Mövzu Aqrar-sənaye müəssisələrinin infrastrukturunun iqtisadiyyatı və təşkili fənninin məzmunu və vəzifələri




Yüklə 0.68 Mb.
səhifə1/10
tarix11.04.2016
ölçüsü0.68 Mb.
  1   2   3   4   5   6   7   8   9   10
Mövzu 1. Aqrar-sənaye müəssisələrinin infrastrukturunun iqtisadiyyatı və təşkili fənninin məzmunu və vəzifələri


  1. İnfrastruktur anlayışı

  2. ASK infrastrukturunun mahiyyəti və vəzifələri

  3. ASK infrastrukturunun təsnifləşdirilməsi

  4. ASK-nın inkişafında sosial infrastrukturun rolu

1. Müasir şəraitdə, elmi–texniki tərəqqi məhsuldar qüvvələrin inkişafının sürətləndirilməsinə, ictimai əmək bölgüsünün dərinləşməsinə, iqtisadiyyatda yeni-yeni müstəqil sahələrin əmələ gəlməsinə və nəticədə son məhsul istehsalının artmasına səbəb olur. İstehsalın həcmi genişləndikcə onun xammala, köməkçi materiallara, enerjiyə, nəqliyyata, texniki təmirlə əlaqədar xidmət işlərinə və s. təlabat artır. Beləliklə, müəyyən qrup iqtisadiyyat sahələri istehsalının inkişafına xidmət işlərini yerinə yetirmək üçün formalaşaraq müəyyən qrup halında fəaliyyət göstərməyə başlayır. İqtisadiyyatın məhsuldar qüvvələrinin ayrılmaz tərkib hissəsini təşkil edən belə sahələrinə infrastruktur deyilir. İnfrastruktur latınca infra -aşağı, alt və struktur quruluş deməkdir.

İnfrastruktur maddi istehsal sahələrinin (sənaye, k/t-ı, tikinti) fəaliyyət göstərməsi üçün zəruri olan texnoloji və sosial xidmət sahələrinin və onların inkişafının məcmusudur. İctimai istehsalın inkişafı, əmək məhsuldarlığının artımı, istehsal ehtiyatlarından qənaətlə istifadə edilməsi, dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi və s. hazırda xidmət sahələrinin fəaliyyətindən xeyli dərəcədə asılıdır. İnfrastruktur maddi istehsalın ayrılmaz hissəsi kimi iqtisadi kateqoriya olub, son məhsulun artmasına xidmət edir.

Məhsul istehsalının artmasının və lazımi keyfiyyətlə istehlakçılara çatdırılmasının ehtiyat mənbələri yalnız istehsal prosesində deyil, həm də xidmət sahələrində mövcud olduğu üçün infrastruktur bölməsində buraxılan nöqsanlar bəzən əsas istehsal sahələrində buraxılan nöqsanlara nisbətən iqtisadiyyata daha böyük ziyan vurur.

2. İnfrastrukturun əsas vəzifələrindən biri istehsal müəssələrinin fəaliyyətini xidmət işlərindən azad etmək və onların diqqətini bilavasitə istehsal proseslərində cəmləşdirməkdir. Bu baxımdan hazırda kənd təsərrüfatı müəssisələrinin istehsal infrastrukturu bir neçə istiqamətdə inkişaf etdirilir. Həmin istiqamətlərə aşağıdakıları aid etmək olar: bütün nəqliyyat növləri və elektrik enerjisi ötürücüləri; bütün rabitə növləri; maddi- texniki təchizat, tədarük və satışın təşkili üzrə olan sahələr (anbarlar, soyuducular, buzxana və elevator təsərrüfatları, qablaşdırma materialları hazırlanan sexlər və s.); su təchizatı ilə bağlı olan sahələr, elmi-tədqiqat işləri və informasiya ilə məşğul olan sahələr, xüsusi xidmət sahələri (aqrokimya, bitki mühafizəsi, baytarlıq , süni mayalandırma və s.) .

Məlumdur ki, bu xidmət sahələrinin ölkəmizdə ərzaq məhsulları istehsalının artırılmasında böyük rolu vardır.

Müasir şəraitdə bazar iqtisadiyyatına keçidin son mərhələsində, sahibkarlığın inkişafı sahəsində dövlətin aqrar siyasətinə müvafiq olaraq kənd təsərrüfatında geniş miqyasda anbar elevator, soyuducu və buzxana təsərrüfatı, iri və xırda həcmli emal müəssisələri tikilməsinə, kəndlərə qaz və su çəkilməsinə, onların elektrik enerjisilə təchizatının artırılmasına diqqət artırılmışdır.

ASK sistemində əvvəllər infrastruktur əsasən kənd təsərrüfatı ilə istehsal vasitələri istehsalı sahələri və kənd təsərrüfatı məhsulları emalı sahələri arasında əlaqə yaradılır. Sonralar əmək bölgüsünün dərinləşməsi ilə əlaqədar müstəqil fəaliyyət göstərən infrastruktur istehsal və sosial xarakterli, geniş əhatəli xidmət şəbəkəsi kimi formalaşaraq ASK da sahələr arasında əlaqə yaratmaqla kompleksin səmərəli fəaliyyət göstərməsinə real təminat verməyə başlamışdır.

ASK hər şeydən əvvəl sabit sahələrarası əlaqələr sistemi olduğu üçün infrastruktura kompleks əmələ gətirən elementlər kimi baxmaq olar.

İnfrastrukturun bir qrup elementləri (yol-nəqliyyat təsərrüfat sistemi, rabitə və informasiya xidməti, maddi-texniki təchizat, enerji təminatı və s.). ASK-nın bütün sferalarına, digər qrup elementləri (tədarük, anbar və buzxana təsərrüfatları, qablaşdırma və s. xidmət sahələri) isə yalnız kənd təsərrüfatına və emal sənayesi sahələrinə, başqa bir qrup elementləri (təmir və texniki xidmət, meliorasiya, su təminatı, aqrokimyəvi xidmət, bitgi mühafizəsi xidməti sistemi, baytarlıq xidməti, süni mayalandırma, yem və toxum hazırlanması və elmi təminat) isə bilavasitə kənd təsərrüfatı istehsalına xidmət edir.

İnfrastruktur müxtəlif istiqamətli milli iqtisadiyyat sahələrinin məcmusu kimi təkrar istehsal prosesinin normal həyata keçməsinə xidmət göstərir. Istehsalata bilavasitə xidmət edən sahələrə istehsal infrastrukturu deyilir. Kənd təsərrüfatında infrastruktura torpaq, iqlim şəraiti, relyef, su ehtiyatları, istehsalın yerləşməsi, texnologiyanın xüsusiyyətləri və s. şərtlər təsir göstərir. Bu şərtlərə uyğun olaraq infrastrukturun tərkibində müəyyən dəyişikliklər edilir. Məsələn, istehlak mənbələrindən aralı, lakin əlverişli torpaq-iqlim şəraitində tərəvəz istehsal etdikdə tol-nəqliyyat təsərrüfatının və qablaşdırma materialları hazırlanması ilə məşğul olan sexlərin inkişafına; südçülük-kartofçuluq təsərrüfatında südün daşınması ilə əlaqədar xüsusi təyinatlı nəqliyyat vasitələrilə yanaşı, südün və kartofun saxlanması üçün anbar və soyuducu təsərrüfatların genişləndirilməsinə də fikir verilməsi vacib məsələlərdəndir.

İnfrastruktur məhsul istehsalı prosesində bilavasitə iştirak etmir, lakin təkrar istehsalın başqa mərhələlərinin bilavasitə iştirakçısına çevrilir. Məsələn, infrastrukturun nəqliyyat-təmir işləri, maddi-texniki təchizat və s. ilə məşğul olan sahələri istehsal prosesinin səmərəli fəaliyyəti üçün zəruri hazırlıq işlərinin yerinə yetirilməsinə, aqroservis, baytarlıq, texniki xidmət və s. istehsal prosesinin fasiləsiz fəaliyyətinə köməklik göstərilməsinə; saxlanma, daşınma, qablaşdırma, ilkin emal, satış və s. ilə əlaqədar inkişaf etdirilən sahələr istehsal-istehlak əlaqələrinin müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edir.
3. İnfrastruktura daxil olan sahələr istehsal prosesinə birmənalı təsir etmirlər və istehsal sistemində özünə uyğun yer tutur. Bununla əlaqədar infrastruktur sahələrini onların öz əsas istiqamətlərinə görə təsnifləşdirilməsi mühüm praktiki əhəmiyyət kəsb edir. İnfrastrukturun təsnifləşdirilməsi ictimai təkrar istehsal sistemində istər ayrı-ayrı elementlərin, istərsə də bütün sahələrin yerini müəyyən etməyə imkan verir. O sahələrarası əlaqələrin öyrənilməsinə, əsas istehsal və xidmət sahələri arasında optimal praporsiyanın qurulmasına (müəyyən edilməsinə) kömək edir. Bu baxımdan infrastruktur ünsürlərinin çoxplanlı xüsusiyyətlərini nəzərə alaraq onları konkrat əlamətlərinə görə təsnifləşdirmək qeyri mümkündür.

Bununla belə ASK-i infrastrukturunun bütün ünsürlərini dörd əlamətə görə təsnifləşdirmək olar:



  1. İstehsal prosesinə təsir dərəcəsinə görə;

  2. Sahə əlamətinə görə;

  3. Ərazi əlamətinə görə;

  4. Funksional təyinatına görə.

1) İstehsal prosesinə təsir dərəcəsinə görə - istehsal və infrastruktur sahələrinə ayrılır.

2) Sahə əlamətinə görə - sahələrarası və sahədaxili infrastruktur sahələrinə bölünür.

3) Ərazi əlamətinə və istehsala xidmət səviyyəsinə görə - Xalq təsərrüfatı, regional və lokal müəssisə, infrastruktur sahələrinə bölünür.

4) Funksional təyinatına görə isə ASK infrastrukturunda iki əsas sferanı göstərmək olar.

1) İstehsal prosesinə təsir dərəcəsinə görə istehsal infrastrukturu bilavasitə istehsalata xidmət göstərən xidmət sahələrinə deyilir.

Sosial infrastruktur - əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, iş qüvvəsinin təkrar istehsalına və konkret sahələrdə onların (işçilərin) normal fəaliyyətinə şərait yaradan sahələrə deyilir.

2) ASK infrastrukturun sahə əlamətinə görə bölgüsü – istehsal təyinatına və xüsusiyyətinə görə infrastruktur sahələrarası və sahədaxili strukturuna ayrilir. Sahələrarası infrastruktur funksional təyinatına görə ASK-nın əksər və ya bir neçə sahəsinə xidmət edir. Buraya nəqliyyat, elektrik təchizatı yol təsərrüfatı, rabitə, qaz təchizatı kimi xidmət növləri daxil edilir. Sahədaxili infrastruktur yalnız aqrar –sənaye kompleksinin konkret sahəsinə xidmət göstərir. Məsələn, bitkiçilikdə toxumçuluqla əlaqədar olan xidmət işləri, torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılması və yararlı hala salınması, heyvandarlıqda baytarlıq xidməti işlərinin təşkili sahədaxili xidmətlərə aid edilir.

3) Ərazi əlamətinə görə və istehsala xidmət səviyyəsinə görə bütövlükdə xalq təsərrüfatı, ayrı-ayrı regionların infrastrukturu (konkret ərazinin infrastrukturu), müəssisə və ya lokal infrastrukturuna ayrılır. Xalq təsərrüfatı infrastrukturuna ölkə üzrə istehsal və qeyri istehsal sahələrinin normal fəaliyyət göstərməsinə xidmət edən sahələr aid edilir. Buraya xalq təsərrüfatı komplekslərinin (aqrar-sənaye, yanacaq-energetika, tikinti və s.) infrastrukturu, həmçinin vahid energetika, nəqliyyat, təchizat sistemləri daxildir.

Regional struktura müəyyən ərazi (iqtisadi rayon, muxtar respublika, vilayət və s.) üzrə ictimai istehsalın fəaliyyətinə şərait yaradan xidmət ünsürlərinin (elementlərinin) məcmusu aid edilir. Buna misal olaraq torpağın meliorasiyası tədbirlərini həyata keçirən təsərrüfat sistemi, respublika əhəmiyyətli yollar və s. regional infrastrukturu səciyyələndirir.

Lokal infrastruktur müəssisə səviyyəsində formalaşan və ona xidmət göstərən sahələri özündə birləşdirir. Təsərrüfat daxili və təsərrüfatlararası yolların salınması, maşın və alətlərin təmiri, xidmət işlərinin səmərəli təşkili, elektrik təchizatı, anbar və soyuducu təsərrüfatlarının inkişafı, aqroservis şəbəkəsinin genişləndirilməsi və s. lokal (müəssisə) infrastrukturunun inkişafını əks etdirən başlıca istiqamətlərdir.

4) Funksional təyinatına görə ASK infrastrukturunda iki əsas sferanı göstərmək olar:

1. Bilavasitə kənd təsərrüfatına xidmət göstərən sahələr

2. Son məhsulun istehlakçıya çatdırılmasını təmin edən xidmət sahələri

ASK infrastrukturunun birinci sferasına aşağıdakı xidmət sahələri daxildir: Bilavasitə kənd təsərrüfatı sahələrinə xidmət göstərən xidmət sahələri-maşın və avadanlıqların texniki təmiri, texniki xidmət müəssisələri, nəqliyyat, meliorasiya və su təchizatı, aqrokimya xidməti, baytarlıq xidməti, informasiya, maddi texniki təchizat, bitki mühafizə sistemi, elektrik təchizatı xidməti.

ASK infrastrukturunun ikinci sferasına son məhsulun istehlakçıya çatdırılmasını təmin edən xidmət sahələrinə əsasən, məhsulların tədarükü, daşınması, məhsulların saxlanması və məhsulların satışının təşkili kimi xidmət sahələri daxildir.

İnstitusional infrastruktur-istehsalata faydalı, lakin qeyri məhsuldar xidmət göstərən sahələrə deyilir. İnstitusional infrastrukturun funksional təyinatı ictimai faydalı qeyri- məhsuldar (elm sahələrində, idarəetmədə, hüquq mühafizə, maliyyə-kredit və müdafiə xarakterli) xidmətlərin göstərilməsi deməkdir. Belə ki, elmi tədqiqatlardan irəli gələn xidmət işləri-kənd təsərrüfatı bitkilərinin və heyvanlarının məhsuldarlığına təsir edən mineral gubrələrin, herbisidlərin, insekstidlərin, bitki və heyvan xəstəlikləri, zərərvericilərinə qarşı işlədilən kimyəvi dərmanların, vitaminlərin, qarışıq yemlərin ən yaxşı növünü, ekoloji cəhətdən ən səmərəlisini müəyyən edib təsərrüfatlara tövsiyyə etmə xidmətinin həyata keçirilməsini təmin edir.

Kənd yerlərində asayişi mühafizə etmədə, hüquq mühafizə orqanlarının xidməti, müdafiə xarakterli xidmət (cəmiyyət səviyyəsində) və s.

4. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına iş qüvvəsinin təkrar istehsalına və konkret sahələrdə onların normal fəaliyyətinə şərait yaradan xidmət sahələrinə sosial infrastruktur deyilir.

Sosial infrastruktur bilavasitə istehsal prosesində iştirak etməsə də və istehsal dəyəri yaratmasa da o, məhsuldar qüvvələrin əsas tərkib hissəsi olan insanlar üçün normal həyat şəraiti yaradılmasında işçi qüvvəsinin təkrar istehsalı prosesində bilavasitə iştirak edir.

Kənd yerlərində əhaliyə göstərilən xidmət sahəsinin inkişafı, kənd əməkçilərinin maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsi və iş qüvvəsinin geniş təkrar istehsalı üçün əlverişli şərait yaratmaqla onların ictimai istahsal prosesində və şəxsi həyatında da məhsuldar iştirak etməsini təmin edir.

ASK sistemində bazar iqtisadiyyatının inkişafı, kənd yerlərində sahibkarlığın formalaşması və yaranması şəraitində kənd əməkçilərinin tələb və qayğılarına diqqət, onların cəmiyyətin və istehsalın idarə olunmasına cəlb edilməsi, sosial-iqtisadi fəallığının artırılması mühüm əhəmiyyət kəsb edir.

Aqrar sənaye kompleksi sistemində çalımi mənzil-məişət və mədəni şərait yaratmadan, onların asudə vaxtını səmərəli təşkil etmədən, ümumi intellektual və peşə səviyyəsinin yüksəldilməsinə qayğı göstərilmədən kənd təsərrüfatı və bütövlükdə aqrar sənaye kompleksinin institusional və sosial infrastrukturu qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səmərə ilə yerinə yetirilməsi qeyri-mümkündür.

Bütün bunlar kəndin sosial iqtisadi simasının dəyişilməsində, onun yeni mənzərə və görkəmə çıxarılmasında azad Azərbaycan kəndinin ümumi inkişaf proqramının işlənib hazırlanmasını və tezliklə həyata keçırılməsini ön plana çəkir.

90-cı illərdə kəndin sosial inkişafına dövlət büdcəsindən ayrılan əsaslı vəsaitlərin həcminin son dərəcə azaldılması, qiymətlərin buraxılması, əmək tempinin artım tempi ilə qiymətlərin artım tempi arasında xeylı fərqin olması və əməkçilərinin il uzunu alın təri ilə qazandıqları cüzi məbləğdə əmək haqqının kənd təsərrüfatı müəssisələri tərəfindən gecikdirilməsi və ya heç verilməməsi üzündən əhalinin həyat səviyyəsi günü-gündən pisləşmiş və sosial infrastruktur sahələrinin xidmətlərindən əhalinin istifadə qabiliyyəti aşağı düşmüş və kənddə bir çox xidmət sahələrinin fəaliyyəti dayanmışdır. Bunun da nəticəsində kənd təsərrüfatı sahələrində çalışanların sayı ildən-ilə azlmağa başlamışdır.

Əhalinin can sağlığına qayğı ən mühüm vəzifələrdən biridir.Onların sağlamlığı nı qorumaq və ömrünü uzatmaq, səhiyyə idman və bədən tərbiyəsini inkişaf etdirmək, ictimai istehlak fondlarının yerinə yetirdiyi mühüm vəzifələrdən biridir.

Ölkənin iqtisadiyyatı inkişaf etdikcə həm ictimai istehlak fondlarının özünün həcmi, həm də bu fondlardan səhiyyə sisteminin inkişafına ayrılan hissə artır. Respublikada səhiyyə sisteminə dövlət tərəfindən əsaslı vəsait qoyuluşu ictimai istehlak fondlarından istifadə edilməsinin ən mühüm istiqamətlərindən biridir. Keçən əsrin son illiyində ölkədə baş verən siyasi və iqtisadi proseslər, uzun sürən müharibə vəziyyəti ölkənin iqtisadiyyatını sarsıtmış və əhalinin sosial vəziyyəti bununla əlaqədar pisləşmiş, təhsilə, səhiyyə və sosial infrastrukturun digər sahələrinə əsaslı vəsait qoyuluşu azalmışdır. Bu da özünü əhaliyə səhiyyə və digər xidmətlərin pisləşməsində göstərmişdir. Lakin son illərdə dövlət göstərilən xidmət sahələrinin (səhiyyə, təhsilə) inkişafına əsaslı vəsait qoyuluşunu xeyli artırmışdır. Bu da adamların sağlamlığını möhkəmlətmək məqsədilə yüksək ixtisaslı tibbi xidmətin bütün növlərinin inkişaf etdirilməsinə, kadr hazırlığına, sahənin maddi-texniki bazasının inkişaf etdirilməsinə diqqət xeyli artırılmışdır. Belə ki, əhalinin hər on min nəfərinə düşən xəstəxana müəssisələrinin sayı 25, xəstəxana çarpayılarının sayı isə 8,9 min çarpayı çoxalmışdır. Bütün bunlara baxmayaraq, respublikanın kənd yerlərində səhiyyə xidməti işi çox aşağı səviyyədədir. Kənd yaşayış məntəqələrinin bir çoxunda heç bir səhiyyə ocağı yoxdur. Hər on min nəfərə düşən həkimlərin sayına görə kəndlərimiz şəhərlərimizdən çox geri qalır.

Sosial sahənin mühüm məsələlərindən biri mənzil problemidir. Kənd yerlərində mənzil problemi - kəndin özünəməxsus üstünlüklərindən istifadə olunmaqla həll edilməlidir.



Mövzu 2. Aqrar sənaye məssisələrinin istehsal infrastrukturunun formalaşması və inkişafı

  1. Kənd təsərrüfatı müəssisələrində istehsal infrastrukturunun formalaşması və inkişafı

  2. Aqromarketinq strukturunun formalaşması – aqromarketika fəaliyyəti

  3. Kənd təsərrfatı məhsulları marketinqi

  4. K/t məhsulları satışının təkmilləşdirilməsində fyuçers ticarətinin rolu

1. ASK sistemində müəssisələrin istehsal infrastrukturunu təyinatına görə nəzərdən keçirdikdə məlum olur ki, onun bir qrup elementləri həyat şəraitinin normal fəaliyyətinə (elektrik, istilik, qaz sistemləri, bitki mühafizə və baytarlıq xidmət işləri və s.), ikinci qrup elementləri (anbar, soyuducu və elevator təsərrüfatları) məhsul istehsalının səmərəli formada saxlanmasına; üçüncü qrup elementləri hazır məhsul, xammal və materialların yerdəyişməsi ilə əlaqədar olan işlərin görülməsinə (maddi-texniki təchizat, tədarük, nəqliyyat və s) dördüncü qrup elementləri (ticarət və ictimai iaşə) məhsul satışı işlərinə xidmət edir. Deməli infrastruktur məhsul istehsalı və onun təkrar istehsalı prosesində hərəkəti ilə əlaqədar işlərin səmərəli getməsinə əlverişli şərait yaratmaq üçün ixtisaslaşmış formada xidmət işləri həyata keçirir.

İstehsal infrastrukturunun bir çoxu kənd təsərrüfatı müəssisələrində əsas fondların tərkibinə daxil olaraq onun maddi-texniki bazası kimi məhsul istehsalında böyük rol oynayır.O özünün təchizat sistemi vasitəsilə həm də maddi texniki bazanın möhkəmlənməsində fəal iştirak edir.

1986-1989-cu illərdə SSRİ Dövlət Aqrosənaye Komitəsinin Baş Maddi-texniki Təchizat İdarəsi öz işini SSRİ Dövlət Plan Komitəsi və Dövlət Aqrosənaye komitəsi ilə əlaqəli olan digər nazirlik və idarələrlə əlaqələndirməklə ASK-nın müəssisə və təşkilatların onlara ayrılmış (limitləşdirilmiş) fondlar əsasında hər növ maddi texniki vasitələrlə təmin edir və müəyyən xidmətlər göstərirdi. Belə işlərə (xidmətlərə) metalların, yoğun məftillərin, metal təbəqələrinin müəyyən ölçülərdə kəsilməsi, ağac materiallarının doğranması, hazır məhsulların qablaşdırılması, sement və digər materialların xüsusi qablarda təsərrüfatlara çatdırılması və s. aiddir. Onlar həmçinin öz nəqliyyat vasitələrilə mərkəzləşdirilmiş qaydada kənd təsərrüfatı müəssisələrinə maşın və mexanizmlər kompleksi, ehtiyat hissələri və s. Göndərmək, köhnələrək sıradan çıxan maşın və avadanlığın bərpasını etmək, təminat müddətində istismar olunan maşınların sıradan çıxan hissələrinin dəyişmək və s. ilə əlaqədar işləri də yerinə yetirirdilər. Təchizat xidməti sahələri kənd təsərrüfatına və ASK-nın digər obyektlərinə göndərilən texnikanın və ehtiyat hissələrinin keyfiyyətinə, onların sərbəst formada birinin digəri ilə dəyişdirilməsi üçün mübadilə fondunun yaradılmasına və s. nəzarət funksiyasıni da həyata keçirirdilər.

Təchizat idarəsi ittifaq və respublikalar səviyyəsində bir neçə bölmə və yarım bölmələrdən ibarət idi. Material ehtiyatları üzrə təchizat idarəsi bölməsi aqrar sənaye istehsal sahəsini yanacaq, kimyəvi vəsaitlər, rezin məmulatlatlar, avtomobil, traktor, kənd təsərrüfatı texnikası, texnoloji qurğular, ehtiyat hissələri, metal alətlər, elektrotexniki məlumatlar, iş gedişləri, texniki və ağac materialları və s. ilə təmin edirdi. Bu bölmənin yarımbölməsi qablaşdırma, xammal və material təchizatı kimi işlərlə də məşğul olurdu. Digər bölmənin yarımbölmələri təchizat sistemi müəssisə və təşkilatlarda material ehtiyatlarından səmərəli istifadənin təşkili-iqtisadiyyatı, texnologiyası kimi vəzifələri yerinə yetirirdilər. Aqrar sənaye istehsalını xüsusi təyinatlı mallar ilə təmin etmək üçün təchizat sistemi tərkibində ixtisaslaşdırılmış təchizat birliyi də təşkil edilmişdir. Respublikaların vilayətlərin, rayonların aqrar sənaye birlikləri öz xidmət sahələrində olan müəssisə və təşkilatları maşın, avadanlıq, ehtiyyat hissələri, xammal, inşaat materilları , metal və digər fondlaşdırılmış istahsal-texniki təyinatı məhsullar ilə təmin edirdilər.

Rayon səviyyəsində təchizatı xidməti bölməsinin mütəxəssisləri qüvvədə olan normativ sənədlərin əsasında rayona ayrıla biləcək fondun müqabilində təsərrüfatların maliyyə imkanlarını nəzərə alaraq onların texnikaya tələbatını ödəmək üçün əsaslandırılmış sifariş müqavilələrin işlənib hazırlanmasına yaxından köməklik göstərir, təchizatın təşkilinin təkmilləşməsində iştirak edirlər.

1980-ci ilin ikinci yarısında təşkil olunmuş maddi-texniki təchizatın müəyyən müsbət cəhətlərilə yanaşı nöqsanlı cəhətləri da var idi. Belə ki, bir istehlakçı kimi kənd təsərrüfatı müəssisələri öz tələblərini material-texniki vasitə istehsalçıları qarşısında birbaşa qoya bilmədikləri üçün əlaqələr qarşılıqlı yox, əsasən birtərəfli olurdu. Çünki, istehlakçı kimi kənd təsərrüfatı müəssisəsi bağladığı müqaviləyə əsasən maddi-texniki ehtiyatların keyfiyyətindən asılı olmayaraq almaq məcburiyyətində qalırdı. Bununla yanaşı, xidmət qiymətlərinin artırılması və s. bu kimi yol verilməz tədbirlər praktikası şəraitində kənd təsərrüfatının təchizatında irəliləyiş yox idi. Əslində aqrar bölmədə çalışan rəhbər işçilər və mütəxəssislər çox zaman çox vaxt əsas istehsaldan ayrılaraq, təchizatla əlaqədar olan işlərdəki çatışmazlıqların aradan qaldırılması ilə məşğul olurdular. Belə şəraitdə kənddə istehsal-texniki xidmət işlərinin səhmana salınması tələb edilirdi. Bunun mühüm yollarından biri istehsal-texniki xidmətin kooperativ formasının inkişaf etdirilməsidir.

Respublikada aqrar islahatların həyata keçirilməsi nəticəsində və çoxukladlı təsərrüfat formalarının meydana gəlməsi, kəndli (fermer) təsərrüfatların və digər sahibkarların yaranması ilə əlaqədar olaraq maddi-texniki təchizatda yeni münasibətlərin yaranması zəruriyyəti yaranır. Belə ki, azad sahibkarlar öz vəsaitlərini daha məhsuldar maşın və mexanizm alınmasına sərf edəcəkləri təqdirdə təchizatın yeni mütərəqqi formaları meydana gəlməyə başlayır. Belə formalardan biri maddi-texniki ehtiyatların topdansatış ticarəti qaydası ilə istehlakçıya çatdırılması və ASK-i sistemində aqrolizinq fəaliyyətinin inkişafıdır.

Təchizatın təkmilləşdirilməsində kommisyon ticarətinin genişləndirilməsinə da səy göstərmək lazımdır. Təsərrüfatlarda artıqlıq təşkil edən müəyyən istehsal vasitələri ehtiyacı olan təsərrüfatlara komisyon ticarəti yolu ilə satılması da məqsədə uyğundur.

İstehsalçılar ilə istehsal müəssisələri arasında qarşılıqlı istehsal münasibətlərinin təkmilləşməsinə xeyli təsir göstərən vasitələrdən biri də topdansatış yarmarkalarının təşkilidir.Bu istehsal vasitələri istehsal edən müəssisələrin istehlakçı müəssisə və təşkilatların tələblərinin daha düzgün müəyyənləşdirilməsinə imkan verir. Yarmarkalarda yeni maşın və alət nümunələri nümayiş etdirməklə alıcıların onlara münasibəti-tələbi öyrənilir.

Təchizatın təkmilləşdirilməsində auksion qaydasından da istifadə edilməsi məqsədə uyğundur. Belə qayda əvvəlcədən müəyyən edilmiş vaxtda və təyin edilmiş yerdə bəzi maşınların (istehsal vasitələrinin) ayrıca dəstələrlə satışının təşkilidir. Auksionda mallar (yaxud onların nümunələri) baxış üçün əvvəlcədən nümayiş etdirilir.

Maddi-texniki təchizatın göstərilən qaydalarda təşkili kənd təsərrüfatı müəssisələrinə, kəndli (fermer) təsərrüfatlarına və sahibkarlara lazım olan daha məhsuldar maşın və avadanlıqları seçib almağa və istehsalata tədbiq etməyə imkan verə bilər, eyni zamanda texniki vasitələrin bu qayda da satışı əvvəllərdə mövcud olan artıq həlqələrin aradan qaldırılmasını, əlavə xərclərin əmələgəlməsinə yol verilməsinə və istahsal səmərəliliyinin yüksəldilməsinə şərait yaratmaqla, həm də istehsal infrastrukturunun effektli fəaliyyət göstərməsinə şərait yarada bilər.

İstehsal infrastrukturunun tərkibində əsas yerlərdən birini də nəqliyyat və yol xidməti sahəsi tutur. Kənd təsərrüfatı məhsullarının daşınması və istehlakçıya çatdırılmasında və istahlakçıya çatdırılmasında inteqrasiya və kooperasiya olunan sahələr arasında əməli əlaqə yaradılmasında yol nəqliyyat xidmətinin müstəsna əhəmiyyəti vardır. Təchizat və satış bazaları ilə müəssisələr arasında, xammal mənbələri ilə emaledici sahələr arasında əlaqələrin asanlaşdırılmasında, kənd təsərrüfatı məhsullarının vaxtında daşınması üçün nəqliyyat vasitələrindən geniş istifadə edilir. Nəqliyyat vasitələri ilə kənd təsərrüfatında yalnız hazır məhsulu deyil, həm də məhsul istehsalına lazım olan istehsal vasitələri də daşınılır.

Nəqliyyat xidməti işlərinin səmərəliliyi yükün daşınma məsafəsindən, nəqliyyat vasitələrinin hərəkət surətindən , yükqaldırma qabiliyyətindən, yüklərin doldurulması və boşaldılması işlərinin təşkilindən, nəqliyyat növünün və marşrutun seçilməsindən asılıdır. Kənd təəsrrüfatı müəssisələrində yüklərin xarakterindən asılı olaraq nəqliyyat növlərinin seçilməsinin xüsusi əhəmiyyəti vardır. Bu məqsədlə nəqliyyat vasitələri istehsalında xüsusi təyinatlı və müxtəlif yükqaldirma qabiliyyətli maşınların istehsalı kənd təsərrüfatı yüklərinin xarakterinə daha yaxından uyğunlaşdırılmalıdır. Tez xarab olan yüklərin vaqonlarla və avtomobil-refrejeratorlarla daşınmasına böyük ehtiyac vardır.

Nəqliyyat işlərinin səmərəli təşkili, sahələrarası əlaqələrin inkişaf etdirilməsi, ümumiyyətlə nəqliyyat işlərinin effektivliyi yolları vəziyyətindən və yol xidməti işlərindən xeyli asılıdır. Azərbaycanda bərk örtüklü yolların ümumi uzunluğu 27,9 min km-dir. Hər 100 ha kənd təəsrrüfatına yararlı torpaq sahəsinə görə bərk örtüklü yolların uzunluğu isə 0.7 km təşkil edir.

Müasir şəraitdə təəsrrüfatlararası və təəsrrüfatdaxili yolların texniki vəziyyətinin pis olması nəticəsində kənd təəsrrüfatına ildə milyardlarla ziyan dəyir, çünki bu yollarda işləyən maşınların sayı artmaqla yanaşı, həm də tez sıradan çıxması onlara tələbatı artırır, yük daşınmasında yanacaq – sürtgü materialları sərfi çoxalır. Əksər hallarda yüklərin vaxtında çatdırılması ləngiyir, hətta məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Belə vəziyyətdə yollarda nəqliyyatın hərəkət sürəti 2-2.5 dəfə aşağı düşür, daşınma işlərinə xərclər 3-5 dəfə yüksəlir.

Nəqliyyat – yol xidmətinin yaxşılaşmasına yüklərin doldurulması-boşaldılması işlərinin mexanikləşmə səviyyəsinin artması və müxtəlif nəqliyyat növlərinin faydalı əlaqələndirilməsi də xeyli müsbət təsir göstərir.

İstahsal infrastrukturunun tərkibində əsas elementlərdən biri də baytarlıq xidmətidir. Buraya profilaktika və dezinfeksiya işləri, heyvanların dərilərinin təmizlənməsi əməliyyatı, qısırlığa qarşı profilaktik tədbirlər və s. daxildir. Bu xidmət sahəsinin əsas vəzifəsi heyvanların sağlam və gümrah saxlanmasının təmin olunmasına nail olmaqdır. Bundan başqa baytarlıq müalicəxanaları mövcuddur ki, burada da xəstə heyvanları müasir dərman vasitələrinin köməyi ilə müalicə edirlər.

Lakin son zamanlar respublikada mövcud vəziyyətlə əlaqədar olaraq maldarlıqda baytar-profilaktika tədbirləri lazımi səviyyədə aparılmadığından, hər il çoxlu miqdarda mal-qara tələf olur. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq xəstə heyvanlar kəsilir və əhaliyə satılır. Xüsusən cins mal-qara, yeni doğulan cavan mallar yüksək məhsulvermə qabiliyyətini itirərək nəticədə çıxdaş edilir. Hazırda fermalar lazımi baytarlıq ləvazimatı və dərmanlarla təmin olunmur; doğar mal-qara arasında qısırlıq faizi yüksəlir; cinsi yetişkənlik və cütləşmə dövrü gecikir; inəklərin boğazlığı müayinə edilib yoxlanılır, nəticədə maldarlığın elmi əsaslarla inkişafı ləngiyir. Bütün bu cür çox zərərli halların aradan qaldırılmasını təmin etmək üçün maldarlığa baytarlıq xidməti bazar iqtisadiyyatına uyğun təşkil edilməli, onun səviyyəsi səhiyyə xidməti səviyyəsinə qaldırılmalıdır.

Respublakımızda seleksiya-damazlıq və baytarlıq xidmətinin Dövlət və sahibkar Özəl sistemi əsasında təşkili vacib məsələlərdən biridir. Buna görə da özəlləşdirmə ilə əlaqədar olaraq seleksiya, damazlıq işləri, süni mayalandırma və baytarlıq-profilaktiki təbliğatın aparılması zəruridir.

Bazar iqtisadiyyatı şəraitində ASK-nın istehsal infrastrukturunun inkişafında bir sıra yani xüsusiyyətlər meydana gəlməyə başlamışdır. Bu barədə sonrakı mühazirələrdə qeyd ediləcək.


  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə