Mövzu: Fəaliyyət Plan




Yüklə 41.95 Kb.
tarix23.04.2016
ölçüsü41.95 Kb.


Mövzu: Fəaliyyət
Plan:

1. Fəaliyyət haqqında anlayış.


2. Fəaliyyətin quruluşu.
3. Fəaliyyətin növləri.

4. Fəaliyyətin emosianal tənzimi.

5. Fəaliyyətin iradi tənzimi.

1. Fəaliyyət haqqında anlayış.

Müasi psixologiyanın anlayışlar sistemində fəaliyyət kateqo-riyası mühüm yer tutur. Fəaliyyət dedikdə insanın fəallığının özünəməxsus forması nəzərdə tutulur. Fəaliyyət sözü fəallıq sözündən əmələ gəlsə də, ancaq eyni məzmunlu anlayış deyildir. Fərq ondadır ki, fəaliyyət daha çox sosial yönümlüdür, fəallıq isə təbii tələbatların ödənilməsini şərtləndirir. Fəaliyyət əsasən insan davranışında və hərəkətlərində gerçəkləşir. Fəallıq isə daha çox heyvanlara məxsusdur. İnsan fəaliyyətini heyvan fəallığından fərqləndirən əsas meyarlardan biri də insan fəaliyyətinin yaradıcı xarakter daşımasıdır. Heç bir heyvan təbiətin verdiyi hazır məhsullardan başqa özünə predmet hazırlamır. Onların qazandığı ictimai təcrübə heç bir şəkildə digər nəsillərə ötürülmür. İnsan fəaliyyəti ilə yaradılmış fəaliyyət məhsulları isə başqa nəsillər tərəfindən davam etdirilir və mədəni sərvət kimi qorunub saxlanır.


Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır. İnsan fəaliyyəti bu və ya digər şəkildə özünəməxsus struktura malik olur. Burada motiv və məqsəd fəaliyyətin əsas strukturunu yaradır. Fəallıqda isə bilavasitə orqanizmin tələbatının ödənilməsində öz əksini tapır. Aktuallaşmış tələbat kimi çıxış edir. İnsan fəaliyyətində isə fəaliyyətin son nəticəsini müəyyənləşdirən məqsəd olur.
Motivlər tələbatlarla sıx əlaqədədir. Motivlərin əsasında tələbatlar dayanır. Motiv insanı bu və ya digər fəaliyyətə və ya fəallığa sövq edən, təhrik edən qüvvədir. Ayrı-ayrı anlarda motiv məqsədə, məqsəd isə motivə çevrilə bilər. Heyvanın fəallığında bu cəhət nəzərə çarpmır. Burada özünü göstərən davranış xaotik xarakterlidir. İnsan fəaliyyəti isə sistematik xarakterlidir. İnsanı fəaliyyətə təhrik edən tələbatdır. Tələbat insanın nəyə isə olan ehtiyacıdır. Lakin o ehtiyac tələbata çevrilir ki, o, hazırkı konkret şəraitdə aktuallaşmış olsun, başqa sözlə, insan üçün müstəsna, həyati əhəmiyyət kəsb etsin.

Şəxsiyyətin formalaşması prosesi vasitəli xarakter daşıyır. Fərd,ictimai münasibətləri öz-özünə deyil,ancaq özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir.Bu nöqteyi-nəzərdən fəaliyyət şəxsiyyətin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir.

İş və ya əməlin, məqsədin psixoloji mahiyyətini başa düşmək üçün fəaliyyət kateqoriyasından çıxış etmək lazımdır. Çünki hə-rəkət, iş, məqsəd, motiv və s. fəaliyyətin tərkib hissələrini təşkil edir.

Fəaliyyət sosial kateqoriyadır və o bir sıra xüsusiyyətləri ilə heyvanların mühitə uyğunlaşmasına xidmət edən davraniş formalarından fərqlənir. Fəaliyyət insanın sosial fəallıq formasıdır. Odur ki, insan fəallığının mənbələri olan tələbatlar da mənşəyinə, obyektinə və ödənilmə xüsusiyyətlərinə görə heyvanların yalnız bioloji mahiyyət daşıyan tələbatlarından köklü surətdə fərqlənir. İnsanların tələbatları (istər təbii və mədəni, istərsə də maddi və mənəvi) ödənilməsi üsullarına və vasitələrinə görə ictimai-tarixi səciyyə daşıyır.



2. Fəaliyyətin quruluşu.
İnsanın fəaliyyəti də tələbatın əsasında qurulur. Ancaq insa-nın fəaliyyəti sosiallaşmış tələbatlar üzərində qurulur. Fəaliyyətin tərkib hissələrinə aşağıdakılar daxildir:
1. Motiv – məqsəd fəaliyyətin vektorunu əmələ gətirir.İstər maddi, istərsə də mənəvi fəaliyyətin quruluşuna nəzər saldıqda, onun məzmununu təşkil edən müəyyən tərkib hissələri diqqəti cəlb edir. Əgər tələbatlar fəallığın əsas mənbəyini təşkil edirsə, fəaliyyətin tərkibinə daxil olan motivlər həmin tələbatlar əsasında yaranır. Motivlər subyekti fəaliyyətə təhrik edir, həmin təhrik tə-ləbatın ödənilməsilə bağlıdır. Motivlər subyektin fəallığının isti-qamətini təyin edir. Əgər tələbatlar hər cür insan fəaliyyətinin əsas hərəkətverici qüvvəsini, əsas mahiyyətini təşkil edirsə, motivlər həmin mahiyyətin konkret və çoxcəhətli təzahürləridir. Odur ki, motivi və ya motivləşməni psixologiyada subyektin davranışının və ya fəaliyyətinin istiqamətinin seçilməsini şərt-ləndirən amil kimi izah edirlər. O, az-çox dərəcədə dərk edilmiş olur. Deməli, fəaliyyətdə motivin dərk edilməsi fəaliyyət nəti-cəsinin aydın təsəvvürünü də şərtləndirir. Çünki motiv sub-yekti fəallığa təhrik edən amildirsə, məqsəd fəaliyyətin yönəlmiş olduğu nəticədir. Bu, fəaliyyətin mühüm bir xüsusiyyətilə əlaqədardır.
2. Fəaliyyətin şəraiti. Hər bir fəaliyyət müəyyən bir obyektiv şə-raitdə həyata keçirilir.İnsan öz məqsədini şərait baxımından qiy-mətləndirərək, bir tərəfdən, fəaliyyətin konkret vəzifələrini, digər tərəfdən, üsul və vasitələrini müəyyən edir. Belə sadə halları tə-səvvür etmək çətin deyil: bir halda divara böyük mıx, başqa halda çox kiçik mıx vurulmalıdır; bir halda mıxı tavana, başqa halda döşəməyə vurmaq lazımdır.Belə hallarda məqsədi dərk etmək hələ azdır, həm də şəraiti düzgün qiymətləndirmək və ona müva-fiq olaraq səmərəli üsullar seçmək zəruridir.
3. Xarici və daxili fəallıq. Xarici fəallıq iş və hərəkətlər formasın-da təzahür edir. Fəaliyyətin sadə bir cari vəzifəni həll etməyə yö-nəlmiş elementi iş adlanır. İşin tərkib hissələri fəaliyyət prose-sində mahiyyət etibarilə hərəkətlər kimi təzahür edirlər. Hərəkət-lər özlərinin trayektoriyasına, icra müddətinə, gücünə, sürətinə, tempinə, eləcə də bədənin hansı tərəfindən icra olunmasına görə bir-birlərindən fərqlənirlər. Lakin bununla belə, hərəkətləri müqa-yisəli tərzdə təhlil etsək, onların əsasən 3 ünsürdən («tutmaq», «yerini dəyişmək» və «buraxmaq» ) ibarət olduğunu görərik.

İnsanın xarici və daxili fəallığı bir-birilə qarşılıqlı surətdə əla-qədardır. Hər hansı bir xarici iş və hərəkət daxili proseslərlə şərt-lənir. Hər bir daxili proses isə nəinki sadəcə olaraq xarici iş və hərəkətlərdə təzahür edir, həm də onların təsiri ilə dəyişilir.


4. İnteriorizasiya və eksteriorizasiya. Maddi (əşyavi) əməliy-yatların fikri əməliyyatlara çevrilməsi interiorizasiya, fikri əmə-liyyatların xarici əməliyyatlara çevrilməsi isə eksteriorizasiya adlanır.
5. Vərdişlər və bacarıqlar. Avtomatlaşmış proseslərə vərdişlər deyilir. Yəni şüurun xüsusi nəzarəti olmadan icra edilir. Bütün vərdişlər məqsədyönlüdür. Adətlər də avtomatlaşmış hərəkətlər birliyidir. Adətlər vərdişlərdən fərqli olaraq tələbatlarla bağlıdır Adətlər sönmür. Onun sönməsi üçün tələbatlar aradan qaldı-rılmalıdır. Yeni şəraitdə qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş üsullarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunması bacarıq adlanır.
6. Fəaliyyətin nəticəsi. İnsanlar fəaliyyətin nəticəsini iş görüb qurtarandan sonra deyil fəaliyyət prosesinin gedişində qiymətlən-dirirlər. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, insan fəaliyyə-tin nəticəsini qabaqcadan görə bilir.Psixologiyada buna antisipa-siya (latınca-anticipo-irəlicədən görmək deməkdir)-deyilir. Fəa-liyyət prosesində antisipasiya müxtəlif səviyyələrdə özünü göstə-rir: o, hərəkətlərin dəqiqliyini təmin edir, obyektləri dinamik şə-kildə qavramaq, işləri qabaqcadan planlaşdırmaq imkanı verir.


3. Fəaliyyətin növləri.
İnsanın bütün həyatı boyu istifadə etdiyi fəaliyyət növlərinə oyun, təlim və əmək daxildir. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödə-yirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə insanlar oyundan və təlim fəaliyyətindən istifadə edirlər.

Rollu oyunlar mahiyyət etibarilə insan münasibətlərinin mənimsənilməsi prosesidir. Bu haqda aydın təsəvvür əldə etmək üçün psixologiyada təsvir olunmuş maraqlı bir faktı qeyd etmək kifayətdir: uşaqları heyvanxanaya aparıb, heyvanların həyatı ilə tanış etdilər.Tərbiyəçilər belə güman edirdilər ki, uşaqlar ekskursiyadan qayıdan kimi heyvanxana mövzusunda maraqlı oyunlar oynayacaqlar. Lakin nə qədər təəccüblü olsa da, onlar ekskursiyadan sonra həmin mövzuda heç bir oyun oynamadılar, özlərinin adi işləri ilə məşğul oldular.

Tərbiyəçilər bunun səbəbini izah etmək üçün psixoloqlara müraciət etdilər. Psixoloqlar məsələnin mahiyyətini asanlıqla başa düşdülər və ekskursiyanın planını dəyişdilər.Onların məslə-hətilə uşaqları yenə də zooparka ekskursiyaya apardılar. Lakin bu dəfə uşaqları, birinci növbədə, zooparkda işləyən adamların- kassirin, nəzarətçinin, həkimin və s. fəaliyyəti ilə tanış etdilər. Uşaqlar ekskursiyadan qayıdan kimi heyvanxana mövzusunda oyun oynamağa başladılar: biri kassir, biri həkim, biri isə nəza-rətçi rolunda çıxış etməyə başladı. Bu mənada deyirlər ki, uşaq oyunları insan münasibətlərinə xüsusilə həssasdır və hər şeydən əvvəl məhz onları əks etdirirlər.
Təlim fəaliyyəti. Məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəlmiş fəaliyyət növlərindən biri təlim fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəx-siyyətin formalaşmasına əsaslı təsir güstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o fərdin birbaşa psixi inkişafi vasitəsi kimi həyata keçirilir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəa-liyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Buna görə də əməyi müəyyən ictimai faydalı maddi və ideal məhsullar is-tehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər. Əmək fəaliy-yəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşma-sında aparıcı rol oynayır.

4. Fəaliyyətin emosianal tənzimi.
Emosiyalar həm fəaliyyətin nəticəsi, həm də onun hərəkət «mexanizmi» kimi təzahür edir. Hələ empirik müşahidələrdən aydın olur ki, insanın yaxşı əhvali-ruhiyyəsi onun öz fəaliyyətinə, münasibətinə də ciddi müsbət təsir göstərir. Əksinə, pis əhvali-ruhiyyə, qəm, kədər, qüssə sanki insanın əl-qolunu bağlayır, onun müəyyən bir işi, fəaliyyəti həvəslə yerinə yetirməsinə ciddi surət-də mane olur. Belə bir vəziyyət affekt halında, stress vəziyyə-tində də nəzərə çarpır. Yəni belə qüvvətli hisslər fəaliyyətə pozucu təsir göstərir, fəaliyyətin xarakterindən asılı olaraq məh-suldarlığın aşağı düşməsinə, qəzaya yol vermək və s. kimi hallara gətirib çıxarır.

İşin hətta hansı əhvali-ruhiyyə ilə başlanmasından da çox şey asılıdır. Burada səbəblə nəticə arasındakı dialektik əlaqə aydın surətdə nəzərə çarpır. Belə ki, indi burada səbəb olan şey başqa yerdə nəticə və ya əksin olur. Fəaliyyətin yalnız başlanması de-yil, nəticəsini belə emosianal cəhətdən qabaqcadan təyin olun-ması onun gedişinə, səmərəliliyinə təsir etməklə yanaşı, tənzim olunmasında da mühüm rol oynayır. Bu cəhət emosiyaların mən-şəyi ilə əlaqədardır.

Təkamül prosesində emosiyalar canlı varlığın, orqanizmin bioloji vəziyyətini, xarici təsirlərin onun üçün əhəmiyyətlilik dərəcəsini təyin etmək vasitəsi kimi meydana çıxmış, inkişaf etmişdir. Bu mənada emosiyalar öz mənşəyinə görə növün təcrübəsi forması kimi təzahür edir, yəni fərd emosiyalara uyğun olaraq zəruri hərəkətləri (təhlükədən qaçmaq, nəsli davam etdirmək və s.) həyata keçirir. Həm də belə hərəkətlərin məqsədə-müvafiqliyi fərd üçün gizli qalır.

Emosiyalar fərdi təcrübə qazanmaq üçün də çox əhəmiyyətli-dir. İstər genetik, istərsə də ontogenetik inkişaf prosesində emosi-yaların qütblüyü (müsbət və mənfi olması) nəinki sadə uyğun-laşma hərəkətlərinin, hətta mürəkkəb insan fəaliyyətinin də tən-zimində mühüm rol oynayır. Faydalı qıcıqlayıcıların əmələ gətir-diyi müsbət emosiyalar subyekti təhrik edir ki, onları yaxşı mə-nimsəsin və möhkəmlətsin. Mənfi emosiyalar isə subyekti elə fəallaşdırır ki, bunun sayəsində o, ziyanlı təsirlərdən uzaqlaşır. Deməli, emosiyalar müsbət və mənfi möhkəmləndirmə funksiya-larını yerinə yetirir, bununla da subyektə müsbət davranış və hə-rəkət tərzini qazanmağa, özünü doğrultmayanlardan uzaqlaşmağa imkan verir. Bu cəhət insanın fəaliyyətinə də aid edilə bilər.

Məlumdur ki, insanın emosiya və hissləri ictimai-tarixi inkişafın məhsuludur. Onlar inkişaf edərək, möhkəmlənərək nəinki davranışın, həm də insan fəaliyyətinin daxili tənzimçisinə çevrilir. Çünki tələbatların təzahürünün subyektiv forması kimi emosiyalar fəaliyyəti qabaqlayır, insanı fəaliyyətə təhrik edir və ona yönəldir.

Emosiyaların inkişafının yüksək mərhələsi kimi insanın ali hissləri onun tələbatları ilə bağlı olan əşyalara davamlı münasibətlə səciyyələnir. Nəticədə emosiyalar, hisslər subyektin yaranan şəraitə, öz fəaliyyətinə, həmin şərait və ya fəaliyyətdə in-sanın özünü necə ifadə etməsinə qiymətləndirici münasibətini əks etdirir. Daha konkret deyilsə, emosiyalar fəaliyyətin müvəffəqiy-yətlə icra edilməsinə ya kömək edən, ya da mane olan hər hansı bir şəraitə insanın qiymətləndirici münasibətidir. Məsələn, şərait-lə əlaqədar olaraq qorxu, qəzəb fəaliyyətə mane olduğu halda, onun yaxşı nəticəsilə bağlı əmələ gələn sevinc, fərəh səfərbəredi-ci rol oynayır. Emosiyalar fəaliyyətə münasibəti dəyişir, enerjini artırır, iradi səyi gücləndirir.




5. Fəaliyyətin iradi tənzimi.
İradə insan fəallığının xüsusi formsıdır. K.Marks göstərirdi ki, «insan nəinki təbiətin verdiyi şeyin formasını dəyişdirir: təbiətin verdiyi şeydə o öz şüurlu məqsədini də həyata keçirir, bu məqsəd bir qanun olaraq insan fəaliyyətinin üsulunu və xarakte-rini müəyyən edir və insan öz iradəsini bu məqsədə tabe etməli olur», «əməyi icra edən əzaların gərginləşməsindən əlavə, əməyin sərf edildiyi bütün müddət ərzində müəyyən məqsəd güdən iradə də zəruridir ki, bu da işə diqqət verməkdə ifadə olunur...»

İradə mürəkkəb psixi prosesdir. Onun iki mühüm funksiyası-təhriketmə və ləngitmə funksiyaları vardır. Özünün bu funksiya-larına görə iradi iş reaktiv və impulsiv davranışdan fərqlənir.

Reaktiv hərəkətlər (işlər) bilavasitə situasiya ilə şərtlənir. Uşaq dondurma görən kimi dondurma istəyir. Hər hansı bir adam adımızı çağıran kimi dönüb baxırıq. İmpulsiv (qeyri-ixtiyari) dav-ranış isə bilavasitə tələbatlarla və emosiyalarla idarə olunar. Mə-sələn, bəzi hallarda qəzəblənmiş ata impulsiv hərəkətlər edir: vurub uşağa xəsarət yetirir. Lakin... sakitləşdikdən sonra isə peş-man olur, vicdanəzabı çəkir.

İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin onları eyniləş-dirmək olmaz. Motivlərdən fərqli olaraq iradə insanı fəallığa yal-nız təhrik etmir, həm də lazım gəldikdə fəallığı ləngidir.

Fəaliyyət prosesində insanlar müxtəlif çətinliklərlə rastlaşır-lar. Görəsən, onların hamısı bu çətinlikləri eyni dərəcədə aradan qaldıra bilirmi? Şübhəsiz ki, yox! Bəs, bunu nə ilə izah etmək olar? Nə üçün eyni kursda oxuyan 2 tələbədən biri seminar məş-ğələsinə hazırlaşmağa özünü məcbur edə bilir, o birisi isə özünü lap uşaq kimi aparır, dərsə hazırlaşmaq əvəzinə maraqlı kinofilmə baxır? Bu suala cavab vermək iradənin mahiyyətini aydınlaşdırmaq deməkdir.

Biz artıq bilirik ki, insanı fəaliyyətə hər hansı bir motiv təhrik edir. Bir çox hallarda fəaliyyətə başlamaq üçün ya bu təhriklər kifayət qədər qüvvətli olmur, ya da iş prosesində onlar tədricən zəifləyirlər. İnsan bu zaman öz fəaliyyətini iradə vasitəsilə tənzim etməyə başlayır. K.Marks göstərirdi ki, «...əməyin məzmunu və onun icra üsulu fəhləni nə qədər az maraqlandırırsa, deməli, fəhlə öz fiziki və əqli qüvvələrinin hərəkətindən ibarət olan əməkdən nə qədər az zövq alırsa, ...iradə də bir o qədər artıq dərəcədə zəruridir».

Şəxsiyyət formalaşdıqca fəaliyyətin xarakteri köklü surətdə dəyişilir. Yəni şəxsiyyətin tələbatları əsasında fəaliyyətin motiv-ləri formalaşır, «motiv-məqsəd» vektoru əmələ gəlir və o fəaliy-yətin əsas struktur vahidinə çevrilir. Fəaliyyət prosesi bütövlükdə şəxsi məna kəsb edir. Bundan asılı olaraq fəaliyyətin tərkibinə daxil olan bütün idrak proseslərinin də xarakteri dəyişilir. Onlar şəxsiyyətin xüsusiyyətləri ilə şərtlənməyə başlayırlar. Beləliklə də fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya, emosiya və idrak sahələri bir-birinə nüfuz edir, onlar tədricən qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI




  1. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə Psixologiya




  1. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə Sosial psixologiya




  1. İnternet resurs: http://vu.aseu.az/









Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə