənin təsərrüfat fəaliyyətinin təhlili, onun idarəetmə sistemində mühüm rol oynayır və bütün funksiyalarla əlaqədardır. İqtisadi təhlil – müəssisənin təsərrüfat fəaliyyətini, iqtisadi tərifini, inkişaf prosesini aşkara çıxarmağın elmi metodu olub, istehsalın nəticələri və istifadə edilmiş ehtiyatlar haqqında obyektiv nəticə çıxarmaq imkanıdır. Təsərrüfat fəaliyyətinin təhlili bir tərəfdən hesabat dövründə müəssisənin istehsal – satış fəaliyyətinin səmərəliliyini müəyyən etməyə imkan verir, digər tərəfdən isə həmin fəaliyyəti daha az maddi, əmək və maliyyə məsrəfi ilə gələcəkdə inkişaf etdirməyə imkan yaradır. Marketinq və strateji planlaşdırmanı idarəetmə tsiklinin təkanverici elementi hesab etsək, onda təsərrüfat fəaliyyətinin təhlili həmin funksiyaları lazımi məlumatlarla təmin etməyə qulluq edir. Yaxşı təşkil olunmuş texniki-iqtisadi təhlil məhsul istehsalı tapşırığının yerinə yetirilməsi üçün təminat verir, rəhbər işçilərə, istehsalı idarə etməkdə ona operativ köməklik edir, istehsalın qənaətcil olmasına şərait yaradır, işçilərdə əməyə, istehsala yeni münasibət oyatmaq vərdişi bəxş edir.

Beləliklə, idarəetmənin iqtisadi təhlil metodu təsərrüfat münasibətlərinə özünəməxsus istifadə mexanizmidir. Onun konkret forması əmtəə - pul münasibətlərinin inkişafı, istehsal vasitələrindən səmərəli istifadə edilməsi, maddi maraq, təsərrüfat hesabı, qiymət sistemi, planlaşdırma və s. problemləri özündə cəmləşdirməkdir. Bu isə öz növbəsində müəssisə kollektivini bu göstəricilərin yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsinə cəlb edir.

Operativ idarəetmədə iqtisadi təhlildən istifadə. Elmi-texniki tərəqqinin təsiri hesabına təsərrüfatın fəaliyyətinə təsir göstərən amillərin sayı durmadan artır. Bunlar tələb edir ki, istehsal prosesinə operativ təsir göstərilsin. Bazar iqtisadiyyatı şəraitində istehsalın idarə edilməsində operativlik mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, burada vaxtı itirmək olmaz. Vaxt itirilərsə, ehtiyat mənbələri vaxtında səfərbər edilə bilməz. Yaxud təsərrüfatsızlıq hesabına israfçılığa yol verilərsə, onun qarşısı vaxtında alına bilməz. Buradan belə bir nəticəyə gəlmək olar ki, operativ idarəetmədə iqtisadi təhlilin istifadə edilməsi birinci növbədə, vaxtla bağlıdır. Məlumdur ki, istehsal prosesi əmək ehtiyatları, istehsalı fondları və xammal-materialların mövcud olduğu şəraitdə baş verir. Bunların arasında optimal əlverişli nisbət mövcuddur. Bu nisbət pozulduqda müəssisənin sərəncamında olan ehtiyatlar səmərəli istifadə edilə bilməz. Başqa sözlə desək, ehtiyatlar arasında uyğunsuzluq baş verər və bu da məhsul istehsalına əks təsir göstərir.

Qeyd etmək lazımdır ki, məhsul istehsalına təsir göstərən əsas amil, ehtiyatlar arasında uyğunsuzluqdursa, ehtiyatların özlərində də bəzi məsələlər vardır ki, onları da öyrənmək lazım gəlir. Məsələn, işçi qüvvəsi təkcə işçilərin sayı ilə xarakterizə edilə bilməz. Burada əmək məhsuldarlığı, işçilərin ixtisas dərəcələri, onların əsas fondlarla təmin edilməsi və sair bu kimi şərtlər mühüm əhəmiyyətə malikdir. Operativ təhlil imkan verir ki, ehtiyatlar barədə yeni məlumatlar əldə edək. Yəni onların miqdar etibarilə dəyişməsini müşahidə edək. Bu isə sərəncamların düzgün verilməsi üçün əsas şərtdir. Ehtiyatların miqdar etibarilə dəyişməsi barədə məlumatın əldə edilməsi neft emalı və neft – kimya müəssisələrində istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün mühüm əhəmiyyətə malikdir. Başqa sözlə desək, anbarlarda xammalın qəflətən qurtarmasının qarşısını almağa imkan verir. Bu isə bazar iqtisadiyyatı şəraitində mühüm əhəmiyyət kəsb edir. Operativ təhlildən psixoloji iqlimin vəziyyətini öyrənmək üçün də istifadə edilməlidir. Fəhlələr arasında münasibət, onların nə kimi ehtiyaca malik olmaları təhlilin daimi obyekti olmalıdır.

Bundan başqa, neft emalı və neft-kimya müəssisələrində operativ təhlil əmək intizamını da əhatə etməlidir. Əmək intizamı işçilərin işdən vaxtında getməsi və işə gəlməsi ilə müəyyən edilə bilməz. Burada əsas məsələ istehsal vahidləri arasında olan əlaqələrdə intizamın olmasıdır. Operativ təhlilin başlıca məsələlərindən biri də verilən tapşırıqların yerinə yetirilməsi üzrə nəzarətin aparılmasıdır. Belə olmazsa, işçilər üzərilərində nəzarət hiss etməzlər və səhlənkarlığa yol vermiş olarlar.

Operativ idarəetmədə plan göstəricilərinin müəyyən edilməsi və onların düzgünlüyünün yoxlanılması iqtisadi təhlil vasitəsilə həyata keçirilməlidir. Başqa sözlə desək, planlaşma iqtisadi təhlildən başlamalıdır. İstehsal ehtiyatlarının səfərbər edilməsi, istehsalın səmərəliliyi, resursların səmərəli istifadəsi plan göstəricilərinin elmi və real xarakter daşımasından asılıdır. Plan göstəriciləri konkret hesablamalara əsaslanmalıdır. Məsələn, məhsulun maya dəyərinin aşağı salınması planlaşdırılarsa, təhlil vasitəsilə onun hansı amilin hesabına təmin olunması müəyyən edilməlidir. Yəni maya dəyərinin nə qədər məbləği məhsul çeşidinin dəyişməsi hesabına və nə qədəri məhsul istehsalının çoxalması hesabına təmin edilməsi müəyyən edilməlidir. Plan səfərbəredici xarakter daşımalıdır. Burada iqtisadi təhlil vasitəsilə mane olan amillərin qarşısını almaq tədbiri, planda öz əksini tapmalıdır.

Neft emalı və neft-kimya müəssisələrində operativ idarəetmədə plan göstəricilərinin reallığını təmin etmək üçün həm kəmiyyət, həm də keyfiyyət göstəricilərindən istifadə edilməlidir. İqtisadi təhlil planlaşmada iki mərhələdə iştirak edir. Birinci mərhələdə, iqtisadi plan göstəricilərinin əsaslandırılması üçün material verir. İkinci mərhələdə isə plan göstəricilərinin düzgün olması onun yerinə yetirilməsi səviyyəsində də özünü göstərir. Bəzən belə mülahizələr söylənilir ki, guya bazar iqtisadiyyatı şəraitində planlaşma öz əhəmiyyətini itirir. Düzdür, iqtisadiyyatın demokratikləşməsi, mülkiyyətin digər formalarının tətbiqinə meydan açılması, planlaşmanın prinsip və demokratik mərkəziyyət prinsipini, direktiv xarakteri və s. öz əhəmiyyətini itirmişdir. Lakin onun təsərrüfat, müəssisə daxili xüsusiyyəti, öz funksional əhəmiyyəti əksinə artmışdır. Belə bir şəraitdə plan göstəriciləri müəssisə daxilində daha dəqiq işlənməli və elmi surətdə əsaslandırılmalıdır. Bazar iqtisadiyyatı şəraitində müəssisə öz istehsal istiqamətini lazım olan məhsul istehsalına yönəldə bilər. Belə bir dəyişikliyin aparılması da əsaslandırılmalı, yeni məhsul istehsalına başlamaq məsələsi öyrənilməli və onun iqtisadi səmərəsi müəyyən edilməlidir. Müəssisənin xammala ehtiyacı, işçi qüvvəsinə tələbatı, maşın və avadanlıqlara olan ehtiyacı, dəqiq normativlər əsasında müəyyən edilməlidir. Bütün bunlar isə planlaşma məsələləri ilə bağlıdırlar.

Neft emalı və neft-kimya müəssisələrinin perspektiv inkişafı, yaxud planlaşdırılması iqtisadi təhlil olmadan müəyyənləşdirilə bilməz. Operativ idarəetmədə müəssisənin işçi qüvvəsi, əsas istehsal fondları, xammal və material arasında əlverişli əlaqə, nisbətən iqtisadi təhlil vasitəsilə müəyyən edilməlidir. Plan qarşıya qoyulan məqsəd deməkdir. Müəssisənin mütləq başqa müəssisələrlə əlaqəsi olmalıdır. Yəni o, xammal və material əldə etməli, istehsal etdiyi məhsulu isə satmalıdır. Daha doğrusu, onun müəyyən proqramı olmalıdır. Bu proqramı müəssisə özünün işçi qüvvəsinə və əsas fondlara müvafiq olaraq müəyyən etməlidir. Buna görə də o, mütləq planlaşma ilə məşğul olmalıdır. Operativ idarəetmədə planın yerinə yetirilməsi müəssisənin qarşısına qoyduğu məqsədin yerinə yetirilməsi deməkdir. Bu deyilənlər isə iqtisadi təhlil olmadan başa çatdırıla bilməz. İqtisadi təhlilin operativ idarəetmənin planlaşmasında istifadə edilməsi metodikası mənfəət və maya dəyəri üzrə verilməlidir.



İqtisadi təhlilin idarəetmədə rolu. Ümumiyyətlə, iqtisadi təhlil idarəetmə elminə aiddir. İqtisadi ədəbiyyatlarda idarəetmə əsasən üç mərhələyə bölünür. Bunlardan birincisi, məlumatların əldə edilməsi, ikincisi, onların işlənməsi, yaxud təhlil edilməsi, üçüncüsü, sərəncamların verilməsidir. Göründüyü kimi, iqtisadi təhlil əsasən ikinci mərhələni əhatə edir. İqtisadi təhlil plan göstəricilərinin düzgünlüyünü, onların real xarakter daşımasını təmin etməyə imkan verir. Müəssisənin fəaliyyətinə düzgün qiymət vermək üçün yalnız iqtisadi təhlildən istifadə edilməlidir. İdarə sistemində iqtisadi təhlil ehtiyat mənbələrini meydana çıxarmağa, istehsal prosesinə şərait yaradır. İqtisadi təhlil vasitəsilə təsərrüfat vahidləri arasında əlaqə yaradır. Bu isə öz növbəsində müəssisə üzrə ahəngdarlığın yaradılmasına müsbət təsir göstərir.

İdarəetmə sistemində təsərrüfat fəaliyyətinə qiymət verilməsində iqtisadi təhlilin mühüm rolu vardır. Təsərrüfatın fəaliyyət səmərəliliyi, həm obyektiv həm də subyektiv amillərdən asılıdır. Burada da təsərrüfatın fəaliyyətinə qiymət vermək üçün obyektiv və subyektiv amillərin təsir dərəcəsini konkret olaraq müəyyən etmək lazım gəlir. Qeyd etmək lazımdır ki, bəzi göstəricilər kəmiyyət etibarilə müsbət istiqamətdə dəyişdiyi zaman, o, keyfiyyət baxımından mənfi istiqamətdə dəyişir. Göstəricilərin dinamikasına düzgün qiymət vermək üçün o həm kəmiyyət, həm də keyfiyyət istiqamətində nəzərdən keçirilməlidir. Təsərrüfatın fəaliyyətinə obyektiv qiymət vermək müəssisədə çalışan işçi heyətinin mükafatlandırılması ilə bağlıdır. Mükafatın verilməsində əmək kollektivi o zaman razı qalar ki, onun işinə obyektiv, ədalətlə qiymət verilsin.

Bundan başqa, idarəetmə sistemində ehtiyat mənbələrinin meydana çıxarılmasında iqtisadi təhlildən geniş istifadə edilir. Ehtiyat mənbələrini bir neçə istiqamətdə axtarmaq lazımdır. Bunlar aşağıdakılardan ibarətdir:


  1. Təsərrüfatdaxili ehtiyat mənbəyi. Buraya işçi qüvvəsinin səmərəli istifadəsi, əsas istehsal fondlarının hər manatına məhsul istehsalını artırmaq və nəhayət, xammal və materialların səmərəli istifadəsi aiddir.

  2. Ümumi istehsal ehtiyat mənbələri. Bu ehtiyat mənbələrinə istehsalın təşkili, təsərrüfatdaxili ixtisaslaşma, istehsal vaxtı prosesinin ixtisar edilməsi və s. daxildir.

  3. İstehsaldan kənar ehtiyat mənbələri. Buraya isə cərimələrin ləğv edilməsi, qeyri-məhsuldar xərclərin azalması aiddir.

Neft emalı və neft-kimya müəssisələrində ehtiyat mənbələri digər istiqamətdə də nəzərdən keçirilir. Bunlar aşağıdakılardan ibarətdir: a) müəssisənin təsərrüfat əhəmiyyətli ehtiyat mənbələri. Buraya məhsuldar qüvvələrin yerləşdirilməsi, faydalı sahələrin inkişafı, maddi maraq prinsipinin təkmilləşdirilməsi, qabaqcıl təcrübədən istifadə və s.; b) Sahələr üzrə ehtiyat mənbələri. Buraya ixtisaslaşma, təmərküzləşmə və s. bu kimi amillər daxilidir; c) Sahələrarası ehtiyat mənbələri. Burada bir sahənin imkanından digər sahənin inkişafı üçün istifadə edilməsi kimi məsələlər əhatə edilir.

Qeyd etmək lazımdır ki, ehtiyat mənbələri bilavasitə amillərin təsiri hesabına yaranır. Amillərin özləri də bir sıra qruplara bölünür. Bunlar aşağıdakılardan ibarətdir:



  1. əmələgəlmə mənbələrinə görə ehtiyat mənbələri.

  2. daxili və kənar ehtiyat mənbələri.

  3. vacibliyinə görə ehtiyat mənbələri.

  4. əsas və ikinci dərəcəli ehtiyat mənbələri.

  5. qrupuna və tərkibinə görə ehtiyat mənbələri.

  6. mürəkkəb və sadə ehtiyat mənbələri

  7. vaxta görə ehtiyat mənbələri

  8. daimi və dəyişən ehtiyat mənbələri

Ehtiyat mənbələrinin meydana çıxarılmasında amillərin yaranması diqqət mərkəzində olmalıdır. Məlumdur ki, amillərin sayı elmi-texniki tərəqqinin hazırki mərhələsində durmadan çoxalır. Bunların təsiri həm müsbət, həm də mənfi xarakterlidir. Amillərin sayı cəmiyyətin dərk edilməsi ilə də bağlıdır. Amillər mütəxəssislər və ayrı-ayrı şəxslər tərəfindən də yarana bilər. Bütün bunlara yekun vursaq demək lazımdır ki, ehtiyat mənbələrini meydana çıxarmaq üçün hər xırda bir proses diqqət mərkəzində olmalıdır, onlara lazımi təsir göstərməklə düzgün fayda verməyə doğru istiqamət verilməlidir. Bu isə təkcə idarəedicinin işi deyil, bütün mütəxəssislərin, fəhlələrin, ümumiyyətlə kollektivin işi olmalıdır. Ehtiyat mənbələri fərdi qaydada axtarılmalıdır. Yəni onun aşkar edilməsi ayrı-ayrı iş yerlərindən başlanılmalıdır.

Ehtiyat mənbələrini meydana çıxarmaq üçün əməyin yaradıcı xarakter daşıması mühüm şərtlərdən biridir. Əmək yaradıcı xarakter daşıdıqda bu hər şeydən əvvəl, ixtisasın artması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması, elmin istehsala tətbiq edilməsi, ixtiraların meydana çıxması, səmərəli təkliflərin inkişaf etməsi deməkdir.

İqtisadi təhlil edilən zaman ehtiyat mənbələrinin hər anda və hər bir prosesdə iştirak etdiyini aydın görmək olur. Buna görə də ehtiyat mənbələri bütün istehsal prosesində, qəbul edilən qərarlarda, hər əmək hərəkətində axtarılmalıdır. Məsələn, rəhbər işçi ona tabe olan işçiyə tapşırıq verir. O, verdiyi tapşırığı konkretləşdirirsə, ona az vaxt sərf etmiş olar. Beləliklə, o həm öz vaxtına, həm də ona tabe olan işçinin vaxtına qənaət etmiş olar. Fəhlə yerinə yetirdiyi iş prosesində öz diqqətini artırırsa, o səhvlərə yol verməz. Beləliklə, səhvlərin düzəlməsinə vaxt itirməz, yəni o vaxt qənaət edər ki, bu da əmək məhsuldarlığını artıra bilər.

Bundan əlavə, iqtisadi təhlilin idarəetmə sisteminə başqa bir köməyi də ondan ibarətdir ki, müəssisə rəhbəri hər hansı təhlil olunmuş göstəriciləri götürdükdə onu aydın başa düşə bilsin. Məsələn, müəssisədə işləyən iqtisadçılar texniki-iqtisadi göstəricilərini hazırlayıb rəhbər işçiyə təqdim etdikdə ona bir çox informasiyalar məlum olur.


3. Müəssisələr, onların mülkiyyətçiləri, təsisçiləri, dövlət idarəetmə orqanları, maliyyə-kredit təşkilatları, vergi organları, sığorta orqanları, ayrı-ayrı mütəxəssislər, ekspertlər, kütləvi informasiya vasitələri, informasiya-analitik və reytinq agentlikləri maliyyə-təsərrüfat fəaliyyətinin təhlil və diaqnostikasının subyektləridir.

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və diaqnostikasının obyektlərinə texniki, istehsal, maliyyə və kadr potensialı; müəssisənin müxtəlif fəaliyyət növləri, onların texniki, maddi və maliyyə təminatı və vəziyyəti aiddir. Müəssisənin kadr potensialı əmək ehtiyatlarının müəyyən kateqoriyalarının mövcudluğu və onların peşəkar imkanları ilə ölçülür. Texniki potensial dedikdə müxtəlif növ texnikanın, texnologiyaların məcmusu və onların texniki imkanları, texnikanın faydalı iş əmsalı başa düşülür. İstehsal potensialı müəssisənin müxtəlif növ məhsul istehsalı və realizə edilməsi, xidmət göstərilməsi üzrə istehsalat imkanlarını göstərir. Maliyyə potensialı xüsusi, cəlb edilmiş və borc alınmış vəsaitlərdən istifadə etməklə müəssisənin maliyyə təminatını əks edir.


4. Müəssisənin fəaliyyətinin təhlili prinsiplərinə (əsas xüsusiyyətlərinə) aşağıdakılar aid edilir:

  • real vəziyyətin dürüst əks olunması;

  • elmi əsaslandırma;

  • müəyyən məqsədin əks olunması;

  • sistemlilik;

  • komplekslilik;

  • ayrı-ayrı elementlərin uzlaşması;

  • sahə və ərazi xüsusiyyətlərinin əks olunması.

Təcrübədə müəssisənin fəaliyyətinin təhlilində daha geniş istifadə edilən başlıca fəndlər (üsullar) aşağıdakılardır:

  • iqtisadi sistemin istehsal strukturunun və istehsal proseslərinin təhlili;

  • idarə edən sistemin strukturunun, idarəetmə proseslərinin təhlili;

  • operativ qərarların qəbul edilməsi, istehsalın gedişatına nəzarət və uçot üçün tələb olunan informasiyanın toplanması, işlənməsi, saxlanması və ötürülməsində müxtəlif texniki vasitələrdən istifadə etməklə istehsalın idarə edilməsinin kompleks təhlili.

Qruplaşdırma və ayrı-ayrı elementlərin təsnifləşdirilməsi, kəmiyyət və keyfiyyət xarakteristikalarının öyrənilməsi, kriteriyaların təyin edilməsi və fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi – müəssisənin fəaliyyətinin təhlilinin vacib elementləridir.

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini müxtəlif kriteriyalar (qiymətləndirmə əlamətləri) görə təsnifləşdirmək olar. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin növləri cədvəl 1.1-də əks olunmuşdur.


Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili növlərinin təsnifatı


Təsnifləşdirmə əlaməti

Təhlil növləri

Obyekt

Struktur

Funksional



Həyata keçirilməsi dövrü

Mütəmadi (sistematik)

Epizodik



Məqsəd

Daxili

Müqayisəli



Xarakter

Dinamik

Statik


Miqyas

Kompleks (sistem üzrə)

Lokal (müəyənləşdirilmiş obyekt üzrə)



Məzmun

Predmet

Əməliyyat-prosedur



Nəticələrin qiymətləndirmə forması

Kəmiyyət

Keyfiyyət



Subyekt

Təsərrüfat subyektinin təhlili (özünütəhlil)

Xarici strukturlar tərəfindən təhlil (xarici təhlil)



Metod

Statistik

Amil


Ekspert
Cədvəl 1.1

İqtisadi təhlilin metodları və onların mahiyyəti. İqtisadi təhlilin metodu dialektik dərketmə metoduna əsaslanır. Metod məqsədə nail olmaq vasitəsi, üsul isə həmin vasitənin konkret icra mexanizmidir. Başqa sözlə desək, metod dedikdə öyrənilən obyektin hansı üsullarla tədqiq olunması nəzərdə tutulur.

Tədqiqatın dialektik metodu - baş vermiş iqtisadi proses və hadisələrin daim inkişafında, kəmiyyət dəyişmələrinin keyfiyyət dayişmələrinə keçməsində, bir-birindən asılı vəziyyətdə və qarşılıqlı əlaqəli sürətdə öyrənilməsi deməkdir.

İqtisadi təhlil metodunu başqa formada səciyyələndirsək, onda belə bir fikri ifadə edə bilərik ki, müəssisələrin təsərrüfat fəaliyyətini hərtərəfli xarakterizə edən göstəricilər sistemindən istifadə edilməsi, bu göstəricilərin dəyişməsinə təsir edən ayrı-ayrı amillərin, onların təsir dərəcəsinin müəyyən edilməsinin və bunların arasında olan qarşılıqlı əlaqə və asılılığının təyin edilməsindən ibarətdir.

Müəssisələrin təsərrüfat fəaliyyətinin təhlili nəticəsində aşkara çıxarılmış təsərrüfatdaxili və təsərrüfatdan kənar ehtiyat mənbələrinin ümumiləşdirilməsi və bunlardan istifadə edilməsi üçün konkret hesablamalarla əsəslandırılmış tədbirlərin və əməli təkliflərin hazırlanması iqtisadi təhlilin metodunun sonuncu və tamamlayıcı mərhələləri olur.

Təsərrüfatda baş verən əməliyyatlar, proseslər, faktlar sərbəst və ya bir-birindən təcrid edilmiş halda deyil, bir-birilə əlaqədar baş verir. Yəni, bir prosesin təsirinin nəticəsini müəyyən etmək üçün onu digər proses və hadisələri, faktları xarekterizə edən göstəricilərlə bağlı, qarşılıqlı əlaqəli sürətdə öyrənmək lazım gəlir. Müəssisələrdə müxtəlif amillərin təsiri hesabına göstəricilərdə hər hansl bir dəyişiklik baş verərsə, burada amil və yaxud səbəb nəticəni yaradır. Deməli, bütün dəyişikliklərin və nəticələrin əsası amillərlə bağlıdır.

Bütün elmlərdə olduğu kimi, çox cavan elmlər sırasına daxil olan və son əsr əsr ərzində digər ictimai, iqtisadi, texniki və texnoloji elmlərlə qarşılıqlı əlaqəli surətdə, bu elmlərə məxsus tədqiqat üsullarından da istifadə etməklə sürətlə inkişaf edən iqtisadi təhlil elminin də özünəməxsus metodu və tədqiqat üsulları vardır.

İqtisadi təhlildə dialektik metoddan istifadə müəssisənin tsərrüfat fəaliyyətini bütün qarşılıqlı əlaqələri və asılılıqları hesaba almaqla təhlil etməyi tələb edir. Çünki, heç bir əməliyyatı proses və hadisəni, onları xarakterizə edən göstəriciləri digərlərindən təcrid etməklə tam öyrənmək, dürüst nəticə çıxartmaq və qiymətləndirmək olmaz. Məsələn, müasir elmi-texniki inqilab şəraitində yeni texnika və texnologiyalardan istifadənin bu tədbirin həcminə və keyfiyyətinə, əmək məhsuldarlığına, məhsulun maya dəyəri və istehsalın rentabelliyinə, işçilərin ixtisas səviyyələri və peşə vərdişlərinə, iş şəraitinin yaxşılaşmasına, əmək və material tutumunun azalmasına, hasilat nomalarına, çıxar və tullantının azalmasına və s. müsbət təsirini təyin etməklə yanaşı fondtutuma, əhatə edən mühitin çirklənməsinə və işə mənfi təsirini öyrənmək tələb olunur. Buna görə də bu və ya digər prosesi, hadisəni, faktı dərk etmək və qiymətləndirmək üçün onun digərləri ilə qarşılıqlı əlaqələri və qarşılıqlı asılılıqlarını təyin etmək, hesablamaq tələb olunur ki, bu da təsərrüfat fəaliyyətinin təhlili metodunun ən zəruri metodoloji xüsusiyyətlərindən biridir.

Deməli, təsərrüfat fəaliyyətinin təhlili səbəb-nəticə ələaqələrini təyin etməklə yanaşı onları kəmiyyətcə xarekterizə edir, başqa sözlə desək, müxtəlif birinci və ikinci dərəcələri amillərin müəssisə fəaliyyətinin nəticələrinə təsirini ölçməyə imkan verir. Təhlilin bu xarakterik əlaməti onun dürüst olmasını, onun nəticələrinin əsaslığını təmin edir.

İqtisadi təhlil işlərində proses və hadislərin səbəb əlaqələrinin öyrənilməsi və ölçülməsi induksiya və deduksiya metodlarından istifadə edilir.

Deduksiya – hadisələrin, faktların ümumidən hissəviyə, səbəbdən nəticəyə doğru tədqiqetmə metodudur. Hər bir deduksiyada induktiv təfəkkür materiallarından istifadə edilir. Deməli, təhlil işlərində induksiya metodunu deduksiya metodu ilə əlaqələndirməklə vahid şəklində tətbiq edilir. Deməli, deduksiya və induksiya tədqiqat metodlarının köməyi ilə obyektlərin sistemcə tədqiqi təhlilin xarakterik əlamətlərindən biridir.

Təhlil obyektlərin tədqiqinə sistemli yanaşma, öyrənilən hadisə və proseslərin mümkün qədər daha çox ünsürlərə ayrılmasını, onların sistemləşdirilməsi və sintezini nəzərdə tutur.

Müəssisədə həyata keçırilən proses və hadisləri, onların qarşılıqlı əlaqələri və asılılıqlarını ayrı-ayrılıqda öyrəndikdən sonra bütün tədqiqat materiallarını ümumiləşdirmək, yekun nəticə çıxartmaq tələb olunur. Ümumiləşdirmə, yekun nəticə çıxartma təhlil metodunun əsas əlamətlərindən biridir. Müəssisə iqtisadiyyatının ayrı-ayrı tərəflərini öyrəndikdən sonra tədqiqatın nəticələrinin ümumiləşdirilməsi, başqa sözlə desək, sintez təhlil işində ən məsul məqamdır.

Müəssisənin təsarrüfat fəaliyyətini kompleks tədqiq etmək üçün çoxlu sayda göstəriciləri toplamaq və analitik işləmək tələb olunur. Deməli, müəssisənin təsərrüfat fəaliyyətində baş verən iqtisadi proses və hadisələrin səbəb və nəticələrini kompleks şəkildə, sistemli tədqiq etmək üçün toplanılan göstəricilər sistemindən istifadə və onların analitik işlənilməsi təhlilin əsas metodoloji əlamətlərindən biridir.

Təhlil işlərində dialektik metodlardan istifadə və təhlilin əsas metodoloji əlamətlərinin şərhinə istinad etməklə iqtisadi təhlilin metodunu belə ifadə etmək mümkündür:

İstehsalın effetivliyini yüksəltmək məqsədilə plan, uçot və hesabat göstəriciləri sistemini və digər informasiyaları xüsusi tədqiqat üsullarının köməyi ilə araşdırmaq yolu ilə müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə müxtəlif amillərin təsirinin sistemli və kompleks şəklində öyrənilməsi, ölçülməsi və ümumiləşdirilməsi iqtisadi təhlil elminin metodu hesab olunur.
İqtisadi təhlildə istifadə olunan üsullar. İqtisadi təhlil sintetik idarəetmə elmi olub, iqtisadi, ictimai, riyazi, texniki və digər qarşılıqlı və əlaqəli surətdə inkişaf etdiyinə görə analitik işlərdə, yəni onun obyektlərinin öyrənilməsində həm özünəməxsus və həm də başqa elmlərə məxsus tədqiqat üsullarından istifadə edir. Bunları müəyyən ardıcıllıqla nəzərdən keçirək:

  1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə