Mirzə Fətəli Axundovun fəlsəfəsi Mirzə Məhəmməd Tağı oğlu Mirzə Fətəli Axundov




Yüklə 12.58 Kb.
tarix25.04.2016
ölçüsü12.58 Kb.
Mirzə Fətəli Axundovun fəlsəfəsi
Mirzə Məhəmməd Tağı oğlu Mirzə Fətəli Axundov (1812– 1878) görkəmli ədib, alim və filosof kimi Azərbaycan mədəniyyəti tarixinə daxil olmuşdur. Zaqafqaziyadakı dövlət idarələrində çalışan M.F.Axundov polkovnik rütbəsinə qədər yüksəlmişdir. Ərəb, fars, fransız dillərini mükəmməl bilmişdir. Azərbaycan dramaturgiyasının banisi olan M.F.Axundov Səbuhi təxəllüsü ilə şerlər, «Puşkinin ölümünə Şərq poemasını» yazmışdır. Bəşəriyyətin elm, fəlsəfə və mədəniyyət tarixini tam halında nəzərdən keçirən M.F.Axundov Qədim Şərq, Yunanıstan və müsəlman Şərqinə aid mərhələləri fərq­ləndirmiş, onların arasındakı bağlılığı, varislik əlaqələrini görmüş­dür. Böyük alim yazırdı ki, ərəblər elmlərin rüşeymləri ilə ilk dəfə Aristotel, Hippokrat, Qalen, Platon və başqalarının əsərləri vasitə­silə tanış olmuşdur. Qədim yunanlar da öz növbəsində qədim misirlilərdən, hindlilərdən, iranlılardan və finikiyalılardan çox şey əxz etmişlər. M.F.Axundov «Həkimi– ingilis Yuma cavab», «Yek kəlmənin tənqidi» məktubları, «Babilik əqidələri», «Mollayi Ruminin və onun təsnifinin babında» və s. əsərlərində fəlsəfənin bu və ya digər məsələləri haqqında özünün orijinal fikirlərini söyləmişdir.

Materialist filosof və yazıçı M.F.Axundovıın (1812-1878) fəlsəfi yaradıcılığı dünyanın ictimai və fəlsəfi fikrini mənimsəyib, yenidən nəzərdən keçirib və inkişaf etdiribdir. Onun fəlsəfi görüşlərinin bilavasitə nəzəri qaynaqları Şərq, rus, Avropa mədəniyyəti və fəlsəfəsi olmuşdur. Hərtərəfli biliyə malik olan Axundov 1863-1866-cı illərdə «Hindistan şahzadəsi Kəmalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə yazdığı üç məktub və Cəmalüddövlənin ona göndərdiyi cavab» adlı fəlsəfi əsərini yazır.

Axundovun fəlsəfi irsində dinin tənqidi mərkəzi yer tııturdu. O, elm və dini bir-birinə qarşı qoyur, onların bir araya sığışmadığını sübut etməyə çalışırdı. Axundov dini tərəqqi yolunda ən böyük mane hesab edirdi. O, yazırdı: “..İslam dini meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə elmlərin durğunluğunun, dəhşətli despotizmin əmələ gəlməsinin səbəblərini və ümumiyyətlə, asiyalıların mədəniyyət və tərəqqi işlərinə qarşı laqeydlik və etinasızlığının səbəblərini heç kəs başa düşməmişdi. Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təşkil edir və o, öz dühası ilə, həqiqətən kəşf edə bilmişdi ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidir”.

Axundov öz sosial-siyasi idealının həyata keçirilməsində insan ağlına böyük ümid bəsləyir və göstərirdi ki, elm, maarif tərəqqinin əsas amilidir.

Axundova görə dünyanın əsası maddidir, təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən əbədi və sonsuz maddi substansiyanın təzahürü, öz-özünün səbəbidir, mövcud olması üçün heç bir təbiətüstü varlığa ehtiyacı yoxdur. İdrak məsələsində Axundov materialist sensualizm mövqeyində dayanır və hissi idrakın rolunu həlledici hesab edirdi.

Axundov ədəbiyyat və incəsənəti həyat həqiqətinin bədii üsullarla əksedilməsi kimi qiymətləndirirdi. O, eyni zamanda bədii yaradıcılıqla da məşğul olmuş, beş komediya, povest, şerlər və s. yazmışdı.

Axundovun elmi yaradıclığında sosial-siyasi problemlər böyük yer tutur. O, feodal qayda-qanunlarını və despotik dövlət quruluşunu tənqid edir, ictimai həyatın ədalət əsasında yenidən qurulmasını tələb edirdi. 1850-ci illərdə Axundov maarifpərvər ədalətli hökmdara ümid bağlayırdı. 60-cı illərdə isə o, konstitusiyalı monarxiya fikrini irəli sürürdü.

Axundov hesab edirdi ki, azadlıq insanın təbii hüquqüdur, insanın inkişaf etməsinin zəruri şərtidir. Odur ki, hər bir fərd öz fikirlərini azad surətdə söyləmək, azad şəkildə təbliğ etmək, yaşamaq hüququna malikdir. Axundov insan azadlığı problemini insan hüquqlarının tam təmin edilməsi ilə əlaqələndirir və insan hüququnu tapdalayan quruluşun məhvi məsələsini qəti şəkildə qoyurdu.



Ümumiyyətlə, M.F.Axundovun fəlsəfi dünyagörüşünün formalaşmasına qədim və orta əsr Şərq fəlsəfəsi ilə yanaşı, Qərbi Avropa filosoflarının da xüsusilə Spinoza, Holbax və Feyerbaxın, XVII əsr fransız maarifçiləri və XIX əsr rus inqilabçı– demokratlarının təsiri böyük olmuşdur. Sxolastika və mistikanın hökm sürdüyü Şərq mühitindən çıxmasına baxmayaraq, M.F.Axundov bir materialist kimi formalaşa bilmişdir. Böyük alim varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini söyləyərək dünyanın Allah tərəfindən, heçdən yaranması fikrini qəbul etməmişdir. Varlıq təkdir, yaradan da, yaranan da odur, o, özü– özünün səbəbidir. «Bu kainat bir vahid, qadir və kamil vücuddur, əvvəli də budur, axırı da budur. Nə ondan qabaq başlanğıc olmuşdur, nə də ondan nəhayət olacaqdır. Zaman onun tələblərindən, məkan isə keyfiyyətlərindən sayılır». Sırf ateist mövqelərindən çıxış edən M.F.Axundov dinin axirət və ruhun ölməzliyi haqqındakı ehkamlarını qəbul etmirdi. M.F.Axundov Azərbaycan fəlsəfəsinin peripatetiklik, işraqilik, panteizm ənənələrinə əsaslanaraq onlardakı istedadlı və dini– mistik cəhətləri atır, materialist prinsipləri isə qəbul edirdi. O, kainatın maddiliyini və yaradılmazlığını, maddənin və cismin məkan və zaman daxilində mövcudluğunu təsdiq edirdi. «Aldanmış kəvakib» əsərində ədalətli şah ideyasını təbliğ edən M.F.Axundov sonralar fəal mübarizə yolu ideyasını müdafiə etmişdir. Ümumiyyətlə, M.F.Axundov Azərbaycan ictimai– siyasi, bədii fəlsəfi fikrində mühüm yer tutan görkəmli alimdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə